Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri və orada Azərbaycanın ünvanına əsası olmayan təhdid və böhtanlarla zəngin bəyanatlar səsləndirməsi, rəsmi Bakını “işğalçı” adlandırması tək onun başının altından çıxan məsələ deyildi. Çünki Pelosi və Baydenin eyni partiyanın nümayəndələri olduqlarını, bir komandanı təmsil etdiklərini nəzərə alsaq, bu ehtimal sıfıra bərabərdir.

Bunu Azərbaycan tərəfi də çox yaxşı başa düşür. Ötən gün Prezident İlham Əliyevin Laçın səfəri zamanı səsləndirdiyi bəzi fikirlər isə rəsmi Bakının bir yox, bir neçə ünvana ciddi mesajı kimi şərh edilə bilər. Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindən sonra etdiyi çıxışda regionda və region üzərindən aparılan bəzi məqamlarla bağlı Azərbaycanı hədəf seçən qüvvələrə, siyasi dairələrə lazımı xəbərdarlıqlarını edib.

Sentyyabrın 12 və 13-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mövqeləri istiqamətində növbəti böyük təxribatına Ordumuzun qətiyyətli cavabını tək Ermənistan yox, ölü Minsk Qrupunun həmsədr dövlətləri ABŞ və Fransa da həzm edə bilmədi. Azərbaycanın bu adekvat cavabını dərhal bütün dünyaya min bir yalan və böhtanlarla “Ermənistana təcavüz” kimi qələmə verməyə çalışan sözügedən dövlətdəki bir çox siyasi dairələr əslində bununla Qərbin Azərbaycana münasibətdə ikili standartlardan çıxış etydiyini, qərəzli mövqeyini yenidən ortaya qoymuş oldu.

Bu davranış Bakı üçün yaddır? Təbii ki, xeyr. Biz bunu Ermənistanın 30 illik işğalı zamanı da gördük, 44 günlük müharibədən sonra ortaya çıxan mənzərə də bir daha kimin kim olduğunu çılpaqlığı ilə göstərdi. Baxmayaraq ki, Laçın şəhərinin də digər işğaldan azad edilən yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmasına, Ermənistanın Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasına, tarixi-mədəni irsi talamasına, oğurlamasına, əraziləri minalanmasına beynəlxalq aləmin susması və bu görünməmiş ədalətsizliyə kollektiv Qərbdə bir etinasızlıq Azərbaycanın həmin dövlətlərə olan etimadını böyük həcmdə sarsıtdı.

İndi yenidən Ermənistanın yeni mina terroruna, sərhədlərini aşmaq, revanş istəyinə qarşı Azərbaycan Ordusunun ortaya qoyduğu böyük qətiyyət və adekvat cavab Bayden Adminstrasiyası və Fransa başda olmaqla erməni lobbisinin fəal olduğu dairələrdə yenidən bir zəlzələ effekti yaratdı.

Amma Prezident İlham Əliyev Ermənistan və onun havadarlarının sülh yolunda adekvat addım atıb, regiona sabitliyi daha tez gətirmək əvəzinə bu cür manipulyasiyalarla destruktiv mövqe sərgiləməyinə cavabsız qalmadı, qarşı tərəfə Ordusunun ardınca növbəti tutarlı cavabı məhz özü Laçında üçrəngli müqəddəs Azərbaycan bayrağı fonunda etdiyi açıqlamalarla verdi.

Dövlət başçısı “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz” bəyanatı ilə Ermənistandan daha çox onun müdafiəsinə qalxan, “sərhədlərinin” toxunulmazlığına görə narahatlığını ifadə edən qüvvələrə mesaj verdi ki, “10 noyabr üçtərəfli bəyanatından 2 ilə yaxın bir müddət keçməsinə rəğmən Ermənistan nə üzərinə götürdüyü öhdəlikləri icra edir, nə də ki, Brüsselin də dəstəklədiyi Azərbaycanın 5 maddəlik sülh paketi ilə bağlı hər hansı bir icraat ortaya qoyur.

Sərhədlərin delimitasiya və demarkasiyası olmadan, Ermənistanla Azərbaycanın sərhəd hüdudunun harada yekunlaşdığı məlum olmadan heç kim başqa bir dövlətin ərazisinə soxulmaq, onu işğal etmək, təcavüz etmək kimi ittihamlarla bizim üzərimizə gələ bilməz”.

Buna dövlət başçısı açıqlamasında xüsusi yer verib: “İlham Əliyev: Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük”.

Azərbaycan dövlət başçısı belə bir açıqlama verirsə, demək ki, o, bütün nüansları nəzərə alıb. Nəzərə alsaq ki, sərhəddəki son lokal toqquşmalardan sonra Rusiya mediasında Azərbaycan Ordusunun Zəngəzurda nəzarətə götürdüyü ərazilər “mübahisəli ərazi” kimi təqdim edilib, bu o deməkdir ki, istər Ermənistan, istərsə də bir başqa üçüncü bir dövlət Azərbaycanı Ermənistana məxsus əraziləri işğal etməsi ilə ittiham edə bilməz.

