Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyan media üçün yazdığı məqalədə Azərbaycanla Ermənistan arasında baş verən yeni hərbi toqquşmanı dəyərləndirib və Ermənistan üçün mövcud vəziyyətdən çıxış yollarını təklif edib.
“Danışıqlar prosesində uzun illər təcrübəsi olan hər bir şəxs bugünkü hadisələri görərək iki ildir Ermənistan cəmiyyətini narahat edən sualın cavabını çox aydın təsəvvür edə bilər: 2020-ci il noyabrın 9-10-da nə müzakirə olunub.
Şübhəsiz ki, həmin gün, həmin saatlarda gündəmi diktə edən Əliyev olub. Şuşaya daxil olduqdan sonra bir neçə saat ərzində bütün “Artsax”ı ələ keçirmək imkanı qazandı. Asanlıqla başa düşmək olar ki, Əliyev həmin gecə bu mövqedən çıxış edərək masaya maksimum tələblərini qoyub: Qarabağ Azərbaycanın bir hissəsidir, Zəngəzur dəhlizi, anklavlar daxil olmaqla sərhədlərin Azərbaycanın xeyrinə demarkasiyası.
Danışıqlar prosesində hətta ən zəif mövqelərdə olan tərəfə də simasını xilas etmək imkanı verilir. Təxmin edirəm ki, bu üç məsələ yazılı atəşkəs bəyanatından kənarda qalıb, lakin Putinin şahidi və qarantı olduğu şifahi razılaşma əldə olunub.
İndi bu razılaşmaların icrası ləngiyəndə Əliyev güc yoluna əl atır. Bu fərziyyəyə əsaslansaq, Paşinyanın bu vəziyyətdə manevr imkanı yoxdur və Rusiyanın susması haqlı olmasa da, ən azı başa düşüləndir. Putinin əli təkcə onun zəifləmiş geosiyasi mövqeyi ilə deyil, həm də noyabrın 9-da verilən şifahi vədin şahidi olması ilə bağlıdır. Buna görə də, yeni danışıqlar aparan şəxsin, yəni ölkənin yeni liderin meydana çıxması günün şərtinə çevrilir.
Əgər emosional etiketlərdən imtina etsək və mövcud vəziyyətin Paşinyan üçün xoşagəlməz və arzulanmaz olduğu ehtimalından çıxış etsək, o, ya bu tezisi təkzib etməli, sözlə və birbaşa addımları ilə heç nə vəd etmədiyini deməli, yəni bunu sübut etmək üçün siyasət məntiqini kökündən dəyişdirməli və ya istefa verməlidir.
Son hadisələr göstərdi ki, hərbi həll Azərbaycan üçün heç də asan və arzuolunan deyil, ona görə də Paşinyanın burada manevr imkanı var. Əgər etməsə, onda müəyyən vədlərin olduğunu güman etmək qalır.
Yeni danışıqlar aparan şəxsin meydana çıxması nəinki Ermənistanı bu vədlər zəncirlərdən azad edəcək, həm də Rusiyanın tələsik və sərfəli olmayan qərarlar əvəzinə yeni danışıqlar mərhələsinə başlamaq üçün əl-qolunu açacaq.
Qərbə gəlincə, o, Ermənistan hakimiyyətinin siyasətində Qarabağdan imtina etmək meylini müşahidə edir, bunu sülhə nail olmağın ən qısa yolu kimi görür, hansı ki, Rusiyanın mövcudluğunun zəifləməsinə gətirib çıxaracaq və onun tədricən regiondan çıxmasına kömək edəcək. Bu, bəlkə də, hərbi toqquşma zamanı Qərbin oynadığı müsbət rolu, Azərbaycana təzyiqləri, nəticə olaraq – kövrək barışıq əldə etməsini izah edə bilər.
Bununla belə, Qərb də Ermənistan hakimiyyətinin verdiyi vədlərin girovudur. Aydındır ki, Ərdoğanın Avropa İttifaqının üzvü olan Yunanıstana qarşı aqressiv bəyanatları və bir çox başqa hallar heç kəsdə şübhə yaratmamalıdır ki, Qərbin də Türkiyə-Azərbaycan tərəfinin tam qələbəsini arzulamaq üçün heç bir məqsədi, istəyi və səbəbi yoxdur.
Ona görə də yeni danışıqlar aparan şəxs, onun ətrafında formalaşan yeni yanaşmalar və diplomatik komanda şəraitində erməni maraqlarının güdülməsi, şübhəsiz ki, qısa zamanda Qərbin bu məsələyə yanaşmalarını dəyişməyə imkan yaradacaq. Ancaq bunun üçün yenə də həm Rusiya, həm də Qərb üçün yeni danışıqlar gündəmini formalaşdıracaq yeni danışıq aparan şəxs lazımdır.
