Ardını oxu...
Artıq bir neçə vaxtdır müxtəlif bankların kartlarını işlədən şəxslər müyyən dövrlərdə onların kart hesablarından pul çəkilməsi ilə bağlı fikirlər səsləndirir. Bəziləri bunu onların xəbəri olmadan edildiyini deyərək, müştərisi olduqları bankları günahlandırırlar. Banklar isə tam əksini iddia edərək, bildirirlər ki, müştərinin təsdiqləməsi olmazsa, onlar öz kart məlumatlarını qarşı tərəfə ötürməzsə, belə halların baş verməsi mümkün deyil.

Bu hallarda kimdir günahkar? Bankın müştəri qarşısında hansı məsuliyyəti yaranır? Belə vəziyyətlə qarşılaşan şəxslər hara müraciət edə bilər?

NOCOMMENT.az xəbər verir ki, Qaynarinfo bu sualları hüquqşünas Rəşad Əliyev və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovla müzakirə edib.

Hüquqşünas Rəşad Əliyev deyib ki, belə hallar kiber cinayətkarlıq hesab olunur. Lakin bank kartından silinmələr müxtəlif formalarda ola bilər:

“Birincisi bankın təhlükəsizlik sistemində hər hansı bir problem olarsa, yəni bank kartından pul silinməsi bununla əlaqədardırsa, bu halda vətəndaş bankdan bunu tələb edə bilər. Vətəndaş bankın xətasına görə dəymiş ziyanın ödənilməsi ilə bağlı onu məhkəməyə vermək hüququna malikdir. Bunu da müəyyənləşdirmək üçün mütləq qaydada araşdırma getməlidir. Xüsusi ilə də Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla bağlı Mübarizə İdarəsi yaradılıb. Vətəndaş da həmin idarəyə və yaxud da aidiyyatı üzrə müraciət edərək məsələnin araşdırılmasını tələb edə bilər. Araşdırma nəticəsində müəyyən olunur ki, bu vətəndaşın öz günahına görədir və ya deyil. Vətəndaşın əgər bilərəkdən ya bilməyərəkdən öz bank kart məlumatlarını, şəxsi məlumatlarını digər şəxsə verməsi nəticəsində silinmə həyata keçirilirsə burda bank məsuliyyət daşımır. Yəni, bunu ya könüllü edibsə, ya da hansısa kiber təsirin nəticəsində reallaşıbsa və s. kimi hallar aparılan araşdırmanın nəticəsinə görə müəyyən edilərək qərarlar qəbul edilir. Əgər həmin araşdırmanın nəticəsində məlum olsa ki, vətəndaşın bank kartından silinmiş vəsaitlər bankın təhlükəsizlik tədbirlərinin zəifliyi nəticəsində olub, bu halda bank məsuliyyət daşıyacaq.

Yox, əgər bankın hər hansı formada təhlükəsizliyində boşluqlar yoxdursa, ya vətəndaşın öz günahından, yaxud da kənar kiber təsirlər nəticəsində vəsaitin silinməsi reallaşıbsa da, bununla bağlı da müvafiq olaraq hüquq-mühafizə orqanları tərəfindən qərarlar qəbul edilməlidir”.

Hüquqşünas deyir ki, kibercinayətkarlıqla məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün hüquqi addımlar atılmalıdır:

“Ancaq bəzən bunu müəyyənləşdirmək də çox çətin olur, bu kimi əməliyyatlar adətən xarici ölkə vətəndaşları tərəfindən edilir, ona görə də bunu müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bank kartlarından pulların oğurlanması müxtəlif yollarla baş verir. Lakin Azərbaycanda yayılmış üsullardan biri fişinqlərdir: “Fişinqlərdə öncə telefonlar ələ keçirilir, yəni link göndərilir və bu linklərlə telefondakı məlumatlar ələ keçirildikdən sonra vətəndaşların məlumatlarından istifadə edərək onun hesabına daxil olur və kartlardakı pullar çəkilir”.

Ekspert deyir ki, belə məsələlərdə banklar haqlı olaraq özünü sığortalayır ki, əgər vətəndaşın öz səhvi varsa, buna görə hər hansı bank kartından məlumat alınırsa, vəsait çəkilirsə, bank məsuliyyət daşımır:

“Bank ancaq öz sisteminə məsuliyyət daşıyır, lazımi güvənlik tənzimləmələrini edir. Əgər siz öz səhvinizə görə məlumatlarını oğurladırsınızsa, bank da keçirilən əməliyyatları sizin keçirdiyiniz kimi görürsə, o burda məsuliyyət qəbul etmir”.

