Ardını oxu...
Ermənistanla Qarabağı birləşdirən yeni marşrut artıq istifadədir. DİA.AZ “Yeni Müsavat”a istinadla xəbər verir ki, avqustun 31-də yayılan videokadrlar da təzə yolun açıldığını təsdiqləyir. Ermənistandan Xankəndinə gediş-gəliş bundan sonra həmin yoldan olacaq və Azərbaycan bu işi 10 ərzində yekunlaşdırıb təhvil verdi. Ona görə də rus hərbçiləri yeni Xankəndi-Gorus marşrutunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib. Bu haqda erməni mətbuatına separatçıların nümayəndəsi Viktoriya Petrosyan məlumat verib. Onun sözlərinə görə, yeni marşrutun Ermənistanı erməni əhalisinin yaşadığı Azərbaycan əraziləri ilə birləşdirən bu hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək. “Yeni marşrut artıq fəaliyyətdədir, dəhlizin əsas hissəsinin tikintisi başa çatana qədər fəaliyyət göstərəcək. Artıq orada rus sülhməramlıları yerləşdirilib və yola nəzarət edirlər”, - V.Petrosyan bildirib.

Paralel olaraq isə Xankəndidəki separatçı rejim sentyabrın 2-nə hazırlaşır. Bu tarixdə qondarma “müstəqilliyin” elan olunmasının 31 illiyini qeyd etmək planlaşdırılır. Erməni mediası yazır ki, “artsax milli assambleyasının” bütün fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər təşkil edəcəklər. Ötən il yasa batan, matəm kimi qeyd edən, məzarlara gül qoymaqla “müstəqilliyi” qeyd edən separatçılar bu ilə bayram nəzərdə tutur. Amma necə bir bayram - ötən ildən bu günə qədər Laçın şəhərini, Zabux, Sus kəndlərini, Fərrux, Qırxqız, Sarıbaba, Buzdux kimi strateji yüksəklikləri itirərək...

O da bildirilir ki, sentyabrın 2-də, saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək. Yeri gəlmişkən, elə avqustun son günündə də Xankəndi erməniləri ayağa qalxaraq aksiya keçiriblər. Etirazçılar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər. Bundan əlavə, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanı da istefaya çağırıblar. Amma Paşinyan müharibədən sonra heç zaman Xankəndinə, Qarabağa ayaq basmayıb. Həmçinin ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə gəlməyiblər. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Bakı isə belə bir sarsaq anti-Azərbaycan toplaşmasına qarşıdır. Bizim ərazilərimizdə hansısa kukla “respublika”nın günü ola bilməz. Özləri də bunu anlayırlar, getdikcə halqanın daraldığını görürlər, bununla belə, terorçu rejim beyni zəhərlənmiş əhaliyə mənasız ümidlər verməkdə davam edir.

Son xəbərlərə görə, 2 sentyabr planları ilə əlaqədar Xankəndinə gələnlər ciddi yoxlamadan keçirilir, qeydiyyatı olmayanlar Qarabağ istiqamətinə buraxılmır. İsveç jurnalisti Rasmus Kanbök da tvitter hesabında yazıb ki, rusların müvəqqəti yerləşdiyi ərazilərə xarici vətəndaşların girişi qadağan edilib. O, Xankəndinə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb. Hətta belə iddialar var ki, ilin sonunadək Xankəndidə Azərbaycan bayrağının dalğalanması və Prezidentin xüsusi nümayəndəsinin orada oturması da reallaşa bilər. O halda Araik və dəstəsi hələ də nəyə ümid edir? Bu arada İrəvandan Xankəndinə gedərkən Qarabağ separatçı ordusunun keçmiş komandanı Mikayel Arzumanyan da həbs edilib. O, Ermənistan İstintaq Komitəsinin təklifi ilə həbs edilib. Arzumanyan Azərbaycan Ordusunun sələfi Cəlal Arutyunyanın maşınına hücumundan sonra Qarabağ separatçı ordusunun komandanı təyin edilib. O, Şuşanın “müdafiəsinin yaxşı təşkil edilməməsi”ndə görə ittiham edilir. Yəni Paşinyan Qarabağda məğlubiyyəti artıq uydurma rejimin və onun silahlılarının üzərinə yıxmaqdadır. Bu gedişlə başıpozuq “artsax” rəhbərliyi kimə güvənməkdədir?

