Ardını oxu...
Azərbaycanın ən iri inşaat şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) böhranlı vəziyyətlə üzləşib.
Qaynarinfo xəbər verir ki, şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 14 956 713, 92 manatlıq vergi borcuna görə məhkəmə çəkişməsi bitməmiş ASC kütləvi şəkildə məhkəməyə verilib.
İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti kimi iri biznes və dövlət qurumlarının adına da rast gəlinir.
Ümumilikdə “Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında şirkətin işçiləri də var. Tələb işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Ayrı-ayrı vətəndaşların iddiaları isə borcla bağlıdır. Belə məlum olur ki, şirkətin onlara hansısa formada borcu var. İri şirkətlərin iddia tələbləri də əsasən borcla bağlıdır.
Beləliklə, 14 milyon vergi borcu olan şirkətin əlavə borcları da var. Bu fakt artıq “Akkord”un son akkordlarını vurması ehtimalını artırır. Mümkündür ki, yaxın günlərdə şirkət iflas etdiyi açıqlasın.
Baş verənlərlə bağlı “Akkord”dan mövqe öyrənmək mümkün olmayıb.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 26 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 AZN-dir. ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıcdır.
“Akkord” uzun illər mediada keçmiş baş prokuror Zakir Qaralovun şirkəti kimi tanınıb. Qaralovun sabiqlərin sırasına qoşulmasından sonra şirkətin fəaliyyətində axsamaların müşahidə edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır.
 
Ardını oxu...
Azərbaycanda yanvardan dollara tələbat artmağa başlayıb. Dövlət Neft Fondu (ADNF) 2024-cü ilin yanvarında 417 milyon ABŞ dolları məbləğində vəsait satıb. Ötən ilin eyni ayında Fond 2.2 dəfə az və ya 188.5 milyon ABŞ dolları satmışdı.Son hərrac istisna olunmaqla fevralın birinci yarısında da bu proses davam edib.

Fevralın 13-də Mərkəzi Bank (AMB) ABŞ dollarına tələbin ciddi artımı ilə yadda qalan valyuta hərracı keçirib. Bankların sifarişləri rekord məbləğdə - 151.1 milyon dollar təşkil edib. Bu, öncəki (8 fevral) hərracdakından 2.5 dəfə çox idi. Ötən gün, fevralın 15-də tələbat nisbətən azalıb. Təkcə bu ayın ilk 15 günündə hərracda düz 474.8 milyon dollar əl dəyişdirib.

Bəs dollara tələbin artması fonunda manatın məzənnəsi necə dəyişəcək?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, fevralın 13-də keçirilən hərracda 150 milyon dollardan artıq sifarişin olması ciddi bir rəqəmdir:

“Yanvar və fevral aylarında dollara tələbin artması müşahidə olunur. Son hərraclarda da tələb kifayət qədər yüksək olub, hətta nəzərə alsaq ki, fevralın 13-də keçirilən hərracda 150 milyon dollardan artıq sifariş var idi, bu da təbii ki, tələbin artmasını göstərən faktordur. Tələbin artmasında həm iqtisadi, həm də psixoloji faktorlar təsir göstərir. Azərbaycan idxalının artması xarici valyutaya tələbi artırıb. 2023-cü ilin yekunları, eləcə də yanvar ayındakı müşahidələr göstərir ki, idxalda artımlar davam edib. Bu da təbii ki, dollara tələbi artırır”.

