Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”. Rusiyanın xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.
Rusiya xarici işlər nazirinin Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeləri möhkəmlətməkdir. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər.
Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?
Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşduran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.
Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya Prezidenti Türkiyənin BRİCS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
 
 
Ardını oxu...
Taryel Əliyev: “Bəzi hallarda narkotik ticarətinə qarşı mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olduğu barədə xəbərlər eşidirik...”

“Qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim MTN İstintaq şöbəsində xidmət etdiyim dövrdə, 1990-cı illər və 2000-ci illərin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət hakimiyyəti nümayəndəsinə qarşı terror aktı törədilməsinə cəhd cinayətlərinə dair istintaqı aparılmış işlər üzrə bir nəfər də olsun Gürcüstan əsilli azərbaycanlı cinayət məsuyliyyətinə cəlb edilməmişdir”

“Hürriyyət”in ötən sayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevin müsahibəsini dərc etmişdik. Ölkəmizdə və regionda baş verən siyasi proseslərin müzakirəsinə həsr olunan müsahibədə T.Əliyevin səsləndirdiyi “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” fikri Borçalıda yaşayan bəzi soydaşlarımız tərəfindən etirazla qarşılanıb. Redaksiyamıza zəng vuran narazı şəxslər istər keçmişdə, istər də bu gün Borçalı üzərindən Azərbaycana qarşı heç bir təhlükənin mövcud olmadığını dilə gətirməklə yanaşı, müsahibizimi “azərbaycanlıları gözdən salmaqda” ittiham ediblər. Odur ki, məsələyə daha ətraflı aydınlıq gətirmək üçün yenidən Taryel Əliyevlə söhbətləşdik.

- Taryel müəllim, qəzetimizin ötən sayında dərc olunan müsahibədə qeyd etdiyiniz bəzi fikirlər, xüsusilə də “Azərbaycanın quru sərhədləri Gürcüstandan gələ biləcək təhlükəyə görə bağlıdır” açıqlamanız xeyli müzakirələrə səbəb oldu. Hətta Borçalıda yaşayan bir neçə soydaşımız sizi “azərbaycanlıları gözdən salmaqda” ittiham edib. İlk olaraq bu ittihamlara reaksiyanızı bilmək istərdik...

- Müsahibəni diqqətlə oxuyan heç bir şəxs belə bir fikir irəli sürə bilməz. Bu cür iddia irəli sürən şəxslər isə həmin müsahibədə qeyd etdiyimiz fikirləri bir daha təsdiq etmiş olurlar. Yəni onlar mənafelərinə xidmət etdikləri xarici dövlətin, konkret halda İran İslam Respublikasının onların qarşısına qoyduğu tapşırığı yerinə yetirməklə məşğuldurlar. Söhbət burda məhz Borçalıda yaşayan azərbaycanlıların Azərbaycan dövlətindən narazı salınmasından gedir. İran xüsusi xidmət orqanlarının bu dəsti-xətti hər kəsə məlumdur.

O ki qaldı ümumilikdə Gürcüstanda yaşayan 350 min nəfərə yaxın soydaşımıza, onların böyük əksəriyyəti Azərbaycan dövlətinə kifayət qədər sədaqətli, millətçi və vətənpərvər şəxslərdir. Bircə şeyi qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim MTN İstintaq şöbəsində xidmət etdiyim dövrdə, 1990-cı illər və 2000-ci illərin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət hakimiyyəti nümayəndəsinə qarşı terror aktı törədilməsinə cəhd cinayətlərinə dair istintaqı aparılmış çoxsaylı işlər üzrə bir nəfər də olsun Gürcüstan əsilli azərbaycanlı cinayət məsuyliyyətinə cəlb edilməmişdir. Yalnız bir nəfər azərbaycanlı Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı casusluq etdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Yəni demək istəyirəm ki, qəzetinizin keçən nömrəsindəki müsahibədə bildirdiyim fikirlər Gürcüstan azərbaycanlılarının əleyhinə deyil, yalnız onların bəlli bir qisminə aiddir.

- Hesab edirsiniz ki, sizin əleyhinizə fikir bildirən insanlar yenə də İran xüsusi xidmət orqanlarının tapşırığı ilə danışırlar...

- Bayaq da qeyd etdiyim kimi, bu cür fikir bildirənlər əsasən müsahibəni səthi oxuyub, əsassız nəticəyə gələn şəxslər ola bilər. Digər şəxslərin isə sualda qoyduğunuz məqsədləri güddüyü şübhə doğurmur. Bununla yanaşı, onu da deyim ki, mən regionçuluqdan, qohumbazlıqdan, yerlipərəstlikdən kifayət qədər uzaq adamam. Məsələlərə də həmişə obyektiv yanaşmağın tərəfdarıyam. Keçən dəfə də bildirdiyim kimi, İran xüsusi xidmət orqanlarının ölkəmizdəki fəaliyyətinin qarşısı Azərbaycan hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən qətiyyətlə alınır. Mənim yadımdadır ki, son dövrlər Gürcüstanda baş verən proseslərə oxşar və yaxud eyni proseslər 1993-94-cü illərdə Azərbaycan Respublikasında da həyata keçirilirdi. Həmin dövrdəki iqtisadi cəhətdən çətin vəziyyətdən istifadə edən Azərbaycan İslam Partiyasının rəhbərliyində olan bir qrup şəxs Bakı və Sumqayıt əraisində məhz İrandan gələn “yardım kampaniyaları” ilə xeyli insanı özlərinə tərəf çəkmişdilər. Digər bir misal: Azərbaycanın rayonlarının birində bir ailənin 4 üzvü – ata, ana, oğul və gəlin İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdu. Bu və qeyd etməyi lazım bilmədiyim digər hadisələrin üstü vaxtında və peşəkarlıqla açılmış və təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Bir daha qeyd edirəm ki, Gürcüstandakı hazırkı vəziyyətin yaranması Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla məşğul olmalı olan qurumlarının və səlahiyyətli şəxslərin başdansovdu fəaliyyəti, habelə Gürcüstan hüquq mühafizə orqanlarının məsələyə laqeyd yanaşması səbəbindən mümkün olmuşdur.

- Yeri gəlmişkən, bəzi siyasi şərhçilər sərhədlərin bağlı qalmasını həm də Şimali Qafqazdakı hadisələrlə əlaqələndirirlər. Amma siz keçən dəfə bu məsələyə toxunmadınız...

- Şimali Qafqazda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına səbəb olacaq hər hansı bir prosesin baş verdiyini zənn etmirəm. Düzdür, zaman-zaman bəzi dini təriqət üzvləri və kriminal şəxslər müəyyən gərginlik yaratmağa çalışırlar. Lakin hesab edirəm ki, nə Rusiya Federasiyası, nə də Azərbaycan dövləti həmin hadisələrin yüksək təhlükəyə çevrilməsinə imkan verməzlər. Bununla yanaşı, Şmali Qafqazda sərhədlərimizə çox yaxın ərazidə aparılmış Birinci və İkinci Çeçenistan müharibələri dövründə də quru sərhədlər bağlanılmamışdır. Baxmyaraq ki, hər iki müharibədə kifayət qədər ağır silahlar tətbiq olunur, terror aktları törədilirdi. Bu zaman az bir sayda çeçen öz torpağını tərk edərək, Azərbaycana və digər dövlətlərə sığınmışdı.

- Sizin Gürcüstandakı seçkilərlə bağlı təxmininiz özünü doğrultdu. Belə ki, qeyd etdiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası qalib gəldi. Amma, təəssüf ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülər seçkinin heç də şəffaf keçirildiyini deməyə əsas vermir...

