Ardını oxu...
Qurban bayramına sayılı günlər qalıb. Artıq vaxt azaldıqca qurbanlıq heyvan almaq üçün satış məntəqələrinə üz tutanlar var.

Qiymətlər isə heyvanın çəkisinə görə dəyişir.

Satıcıların sözlərinə görə, kəsilməmiş quzunun qiyməti 250-270 manat arası dəyişir.

Hətta 400-450 manata satılan qurbanlıq heyvanlar da mövcuddur.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən ilk 1,5 milyard avro gəlirin iyul ayında Ukraynaya köçürülməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, iyunun 11-də Ukraynanın Bərpası üzrə Konfransında çıxışı zamanı bildirib.

“Keçən ilki bərpa konfransında mən demişdim ki, biz Rusiya Federasiyasının dondurulmuş aktivlərini Ukraynaya verməliyik. İndi biz bunu beynəlxalq hüquq normalarına uyğun olaraq vacib hesab edirik və maliyyə bazarlarının sabitliyini qoruyuruq. Bu gözlənilməz mənfəətin təxminən 1,5 milyardı [dondurulmuş Rusiya aktivlərindən] iyul ayında əldə ediləcək”, – fon der Lyayen bildirib.

Avropa Komissiyasının rəhbərinin fikrincə, böyük faiz Ukraynanın müdafiəsinə yönəlməlidir. Bundan əlavə, bu məbləğin 10%-i yenidənqurma və bərpaya yönəldiləcək.

O, həmçinin qeyd edib ki, bu həftə G7 sammitində “Ukraynanın dondurulmuş Rusiya aktivlərindən necə daha tez və daha çox fayda əldə edə biləcəyini müzakirə edəcəyik”.
 
Ardını oxu...
Avropa İttifaqı Rusiya ilə müqavilə başa çatdıqdan sonra Ukraynaya qaz tranzitini davam etdirməyi təklif edib.

“Cebhe.info” xəbər verir ki, “Bloomberg”-ə məlumatlı mənbələrdən bildirilib:

“Müzakirə olunan variantlardan birinə görə, Avropa şirkətləri Azərbaycandan qaz almağı, Ukraynadan keçərək Avropaya gedən boru kəmərlərini işə salmağı düşünürlər”.

“Bloomberg”-in həmsöhbətləri qeyd ediblər ki, Kiyev belə bir həlldə maraqlı olduğu üçün bu ideya təcililik qazanır. 2021-ci ildə qaz tranziti Ukraynaya 1 milyard dollara yaxın gəlir gətirib ki, bu da müharibədən əziyyət çəkən Ukrayna iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Bununla belə, Aİ narahatdır ki, Rusiya qazının tranzitindən imtina edilərsə, Ukraynanın qaz nəqli sistemi Rusiya üçün hərbi hədəfə çevriləcək və tez bir zamanda sıradan çıxacaq. Bu halda tranzitin bərpası baha başa gələcək.

“Bloomberg”-in mənbələri danışıqların ilkin mərhələsində olsa da, ilin sonuna qədər qərarın veriləcəyi gözlənilir. Həmçinin onlardan bəzilərinin fikrincə, Almaniyanın “Uniper” şirkəti məsələnin müzakirəsində iştirak edir.

Şirkətin rəhbəri Aleksey Çernışov bildirib ki, Ukraynanın "Naftoqaz" şirkəti Ukraynanın qaz nəqli sisteminin fəaliyyətini davam etdirəcəyi həll yolu tapmaq üçün hər şeyi edir:

“Hər zaman yadda saxlamalı olduğumuz iki amil var. Birincisi, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var və Ukrayna bu infrastrukturdan istifadə etməyə meyillidir, çünki bu, çoxlu fayda gətirir”.

Bununla yanaşı, Çernışov Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı nəzərdə tutan hər hansı planı istisna edib.

“Eyni zamanda, Azərbaycandan qaz tədarükü variantının gələcəyi ola bilər”, - deyə “Naftoqaz” rəhbəri fikrini yekunlaşdırıb.

“Bloomberg” yazır ki, Azərbaycan artıq Avropaya boru kəmərindən tam gücü ilə istifadə edir:

“Eyni zamanda, sövdələşmə Moskvaya digər ölkələrə qaz tədarük etməyə imkan verəcək bir mübadilə kimi qurularsa, Rusiyaya da fayda verə bilər”.