Deputat qeyd edib ki, qonşu ölkələrdə milli valyutaların məzənnəsinin aşağı düşməsi də psixoloji olaraq valyuta bazarına təsir göstərir. Onun sözlərinə görə, növbəti dövrlərdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: “Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Mərkəzi Bankın intervensiya, eləcə də sterilizasiya imkanları var. Buna görə də, məzənnə Mrəkəzi Bank tərəfindən müəyyənləşdirildiyi üçün bu nəticə etibarilə bazarın təsirlərini xeyli dərəcədə minimumlaşdırıb.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov Referans.az-a bildirib ki, manatın məzənnəsi üçün ciddi bir təhlükə yoxdur, lakin yaxın zamanda bu barədə bir qərar qəbul olunmaldır:

“Cari şəraitdə manat üçün hansısa bir təhlükənin olduğu real deyil. Çünki makroiqtisadi mühit hazırda manatı möhkəmləndirəcək istiqamətdədir. Ötən ilin sonundan başlayan artım tempi hələ də davam edir və bu da haklı olaraq ictimaiyyətin marağındadır. Nəzərə alsaq ki, iqtisadiyyatın yanvar ayında böyüməsi baş verir, bu zaman dollara tələbin artması əslində normal qəbul edilməlidir. Bu artım heç də yerli resurslar hesabına baş vermir, burada dövlət idxalının artması tempi də təsir göstərir. Eyni zamanda şirkətlərin xarici öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar ilin əvvəlində müəyyən alışlar etməsi müşahidə olunur ki, bu da dollara tələbi artıran əsas səbəblərdəndir".

Ekspert qeyd edib ki, Azərbaycanın valyuta bazarı kiçik bir bazar olduğu üçün hər hansısa bir şirkət ay ərzində valyuta alışlarını artırsa, bu artıq bizim bazarda müəyyən bir həyəcan yaradır. Onun sözlərinə görə, bu müvəqqəti bir dövrə aid faktorlardır: “Uzunmüddətli dövürdə hökumət və ya Mərkəzi Bank hər hansı qərar qəbul etməsə, bu gün Azərbaycan manatını ucuzlaşdıracaq dərəcədə heç bir faktor və ya təhlükəli vəziyyət yoxdur. Amma hökumətin bununla bağlı hansısa qərarlar verəcəyi ehtimal olunur”.

Üzən məzənnə rejiminə keçirilərsə, hətta Azərbaycan manatı müddətlik rəqabəti azalsa da, sonrakı dövrlərdə möhkələnəcək, çünki faktiki olaraq bazarda valyuta tələbi təkliflə müqayisədə hər zaman aşağı olub - deyə Rəşad Həsənov əlavə edib.

Aqil Qarayev
 
Ardını oxu...
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 495 milyon 119,82 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 22 milyon 77 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,8 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,8 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.
 
Ardını oxu...
Ölkədə ictimai iaşə obyektlərində xidmət qiymətləri artmaqdadır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7% artaraq 146,9 milyon manat olub. Məlumatda qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10% artaraq 73,4 milyon manat olub.

Maraqlıdır, istər hüququ, istərsə də fiziki şəxslər tərəfindən idarə olunan iaşə obyektləri ölkə iqtisadiyyatında təxmini nə qədər paya sahibdir? İaşə obyektlərində qiymətlər niyə sürətlə artır?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyyət” qəzetinə şərhində qeyd edib ki, ictimai iaşə obyektləri ölkə iqtisadiyyatda çox az paya malikdir:

“Aparılan müəyyən qiymətləndirmələr görə, bu sektorda əlavə dəyər 60% civarındadır. 2023-ci ildə ictimai iaşə sektorunda dövriyyə 2 milyard dollar civarında olub. Bu, 1,2 milyard manat ətrafında əlavə dəyər yaradıb. Bu da təxminən 1 % - ə bərabərdir”.

İqtisadçı ictimai iaşə obyektlərində qiymətlərin artma səbəblərini belə izah edib:

“Həmin sektorda qiymətləri artıran səbəblər kifayət qədər çoxdur. Birinci səbəb məhsulun maya dəyərinin xərclərinin artması ilə bağlıdır. Bildiyimiz kimi, 2023-cü ildə inflyasiya 8.8 % civarında olub. Yəni ərzaq qiymətləri 12 % bahalaşıb. Sözsüz ki, bu da iaşə obyektlərində xidmət haqlarına təsir edir.

