Ardını oxu...
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyan kommunikasiya xətlərinin İranla əldə edilmiş qaydalarla açılmasına tərəfdar olduğunu bildirib. Bu məntiqlə kommunikasiyaların açılması nə dərəcədə real görünür?

- Ermənistan baş naziri hakimiyyətin indiyə qədər olan mövqeyini ifadə edib. Erməni tərəfi kommunikasiya xətlərinin açılmasını və nəzarətin özünün etməsini istəyir. Başqa bir şirkət vasitəsilə burada nəzarətin olmasına da İrəvan etiraz etmir. Ermənistan Rusiyanın nəzarəti ilə Zəngəzur dəhlizinin açılmasını heç bir halda qəbul etmək niyyətində deyil.

- Azərbaycan kommunikasiya xətlərinin bu şərtlə açılmasına razı olacaqmı?

- Bağlı qapılar arxasında gedən müzakirələrdə bu məsələ ətrafında Bakı ilə İrəvan arasında ciddi fikir ayrılığının olduğunu söyləmək olmaz. Tərəflər parametrlərlə bağlı razılığa gələ bilər. Sadəcə olaraq Zəngəzur dəhlizi uğrunda İran, Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı və digər aktorlar arasında mübarizə gedir. Burada prosesi kənardan müşahidə etmək daha əlverişlidir. Rəsmi Bakı məsafə saxlamaqla hadisələri izləyərək Ermənistanın nəhayət məsuliyyəti üzərinə götürməsini gözləyir. İrəvanın verdiyi qərar onun Rusiya, İran, ABŞ və Avropa İttifaqı ilə olan münasibətlərinə təsir edəcək.

- Zəngəzur uğrunda artan siyasi mübarizəyə səbəb nədir?

- Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti, nəqliyyat qovşağı deyil. Bu, Avrasiyanın orta xəttində vacib nöqtələrdən biridir. Yaxın Şərqdə, İran, Suriya, İraqda ciddi dəyişikliklərin olduğu nəzərə alınsa, Zəngəzurun strateji əhəmiyyəti bir neçə dəfə artacaq. Ona görə də, İsrail, ABŞ, Rusiya, Çin, İran və Avropanın bəzi mərkəzlərində bu xətt uğrunda maraqlar kəsişir. Bu xəttə görə, üst-üstə düşən mövqelərlə yanaşı ziddiyyətlər də var.

- Gələn ilin yanvarına qədər rus hərbçilərinin Ermənistan sərhədindən çıxarılması ilə bağlı razılıq əldə edilib. Bölgəyə kənar faktorların gəlməsi ehtimalı varmı? Boşluğa daha çox kimlər can ata bilər?

- Artıq ABŞ Zəngəzurda, Ermənistanda yerləşib. Qərb ölkələrinin hərbi təmsilçiləri də Ermənistanda yerləşməkdədir. Rusiya-Ukrayna müharibəsini fürsət bilərək bəzi Qərb dövlətləri Ermənistanda ciddi şəkildə möhkəmlənməyə can atır. Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında əldə edilmiş razılıq da mühüm gediş hesab edilir. Nəhayət, Paşinyan buna nail olduğunun sevincini yaşayır. O davamlı olaraq bu məsələ ilə bağlı eyhamlı danışırdı. Belə getsə, Ermənistan sərhədlərində, gömrük postlarında da rus hərbiçiləri olmayacaq.

- Bölgə üçün bunun təsirləri necə olacaq? Narahatedici məqamlar nədir?

- Bu, əslində Paşinyanı hakimiyyət gətirənlərin onun üzərinə qoymuş öhdəlik idi. ABŞ-la Rusiya arasında mübarizənin daha da kəskinləşməsi narahatedici məqamdır. Bu isə Ukrayna hadisələrini xatırlada bilər. Hadisələrin siyasi mübarizə müstəvisindən Ermənistan uğrunda yeni müharibənin, hərbi əməliyyatların başlaması səviyyəsinə qədər inkişafı ehtimalı var.

- Yaxın dövr üçün hərbi qarşıdurma gözlənilirmi?

- Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra bu ölkənin İsrail və İranla bağlı qərarları məlum olacaq. Hadisələr dəyişərsə, Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında mübarizənin daha qızışması müşahidə olunacaq.

