İranda növbədənkənar prezident seçkisində iştirak edəcək namizədlərin yekun siyahısının açıqlanacağı tarix məlum olub.
Bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohəri məlumat verib.
"Prezident seçkisində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və beş gün davam edəcək", - İran rəsmisi bildirib.
Cohəri əlavə edib ki, namizədlərin yekun siyahısı elan edildikdən sonra onlar daha 15 gün ərzində seçki kampaniyası apara biləcəklər.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkə tarixində 14-cü prezident seçkisi keçiriləcək. İslam Respublikasının icra hakimiyyəti başçısı üçün növbədənkənar seçki iyunun 28-də baş tutacaq.