Rusiya Avropa ölkələrinə ildə təxminən 15 milyard kubmetr yanacaq səviyyəsində qaz tədarükünü davam etdirir. Tədarük əsasən Avstriya və Slovakiyaya gedir. Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazı da dəniz yolu ilə idxal edir. Bununla belə, Aİ 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək planlarını açıqlayıb.

Rusiyanın “Qazprom” şirkəti və Ukraynanın “Naftoqaz” şirkəti 2019-cu ildə qazın Avropaya tranziti üçün beş illik müqavilə imzalayıb. “Şimal axını”ndakı partlayışdan və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Ukrayna ərazisindən keçən tranzit xətti Rusiyadan Mərkəzi Avropaya qaz nəqli üçün yeganə marşrut kimi qalıb. “Naftoqaz” “Qazprom”la müqaviləni yeniləməkdən imtina edib, ona görə də Ukrayna ərazisi 2025-ci il yanvarın 1-dən Rusiya qazının nəqli üçün əlçatmaz olacaq.
 
 
 
Ardını oxu...
“Unibank”la bağlanan müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciətlər artıb.

Tribunainfo.az xəbər verir ki, belə bir tələblə məhkəməyə növbəti müraciət qeydə alınıb. Belə ki, məhkəməyə belə bir iddianı Eyvazov Balakişi Tumas oğlu qaldırıb. “Unibank”la yanaşı məhkəməyə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” də cəlb edilib. İddiaçı cavabdehlərlə bağlanan müqavilələrin ləğvini tələb edir.

Bakı Apellyasiya Məhkəməsində olan işə 10 iyul tarixində baxılacaq. İş hakim Azad İmanovun icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı problem hələ də həllini tapmayıb və bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Ziraat” dövlət bankının Ankaradakı nümayəndəsi RİA Novosti-yə bildirib.
“Hazırda vəziyyətə təsir edən heç bir əsaslı dəyişiklik yoxdur”, – bankın nümayənfəsi bildirib. Onun sözlərinə görə, problemin nə vaxt həll olunacağı məlum deyil. “Ziraat”, cəmi aktivləri 110 milyard dollardan çox olan Türkiyənin ən böyük dövlət banklarından biridir və kredit təşkilatı 18 ölkədə fəaliyyət göstərir və əsasən korporativ müştərilərə xidmət göstərir. Türkiyə bankları 2024-cü ilin yanvarında Rusiyadan ödənişləri bloklamağa başlayıb. “Bloklama” demək olar ki, ümumi xarakter alıb və ticarətdən tutmuş turizmə qədər bütün sektorlara təsir edir. Eyni zamanda, milli valyuta ilə ödənişlər də risk altındadır.Türkiyə bankları Rusiyadan nə lirə, nə də rubl qəbul edir. Buna səbəb kimi ABŞ prezidenti Co Baydenin fərmanı göstərilir. Bu fərmana əsasən ABŞ Maliyyə Nazirliyi Rusiyadan sanksiya tətbiq edilmiş şəxslərlə işləyən və ya Rusiya hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq edə bilər. Fevral ayından Türkiyə bankları müəyyən güzəştlər tətbiq edib: onlar turizm, qida, tibb, tekstil və təhsili əhatə edən “yaşıl siyahı”dan mal və xidmətlər üçün ödənişlərə icazə veriblər. Lakin hesablamalarla bağlı problemlər hələ də qalmaqdadır. Bunu aprel ayında Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov etiraf edib və qeyd edib ki, danışıqların davam etməsinə baxmayaraq, vəziyyət həll olunmaqdan uzaqdır. O, baş verənlərə görə “Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığının qurulmasını məhv edən amerikalıları və Avropa İttifaqdan olanları” günahlandırıb. Birinci rübün sonunda Türkiyənin Rusiya Federasiyasına ixracı 33,7% azalıb və 2023-cü ildə kəskin artımdan sonra praktiki olaraq müharibədən əvvəlki səviyyəyə – ayda 500-600 milyon dollara qayıdıb. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə fevralın ortalarında baş tutmalı olan səfərini ləğv edib. Mayın əvvəlində prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, səfər “gündəmdə qalır”, lakin konkret tarixlər hələ razılaşdırılmayıb. Lakin Putinin Ankaraya səfərinin vəziyyətə təsir etmə ehtimalı azdır. Xüsusilə, Rusiyanın ödənişlərlə bağlı problemlərlə üzləşdiyi Çinə də son səfəri heç bir müsbət dəyişikliyə səbəb olmayıb. “Böyük maliyyə institutlarının davranışının motivlərini başa düşmək olar – heç kim heç bir itki yaşamaq istəmir” deyən Putin Pekini “dövlət səviyyəsində” həll yolu axtarmağa çağırıb.
 