Onu da nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası üçün əsas xəritələr bizim əlimizdədir, belə nəticə çıxır ki, Azərbaycan ən doğru olanı edir. Çünki Ermənistanla sərhədin delimitasiya prosesi həm XX əsr xəritələri, həm də eyni zamanda ondan əvvəlki dövrün xəritələri üzrə aparıla bilər. Belə olacağı təqdirdə isə əslində kimin kimin torpağını işğalı etdiyi daha aydın olacaq. O xəritələr də açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz. Azərbaycanı ittiham edən ilk növbədə nəzərə almalıdır ki, Bakı SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir.

İlham Əliyev Laçındakı çıxışı zamanı Nensi Pelosinin simasında Azərbaycanı təhdid etməyə çalışan Amerikanı, müxtəlif rütbəli hərbçilərin vasitəsilə (İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib: O, hərbi paradda çıxışı zamanı Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə sakit oturmayacaqlarını deməklə Azərbaycanı hədələyib – red.) Bakıya barmaq silkələyən İranı, Emanuel Makronlu Fransanı, Hindistanı xüsusilə unutmayıb:”Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan duyaq və lazımi tədbirlər görək”.
Ətraflı

İlham Əliyev onu da sözlərinə əlavə edib ki, Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar.

Amma Prezidentin Laçın səfəri və səsləndirdiyi bəyanatların ardınca Zəngilan istiqamətində üç erməni silahlısının postlarımızdan birinə hücum etməsi ilk baxışdan adi sərhəd pozuntusu kimi görünsə də, detallar yeni iddiaların ortaya çıxmasına imkan yaradır. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra ermənilər mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum dəf edilib.

Lakin erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd etsələr də, bunun ardınca analoji hadisənin yenidən təkrarlanması Ermənistanın sülh danışıqlarından yayınmaq üçün növbəti cəhdi kimi qiymətləndirilməlidir. Çünki nəzər saldıqda sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədərkən eynilə 10 gün əvvəlki ssenaridən istifadə ediblər.

Düşmən tərəfin Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutması azmış kimi Ermənistana məxsus diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Eyni hamam, eyni tas…

Ermənistan tərəfi törətdiyi növbəti təxribata dərhal don geyindirərək sentyabrın 21-dəki bu növbəti məkrli addımını Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması kimi dezinformasiya yaymağa cəhd edərək gecə saatlarında öz törətdikləri təxribata zəmin yaratmağa çalışdılar. Dəyişən heç nə yoxdur. Belə görünür ki, Rusiyanın Qarabağın dağlıq hissəsində sülhməramlı yerləşdirməsindən şirinikləşən Amerika və Farnsa beynəmiləl ordu birlikləri ilə Moskvadan çevik davranaraq Ermənistanla Azərbaycan sərhəddinə yerləşmək barədə düşünürlər. Son günlər istər XİN başçısı səviyyəsində, istərsə də dövlət başçıları səviyyəsində Ermənistanın Qərblə, Amerika ilə təmaslarının artdığını nəzərə alsaq, bu təxribatın məhz onların başının altından çıxdığını istisna etmək olmaz. Ermənistan sadəcə növbəti dəfə sifariş yerinə yetirən tərəf kimi özfəaliyyətini nümayiş etdirir.

İstənilən halda şübhəsiz ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən istənilən gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Amma bir gündə ard-arda iki belə təxribatın baş verməsi deməyə əsas verir ki, yəqin Ermənistan növbəti ağır zərbədən sonra yenidən onu cəsarətləndirəcək vədlər alıb. Çünki artıq ilkin məlumatlara görə, Ermənistanın ABŞ və Fransadan HİMARS raket qurğuları istəməsi ilə bağlı söhbətlər dolaşır.

Belə görünür ki, Nikol Paşinyan Zelenskinin taktikasını təkrarlamaqla Ermənistanın da Ukrayna kimi pulsuz şəkildə silahlandırılmasına nail olmaq niyyətindədir. Amma İrəvan Ukraynadan fərqli olaraq NATO və ABŞ-ın əsas rəqibi Rusiya ilə müharibə aparmadığından Qərbin həmin silahları Ermənistana veriəsi bölgədə yeni müharibə ocağı yaratmaq təşəbbüsü kimi qiymətləndiriləcəyini nəzərə alsaq, istər kollektiv Qərb, istərsə də Fransa Türkiyəni açıq şəkildə qarşılarına almamaq üçün bu variantı sınayacaqları inandırıcı görünmür.

Azərbaycan Prezidentinin “Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik” açıqlaması növbəti dəfə deməyə əsas yaradır ki, Azərbaycan ordusu öz torpağında bütün vacib strateji yüksəkliklərdə mövqelər tutub. Dövlət başçımız bu açıqlaması ilə eyni zamanda düşmənin təsribatlarına cavab olaraq gerçəkləşən hərbi əməliyyatlardan sonra Ordumuzun geri çəkildiyinə dair iddialara ən tutarlı cavabdır.