- Bildiyiniz kimi, hakim “Gürcü arzusu” partiyası səslərin təxminən 54 faizini toplamışdır. Prinsipcə, bu, gözlənilən idi. Sosial şəbəkələrdə yayılan görüntülərə və fikirlərə gəldikdə isə, yəqin ki, bunlar hələ araşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Bizim Gürcüstanın rəsmi orqanlarının verdiyi məlumatları şübhə altına almağa haqqımız yoxdur. Gürcü xalqı öz seçimini etmişdir. Hesab etmirəm ki, baş vermiş qanun pozuntularına dair araşdırmaların nəticələri seçkinin ümumi nəticəsinə təsir göstərəcək.

- Maraqlıdır ki, Gürcüstanda keçirilən parlament seçkiləri Azərbaycanda da böyük diqqətlə izlənilirdi. Hətta son günlər belə fikirlər də səsləndi ki, hakim partiyaya dəstək məqsədilə Azərbaycandan Gürcüstana müəyyən qruplar da göndərilib...

- Həqiqətən də Gürcüstanda keçirilən parlament seçkilərinə cəmiyyətimizin xeyli maraq göstərdiyi hiss olunurdu. Mən hətta deyərdim ki, iki ay bundan qabaq Azərbaycan Milli Məclisinə keçirilən seçkilərə bu qədər maraq hiss eləməmişdim. Bu, böyük ölçüdə ona bağlıdır ki, Azərbaycanda kifayət qədər güclü hakimiyyət mövcuddur və seçkilərin nəticələri aşağı-yuxarı bəlli idi. Lakin Gürcüstan parlamentinə seçki ərəfəsində iş hətta o yerə gəlib çatmışdı ki, bizim şou proqramların aparıcıları belə, Gürcüstan xalqını sabitliyə səs verməyə dəvət edirdilər. Bizdə o sabitlik təmin olunub və illərdir mövcuddur. Nəticələrdən göründüyü kimi, Gürcüstan xalqı da sabitliyi seçdi.

Sualın digər hissəsinə gəldikdə isə, Azərbaycandan Gürcüstana nəinki hakim partiyaya, həm də müxalifətə dəstək olmaq üçün müəyyən qədər şəxslər getmişdi. Mən özüm sentyabr ayında şəxsi işlərimlə əlaqədar Gürcüstanda olmuşam. Bizim Faxralı kəndində əsasən müxalifətə dəstək olmaq üçün bir-neçə adamın gəldiyinin şahidiyəm. Düzdür, onların motivləri bir qədər fərqli idi. Bununla yanaşı, istər iqtidara, istər də müxalifətə dəstək üçün Gürcüstana getmiş, yaxud göndərilmiş şəxslərin proseslərə hər hansı ciddi təsirinin olduğunu zənn etmirəm.

- Bu arada, Gürcüstanda seçkinin nəticəsi ilə barışmayan müxalif qüvvələr fasiləsiz etiraz aksiyasına qərar verdi. Siz proseslərin gedişini necə görürsünüz?

- Düzü, mən bu aksiyaların hər hansı nəticəyə gətirib çıxaracağını gözləmirəm.

- Belə bir vəziyyətdə Gürcüstanı nə gözləyir? Sizcə, Avropa ilə diplomatik əlaqələr, o cümlədən vizasız rejim ləğv oluna bilərmi?

- Keçən dəfə qeyd etdiyimiz kimi, “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən yavaş-yavaş uzaqlaşmağa başladı. Həmin tendensiyanın davam edəcəyini gözləyirəm. Prosesin Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedişlərinin ləğvinə çatacağı zamana bağlı məsələdir.

- Doğrusu, Gürcüstandakı siyasi proseslərlə bağlı cavablandırılası daha bir neçə sualımız var, amma belə görürük ki, siyasi məsələlərə münasibət bildirməyə meylli deyilsiniz...

- Mən keçən dəfə də qeyd etdim ki, Azərbaycanın daxilində cəmiyyəti kifayət qədər maraqlandıran, narahat edən sosial-hüquqi məqamlar var. Məncə, biz daha çox özümüzdən danışsaq yaxşıdır.

- Yeri gəlmişkən, son vaxtlar inzibati cərimələrin artırılması ilə bağlı cəmiyyətdə böyük narazılıqlar var...

- Cəmiyyətdə baş verən ictimai münasibətlərin böyük bir qismi dövlət tərəfindən müəyyən edilən qaydalarla nizama salınır. Təbii ki, bu qaydaların pozulmasına görə müvafiq cəzalar da nəzərdə tutulur. Bu müsahibədə cəzanın fəlsəfəsi ilə bağlı dərin təhlillərə dalmaq istəməzdim. Qaydalar müəyyən olunub və hər kəs bu qaydalara əməl etməlidir. Şübhəsiz ki, qaydalara əməl etməyən şəxslər də müvafiq qaydada cəzalandırılmalıdır.

Bəli, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə cərimələrin hədsiz dərəcədə artırılması son dövrlər cəmiyyətdə xeyli söz-söhbətə səbəb olmuşdur. Bəzən bu cərimələrin artırılmasından populizm məqsədləri ilə də istifadə olunur, cərimələrin məbləğinin əhalinin gəlirlərinə uyğun olmaması barədə danışılır. Lakin əsas məsələ cərimələrin məbləği deyil, onu pozan şəxslərlə nə dərəcədə səmərəli mübarizə aparılmasıdır. Azərbaycandakı vəziyyət isə onu göstərir ki, hansısa bir vəzifəli şəxs şifahi, yaxud yazılı qaydada qanunun hansısa müddəasının müvəqqəti və ya daimi tətbiq edilməməsi barədə göstəriş verir. Məsələn, piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı qanunvericilikdə müvafiq cərimələr nəzərdə tutulmuşdur. Bir neçə il bundan qabaq birdən-birə həmin normanın böyük bir həvəslə tətbiq edilməyə başladığının şahidi olduq. Lakin bu, qısamüddətli və kampaniya xarakterli oldu. Hazırda yol hərəkəti qaydalarını pozan piyadalara qarşı hər hansı bir hüquqi tədbir tətbiq edildiyini görmürük. Bu, tam bir hüquqi nihilizmdir. Şəxs hamının gözü qarşısında yolu piyada üçün nəzərdə tutulmamış yerdən keçir, lakin heç bir tədbir görülmür. Özlüyündə bu, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Bunu DİN-in statistikasına baxsaq, aydın görərik.

Yenə bir neçə il bundan qabaq Dövlət Yol Polisi əməkdaşlarına verilən qanunsuz göstərişin şahidi olmuşam. Həmin göstərişdə qanunda nəzərdə tutulmuş inzibati xətaya görə sürücülərin cəzalandırılmaması tələb olunurdu. Söhbət plyonka və pərdələrdən gedirdi. Yəni qaydalar və cərimələr müəyyən olunub, lakin nə həmin qaydalara əməl etməli, nə də onu tətbiq etməli olan şəxslər buna əməl etmirlər. Deməli, burada əsas məsələ, dediyim kimi, cərimənin müəyyən olunması, yaxud onun məbləği deyil, həmin qaydalara əməl olunmasına nəzarət edən orqanların işinin səmərəliliyi ilə ölçülür.

Digər əsas və vacib məsələ odur ki, cərimə hüquq pozuntusuna görə müəyyən olunur, qısası, qaydanı pozma və cərimə olunma.

- Hesab edirsiniz ki, cərimələri artırmaqla hansısa problemi həll etmək mümkündür?