Elvin Abbasov deyib ki, belə hallarla bağlı müəyyən şikayətlər ola bilər, bəzi məsələlər araşdırıla bilər. Banklar da bəzi hadisələrdə bacardığı qədər dəstək olur, kömək edir:

“Amma bu, o demək deyil ki, vətəndaş bütün məlumatları oğurltadıqdan sonra da bank burada məsuliyyət daşıyacaq. Buna görə də vətəndaş da öz məsuliyyətini bilməlidir. Öz məlumatlarını, məxfi sözü qorumalıdır ki, bank qarşısında pis vəziyyətdə qalmasın”.

“Bəzi şəxslər iddia edir ki, onların xəbəri olmadan, heç bir kod təsdiqləmədən, onların hesabından pullar çəkilir. Bəs belə olan halda kimdir günahkar? Vətəndaşların nə kimi hüquqları yaranır” sualına cavab olaraq ekspert bildirib ki, burda insident böyüyür:

“Əgər vətəndaş iddia edirsə ki, bankın öz səhvinə görə kartdan pul çıxıb, bu zaman daha böyük instansiyalara şikayət olunur və bank haqqında araşdırma başlayır. Amma istənilən halda bu araşdırmalar olmalıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, bu gün baş verən bu cür hadisələrə kütləvi demək olmaz, çünki bir neçə hadisə baş versə də, bunlar bir-birinin oxşarı deyil:

“Doğrudur, fişinq yayğın olsa da, fişinqdən başqa bütün baş verən hadisələr unikaldır. Hamısı bir-birinin təkrarı, oxşarı deyil. Ona görə deyə bilmirik ki, Azərbaycanda bu hücum növü yayılıb, kütləvidir. Bu cür hadisələrin kütləviliyi ilə bağlı əlimizdə heç bir nümunə yoxdur. Mənə gələn bütün sorğularda hər bir pul oğurlama halı unikaldır. Bu hücumların bir-birinə oxşar tək tərəfi kartlardan pul çıxarılmasıdır”.
 
Ardını oxu...
Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib.

“Report” xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub.

Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

“Yanvarın 27-nə Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd yeməli yumurta idxal edilib”, – qurum açıqlayıb.

Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.
 
Ardını oxu...
"Bank kartlarından vətəndaşlarının pullarının oğurlanması zamanı ən doğru yol məhkəməyə müraciət etməkdir. Məhkəmə yolu ilə bank həmin pulu qaytara bilər".

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Vəkil bank kartlarından vətəndaşların pullarının oğurlanmasının iki əsas səbəbini izah edib:

"Birincisi, ola bilər ki, bu, vətəndaşın öz günahdan baş verir. Yəni, kartın məlumatlarını kiməsə verib, ya internetdə hardasa yazıb və pul oğurlanıb. Ya da bankın adından kimlərsə onlara zəng edib, məlumatları alıb. Bu halda vətəndaş polisə şikayət edə bilər. Praktika göstərir ki, onları tapmaq qeyri-mümkündür".

Əkrəm Həsənov bu məsələdə bankların özünü də ittiham edib:

"İkinci varinat isə bankın özü günahkardır. Yəni, bankın hansısa əməkdaşları oğurluqla məşğuldurlar. Ya da bankın informasiya sistemi o qədər zəifdir ki, hakerlər asanlıqla vətəndaşların pullarını oğurlayır. Bu hər iki halda bankın məsuliyyətdir. Vətəndaş hətta Mərkəzi Banka da müraciət edə bilər".
 

