Ursula von der Leyen NATO Baş katibi olmaq istəmir
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO Baş katibi postuna gəlməkdə maraqlı olmadığını deyib.
Bu barədə Ursula von der Leyen Almaniya televiziyası WDR-in Berlində təşkil etdiyi forumda bildirib.
“Əlbəttə ki, mən bunun üçün münasib deyiləm. NATO böyükdür və o mövcud olmasa idi, yaradılmalı idi. Mən NATO-da müdafiə naziri kimi işləməkdən çox həzz alırdım, lakin əlbəttə ki, bu postda özümü görmürəm. Mənim yerim Avropadır”, – Ursula von der Leyen qeyd edib.
Xanım von der Leyen gələn il keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra Avropa Komissiyasının rəhbərliyinə ikinci müddətə namizəd olub-olmayacağı ilə bağlı isə danışmayıb. O, ilin ikinci yarısında bu barədə qərar verməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq 2014-cü ildən bu postdadır. Onun səlahiyyət müddəti keçən il başa çatmalı idi, lakin Rusiyanın 2022-ci ilin əvvəlində Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra sabitliyi təmin etmək üçün bu müddət uzadıldı.
NATO üzvü olan ölkələrin liderləri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə bir araya gələrək yeni Baş katib barədə qərar verməlidir. Ancaq hələ ki heç bir namizədin adı açıqlanmayıb və Stoltenberqin səlahiyyət müddətinin yenidən uzadılması ehtimalı azdır.
 

Dünyapress TV

Xəbər lenti