Ölkə başçısı növbəti dəfə Ermənistana xatırlatdı ki, onun yol xəritəsini ancaq Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi təmin edə bilər. 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalı, sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır!

Təhməz Əsədov
Milli.Az
 
 
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Laçın şəhəri ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, "Ay Laçın, Can Laçın. 21.09.2022" sözləri qeyd olunan paylaşımda Prezident İlham Əliyevin şəhərlə tanışlığı görüntülənib.
 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Ardını oxu...
"Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır".

"AzPolitika.info" xəbər verir ki, bunu çərşənbə axşamı Kremldə keçirilən etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

Xatırladaq ki, Ermənistanın səfiri Vaqarşak Arutyunyan da etimadnaməsini Rusiya Federasiyasının prezidentinə təqdim edib.

“Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı KTMT xətti ilə tədbirlər görülür. Qarşıdurma zonasına KTMT-nin baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - Rusiya lideri bildirib.

O qeyd edib ki, məsələnin həllinin açarı Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar, birgə işin aparılmasından ibarətdir.

Vladimir Putinin sözlərinə görə, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur.

"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

Nəzərə alsaq ki, 2020 və 2021-ci illərdə imzalananı üçtərəfli bəyanatların müddəalarına riayət etməyən Ermənistandır, onda Putinin bu açıqlamasını Paşinyana xəbərarlıq kimi də izah etmək olar.
 
Ardını oxu...
"Azərbaycanla Ermənistan arasında son hərbi toqquşmadan sonra Ermənistan rəsmiləri Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid etməyə başlayıblar. Düşünürlər ki, Rusiya və KTMT işə qarışıb Azərbaycanı durdurmalıdır. Lakin onlar obyektiv olaraq məsələyə qarışmadılar. Çünki təşkilatın Azərbaycanla tərəfdaşlıq münasibətləri var".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, biz həm də sərhədləri müəyyənləşdiririk: "Bu, bizim təbii haqqımızdır. Nikol Paşinyan və hökumət üzvləri Amerikanın ünvanına xoş mesajlar deməyə çalışdılar. Məsələn, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən toplantısına getmədi. Bu, ABŞ-a da bir mesajdır ki, onun düşmənlərinin yanında yer almaq istəmir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəldi. Orada Ermənistanın ünvanına dedi ki, Rusiyadan uzaqlaşsa, guya Amerika dəstək verə bilər. Amma ABŞ Ermənistanda Rusiyanı əvəz edə bilməz. Ermənistan tamamilə Rusiyadan asılıdır. Ucuz qaz alır, ucuz və pulsuz hərbi texnika alır, Rusiyanın hərbi bazaları var Ermənistanda, onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Bütün bunları ABŞ doldurmayacaq. Paşinyan Amerika ilə yaxınlıq istəyirsə, Rusiya onu və Ermənistanı cəzalandıra bilər. Artıq Rusiya mediasında Paşinyan hökuməti əleyhinə sərt tənqidlər səsləndirilir və səsləndiriləcək. Bu vəziyyətdə əgər Rusiya Ermənistanı cəzalandırmaq istəyirsə, bunun ən münasib yolu odur ki, Azərbaycana mane olmasın. O zaman biz Xankəndiyə daxil olub öz qanunlarımızı təmin edə bilərik. Rusiya buna imkan vermədi. Öz silahlı qüvvələrini sülhməramlı adı ilə göndərdi. Amma indi də gec deyil. Əgər Rusiya Azərbaycanla dostluq, tərəfdaşlıq münasibətləri istəyirsə, bizə Qarabağda qayda-qanun yaratmaqda əngəl olmamalıdır. Sərhədlərimizin müəyyənləşməsinə əngəl olmamalıdır. Elə etməlidir ki, 3 ildən sonra öz hərbçilərini geri çağırsın və biz o alternativ yola nəzarət edə bilək"
 
Ardını oxu...
Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyan media üçün yazdığı məqalədə Azərbaycanla Ermənistan arasında baş verən yeni hərbi toqquşmanı dəyərləndirib və Ermənistan üçün mövcud vəziyyətdən çıxış yollarını təklif edib.

“Danışıqlar prosesində uzun illər təcrübəsi olan hər bir şəxs bugünkü hadisələri görərək iki ildir Ermənistan cəmiyyətini narahat edən sualın cavabını çox aydın təsəvvür edə bilər: 2020-ci il noyabrın 9-10-da nə müzakirə olunub.

Şübhəsiz ki, həmin gün, həmin saatlarda gündəmi diktə edən Əliyev olub. Şuşaya daxil olduqdan sonra bir neçə saat ərzində bütün “Artsax”ı ələ keçirmək imkanı qazandı. Asanlıqla başa düşmək olar ki, Əliyev həmin gecə bu mövqedən çıxış edərək masaya maksimum tələblərini qoyub: Qarabağ Azərbaycanın bir hissəsidir, Zəngəzur dəhlizi, anklavlar daxil olmaqla sərhədlərin Azərbaycanın xeyrinə demarkasiyası.

