Son vaxtlar daşınmaz əmlak bazarında bir durğunluğun hökm sürür.
Eksperlər bunu müxtəlif səbəblərlə izah edirlər. Bazarda durğunluq müşahidə edilsə də bu, qiymət artımına elə də təsir etmir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hazırda ən bahalı mənzillər Səbail, Nərimanov və Nəsimi rayonlarında təklif olunur:
“Bu istiqamətdə liderlik illərdir ki dəyişmir. Paytaxtın ən bahalı mənzilləri “Port Baku” ərazisində yerləşən binalarda təklif olunur. Bunların ortalama qiyməti bazara 1 kvadratmetrinə görə 7-10 min manat arası təklif edilir. Son dövrlər, əvvəlki illərə nisbətən həmin mənzillərin qiyməti 20-25 faiz artıb. Eyni zamanda biz digər mərkəzə yaxın ərazilərə baxsaq, mənzillərin 4-5 min civarında satışa çıxarıldığını görə bilərik. Hazırda bu istiqamətdə ən aktiv rayonlar Səbail, Nərimanov və Nəsimi rayonlarıdır. Bu rayonlarda mənzillərin qiyməti digər rayonlardan fərqlənir”.
O, ən çox mənzil satışının isə Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonlarda olduğunu qeyd edib.
Bəs bu gün daşınmaz əmlak bazarında durğunluğun səbəbi nədir və ilin sonuna kimi qiymətlərdə dəyişiklik müşahidə ediləcəkmi?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"a bildirib ki, bu gün ölkədə qiymət artımına təsir edən faktorlar var və bu, ən çox iqtisadi mühit, alıcılıq qabiliyyətidir:
"Hazırda əhalinin alıcılıq qabiliyyəti və gəlirləri aşağı düşdüyü, təkliflər azaldığı üçün həm tikinti şirkətləri, həm də ayrı-ayrı vətəndaşlar qiymətlərdə endirim etmirlər, əksinə yüksək səviyyədə saxlayırlar. Mənzil bazarında durğunluq məhz əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Əslində hər zaman yay mövsümündə alıcılıq qabiliyyəti aşağı düşür.
Bazarda alıcı sayı azalır. Alıcı sayı ilə yanaşı təklif də azalır. Son üç ildə qiymətlərin artmasına ilk növbədə tikinti şirkətləri səbəb olub.
Bu gün tikinti şirkətləri arasında rəqabət, eləcə də onlar tərəfindən bazara çıxarılan mənzillərin sayı azdır".
Bazarda durğunluğun Rusiyada yaşayan soydaşlarımızla bağlı olması fikrinə gəldikdə isə, ekspert deyir ki, o ölkədə iqtisadi vəziyyət artıq yaxşılaşıb:
"Rusiyada iqtisadi vəziyyət 2022-2023-cü illərdə yaxşı deyildi. İndi iqtisadi durum ovaxtkı kimi deyil. O vaxt Rusiyadan axın vardı. Orada yaşayan soydaşlarımızın burada bazar payının həcmi heç 3-5 faizini təşkil eləmir. Onlar Azərbaycanın daşınmaz əmlak alışına böyük təsir etmirlər. Müharibə vaxtı axın çox oldu, indi vəziyyət fərqlidir.
Əsasən ipotekanın, ümumi iqtisadi durumun təsiri yüksəkdir. Bir də əvvəlki illərdə vətəndaşlar görürdülər ki, pul dəyərdən düşür. Ona görə də böyük həcmdə ipotekalara cəhd göstərdilər, alıcılıq qabiliyyəti yüksək idi. 2023-cü ilin sonunda limit bitti və ipoteka dayandırıldı.
Sonra mart və aprel aylarında aktivlik artdı, may ayından isə yenidən azalma oldu. Qiymətlərin aşağı düşməsi üçün hazırda heç bir əsas yoxdur.
Ancaq stabil artım ilin əvvəli ilə sonu arasında ən azı 5 faiz olacaq. Bu ilin sonunda bazar nisbətən stabil olacaq. Ancaq tikinti şirkətləri üçün ilin sonuna və gələn ilin əvvəlinə satışa çıxarılan mənzillərin sayı az olduğuna görə qiymətləri yenə də qaldıracaq".