İqtisadiyyat Nazirliyi ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimumun qeydə alındığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurum öz Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə Azərbaycandan 3 milyard 348 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub, hansı ki bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
İqtisadçı-ekspert Allahverdi Aydın isə İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlarla tam razı deyil.
O, Yeniavaz.com-a bildirib ki, əslində qeyri-neft ixracının artımı birbaşa neft-qaz sektoru ilə bağlıdır:
“Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricə 3 milyard 34 milyon dollarlıq məhsul ixrac edib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. Lakin ixrac olunan məhsulların strukturuna baxdığımız zaman açıq şəkildə görülür ki, artımın əsas səbəbi elektrik enerjisi ixracındakı artımdır. Əgər biz ixracda elektrik enerjisinin payını nəzərə almasaq onda məlum olur ki, ötən ilin ilk 11 ayında xaricə 2 milyard 625 milyon dollarlıq məhsul ixrac edilib. 2022-ci ilin ilk 11 ayında bu göstərici 2 milyard 623 milyon dollar olub. Nəticədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, heç bir artım (cəmi 0,07%) qeydə alınmayıb”.
İqtisadçı-ekspert deyir ki, dəyər ifadəsində elektrik enerjisinin ixracı 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə ötən ilin ilk 11 ayında 6 dəfə artıb:
“Açıqlanan rəsmi statistikadan da göründüyü kimi, artım tamamilə elektrik enerjisinin ixracı hesabına baş verib. 2023-cü ilin ilk 11 ayında Azərbaycanda 24,1 milyard kVt.saat əmtəəlik elektrik enerjisi istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 93%-i istilik elektrik stansiyalarının payına düşüb. Elektrik enerjisi istilik elektrik stansiyalarında təbii qazdan istifadə edilərək istehsal olunur. Yəni xaricə qeyri-neft məhsulu olaraq ixrac olunan elektrik enerjisi tamamilə təbii qazdan istifadə edilərək əldə olunur”.
Allahverdi Aydın hesab edir ki, təbii qazdan əldə olunan elektrik enerjisini qeyri-neft məhsulları qrupuna daxil edərək ixrac göstəricilərini “şişirtmək”lə əslində qeyri-neft sektorundakı real ixrac göstəriciləri gizlədilir.