Ardını oxu...
Ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.

TEREF Yeniavaz.com-a istinadla məlumat verir ki, satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub.

Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub.

Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib.

Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib.

Onu da bildirək ki, ötən il işğaldan azad olunan rayonlar arasından yalnız Qubadlıda mal əti satışı olub və bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 3 manat 24 qəpik təşkil edib.
 
Ardını oxu...
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar olaraq ət və ət məhsullarının qiymətində artım müşahidə olunur. Diqqət yetirsək, əvvəlki illərdə də belə olub: Qurban bayramı ərəfəsində ətin qiyməti qalxır, bayramdan sonra da düşmür. Bir çoxları düşünürlər ki, bu il də bayram ərəfəsində ətin qiyməti qalxdıqdan sonra daha əvvəlki vəziyyətinə qayıtmayacaq. Bu ehtimallar nə dərəcədə əsaslıdır?

“Son iki həftəyə qədər kiloqramı 18 manat idi”

Qəssab Səbuhi Hüseynovun sözlərinə görə, bazarda ətin qiymətində artım müşahidə edilsə də, bu, davamlı olmayacaq: “Hazırda mal ətinin bir kiloqramı 14 -14,5 manatdır. Diri quzunun qiyməti bir kiloqram üçün 18-19 manatdır. 13-15 kiloqramlıq quzuların kiloqramı 19-20 manata təklif edilir. Son iki həftədə Qurban bayramı ilə əlaqədar bazarlarda cüzi də olsa bahalaşma müşahidə edilir. Amma ətin qiymətinin qalxdığı səviyyədə qalacağını düşünmürəm. Qoyun ətinin qiymətləri 18 manat ətrafında qalacaq. Çünki hər il bayram ərəfələrində qiymətlərdə maksimum 1-2 manat fərq yaranır. Son iki həftəyə qədər qiymət bir kiloqram üçün 18 manat idi”.

Qəssab qeyd etdi ki, hazırda insanların alıcılıq qüvvəsi azdır. Havalar da isindiyi üçün insanlar ətdən daha az istifadə edirlər.

Ən yaxşı zaman məhz bayram ərəfələridir

İqtisadçı Rauf Qarayevin fikrincə, Azərbaycandakı qəssablar ətin qiymətini artırmaq üçün bayramları gözləyirlər: “Ətin qiymətinin artımını Qurban bayramı və digər bayram ərəfələrində müşahidə edirik. Qəssablar bunu onunla əlaqələndirirlər ki, bayram ərəfələrində ətə daha çox tələb yaranır. Yəni burada tələb və təklif faktoru öz sözünü söyləyir. Tələb çox, təklif az olduğu üçün cüzi də olsa qiymət artımları yaşanır. Həmçinin qəssablar inflyasiyanı nəzərə alaraq bu üsuldan istifadə edirlər. Çünki digər günlərdə qiyməti rahat şəkildə artıra bilmirlər. Bu baxımdan qiymətlərin artırılması üçün ən yaxşısı zaman məhz bayram ərəfələridir”.

“İnsanlar artıq qiymət artımına normal yanaşırlar”

R.Qarayev bildirdi ki, alıcılar da bayramlar ərəfəsindəki qiymət artımını və sonradan qiymətlərin əvvəlki səviyyəyə qayıtmamasını normal qəbul edirlər: “İnsanlar da düşünürlər ki, qiymətlər qalxırsa, yəqin bundan sonra da bu şəkildə davam edəcək. Çünki dəfələrlə müşahidə etmişik ki, bayramqabağı qiymətlər qalxdıqda bir daha eniş müşahidə olunmur. Bu, çox az hallarda baş verir. Qeyd etdiyimiz məqam əsasən ət məhsullarına aiddir. Çünki kənd təsərrüfatı məhsullarının qiyməti mövsüm üzrə dəyişir. İnsanlar da artıq psixoloji olaraq artımlara hazır olurlar. Bu tendensiya uzun müddətdir davam edir”.