Eyni zamanda, əmək haqlarının artırılması da xidmətdəki qiymət artımına təsir edən əsas faktorlardan biridir. Bütün bunlar bir-birilə əlaqəlidir və hər zaman da belə olacaq. Qiyməti artıran digər faktor isə ölkəyə xarici turistlərin axınıdır. Ötən il ölkəmizə xeyli sayda xarici turist gəlib. Bu ilin yanvarında da onların sayında artım olub. Bu da iaşə obyektlərində qiymətlərin bahalaşması üçün əlverişli imkanlar yaradır”.
 
Ardını oxu...
Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36-da yaşayan Ağayev Əfrazi Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, “Günay Sığorta” ona dəymiş ziyanı ödəmir:

“Yazaraq bildirirəm ki, 2011-ci ildə Dövlət İpoteka Fondu vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsi, ev 36 ünvanında ev almışam və bu illər ərzində sığorta haqqı ödəmişəm.

2023-cü ildə ölkə ərazisində baş vermiş zəlzələdən sonra evimin istinad divarlarında çatlar əmələ gəlmiş və qəzalı vəziyyətə düşmüşdür. Mən bu barədə 2023-cü ilin iyul ayında “Günay Sığorta” şirkətinə müraciət etmişəm. Sığorta şirkəti tərəfindən göndərilən nümayəndə evimin qəzalı olmasını təsdiq etsə də, şirkət bütün qaydaları pozaraq müqaviləyə zidd şəkildə ödənişdən imtina etmişdir.

Mən əlavə olaraq bu barədə işin yenidən araşdırılması üçün Mərkəzi Banka onlayn qaydada müraciət etdim. Müvafiq orqandan söylədilər ki, Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınandan sonra, bu haqda tədbir görüləcək.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi tərəfindən araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, torpaq çökməsi nəticəsində tikilinin istinad divarlarında və hasar hissəsində müxtəlif istiqamətlərdə çatlar əmələ gəlmiş və deformasiya qeydə alınmış, nəticədə ev qəzalı vəziyyətə düşmüşdür.

“Günay Sığorta” şirkəti ilə bağlanmış Pİ0285/20 saylı müqavilənin bəndində aşkar şəkildə göstərilən “torpaq sürüşməsi və digər hallar” sözü qeyd olunmuşdur. Ancaq, nədənsə, şirkət rəhbərliyi əsassız olaraq yenədə ödənişdən imtina edir. Ləğvetmə Komissiyasının sədri Əkrəm Həsənov nə üçün anlamaq istəmir ki, torpaq sürüşməsə, ev çökə bilməz. Nəyə görə hansısa, kimə məxsus olduğu bilinməyən və bəlkə də özlərinə məxsus olduğu “Artcoon” MMC-nin rəyi əsas götürülür?! Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəyi heçə sayırlar. “Günay Sığorta” rəhbərliyinin məqsədi nədir, anlamıram.

Halbuki, “Artcoon” MMC-nin verdiyi rəy də ehtimallara əsaslanır, heç bir dəqiq sübut göstərmir. Bununla da verdiyi rəyin heç bir hüquqi təsiri olmadığını özü sübut edir.

Maraqlıdır ki, Mərkəzi Banka müraciət etməyimə baxmayaraq, onlar belə, bu haqsızlığa son qoya bilmədilər. Halbuki sığorta şirkətlərin hamısı Mərkəzi Bank tərəfindən idarə və nəzarət olunur.

Mən Qarabağ müharibəsi iştirakçısıyam, 20 il vətənimizə və dövlətimizə qulluq etmişəm. Hazırda təqaüdçüyəm. Həyat yoldaşım 2-ci qrup xərçəng xəstəsidir, 2 övladım isə tələbədir. Çökmə nəticəsində evimiz qəzalı vəziyyətə düşüb və yaşayış üçün risklidir. Mən hal-hazırda ailəmlə İpoteka Fonduna pul ödəyərək, qəzalı evdə yaşayıram.