     

Ardını oxu...
Məlum olduğu kimi, bu il üçün Azərbaycanda minimum əmək haqqının məbləğində heç bir dəyişiklik olmadı.
Yeniavaz.com xəbər verir ki, minimum əmək haqqı sonuncu dəfə ötən ilin yanvar ayında 300 manatdan 345 manata qaldırılıb.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan minimum əmək haqqına görə Avropa və region ölkələri arasında yalnız Belarus, Qazaxıstan, Ermənistan və Gürcüstandan öndədir.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda dəyəri iyirmi min manatdan yuxarı olan daşınmaz əmlakların alqı-satqısı zamanı vətəndaşlardan gəlir deklorasiyası tələb olunur. Notariuslar yanvarın ilk günlərindən etibarən daşınmaz əmlak əldə etmək istəyən şəxslərdən pulun mənbəyinin göstərilməsi haqqında rəsmi sənəd tələb edirlər. Bu da vətəndaşların narazılığına səbəb olur. Onlar bildirir ki, əmlak almaq istədikləri zaman süründürməçiliklə üzləşirlər.
Belə bir qanunun tətbiqinə ehtiyac var idimi? Var idisə, bunun əmlak bazarına təsiri gələcəkdə özünü necə göstərəcək? Zatən Bakıda qiyməti 20 min manat və ya aşağı olan ev tapmaq demək olar ki, qeyri-mümkündür. Tutaq ki, vətəndaş illər boyu yeməyib, içməyib, dişi-dırnağı ilə pul yığıb, özünə bir ev alıb. Özü ya pensiya yaşına çatıb, ya da işsizdir. Bu vətəndaşın aqibəti necə olacaq? Kim zəmanət verir ki, deklorasiya tələbi zamanı vətəndaşla məmur arasında hansısa korrupsiya əməli baş tutmayacaq? Burada mexanizm necə çalışır? Kimlərinsə vətəndaşın gəlirinə müdaxilə etmək, onu ciddi səbəblər olmadan yoxlamaq, bu haqda sənəd, arayış tələb etmək vətəndaş hüququnun pozulmasıdır, insanların şəxsi işinə qarışmaqdır. Bu vəziyyətin dövlətə və vətəndaşlara təsiri necə olacaq? Buradan kim zərərli, kim qazanclı çıxır?

Mövzu ilə bağlı əmlak eksperti Ramil Qasımzadə Bizimyol.info-nun suallarını cavablandırıb.

"Ümumiyyətlə, bu məsələ ilə bağlı narahat olmağa dəyməz. Yəni notariat orqanlarında hər hansı gəlir deklorasiyası və bu tipli sənəd tələb olunmur. Sadəcə bu vəsaitin mənbəyi ilə bağlı məlumatlandırma xarakterli informasiya istənilir. Banklara əmanət yerləşdirilən zaman bank işçiləri həmin əmanətin mənbəsini soruşurlar ki, bu vəsait haradan əldə olunub. Bununla əlaqədar bir daha qeyd etmək istəyirəm ki, hər hansı bir sənəd tələb olunmur. Şifahi və yazılı formada müəyyən məlumat istənilir. Bununla əlaqədar vətəndaşlar narahat olmamalıdırlar.

Məlum olduğu kimi, Azərbaycan çirkli pulların yuyulmasına qarşı konvensiyaya qoşulub. Onunla əlaqədar müvafiq dövlət qurumları hər bir şəxsin gəliri haqda araşdırma aparmağa məcburdur. Vətəndaşdan da dəyəri 20 min manatdan yuxarı olan məbləğ barədə soruşulur ki, o, bu məbləği necə əldə edib. Təbii ki, bu, əməkhaqqı da ola bilər, hansısa sahibkarlıq fəaliyyətindən qazanılan gəlir də ola bilər, kimdənsə ianə vəsaiti də ola bilər və sair. Yəni bu məsələ sırf məlumatlandırma xarakteri daşıyır. Notariat orqanlarında vəsait yerləşdirilən zaman bununla bağlı həmin orqanın əməkdaşlıq etdiyi banklar tərəfindən məlumatlandırma xarakteri olan müvafiq təlimat doldurulur və aidiyyəti üzrə təqdim edilir. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı hər hansı bir sənəd tələb edilmir" - deyə, əmlak eksperti qeyd edib.

Hüquqşünas Əkrəm Həsənov xəbər portalımıza açıqlamasında bildirib ki, bu qanun 19 ildir mövcud olsa da, bəzi məmurlara sərf etmədiyinə görə, onu təsdiqləmirlər.