- Mən qətiyyən belə fikirdə deyiləm. Açığı, bu dəyişikliklərin də normal tətbiq olunacağına ümidim yoxdur. Hətta biraz dərinə getsək, misal üçün, “balkon”da siqaret çəkib kötüyünü yerə atanların aşkar olunmasının mexanizmi belə, yoxdur. Kimsə görüb məlumat versə belə, sübut edilməsi mümkün kimi görünmür. Sözsüz ki, bu məsələdə ictimai qınaq, maarifləndirmə, təbliğat kimi amillərə üstünlük verilməlidir. Lakin şəxsən mənim təcrübəm göstərir ki, maarifləndirmə ilə də küçəni zibilləyənlərin qarşısını almağa nail olmaq xeyli müşkül məsələdir. Mən yaşadığım binanın girişini zibilləyən, siqaret kötüyünü atan, yaxud küçəni zibilləyən şəxslərlə o maarifləndirici söhbəti mütəmadi aparıram. Demək olar ki, indiyədək müsbət nəticə əldə edildiyini deyə bilmərəm. Yaxud, işğaldan azad edilmiş ərazilərimizdə zibil toplanılması faktları barədə mətbuatda xeyli məlumat getmişdi. Belə bir vəziyyətdə, sözsüz ki, cərimələrin düzgün tətbiqinə ehtiyac yaranır.

- Bu gün cəmiyyətimizi düşündürən əsas problemlərdən biri, bəlkə də birincisi ölkədə narkomaniyanın və narkoticarətin sürətlə yayılmasıdır. Bir hüquqşünas kimi sizin fikrinizi bilmək istərdik, narkotik alverçiləri ilə bağlı qanunların sərtləşdirilməsi bu problemin həllinə gətirib çıxara bilərmi?

- Bayaq da qeyd etdiyim kimi, hüquq pozuntuları ilə mübarizədə əsas məsələ cəzaların sərtliyi deyil, onların düzgün tətbiq olunmasıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət orqanlarının əməyini yüksək qiymətləndirirəm. Bununla yanaşı, bəzi hallarda bu mübarizəni aparan ayrı-ayrı vəzifəli şəxslərin özlərinin də həmin dövriyyənin içərisində olduğu barədə xəbərlər eşidirik. Eyni zamanda, bəzi hallarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə yalnız statistik hesabatlardakı rəqəmləri göstərmək hesabına, səthi aparılır. Öz növbəsində, bu hallar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ümumi vəziyyətə mənfi təsir göstərir.

- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycana daxil olan narkotiklərin ən yaxşı halda 16 faizi aşkar olunur. Bu isə o deməkdir ki, ölkəmizə gətirilən narkotik vasitələrin böyük hissəsi sərbəst şəkildə öz alıcısına çatır. Sizcə, bunun qarşısını almaq niyə mümkün olmur?

- Narkotiklərin qanunsuz dövriyyəsi latentliyi olduqca yüksək olan cinayətdir. Bu halda istər alıcı, istər də satıcı tərəfindən hüquq mühafizə orqanlarına cinayətin baş verməsi barədə məlumat verilməsi halları demək olar ki, mövcud deyildir. Necə deyərlər, alan məmnun, satan məmnun. Bu cür cinayətlərin üstünün açılması da yalnız hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində mümkün olur. Şübhəsiz ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin də tək hüquq mühafizə orqanlarının üzərinə atılması cinayət faklarının açılma faizinin aşağı olmasına gətirib çıxara bilər. Narkotiklər böyük bəladır, onunla mübarizə hamının – dövlətin, cəmiyyətin, məktəbin, ailənin əlaqəli və birlikdə kompleks fəaliyyəti nəticəsində mümkündür.

- Gəlin, daxildə aparılan mübarizədən öncə narkotik vasitələrin ölkəmizə necə, hansı yollarla gətirilməsi haqda düşünək. Çünki narkotik nə qədər alçatmaz olarsa, bir o qədər istifadəçisi də az olar...

- Ümumiyyətlə, narkotik aludəçiliyinə düçar olmuş şəxsi onun qiyməti artıq maraqlandırmır. Bizim qonşuda bir narkoman olduğunu eşitmişdim. Deyirdilər ki, narkotik vasitə əldə etmək üçün nəinki evin bütün əşyalarını, nətta döşəmənin taxtalarını da söküb satmışdı. Bununla yanaşı, ucuz və ya bahalı narkotik vasitələr mövcuddur. Necə deyərlər, hər kəs ayağını öz yorğanına görə uzadır. Daha ucuz və daha tez təsir göstərən sintetik narkotik vasitələr vardır ki, onlar aludə olmuş şəxsin daha tez məhv olmasına gətirib çıxarır.

Narkotik vasitələrin necə gəlməsi ilə bağlı demək istəyirəm ki, heç kimə sirr deyil, narkotik vasitələr əsasən qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olur. Tibbi məqsədlər üçün istifadə olunan narkotik tərkibli dərman preparatları ciddi nəzarət altındadır. Qaçaqmalçılıq yolu ilə ölkəmizə daxil olan narkotik vasitələrin böyük əksəriyyəti cənub qonşumuzla sərhəddən keçirilir. Azərbaycan gəncliyini narkotiklərə aludə etdirərək, gələcəkdə öz məqsədləri üçün istifadə etmək taktikası qonşumuzun ölkəmizə qarşı fəaliyyətinin tərkib hissəsidir.

Söhbətləşdi: Anar HƏSƏNLİ
Ardını oxu...
Norveç 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qarşısını almaq üçün ciddi şəkildə çalışır. Skandinaviya ölkəsi digər ölkələrlə müqayisədə sosial mediadan daha uzaqdır və hazırda 13 yaşından kiçik uşaqların sosial mediadan istifadə etməsi qadağandır. Amma gözlənildiyi kimi, indiki məhdudiyyət o qədər də yaxşı işləmir və bu, daha əhatəli qanunun nə dərəcədə faydalı olacağı sualını yaradır.

Qaynarinfo xəbər verir ki, Norveçin baş naziri Yonas Qar Styore ölkənin məşhur tabloid qəzetlərindən biri olan VG-yə verdiyi açıqlamada yeni tənzimləmənin həqiqətən çətin sınaq olacağını bildirib.

Baş nazir buna baxmayaraq, bunu mənəvi imperativ kimi qiymətləndirərək, texnoloji nəhənglərin kiçik uşaqların beyni üçün yarışdığı barədə xəbərdarlıq edib.

Əksər sosial media şirkətləri öz platformalarında 13 yaşdan yuxarı istifadəçilərə icazə verir. "Meta"nın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq sentyabr ayında Londonun "Chatham House" beyin mərkəzində çıxışında bu məsələyə toxunmuşdu. O, "Facebook", "Instagram", "Messenger", "WhatsApp" və "Threads" kimi "Meta" məhsullarından istifadənin gənclərin böyük əksəriyyəti üçün müsbət olduğunu bildirib.

"Meta"nın hər hansı qadağalara əməl edib-etməyəcəyini soruşduqda, Kleq belə qadağaların və məhdudiyyətlərin tətbiqinin çətin olacağını deyib.

ABŞ-da 14 əyalət baş prokurorunun açdığı iddialarla üzləşən "TikTok" məhsullarının uşaqlara zərər verdiyi iddialarını rədd edir və onların gördüyü təhlükəsizlik tədbirlərini bəyan edir.

X-in baş direktori İlon Mask və "Snapchat"ın baş direktoru Evan Spiegel bu tənzimləmələri ümumi mənada dəstəkləyir, lakin qadağalarla bağlı dəqiq mövqe nümayiş etdirmirlər. Məsələn, Spiegel iyul ayında ABŞ Senatında qəbul edilmiş Uşaqların Onlayn Təhlükəsizliyi Aktını dəstəklədiyini bildirib.