Danışıqlar prosesində hətta ən zəif mövqelərdə olan tərəfə də simasını xilas etmək imkanı verilir. Təxmin edirəm ki, bu üç məsələ yazılı atəşkəs bəyanatından kənarda qalıb, lakin Putinin şahidi və qarantı olduğu şifahi razılaşma əldə olunub.

İndi bu razılaşmaların icrası ləngiyəndə Əliyev güc yoluna əl atır. Bu fərziyyəyə əsaslansaq, Paşinyanın bu vəziyyətdə manevr imkanı yoxdur və Rusiyanın susması haqlı olmasa da, ən azı başa düşüləndir. Putinin əli təkcə onun zəifləmiş geosiyasi mövqeyi ilə deyil, həm də noyabrın 9-da verilən şifahi vədin şahidi olması ilə bağlıdır. Buna görə də, yeni danışıqlar aparan şəxsin, yəni ölkənin yeni liderin meydana çıxması günün şərtinə çevrilir.

Əgər emosional etiketlərdən imtina etsək və mövcud vəziyyətin Paşinyan üçün xoşagəlməz və arzulanmaz olduğu ehtimalından çıxış etsək, o, ya bu tezisi təkzib etməli, sözlə və birbaşa addımları ilə heç nə vəd etmədiyini deməli, yəni bunu sübut etmək üçün siyasət məntiqini kökündən dəyişdirməli və ya istefa verməlidir.

Son hadisələr göstərdi ki, hərbi həll Azərbaycan üçün heç də asan və arzuolunan deyil, ona görə də Paşinyanın burada manevr imkanı var. Əgər etməsə, onda müəyyən vədlərin olduğunu güman etmək qalır.

Yeni danışıqlar aparan şəxsin meydana çıxması nəinki Ermənistanı bu vədlər zəncirlərdən azad edəcək, həm də Rusiyanın tələsik və sərfəli olmayan qərarlar əvəzinə yeni danışıqlar mərhələsinə başlamaq üçün əl-qolunu açacaq.

Qərbə gəlincə, o, Ermənistan hakimiyyətinin siyasətində Qarabağdan imtina etmək meylini müşahidə edir, bunu sülhə nail olmağın ən qısa yolu kimi görür, hansı ki, Rusiyanın mövcudluğunun zəifləməsinə gətirib çıxaracaq və onun tədricən regiondan çıxmasına kömək edəcək. Bu, bəlkə də, hərbi toqquşma zamanı Qərbin oynadığı müsbət rolu, Azərbaycana təzyiqləri, nəticə olaraq – kövrək barışıq əldə etməsini izah edə bilər.

Bununla belə, Qərb də Ermənistan hakimiyyətinin verdiyi vədlərin girovudur. Aydındır ki, Ərdoğanın Avropa İttifaqının üzvü olan Yunanıstana qarşı aqressiv bəyanatları və bir çox başqa hallar heç kəsdə şübhə yaratmamalıdır ki, Qərbin də Türkiyə-Azərbaycan tərəfinin tam qələbəsini arzulamaq üçün heç bir məqsədi, istəyi və səbəbi yoxdur.

Ona görə də yeni danışıqlar aparan şəxs, onun ətrafında formalaşan yeni yanaşmalar və diplomatik komanda şəraitində erməni maraqlarının güdülməsi, şübhəsiz ki, qısa zamanda Qərbin bu məsələyə yanaşmalarını dəyişməyə imkan yaradacaq. Ancaq bunun üçün yenə də həm Rusiya, həm də Qərb üçün yeni danışıqlar gündəmini formalaşdıracaq yeni danışıq aparan şəxs lazımdır.

Yeni danışıqlar aparan şəxsin xarici siyasətinin əsasını nə təşkil etməlidir?

A) Qarşılıqlı tamamlama siyasəti. Rusiya ilə Qərb arasındakı ziddiyyətləri nəzərə alsaq, bu gün bunun mümkün olmadığını iddia edənlər var. Ancaq burada ən azı iki şeyi unudurlar:

– Bu gün Şərq-Qərb ziddiyyəti blokların deyil, ayrı-ayrı ölkələrin ziddiyyətidir. Rusiya – Qərb, Çin – ABŞ. Bu siyasət, bu və ya digər tərəflə yaxşı münasibətdə olan ölkələri seçim etməyi özündə əks etdirmir və ya buna məcbur etmir. Yeri gəlmişkən, bundan ən çox Türkiyə və Azərbaycan istifadə edir;

– Bu gün Ermənistan bu və ya digər tərəfdaşla istənilən səviyyədə əməkdaşlığa haqq qazandıra bilər. Səbəb və şəraitdən asılı olmayaraq, fakt ondan ibarətdir ki, 44 günlük müharibədən və Ermənistanda baş verən son hadisələrdən sonra Rusiyaya qarşı ümumi məyusluq formalaşıb. Ermənistan öz maraqlarından çıxış edərək və Rusiya ilə münasibətlərini keyfiyyətli saxlayaraq, digər ölkələrin ona təklif etdiyi müxtəlif imkanlardan çəkinmədən maksimum istifadə edə bilər.