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan müxalifəti Paşinyanla yanaşı Qarabağ separatçılarının lideri Arutyuntunyandan da narazıdır: “Müxalifət təmsilçiləri açıq deməsələr də, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdə Araik Arutyunyanın da məsuliyyət daşıdığı qənaətindədirlər. Paşinyan vaxtilə əlindən gələn etdi ki, ”Dağlıq Qarabağda prezident seçkisində" Araik Arutyunyan qələbə qazansın. Paşinyan Arutyunyanla ortaq hərəkət edirdi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Araik Arutyunyan Nikol Paşinyandan məsafə saxlamaq məcburiyyətində qaldı. Ermənistanın radikal müxalifətinin Qarabağdakı adamı isə separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyandır. Ermənistan müxalifəti Paşinyanı devirə bilmədi, növbə Araikə çatıb. Müxalifət onu Balasanyanla əvəzləmək istəyərdi. Amma elə bilirlər ki, bu nəyisə dəyişəcək. Arutyunyan olmasın, Balasanyan olsun, mühasirə daralmaqda davam edəcək".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, bugünlərdə “Gallup” sorğu mərkəzinin keçirdiyi sorğuya əsasən Ermənistandan Qarabağa müharibədən sonra səfər edənlərin sayı azalıb: “Müharibəyə qədər 56% respondent Qarabağa səfər etdiyini bildirib, müharibədən sonra cəmi 12% respondent gedib. Həmin 12 % Qarabağ erməniləri və bəzi aktivistlərdir. Bu gün heç bir erməni Qarabağda azərbaycanlıya qarşı vuruşmağa cürət sahibinə malik deyil. Beləliklə, sorğular Ermənistanda milli ruhun tənəzzülə uğradığını, yerli ermənilərin Qarabağ ermənilərinin problemləri ilə maraqlanmadığını, özlərini hayların qəhrəmanları sayan terrorçu Robert və Serjin ictimaiyyətdə zərrə qədər imicə malik olmadıqlarını göstərir”.

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərin qaz, elektrik, internet xətləri üzərində Bakının nəzarəti güclənib, Laçın yolunun alternativ marşruta keçməsi ilə də bu kommunikasiyalardan böyük ölçüdə məhrum olacaqlar: “Sərsəng su anbarından istifadə etdikləri suyun da kəsilməsi erməni əhalini tamamilə çıxılmaz vəziyyətə sala bilər. Amma bu, Azərbaycanın Qarabağdakı etnik erməniləri öz vətəndaşı kimi qəbul etmək siyasətinə uyğun deyil. Bunu etmək erməni əhali arasında ”Azərbaycan “soyqırımı” törədir" rəyinin yaradılması baxımından İrəvana da, Moskvaya da, Qarabağda qalan separatçılara da sərf edir. Belə addım Bakıya qarşı kənar təzyiqlərin güclənməsinə şərait yarada bilər. Azərbaycan “erməni vətəndaşlarının” suyunu kəsmir, əvəzində su bölgüsü ilə Sərsəng anbarından istifadəyə nail olur. Sərsəngə nəzarət əməliyyatla bərpa edilsəydi belə, ruslar ermənilərin suyunun kəsilməməsinə nail olmaq üçün hər şeyə əl atacaqdılar. Və ən əsas məqam görüş haqda məlumatda sülhməramlıların iştirakına dair heç bir qeydin olmamasıdır. Bu, separatçıların “tərəf” kimi qəbul edilməsi yox, Əliyevin dediyi kimi, Qarabağdakı ermənilərlə birbaşa təmasın qurulması deməkdir, İrəvansız və Moskvasız... Bakı daxili məsələsini vasitəçisiz həll etməlidir".

Ekspert Ramiyə Məmmədova deyir ki, Azərbaycan nəinki Xankəndidən, artıq Zəngəzurdan danışır: “Bakı üçün Xankəndi daxili mövzudur, onu mərhələli həll etməyi planlaşdırır. Biz Zəngəzur dəhlizi tələb edirik və çox strateji bir nəticə əldə etməyi hədəfləmişik. Ona görə Xankəndi mövzusu artıq lokal, məhəlli problem kimi qalıb və onu həll etməyə çalışırlar. Bəli, sentyabrın 2-də hansısa yürüş mümkündür, bəyanatlar, çağırışlar, İrəvandan gələn müxalifətçilərin iştirakı da gözləniləndir. Amma onlar gedişatı izləyirlər və sönmüş ocağın külü ilə oynadıqlarını başa düşürlər. Qarabağdan ermənilərin köçü qarşıdakı dövrdə daha da sürətlənəcək. Bunu Rusiya istəməsə də, erməni əhalisinin sabaha ümidi qalmayıb. Bir neçə min erməni qala bilər ki, bizim bayrağımızın altında yaşamaqla barışacaqlar. Həmin dövrdə bölgəyə beynəlxalq diqqət artacaq, ABŞ və Fransa erməni əhalisinin hüquqlarından dəm vurmağa başlayacaqlar, Bakını nədəsə ittiham etməyə çalışacaqlar, amma Azərbaycan Xankəndi ermənilərinə yaxşı həyat təmin etməklə Qərbin ağzını yummağı bacaracaq”.