Yeni danışıqlar aparan şəxsin xarici siyasətinin əsasını nə təşkil etməlidir?
A) Qarşılıqlı tamamlama siyasəti. Rusiya ilə Qərb arasındakı ziddiyyətləri nəzərə alsaq, bu gün bunun mümkün olmadığını iddia edənlər var. Ancaq burada ən azı iki şeyi unudurlar:
– Bu gün Şərq-Qərb ziddiyyəti blokların deyil, ayrı-ayrı ölkələrin ziddiyyətidir. Rusiya – Qərb, Çin – ABŞ. Bu siyasət, bu və ya digər tərəflə yaxşı münasibətdə olan ölkələri seçim etməyi özündə əks etdirmir və ya buna məcbur etmir. Yeri gəlmişkən, bundan ən çox Türkiyə və Azərbaycan istifadə edir;
– Bu gün Ermənistan bu və ya digər tərəfdaşla istənilən səviyyədə əməkdaşlığa haqq qazandıra bilər. Səbəb və şəraitdən asılı olmayaraq, fakt ondan ibarətdir ki, 44 günlük müharibədən və Ermənistanda baş verən son hadisələrdən sonra Rusiyaya qarşı ümumi məyusluq formalaşıb. Ermənistan öz maraqlarından çıxış edərək və Rusiya ilə münasibətlərini keyfiyyətli saxlayaraq, digər ölkələrin ona təklif etdiyi müxtəlif imkanlardan çəkinmədən maksimum istifadə edə bilər.
B) Yeni danışıqlar aparan şəxs və onun komandası müqavilə perspektivindən imtina etməyə ehtiyac duymur. Sadəcə olaraq, onun ətrafında formalaşmış və başqaları tərəfindən qəbul edilən mövcud konteksti dəyişdirmək lazımdır. Azərbaycan üçün bu sənəd müharibə nəticəsində artıq əldə edilmiş və gözlənilən qənimətlərin leqallaşdırılması və beynəlxalq səviyyədə tanınması vasitəsidir.
Ermənistanın da yanaşması eyni olmalıdır. Ermənistan üçün bu sənəd məntiqli, qeyri-ekstremist müddəalar da daxil olmaqla ciddi danışıqlar prosesinin tanınmasına və başlamasına nail olmaq üçün vasitəyə çevrilməlidir. Sənədə, ətrafında real danışıqların aparılacağı müddəaları – Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikası ərazisindən çıxarılmasını; Dağlıq Qarabağın gələcək statusu məsələsi; əsirlərin qaytarılması; razılaşdırılmış və yalnız Azərbaycan tərəfini qane edən tələsik olmayan sərhədin demarkasiyası məsələlərini daxil etmək olar.
Əks halda, bu gün baş verənlər danışıqlar deyil, Ermənistanı “Artsax”dan imtina etməyə məcbur etməkdir, hansını ki, Ermənistan sülh əldə etmək üçün qəbul edəcək. Və nə Rusiya, nə də Qərb müxtəlif səbəblərə görə və əsasən də yuxarıda qeyd olunan erməni tərəfinin fərqli tezis ortaya qoya bilməməsinə görə bu tezisə qarşı deyil”, – Oskanyan qeyd edib.
DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri məhkəmədən “war” sistemi incələməsi tələb edir
Dövlət Xidmətinin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Alim Cənnətovun anası, II qrup əlil Rəqsanə Cənnətovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayətini dərc etmişdik.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.
Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.
Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi.
Hələ apellyasiya məhkəməsi prosesindən əvvəl Alimin valideynləri rəsmi məktubla Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək, işə ədalətli baxılmasını xahiş edibmnişlər. Sanki valideynlərin ürəklərinə damıbmış ki, Azər Hüseynov Ali Məhkəmədə tutduğu vəzifədən endirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləndən sonra ədalət hissini tamamilə itirə bilər.