B) Yeni danışıqlar aparan şəxs və onun komandası müqavilə perspektivindən imtina etməyə ehtiyac duymur. Sadəcə olaraq, onun ətrafında formalaşmış və başqaları tərəfindən qəbul edilən mövcud konteksti dəyişdirmək lazımdır. Azərbaycan üçün bu sənəd müharibə nəticəsində artıq əldə edilmiş və gözlənilən qənimətlərin leqallaşdırılması və beynəlxalq səviyyədə tanınması vasitəsidir.

Ermənistanın da yanaşması eyni olmalıdır. Ermənistan üçün bu sənəd məntiqli, qeyri-ekstremist müddəalar da daxil olmaqla ciddi danışıqlar prosesinin tanınmasına və başlamasına nail olmaq üçün vasitəyə çevrilməlidir. Sənədə, ətrafında real danışıqların aparılacağı müddəaları – Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikası ərazisindən çıxarılmasını; Dağlıq Qarabağın gələcək statusu məsələsi; əsirlərin qaytarılması; razılaşdırılmış və yalnız Azərbaycan tərəfini qane edən tələsik olmayan sərhədin demarkasiyası məsələlərini daxil etmək olar.

Əks halda, bu gün baş verənlər danışıqlar deyil, Ermənistanı “Artsax”dan imtina etməyə məcbur etməkdir, hansını ki, Ermənistan sülh əldə etmək üçün qəbul edəcək. Və nə Rusiya, nə də Qərb müxtəlif səbəblərə görə və əsasən də yuxarıda qeyd olunan erməni tərəfinin fərqli tezis ortaya qoya bilməməsinə görə bu tezisə qarşı deyil”, – Oskanyan qeyd edib.
 
Ardını oxu...
DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri məhkəmədən “war” sistemi incələməsi tələb edir

Dövlət Xidmətinin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Alim Cənnətovun anası, II qrup əlil Rəqsanə Cənnətovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayətini dərc etmişdik.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi.

Hələ apellyasiya məhkəməsi prosesindən əvvəl Alimin valideynləri rəsmi məktubla Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək, işə ədalətli baxılmasını xahiş edibmnişlər. Sanki valideynlərin ürəklərinə damıbmış ki, Azər Hüseynov Ali Məhkəmədə tutduğu vəzifədən endirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləndən sonra ədalət hissini tamamilə itirə bilər.

Rəqsanə Cənnətova redaksiyamıza təkrar müraciət edərək xatırlayır ki, məlum apellyasiya məhkəməsi prosesində Azər Hüseynovun köməkçiləri haqqın Alim Cənnətovun tərəfində olduğunu özlərinin bütün hərəkətləri ilə göstərir, hətta istehza ilə qarşı tərəfin nümayəndələri olan Rövşən Bayramovun və Ceyhun adlı şəxsin Alimin vəkilinin sualları qarşısında aciz qalıb tutarlı arqumentlərlə cavab verə bilməmələrinə istehza ilə gülümsünürdülər. Amma nə Rövşən Bayremov, nə də onun tərəf müqabili Ceyhun bəy bundan heç bir narahatçılıq hissi keçirməyib. Onların bu arxayınçılığı, özgüvənli davranışları Alimin atası Cənnət Cənnətovda şübhə oyatmışdır ki, yəqin Rövşən Bayramov məhkəmə çəkişməsinin öz xeyirlərinə həll olunmasını hakimlə qeyri-prosessaul sövdələşmələrində təmin edib. Odur ki, valideynlər Azər Hüseynovun sədrliyi ilə aparılmış hər iki prosesin qeydə alınmış video-görüntülərinin futbolda “war” sisteminin tətbiq olunduğu kimi mütləq şəkildə üzə çıxarılmasını və Ali Məhkəmədə incələnməsini istəyirlər və hesab edirlər ki, bu halda çəkişmənin ədalətli həllinə nail olmaq mümkündür.

Rəqsanə Cənnətova bildirir ki, Rövşən Bayramovun özü hələ araşdırma zamanı Alim Cənnətovun ərizəsində DSX-nin daxili təhlükəsizlik idarəsinin rəhbəri Namiq Cəlilovun ondan 7000 manat rüşvət tələb edib 1000 manatda dayanması, həmçinin Alimə qarşı təhqiramiz davranışları, təzyiq göstərərək izahat alması barədə ifadələrə rast gələndə, ərizəçidən və valideynlərindən bu xüsusatlara toxunmamağı xahiş etmişdir. Ancaq valideyn Cənnət Cənnətov yalnız oğlu Alim Cənnətov işinə bərpa olunacağı təqdirdə N.Cəlilovdan şikayət etməyəcəyini demişdir.