Ardını oxu...Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə 4-cü dəfə bir araya gəliblər. Artıq görüşün başlaması ilə bağlı məlumatlar var, amma yekunlaşması ilə bağlı hələlik məlumat verilməyib.

Politoloq Samir Hümbətov deyib ki, bu görüşdən müəyyən gözləntilər var.

S. Hümbətov xatırladıb ki, 3-cü görüş bu ilin may ayının 22-də keçirilib: “Həmin görüşdə bir sıra ciddi razılıqlar əldə edilsə də, icrası baş tutmayıb, əksinə, tərəflər arasında, xüsusilə də Ermənistanın təxribatçı hərəkətləri ucbatından silahlı qarşıdurma da yaşanıb. Avqust ayının 3-də Azərbaycan əsgərinin şəhid edilməsi ilə başlayan "Qisas" əməliyyatı öz bəhrəsini verdi. Eyni zamanda 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərindən irəli gələrək inşaası tamamlanmış 32 km-lik yeni alternativ yol istifadəyə verilib. 26 Avqust 2022-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilmiş Rusiya hərbiçilərinin də iştirakı ilə Laçın şəhərində, Zabux və Sus kəndlərində qalan ermənilər oradan çıxarılıb, həmin ərazilər Azərbaycanın nəzarətinə verilib”.

Dünən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delmitasiyası üzrə Moskvada keçirilən görüşə də diqqət çəkən S. Hümbətov qeyd edib: “Bu görüşlə bağlı tərəflərdən hansısa xüsusi açıqlama gəlməsə də, Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, “Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib”. Bu isə o deməkdir ki, tərəflər arasında bəzi məsələlərdə razılaşmaya meyllər hiss edilməkdədir. Məlumata əsasən, tərəflərin, yəni Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında növbəti görüş Brüsseldə baş tutacaq və burada Rusiya iştirak etməyəcək. Bu isə o deməkdir ki, tərəflər məsələ üzərində bir də Rusiyasız işləməyi qərarı alıblar”.

Politoloq əlavə edib ki, burada önəmli olan digər məsələ həm də kommunikasiyaların açılmasıdır: “Bu məsələ də Azərbaycan və Ermənistan rəhbərləri arasında müzakirə predmetinə çevrilə bilər. Əlbəttə, bu gün baş tutan Brüssel görüşündə müzakirə ediləcək məsələlərin həm çoxluğunu, həm də vacibliyini nəzərə alsaq, məsələ ilə bağlı nikbinliyimizi ifadə edə bilərik. Ən azından ona görə ki, görüşün təşkilatçısı və iştirakçısı olan Avropa İttifaqı tərəflərin nəticə əldə etməsində maraqlıdır”.

Burda diqqəti çəkən digər önəmli məsələ rəsmi Bakının həmləsi və Avropa İttifaqının təzyiqləridir. Ona görə də S. Hümbətov gözləntilərini belə sıralayıb:

1. Sərhədlərin delimitasiyası

2. Zəngəzur dəhlizinin açılması

3. Kommunikasiyaların qurulması

4. I və II Qarabağ savaşından qalan hərbi və mülki əsirlərimizin taleyinə aydınlıq gətrilməsi

5. Minaların xəritələrinin verilməsi

6. Erməni terrorçu dəstələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması

7. Sülh müqaviləsi üzərində işləmək və s.

“Bütün bu qeyd edilənləri bugünkü Brüssel görüşündə müzakirə predmeti olması daha çox inandırıcı görünür ki, bu da münaqişənin yekun həllinə imkan yarada bilər. Əlbəttə ki, qonşu və region dövlətlərin Ermənistana pərdəarxası təzyiqləri baş verməzsə”, - deyə S. Hümbətov əlavə edib.