Norveçin yeni qaydaları 2018-ci ildə qəbul edilən və 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən fərdi məlumatlar qanununu genişləndirəcək. Norveçin Uşaq və Ailələr Nazirliyinin sözçüsü "Business Insider"ə bildirib ki, qanun 2025-ci ildə qüvvəyə minə bilər. Norveçin məlumatları göstərir ki, hazırkı qadağan geniş şəkildə pozulur.
Ətraflı

Rəqəmlər təəccüblüdür: Norveç Media Təşkilatının avqust ayı hesablamalarına görə, 9 yaşlı uşaqların 53 faizi, 10 yaşlıların 58 faizi və 11 yaşlıların 72 faizi sosial mediadan istifadə edir. Məlumatlar Norveçdə 122 məktəbdə 3212 uşaq və 2545 valideynin iştirak etdiyi sorğuya əsaslanır.

Norveçin uşaq və ailə naziri Kjersti Toppe VG-yə verdiyi açıqlamada qanunun valideynlərə uşaqlarını məhdudlaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik ki, qanun valideynlərə yox demələri üçün təhlükəsizlik verəcək. Biz bilirik ki, bir çox insanlar həqiqətən yox demək istəyirlər, amma bacara bilməyəcəklərini hiss edirlər".

Norveç hökumətinin sözçüsü "Business Insider"ə bildirib ki, onlar yaş yoxlaması ilə qaydaları tətbiq etməyi düşünürlər, lakin ilk növbədə sanksiyalar tətbiq etmədən qadağanı həyata keçirəcəklər: "Uşaqları qorumaq valideynlər, texnologiya sektoru və dövlət orqanları arasında ortaq məsuliyyətdir".

Lakin bu təşəbbüsü tənqid edənlər deyirlər ki, sosial media qaydalarını hökumət deyil, valideynlər müəyyən etməlidir. Süni intellekt üzrə ekspert, Osloda yerləşən "Too Easy" texnologiya şirkətinin müəllifi və baş direktoru Tomas Anglero deyir ki, norveçlilər çox güman qaydalara məhəl qoymayacaqlar.

Anglero bildirib ki, Osloda ailələr uşaqlarının idman komandalarını əlaqələndirmək və ya sadəcə söhbət etmək üçün sosial mediadan istifadə edirlər: "Bu qanun adi ailənin fəaliyyətini dayandırır və hamı üçün xaos yaradır. Bəli, uşaqları qorumaq lazımdır, amma daha yaxşı valideynlik texnologiyanı qadağan etməkdən daha yaxşı bir həll olardı. Problem texnologiya deyil, mədəniyyətdir. Norveçin sosial sistemi işləyir, amma valideynlər valideyn olmalı və övladlarını böyütməlidirlər, hökumət yox".

"Verifymy" onlayn təhlükəsizlik provayderinin tənzimləmə işləri üzrə rəhbəri Lina Qazal deyir ki, Norveç qadağanın effektiv olması üçün ağıllı hərəkət etməlidir. Onun fikrincə, hökumət güclü bir sistem yaratmalıdır ki, uşaqlar təsirsiz ola biləcək nəzarətləri asanlıqla keçə bilməsinlər. Bu üsullardan biri hesabın açılması və giriş prosesləri üçün şəxsiyyət vəsiqəsinin fotoşəkili ilə yoxlama tələbidir. Qazal həmçinin vurğulayır ki, e-poçt vasitəsilə yaş təxmini və ya sifətin tanınması ilə yaş hesablanması, daha az narahat edən iki üsuldan istifadə edilə bilər: "Əgər bu hüququ əldə etsələr, daha təhlükəsiz və yaşa uyğun onlayn mühitlər yaratmağı hədəfləyən digər ölkələr üçün güclü model yaradacaqlar".

Bununla belə, digər ölkələr də oxşar ideyaları nəzərdən keçirir. "The Guardian" yazır ki, Avstraliyanın baş naziri Entoni Albanese 16 yaşından kiçik uşaqlar üçün sosial media qadağası üzərində işləyir. Fransa isə fərqli yanaşma nümayiş etdirir və 15 yaşdan kiçik uşaqlar üçün məktəblərdə mobil telefonlara qadağa qoymağa çalışır.
 
Ardını oxu...
Beynəlxalq münasibətlər üzrə ekspert Suren Sarkisyan ABŞ-də keçiriləcək prezident seçkilərin Cənubi Qafqazdakı proseslərə təsiri ilə bağlı Ermənistan mediasına müsahibə verib.

Politoloq Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı Co Bayden administrasiyasının son təşəbbüslərinin gözlənilən nəticələrini şərh edib.

ABŞ Prezidentinin köməkçisi Maykl Karpenterin oktyabrın 21-22-də Azərbaycana və Ermənistana səfərini təhlil edən Sarkisyan bunu Baydeninin sülh müqaviləsi imzalanması üçün sonuncu cəhdi kimi qiymətləndirib:

“Təbii ki, bu region onlar üçün prinsipial olaraq mühüm prioritet deyil, lakin Rusiyanı balanslaşdırmaq nöqteyi-nəzərindən, şübhəsiz ki, ABŞ və onun tərəfdaşları üçün çox vacibdir. Bayden əslində bu təşəbbüsü öz üzərinə götürdü, əhəmiyyətli işlər gördü, həm Ermənistanın, həm də Azərbaycanın hakimiyyət orqanları ilə işlədi.

Təbii ki, Bayden prezidentliyinin son aylarında başlanmış işi məntiqi sona çatdırmaq üçün ilin sonuna qədər sülh sazişinin imzalanmasını təmin etmək üçün hər cür səy göstərir”.

Suren Sarkisyan “Rusiyanın Cənubi Qafqazdakı təsirini bu yolla zəiflətmək məqsədi də varmı?” sualına belə cavab verib:

“Təbii ki, bu, Amerika maraqlarının məntiqinin bir hissəsidir və bu, təkcə şəxsi amillərlə bağlı məsələ deyil. Cənubi Qafqazdakı problemləri həll etsəniz, Rusiyanın burada təsiri azalar. Deməli, bu, həm şəxsi, həm də dövlət maraqlarının təşviqi prosesidir.

Bayden həmçinin, beynəlxalq münasibətlərdə böyük təcrübəyə malik olmasına baxmayaraq, münaqişələrin həllində uğur qazana bilməyən azsaylı prezidentlərdən biridir. Baydenin nə Yaxın Şərqdə, nə də Ukraynada həll edə biləyəcəyi heç bir münaqişə yoxdur. Ona görə də onun başladığı işi öz mirası üçün başa çatdırmaq çox vacib olardı. Başqa bir sual burada Ermənistanın hansı maraqlarının olması və onların nə dərəcədə nəzərə alınması, yaxud alınmamasıdır”.

Suren Sarskiyanın sözlərinə görə, Bayden artıq Azərbaycana qarşı istifadə edəcək təzyiq resursuna malik deyil. Yəni o, bir il əvvəl göstərə biləcəyi təzyiqi bu gün göstərə bilməz.

“O, gedən prezident olduğu üçün bütün xarici siyasət resursları Demokratların namizədi Kamala Harrisin qələbəsinə yatırılır... Seçkilərə qədər gözləyək, onda nə edəcəyimizi anlayacağıq, çünki Trampın qayıdışı bir xarici siyasət məntiqini, Kamala Harrisin seçilməsi isə başqa məntiqi nəzərdə tutur”, - deyə erməni politoloq qeyd edib.