Cənnətovlar R.Bayramovun təmsil etdiyi qurumun mənafeyinə xidmət etməsini, hətta haqqı-ədaləti belə korporativ maraqlara qurban verməsini hardasa anlaşıqlı qəbul edirlər. Cənnət Cənnətov prosesin gedişində bir ara R.Bayramovdan hətta o qədər “səmimiyyət” duymuşdur ki, ondan yaşının 30-u çoxdan keçməsinə baxmayaraq niyə evlənmədiyini də soruşmuşdur. R.Bayramovun nə qədər maskalanmağı bacarsa da, məyuscasına başını yelləməyindən, üzündəki pərişan ifadədən “hansı günümə evlənim” sualını oxumuşdur. Cənnət Cənnətov sonradan o qənaətə gəlmişdir ki, doğrudan da R.Bayramov kimi işlədiyi qurumun zabitinin (bizim misalda N.Cəlilovun) gizirə (bizim misalda Alim Cənnətova) məhkəmədə uduzmaması üçün hər cür ədalətsizliyə getməyə və özünə nifrət qazanmağa razı olan bir şəxs elə təqaüdə çıxanadək ailə qurmasa yaxşıdır. Axı, ailə qurmaq həm də gələcəkdə valideyn olmaq, övlad yolunda çətinliklərə sinə gərmək, maneələri aşmağa hazır olmaq deməkdir. Heç cür ola bilməz ki, insan elə maneələrlə rastlaşanda özünün elədiyi ədalətsizliklər yadına düşməsin.

Cənnətovlar bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir. Onlar Ali Məhkəmənin sədrinə həm məktubla, həm də KİV üzərindən müraciətlə xahiş edirlər ki, Ali Məhkəmədəki proses ədalət ilahəsi Femidanın tərəzisinə barmaq basan Azər Hüseynov kimisinə deyil, haqqı nahaqqa qurban verməyən peşəkar hüquqşünasa etibar edilsin. Valideynlər arxayındırlar ki, oğulları Alim hətta bu çəkişməni uduzsa da belə, daş daşıyan fəhlə işləsə belə, ömrünü N.Cəlilovdan, R.Bayramovdan, A.Hüseynovdan fərqli olaraq həm cəmiyyət içində, xalqın gözündə, həm də əlbəttə ki, mizan – tərəzisi düz olan Allahın nəzərində alnıaçıq, üzüağ yaşayacaq, ailəsinə, uşaqlarına haram tikə yedirtməyəcək, qarğış qabı olmayacaqdır.

Ali Məhkəmənin qərarından (tərəflərin hansının xeyrinə çıxarılacağındans asılı olmayaraq) sonra mövzuya qayıdacağıq.

Deryaz.az
 
Ardını oxu...
“Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən qatillər türkün əzəmətinə qarşı dura bilməzlər. Qarabağ Azərbaycandır, Qarabağ ata yadigarıdır. Qarabağ türk yurdudur”, - Milliyyətçi Hərəkat Partiyasının sədri vurğulayıb.

“Can qardaşlarımız nə vaxt və harda istəsələr, polad bilək olacağıq eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə bir maneə var. Biz bir millət, iki dövlətik, vücudumuz ayrı olsa da, ruhumuz birdir.

Qarabağda şəhid olan əsgərlər bizimdir. Rəhmət və ehtiramla yad etdiyimiz şəhidlər bizim şəhidlərimizdir. Alınacaq qisas, sorulacaq hesab namusumuza əmanətdir", - Dövlət Baxçalı qeyd edib.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Ermənistan tərəfinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar bölgədə hərbi toqquşmaların baş verməsinə səbəb olub. Bir neçə gündür baş verən gərginlik fonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni separatçılarının da aktivliyi müşahidə olunmaqdadır.

Eyni zamanda separatçıların varlığı təxribat təhlükəsinin də qalması deməkdir. Xüsusən də, səhədboyu ərazilərdə gərginliyin olduğu bir vaxtda Qarabağdakı yaraqlıların da boş qalmayacağı, erməni xislətlərinə uyğun olaraq orudumuzu arxadan vuracağı ehtimalı mövcuddur.

Bu səbəbdən də bir sıra siyasi şərhçilər Qarabağdakı silahlılara qarşı da lazımi addımların atılmasının zəruriliyini qeyd edirlər. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, indiki situasiyada sülhməramlıların nəzarəti zonasının demilitarizasiyası mühüm əhəmiyyətə malikdir.

Bəs, Azərbaycan Ordusunun növbəti “Qisas” əməliyyatını həyata keçirməsi gözlənilirmi?

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev Ermənistanın davamlı təxribatların əsas məqsədi Azərbaycanın sülh gündəliyinin icrasını gecikdirmək olduğunu bildirib:

“Ermənistan bununla vaxt udmağa, revanş götürməyə, beynəlxalq iştirakçıları bura cəlb etməyə və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən bilərəkdən boyun qaçırmağa çalışırlar”.