"Bu məsələ qanunda çoxdandır ki, mövcuddur. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qanunvericiliyi çərçivəsində 20 min manatdan yuxarı olan əqdləri müəyyən subyektlər soruşmalıdır. Banklar, yaxud notariusda nəyi qeydiyyata salırsansa, onlar bu haqda soruşmalıdırlar. Bu qanun da çoxdan var, sadəcə Azərbaycanda tətbiq olunmur. Çünki bizdə çirkli pulların yuyulmasına qarşı real mübarizə getmir, yalnız beynəlxalq təşkilatların gözündən pərdə asmaq üçün bundan istifadə olunur. O təşkilatlar da bunu tələb edirlər ki, "niyə etmirsiniz?". İndi yenə tələb etməyə başlayıblar. Ancaq bu, işlək mexanizm deyil. "Niyə"si də odur ki, həmin o vətəndaş istənilən səbəbi gətirə bilər ki, babasından və ya nənəsindən qalıb, yaxud "yoldaşımın bibi oğlunun əmi nəvəsindən keçib" və sair. Sonra? Təbii ki, bank bunu heç cür yoxlaya bilməz və həmçinin, sizdən sənəd də tələb edə bilməz. Bəzi məmurların özləri belə şərait yaradıblar ki, bu da reallıqda işləmir. Bəs bu qanun xarici ölkələrdə necə işləyir? Xarici ölkədə sən gedib deyə bilmərsən ki, "babamdan, yaxud nənəmdən qalıb". Çünki orada gəlir bəyannamələri var. Yəni şəxslər öz gəlirlərini vaxtaşırı bəyan etməlidirlər - nələri var, nələri yoxdur. Sabah da anlaşılır ki, sən bunu cinayət yolu ilə əldə etməmisən. Bizdə bu mexanizm yoxdur, axı. Əgər belə bir bəyannamə tələb olunacaqsa, gərək ilk növbədə məmurlara tətbiq olunsun. O da yoxdur, çünki bu, məmurlara sərf eləmir. 2005-ci ildən məmurların gəlir bəyannaməsi haqda qanunvericiliyimizdə maddə var. Amma həmin bəyannamənin formasını Nazirlər Kabineti 19 ildir ki, təsdiq etmir. Yenə deyirəm, çünki bu qanunu istəmirlər. Özləri bəyan etmək istəmirlər ki, nələri var, nələri yoxdur. Ona görə də vətəndaşlar nədənsə çəkinməsinlər, istənilən səbəbi gətirə bilərlər və kimsə onlardan sənəd tələb edə bilməz. Buna ixtiyarları yoxdur" - deyə, hüquqşünas qeyd edib.
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının (AMB) antiinflyasiya və uçot faiz dərəcəsinin işə düşməsi yolunda cəhdləri bankların əlindəki (əsasən iriməbləğli) 5 milyard üzərindəki vəsaitlərinin ehtiyatda qalmasına gətirib çıxarıb.

Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü ilin noyabrında məcburi ehtiyat normalarının (MEN) əmsallarını bir qədər də qaldırması ardından dekabrda məcburi ehtiyatların həcmi 2 mlrd. 712 mln. manatdan 5 mlrd. 50.8 mln. manata yüksəlib. Bu da 2022-ci ilin sentyabrından bu tərəfə qeydə alınmış ən yüksək dinamikadır.

AMB hazırda 1994-cü ildən bu tərəfə ən yuxarı əmsaldan istifadə edir.

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat normasının qaldırılması bank sisteminin kredit vermək qabiliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Bununla requlyator iqtisadiyyatda pul kütləsinin həcmini azaltmağı hədəfləyir ki, həm inflyasiya düşsün, digər tərəfdən də uçot faiz dərəcəsinin effektivliyi artsın.

Hazırda inflyasiya 2022-ci ilin pik həddindən xeyli aşağı düşüb. 2023-cü ilin dekabrında illik inflyasiya 8.8-ə qədər azalsa da, digər tərəfdən uçot faiz dərəcəsi hələ ki, təsirsiz görünür. Məsələn, Mərkəzi Bank son iki iclasda uçot faiz dərəcəsini 50 baza bəndi azaltsa da, fiziki və hüquqi şəxslərin istər depozitləri, istərsə də kreditlərində təsiri güclü olmayıb.

Buna görə də, AMB açıq bazar əməliyyatlarında strelizasiya və depozit cəlbi ilə yanaşı əlindəki digər alət olan MEN-dən istifadəni davam etdirir. Dekabrdan etibarən banklarda fiziki şəxslər üzrə MEN-in əmsalı milli valyutada (1 mlrd. manatdan çox hissəsi) 10%-dən, xarici valyutada isə 12%-dən 25%-ə qədər qaldırılıb.