“Kamala Harris müəyyən mənada bu xətti davam etdirəcək. Çünki son 4 ildə o, xarici siyasət də daxil olmaqla, qərarların qəbulu prosesində iştirak edib. Trampın prezidentliyini xatırladıq və gördük ki, Tramp bizimlə o qədər də maraqlanmır.

O, bizə fikir vermədən daha çox Yaxın Şərqə, Ukraynaya və Amerika üçün daha vacib münaqişələrə diqqət yetirəcək. Lakin Kamala da Bayden komandasında olduğu kimi bununla şəxsən məşğul olmayacaq.

Çünki Bayden uzun müddətdir erməni problemləri ilə tanışdır, ermənilərlə işləməkdə böyük təcrübəyə malik olub, 30 il Senatda vitse-prezident vəzifəsində çalışıb və onun iştirakı müəyyən şəxsi motivasiya ilə əlaqəli idi”, -deyə Sarkisyan bildirib. \\Cebheinfo.az
 
Ardını oxu...
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibə verib.

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bir qrup deputat Özbəkistan Respublikasına səfər edib.

Qüdrət Həsənquliyev və həmkarları Şeyxlülislamla birgə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak ediblər.

Həsənquliyev Özbəkistan təəssüratlarını bölüşüb, həmçinin son günlərin ən aktual mövzusu olan cərimələrlə bağlı sualları cavablandırıb. Qeyd edək ki, o, cərimələrin artırılması ilə bağlı fərqli fikirdədir.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Milli Məclisin yeni tərkibi haqqında fikriniz, müşahidələriniz necədir?

- Hələ qanunvericiliyin müzakirəsi ilə əlaqədar olaraq cəmi iki iclas keçirilib. Ona görə yekun söz söyləmək çətindir. Amma yeni seçilən millət vəkillərindən də artıq müzakirələrə qatılanlar və səmərəli təklif verənlər var. Əvvəlcədən də onların içərisindən yaxşı mənada şəxsən tanıdığım hazırlıqlı, siyasi baxımdan yetkin insanlar var. Ümid edirəm ki, yeni parlament əvvəlkindən daha uğurlu fəaliyyət göstərər. Hər halda mən bunu arzulayıram.

- Bu günlərdə Türkistan ellərindəydiniz, Özbəkistandan səfərdən qayıtmısınız. Özbəkistandan Azərbaycan necə görünür və bizə münasibət necədir?

- Özbəkistanda Azərbaycana çox böyük hörmət və diqqət var. Bunu konfransın gedişində də rəsmilərin bizə olan münasibətindən hiss etdik. Prezidentin adından Azərbaycan nümayəndə heyəti üçün ayrıca bir ziyafət verildi. Həmçinin prezidentin Şeyxülislama hədiyyəsi təqdim olundu. Biz bilirik ki, torpaqlarımız işğal altında olanda bu səbəbdən Özbəkistan heç vaxt Ermənistanla diplomatik əlaqələr qurmayan bir neçə ölkədən – digərləri qardaş ölkələr Türkiyə və Pakistan - biri idi. Orda Azərbaycanı çox sevirlər. Azərbaycanlılar da kifayət qədərdir.

Ölkədə böyük bir inkişaf var. Prezident Mirziyoyev müəyyən iqtisadi azadlıqlar verib və bu azadlqlardan istifadə edirlər. Azərbaycan diasporunun təmsilçiləri ilə də görüşmək imkanımız oldu, həmçinin səfirliyin nümayəndələri ilə, səfirlə görüşdük. Onlar da söylədilər ki, Çin, Sinqapur, Türkiyə Özbəkistanda böyük investisiya layihələri həyata keçirir. O cümlədən Emin Ağalarov Bakıdakı “Sea Breeze”də olduğu kimi, Daşkənddə də böyük layihələri gerçəkləşdirməyə başlayıb. Bakıda mənzil tikintisi ilə bağlı böyük problemlər yaradıldığından, Azərbaycanın tikinti şirkətləri müxtəlif ölkələrə üz tutublar, o cümlədən də Özbəkistana. Süni problemlər səbəbindən keçən illə müqayisədə Azərbaycanda mənzil tikintisi 36 faiz azalıb. Bu da ona gətirir ki, evlərin qiyməti aşağı düşmür və tikinti şirkətlərinin bağlanmasına görə nə qədər insan iş yerlərini itirir, büdcəyə vergi daxilolmaları azalır, tikintiyə bağlı sahələr müflisləşir, maliyyə vəsaitləri xaricə çıxarılır. Azərbaycanlılar Özbəkistana investisiya qoymağa başlayıblar. Şəhərin mərkəzi xeyli abadlaşdırılıb. Özbəkələrin gələcəyi ilə bağlı çox nikbinəm. Əhalisinin də sayı artıq 37 milyona çatıb. Azərbaycan-Özbəkistan iqtisadi, humanitar, mədəni əlaqələri daha da inkişaf edə bilər. Dilimiz də çox oxşardır. Bir az diqqətli olanda onları başa düşmək olur, sözlərin kökü eynidir. Əminəm ki, bir neçə ay özbək dilini məişət səviyyəsində öyrənmək üçün yetərlidir. Məsələn, Şeyx həzrətləri orada ali dini təhsil aldığına görə konfransdakı çıxışını da özbək dilində etdi və iştirakçılar tərəfindən çox isti qarşılandı. Eyni millətik. Buradan da ora təyyarə ilə cəmi 2 saatlıq yoldur, çox yaxındır. Əlaqələri inkişaf etdirmək, genişləndirmək lazımdır. Kimlə görüşürdüksə, onlar da arzularını ifadə edirdilər ki, biz daha yaxın olmalıyıq. Musiqimizi çox sevirlər, səsləndirirlər, demək olar ki, çox oxşardır. Azərbaycana münasibət olduqca yaxşıdır və sözün doğrusu, bu, məni çox sevindirdi.

- İnşallah, Turanın qurulması yaxındadır.

- İnşallah!

- Qüdrət bəy, yeni çağırış parlamentin ilk iclaslarında cərimələrin, cəzaların ardıcıllıqla artırılması cəmiyyətdə birmənalı qarşılanmır. Plenar iclasdakı çıxışlarınızda mövqeyinizi bildirmişdiniz və bu tendensiyanın əleyhinə çıxış etmişdiniz. Bu istiqamətdə daha nələri söyləmək istərdiniz? Vətəndaşların cibinə uyğun olmayan cərimələnmələr sui-istifadələrə, yaxud vəziyyəti gərginləşdirmək üçün fürsət gəzən kənar qüvvələrin hərəkətlənməsinə rəvac verə bilərmi?

- Mən cərimələrin artırılmasının əleyhinə səs verdim. Ona görə ki, mən özüm hüquqşünas olduğumdan cəza siyasətinin fəlsəfəsini başa düşürəm. Görürəm ki, bir tarixçi, yaxud başqa sahə üzrə baza təhsili olan biri durub cəza siyasətindən leksiya oxuyur, dərs verir. Millət vəkilləri gərək son dərəcədə məsuliyyətli ola və dərindən bilmədiyi məsələ ilə bağlı danışmağı özünə rəva bilməyə. Mən özüm hüquqşünasam və ixtisasım məhkəmə, prokurorluq, istintaq ixtisası olub, az da olsa, prokurorluq orqanlarında çalışmışam, 5 il Asiya Universitetində cinayət hüququndan mühazirə oxumuşam. Uzun illər ərzində də Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü kimi parlamentdə fəaliyyət göstərmişəm. Cinayətkarlığın öyrənilməsi haqqında kriminologiya elmi var. Daxili İşlər Nazirliyinin Polis Akademiyası da, səhv etmirəmsə, 2017-ci ildə kriminologiya dərsliyi buraxıb. Yüksək peşəkarlıqla hazırlanmış dərslikdir.

