![]() |
![]() ![]() ![]() |
|
Fransa Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırladığı üçün Ukrayna münaqişəsində birbaşa iştirak edir.
Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
“Fransada Ukrayna hərbçiləri bütöv bir hücum briqadası hazırlayırlar. Yəni onlar bilavasitə hərbi əməliyyatlarda iştirak edirlər”, - deyə nazir qeyd edib.
Lavrovun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron Rusiya üzərində qələbə üçün müharibənin ən qızğın tərəfdarlarından biridir.
Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır.
İnci
“Royal Caribbean Cruises”in “Explorer of the Seas” gəmisi Kanar adalarında fırtınaya tutulub. Bu an sərnişinlərin dediyinə görə, gəmidə “Titanik” filmindən məşhur Selin Dionun “My Heart Will Go On” mahnısı səslənirilib ki, bu da vəziyyətə məşum effekt verib.
Sfera.az bildirir ki, "Titanik" filminin mahnısı səsləndirilərkən fırtınaya tutulmuş kruiz gəmisindəki sərnişinlər bir anlıq çaxnaşma yaşayıblar.
“Royal Caribbean”ın məlumatına görə, hadisəyə gözlənilməz qasırğa səbəb olub. Sosial mediada yayılan hadisənin görüntülərində sərnişinlərin panika içində qaçması, mebellərin göyərtə boyunca sürüşdüyü görünür.
Sərnişinlərdən biri Den So, əyilmə anında həyatı üçün ciddi şəkildə qorxduğunu etiraf edərək, həmkarları, doğmaları ilə vidalaşıb. Adam qeyd edib ki, gəminin əyildiyi an “Titanik” filmindəki kadrlara bənzəyir.
"Son mesajımı öləcəyimi düşünərək yazdım" - deyə bildirib.
“Explorer of the Seas” kruiz gəmisi güclü külək nəticəsində zədələnib.
Hadisə noyabrın 7-də gəmi Barselonadan (İspaniya) Mayamiyə (ABŞ) gedərkən baş verib. Yaralı sərnişinlərdən birinin quruda tibbi yardım ala bilməsi üçün “Explorer of the Seas” Las Palmasda dayanmalı olub. İşçilər təhlükəsizlik yoxlamaları apararkən insanlardan da otaqlarında qalmaları istənilib.
Fırtına bir neçə gün keçdikdən sonra gəmi noyabrın 17-də Mayamiyə çatıb. Bu hadisəni yaşayan sərnişinlər təəssüratlarını jurnalistlərlə bölüşüblər. Onlardan biri Alvero Pupo vəziyyəti “dəli bir təcrübə” kimi qiymətləndirib.
"Gəminin əyildiyini, yeməyim, boşqablarım, stullarım, hər şeyin hər yerdə uçduğunu görməyə başladıq. Bu, əsl xaos idi".
Bununla belə, sərnişinlər kapitanı və ekipajı təmkinlərini qoruduğu və hər kəsin sakit qalması üçün əziyyət çəkdiyini bildiriblər.
Qeyd edək ki, “Explorer of the Seas” 15 göyərtəli və maksimum 4290 sərnişin tutumlu gəmidir.
Aynil
Tiflis şəhərinin mərkəzində yerləşən Çavçavadze prospektində etiraz aksiyaları davam edir. Etirazçılar, polis qüvvələrinin tələblərinə uyğun olaraq, ərazidə çadır qurmaq niyyətindən imtina ediblər.
Musavat.com-un məlumatına görə, aksiya iştirakçıları şəhərin mərkəzi küçəsində toplaşıb və tələblərinin yerinə yetirilməsini gözləyirlər. Polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma qeydə alınmayıb. Lakin hüquq-mühafizə orqanları prospektdə hərəkətin normal gedişini təmin etmək üçün tədbirlər görür.
Gürcüstanda siyasi və sosial narazılıqlar tez-tez belə aksiyalarla ifadə olunur və bölgədəki sabitlik məsələsi qonşu ölkələr, o cümlədən Azərbaycan üçün də diqqət mərkəzindədir.
Gürcüstandakı bu hadisələr regionda baş verən proseslərin bir hissəsi kimi izlənilir.
Musavat.com
Braziliya Federal Polisi ölkə prezidenti Luis İnasiu Lula da Silva və vitse-prezident Jeraldu Alkminə sui-qəsd cəhdində şübhəli bilinən dörd xüsusi təyinatlı və bir polis əməkdaşını saxlayıb.
G1 portalı xəbər verir ki, onlar, həmçinin dövlət çevrilişi təşkil etməkdə ittiham olunurlar. Söhbət 2022-ci ildə baş verən hadisələrdən gedir.
Polis saxlanılanları Prezident Luis İnasiu Lula da Silvanın andiçmə mərasiminin qarşısını almaq üçün 2022-ci il seçkisindən sonra çevriliş planlaşdıran cinayətkar təşkilatın üzvləri adlandırıb.
Braziliya istintaq orqanlarının məlumatına görə, 2022-ci il dekabrın 15-də məhbuslar ölkə prezidentini və vitse-prezidenti öldürməyi planlaşdırıblar.//Oxu.Az
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.
(I)
1. Senator Ed Marki ilə onun xahişi ilə görüşdüm.
2. Ona xatırlatdım ki, Ermənistanın Azərbaycan xalqına qarşı Xocalı soyqırımından sonra ABŞ Konqresi ədalətsiz olaraq 907-ci Düzəlişi qəbul edib.
3. Qeyd etdim ki, Ermənistanın 30 illik hərbi işğalı və bir milyondan çox azərbaycanlının etnik təmizlənməsi dövründə nə o, nə də həmkarları ədaləti xatırlamayıblar. Əksinə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü dəstəkləməyə davam ediblər.
4. Vurğuladım ki, Ukraynada separatizmi dəstəkləyən (və qara siyahıya salınan) və çirkli pulların yuyulması ilə məşğul olan qanunsuz silah alverçisi və oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçı hərbi cinayətkarların cinayətlərinin araşdırılması məntiqi nəticəyə çatdırılacaq və onlar ədalət qarşısında cavab verəcəklər.
5. Bildirdim ki, erməniəsilli sakinlər vətəndaşlıq üçün yalnız fərdi qaydada müraciət edə bilərlər və onların qayıdışı vətəndaşlıq verildiyi təqdirdə ölkəmizin qanunları çərçivəsində nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı və Ermənistandan qovulmuş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel ola bilər.
6. ABŞ-dəki erməni lobbisi siyasi cəhətdən toksik mühit yaratmağa davam edir. Onlar problemin bir hissəsidir. Onlara vəsait toplamaq üçün səbəb lazımdır.
7. Nümayəndələr Palatası və Senatın üzvlərinə erməni lobbisinin alətinə çevrilməkdən çəkinməyi tövsiyə etdim. Biz regionda Ermənistanla sülhə doğru addım-addım irəliləyirik. Lakin bəzi ABŞ qanunvericiləri erməni lobbisinin təhriki ilə regional sülhə mane olur, yerdəki reallığı qəbul etməkdən imtina edir və bizi keçmişə sürükləməyə çalışırlar.
(II)
Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.
Mən də görüşdə iştirak etmək şərəfinə nail oldum. Görüş çox konstruktiv ruhda keçdi. Pallonenin erməni lobbisinə məruzə etdiyi məsələlərin heç biri görüşdə qaldırılmadı. Pallone yenə və yenə də yalan danışır. Onun Azərbaycanda şou düzəltmək cəhdi uğursuz oldu. Vətəndaşlar, o cümlədən məcburi köçkünlər, şəhid ailələri və vətəndaş cəmiyyəti nümayəndələri dinc toplaşmaq hüquqlarından istifadə edərək dinc etiraz aksiyası keçirdilər. Jurnalistlər ondan erməni lobbisindən nə qədər pul aldığını soruşdular. Bu, Pallonenin təşvişinə səbəb oldu. Real hekayənin sonu budur.
“İnsanlar heç vaxt ovdan, müharibədən və ya seçkidən əvvəlki qədər çox yalan danışmırlar”, – o qeyd edib.
COP29 başlayandan Azərbaycan əleyhinə qarayaxma, şər-böhtan kampaniyası ikiqat güclənib. Təbii ki, söhbət xüsusən də Qərbdəki erməni lobbisinə, antitürk, anti-Azərbaycan çevrələrinə bağlı qüvvələrdən, bir də 5 qəpiyə görə öz vətənini, xalqını satmış milli satqınlardan gedir.
Onlardan biri də özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən, ünvanımıza ağlasığmaz böhtanlar və hədyanlar səsləndirən, erməni ağzı ilə danışan “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatıdır. Bu həmin FH-dır ki, 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.
Erməni lobbisinin əlində çoxdan oyuncağa və alətə çevrilən “Freedom House” o vaxtdan ölkəmizə qarşı şər kampaniyasını davam etdirir. Hətta getdikcə daha heyrətamiz ittihamlar və absurd tələblər irəli sürməkdədir. Belə ki, təzəlikcə qurum Azərbaycanı yenə “Dağlıq Qarabağ ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası aparmaq”da ittiham edib və “demokratik ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Hesabatda həmçinin deyilir ki, “Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməlidir”.
Sırtıqlığın bu qədəri yəni. Ancaq bu da hələ hamısı deyil. “Freedom House” beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Ardınca yenə həyasızcasına bəyan edilir: “Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulması hətta onların məcburi köçkündən sonra da davam edir və onların əmlakının dağıdılması, eləcə də erməni tarix və mədəniyyət abidələrinin dağıdılması şəklində özünü göstərir. Ölkələrin səyləri həmçinin YUNESKO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün "artsax"a girişinin təmin edilməsinə yönəldilməlidir".
İşə bax, “soyqırımı”, “etnik təmizləmə”, “tarixi-mədəni irs” anlayışları, YUNESKO erməni işğalı bitəndən və terrorçu xunta rejimi ləğv ediləndən, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra yadlarına düşüb...
Sahib Məmmədov: “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır”
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, “Freedom House” Azərbaycana qarşı münasibətdə “Human Rights Watch”, “Amnesty International” təşkilatlarından da qərəzli mövqedədir. Hüquqçunun sözlərinə görə, təşkilat ABŞ Dövlət Departamentindən subsidiya alır və onun tapşırıqları əsasında fəaliyyət göstərir: “Bu təşkilat bir növ departamentin strukturudur, formal olaraq QHT kimi göstərilir. Departament birbaşa, heç bir müsabiqə keçirmədən təşkilata pul ayırır. Departamentin sifarişi ilə işləyən GONGO (Government-Organized Non-Governmental Organization) təşkilatıdır.
“Freedom House” Azərbaycanla bağlı saxta reytinqlər təşkil edir və dünyanın ən axrıncı, interneti olmayan, rəsmi bir dövlət qəzeti və televiziyası olan dövlətlərlə yanaşı qoyur. Ən pisi də odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir. Onlar “Dağlıq Qarabağı” xəritədə ayrıca bir subyekt kimi göstərirlər. Belə təşkilatın yazdıqlarına heç fikir vermək də lazım deyil. ABŞ-ın tapşırığını yerinə yetirən bir qurumdan nə gözləmək olar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır. Bəllidir ki, qərəzlidirlər.
Sonuncu dəfə Varşavada ATƏT-in tədbirində təşkilatın rəhbəri David Kamerlə mübahisə etdim. Təəssüf ki, o mənim izahatıma heç fikir də vermədi. Dediyim ki, departamentin bir şöbəsidir. Heç vaxt ABŞ-ı tənqid edə bilməz. Onun müttəfiqləri barədə artıq bir söz yazmır. Belə bədnam təşkilatın hesabatı əlbəttə ki, saxta məlumatları əks etdirəcək".
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür təşkilatlar Qərbin Azərbaycana qarşı qısqanc münasibətinin üzdə görünən tərəfidir: “30 il bundan əvvəl nəinki Qarabağda, hətta Ermənistanda bir azərbaycanlı qoymadılar. Azərbaycanlılar bir əsrdə neçə dəfə deportasiya olundular. "Freedom House" niyə bu məsələləri dilə gətirmir. Söhbət belə faktlardan düşəndə təşkilat gözlərini yumur. 30 il bu təşkilata ermənilərin əməllərindən yazdıq, amma qulağını tutdu, gözlərini bağladı. Qərbin Milli Demokratiya İnstitutu var idi. Onların nümayəndələri ilə birgə biz rayonlara gedirdik, qaçqın-köçkünlərlə görüşürdük. Onlar insanlarımızın vəziyyətini görürdülər. Bəs insan haqları məsələlərində niyə Azərbaycana qarşı cıxırlar?!
Bu ancaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanc yanaşmanın nəticəsidir. Dünyada nə qədər konflikt var. Azərbaycan yeganə dövlətdir ki, konfliktli müharibəni uddu. Prezidentin açıq şəkildə çıxışları, cəsarətlə bizə qarşı edilən qərəzli münasibəti ifşa etməsi onlarda qısqanclıq, qıcıq yaradır. COP 29 öncəsi Qərbin etmədiyi hərəkət qalmadı. Qərəzlərindən etmədikləri əməl qalmadı.
Azərbaycanın əlində əsaslar, konkret faktlar var. Bütün platformalarda bu haqda deyilməli və yazılmalıdır. Azərbaycan diasporu və lobbisi fəaliyyətə keçməlidirlər. Qoy dünya gözünü açıb ermənilərin vəhşiliyini də görsün. Əks halda, erməni diasporu bu cür təşkilatları maliyyələşdirib əleyhimizə iş görəcəklər".
Şahanə RƏHİMLİ,
Musavat.com
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, Ukrayna İngiltərənin müdaxilələri səbəbindən sülh sazişindən imtina edib və bu, ölkəni dərin böhrana sürükləyib.
Musavat.com xəbər verir ki, Nebenzya BMT Təhlükəsizlik Şurasında (BMTTŞ) çıxışı zamanı İngiltərənin o vaxtkı baş naziri Boris Consonun Kiyevə gələrək İstanbulda hazırlanan sülh sazişini pozmağa çalışdığını vurğulayıb.
“Sazişə çox yaxın idilər”
Nebenzya qeyd edib ki, Rusiya və Ukrayna İstanbulda sülh sazişinə çox yaxın idilər, lakin İngiltərə Kiyev rəhbərliyini fərqli bir istiqamətə yönəltdi. O, çıxışında belə deyib:
“İngiltərə Kiyev rejimini Rusiya ilə münaqişəni davam etdirməyə təhrik edərək Ukraynanı qaçılmaz məğlubiyyətə sürüklədi. Nəticədə Ukrayna ordusunun böyük bir hissəsini və dörd bölgəsini itirdi. Bundan əlavə, ölkə ağır iqtisadi vəziyyətə düşdü.”
“Londanın rəngli inqilab siyasəti”
Nebenzya həmçinin qeyd edib ki, İngiltərə “itirilmiş dünya hökmranlığına olan nostalji ilə” hərəkət edir. O vurğulayıb ki, London şantaj və sanksiyalardan istifadə edərək istəmədiyi hökumətləri devirmək üçün “rəngli inqilablar” siyasətini yürüdüb və Ukrayna da bu siyasətin qurbanlarından biri olub.
Rusiyalı nümayəndə əlavə edib ki, İngiltərənin Kiyevə təsiri sülhün deyil, münaqişənin davam etdirilməsinə səbəb olub və bu, Ukraynaya böyük ziyan vurub.
Musavat.com