İqtisadçı-ekspert Elman Sadıqov isə Banker.az-ın sorğusuna cavab olaraq bildirir ki, MEN likvidliyin strelizasiyasıdır.

“Mərkəzi Bank bu vəsaiti özündə ona görə saxlayır ki, ölkədə inflyasiyanın qarşısını alsın. Amma məsələ bundan ibarətdir ki, bu gün banklarda digər vəsaitlər olmasaydı, likvidlik çatışmazlğı olsaydı, Mərkəzi Bank heç bu qədərini saxlamazdı. Yəni məcburi ehtiyat normalarını aşağı salardı”, – deyə iqtisadçı Elman Sadıqov bildirir.

O əlavə edir ki, əslində bu, 5 mlrd. manat əlavə vəsaitdir. “Bu gün banklar özlərində olan belə likvid vəsaitləri istifadə edə bilmirlər. Əgər banklar sərəncamında olan likvid vəsaitlərdən istifadə edə bilsəydilər, o zaman bu sual formalaşa bilərdi ki, niyə bu vəsaitlərdən istifadə edə bilmirlər”.

Ekspertə görə, MEN monetar siyasətinin bir aləti kimi banklardakı çox yüksək likvidliyin bir hissəsi strelizasiyasıdır, məqsədi inflyasiyanın qarşısının alınmasıdır.

“Lakin bunun [MEN] nəticəsində banklarda hansısa likvidlik problemi yaranırmı, yoxsa yaranmırmı? Bu, sadəcə olaraq depozitlərin maya dəyərini yüksəldir. Çünki bankların bu vəsaitləri AMB-də saxlandığı üçün ondan istifadə edib, gəlir əldə edə bilmirlər. Burada əsas stimullardan biri budur ki, banklar əllərində qalan digər vəsaitləri səmərəli istifadə etsinlər”.

Məcburi ehtiyat norması necə hesablanır? Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 25%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 25%-ni, yəni 250 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 750 manatını kredit resursu kimi istifadə edə bilir.
Ardını oxu...
AMB 2022-ci ilin iyulundan məcburi ehtiyatların əmsallarını qaldırır. Məsələn, 2022-ci ilin iyuluna qədər aşağı əmsallı MEN tətbiq edildiyindən bu rəqəmlər maksimum halda 210.1 mln. manatlıq idi. Halbuki, hazırda bu rəqəm 5 mlrd. manat üzərindədir. Belə olan halda bankların ümumi 34 mlrd. 550.1 mln. manat (ekv) depozitlərinin 15%-ə yaxınının məcburi ehtiyatda qalmasına gətirib çıxarıb.
Ardını oxu...
 
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən ilin sonlarına yaxın "İcbari Tibbi Sığorta sistemini və ümumi sağlamlıq mövzularını əhatə edəcək televiziya verilişinin hazırlanması və yayımının təşkil edilməsi xidmətlərini göstərəilməsi üçün" müsabiqə elan edib.

Tenderin şərtlərində qeyd olunub ki, AzTV ilə müqaviləsi olan şirkətlər müsabiqədə iştirak edə bilər.

Nəticə dekabrın ayının 5-də açıqlanıb. qalib "Shans Media Group" adlı şirkət olub.

Sözügedən şirkətlə dövlət qurumunun 38 verliş üçün bağladığı müqavilə 164.562 manat 80 qəpik dəyərindədir. Şans medianın tenderdə şansının gətirməsi heç də səbəbsiz deyil.

Toplum TV
 
Ardını oxu...
Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib.
“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, - Ruslan Əliyev vurğulayıb.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47,1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39,3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13,6 %-i) 25 qəpiklik tarifdən istifadə edib.
İndiki dövrdə bütün vətəndaşların qaz limitlərinin yuksək olmasından şikayət etməsinə baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun belə bir açıqlama etməsi maraqlı bir faktdır.