Rəqsanə Cənnətova redaksiyamıza təkrar müraciət edərək xatırlayır ki, məlum apellyasiya məhkəməsi prosesində Azər Hüseynovun köməkçiləri haqqın Alim Cənnətovun tərəfində olduğunu özlərinin bütün hərəkətləri ilə göstərir, hətta istehza ilə qarşı tərəfin nümayəndələri olan Rövşən Bayramovun və Ceyhun adlı şəxsin Alimin vəkilinin sualları qarşısında aciz qalıb tutarlı arqumentlərlə cavab verə bilməmələrinə istehza ilə gülümsünürdülər. Amma nə Rövşən Bayremov, nə də onun tərəf müqabili Ceyhun bəy bundan heç bir narahatçılıq hissi keçirməyib. Onların bu arxayınçılığı, özgüvənli davranışları Alimin atası Cənnət Cənnətovda şübhə oyatmışdır ki, yəqin Rövşən Bayramov məhkəmə çəkişməsinin öz xeyirlərinə həll olunmasını hakimlə qeyri-prosessaul sövdələşmələrində təmin edib. Odur ki, valideynlər Azər Hüseynovun sədrliyi ilə aparılmış hər iki prosesin qeydə alınmış video-görüntülərinin futbolda “war” sisteminin tətbiq olunduğu kimi mütləq şəkildə üzə çıxarılmasını və Ali Məhkəmədə incələnməsini istəyirlər və hesab edirlər ki, bu halda çəkişmənin ədalətli həllinə nail olmaq mümkündür.
Rəqsanə Cənnətova bildirir ki, Rövşən Bayramovun özü hələ araşdırma zamanı Alim Cənnətovun ərizəsində DSX-nin daxili təhlükəsizlik idarəsinin rəhbəri Namiq Cəlilovun ondan 7000 manat rüşvət tələb edib 1000 manatda dayanması, həmçinin Alimə qarşı təhqiramiz davranışları, təzyiq göstərərək izahat alması barədə ifadələrə rast gələndə, ərizəçidən və valideynlərindən bu xüsusatlara toxunmamağı xahiş etmişdir. Ancaq valideyn Cənnət Cənnətov yalnız oğlu Alim Cənnətov işinə bərpa olunacağı təqdirdə N.Cəlilovdan şikayət etməyəcəyini demişdir.
Cənnətovlar R.Bayramovun təmsil etdiyi qurumun mənafeyinə xidmət etməsini, hətta haqqı-ədaləti belə korporativ maraqlara qurban verməsini hardasa anlaşıqlı qəbul edirlər. Cənnət Cənnətov prosesin gedişində bir ara R.Bayramovdan hətta o qədər “səmimiyyət” duymuşdur ki, ondan yaşının 30-u çoxdan keçməsinə baxmayaraq niyə evlənmədiyini də soruşmuşdur. R.Bayramovun nə qədər maskalanmağı bacarsa da, məyuscasına başını yelləməyindən, üzündəki pərişan ifadədən “hansı günümə evlənim” sualını oxumuşdur. Cənnət Cənnətov sonradan o qənaətə gəlmişdir ki, doğrudan da R.Bayramov kimi işlədiyi qurumun zabitinin (bizim misalda N.Cəlilovun) gizirə (bizim misalda Alim Cənnətova) məhkəmədə uduzmaması üçün hər cür ədalətsizliyə getməyə və özünə nifrət qazanmağa razı olan bir şəxs elə təqaüdə çıxanadək ailə qurmasa yaxşıdır. Axı, ailə qurmaq həm də gələcəkdə valideyn olmaq, övlad yolunda çətinliklərə sinə gərmək, maneələri aşmağa hazır olmaq deməkdir. Heç cür ola bilməz ki, insan elə maneələrlə rastlaşanda özünün elədiyi ədalətsizliklər yadına düşməsin.
Cənnətovlar bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir. Onlar Ali Məhkəmənin sədrinə həm məktubla, həm də KİV üzərindən müraciətlə xahiş edirlər ki, Ali Məhkəmədəki proses ədalət ilahəsi Femidanın tərəzisinə barmaq basan Azər Hüseynov kimisinə deyil, haqqı nahaqqa qurban verməyən peşəkar hüquqşünasa etibar edilsin. Valideynlər arxayındırlar ki, oğulları Alim hətta bu çəkişməni uduzsa da belə, daş daşıyan fəhlə işləsə belə, ömrünü N.Cəlilovdan, R.Bayramovdan, A.Hüseynovdan fərqli olaraq həm cəmiyyət içində, xalqın gözündə, həm də əlbəttə ki, mizan – tərəzisi düz olan Allahın nəzərində alnıaçıq, üzüağ yaşayacaq, ailəsinə, uşaqlarına haram tikə yedirtməyəcək, qarğış qabı olmayacaqdır.
Ali Məhkəmənin qərarından (tərəflərin hansının xeyrinə çıxarılacağındans asılı olmayaraq) sonra mövzuya qayıdacağıq.
Deryaz.az