 
 
Ardını oxu...
1. Öz oğlunun tabutu qabağında oynayan ana.
2. Öz nişanlısının ölümündən sonra intiar edən qız.
3. Qardaşının şəhid xəbərini aldıqda, cənazənin gəlməsini gözləmədən intihar edən Neftçalalı bacı.
4.Bir həftə içərisində həm şəhid ərinin,həm də şəhid qardaşının cənazəsini çiynində daşıyan Nərgül bacı.
5.Şəhid oglunun məzarı başında ikinci oglum da bu vətənə qurban deyən, Bahar ana.
6. Öz qızının bağırsaqlarını yerdən yığan ata.
7. Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.
8. Döyüşdə əlini- qolunu itirən, mən vətən üçün heçnə edə bilmədim deyən yaralı qəhrəman.
9. Ürəyində qəlpə ola -ola canım qurban bu vətənə deyən əsgər.
10. Əsgərinə bu mənim qardaşımdır deyən General.
11. Öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana.
12. Can verəndə qızım üçün darıxıram deyən əsgər.
13. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.
14.Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.
15.Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.
16.Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər.
17.Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb #PoladHəşimovun qisasın alan əsgər.
18.Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən şəkili əmi.
19.Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana.
20.Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.
21.Döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçıləri ilə dalaşan oğullar.
22..Şuşa ugrunda döyüşdə ayagından aldıgı güllə yarasını əsgərləri ruhdan düşməsin deyə, Şuşa azad olunanacan əsgərlərindən gizləyən, komandir Fərəc Kərimli
23.Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.
24.Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.
25.Agcabədidən Murova mənə zəng vurub, İlqar əmi, bir 011 maşınım var , bu dəyqə 1500 manat verirlər, orada kiməsə hörmət etmək lazımdırsa, satım pulu gətirim, kimə vermək lazımdırsa ver, noolar mənim də döyüşə qatılmagıma kömək elə, vallah üzünü qara çıxarmaram, döyşdə olmadıgım üçün özümü arvad kimi hiss edirəm deyən,24 yaşlı Laçınlı oglan.
26.Komandiri oldugu ordu ilə döyüşün qaynar nöqtəsinə yola saldıgımız zaman mayor qardaşı Ilqar Atakishiyevə, -anama bildirsən haqqımı sənə halal etmərəm deyən, şəhid oglu Kəlbəcərli palkovnik Məzahir Atakişiyev.
27.Çaykəndə kəndlilərin yaratdıgı Arxa cəbhə məntəqəsinə Murovda əsgərə yollamaq üçün gətirdiyi 3 günə topladıgı 30 ədəd yumurtanın az olduguna görə, o gözəl nurlu yanaqları utandıgından pörtən, özü üçün yeməyə bir ədəd belə yumurta saxlamayıb, nəyi varsa əsgərə yollamaq üçün gətirən 70 yaşlı nənə.
28.Şəhid oglunu dəfn edərkən məzarlıqda ikinci oglunun da şəhid xəbərini alan, yeganə təsəllim Qarabagın büstbütün ermənilərdən azad olunması ola bilər deyən , eyni gündə iki ogil şəhid verib , kimsəsiz qalan Mingəçevirli ana.
29.Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin meyidlırini dağıntı altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun" deyən Gəncəli ANA.
30.Lerikdə altı bacının tək qardaşının şəhid xəbərini eşidəndə ürəyi partlayan bacı.
31.Oģuz rayonun Xaçmaz kəndində hər qızının bir oģlunu, 2 ŞƏHID nəvəsini,TƏBRIZ, və ORXANI ,vətən sag olsun deyərək, dəfn edən Nənə və Baba
Ardını oxu...
Erməni mənbələrinin yaydığı məlumata əsasən dünən - avqustun 30-u saat 20:00-dan fəaliyyətə başlamış Azərbaycan dövləti tərəfindən çəkilmiş Laçın yoluna alternativ yolun ilk yolçuları Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan və qondarma "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan olub.

Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" informasiya yayıb.

Onlar saat 18:00 radələrində Xankəndindən çıxıb və yolun təhlükəsiz və istifadəyə yararlı olduğundan əmin olmaq üçün bu yol ilə Gorus rayonunun Tex(Dığ) kəndinə gediblər. Daha sonra eyni yolla geri dönüblər.

Saat 20:00-dan etibarən Qarabağın digər erməni sakinləri də bu yolla hərəkət edə bilərlər.

Xəbərdə belə deyilir.

Xankəndindən Ermənistana gedən yeni yolun işə düşməsi haqda ilk video-reportajı isə Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma "ArtsaxTV" kanalı hazırlayıb. Video-görüntüdən bəlli olur ki, Rusiya hərbçiləri artıq yolun Şuşa rayonunun Onverst və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsində nəzarət-buraxılış postlarını qurublar. Fotoda görünən yüksəklik Laçın rayonu ərazisindəki "Azersell" rabitə qülləsi qurulmuş və Azərbaycan ordusunun hərbi birləşməsi yerləşdirilmiş strateji Ağdaş(1784 m) yüksəkliyidir...

