Ardını oxu...
Xəbər verdiyimiz kimi, Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Hazırda Buzdux dağında üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
Bəs Buzdux dağının tarixi və strateji əhəmiyyəti nədən ibarətdir?
Bakupost.az bildirir ki, bu barədə araşdırmaçı-jurnalist Elxan Salahov məlumat verib. O, Buzdux dağı və yaxın keçmiş barədə bunları xatırladıb:
“Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzdux (Buzluq) dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzdux dağının ətəyindən - Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluq çayı da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluq çayı Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur.
Buzdux dağının bir tərəfi Kəlbəcərə, digər tərəfi Goranboya baxır. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzdux dağının ətəyində yerləşir.
Erməni quldurları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə mərhum Aşıq Şəmşirin yurdu olan Ağdaban və Çayqovuşan kəndlərinə soxularaq evləri yandırmış, kütləvi qətliam törətmişdilər - 32 şəhid, 5 girov, 2 itkin, 12 yaralı (Qətliamın ertəsi günü Ağdabanın müdafiəsinə göndərilən 712 saylı (o zaman 809) taborun əsgərləri arasında mən də vardım).
1993-cü ildə də ermənilər Kəlbəcərin işğalına məhz bu istiqamətdən başlamışdı. Çapardan ( İmarət Qərvənd inzibati ərazi vahidi) Ağdabana hücum edən erməni-rus hərbi birləşmələri martın 27-də kəndi işğal etməklə Kəlbəcərə doğru əlverişli mövqelər əldə edə bilmişdi. Düşmənin Ağdərə istiqamətindən Kəlbəcərin giriş qapısına yiyələnməsi rayonun bütünlüklə işğalını şərtləndirən mühüm amil oldu...
28 ilə yaxın davam edən işğal və 44 günlük Vətən müharibəsi...
2020-ci il 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər rayonu bütünlüklə, o cümlədən Murovdağ silsiləsinin Ağdərə istiqamətində yerləşən Ağdaban və Çayqovuşan kəndləri, ətraf ərazilər Azərbaycan ordusunun nəzarətinə keçməli olduğu halda, bu torpaqlar Rusiya sülhməramlılarının patrul zonasına aid edilib. Belə ki, 2020-ci il sentyabrın 27-nə aid xəritədə inzibati-hüquqi cəhətdən Kəlbəcərin ərazisinə aid olan Buzdux (2374 m) dağ yüksəklikləri, eləcə də Ağdaban kəndi yaxınlığındakı Şaban yurdu Rusiya hərbçilərinin patrul marşrutuna daxil olunub. Patrul marşrutu Kəlbəcər rayonunun Qozlukörpü, İmarət Qərvənd (Çapar kəndi də daxil) kəndləri, Buzdux yüksəkliyi və Ağdaban kəndi yaxınlığındakı Şaban yurdundan keçirdi...
Ordumuz Buzdux dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Narıştar kəndləri, habelə "Sərsəng" su anbarına viziual nəzarət etmək imkanı qazanıb.
Bu məqamda Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi uğurlu "Qisas" əməliyyatında adı keçən Yuxarı Oratağ və Heyvalı kəndləri (hər ikisi keçmiş Ağdərə rayonuna aid yaşayış məntəqələridir) barədə bir qeydi də xatırlatmaq yerinə düşər. Ermənilərin "Drmbon" adlandırdığı Heyvalı hələ 1992-1993-cü illərdə gizli quldur yuvaları, "Vern Oratag" dedikləri Yuxarı Oratağ isə hərbi əsirlərin ən ağır işgəncələrə məruz qaldıqları ünvan kimi çox məşhurdur...
Bu qisası yerdə qoymayan Ordumuza şükür!”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə DİA.AZ-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinidən bildirilib.
Ardını oxu...
Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.
 
Ardını oxu...
Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində həyata keçirdiyi "Qisas" antiterror əməliyyatı labüd idi.

Son aylarda Ermənistan siyasi rəhbərliyinin, habelə bölgədəki separatçı-cinayətkar qruplaşmanın, onun hamisi Rusiyanın davranışları nəticə etibarilə hərbi gərginliyi kuliminasiya həddinə yaxınlaşdırdı. Burada bir neçə məqamı xüsusi vurğulamaq lazımdır:

Birincisi, 44 günlük müharibədən keçən 19 ay ərzində danışıqların heç bir nəticə verməməsi, 10 noyabr üçtərəfli bəyanatının icrasına bəslənilən ümidverici gözləntilərin puça çıxması;

İkincisi, separatçı cinayətkar qruplaşmanın Rusiyanın dəstəyi ilə 10 noyabrda formalaşan müvəqqəti "təmas xəttini " möhkəmləndirilmiş cəbhə xəttinə çevirmək və bölgəni hərbiləşdirmək cəhdləri;

Üçüncüsü, Azərbaycanın kommunikasiyaların açılması istiqamətində həyata keçirdiyi layihələrə qarşı tərəfdən hər hansı reaksiyanın verilməməsi (Laçın dəhlizinə alternativ yolun Ermənistan tərəfindən olan hissəsinin çəkilməməsi, daxili yolların açılmaması və s.).

Prezident İlham Əliyev iyulun 16-da hökumətin iclasında bildirdi ki, erməni silahlı qüvvələrinin iyunun sonuna qədər Azərbaycan ərazilərini tərk edəcəyinə dair Rusiya hərbi dairələrindən verilən vəd yerinə yetirlməyib. Bu da rəsmi Bakıya güc tətbiqi yolunu seçməkdən başqa çıxış yolu qoymur.


Həmin gün Tiflisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin vasitəçisiz görüşü təşkil olundu. Bu görüşdə problemin sülh və danışıqlar yolu ilə həllinə dair bəyanatlar təkrarlandı, amma Azərbaycan təmsilçisi bildirdi ki, bölgənin silahsızlaşdırılması rəsmi Bakı üçün prioritet məsələdir.

Ermənistandan qarşılıq olaraq verilən açıqlamada bildirildi ki, Qarabağ bölgəsinə çağırışçıların göndərilməsi dayandırılıb və sentyabradək oradakı hərbçilərin çıxarılmasına başlanacaq. Amma qalan silahlı dəstələr "Qarabağın müdafiəsi ordusudur".

Görünür, Ermənistanın siyasi rəhbərliyi bu bəyanatı lazımınca qiymətləndirmədi. Amma ABŞ və Avropa İttifaqı vəziyyətin ciddiliyini anladı və hər iki tərəflə təmasa keçdi. Nəticədə, iyunun 19-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns İrəvana, ardınca Rusiya FTX-nın başçısı Nikolay Patruşev İrəvana və Bakıya gəldi. Bu müzakirələrin detalları ictimaiyyətə bəlli olmasa da, tərəflərin bölgədə yaranmış hərbi-siyasi vəziyyəti müzakirə etməsi şübhəsizdir.

Azərbaycan rəhbərliyi erməni silahlılarının çıxarılması ilə bağlı qəti mövqeyini bu həftə tərəflərə telefon açan ABŞ Dövlət katibinin müavini Kaaren Donfridə də çatdırdı.

Rusiya Prezidenti Vladmir Putin, ardınca Müdafiə naziri Sergey Şoyqu toqquşmalardan bir gün əvvəl erməni həmkarları ilə telefon danışığı apardı və daha sonra Azərbaycan və Rusiya Müdafiə nazirləri də rabitə vasitəsi ilə bölgədə yaranmış situasiyanı müzakirə etdilər. Kremldən verilən rəsmi açıqlamada bildirilirdi ki, Putin Paşinyanla 10 noyabr bəyanatının praktik icrasını müzakirə edib.

Beləliklə, gərgin diplomatik-siyasi müzakirələrə rəğmən Laçında - Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən açılan atəşlə Azərbaycan əsgərinin şəhid edilməsi partlayış effekti verdi və Bakı düşməni cəzalandırmaq qərarına gəldi.

Əməliyyat və ilkin nəticələr


Bir sutka ərzində havadan pilotsuz döyüş aparatları və yerdə kiçik çaplı silahlar vasitəsi ilə aparılan əməliyyat zamanı qanunsuz erməni silahlı dəstələrinin 2 hərbçisi öldürülüb, daha 19 nəfər yaralanıb. Son məlumatlara görə, 4 yaralının vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

"Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib", - deyə məlumnatda qeyd olunur.

Reaksiyalar

Ermənistanın Baş naziri N.Paşinyan avqustun 4-də hökumətin iclasında Azərbaycanı Qarabağda erməni silahlı qüvvələrinin olması ilə manipulyasiya etməkdə ittiham edib.

“Rəsmi olaraq qeyd etməliyəm ki, Dağlıq Qarabağda heç bir erməni hərbçi yoxdur”, - Paşinyan bildirib.

Paşinyan növbəti dəfə yalan iddialarla çıxış edərək deyib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirməkdə bircə məqsədi var: 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, “fiksasiya olunmuş reallıqların” – "dağlıq Qarabağ", "təmas xətti", Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç instituta qarşı yönəldiyini vurğulayıb.

Ermənistan XİN-n bəyanatı da Paşinyanın çıxışından fərqlənməyib: “Azərbaycan 10 noyabr üçtərəfli razılaşmasını pozur. Beynəlxalq ictimaiyyəti Azərbaycanın aqressiv hərəkətlərini dayandırmaq üçün tədbirlər görməyə, bundan ötrü gərəkən mexanizmləri işə salmağa çağırırıq”.

Azərbaycan XİN isə Ermənistanın ittihamlarını rədd edib, qarşı tərəfin üçtərəfli bəyanatı pozmaqda ittiham etməsini “riyakarlıq” adlandırıb. Nazirlik həmin bəyanatda erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasının nəzərdə tutulduğunu, Qarabağda son yaşananları məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması ilə izah edib.

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib: “Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”.

Rusiya Müdafiə Nazirliyi də növbəti dəfə saxtakarlıq edərək iddia edib ki, guya atəşkəsi Azərbaycan pozub. Ardınca da bildirib ki, “sülhməramlı kontingent vəziyyətin sabitləşməsindən ötrü Azərbaycan və Ermənistan təmsilçiləri ilə birlikdə tədbirlər görür”.

ABŞ: "Birləşmiş Ştatlar Qarabağda döyüşlərin qızışması, itkilər barədə xəbərlərdən narahatdır, baş verənləri diqqətlə izləyir". Dövlət Departamentinin sözçüsü Ned Prays avqustun 3-də yazılı bəyanatında gərginliyin azaldılması, gələcək eskalasiyanın önlənməsi üçün təcili addımlar atmağa çağırıb.

Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel də döyüşləri dərhal dayandırmağa çağırıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas da ənənəvi bəyanla çıxış edərək, Qarabağda insan tələfatına səbəb olan silahlı toqquşmalardan narahatığını ifadə edib: "Münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün müstəsna olaraq diplomatik üsullardan istifadə etməyə çağırıq".

Nəticələr:

Birincisi, Azərbaycan Rusiyanın müvəqqəti nəzarət etdiyi ərazilərdə erməni silahlı birləşmələrinin yenidən möhkəmlənməsinə imkan verməyəcəyini əməli şəkildə nümayiş etdirdi. Qarşıdakı həftlərdə bu məsələ bütün müzakirələrdə əsas prioritet olacaq. Eləcə də Soçidə Rusiya və Türkiyə liderlərinin görüşündə (5 avqust) də erməni silahlıların Qarabağdan çıxarılması Ərdoğan tərəfindən qaldırılacaq. Bölgənin silahsızlaşdırılması istiqamətində davamlı real addımlar atılmasa, Azərbaycan Ordusunun əməliyyatları davam edəcək. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında aydın şəkildə yazılıb. Nəticəsizliyin davam etdiyi şəraitdə diplomatik təmaslar da dayandırılacaq.

İkincisi, rəsmi Bakının Laçın dəhlizinə alternativ yolun Ermənistan tərəfindən çəkilməli olan hissəsində işlərin başlanması barədə tələbi qəbul edilib. İrəvan daha əvvəlki bəyanatlarda bu işin gələn ilin noyabrına qədər başa çatdırılacağı barədə açıqlama versə də, dünən Ermənistan XİN apreldə yolun hazır olacağını açıqlayıb.

Üçüncüsü, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə əhəmiyyətli yüksəkliklərə nəzarəti təmin etməklə və düşmənə effektiv zərbə vurmaqla yüksək döyüş hazırlığını bir daha nümayiş etdirib. Ermənistan və Qarabağdakı separatçı qanunsuz silahlı dəstələrin bu gücün qarşısında aciz olduğu da rəsmən etiraf olunub.

Dördüncüsü, Rusiya və KTMT-nin, eləcə və Qərbin reaksiyası situasiyaya adekvat oldu. Bu münasibət rəsmi Bakını qismən qane edir, amma əsas gözlənti qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı Ermənistana təzyiqlərin gücləndirilməsindən ibarətdir. Habelə İrəvan Qarabağda qalan və ona dəxli olmadığını iddia etdiyi hərbi qruplaşmaya bütün yardımları dayandırması barədə öhdəlik götürməlidir.

Gözləntilər və perspektiv

Azərbaycanın qanunsuz silahlı birləşmələrə hərbi zərbələr vurmaqdan çəkinməməsi 10 noyabr bəyanatının icrasına yol açmalıdır. İlk növbədə daxili nəqliyyat yolları açılmalı, Laçın dəhlizi bağlanmalı, ətrafda yaşayan ermənilərin köçürülməsi təmin olunmalıdır. Bu halda böyük sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması, reinteqrasiya prosesinə start verilməsi və prosesə beynəlxalq birliyin cəlb edilməsi növbəti mərhələdir. Toqquşmalara verilən reaksiyalardan görünür ki, Qərb proqresi eskalasiyadan qaçmaqda bu istiqamətdə irəliləməkdə görür.

Bəs, regionda silahlı qüvvələrlə təmsil olunan Rusiya nə istəyir?

Əsas düyün nöqtəsi Moskvanın maraqlarıdır və getdikcə məsələnin Bakı-Moskva, eləcə də Türkiyə-Rusiya müstəvisinə çıxması labüddür. Çünki hadisələr göstərdi ki, Ermənistan artıq oyundan çıxmaq üzərdir...
 
Ardını oxu...
Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib.

General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Qeyd edək ki, görüşün keçirildiyi məkanda stolun üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Azərbaycan tələb edir ki, ermənilər yaxın zamanda Laçın xaricində tikilən yeni dəhlizlə hərəkət etsinlər.

Bunu avqustun 2-də günün ikinci yarısı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi bəyan verib.

Elə dünən özünü separatçıların prezidenti adlandıran Arayik Arutyunyan siyasi qüvvələrin və yerli “deputatların” iştirakı ilə “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasını çağırıb.

“Mövcud vəziyyət, eləcə də Azərbaycan qoşunları ilə təmas xəttindəki gərginlik müzakirə edilib. Separatçıların hərbi birləşmələrin komandiri Kamo Vardanyanın hesabatına görə, bir sıra rayonlarda gərginlik qalmaqdadır”, – deyə “Turan”nın yaydığı məlumatda vurğulanır.

Bildirilir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları vasitəsilə yaxın vaxtlarda Qarabağdan Ermənistana yeni marşrutla nəqliyyatın hərəkətinin təşkilini tələb edib:

“Qarabağda son iki gündə yaşanan gərginliyin nədən qaynaqlandığı bəlli olub. Azərbaycan ermənilərin istifadə edəcəyi alternativ yolun tikintisini başa çatdırır. Ona görə də ermənilər, nəhayət ki, Laçın şəhərini və Zabux kəndini azad etməli, Laçın dəhlizi ilə hərəkəti dayandırmalı və yeni marşrutdan istifadə etməlidirlər”.

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Onlar 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların icrasına toxunublar.

Telefon danışığı zamanı 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bu kontekstdə erməni hərbi əsirlərin və digər məhbusların azad edilərək geri qaytarılmasının vacibliyi qarşılıqlı qeyd olunub.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidməti xəbər yayıb ki, tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər:

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib”.

Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – deyə nazirlik qeyd edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Meydan TV-yə deyib ki, separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar:

“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”.

Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər:

“Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.

Hələ iyunun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yeni nəqliyyat marşrutunun tikintisi başa çatandan sonra Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.
 
Ardını oxu...
Ekspert: “Azərbaycanın gücündən istifadə edərək son nöqtəni qoymaq istəyinə “müharibə” deyiriksə, bunu belə də adlandıraq”

Qarabağda vəziyyətin gərginləşdiyi göz önündədir. Erməni mənbələri avqustun 1-də axşam saatlarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şimal və şimal-qərbində, eləcə də Ermənistanla sərhəddə bir neçə istiqamətdə hücuma keçməsi barədə məlumat yayıblar.

Separatçılar bildiriblər ki, Azərbaycan hərbçiləri Qarabağın şimalında və şimal-qərbində “təmas xəttini keçməyə cəhd edib”, lakin guya ki, hücumun qarşısı alınıb.

Azərbaycanlıların bir sıra istiqamətlərdə irəlilədiyi və döyüşlərin Gəncəsər monastırının 10 km-də və Murovdağ bölgəsində getdiyi iddia edilirdi.

“Turan” agentliyi onu da xəbər verir ki, ermənilər Geqarkunik rayonu yaxınlığında (Kəlbəcərlə sərhəd) mövqelərinin atəşə tutulduğunu iddia ediblər.

Qarabağ separatçıları “yaranmış gərgin vəziyyətlə” bağlı hətta “Təhlükəsizlik Şurası”nın da iclasını da keçiriblər.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Qarabağ separatçılarının nəzarətində olan qanunsuz silahlı birləşmələrin atəşə tutulması ilə bağlı məlumatı təkzib edib.

“Erməni mətbuatında Azərbaycan ordusunun bölmələrinin guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri istiqamətində atəş açması ilə bağlı yayılan məlumatlar yalandır, təxribat xarakterlidir və aldadıcı məqsəd güdür” – Azərbaycan Müdafiə Nazirliyinin “Facebook”dakı rəsmi səhifəsində bildirilib.

Maraqlıdır ki, Rusiya sülhməramlıları da avqustun 1-də atəşkəs rejiminin pozulması barədə məlumat verməyiblər. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Rusiya sülhməramlıları iyirmi yeddi müşahidə məntəqəsində gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb”, – Rusiya Müdafiə Nazirliyinin saytında xəbər verilir.

Bəs onda bu nədir? Çoxlarının yadındadır ki, Azərbaycan Prezidenti bu yaxınlarda Rusiya Federasiyasının Müdafiə Nazirliyini ittiham edərək Ermənistan qoşunlarının Qarabağ ərazisindən çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirib. Tərəflərin bir-birini təkzib edən bu izahatlarını necə izah etmək olar? Vəziyyət həqiqətən təhlükəlidirmi və yeni müharibə mümkündürmü?

Rusiyanın tanınmış beynəlxalq eksperti Qriqori Trofimçuk bu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

– Bildiyiniz kimi, Bakı Qarabağ məsələsinin “bağlandığını” elan etdi və bu barədə bütün dünyaya məlumat verdi. Ancaq sualın faktiki tərəfi hüquqi tərəfdən bir qədər geridə qalır. Ona görə də Bakı bu uyğunsuzluğu tez bir zamanda aradan qaldırmaq niyyətindədir. Bakının qətiyyətli olması ən azı üç amillə bağlıdır.

Birincisi, bu, Ukrayna ilə bağlı olan ümumi gərginlikdir. Nə qədər təkzib etsək belə, Ukraynadakı hadisələr Rusiyanın potensialında, o cümlədən Qarabağ istiqamətindəki potensialında əksini tapır. İkincisi, bu, 2020-ci ilin noyabr razılaşmalarının icrasının çox aşağı sürətlə həyata keçirilməsidir. Bakının bu arqumentinə qarşı çıxmaq çətindir, praktiki olaraq mümkün deyil. Üçüncüsü, bu, Qarabağ zonasında müntəzəm silahlı insidentlər və müvafiq itkilərlə bağlıdır və buna daima göz yummaq çətindir.

Azərbaycan bir sıra amillərin bir məqamda birləşdiyi anı – “planetlər paradını” gözləyir. Çünki tarix nadir hallarda belə imkanlar yaradır. Bakını buna görə günahlandırmaq olmaz. Günah hərbi və digər risklərin dərəcəsini azaltmağa vaxtı olan, lakin bunu etməyənlərin üzərindədir. Azərbaycanın növbəti dəfə öz gücündən istifadə edərək son nöqtəni qoymaq istəyinə “müharibə” deyiriksə, bunu belə də adlandıraq.

Maraqlı tərəflərin – Rusiya, Azərbaycan və Ermənistanın baş verənləri fərqli formada qiymətləndirməsində qeyri-adi heç nə yoxdur. Çünki bəyan edilən deyil, real fikir ayrılığı artır. İndi bu uyğunsuzluqları heç kim araşdırmayacaq – vəziyyət belədir və bunun zaman deyil. 2020-ci ilin noyabr razılaşması qaçılmaz olanı bir qədər təxirə saldı, lakin onu dayandıra bilmədi. Azərbaycan artıq heç nəyi təxirə salmaq fikrində deyil. O bunu elə həmin noyabrda səsləndirdi. Qəribədir ki, bunu çox az adam eşitdi və başa düşdü. Bakıda əsas şeyi anlayıblar: onu heç bir halda, o cümlədən beynəlxalq səviyyədə “təcavüzkar” adlandırmaq mümkün deyil. Çünki bu termin əvvəllər də səslənməyib. Bakı sadəcə olaraq bütün mümkün vəziyyətlərdən bacarıqla istifadə edir: başqalarının qeyri-peşəkarlığından, axmaqlığından və s.

Əgər suala qısa olaraq cavab versək, bir şeyi demək lazımdır: Azərbaycan Qarabağı öz əlinə qaytarmayana qədər, müharibə hər şey tam və son qədər aydın olana kimi davam edəcək. O zaman nəzarət edən orqanlardan heç biri problemdən xilas olmaq üçün növbətçi, formal, şablon, bürokratik, kargüzarlıq ifadələri ilə canlarını qurtara bilməyəcəklər. Bu dəfə idiomların arxasında daha çox qurbanlar olacaq. Kiminsə xoşuna gəlsə də, gəlməsə də Azərbaycan-Türkiyə birliyi təkcə hərbi deyil, həm də diplomatik arenada artmaqda olan real gücdür – bunu heç kim şübhə altına ala bilməz. Amma düşünürəm ki, bunu şübhə altına almaq istəyən qüvvələr tapılacaq. Və mən 2020-ci ilin hərbi payızından xeyli nəticə çıxaran Ermənistanı da nəzərdə tutmuram.

Rauf Orucov

P.S. Yazı Azərbaycan ordusunun əsgərinin Laçında atəş açılması nəticəsində həlak olması ilə nəticələnən yaranan gərginlikdən əvvəl yazılıb.
 
Ardını oxu...
"Son vaxtlar həm sərhədyanı bölgələrdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki ermənilər tərəfindən təxribat xarakterli addımlar artıq intensivləşib".

Teref.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, bu gün baş verən insident, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması onu göstərdi ki, sülhməramlılar oradakı vəziyyətə stabil idarə edə bilmirlər:

"Biz artıq bu hərbi avantüraların geniş miqyas almağa doğru getdiyini görməkdəyik. Hesab edirəm ki, bunun əsas səbəbi son vaxtlar müşahidə olunan siyasi proseslərlə bağlıdır. Bilirsiniz ki, Prezident İlham Əliyev son çıxışlarında Qarabağda erməni silahlı birləşmələrinin mövcudluğunun yolverilməz olduğunu bəyan edib və təbii ki, Azərbaycan dövləti əgər bir bəyanatla çıxış edirsə, onu sonrakı mərhələdə adekvat tədbirlərlə müşaiyət edir.

Yəni əgər biz bəyanat veririksə ki, bu yolverilməzdir, demək, oradakı qanunsuz erməni hərbi birləşmələri tərkisilah olunmalıdır. Bu vəziyyət artıq erməniləri vadar edir ki, təxribat xarakterli addımlar atsınlar ki, dünya ictimaiyyətinin diqqətini buraya yönəltməklə Qarabağdakı qanunsuz hərbi birləşmələrin burada daha uzunmüddətli qalması üçün bir legitimlik yaratsınlar.

Mexanizm təxminən belə qurulub: ermənilər Qarabağda hərbi təxribatlar həyata keçirir. Təbii ki, Azərbaycan dövləti oradakı hərbi birləşmələr vasitəsilə bu təxribatlara cavab verməlidir. Və cavab verəndən sonra da ermənilər bütün dünyaya bəyan etməyə çalışacaqlar ki, "baxın, azərbaycanlılar bizi burada sıxışdırır, bizə qarşı etnik təmizləmə var, bizə burada rahat yaşamağa imkan vermirlər. Ona görə də bizim "müdafiə ordumuz" olmalıdır". Yəni bunların əsas məqsədi, hesabladıqları hədəf bundan ibarətdir. Son vaxtlar Qarabağda baş verən bu hərbi təxribatların, silahlı insidentlərin arxasında dayanan səbəb budur.

O ki, qaldı Rusiya sülhməramlıları ilə bağlı məsələyə, Rusiya sülhməramlı qüvvələri öz mandatlarına uyğun şəkildə davranmalıdırlar, onlar öz mandatlarına uyğun çərçivədə hərəkət etməlidirlər. Onların mandatları da təxminən bəllidir: 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 4-cü maddəsində qeyd edilir ki, sülhməramlıların Azərbaycan ərazisinə girməsi ilə paralel olaraq buaradakı qanunsuz erməni silahlı birləşmələri çıxarılmalıdır. Artıq 2 ilə yaxın bir müddət keçib, hələ də erməni silahlı birləşmələri oradan çıxarılmayıb və nəyinki çıxarılmayıb, eyni zamanda sülhməramlılar orada asayişi, sabitliyi tam ölçüdə təmin edə bilmirlər.

Bu gün baş verən insident, Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması onu göstərdi ki, sülhməramlılar oradakı vəziyyətə stabil idarə edə bilmirlər, proseslərə nəzarət edə bilmirlər və vəziyyət də qeyri-stabil olaraq qalır. Yəni bu gün baş verən hadisələr onu göstərdi ki, çox həssas bir dönəmdəyik, vəziyyət olduqca kövrəkdir".
 

Dünyapress TV

Xəbər lenti