Sualınıza cavb olaraq deyim ki, qanun və cəza insanların həyat tərzinə, onların maliyyə imkanlarına, cəmiyyətdə formalaşmış etik və hüquqi baxışlara uyğun olmalıdır. Bu istiqamətdə bir elmi məqalə belə oxumamış adamlar bəzən deyirlər ki, cinayətkarlığa, hüquq pozuntularına qarşı mübarizəni gücləndirmək üçün cəzanı sərtləşdirmək, cərimələri artırmaq lazımdır. Cəzalar o zaman sərtləşdirilir ki, bunu artıq kriminologiya elmi sübut edib – həmin cinayətlərin sayında birdən-birə çox ciddi artım olur. Məsələn, əvvəl törədilən eyni cinayətin sayı min idisə, sonra artıb 4-5 min olur. Bu zaman dövlət həmin cinayət əməllərinə görə cəzaları sərtləşdirir. Yaxud da cinayətlərin ümumi sayında artım olmur, amma təkrar cinayətlərin sayı çoxalır. Məsələn, min nəfər cinayət törətmiş şəxsin 500-ü təkrar həmin cinayəti törədir. Deməli, artıq təyin olunmuş cəza, yaxud inzibati hüquqpozmadırsa, inzibati tənbeh tədbiri kimi tətbiq olunan cərimə, inzibati həbs yetərli olmayıb. O halda qısa bir müddətdə cəzaları sərtləşdirməklə cinayəti səngitmək lazımdır. Amma bunun ardınca cinayəti doğuran səbəb və şərait öyrənilməli, aradan qaldırılmalıdır. Çünki insanlar ağır şərtlərə belə çox tez öyrəşirlər. Orta əsrlərdə İngiltərədə oğurluq cinayətləri artdığından kral oğruların əllərinin meydanda kəsilməsini əmr edir. Bir müddət oğurluq cinayətlərinin sayı azalır, amma az sonra oğrular meydana çox adam toplanmasından istifadə edib elə orada insanların cibinə girirlərmiş.

Cinayətkarlıqla effektli mübarizə cəzaların sərtləşdirilməsində yox, uğurlu sosial siyasətdə və hüquq pozuntusuna görə məsuliyyətin labüdlüyünün təmin edilməsindədir. Hüquq elmi bunu öyrədir. Sərt cəza təkcə ona məruz qalanın yox, həm də onu tətbiq edənin psixologiyasına, mənəvi dünyagörüşünə, davranışına mənfi təsir göstərir, cəmiyyəti qəddarlaşdırır, insan ləyaqətinin və azadlığının dəyərini azaldır. Kriminologiya elmi sübut edir ki, insanların yalnız 20%-i cəza təhdidindən qorxaraq cinayət törətmir. Digərləri qanunları pozmağı öz ləyaqətlərinə sığışdırmırlar, çünki cinayət əməlini anti-əxlaqi hesab edirlər.

- Anlaşılan budur ki, qanunun işlək olacağına əminliyiniz yoxdur...

- Orta əsrlərdə çox sərt cəzalar var idi. Məsələn, insanları ata bağlamaqla dartıb parçalayırdılar, əlini, ayağını, başını kəsirdilər, yaxud qamçı ilə döyürdülər, daş-qalaq edirdilər. Bu tipli ağır cəzalar niyə yığışdırıldı? Ona görə ki, sərt cəzalar cəmiyyəti qəddarlaşdırır. Sonradan da qəddarlaşmış cəmiyyətdə hamı bunun əziyyətini çəkir. Ona görə sivil dünya orta əsr cəzalarından, ölüm cəzasından imtina etdi. Ağır cəzalar yalnız insanlıq, dövlət və şəxsiyyət əleyhinə törədilən xüsusilə ağır cinayətlərə görə tətbiq olunmalıdır.

10 fevral 2017-ci ildə Prezident “cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Sərəncam imzaladı. 20 oktyabr 2017-ci ildə Cinayət Məcəlləsinə əlavə dəyişikliklər edildi, bəzi cinayətlər dekriminallaşdırıldı, bəzi cinayətlərə görə alternativ cəza nəzərdə tutuldu, bəzi cinayət əməllərinə görə cəzalar yüngülləşdirildi. O zaman bunu alqışlayanlar indi eyni müvəffəqiyyətlə cəzaların sərtləşdirilməsinin zəruriliyindən danışırlar. Keçən dövr ərzində sistemli şəkildə cəzalar sərtləşdirilib və inzibati hüqupozmalara görə cərimələr artırılıb. Mən bunun səbəbini onda görürəm ki, biz qanunvericiliklə yanlış olaraq istintaq orqanlarına və inzibati qaydada cərimə tətbiq edən orqanlara imkan yaratdıq ki, onlar topladıqları pulun 25%-ni özlərinin maaşlarının artırılmasına, maddi-texniki bazalarının yaxşılaşdırılmasına sərf etsin. Mən o zaman bunun da yanlış olduğunu söyləmişdim.
 

 

Ardını oxu...
“Azərbaycan Ermənistanın bir neçə mühüm maddələrin hələ də razılaşdırılmadığı sülh müqaviləsi bağlamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Ermənistanın Almaniyadakı səfirinin “Ermənistan sabah da Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır” bəyanatının səmimiliyinə şübhə edir: “Sabah yarımçıq, natamam müqavilənin imzalanması təklifi nəinki real deyil, qəbuledilməzdir, həm də aldadıcıdır. Tərəflər hələ də açıq qalan saziş layihəsinin bir neçə mühüm müddəasını razılaşdırmalıdırlar, onlar olmadan sənəd kobud və natamam olacaq”.

Elçin Əmirbəyov həmçinin qeyd edib ki, sülhə gedən yolda əsas maneə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə hələ də mövcud olan ərazi iddialarıdır ki, bu, Ermənistan Konstitusiyasında öz əksini tapıb: “Ermənistan bu yolla beynəlxalq ictimaiyyəti çaşdırmaq, sülh prosesində konstruktiv iştirak etdiyi barədə yanlış təsəvvür yaratmaq istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini dalana aparır. Aydındır ki, Ermənistan Qərbdən, o cümlədən Aİ, ABŞ və Aİ-nin ayrı-ayrı üzv dövlətlərindən qeyri-məhdud diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirakda bütün marağını itirdi və belə görünür ki, artıq Azərbaycanla sülhə nail olmaq prioritet deyil.

Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan Ermənistanın istənilən yeni rəhbərliyi sazişin Konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu sadəcə olaraq pisləyəcək. Yəni Azərbaycan baş nazir Paşinyanla deyil, Ermənistanla barışmaq istəyir”.
 
 
 
Ardını oxu...
Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan Zəngəzur dəhlizinə qarşı müxtəlif maneələr yaratmağa çalışır. İndiki halda İrəvanın bu layihəyə alternativ olaraq təklif etdiyi “sülh qovşağı” iddiası nəyi ehtiva edir?

- “Sülh qovşağı” sözsüz ki, Zəngəzur dəhlizi ilə eyni anlama gələ bilməz. Çünki Ermənistanın ortaya atmış olduğu “sülh qovşağı” iddiası Cənubi Qafqazın ən böyük imkanlarına malik ölkəsi olan Azərbaycanı kənarda saxlayır. Azərbaycanın beləliklə uzadılmış bir məsafə ilə dünyaya, Avropaya çıxışı iddia edilir. Amma bunun əksinə Azərbaycanın belə çıxış imkanları çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu xüsusda mühüm rol oynayır. Ona görə də, bu yola alternativ üçün əlavə xərclər çəkməyə ehtiyac yoxdur.