Politoloqun sözlərinə görə, artıq Ermənistan rəsmi olaraq sülh gündəliyinin icrasından boyun qaçırır:

“Belə olan halda Azərbaycan rəsmi olaraq güc faktorundan istifadə etməli olacaq. Bu gün Səmərqənddə Rusiya, Türkiyə və Azərbaycan dövlət başçıları arasında rəsmi görüşlər olacaq. Çox ehtimal ki, sərhəddəki son eskalasiya, Ermənistanın destruktiv mövqeyi və gələcəkdəki vəziyyəti müzakirə mövzusu olacaq.

Azərbaycanın sülh gündəliyi və regionda təhlükəsizliyin təmin olunması üçün Ermənistana qarşı yeni təzyiq və məcburetmə metodları müəyyən olunacaq”.

Amid Əliyev qeyd edib ki, 10 noyabr bəyanatında əks olunduğu kimi, əgər yaxın zamanlarda erməni qanunsuz silahlı birləşmələri bölgədən çıxarılmasa Azərbaycan buna qarşı güc nümayiş etdirmək məcburiyyətində qalacaq:

“Çünki, bu Azərbaycanın milli maraq və mənafeyinə eləcə də təhlükəsizliyinə ciddi təhdidlər yarada bilər. Son təxribatdan sonra, Ermənistanın bu istiqamətdə elə də çoxalternativli seçimi qalmayıb. Məcbur olaraq ya nəzərdə tutulan maddələr icra olunacaq ya da anti-terror əməliyyatları icra ediləcək”.
Ardını oxu...
Ermənistanla Azərbaycan arasındakı münasibətlər “bitib” deməklə bitəcək cinsdən deyil, olmayacaq da. İki ölkə arasında prosesin tam bitməsi üçün mütləq şəkildə sərhədlər müəyyən edilməli, sülh müqaviləsi imzalanmalıdır. Məsələ ondadır ki, erməni tərəfi buna yaxın gəlmir, gəlməmək üçün də hər variantdan istifadə edir.

Sərhəddəki döyüş toqquşmasına bir neçə yöndən baxmaq olar. Birinci, Qarabağ müharibəsində erməni tərəfi Dağlıq Qarabağı işğal etdikdən sonra ətraf rayonları da işğal etmişdi. Nə qədər erməni tərəfini, onların dövlət rəhbərliyini cani, işğalçı adlandırsaq da, əslində, etdikləri uzaqgörənlik idi. Belə ki, məsələyə dərindən baxanda erməni tərəfi ətraf rayonları Dağlıq Qarabağa bufer zona kimi işğal etmişdilər. Erməni əhalisinin harada məskunlaşmasına baxdıqda açıq şəkildə görürük ki, onlar üçün ətraf rayonlar sadəcə olaraq bufer rolunu oynayıb. Ətraf rayonlarda hətta ağac belə saxlamırdılar. Yalnız əkin-biçin üçün istifadə edirdilər. Bütün eşalonları da ətraf rayonlarda yerləşirdi. Dolayısı ilə Azərbaycan tərəfi də sülh müqaviləsi imzalanmadan özünə bufer zona yaratmaq istəyini ortaya qoyub. Bufer zona yenilik deyil.

Baş verənlər fonunda diqqətdən yayınan bir məsələ var. İki ölkənin delimitasiya komissiyası yaradılsa da, komissiya hansı xəritəni əsas götürəcək, bu, məlum deyil. Ona görə də Azərbaycan ordusunun hazırda mövqeləndiyi yerlərin Ermənistan ərazisi olması da sual altındadır. Çünki xəritələrdə ərazilər müxtəlif cür göstərilir. Yəni baş verənləri bufer zona adlandırmaq özü də yalnış ola bilər. Həmin əraziləri Azərbaycanın suveren torpaqları da saymaq olar. Məsələ ondadır ki, Azərbaycan ordusu təxribatlara cavab verib, erməni mövqelərini dağıdıb, orada mövqe seçərkən heç bir erməni yaşayış məntəqəsini tutmayıb. Yəni buna işğalçılıq demək absurddur.

Bəzən deyirlər, tez idi, ancaq gec də ola bilərdi.

Azərbaycan ordusu təxribatlara cavab olaraq geniş miqyasda əməliyyatlar həyata keçirib. Təbii ki, bu əməliyyatlar itkisiz başa gəlməzdi. Şəhid sayının çox olması bəzi suallar yaradır. Cəmiyyətimiz informasiya ilə təmin edilmədiyi üçün hər zaman suallar açıq qalacaq. Toplum elə bilir ki, 44 günlük müharibə bitəndən sonra qələbə əldə edildiyi üçün heç kim sorğu-sual olunmayıb. Ancaq qələbəyə rəğmən, onlarla komandir heyəti cavab vermək məcburiyyətində qalıb. Yəni şəhid sayı az da olsa, çox da olsa, bəziləri yenə cavab verməyə məcbur olacaq.