Xatırladaq ki, Arayik Arutyunyan və Vitali Balasanyan Azərbaycan dövləti tərəfindən İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib...

Sultan Laçın
 
 
 

Ardını oxu...
"Berdzordan(Laçın-S.L.) çıxan bütün köçkün sakinlər artıq məskunlaşıb. Onların əksəriyyəti Ermənistana köçüb, 4 ailə Qarabağda məskunlaşıb. Hazırda onlar Ermənistanda kirayə mənzillərdə, Qarabağda isə hələ də otellərdə yaşayırlar". DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu Laçında 30 ildən çox qanunsuz məskunlaşmış hayların keçmiş qanunsuz "mer"i Narek Aleksanyan çərənləyib.

"Qarabağdakı məcburi köçkünlər mənzillərlə təmin ediləcək, mənzillər gələn ayın sonuna kimi istifadəyə veriləcək. Bütün köçkünlərə kompensasiya şəhadətnaməsi veriləcək. Laçın rayonunda 3 yaşayış məntəqəsi yeni dəhlizə düşür. Diplomatiyamız yaxşı işləsə, o zaman bu 3 məntəqəni kökçkün ermənilərlə məskunlaşdırmaq mümkün olacaq"- deyə N.Aleksanyan sayaqlayıb.

Zəruri şərh:

Bu xəbərlə bağlı iki əsas sual meydana çıxır:

Birincisi, öncələr də dediyimiz kimi, Laçında və ya Zabuxda qanunsuz məskunlaşmış haylarhansı əsasla yenidən eyni qaydada Xankəndinə və ya Rusiyanın nəzarətində olan digər məntəqələrə yerləşdirilir.

İkincisi, qondarma "mer" Laçının hansı 3 kəndindən danışır və onlar nəyə görə yeni "dəhliz"ə düşməlidirlər...

P.S. İkinci məsələ haqda yaxın müddətdə ətraflı şərh verməyə çalışacağıq...
Ardını oxu...
 
 

 
Azərbaycan Laçın şəhərini, Zabux və Sus kəndlərini işğaldan xilas edərək, 30 illik qanunsuzluğa son qoydu. Hər üç yer Ermənistanı Xankəndi ilə birləşdirən yol olan Laçın dəhlizinin indiki marşrutu boyunca yerləşir.

 

Laçın strateji əhəmiyyəti ilə yanaşı, uzun illər davam edən işğalı simvolizə edən xüsusi yerlərdən biridir. Prezident Ərdoğan Bakıya səfəri zamanı “Araz” şeirini oxuyanda İrandan reaksiya gəlmişdi. Orada Laçının adı çəkilir:

Arası ayırdılar,

Lil ilə doldurdular,

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Can sənə qurban Laçın!

Dağlıq Qarabağ ifadəsi əvəzinə Xankəndi deməyimizin səbəbi Qarabağın bütövlükdə Azərbaycanın ərazisi olmasıdır. Çox güman ki, yaxın gələcəkdə Ermənistan Dağlıq Qarabağda de-fakto vəziyyət yaradacaq və burada daimi status əldə etməyə çalışacaq.

Bu səbəbdən 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsi ilə nəticələnən və müharibəyə son qoyan Üçtərəfli Bəyannamədəki maddələrin 5 il ərzində həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Laçın dəhlizi ilə bağlı sənəddə 3 il müddət nəzərdə tutulmuşdu. Buna əsasən, üç il ərzində yeni Laçın dəhlizi planlaşdırılacaq və köhnə marşrutu qoruyan Rusiya sülhməramlıları buraya köçürüləcəkdi. Azərbaycan öz ərazisində öz üzərinə düşəni vaxtından əvvəl yerinə yetirdi - yeni yolu çəkdi.

Bakı avqustun 11-dən Ermənistan tərəfinə də təzyiq göstərərək köhnə dəhlizin tamamilə boşaldılmasını tələb edib. Qərarda müəyyən çətinliklər olsa da, Bakının qətiyyətli mövqeyindən sonra onların hamısı getməli oldu. Əslində Azərbaycan bu bölgədə yaşayan ermənilərə vətəndaş kimi yanaşılacağını vurğulayırdı.

Yekun razılaşma əldə olunurmu?

Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinə giriş görüntülərini sosial media hesablarından paylaşıb. Prezident İlham Əliyev "Twitter" səhifəsində "Bu gün azərbaycanlılar Laçın şəhərinə daxil olublar. Azərbaycan Ordusu Laçın şəhərində məskunlaşıb. Bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!" deyə paylaşım edib.