İqtisadçı qiymət artımı tələsinə düşməmək üçün edə biləcəklərimizdən də bəhs etdi: “Elə etməliyik ki, ətin qiymətinin dəyişməsi büdcəmizə heç bir halda təsir etməsin. O səbəbdən alternativ variantlar düşünməliyik. Mal və ya qoyun ətini başqa məhsullarla əvəz etməliyik. Bu zaman tələbat gözlənilən qədər olmadığı üçün qiyməti artıra bilməyəcəklər. Belə edə bilsək, qəssablar da qiyməti qaldırmağa tərəddüd edəcəklər. Düşünəcəklər ki, alıcılıq səviyyəsi daha da aşağı düşməsin”.

“Qiymətlər Avropa ölkələri səviyyəsindədir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizdə ətin qiyməti onsuz da kifayət qədər yüksəkdir: “Qurban bayramında da qiymət qalxdıqdan sonra enməsi bir daha gözlənilmir. Dünya ölkələrində qiymətlər yüksəldikdə ölkəmizə təsir göstərir, amma endikdə isə heç bir təsiri olmur. Hazırda bizdə ətin qiyməti Avropa ölkələri ilə bərabər səviyyədədir. Amma bir fərq var ki, o ölkələrdə insanlar ətin müxtəlif hissələrini fərqli qiymətə alırlar. Azərbaycanda isə hamısına vahid və yuxarı qiymət təyin olunub. Bayramlar da bazar üçün bir fürsətdir”.

“Xaricdən ət idxalını artırmalıyıq”

E.Hüseynovun fikrincə, qiymət artımına təsir edən amillər aradan qalxmadıqca, enmələr baş verməyəcək: “Qiymətə təsir edən başqa amillər də var. Əhalinin heyvandarlıqla məşğul olmaması, heyvandarlıq təsərrüfatlarının böyük fermalarda cəmləşməsi, fərdi heyvandarlığın get-gedə azalması bu səbəblərdəndir. Heyvan yemləri son illərdə iki dəfəyə qədər bahalaşıb. Otlaq yerlərinin məhv edilməsi də təsir edən faktorlardandır. Həmçinin heyvandarlıqla məşğul olan şəxslərin məhsulunu birbaşa bazara çıxarması mümkün deyil. Alverçilər olmadan qəssablar heyvan ala bilmirlər. Beləliklə, qiymət artan templə davam edir və ardı gələcək. Bazarda bolluq yaratmaq üçün xaricdən ət idxalını artırmalıyıq. Yerli fermerləri də təşviq etmək lazımdır. Bunlar olarsa, ətin qiymətində enmələr müşahidə edilə bilər”. ("Kaspi" qəzeti)
Ardını oxu...
Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".

Bəs dollara tələbin artması fonunda 2024-cü ildə mümkün devalvasiya riski varmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, dollara tələbin artmasında bir çox amillər rol oynayır:

“Dollara tələbin yüksək olması həm dövlət xərclərinin, həm də idxalın artması ilə bağlıdır. Çünki dövlət xərcləmələri birmənalı şəkildə daha çox vəsaitin pul dövrüyəsinə daxil olmasına və onların bir qisminin idxal və yığım vasitəsilə dollar tələbi yaratmasına səbəb olur. Amma dekabr, yanvar və fevral ayı ilə müqayisədə prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının xüsusən də ilin əvvəli ilə müqayisədə nisbətən stabilləşməsini müşahidə edirik”.

Deputat qeyd edib ki,Mərkəzi Bank ötən ilin sonunda da, bu ilin əvvəlində də prosesi nəzarətdə saxlaya bilib. Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiya imkanları var və bundan faydalanaraq prosesə təsir göstərmək mümkündür:

“Amma növbəti dövrdə milli valutamızın məzənnəsinin necə dəyişməsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank praktiki olaraq intervensiya yolu ilə proseslərə təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda neftin dünya bazar qiyməti də bütövlükdə valyuta tələblərinə təsir göstərən faktorlardan biridir. Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün birmənalı şəkildə milli valyutamızın növbəti dövr üçün kursu Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, 2024-cü ildə devalvasiya olacağını demək çətindir:

“Ən azından indiki göstəricilər çərçivəsində bu real deyil, proqnozlaşdırılmır. Bu Məkəzi Bankın səlahiyyətində olan bir məsələdir. Bizdə qiymətlər bazarda formalaşmır. Dolların artım səbəbi 2024-cü ildən başlayaraq dövlətin proyektləri bağlı iqtisadi aktivlikdir. Ölkədə COP-29 keçiriləcək. Bu olduqca böyük bir tədbirdir. Bunun hazırlığı üçün ciddi işlər görülür. Artıq yenidənqurma işləri əvvəlki illərlə müqayisədə daha çox vüsət alıb”.

İqtisadçı əlavə edib ki, dollara tələb artsa da, neftin və qazın qiymətləri hökumət üçün konfortlu zonadadır, vəsaitlər gəlir və narahatlıq yaratmır. Dolların qiymətinin il ərzində bahalaşacağını demək çətindir.
 
Ardını oxu...
Avropa İttifaqı ölkələri rədd edilən Şengen vizası müraciətlərindən ildə 130 milyon dollar qazanır.

TNS xəbər verir ki, bu barədə “EUobserver”in araşdırma materialında bildirilir.

Nəşr qeyd edir ki, son zamanlar Şengen ölkələrinə viza müraciətləri rədd edilsə belə, ödənilən ərizə rüsumları geri qaytarılmır. Hazırda bu müraciət haqqı böyüklər üçün 80 avrodur, ancaq Avropa İttifaqı Komissiyasının qəbul etdiyi qərarla iyunun 11-dən bu ödənişin 90 avroya yüksələcəyi gözlənilir.

“LAGO Collective”in araşdırmaçılarından Marta Foresti və Otto Manteqazzanın məlumatına görə, Aİ 2023-cü ildə vizadan imtinadan 130 milyon avro qazanıb. 2022-ci ildə isə bu gəlir 105 milyon avro olub.

Məsələn, Böyük Britaniya ötən il rədd edilən ödənişlərdən 44 milyon funt sterlinq (50 milyon avro) əldə edib.

“130 milyon avro gəlirin 90 faizi Afrika və Asiya ölkələrindən edilən müraciətlərdən qazanılıb. Aşağı gəlirli Afrika ölkələrindən imtinalar daha yüksək səviyyədədir. Qana, Seneqal və Nigeriyadan rədd edilən müraciətlərin sayı 40-50 % arasındadır”,- Marta Foresti “EUobserver”ə bildirib.

Onun sözlərinə görə, bu mexanizm Aİ-nin "əks pul köçürmələri" kimi təsəvvür edilə bilər - kasıb ölkələrdən varlı ölkələrə pul axını.
 
 
 
Ardını oxu...
Bu ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektorda işləyən muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) orta aylıq əmək haqqı 1 038 manat 70 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, özəl sektorda işləyən işçilərin orta aylıq əmək haqqı bu ilin əvvəli ilə müqayisədə 7,5% və ya 72 manat 70 qəpik artıb.

Məlumat üçün bildirək ki, ən yüksək orta aylıq əmək haqqı paytaxtın Səbail rayonunda (2 608 manat 70 qəpik), ən aşağı orta aylıq əmək haqqı isə Yardımlı rayonunda (396 manat) verilib.

Paytaxt Bakıda isə orta aylıq əmək haqqı 1 288,5 manat olub.

Azərbaycanda özəl sektorda ən yüksək orta aylıq əmək haqqının verildiyi 5 şəhər və rayon belə olub:

Xocalı rayonu – 1 663,2 manat
Şuşa rayonu – 1 311,6 manat

Bakı şəhəri – 1 288,5 manat
Zəngilan rayonu – 1 109,1 manat
Qubadlı rayonu – 987,5 manat

Azərbaycanda özəl sektorda ən aşağı orta aylıq əmək haqqının verildiyi 5 şəhər və rayon belə olub:

Yardımlı rayonu – 396 manat
Daşkəsən rayonu – 403,7 manat
Lerik rayonu – 410,4 manat
Qax rayonu – 420,7 manat
Astara rayonu – 436,3 manat
 
 
 

Dünyapress TV

Xəbər lenti