Bir qədər də əməliyyatlar barədə.

Təxribatlardan dərhal sonra Azərbaycan ordusu bir neçə istiqamətdə əməliyyatlar həyata keçirib. Sərhədə təhlükə sayılacaq postları və yüksəkliklərdəki mövqelərini darmadağın edib və həmin mövqelər əl dəyişib. Bundan əlavə, ötən yazıda qeyd etdiyim, daha sonra videolardan da göründüyü kimi, Göyçə gölü və Basarkeçər istiqamətindəki mövqelərə nəzarət əldə edilib.

Bu məsələni də açmaqda fayda var. Qarabağı işğaldan azad etmək nə qədər çətin olsa da, Ermənistan ərazisinə daxil olmaq o qədər də çətin deyil. Çünki Qarabağda qarşı tərəfin ən azı 5-6 müdafiə xətti var idi. Ancaq dövlət sərhədi istiqamətində belə deyil. Yəni Azərbaycan ordusu düşmənin və bəzi “sapı özümüzdən olan balta”ların dediyi kimi, işğal etmək üçün hərəkətə keçmiş olsaydı, hazırda bir neçə rayon və onlarla erməni kəndi Azərbaycanın nəzarəti altına keçməli idi. Çünki müdafiə xətti yarılandan sonra heç bir maneə olmayacaqdı. Ancaq Azərbaycan ordusu özünə təhlükə sayılacaq mövqelərdə dayandı və müdafiə olunmağa başladı.

Yazının bu yerində 2016-cı ilin aprelində baş verən döyüşləri və Lələtəpəni yada salmaqda fayda var. Azərbaycan ordusu Lələtəpəni işğaldan azad edən zaman minimum həddə şəhid vermişdi. Ancaq mövqelərdə oturub müdafiə olunan zaman itkilərinin sayı artmışdı. Çünki dəqiq koordinatlara malik olan qarşı tərəf öz keçmiş mövqelərini artilleriya və minaatanlarla vurdu, nəticədə şəhid sayı artdı. 44 günlük müharibə zamanı belə hal bir neçə istiqamətdə yaşanmışdı. Bunlardan biri də Suqovuşan istiqamətində olmuşdu. Qarşı tərəfin 6 taboruna qarşı 4 taborla döyüşən Azərbaycan ordusu Suqovuşanı işğaldan azad etdi. Özü də minimum itkilərlə. Ancaq işğaldan azad edilmiş ərzilərin müdafiəsi zamanı itkilər çoxalmağa başaldı. Çünki yeni mövqelər qurmaq, orada möhkəmlənmək zaman tələb edir. Sərhəddəki döyüş toqquşmasında da eyni hal yaşanıb.

Atəşkəs elan olunandan sonra qarşı tərəf dəfələrlə mövqelərini geri qaytarmaq üçün həmlə edib. Bu həmlə təkcə piyadalarla da olmayıb. Hərbi mənbələrdən aldığım məlumata görə, təkcə bir post üçün bir neçə texnika ilə hərəkət ediblər. Ancaq artilleriya və PUA-ların dəqiqliyi nəticəsində həmlələrin hamısı boşa, daha dəqiqi, yoxa çıxıb.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, buranın güllük-gülüstanlıq olacağına kimsə söz verə bilməz. Məsələ ondadır ki, bu coğrafiyadakı ölkələr həm də imperialistdir.

Rusiya bir məsələni özündə konkretləşdirib ki, Qarabağ məsələsi ilə iki ölkəyə də təsir imkanını itirib. Rusiyanın susqunluğu da bundan irəli gəlir. Ruslar pusquda durub yeni münaqişə ocağı sevdasındadırlar. Proseslər risklidir. Maraqlar daxilində oynamaq olar, ancaq oyuna gəlmək əsla…

Səxavət Məmməd

www.yenicag.az

Ardını oxu...
Azərbaycan Ordusunun son günlər Ermənistanla sərhəddə təxribatların qarşısını alması və İrəvanı sülhə məcburetmə əməliyyatına başlaması Xankəndindəki separatçıları qorxuya salıb.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Xankəndi separatçıları saxta deputatlarını İrəvana göndərib.

Ehtimal olunur ki, Azərbaycan Ordusunun son addımlarından, baş nazir Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması haqda bəyanatından sonra separatçılar qorxuya düşüb.

Separatçıları narahat edən digər məqam Paşinyanın “29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam” ifadəsidir.

Ötən gün baş separatçı Araik Arutyunyanın adından bəyanat yayılıb. Bu gün isə separatçıların nümayəndə heyəti İrəvana gedib. Separatçılar yaranan vəziyyətlə bağlı Ermənistanda siyasi görüşlər keçirəcək.

Onlar qorxurlar ki, Ermənistan Azərbaycanla sülh sazişi bağladıqdan sonra Xankəndindəki separatçıların taleyi tükdən asılı olacaq.

Dünyapress TV

Xəbər lenti