Azərbaycanın dövlət enerji şirkəti də bu üç məntəqənin enerji infrastrukturunun bərpasına başlayıb.

Laçın və digər yerlərin erməniləri (təxminən 500 nəfər) onlara verilən vaxt ərzində oranı tərk etdilər. Laçın rayonu Ermənistan tərəfindən işğal olunanda burada təkcə yerli ermənilər deyil, Suriya və Livandan olan ermənilər də yerləşdirilmişdi.

Bu arada, avqustun 25-də ABŞ Dövlət Departamenti açıqlama verdi ki, Filip Riker Departamentinin Qafqaz üzrə baş müşaviri və ATƏT-in Minsk Qrupunun həmsədri təyin olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi buna dərhal reaksiya verdi: “Demək olar ki, parçalanmış Minsk Qrupunu canlandırmaq cəhdləri ABŞ-ın bu prosesdən tamamilə çıxmasına səbəb ola bilər”.

Çünki Azərbaycanın istəyi iki ölkə arasında yekun razılaşma ilə müharibə ehtimalını tamamilə aradan qaldırmaqdır.

Digər tərəfdən, Azərbaycan və Ermənistan liderləri bir neçə gündən sonra Brüsseldə görüşəcəklər və belə görünür ki, Azərbaycan tərəfi yekun razılaşma tələbini bir daha təkrarlayacaq.

Analoji görüş Moskvada Baş nazir müavinlərinin iştirak etdiyi nəqliyyat-kommunikasiya qrupu arasında da baş tutacaq.

Azərbaycan meydanda əldə etdiyi uğurları tam reallaşdırmaq üçün gərgin diplomatik səylər göstərir və təbii ki, burada Türkiyə-Rusiya münasibətlərinin taleyi də prosesə təsirli olacaq.

Müəllif: Prof. Dr. Kürşad Zorlu
Mənbə: “haberturk.com.tr”
Uyğunlaşdırma AYNA-ya məxsusdur
0

 

XalqXeber.Az
Ardını oxu...
Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun - Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.

Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.

1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı olub.

Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.

Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.

Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.

O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə bu ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
 
 
 
Ardını oxu...
ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ Səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə bəyanatına cavab verib.

Səfirliyin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda aşağıdakıları bildirib: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.

Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir,” ABŞ Səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti rərəfindən Şuşa şəhərinə təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşaya təşkil edilən səfərdə iştirak etmir.

“Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər,” Hacıyev qeyd edib.
amerikaninsesi
 
 
 
Ardını oxu...
“Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Yeni alternativ yolla bağlı bir mühüm məqam da var. Məsələ ondadır ki, Laçın dəhlizi vasitəsilə Qərbdəki, xüsusən də Fransadakı ermənipərəst siyasi avantüristlər, emissarlar Xankəndinə vaxtaşırı qalmaqallı səfərlər edirlər. Faktiki buranı “su yolu”na döndəriblər. Bəs yeni yolda da onlar Bakının rəsmi razılığı olmadan rahatca hərəkət edə, Qarabağa keçə biləcəklərmi? Azərbaycan bu xüsusda hansı ön tədbirlər planlaşdırıb? Və ən əsası, bu yolun statusu necə olacaq, əvvəlki kimi, dəhliz statusunda və nəzarətsizmi (yalnız Rusiya sülhməramlılarının nəzarətindəmi) olacaq? Dia.az-ın məlumatına görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, artıq bundan sonra Xankəndidəki ermənilərin Ermənistana gediş-gəlişini təmin edəcək marşrut istiqaməti Laçın şəhərindən kənar keçəcək: “Azərbaycan dövləti bu ilin 15 avqustundan bəyan edib ki, Azərbaycan ərazisindən keçəcək yeni marşrut istiqaməti tam istismara hazırdır. Lakin Ermənistan tərəfi, təəssüf ki, bu günə qədər Ermənistan ərazisindən keçəcək 10 kilometrlik yolun tikintisi ilə bağlı elementar zəruri addımları belə atmayıb. Yeni yolun açılması bir sıra ciddi sualları da ortaya çıxarıb Bu, xüsusilə Laçın dəhlizi vasitəsilə Qarabağa Xankəndinə rahat şəkildə Rusiya sülhməramlı qüvvələrinin gözündən yayınaraq və ya onların gözü qarşısında səfərlər edən çoxlu sayda həm Ermənistan, həm də üçüncü dövlətin nümayəndələrinin səfərlərinin necə olacağı ilə bağlıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bir sıra Qərb dövlətləri tərəfindən mütəmadi şəkildə İrəvana, oradan isə Laçın dəhlizi vasitəsilə Xankəndinə səfərlər edilir. Rusiya sülhməramlı qüvvələri müharibədən sonrakı iki ilə yaxın müddət ərzində bu səfərlərin qarşısının alınması istiqamətində ciddi heç bir addım atmayıb. Bir çox hallarda təxribatçı, bir çox hallarda separatçılara dəstək verəcək, Azərbaycanın ərazi bütövlüyünə, sərhəd bütövlüyünə xələl gətirəcək, dövlət suverenliyi ilə bağlı suallar yaradacaq bəyanatlar səsləndirən şəxslərin bölgəyə səfərinə icazə verilib. Çoxlu sayda ermənipərəst Avropa parlamentarilərinin bölgəyə qanunsuz səfərlərinin, eyni zamanda Fransanın ayrı-yarı şəhərlərinin merlərinin, mətbuat nümayəndələrinin, erməni diaspor təşkilat nümayəndələrinin bölgəyə səfərlərini misal çəkə bilərik.
Bu faktlar bundan sonra da belə təxribatçı şəxslərin bölgəyə səfərlərinə imkan verilib-verilməyəcəyi məsələsini gündəmə gətirib. Eyni zamanda ikinci bir sual Ermənistan tərəfinin 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin tələbinə uyğun olaraq Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəmizlə maneəsiz şəkildə birləşdirəcək dəhlizin çəkilişi ilə bağlı ciddi problemlər yaratdığı indiki şəraitdə Ermənistanla Xankəndini birləşdirəcək yeni yolun statusu məsələsini də gündəmə gətirib, bununla bağlı da suallar yaradıb. Hesab edirəm ki, hər iki sualla bağlı Azərbaycan tərəfinin mövqeyi dəqiq və aydındır. Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib və bundan sonra da həmin tələblərin yerinə yetirilməsinə nəzarəti Azərbaycan öz üzərinə götürəcək, avtomobillərin yoxlanışını da Azərbaycan həyata keçirəcək".

Politoloq qeyd etdi ki, Laçın dəhlizinə alternativ yeni yoldan yalnız Qarabağdakı erməni icmasının nümayəndələri istifadə edə bilərlər və bu yol onların Ermənistanla əlaqələrini təmin etmə funksiyasını yerinə yetirir: “Digər şəxslərin, eləcə də Ermənistan vətəndaşlarının, qanunsuz şəkildə bölgəyə səfər edən üçüncü dövlətin nümayəndələrinin yeni Laçın yolundan istifadə etmələri tam qanunsuz hərəkət kimi qiymətləndiriləcək. Bu cür qanunsuz hərəkətlərin qarşısının alınmasına Azərbaycan dövləti bundan sonra nəzarəti həyata keçirəcək. Yeni yolun çəkilişi və bu istiqamətdə bütün zəruri texniki avadanlıqların quraşdırılması, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-müəyyən və adekvat olmayan reaksiyası Azərbaycan dövlətinin Laçın dəhlizinə alternativ yolla bağlı status məsələsini də yenidən gündəmə gətirmə hüququnu yaradır. Hesab edirəm ki, Laçın yoluna hansı beynəlxalq səviyyədə hansı status tanınacaqsa, Qarabağdakı erməni icmasının Ermənistanla əlaqələrini quracaq yeni Laçın yoluna da eyni status veriləcək. Bundan sonra bölgəyə səfər edən istənilən şəxs məhz Azərbaycan dövlətinin müvafiq qurumlarının nümayəndələrinin yoxlanışından keçdikdən sonra bölgəyə daxil ola biləcəklər. Dəhliz statusunu istəyirlərsə, Ermənistanın yeganə çıxış yolu Zəngəzur vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəsi ilə birləşdirəcək yola da eyni statusun verilməsi və tanınması, orada təhlükəsizlik məsələsinin Ermənistan tərəfindən öz üzərinə götürülməsi, dəhlizə Rusiya sərhəd qoşunlarının nəzarət etməsindən keçir. Başqa variant mümkün deyil”.
Ardını oxu...
Laçını və Laçın dəhlizi boyunca yerləşən kəndləri tərk edən gəlmə ermənilər yüz oyundan çıxırlar. Bəziləri 1994-95-ci ildən bəri yaşadıqları evləri yandırır, bəziləri meşələrə od vurur, kommunikasiya xətlərini zədələyir; bütün bunları da çəkib, sosial şəbəkələrdə paylaşırlar. Dünya və tarix növbəti dəfə erməni vandalizminə dair fraqmentləri heyrətlə izləyir.
Erməni ailələrdən bir neçəsi isə tərk etdikləri evə donuz qanı çəkiblər, ayrıca ölmüş donuzun dərisini və digər əzalarını evin ayrı-ayrı yerlərindən asıblar. Bütün bu vəhşiliyi, insanlıqdan xaric hərəkətləri də çəkərək, sosial şəbəkələrdə yayıblar. Mesaj veriblər ki, “azərbaycanlılar bizim evlərdə xoşbəxt yaşaya bilməyəcəklər...”