Mənə maraqlıdır, “Günay sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? Biz vətəndaşlardan yığılan pullar hesabına özləri cah-cəlal içərisində yaşasalar da, vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar mənim kimi vətəndaşlardan yığılır.

Xahiş edirəm ki, “Günay Sığorta” şirkətinin etdiyi bu haqsızlığı və özbaşınalığı ictimaiyyətə çatdırasınız, bəlkə insafa gəlib, ödəniş edələr”.

Məsələ ilə bağlı “Günay Sığorta” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Ardını oxu...


Ardını oxu...
Fevralın 13-də keçirilən valyuta hərracında əvvəlki hərraclarla müqayisədə dollara tələb kəskin artaraq 150 milyon manatı ötüb. TEREF yazır ki, APA-nın xəbərinə görə Mərkəzi Bankdan bildirilib ki, bu, mövsümi xarakter daşıyıb, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır: "Məlumat üçün qeyd edək ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir" - Mərkəzi Bankın açıqlamasında qeyd olunur.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının yanvar ayındakı artım faizi 5 faizdir. Ötən ilin yanvar ayında isə 1,5 faizlik geriləmə olub. O, Demokrat.az-a açıqlamasında deyib ki, iqtisadiyyatda aktivlik və xərcləmələr əvvəlki səviyyədə deyil:

“Aktivlik və xərcləmələr artanda idxal da artır, dollara tələbat da. İlin sonunda Azərbaycanda COP 29 keçiriləcək, artımın güman edilən səbəblərindən biri budur. Sürətli xərcləmələ baş verir, bu da həm iqtisadi artıma gətirib çıxarır, həm də xarici valyutaya tələbatı artırır. Vəziyyəti 2015-2016-cı illə müqayisə edə bilmərik, çünki həmin dövrdə həm enerji qiymətləri indiki ilə müqayisədə kəskin aşağı idi, həm manatın məzənnəsi güclü idi, həm də nəzarət yox idi. Bu üç faktor Mərkəzi Bankın xeyrinədir. Belə ki, hazırda enerji qiymətləri 80 dollardan yuxarıdır. Mərkəzi Bank əvvəllər valyuta bazarına real nəzarət həyata keçirə bilmirdi, indisə isə nəzarət mexanizmi formalaşıb, şəffaflıq artıb, banklar nəzarət altındadır. Əvvəllər mövcud olan çoxlu sayda valyuta məntəqələrini indi görmürük”.

Ekspert əlavə edib ki, manatın devalvasiyası ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur:

“Amma manatın da dollar qarşısında məzənnəsi həmişə 1.7 olmayacaq. Vətəndaşlar bilməlidir ki, 3 ildən sonra dəyişiklik də ola bilər. İndiki məqamda isə nəzərə alsaq ki, insanların sosial vəziyyəti ürəkaçan deyil, qiymətlər artıb, hökumətin indiki enerji qiymətləri çərçivəsində devalvasiyaya gedəcəyini gözləmirəm. Əsas odur ki, tədiyə balansında profisit var, Mərkəzi Bankın yanvar ayında ehtiyatları artıb, eyni zamanda da neft qiymətləri çərçivəsində 5-7 milyard manatlıq profisit gözlənilir. Vətəndaşlar bilməlidirlər ki, neftin qiyməti ölkədə tədiyə balansına və büdcənin formalaşmasına ciddi təsir göstərən faktordur. Qiymətlər yüksəkdirsə, narahatlığa əsas yoxdur”.
 
Ardını oxu...
Azərbaycan nərə balıqları kürüsünün ixracını artırıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 487,1 min dollar dəyərində 530 kiloqram (kq) nərə balıqlarının kürüsünü ixrac edib. Bu, 2022-ci il ilin yanvar-noyabr ayları ilə müqayisədə dəyər baxımından 1,7 dəfə, miqdar baxımından 2,2 dəfə çoxdur.
Keçən il 1 kq kürünün orta ixrac qiyməti 919 dollar (1562 manat), 2022-ci ildə isə 1172 dollar (1992 manat) təşkil edib.

