Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?
Azərbaycan beş il iki aylıq fasilənin ardından Çindən yemiş tədarükünü bərpa edib. Bu ilin yanvar-may aylarında Azərbaycana 86 min ABŞ dolları dəyərində 120.23 ton yemiş idxal edilib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində iki dəfə, kəmiyyət olaraq - 2.2 dəfə çoxdur. Qeyd edək ki, yemişi təkcə Çindən idxal etmirik. Hesabat dövründə Azərbaycan İrandan 61.32 min ABŞ dolları dəyərində 87.66 ton, Türkiyədən 19.39 min ABŞ dolları dəyərində 27.7 ton, Braziliyadan 4.66 min ABŞ dolları dəyərində 4.66 ton, Kosta-Rikadan 0.2 min ABŞ dolları dəyərində 0.2 ton yemiş alıb.

Heç kimə sirr deyil ki, Azərbaycanın özünün keyfiyyətli yemiş sortları mövcuddur. Hər il bostan mövsümü ərzində yetişdirdiyi yemişi, qarpızı sata bilməyən fermerlərin şikayətlərini eşidirik. Bəs özümüzdə bolluqdursa, yetişdirə biliriksə, yemişi niyə xaricdən idxal edirik?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

Sahədə yemişin kiloqramı 15-20 qəpikdir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, sahələrdə yemiş hələ yeni yığılmağa başlayır: "Azərbaycanın qədim altı yemiş sortları bərpa olunub. İtməkdə olan "Reyhani", "Şahnəzər", "Qəndi", "Boz Dəli", "Sineyvaz" və "Uzundadaş" yemiş sortlarının bərpası həyata keçirilib. Bizdə yemişin yığımı hələ indi başlayıb. Bir həftədən çoxdur ki, sahələrdən yığılır. Sahədə yemişin kiloqramı 15-20 qəpikdir. Pərakəndə satışla yerli yemişin kiloqramı hazırda 75 qəpikdir".

Sözçünün məlumatına görə, yemiş daxili bazara çıxarılmaq üçün gətirilməyib: "Hansısa sahibkar xaricdən məhsul gətirə bilər. Ölkəmizdə yemiş olmayan dövrdə hansısa sahibkarın gətirməsi ehtimalı var. Ehtimal var ki, bu yemişlər yanvar ayında gətirilib. Çünki həmin dövrdə özümüzdə olmur. 120 ton çox kiçik həcmdir. Supermarketlər də gətirmiş ola bilər. Çindən ölkəmizə yemiş gətirmək hədsiz baha başa gələr. Həmin yemişi də bazara çıxarsaq, gərək kiloqramını 10-15 manata sataq. Onu da heç kim almaz. O səbəbdən daxili bazara çıxarmaq üçün gətirilməsi sərf etmir".

Qədim yemiş sortlarının bərpası ilə bağlı işlər görülür

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, yemiş istehsalımız kifayət qədər çoxdur: "Azərbaycanda kifayət qədər bostan və tərəvəz bitkilərinin əkiləcəyi torpaqlar mövcuddur. Yemiş və qarpızla bağlı xüsusilə Mərkəzi Aran rayonlarında münbit şərait var. May-sentyabr aylarından yemiş bazara çıxarılır. Öz məhsullarımız daxili tələbatımızı ödəyir, hətta Rusiyaya da ixrac edirik. Keyfiyyəti də çox yüksəkdir. Kürdəmir, Ucar, Zərdab rayonlarının yemiş ənənələri çox qədim dövrü əhatələyir. Həmin ərazilərdə qədim yemiş sortlarının bərpası ilə bağlı işlər görülür. Kəndlərimiz var ki, 1000 hektar sahədə yemiş əkilir".

Sədr qeyd etdi ki, yanvar-may ayları ölkəmizdə yemiş istehsalı olmur. Ona görə digər ölkələrdən ixracı labüddür: "Qeyri-mövsüm vaxtı digər ölkələrdən gətirilə bilər. Bu, bütün ölkələrdə baş verən prosesdir. Çünki yanvar-mart aylarında ölkəmizdə yemiş yetişdirilməsi mümkün deyil. Bu bitkinin istiliyə ehtiyacı var. Çinin də cənub hissəsində bəzi bölgələri var ki, isti ərazilərdir və orada məhsul tez yetişir. O səbəbdən də oradan ixrac olunur. Hazırda ölkəmizə yemiş ixrac olunmur. Çünki kifayət qədər istehsal mövcuddur. Hansısa sahibkar kənardan gətirsə də, onu heç kim almayacaq".

"Azad bazar sistemində istənilən ölkədən məhsul gətirilə bilər"

İqtisadçı Emin Qəribli isə düşünür ki, istehsalçılar daha rəqabətli məhsullarla bazarı ələ almalıdırlar: "Azad bazar sistemidir və istənilən ölkədən məhsullar gətirilə bilər. Bizdə istehsal varsa, bu o demək deyil ki, bütün məhsulları özümüz yetişdirməliyik. Bu, mümkünsüzdür. İstehsalçılar rəqabət qabiliyyətli məhsullar istehsal etməlidirlər. Əgər xaricdən yemiş gətirmək ehtiyacı yaranıbsa, yəqin ki, bazarı tam təmin etmək mümkün olmayıb. Daxili bazarda tələbat varsa və yerli məhsul da bunu ödəyə bilmirsə, burada heç bir problem yoxdur. Ola bilər ki, istehsalçılar lazımi sortları yetişdirə bilmirlər. Müəyyən vərdişləri olmadığı üçün rəqabət qabiliyyətli məhsul istehsal edilmir. Yemişin qiyməti elə də yüksək olmadığı üçün rentabelli deyil və fermerlər də o qədər diqqət etmirlər. Bu da normal haldır. Hansı sahələr daha rentabellidirsə, onlara diqqəti daha çox ayırmalıyıq".

E.Qəribli bu sahədə görülməli olan işlərdən də danışdı: "Daxili istehsalçıları qorumaq üçün müəyyən tədbirlər görülə bilər. Bunlardan biri də idxalın qarşısını almaqdır. Amma bu da beynəlxalq təşkilatlar tərəfindən müsbət qəbul olunmaya bilər. Əgər həqiqətən də daxili bazarın mühüm hissəsi idxal məhsullarından təşkil olunubsa, bu zaman müvafiq icra orqanları diqqət yetirməlidirlər. Daxili istehsalçıların rəqabət qabiliyyətinin artırılması üçün müvafiq tədbirlər görülməlidir".
 
 

 


Bölmənin digər xəbərləri

22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?
15 Noyabr 2024 Tramp bunu etməsə, Bitkoin bu tarixlərdə yenidən ucuzlaşacaq – Ekspertdən açıqlama
14 Noyabr 2024 Azərbaycan o qədər böyük, hətta deyərdim, lüzumsuz maliyyə ehtiyatları yaratmışdır ki, bundan sonra beş il heç bir məhsul ixrac etməsə belə,
14 Noyabr 2024 Mövsüm meyvələri ucuzlaşıb? – Keçən illə müqayisədə 5-6 manat...

Dünyapress TV

Xəbər lenti