“Yeni Müsavat’’ın müxbiri bu vandal hərəkətdə həm də azərbaycanlıların dini inanclarına qarşı yönələn təcavüz faktına diqqəti cəlb etmək istəyib. Buna görə də dini ekspertlərə bu suallarla müraciət etdik: sizcə, ermənilərin ”donuzlu mesajı"’ İslam inancını təhqir edirmi? Bu hərəkətin dinimizcə qarşılığı nədir? Bir də, məsələyə sırf praktik nöqteyi-nəzərdən yanaşsaq, otaqlarına və divarlarına donuz qanı çəkilmiş, bir növ murdarlanmış evlərdə müvafiq təmizliklərdən sonra bir müsəlmana yaşamaq caizmi, yoxsa haram sayılırmı? Bu cür şəraitdə, dinimizin paklaşdırma, halallaşdırma ritualları, yaxud hansısa əməllər varmı? İslam alimləri necə hesab edirlər, Laçına qayıdan azərbaycanlılar ermənilərdən boşaldılan evlərdə rahat yaşaya bilərlərmi?

İlahiyyatçı Hacı İlqar İbrahimoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bunları söylədi: “İşğalçı erməni daşnaklarının bu hərəkətləri heç də təəccüblü deyil. Bu, onların işğalçı eybəcər mahiyyətini və insani kimlik tənəzzülünü yaşadıqlarının bariz nümunəsidir. Bu, eyni zamanda, onların terrorçu-işğalçı mahiyyətini bir daha təsdiq edir. Heç kəs öz doğma bildiyi yurdla bu cür davranmaz. Bu hal həm də kütləvi psixoz əlamətidir. Biz isə işğaldan azad olunmuş öz Vətən torpaqlarımızda təbii ki, xoşbəxt yaşayacağıq, inşallah. Kimin xoşbəxt yaşayıb-yaşamamasını bu kimi erməni vandallıqları müəyyən etmir. Bu, əslində xəstə təxəyyüllü daşnak xurafatıdır. İslam inancımız - ağıl və şüur dinidir. Təbii ki, torpaqlarımız azad edildikdən sonra yaşama yerlərimizi təmizləyəcəyik də, paklayacağıq da. Əsas odur ki, biz həmin torpaqlarda ləyaqətli və rifahlı yaşayışa nail olaq”.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu da məsələ ilə bağlı fikirlərini açıqladı: “Bu, islam və müsəlmanlara olan münasibətlə əlaqədardır. Çünki bir qayda olaraq Avropada islamofoblar, islam düşmənləri müsəlmanlara nifrətlətini donuz əti və qanı ilə bildirirlər. Bunun nəzəri tərəfi İslam dini və ”Qurani-Kərim"də donuz əti və qanının haram, yəni qadağan edilməsidir. Buna görə də islamofoblar bir qayda olaraq müsəlmanlara nifrətlərini bu şəkildə bildirirlər. Əlbəttə, bir yerə donuz əti və ya qanı sürtülməsi oranın əbədi murdar olması mənasına gəlmir. Təmizlənib müvafiq qaydalarla paklandıqdan sonra təmiz olacaq. Ermənilər isə elə həmin ermənidir. 100 il əvvəl də belə idilər, indi də. Bu cür hərəkətlərin İslama hər hansı təsiri yoxdur".

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli də mediaya açıqlamasında bu mövzu ilə bağlı münasibət bildirib: “Artıq tarixlər boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 günlük Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımızda haqq-ədalət öz yerini tapdı. Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində artıq öz torpağımızdan erməni vandallarını çıxardıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması vandallığın təzahürü idi. Bu, erməni cinayətkarlarının cinayəti idi. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq, düşmənlərin torpaqlarımızda hələ də gözü var. O ki qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə, ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs abidələr kimi qorunur”, - deyə Surxay Məmmədli qeyd edib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib ki, bu yaxınlarda Azərbaycan dövləti tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatları Avropa Məhkəməsinə təqdim edib. O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib: “Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkməlidirlər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti