“Nəcibə xanım Azərbaycan təhsil tarixində kifayət qədər müsbət obrazı ilə yadda qalıb. Belə ki, o, 45 nömrəli məktəbə direktor təyin olunana qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədrislə, eyni zamanda tədqiqatla məşğul olub”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru Nəcibə Axundovanın tutduğu vəzifədən azad olunaraq 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə təyin olunması haqda danışarkən deyib.
K.Əsədov bildirib ki, 45 nömrəli məktəbdə əvvəlki direktorun vaxtından kifayət qədər neqativ hallar formalaşmışdı:
“Bu halı Nəcibə xanımın dövründə tamamilə aradan qaldırmaq mümkün olmadı. Burada bir sıra müəllimlərin şagirdlərdən əsassız pul yığmaları var idi. Eyni zamanda, bir çoxları dərs saatına və şagirdlərin məktəbə davamiyyətinə görə əvvəlki direktorun vaxtından şagirdlərdən pul yığılma hallarını hələ də saxlamışdılar. Çox təəssüf ki, bu proses orada başa çatmadı”.
Ekspertin sözlərinə görə, N.Axundova 45 nömrəli məktəbə rəhbərlik etdiyi dövrdə bura kifayət qədər uğurlar əldə edib:
“Nəcibə xanımın rəhbərliyi dövründə o məktəbin nəticələri Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ciddi şəkildə müsbətə doğru dəyişmişdi. Hətta 9-cu və 11-ci siniflərdə buraxılış imtahanlarının nəticələrində 45 nömrəli məktəb kifayət qədər ciddi irəliləyiş əldə etmişdi. Eyni zamanda o xanımın rəhbərliyi dövründə həmin məktəb fənn və beynəlxalq olimpiadalarda da kifayət qədər fərqlənirdi, şagirdlər arasında robototexnika və rəqəmsal bacarıqlar yarışlarında kifayət qədər yaxşı idi”.
K.Əsədov qeyd edib ki, baş verən xoşagəlməz haldan sonra onun fəaliyyətinin başqa məktəbdə davam etdirməsi məqsədəuyğun hesab edilib:
“Çünki Nəcibə xanımın təhsil bilikləri, idarəetmə bacarıqları digər məktəb direktorlarının bir çoxundan daha yaxşıdır. Məhz buna görə də Təhsil Nazirliyi onun fəaliyyətini, təhsil və bilik bacarıqlarını, təhsildə idarəetmə qabiliyyətini, rəhbər olduğu dövrdə məktəbin uğurlarını, nəticələrini nəzərə alaraq digər bir məktəblə əvəzlənməsi ilə bağlı qərar qəbul edilib”.
Təhsil eksperti Nəcibə xanımın bundan sonra daha da diqqətli olacağına inandığını deyib:
“Çünki onun reputasiyası kifayət qədər fərqlidir. Mən Nəcibə xanıma fəaliyyətində uğurlar arzu edirəm. İnanıram ki, 45 nömrəli məktəbdə əldə etdiyi uğurları yeni məktəbdə də davam edəcək. Elm və Təhsil Nazirliyi Nəcibə Axundovaya yenidən şans verib. Mən əminəm ki, bu etimadı, şansı doğruldacaq. Çünki N.Axundova bu istiqamətdə kifayət qədər bilik və bacarıqlara malik şəxsdir. İnanıram, yeni məktəb Axundovanın rəhbərliyi altında daha da böyük uğurlar əldə edəcək!”