Ötən il Azərbaycan Rusiyaya, ABŞ-yə, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Sinqapura və digər ölkələrə nərə balıqları kürüsü ixrac edib. Məsələn, keçən ilin 11 ayında Azərbaycadan Rusiyaya 109 min dollar dəyərində 170 kiloqram kürü göndərilib. Rusiyaya 1 kiloqram kürünün orta ixrac qiyməti 641 dollar təşkil edib. ABŞ-yə 123,7 min dollar dəyərində 170 kiloqram kürü göndərilib. ABŞ-yə 1 kiloqram kürünün orta ixrac qiyməti 728 dollar təşkil edib.
"İxracın artması balıq sənayesinin genişlənməsindən xəbər verir"
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, balıqçılığın inkişafı və bu sahəyə daha çox investisiyanın cəlb edilməsi prioritetdir. Çünki balıqçılıq həm yerli tələbin ödənilməsi həm də ixrac imkanları baxımından çox vacibdir:
"Bu sahədə ixrac imkanları kifayət qədər genişdir və ixracın artması balıq sənayesinin genişlənməsindən xəbər verir. Balıq sənayesinə malik olan ölkələrin təcrübəsi göstərir ki, onlar həm kürü ixracını həm də balıq istehsalını optimallaşdırır. Bütün hallarda kürünün bir hissəsi ixrac olunur və ya daxili bazarda istehlak olunur. Ona görə də ixrac ilə istehsal arasında optimallığın tapılması çox vacibdir. Azərbaycanda da balıqçılıq sənayesində yanaşma bu optimallığın qorunub saxlanılmasıdır".

Azərbaycanın kürü məhsullarının Avropa İttifaqına ixrac imkanı yaranıb
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beynəlxalq tədbirdə bildirib ki, balanslı qidalanma üçün ölkənin su bioresurslarından faydalanma yollarının inkişaf etdirilməsi gələcək nəsillərə təhlükəsiz və əlçatan qidanın ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir:
"Qidalılıq dəyəri yüksək olan balıqçılıq və digər su bioresursları məhsulları Azərbaycanda ərzaq probleminin həllində aktual məsələlərdən hesab edilir. Ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkəmizdə balıqçılıq və digər su bioresursları məhsullarının istehsalının və ixracının artırılması ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasının təmin edilməsi prioritet hesab edilir".

Q.Təhməzli bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" qanundan irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində sözügedən məhsullara dair qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və digər sahələr üzrə uğurlar əldə olunub:
"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri çərçivəsində Azərbaycanda istehsal olunan, akvakulturada yetişdirilən balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixrac edilməsi imkanı əldə olunub".

2023-cü ildə su hövzələrinə nə qədər balıq buraxılıb?
Əlavə edək ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev yalnız 2023-cü il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələrinin su hövzələrinə buraxıldığını deyib. Onun sözlərinə görə, son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb:
"Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir. Akvakulturada suyun səmərəli istifadəsi, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" hazırlanıb".
Nazir müavini qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.

Nərə balıqları – Xəzərin ən qiymətli varlığıdır
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər dənizində 6 növ nərə cinsli balıq yaşayır. Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Nərələrin ehtiyatının kəskin aşağı düşməsinin əsas səbəbləri bir neçə faktordur:
-90-cı illərdə brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması;
-kürütökülən əksər çaylarda və hər şeydən əvvəl Kür çayında bəndlərin salınması;
-Xəzər dənizinin çirkləndirilməsi;
-bütün dənizdə balıqçılığın vahid tənzimləmə sisteminin olmaması;
-yabanı orqanizmlərin dənizə düşməsi və onların mənfi təsiri nəticəsində Xəzər dənizi ekosistemində stabilliyin pozulması.
Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatıb. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı və 40 min tondan çox ərzaq balıq məhsulu istehsal olunurdu. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi min tondan artıq deyil.

