|
“Neftçi”nin düşərgəsində vəziyyət yenidən gərginləşib. Komandanın uğursuz çıxışı həm klub daxilində, həm də ətrafında gərginlik yaradıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, xüsusilə “ağ-qaralar”ın düşərgəsində bölgü yaranıb. Klub rəhbərliyi ictimaiyyət və media tərəfindən gələn tənqidləri futbolçuların üzərinə yönəltməyə çalışır.
“Neftçi” rəhbərliyi – başda Rövşən Nəcəf olmaqla uğursuzluğu xüsusilə kapitan Emin Mahmudovun ayağına yazmağa çalışır.
Bununla bağlı özlərinə yaxın olan jurnalistlərə sifarişlər verməyə başlayıblar. Bəzi mətbu orqanlarda Mahmudovun əleyhinə yazılar yazdırılır, iddia olunur ki, “Neftçi”nin oyun sistemini pozan, komandanın sürətini azaldan məhz Mahmudovdur. Üstəlik, azarkeşlər arasında da süni şəkildə söz-söhbət yaradırlar.
Yeni transferlərin, yeni baş məşqçinin uğursuzluğunu etiraf edə bilməyən rəhbərlik, yaranmış vəziyyətə don geyindirmək üçün axtarılan bəhanəni kapitanın meydana çıxmadığı “Səbail”lə oyunda tapılıb. Həmin qarşılaşmada Emin cəza üzündən oynamayıb, “Neftçi” qalib gəlib. Eminin oynamadığı oyunda qazanılan qələbədən sonra onun haqqında əvvəlcədən verilən hökm qüvvəyə minib. Yəni Eminin “Neftçi”dəki karyerası bitir. Amma bunu açıq şəkildə ona deyə bilmirlər. Ona görə də, intriqa yaradaraq, futbolçunu gözdən salmağa çalışırlar.
Futbolçu vəziyyətdən duyuq düşüb. O, artıq klub rəhbərliyindən – xüsusilə Müşahidə Şurasının sədri Rövşən Nəcəfdən incik düşüb. Çünki yayda ona verilən vədlər yerinə yetirilməyib. “Qarabağ”a və “Sabah”a keçmək ehtimalı olan Emin Mahmudovu “Neftçi”də qalmağa məhz Rövşən Nəcəfin vədləri razı salıb. SOCAR prezidenti ona bu vədləri verib: Əsas heyətdə yerin toxunulmazdır, oyun sənin üzərində qurulacaq, iddialı komanda formalaşacaq.
Amma əksi olub: Nə çempionluq uğrunda mübarizə aparan komanda qurulub, nə gətirilən legionerlər səviyyəli çıxıb, nə də baş məşqçi Adrian Mutunun işi nəzərə çarpır. Və bütün bunlar azmış kimi uğursuzluqların günahı Emin Mahmudovun ayağına yazılmağa başlayıb.
Emin vəziyyətdən çıxış yolu kimi komandadan ayrılmağı düşünür. Millimizin üzvü yayda “Qarabağ”a keçmədiyinə görə peşman olub. Böyük ehtimalla, o, qışda komandanı tərk edəcək. Elə “Neftçi” rəhbərliyi də bunu istəyir.