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov "Sherg.az”a deyib ki, etirazlara baxmayaraq deputatlar xalqa dəstək verməyənə qədər bu məsələyə baxılmayacaq.
O bildirib ki, məsələni qanunla tənzimləmək mümkündür:

"Qanunları isə parlament və deputatlar qəbul edir. Orada 125 deputat fəaliyyət göstərir. Bəziləri çox vaxt, pafosla danışır. Lakin pafosla danışmaqdansa, xalqın istəyinə uyğun qanunlar qəbul etmək lazımdır. Azərbaycan xalqı isə parlament seçkilərinə getmir, sonra görürlər ki,onları təmsil edən deputatlar var. Onlar da xalq üçün seçilmədiklərinə görə, insanların arzusuna uyğun qaydalar qəbul etmirlər. Bu səbəblə də seçkilərdə iştirak etmək lazımdır. Namizədliyə üzv seçilərkən soruşmaq lazımdır ki, bu problemi necə aradan qaldıracaqsız? İndi də gec deyil. Bütün vətəndaşlar seçki dairəsinə uyğun əraziyə yaxınlaşaraq deputatla bağlı şikayət edə bilərlər. Ümumiyyətlə isə məsələ "Azəriqaz"ın rəhbərliyinin səlahiyyətində deyil. Bu iş İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Onlar üçün isə əsas amil dövlət büdcəsini doldurmaqdır".
 
Ardını oxu...
Bakıda daşınmaz əmlak bazarı dəyər qazanmağa davam edir. Qiymət artımı son 30 ilin rekordu hesab edilir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Bakıda çoxmərtəbəli yaşayış binalarında təklif edilən ən ucuz təmirsiz 100 kvadratmetrlik mənzillər Ramana qəsəbəsində 70 minə, eyni ölçüdə ən bahalı təmirsiz mənzil isə mərkəzdə yarım milyon manata satılır.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərdən görünür ki, 4 ildə yeni tikilən binalarda 180 minə yaxın mənzil satışa çıxarılıb.

Həyət evlərinin sayı barədə dəqiq məlumat olmasa da, Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz evin olduğu ehtimal edilir. Binalar ucaldılıb, evlər tikilsə də, onların hamısı satılmır.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, paytaxtdakı yeni binaların əksəriyyətinin 30 faizdən çox hissəsi satılmayıb.

Ramin Osmanlının sözlərinə görə, tikinti ən xərcli investisiya alətlərindən biridir. Bu sahədə qazanc əldə etmək üçün daim yatırım etmək lazımdır. İstənilən halda investor dövriyyə aktivlərindən asılıdır. Yerli investorlar isə tikdiyi binada mənzillərin satış səviyyəsindən asılı olmayaraq, qiyməti yuxarı həddə saxlayır.

Lakin bütün investorların heç də həmişə əlinin altında kapitalı yoxdur. Bakıda illərdir üzərinə yağış yağıb, gün döyən yarımçıq tikililər buna nümunədir.

Bakıda bir çox ərazilərdə ərazinin tikinti sıxlığı əmsalı tətbiq edildiyindən layihələr dayandırılıb. Tikinti şirkəti ilkin layihədə vətəndaşlara məxsus evləri alaraq 20 və daha artıq mərtəbəli binanın tikintisini nəzərdə tutub. Lakin bir sıra rayonlarda ərazinin tikinti əmsalı yalnız 12 mərtəbəli bina tikməyə icazə verir. Belə olan halda isə şirkət nəzərdə tutduğu qazancı əldə etmək üçün ya ikiqat qiymətə satmalı, ya da tikintini yarımçıq saxlayıb yeni investor tapmalı olur. Buna görə də bir sıra ərazilərdə bu məsələ vətəndaşla şirkət arasında ciddi problemlərə səbəb olub.

Daşınmaz əmlaka tələbin çox olmasının səbəblərindən biri isə bunun ən effektiv investisiya aləti olmasıdır. Vətəndaş düşünür ki, aldığı evi kirayə verməklə pulu 10-15 il müddətinə geri almış olur.

Torpaq sahələrinin məhdud olması kimi amillər də son 7 ildə əmlak bazarında qiymətlərin təxminən 19 % bahalaşmasına səbəb olub.

Bakının Baş planın tətbiqi ilə bu qiymətlərin daha da artacağı proqnozlaşdırılır.

 
Ardını oxu...
Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektlərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Həmçinin, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsullar üzrə Tarif Şurasının qərarlarının yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi məqsədilə bazarın monitorinqi rəqabət orqanı tərəfindən həyata keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti