Ardını oxu...
"BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) anti-Qərb bloku deyil və digər sistemlərə meydan oxumaq məqsədi daşımır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Afrikanın Avropa İttifaqındakı (Aİ) baş nümayəndəsi Tokozile Xaza deyib.

"Genişlənməyə BRİCS ölkələrinin inkişaf etməkdə olan ölkələrlə birlik və əməkdaşlığa can atması kimi baxmaq lazımdır. Bu, çoxlarının inanmaq istədiyi kimi anti-Qərb koalisiya deyil. Çünki BRİCS və Cənubi Afrika Aİ ilə strateji tərəfdaşlığı qoruyur. Cənubi Afrika-Avropa İttifaqı strateji tərəfdaşlığı çərçivəsində bu qurumlar arasında mürəkkəb əlaqələr şəbəkəsinin tanınması vacibdir", - diplomat qeyd edib.

O, həmçinin bildirib edib ki, hökumətlərarası əməkdaşlığın gücləndirilməsi digər sistemlərə meydan oxumaq və ya ənənəvi ticarət tərəfdaşlarını, xüsusilə Aİ-ni tamamilə istisna etmək deyil.
 
Ardını oxu...
ABŞ-nin Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, Birləşmiş Ştatların xarici siyasət idarəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub:

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müsbət və konstruktiv görüş keçirib. Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona qarşıdakı səfərlərini alqışlayacaq, habelə katib Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.
 
Ardını oxu...
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər”.
Ermənistan mediasının məlumatına görə, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Demişdim ki, bu sülh müqaviləsi on və ya beş gün ərzində imzalana bilər. Biz öz təkliflərimizi göndərmişik, bu, artıq altıncı mübadilədir. Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə․․․ bunu bir neçə gün ərzində etmək olar”, - deyə Simonyan bildirib.
Spiker müəyyən müddətdən sonra, ola bilsin ki, ermənilərin Azərbaycanda yaşamağa gələcəyini, azərbaycanlıların bir qisminin isə Ermənistana gedib ticarətlə məşğul olacağını istisna etməyib.
“Ermənilər və gürcülərlə olduğu kimi. Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. Münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix çoxlu hallar bilir: İngiltərə və Fransa 116 il müharibə edib, bir-birlərini qırıblar. Bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”, - deyə Simonyan bildirib.
Onun sözlərinə görə, belə bir nəticə bu gün və ya sabah olmaya bilər, ancaq Ermənistan və Azərbaycan eyni regiondadırlar və bütün problemləri həll etməlidirlər.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, sülh müqaviləsinin yaxın 10-15 gün ərzində imzalanacağı ilə bağlı Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın sonlarında açıqlama vermişdi:
"Bu bəyanat isə Azərbaycanın Qazax rayonu istiqamətində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində delimitasiyası komissiyasının iclası keçirilən günlərə təsadüf etdi. Sülh sazişi təbii ki, imzalanmalıdır. Amma Simonyanın bu yeni ifadəsi çərçivəsində onların bizim təkliflərə nə reaksiya verdiyini bilmirik. Çünki müzakirələr predmenti mətbuat üçün o qədər də açıq deyil. Sülh sazişi Ermənistanın istəkləri ilə deyil, məhz Azərbaycanın təklifləri ilə mümkündür. Azərbaycanın irəli sürdüyü beş müddəa beynəlxalq hüquq normalarının prinsipləri ilə tam üst-üstə düşür və bütün dünyada qəbul edilmiş formadır. Ona görə də Ermənistan sülh müqaviləsi istəyirsə, Azərbaycanın təkliflərinə normal yanaşmalıdır".

Ç.Qənizadə vurğulayıb ki, gələcəkdə sülh sazişi qəbul edildikdən və kommunikasiyalar açıldıqdan sonra müəyyən əlaqəlar qurula bilər, amma buna zaman lazımdır:
"Çünki Ermənistan ictimaiyyətində türk və azərbaycanlılara qarşı çox mənfi beyni olan nəsil yetişib. Amma zaman hər şeyi getdikcə yumşaldır. Düzdür, Ermənistanın yüzilliklər ərzində Azərbaycan xalqının başına gətirdiyi cinayətləri unuda bilmərik. Ancaq Ermənistan bizdən asılı olmayaraq qonşumuzdur. Buna görə də qonşular ilə müəyyən əməkdaşlıqlar və münasibətlərin normal olması istiqamətində addımlar atılmalıdır. Dövlətlər bir-birilə uzun müddətli müharibə apardıqdan sonra bir ittifaqda birləşə bilir. Amma Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxlayaraq xarabalığa çevirməsi gələcəkdə onlarla eyni ittifaqda olmağımızı qeyri-mümkün edir. Sadəcə olaraq Ermənistan Azərbaycanın təkliflərinə müsbət cavab verəcəyi təqdirdə yaxın zamanda sülh imzalana bilər".
 
Ardını oxu...
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Bu mötəbər tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib.
Prezident İlham Əliyev Forumdakı geniş məzmunlu çıxışında bir sıra məsələlərə toxunub və aydınlıq gətirib. Bildirib ki, bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunması vacib məsələdir, bu selektiv olmamalıdır və onun həyata keçirilməsi hamı üçün məcburidir. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirməsi üçün Azərbaycanın suveren hüququ idi.
Qarabağ ermənilərinin nümayəndələri ilə təmasların qurula biləcəyinə ümid etdiyini bildirən ölkə başçısı təəssüflə qeyd etdi ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədilər. Sentyabr ayında isə Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki və sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz bir hal idi. Ermənilərin bu və digər biri birinə zidd hərəkətləri isə sentyabrın 19-dakı lokal antiterror tədbirlərini qaçılmaz etdi.
Ölkə başçısı qeyd etdi ki, bizim Avropa İttifaqı ilə, Avropa Komissiyası ilə çox yaxşı münasibətlərimiz və sıx təmaslarımız var. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqına üzv olan dövlətlərlə aparılır. Azərbaycanın Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.
Azad edilən ərazilərdə aparılan quruculuq işləri və məcburu köckünlərin öz döğma yurdlarına qayıdışının təminatı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev həm də həmin ərazilərdə mövcud olan minalar məsələsinə də toxunaraq bildirib: “Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq”.
Vurğulanıb ki, keçmiş məcburu köçkünlər üçün işğaldan azad edilən ərazılərdə lazımi şərair yaradılır, onlar layiqli iş yerləri ilə təmin ediləcəklər. Çünki bu ərazilərə köçürülənlər üçün məşğulluq məsələləri çox vacib məsələdir. Qayıdış prossesi planlı şəkildə həyata keçirilir və doğma yurdlarına qayıdan insanların əksər hissəsi artıq burada iş yerləri ilə təmin ediliblər.
İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib: “Bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, - artıq söylədiyim kimi,- beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, onların hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir”.
İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi”.
Vurğulanıb ki, Qarabağda əsas maneə burada basdırılmış minalardır. Bunun üçün maliyyə ehtiyatları səfərbər edilib. “Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağ bizim üçün ən yüksək prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Ermənistanın bəzi Avropa paytaxtlarında xeyli “müşavirləri”nin olduğunu qeyd edən ölkə başçısı bildirib ki, “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir”. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı

 

Ardını oxu...
Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.

Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

Qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

Seçki bülletenində qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
 
Ardını oxu...
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Azərbaycana səfər edib. Orada o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Ceyms O’Brayn "X" hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə ilk "konstruktiv" söhbət apardıqlarını yazıb.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Dövlət katibinin köməkçisinin Bakıya səfərini, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyini və Azərbaycanla Ermənistan arasında sülh perspektivini şərh edib.

Amerikanın Səsi: Səfir Hoqland, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıya səfər edir. Bu səfər, onun bir neçə həftə öncə ABŞ qanunvericilərinə Bakı ilə Yerevan arasında sülh istiqamətində irəliləyiş olmayana qədər Azərbaycanla münasibətin adi qaydada davam etməyəcəyini deməsindən sonraya təsadüf edir. Bir neçə gün öncə isə Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışıb və həmin söhbət zamanı onlar O’Braynın Bakıya səfər edəcəyi üzərinə razılaşıblar. Sizin bu səfərdən gözləntiləriniz nədir?

Riçard Hoqland: Mən düşünürəm ki, Dövlət katibinin köməkçisinin Bakını ziyarət etməsi çox vacibdir. Bununla yanaşı Dövlət Departamentinin sözçüsünün də səfərdən öncə söylədikləri də vacibdir. Bu sadəcə olaraq ona görə vacibdir ki, mənfi deyildi. Çox açıq idi. Çox müsbət idi. Regionda sülhün bərqərar olmasına yönəlmişdi. Və mən hesab edirəm ki, bu, Bayden administrasiyasının ikinci plandan daha çox diqqət mərkəzinə qoyduğu bir məsələdir, çünki Cənubi Qafqazda sülhün olması vacibdir. Hazırda Ukraynada gedən cinayətkar müharibə səbəbilə. Bu, Xəzər dənizindən orta dəhliz açır. Ona görə də, zənnimcə, Birləşmiş Ştatların hazırkı administrasiyası, o cümlədən indiki bu səfər, regionda sülh, təhlükəsizlik və zənginlik üçün daha çox imkanlar yaradacaq daimi sülhü qurmaq istəyir. Bu, çox müsbətdir.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, ABŞ-ın Azərbaycanla bütün diplomatik əlaqələrdən imtina etməsi regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı. Bunu nəzərə aldıqda, siz münasibətlərdə hər hansı dəyişiklik gözləyirsinizmi?

Riçard Hoqland: Mən Amerika diplomatı, amerikalı səfir kimi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bunu kimi nisbətən yüksək səviyyəli ziyarət olduğunda, hər kəs çox həyəcanlanır və böyük dəyişikliklərin olacağını gözləyir. Sizə deyə bilərəm ki, diplomatiya belə işləmir. Səfərin baş tutması müsbət bir haldır, çünki son illərdə Azərbaycanla Birləşmiş Ştaltarda arasında münasibətlər çox yaxşı olmayıb. Ancaq bunun kimi, regionda sülh axtaran, Vaşinqton və Bakı arasında daha yaxşı münasibətlərin qurulmasına kömək edən birbaşa ziyarət irəliyə doğru müsbət bir addımdır. Diplomatiya da belə işləyir. Bu, irəliyə doğru müsbət addımdır və biz geriyə doğru mənfi addımlardansa, bunları görmək istəyirik. Bu, irəliyə bir addımdır və bu yaxşı bir haldır.

Amerikanın Səsi: Son hadisələr fonunda, Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların bərpa ediləcəyini gözləyirsinizmi?
Riçard Hoqland: Hazırda bunu proqnozlaşdırmaq çox qeyri-mümkündür. Düşünürəm ki, şərtlər uyğun olsaydı, hər iki tərəf – Yerevan və Bakı – Vaşinqtona “bizim hazırda Qarabağla bağlı yekun sülh üzərində danışıqlarda yardıma ehtiyacımız var” desəydi, o zaman əlbəttə ki, Vaşiqnton daxil olmaqdan məmnun olardı. Amma Vaşinqton bunu məcbur edərmi? Xeyr, çünki son nəticədə sülh və təhlükəsizliklə bağlı qərar yalnız iki paytaxtda verilməlidir. Bu da Bakı və Yerevandır.

Amerikanın Səsi: Və son olaraq, siz Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə sülh razılığı gözləyirsinizmi?

Riçard Hoqland: Diplomatlara hər zaman gələcəklə bağlı spekulyasiya etməmək öyrədilir, çünki gələcək çox sürprizli ola bilər. Sabah səhər dünya boyu heç kəsin heç vaxt gözləmədiyi başlıqlar ola bilər. Məncə, biz atıla biləcək müsbət addımları gözləməliyik. Bu prosesi necə irəliyə apara bilərik? Və əsas məqsədin tarixi rəqiblər olan Ermənistanla Azərbaucan arasında yekun sülh razılığının olduğunu ağlımızda tutmalıyıq, çünki bu, regiondakı insanlar üçün, təkcə bir və ya digər ölkənin xalqı üçün deyil, regiondakı bütün insanlar üçün sülh və təhlükəsizlik və firavalıq yaradacaq. Bizim istədiyimiz budur: İrəliyə doğru yaxşı addımlar.
 
Ardını oxu...
“Böyük İyirmilər”ə sədrlik Hindistandan Braziliyaya keçib. G-20-nin növbəti toplantısı gələn ilin noyabrında Braziliyada keçiriləcək.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Braziliya Prezidenti Lula da Silva sədrlik müddətində əsas hədəfləri müəyyənləşdirib:

“Birinci hədəf sosial inteqrasiyanı gücləndirmək, aclıq və yoxsulluqla mübarizə təşkil etməkdir. İkinci hədəf iqlim dəyişikliyinin müzakirəsi və alternativ enerji mənbələrinin inkişafına nail olmaqdır. Braziliyanın G-20-yə sədrliyi dövründə üçüncü hədəfi qlobal idarəetmə istitutlarının islahatına çalışmaqdır. Böyük hədəflərdir. Bu haqda illərdir danışılır, ancaq real nəticə yoxdur.

Braziliya prezidenti ədalətli dünya uğrunda fəaliyyət göstərəcəyini açıqlayıb. Braziliya “Böyük İyirmilər” çərçivəsində iki operativ məsləhət qrupu yaradacaq. Braziliya 2030-cü ilə qədər dünyadakı aclığa son qoymağı hədəfləyib. Ancaq bunun üçün bəyanat vermək azdır, yeni resurslara və texnologiyalara ehtiyac var. Braziliya prezidentinin digər hədəfi inkişaf etməkdə olan ölkələrin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun idarəetməsinə daha fəal cəlbini təmin etməkdir.

Da Silva “Böyük İyirmilər”in toplantısında fikir ixtilafı yaradan mövzuların müzakirəsinin əleyhinədir. 2024-cü ildə də Rusiya-Ukrayna müharibəsi davam edərsə, Braziliya G-20-nin toplantısında bu mövzunun müzakirəsinin əleyhinə olacaq. Dehli də bu mövzununu Hindistandakı toplantıda müzakirəsinə imkan vermədi. Çünki bu halda Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma yaranacaq, yekun bəyanat qəbul edilməyəcəkdi. Ona görə də Dehli yekun bəyanatı elə formada hazırladı ki, həmin sənəd yekdilliklə qəbul edildi. Braziliya da eyni siyasətə sadiq qalacaq”.

Əsas suallardan biri də budur: Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı toplantıya qatılacaqmı?

Mərkəzin ekspertləri bildirirlər ki, bunun üçün Putin gələn ilin martında keçiriləcək seçkidə qələbə qazanmalıdır:

“Bu çoxlarında şübhə doğurmur. Putin Hindistandakı toplantıda iştirak etmədi. Rusiya liderinin Braziliyaya səfər edəcəyi də problematikdir. Çünki Hindistandan fərqli olaraq, Braziliya Putinin həbsinə qərar verən Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma statutuna imza atıb.

Buna baxmayaraq, Putin internet üzərindən beynəlxalq tədbirlərdə çıxışlar edir. Məsələn, G-20-nin Hindistan toplantısında. Həmin sammitə ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin də qatılmadı. Görünür, Bayden virtual olsa belə, Putinlə birgə iştirak etmək istəmədi. Halbuki Vaşinqton Dehlini özünün strateji tərəfdaşı sayır.

Cinpin ölkəsinin Hindistanla sərhəd məsələsinə görə sammitə qatılmadı. Putin Hindistanın təşkilatçılığı ilə keçirilən virtual sammitdə Braziliyaya yeni sədrlikdə uğurlar arzulamışdı. Əgər Putin Braziliyadakı sammitə qatılmasa, bu ölkə də Hindistan kimi canlı toplantıdan sonra virtual sammit də keçirə bilər. Kreml sahibi bu halda internet üzərindən çıxışa hazırlaşacaq”.
Ardını oxu...
Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir”, – deyə o bildirib.

Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.

“Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq. O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək./trend.az
 
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Qəzza zolağı ətrafındakı vəziyyəti və İranın nüvə sazişinə qayıtmaq perspektivlərini müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .

Nazirlər Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Abdollahyanın Moskvaya səfəri çərçivəsində görüşüblər.

“Nazirlər bir sıra aktual beynəlxalq mövzuları, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət, İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası perspektivlərini, həmçinin bəzi regional məsələləri müzakirə ediblər. qarşılıqlı maraq doğurur”, - deyə departamentdən bildirilib.
 
Ardını oxu...
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

APA-nın Moskva müxbiri Rusiya XİN-dəki mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 5-də səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri ilk olaraq məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə görüşəcəklər.

Artıq Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya paytaxtındadır.

 

Dünyapress TV

Xəbər lenti