Hazırda nərə cinsli balıqların populyasiyalarının mövcudluğu və artması balıqartırma zavodlarının hesabına mümkündür. Keçən əsrin ortalarında Xəzərin əsas çayları üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də Xəzəryanı ölkələrdə hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün ölkələrdə nərə balıqartırma zavodları tikilib. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu demək olar ki, 99 faiz həmin zavodların fəaliyyəti hesabınadır.
Son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır.
Qara kürü istehsalının 10 ton olması gözlənilir
Onu da qeyd edək ki, "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, 2027-ci ildə akvakultura üsulu ilə yetişdirilmiş nərə balıq ətinin 15000 ton, qara kürü istehsalının 10 ton olması gözlənilir. Balıq və balıq məhsulları istehsalında ciddi artımın baş verməsi mövcud balıq emalı müəssisələrinin tam güclə işləməsinə səbəb olmaqla bərabər, yeni balıq emalı müəssisələrinin yaradılması zərurətini də yaradacaq. Balıqların cins tərkibinin yaxşılaşması balıq və balıq məhsulları istehsalını artırmaqla yanaşı, əhalinin keyfiyyətli balıq və balıq məhsulları ilə təminatına gətirib çıxaracaq.
 
Ardını oxu...
“2025-ci ilin birinci rübündən başlayaraq proses bu şəkildə gedərsə, dollara qarşı tələbat müəyyən qədər artarsa, Neft Fondunun rezervində azalma, eyni zamanda neftin qiymətində dəyişikliklər baş verərsə, Azərbaycanda devalivasiya riski ola bilər. Amma hazırda iqtisadi proqnozlar əsas verir ki, 2025-ci ilin sonuna qədər devalivasiya olma ehtimalı çox aşağıdır”.

TEREF xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.

O bildirib ki, son dönəmlər ən çox müzakirə olunan mövzulardan biri dollara tələbatın artması və devalivasiya ilə bağlı narahatlıqdır: “Ümumiyyətlə, 2024-cü ildə devalivasiyanın olma riski çox aşağıdır. Çünki bunun üçün müəyyən iqtisadi faktorlar lazımdır ki, hazırkı dönəmdə bunları görmürük. Birinci növbədə, Neft Fondunda yetəri qədər rezervimiz var. Bilirsiniz ki, banklar və dövriyyəyə buraxılan dollar adətən Neft Fondunun rezervindən satınalma ilə həyata keçirilir. Neft Fondu əlindəki rezervləri, dövlət büdcəsinə transfertləri manatla apardığı üçün əlindəki dollarları satır. Birinci növbədə, özəl banklar bazardan ehtiyacı olan qədər dollar alır. Hərraca çıxarılan dolların geri qalan qismini Mərkəzi Bank alır, öz rezervində saxlayır. Yəni bu gün Neft Fondunun sabit məzənnəni saxlamaq üçün yetəri qədər rezervi var. Ümumiyyətlə, banklarda dollara olan tələbatın artması dollar depozitlərinin və dollara qoyulan əmanətlərin faiz həddinin çox aşağı olmasına görədir. Buna görə də vətəndaşlar dollar əmanətlərini banka qoymurlar. Bu da o deməkdir ki, dövriyyədə artıq dollar qıtlığı yaranır və dollara olan tələbat artır. Təbii ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan yuxarı olması, həmçinin dünya bazarında birjalarda yuxarı olması önəmlidir. Təbii ki, bütün bu iqtisadi prosesləri nəzərə alaraq 2024-cü ildə dolların devalivasiya olmasını, hələlik, proqnozlaşdırmırıq, uyğun görmürük”.
 