- Azərbaycanın əsas şərti və təklifi nədən ibarətdir?

- Bakının daha ucuz və Ermənistanı içərisinə alan təklifi var ki, bu da tarixi Zəngəzur ərazisindən keçən yoldur. Buradan Naxçıvana daha yaxın az maliyyə xərci tələb edən yol-nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi optimal variantdır. Eyni zamanda Nikol Paşinyan Azərbaycanın İran ərazisindən Naxçıvana gediş əldə etmək imkanlarını nəzərə alaraq “sülh qovşağı” kimi iddianı ortaya atıb. Əslində o da bilirdi ki, dünya dövlətlərinin əksəriyyəti İrandan keçəcək tranzitə isti yanaşmayacaq. Bunun əvəzində o öz iddiasının üzərində düşünməyə dəyər kimi bir görüntü yaratmağa çalışdı. Amma bütün bu iddialara rəğmən ən optimal variant Zəngəzur dəhlizinin açılmasıdır.

- Zəngəzur dəhlizinə beynəlxalq miqyasda maraq hansı səviyyədədir?

- Dünyanın da diqqətində olan Orta Dəhliz layihəsinin bir hissəsi olacaq Zəngəzur dəhlizi gec-tez açılacaq. Sadəcə olaraq erməni tərəfinin indiki addımları sülh müqaviləsi bağlamaq və yaxud sülh müqaviləsini bağlamamaq üçün edilən çabalardır.

- Ermənistan parlamentinin spikeri Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını iddia edib. Bu nə dərəcədə inandırıcıdır? Azərbaycanın əsas şərtlərinin necə təmin edildiyi ilə bağlı isə açıqlama verilmir...

- Burada bir neçə əməl edilməsi şərtlər var. Misal olaraq ATƏT-in Minsk Qrupunun proseslərdə olması vaxtı bitib. Minsk Qrupu konfilikt üçün yaranmışdı. Artıq konfilikt yoxdur. Bu halda onu tənzimləyəcək qurumun olub-olmaması danışıqlar predmeti ola bilməz. Sülh müqaviləsində bu məsələni xüsusi bir bənd kimi qeyd etməyə də ehtiyac yoxdur. İki ölkə arasında sülh müqaviləsi imzalansa kənar hansısa bir təşkilatın edə biləcəyi heç bir iş yoxdur. Burada prinsipial məsələləri sülh müqaviləsinin gələcəyi ilə bağlıdır.

- İmzalanacaq sülh sazişi üçün əsas təminat nədən ibarətdir?

- Ermənistanda gələcəkdə hakimiyyətə gələcək qüvvələrin yenidən analoji iddiaları səsləndirməsinə hüquqi bazanın olmaması təmin olunmalıdır. Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycan ərazilərinə iddialar var. İlkin olaraq Ermənistan bu hüquqi aktların və sənədlərin qüvvədən düşməsi ilə bağlı qərar verməli və bunun mexanizmini ortaya qoymalıdır. Hakimiyyətlər dəyişdikdən sonra da Azərbaycana qarşı hər hansı revanşist qüvvə yenidən iddia edib bunu qanuna və konstitusiya istinad edərək əsaslandırmağa çalışmasın. Əsas şərt məhz budur. Digər məsələləri isə zamanla həll etmək mümkündür.
 
Ardını oxu...
Zəngəzurla bağlı İranın narahatlığı qalmaqdadır. Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlindiyini elan ediblər. Razılaşmaya əsasən, Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər.

Bundan başqa, Ermənistan-Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı, Ermənistan hərbçiləri də iştirak edəcəklər.

Xatırladaq ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər. "AzadlıqRadiosu"nun erməni xidməti – “Azatutyun” yazır ki, Moskva ilə əldə olunmuş bu razılaşma artıq may ayından bəri tətbiq olunur. Həmin vaxt Rusiya və Ermənistan liderləri qərara gəlmişdilər ki, Rusiya qüvvələri Ermənistanın müəyyən bölgələrindən tədricən çıxarılacaq, amma Türkiyə və İran sərhədi boyunca mövqelərində qalacaq. Bu proseslər Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra xüsusilə sürətlənib.

İndi İran mediası rəsmilərinə istinadən yazır ki, İranla sərhəddəki Zəngəzur vilayətinə artıq ABŞ-ın iki kəşfiyyat-manevr qrupu üçün mövqelər hazırlanıb və Rusiya sərhədçiləri ərazidən çıxandan sonra amerikalılar ora yerləşəcəklər. İran rəsmiləri hesab edirlər ki, ABŞ kəşfiyyat-manevr qrupları İranın hərbi fəaliyyətini, raketlərin buraxılışını izləyəcək.

Hərbi jurnalist Səxavət Məmməd mövzu ilə bağlı AYNA-ya müsahibəsində deyib ki, Ermənistanla ABŞ arasındakı hərbi əməkdaşlıq, bir neçə dəfə birgə təlimlərin keçirilməsindən sonra Azərbaycan ictimaiyyətində də suallar vardı ki, İran buna niyə reaksiya vermir:

- Hesab edirəm ki, bu vaxtadək İran prosesləri təhlil edirdi və baş verənlərin Tehrana nə qədər zərər verəcəyini hesablayırdı. Düşünürəm ki, İran artıq reaksiya verməyə məcbur qalıb. Çünki İran rahat idi ki, sərhədlərdə Rusiya hərbçiləri mövcuddur və amerikalı hərbçilərin bölgəyə yerləşməsi mümkün görünmür. Artıq Rusiya sərhədçiləri bölgəni tərk edirlər və bu barədə İrəvanla Moskva arasında razılıq əldə edilib. Bununla da İran narahat olmağa başladı və artıq narazılığını bəyan edir.

Tehrandakılar yaxşı anlayırlar ki, Rusiya sərhədçilərinin çıxmasından sonra Ermənistan sərhədçilərinin sərhədlərin qorunmasını öhdəsinə götürməsi boş söhbətdir. Məsələ burasındadır ki, ABŞ-ın kəşfiyyat-manevr qruplarının Ermənistanda ilk təlimləri keçirilən zaman Rusiya tərəfindən iddia edilirdi ki, amerikalı hərbçilər Ermənistanın daha çox İranla sərhədi istiqamətində yerləşirlər. Əslində bu, gözlənilən idi. Bundan əvvəl də bildirilmişdi ki, Amerikanın, NATO-nun Ermənistana yerləşməsi təkcə Azərbaycan üçün yox, həm də region dövlətləri üçündür.

- Baş verənlərə görə İran Ermənistana qarşı hansı addım ata bilər?

- Hesab edirəm ki, İran bu məsələdə heç bir güzəşt etməyəcək. Çünki Tehran əvvəllər də qəti şəkildə bəyan edib ki, ABŞ, NATO qonşu ölkələrin ərazisindən İrana qarşı istifadə edərsə, cavabı sərt olacaq. Açığı indiki məqamda İran-Ermənistan münasibətlərinin pisləşməyə başladığının şahidi oluruq. Erməni politoloqlar, rəsmilər bu barədə həyəcan təbili çalırlar və Tehranla münasibətlərin korlanmasının Ermənistan üçün sərfəli olmadığını bildirirlər. Görünür ki, İran hansısa kanallar vasitəsilə İrəvana mesajlarını ötürüb.