 
 
Ardını oxu...
İRİA nə zaman ötən ilin hesabatını verəcək?
Startap ekosistemin yekunu ilə bağlı ölkəmizdə və regionda olan nəticələrə göz gəzdirirəm.
Qazaxıstan, Gürcüstan, Ermənistan, Özbəkistan və Ukraynanın sektordakı ötən ilki rəqəmləri göz deşir.
Qazaxıstan və Özbəkistan bu sektorda çox irəliləyib.
Qazaxıstan startap ekosistemə hədsiz böyük investisiyalar yatırılıb.
Ötən il Ermənistan startaplarına yalnız ABŞ vençur fondlarından 200 milyon $ yatırım olub.
Ermənistanın 4 yerli vençur fondu isə ötən il 30 startapa 6.5 milyon investisiya yatırıb.
Bir neçə gün öncə təkcə bir süni intellekt startapları, Podcastle 13.5 milyon investisiya alıb.
Bizdə durum necədir?
Yalnız onu xatırlayıram ki, İRİA yeganə vençur fondumuzun toplam katipalının 6.6 milyon dollar olduğunu, ötən ilin toplam investisiyasının isə cəmi 1 miln. olduğunu bildirmişdi.
Hansı ki, cəmi 3-4 yerli şirkətə 50 min dollar olmaqla investisiya yatırıldığı bildirilirdi.
Startapların sayı ilə bağlı reallığa və digər dövlət qurumların statistikalarına uyğun olmayan absurd rəqəmlər səsləndirilmişdi.
Ekosistemimizin vəziyyəti ilə bağlı başqa heç nə məlum deyil.
Qonşu ölkələrlə müqayisələr göstərir ki, rəqəmlər arasında hədsiz kəskin fərqlər var.
İRİA hələlik ötən ilin yekunu ilə bağlı hesabat verməyib. Gözləyirik.
Osman Gunduz
TEREF
Ardını oxu...
Zərdab Rayon Mərkəzi Xəstəxanası odun almaq üçün tender keçirib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Blue Diamond” MMC (VÖEN - 5300722751) olub.
Zərdab Rayon Mərkəzi Xəstəxanası tender elanında 495 kubmetr odun yanacağı alacağını açıqlayıb. Tender müsabiqəsinin nəticəsi açıqlanan zaman məlum olub ki, Zərdab Rayon Mərkəzi Xəstəxanası “Blue Diamond” MMC-yə 6 min 370 manat ödəyəcək. Bu isə o deməkdir ki, Xəstəxana 1 kubmetr odunu 12,8 manata satın alacaq. Qeyd edək ki, bu qiymət mövcud bazar qiymətlərindən çox-çox aşağıdır. Müqayisə üçün onu da bildirək ki, Zərdab Rayon Mərkəzi Xəstəxanası 2022-ci ildə fərdi sahibkar Əhmədov Əli Kamran oğlundan (VÖEN - 5300413652) 550 kub metr odun yanacağını 30 min 525 manata (1 kub metr 55,5 manat) satın alıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Zərdab Rayon Mərkəzi Xəstəxanasının məsul şəxsi Elburus Bədəlov bildirdi ki, onlar tenderin qalibi olan şirkətdən 100 kub metr odun (1 kub metri 63,7 manat) alacaqlar.
Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “Blue Diamond” MMC bu günə kimi fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olmağı bacarıb.
“Blue Diamond” MMC Zərdab rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olub. Yük maşınlarına əsaslı təmir xidməti göstərib və digər nəqliyyat vasitələri üçün ehtiyat hissələrini satıb. Bu xidmət və mallar üçün 36 min 5 manat 25 qəpik alıb. Bundan başqa “Blue Diamond” MMC Zərdab rayon Kommunal Müəssisələr Kombinatına 14 min 920 manat dəyərində 60 ədəd zibil konteyneri satıb.
Sabirabad Suvarma Sistemləri İdarəsinə 11 min 930 manat 30 qəpik dəyərində, Zərdab Rayon İcra Hakimiyyətinə isə 5 min 711 manat 80 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından cəmi 14 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan “Blue Diamond” MMC 5 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Zərdab şəhəri, Azərbaycan, ev 19, m 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədova Almaz Xidmət qızıdır. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.

Dünyapress TV

Xəbər lenti