Maraqlıdır ki, Paşinyan Rusiya hərbçilərinin İran sərhədindən çıxarılmasını Ermənistanın müstəqilliyinin möhkəmlənməsi addımı kimi qələmə verir. Amma erməni cəmiyyətinin özü bunu həqiqət kimi qəbul etmir, İran buna inanarmı?! Bütün dünya görür ki, sadəcə Ermənistanda ağa dəyişir, ruslar çıxır, amerikanlar yerləşir. Bu mənada, Tehranın İrəvana qarşı münasibətinin dəyişəcəyi qaçılmaz görünür.

- Prosesin regiona təsirləri nələr ola bilər?

- Onsuz da regionda gərginlik mövcuddur. Hazırda Ermənistan-Azərbaycan arasında gərginlik mövcuddur, sülh sazişi imzalanmayıb. Sülh sazişinin olmaması Cənubi Qafqazda gərginlik ocaqlarının qaldığını göstərir. Hesab edirəm ki, amerikalı hərbi kəşfiyyat qruplarının Zəngəzura yerləşdirilməsi bölgədəki gərginliyi bir qədər də artıracaq. Tehrandakılar açıq şəkildə bəyan edirlər ki, İrana təhlükə yaranarsa, o zaman Zəngəzurdakı nöqtələrə zərbə endirilə bilər. Məncə, bu xəbərdarlıq ciddiyə alınmalıdır. Ümumiyyətlə, əvvəllər böyük dövlətlər, yaxud da elə region dövlətləri İranı o qədər də ciddiyə almırdılar. Hər kəs belə hesab edirdi ki, İran özü haqqında yüksək fikirdədir, İranla bağlı deyilənlər mifdir və s. Amma ayıq başla, eyforiyaya qapılmadan təhlil aparılsa, görünən odur ki, İran təhlükəli dövlətdir və bu dövləti ciddiyə almaq lazımdır.

Hesab edirəm ki, İran İsrailə raket zərbələri endirəndən sonra bir çox dövlətlər İranı ciddiyə almağa başladı. İndi məlumdur ki, İran “vuracam” deyir və vurursa, ən azından vura biləcək hərbi texnikaya malikdir və hərbi gücü var. Ona görə də Zəngəzurdakı nöqtələrin vurula biləcəyini heç kəs istisna etməməlidir.

- Maraqlıdır ki, bir müddət əvvəl İran-Ermənistan dostluğundan bəhs olunurdu, Tehran “qırmızı xətt” adlandırırdı...

- Bilirsiniz, İran Zəngəzur dəhlizini istəmir və “sərhədlərin dəyişməsi “qırmızı xətt”imizdir deməklə buna qarşı olduğunu bəyan edib. Tehran hesab edir ki, Zəngəzur dəhlizinin açılması sərhədlərin dəyişməsidir, Ermənistanla sərhədlərinin qapanmasıdır. Məntiqsiz yanaşma olsa da, İranın düşüncəsi belədir. Ümumiyyətlə, İran üçün Ermənistan anlayışı yoxdur, söhbət Zəngəzur dəhlizindən gedir. Amma sabah Ermənistan ABŞ-da hərbi əməkdaşlığı dərinləşdirsə, Ermənistan ərazisindən İrana təhdidlər yaransa, o zaman Tehran İrəvanı cəzalandırmaqdan çəkinməyəcək. Ola bilsin ki, İran İsrailə zərbə endirməmişdən qabaq ABŞ-ı xəbərdar edir, nədənsə çəkinir. Amma Ermənistanla bağlı hansısa xəbərdarlıq etməyəcək, birbaşa Zəngəzura zərbə endirə bilər. Çünki İranın əsl “qırmızı xətti”nin tapdanması sərhədlərində amerika hərbçilərinin olmasıdır.

Onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazla bağlı İranın əl-qolunu bağlayan Rusiya faktoru olub. İndi əgər Rusiya Ermənistan ərazisindən çıxırsa, Tehran üçün bu faktor artıq yoxdur. Yeri gəlmişkən, İran Amerikanı hər zaman hərbi bazalarının, hərbi obyektlərinin vurulacağı ilə hədələyir. Əgər ABŞ kəşfiyyat-manevr qrupu Zəngəzurda yerləşəcəksə, Ermənistan İranın hədəfi olacaq.
Ardını oxu...
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan prezidenti Salome Zurabişvili bütün Rusiyayönlü qanunları ləğv edəcək.

24News.ge xəbər verir ki, xanım Zurabişvili bu barədə Berlində "Euronews" telekanalına müsahibəsində danışıb.

"Bu seçki ona görə çox vacibdir ki, o, ən azı yaxın gələcəkdə Gürcüstanın Avropa gələcəyinin taleyini və danışıqlara başlamaqla Avropa İttifaqına inteqrasiya yolunun taleyini müəyyən edəcək. Bu seçki faktiki olaraq referendumdur: Avropaya bəli, ya da bir qədər qeyri-müəyyən keçmişə qayıdış".

“Seçkilərin nəticələrini dəyişmək üçün seçkiləri saxtalaşdıracaqlarından qorxmursunuzmu?” sualına Gürcüstan prezidenti belə cavab verib:

"Müxtəlif inzibati resurslardan istifadə etməklə seçki saxtakarlığı artıq məlum hadisədir. Həm də ölçüsü məlumdur. Beləliklə, biz çox yaxşı bilirik ki, proqnozlarımızda 60% (səs) avropapərəst, 40% hakim partiyayadır. Saxtakarlıq fərziyyəsi artıq az-çox bunun üzərində qurulub. Bu rəqəmlərə dövlət xidmətlərində çalışan, işləri ilə bağlı maraqları və ya narahatlığı olan insanlar da daxildir. Deməli, bütün bunlar az-çox məlumdur. Bir şərtlə ki, seçkilər dinc keçsin və əhali indiki kimi səfərbər olsun, nəticə avropapərəstlərin qələbəsi olmalıdır”, - deyə prezident qeyd edib.

Zurabişvili bildirib ki, Gürcüstanın koalisiya hökuməti təcrübəsi yoxdur, ona görə də müxalifətə texniki hökumət qurmağı təklif edir.
"Bu seçkilər ya Avropanı, ya da qaranlığı, Rusiya-Sovet keçmişinə qayıdışı həll edəcək", - Zurabişvili "Bild" nəşrinə müsahibəsində qarşıdan gələn seçkilərlə bağlı deyib. Onun sözlərinə görə, hakim “Gürcü arzusu” partiyası və onun yaradıcısı Bidzina İvanişvili artıq Avropaya can atmır, söz və müxalifət azadlığını məhdudlaşdırır.

“O (İvanişvili) ölkəyə zərər verib, onu zəiflədib, təcrid edib. Aİ-yə namizəd olmağın sevincini yararsız qanunun təbliği pozdu”, - deyən Gürcüstan prezidenti bu yaxınlarda qəbul edilmiş “xarici agentlər” və “LGBT təbliğatı” ilə bağlı qanunları tənqid edib.

Zurabişvili hesab edir ki, hər şey itirilməyib.

“Mən gəncləri, eləcə də ölkənin ucqar rayonlarının sakinlərini seçkilərdə fəal iştirak etməyi xahiş edirəm ki, biz Gürcüstanı Avropa ölkəsi kimi yerləşdirək və gənclərin gələcək miqrasiyasının qarşısını ala bilək”, - deyə prezident bildirib.

Zurabişvili Gürcüstanı Avropa yoluna qaytarmaq üçün 1 il müddətinə ekspert hökuməti yaratmağa çağırıb.

S.Laçın
 

Dünyapress TV

Xəbər lenti