- Azərbaycanın xarici siyasətdə cinahını dəyişməsi ilə bağlı səslənən fikirlər nə dərəcədə məntiqlidir?

- Bakının xarici siyasəti optimaldır. Bakı ilə Qərb arasında ciddi problemlərin olduğu görünə bilər. Amma Azərbaycanın Qərblə münasibətləri bəzi istiqamətlərdə lazımi səviyyədədir. Vaşinqtonla Bakı arasında da bəzi məsələlərdə ortaq maraqlar var. “Azərbaycanın xarici siyasətində cinahını dəyişib” kimi yanaşmalar əslində məntiqli deyil. Bakı balanslı xarici siyasət aparır. Sadəcə olaraq anti-Azərbaycan mövqeyi yürüdən mərkəzlərə qarşı sərt yanaşmalar sərgilənir. Bu Azərbaycanın prinsipial mövqeyinin nədən ibarət olduğunu göstərir. Ona görə də, strateji məsələlərdə münasibətlər müsbət fonda həllini tapacaq.
 

VİDEO

Ardını oxu...
 

Siyasi analitik və Yerevan Mətbuat Klubunun Fəxri Prezidenti Boris Navasardyan “Çətin sual” proqramına verdiyi müsahibədə MDB-nin Moskva sammitinin nəticələrini, sammitdə əldə olunan razılaşmaları və qəbul edilən qərarları şərh edib.

Navasardyanın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı əldə edilən razılaşma – yəni 1 yanvar 2025-ci il tarixindən etibarən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsində (NBM) xidmət aparmayacağı və nəzarətin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (MTX RA) təhvil veriləcəyi barədə qərar – Yerevandakı siyasi dairələr üçün tam bir sürpriz olub. Bundan əlavə, həmin tarixdən etibarən Ermənistan MTX Sərhəd Qoşunları Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədinin mühafizəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti ilə birgə iştirak edəcək. Bu qərar Ermənistan hökumətinin öz sərhədlərini qorumaq məsələsini əvvəlcədən qaldırmadığı üçün gözlənilməz olub.

Nəticədə, Rusiya FTX-nin Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında (Zəngəzur dəhlizi) nəqliyyat əlaqəsinə nəzarəti həyata keçirməsi məsələsi, 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidenti bəyanatı”nın 9-cu maddəsində nəzərdə tutulduğu kimi, gündəmdən çıxarılıb.

Navasardyanın fikrincə, bu, belə bir sual doğurur: 10 noyabr 2020-ci il tarixli bəyanat rəsmi olaraq yenidən nəzərdən keçiriləcəkmi? Əgər bu, baş verməsə, Rusiya FTX-nin dəmir yolu və avtomobil yolu üzərindəki nəzarəti qüvvədə qalacaq. Bu halda, Putin və Paşinyan arasında əldə olunan razılaşma yalnız Ermənistanın İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə nəzarəti əldə etməsi deməkdir ki, bu da FTX-nin dəmir yolu və avtomobil yolu üzərindəki nəzarətinin davam etməsini istisna etmir. Buna görə də Ermənistan ya bəyanatın mətninin dəyişdirilməsinə, ya da ondan imtina edilməsinə nail olmalıdır.

Əgər bəyanat olduğu kimi qalarsa, Ermənistanın NBM üzərindəki nəzarəti yalnız Aİ ilə viza liberallaşdırılmasına nail olmaq üçün əhəmiyyət kəsb edə bilər. Navasardyan ehtimal edir ki, bu güzəştə cavab olaraq, Moskva Ermənistandan Aİ “müşahidəçilərinin” Azərbaycanla sərhəddəki mandatının uzadılmasından imtina etməsi ilə bağlı razılıq ala bilər. (“Turan” agentliyi)

 
 
 
Ardını oxu...
Rəşad Sadiqov: “Orada oynamaq futbol adına faciədir. Adı futbol meydanıdır, amma asfaltdır”

İllərdir Azərbaycanın uşaq futbolunun irəliləyicəyinə ümid etsək də, aşağı yaş qruplarından ibarət məğlubiyyətləri sıralamaqda davam edir. Və bu gedişlə futbol üzrə əsas yığma komandamızın yaxın gələcəkdə inamlı əllərdə olacağına ümid etmək çətindir. Uşaq futbolunda kifayət qədər həll olunmayan problemlər var. Bir çox mütəxəssislər müsahibələrində çıxış yolları göstərsə də, düzələn heç nə yoxdur.

AYNA “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovun Sportinfo.az-a müsahibəsini təqdim edir:

- Yeniyetmələrlə işləmək çoxmu yorur sizi?

- Düzünü desəm, elə də yorucu deyil. Çünki işləmək özüm üçün də maraqlıdır. Hamısı tanıdığım futbolçulardır. Ötən il U-16-da rəhbərliyim altında oynamış uşaqlardır, bu il U-17-dədirlər. Məşqçi kimi təcrübə toplamaq, nələrisə öyrənmək baxımından akademiyadan başlamaq olduqca vacibdir. Birdən-birə yüksək liqada başlayaraq orada buraxdığın səhvlər bağışlanmaz olur. Akademiyada etdiyin səhvləri görürsən və onları düzəltməyə çalışırsan. Ən vacibi odur ki, yaxşı komandamız var. Həm baxımlı futbol oynayır, həm də nəticə qazanmağı bacarır. Şəxsən işimdən zövq alıram.

- Məşqçilərə narahatlığı futbolçular yaradır, yoxsa valideynlər? Bildiyimə görə, valideynlər məşqçilərin işinə müdaxilə edir. Hansısa tapşırıq, xahiş, minnət...

- Keçən il bir az olurdu. Kimsə kiminləsə söz göndərirdi, zəng etdirirdi və s. Buna görə qətiyyən narahat deyiləm. Çünki öz işimdəyəm və öz doğru bildiyimi edirəm. Hansısa məşqçilər hansısa valideynin xahişini yerə salmaq istəmirsə, ən yaxşısı məşqçilik etməsinlər. Bu üsul futbolumuzu uçuruma aparacaq, nəinki inkişafa. Ötən il eşidirdim, ordan-burdan qulağıma söz çatırdı. Bu il elə bir şey yoxdur.

- Nə deyirlər, nə istəyirlər, hansı formada müdaxilələr olur?

- Uşaqlarına görə narahatlıq keçirirlər. “Mənim uşağım niyə oynamır, niyə az oynayır” – bu və digər formalarda fikirlərini çatdırmaq istəyirlər. Heç bir məşqçi güclü futbolçunu kənarda qoyub, nisbətən zəifi oynatmır. Bu gün kimsə əsas heyətdədirsə, deməli, layiqdir, oynamalıdır. Öz adıma deyirəm, bacardığım qədər bütün futbolçulara şans verməyə çalışıram. Valideyn olub ki, özünə demişəm, övladınızın hər dəfə 90 dəqiqə oynamasını istəyirsinizsə, aparın başqa komandaya. Mənim komandamda kim ən yaxşıdırsa, o da “11-liy”ə düşür. Mənim üçün ədaləti qorumaq, kiminsə haqqına girməmək hər şeydən vacibdir. Futbolçu vaxtı da beləydi, bu gün də eynidir. Valideyn məşqçinin işinə müdaxilə etməyə çalışırsa, səbəbkar məşqçidir.

-Futbolçular gündə maksimum 2 saat nəzarətiniz altında olur. Qalan vaxtlarda onlarla valideynlər məşğul olur. Məşqçi kimi valideynlərə məsləhətiniz, tövsiyəniz nədir, nələrə diqqət yetirməlidirlər?

- 15-17 yaş aralığı uşaqların yetkinlik, çılğınlıq dövrüdür. Uşaqlar evdə onsuz da valideynlərin gözlərinin önündə olur. Bu mənada əsas yük həm də müəllimlərin üzərinə düşür. Günən 6-7 saatını məktəbdə olurlar. Davranış qaydaları, təhsil almaq, rejim, intizam – bunlar daha çox məktəblərdə öyrədilir və ya öyrədilməlidir. 15-20, yaxud 30 il əvvəl necəydi? Futbol oynayan uşaq dərslərini yaxşı oxumurdu. Ancaq indiki vəziyyət fərqlidir. Yaxşı futbolçu olmaq üçün yaxşı təhsil almalısan. “Barselona”nın akademiyasında bilirsiniz necədir?

- Necə?

- Hər həftə futbolçuların gündəlikləri yoxlanılır. Zəif qiymət alanları məşqə buraxmırlar. Bunu etməkdə məqsəd uşaqların yaxşı təhsil almasına nail olmaqdır. Çünki futbol dəyişib, qavramaq, ani qərar vermək, oyun intizamı ön plana keçib. Bunları etmək üçünsə təhsilli olmalısan. Çox ağır dönəmdən – texnologiyanın sürətlə inkişaf etdiyi dövrdən keçirik. Mobil telefonlar, əyləncəli oyunlar, sosial şəbəkələr futbolçuların inkişafına mane olur. Bizim dönəmdə mobil telefon yox idi, məktəbdən gəlib dərslərimizi edəndən sonra məhəllədə futbol oynayırdıq. Az qala hər gün futbol oynayırdıq, topu hiss edirdik, texniki bacarıqlarımızı artırırdıq.

- İndi məhələllərlə maşın və obyekt əlindən tərpənmək olmur. Futbol oynamaq üçün demək olar yer tapılmır...

- Məşqdə 20-30 dəqiqə futbol oynayırsansa, bunun 2-3 dəqiqəsində top səndə olur. Çünki top digərlərinə də ötürülür, ancaq səndə qalmır. Məhəllədə necədir? Həm adam sayı az olur, həm də daha çox zaman qazanırsan. Texnikanı, zərbə vurmaq bacarığını artırmaq üçün yalnız məşqlərdə çalışmaq kifayət etmir. Böyük əksəriyyət ancaq məşqdən-məşqə top görür, futbol oynayır. Çünki vaxtlarını daha çox telefonlarda bilgisayarlarda keçirirlər. Bu da bekarçılıqdan irəli gəlir. Uşağın futbol oynamağa yeri və şəraiti olsa, sizi inandırım, məhəllədən evə gəlməz.

- 2 ilə yaxındır uşaq futbolundasınız və problemlərdən xəbərdarsınız. Maraqlıdır, niyə bizim uşaqlar bir yerə qədər gəlib, ondan sonra yoxa çıxırlar.

- Çox həssas məsələyə toxundunuz. Hamımızın ən yaralı yeridir. Bu problem çalışdığım “Qarabağ”da da var, digər klublarda da. 18 yaşına çatan futbolçular hərbi xidmətə yollanır, ali məktəbə daxil olanlar isə universitetə gedib-gəlir və oranı bitirəndən sonra yenə əsgərliyə gedirlər. 18 yaşında hərbi xidmətə yollanan uşaq ilyarımdan sonra qayıdır və artıq 20 yaşında olur. İlyarım futbolsuz qalmaq, yenidən futbola qayıtmağın nə qədər çətin olduğunu izah edə bilmirəm. Mümkünsüz qədər çətindir. Yaxud 21 yaşında universiteti qurtarıb əsgərliyə gedən və 1 ildən sonra qayıdan. 1 il futbol oynamayan futbolçunu hansı Premyer Liqa komandası götürəcək? Uzaqbaşı gedib əvəzedicilərdə, ya həvəskarlarda, ya da aşağı liqalarda oynayacaq, 1-2 ildən sonra gözdən itəcək. Sırf hərbi xidmət məsələsinə görə hər il yüzlərlə, bəlkə də, minlərlə uşaqları itiririk.

- Çıxış yolu var?

- 15-20 il əvvəl necə idi? MOİK, “Ədliyyə”, “Dinamo” kimi klublar var idi və bu komandalar Premyer Liqada mübarizə aparırdı. Hərbi xidmət dövrü çatan futbolçular məhz bu klublara keçirdi. Hər il 60-70 nəfər bu komandalar arasında bölünürdü və itmirdi. 1 ildən sonra qayıdıb öz komandalarında oynayırdılar. Kənardan adi görünə bilər, amma futbolun inkişafına mane olan qlobal problemdir. Yaxşı olar ki, dövlət səviyyəsində bu məsələyə baxılsın, hansısa qərarlar qəbul edilsin.

- Hazırda sərəncamınızda olan futbolçulardan neçəsini 2-3 ildən sonra “Qarabağ”ın əsas komandasında görmək mümkün olacaq?

- Akademiyada bacarıqlı uşaqlar var. Söhbət təkcə çalışdırdığım U-17-dən getmir, ümumi akademiya adına deyirəm. 2 ildən sonra həmin uşaqların neçəsi burada olacaq, yaxud futbol oynayacaq, bax, bu suala cavab verə bilmirəm. O dərəcədə istedadlı uşaqlar var ki, heç bizdə elə istedad olmayıb. Komandamda bir uşaq var, hamı ona Zaur Tağızadə deyir. İnanılmaz sürətə malikdir, o dərəcədə sürətlidir ki. Təvəllüdü 2008-dir, 2 ildən sonra əsgərlik yaşı çatacaq. Hə, onda nə edəcəyik? Hərbi xidmətə gedib-gəlməklə ilyarım itirəcək və qayıdandan sonra hansı formada olacaq, Allah bilir. Bu sürətə sahib futbolçular dünyaya 10, bəlkə də 20 ildənbir gəlir. Biz məşqçilər bir tərəfə, futbolçu yoldaşları deyir ki, normal adamda belə sürət ola bilməz. Akademiyanın bütün yaş qruplarından ibarət komandalarının futbolçuları qaçış normativi verdi, bu uşaq ən yaxşı göstəriciyə sahib oldu. Nə qohumumdur, nə tanışım. Ötən il başqa klubdaydı, bi il baxışa gəlmişdi, bəyənib “Qarabağ”a götürdük. Halbuki, əvvəlki komandasında lazımi qədər şans qazanmırdı, 5-10 dəqiqə oynayırdı.

- İştirak etdiyiniz liqalarda vəziyyətin ürəkaçan olmadığı barədə çox eşitmişik. Əsas problem nədir, nələrdən narazısınız?

- Meydançaların durumu bizi çox yorur. Vəziyyət bərbad yox, biabırçıdır. Sanki həmin meydanlarda futbolçuları şikəst etmək üçün bilə-bilə oynayırıq. Buna başqa ad tapmıram. Xırdalanda Abşeron Olimpiya Kompleksinin futbol meydanı var, orada oynamaq futbol adına faciədir. Adı futbol meydanıdır, amma asfaltdır. U-17, U-19 kimi komandaların futbolçuları əsas komandaya yüksələcək yaşdadırlar. Onlar niyə asfaltın üstündə oynamalıdır? Təsəvvür edin, orada oynayanda, uşaqlar buts yox, idman ayaqqabısı geyinir. İcazə vermirəm butsla oynamağa. Butsla oynasa, zədələnəcək, məhv olub gedəcək.

- Yalnız həmin stadiondur, yoxsa digərləri də?

- “Zirə”nin akademiya komandaları da rəqiblərini Şağan Olimpiya Kompleksində qəbul edir. Ora da bərbaddır, faciəvi durumdadır. “Şəfa”nın 4-cü meydançası deyilən yer, pis gündədir. 10-12 komandanın 5-6-sının meydanı biabırçı vəziyyətdədir. Biri var qazonun hansısa problemi ola, göz yumasan. Biri də var meydan adına heç nə yoxdur, asfaltdır. Hər dəfə hansısa oyundan sonra mütləq kimsə zədələnir. Bir bu deyil axı.

- Başqa?

- Akademiyaların olmaması. İnkişafdan danışırıqsa, mütləq akademiyalar qurulmalıdır. Uşaqlar bazada qalsa, orada qidalansa, birlikdə daha çox vaxt keçirsələr, daha çox inkişaf edərlər. Problemli məsələlərin özü ayrı mövzudur, saatlarla danışmaq olar.

- Beynəlxalq turnirlərdən kənar qalmağınızın da ciddi problem olduğu deyilir.

- Aparıcı futbol ölkələrinin hamısı bu təcrübədən yararlanır. Nə qədər böyük akademiyaları olsa da, mütləq turnirlərdə iştirak edirlər. İki ay əvvəl U-16 ilə Estoniyada turnirə qatılmışdıq. 4 günə 6 matç oynayıb, hamısında qələbə qazandıq və çempion olduq. Orada “Sportinq”in B komandasını gördük. Maraqlandıq, deməli, Portuqaliyadan çıxıb fasilələrlə bir neçə ölkədə keçirilən turnirlərə qatılırlar. Turnirlərdə özlərini yaxşı tərəfdən göstərən futbolçular əsas komandaların məşqlərinə cəlb olunurlar. İsveç klubunun rəsmiləri ilə söhbətdə il ərzində neçə turnirdə iştirak etdiklərinə dair sual verdik, bizə güldülər. Dedi, biz İsveçdə olmuruq ki, ilboyu turnirlərə qatılırıq. İldə ən azı 10 yarışda iştirak edirlər. Digər tərəfdən, onlar üçün rahatdır. Çünki viza tələbi yoxdur, istədikləri Avropa ölkəsinə avtobusla, qatarla gedə bilirlər. Təyyarə biletləri də çox baha deyil. Bizim üçün çətindir. Hər dəfə təyyarə bileti, otel xərcləri, qidalanma – azı 20-30 min pul gedir. Hər yaş qrupunu ildə 4-5 dəfə göndərməli olsan, görün nə qədər vəsait edir. Belə şeyləri düşünəndə, bəzən klubları da anlayışla qarşılayırsan.

Müəllif: Ayna.az
 
Ardını oxu...
“Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib

Məşhur iş adamı, ifaçı və bəstəkar Emin Ağalarov Kseniya Sobçakın “YouTube” kanalı olan “Diqqət Sobçak”a 2 saatlıq müsahibə verib.

Sobçak və Emin şəxsi təyyarə ilə Azərbaycanın paytaxtına uçub, Bakının mərkəzində olub, təkcə biznes layihələrini deyil, həm də şəxsi həyatı müzakirə ediblər.

Müğənni ölkədə olduğu müddətdə “Telegram”ın yaradıcısı Pavel Durovla görüşdüyünü də bildirib.

Sahibkarın sözlərinə görə, Durov bir neçə gün Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze Resort & Residences”də dincəlib.

Ağalarov deyib ki, özü Durova yaxınlaşıb, onunla görüşüb və söhbət ediblər: “Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib. Mən Qarabağda idim. Yəni bütün ölkəni gəzib. “See Breeze”də bir neçə gün qaldı. Ancaq onun iş qrafikini izləmirdim, çünki onun orada olduğu tarixlərdə mən çox vaxt orada deyildim. Yalnız bir dəfə gördüm, yaxınlaşdım, söhbət etdik. Bilirəm ki, Durov restoranlarda nahar edib, istədiyi kimi sakit vaxt keçirib”.

Qeyd edək ki, Durov avqustun 24-də axşam Bakıdan uçduğu Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.

Sobçakın Emin Ağalarovla müsahibəsinin tam versiyasına buradan baxa bilərsiniz.

 
Ardını oxu...
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi və Azərbaycanın Müqəddəs Taxt-tacdakı ilk səfiri (2005-2017) Elçin Əmirbəyov bu yaxınlarda Vatikanda səfərdə olub.

Diplomat "Faro di Rome” və "Eurasiaticanews” üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibə verib.

TEREF həmin müsahibəni təqdim edir:

- Azərbaycanın ilk səfiri kimi Müqəddəs Taxt-tac qarşısında mandatınızı başa vurduqdan sonra bu gün bu təcrübəni necə qiymətləndirirsiniz və hazırkı səfərinizin məqsədi nədir?

- Əvvəla, Vatikana qayıtmaq həmişə xoşdur, ona görə ki, bu, hazırda Azərbaycanla Müqəddəs Taxt-tac arasında canlı, güclü və səmərəli əməkdaşlıq və qarşılıqlı fəaliyyətə çevrilən bir prosesin başlanğıcı ilə bağlı unikal və xoş xatirələri yada salır. Vatikana ilk səfərimdən təxminən iyirmi il sonra ikitərəfli münasibətlərimizdə əhəmiyyətli irəliləyiş və davamlı inkişafı etiraf etməkdən məmnunam. Vatikanın yaxınlığındakı tarixi Via della Konkord yolunda Azərbaycan səfirliyinin binasından dalğalanan möhtəşəm üçrəngli bayrağımızı seyr etmək mənə xüsusi zövq verir.

Biz şadıq ki, 2022-ci ilin dekabrından Romada iqamətgahı olan Müqəddəs Taxt-tacda akkreditə olunmuş xüsusi səfirimiz var. Bu səfərin məqsədinə gəlincə, bu, qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı məsələlər üzrə dövlətlərimiz arasında davam edən fəal siyasi dialoqun tərkib hissəsidir. Biz bu mövzuya maraq göstərdiyinə və erməni qonşularımızla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təqdim etdiyi sülh proqramını dəstəklədiyinə görə Müqəddəs Taxt-taca minnətdarıq. Bildiyiniz kimi, sülh sazişinin yekunlaşdırılması üçün ölkələrimiz arasında birbaşa ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub və proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb. Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir.

Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək.

- Ölkəniz dini tolerantlıqla tanınır və Müqəddəs Taxt-Tac mürəkkəb dinlərarası dialoqda rol oynayır. Bu sahədə iki dövlət arasında sinerji varmı?

- Həqiqətən, siz haqlısınız. Müxtəlif dini konfessiyaların və konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət, onların ölkəmizdə ahəngdar və dinc yanaşı yaşaması kimi təyin etdiyim dini tolerantlıq Azərbaycanın səciyyəvi əlamətidir, etnik və dini mənşəyindən asılı olmayaraq bütün azərbaycanlıların qürur mənbəyidir. Şərqlə Qərbin kəsişməsində yerləşən geostrateji mövqeyimiz və hər iki sivilizasiyanın dəyərlərini mənimsəmək və dəstəkləmək bacarığımız bizə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında canlı körpü rolunu oynamağa imkan verir. Bu sahədə zəngin təcrübəsi sayəsində Azərbaycan həm Şərq, həm də Qərb tərəfindən çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı fəaliyyət üçün təbii platforma kimi asanlıqla qəbul edilir. Bakı artıq müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi və dərinləşdirilməsinə yönəlmiş hər cür yüksək səviyyəli tədbirlərin, o cümlədən sammitlərin, qlobal forumların və konfransların keçirildiyi əsas beynəlxalq məkan kimi tanınır.

Razıyam ki, bu element Azərbaycan və Müqəddəs Taxt arasında sinerjini artırır və başqaları üçün nümunə ola bilər. Mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə əməli töhfə olaraq, Azərbaycan onilliklər ərzində müxtəlif xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, dünyanın müxtəlif yerlərində qlobal mədəni və dini irsin qorunmasına yönəlmiş çoxlu sayda layihələrin həyata keçirilməsini maliyyələşdirir.

- Həqiqətən də, Azərbaycan burada Müqəddəs Taxt-Tacın mədəni və dini irsinin mühüm himayədarı və maliyyəçisi kimi Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində tanınır. Bizə ikitərəfli əməkdaşlığın bu aspekti, hazırda gündəmdə olan layihələr və onların ölkəniz üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə nəsə deyə bilərsinizmi?

-Bu layihələr bizim ikitərəfli münasibətlərimizin mühüm elementidir və Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında, eləcə də dövlət başçılarımız arasında dərin etimadın və qarşılıqlı hörmətin mövcudluğundan xəbər verir. Azərbaycan Katolik Kilsəsinin qiymətli mədəni və dini irsinin qorunmasına və saxlanmasına töhfə verməkdən qürur duyur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurası, habelə Papanın Arxeologiya üzrə Komissiyası arasında praktiki əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir. Bu uzunmüddətli əməkdaşlıq nəticəsində Xristian dünyasının ən əhəmiyyətli abidələrindən sayılan bir neçə mühüm Roma katakombası, məsələn, Müqəddəs Marselin və Peterin katakombaları bərpa edilərək ictimaiyyətin istifadəsinə verilib. San-Sebastiano katakombalarında çoxsaylı sarkofaqların, Vatikan muzeylərindəki abidələrin, eləcə də Müqəddəs Pyotr bazilikasındakı bəzi artefaktların bərpasını və Vatikan Apostol Kitabxanasında çoxlu sayda əlyazmaların bərpasını da xatırlamaq olar.

Cari layihələrə gəlincə, biz Komodilla katakombalarında bərpa işlərinin ilin sonuna kimi başa çatdırılacağını gözləyirik. Nəhayət, Heydər Əliyev Fondu və Vatikan qubernatorluğu bir ay əvvəl burada yeni saziş imzalayıblar ki, bu da Müqəddəs Pavel Bazilikasının geniş tavan bəzəklərini bərpa etmək və mühafizə etmək imkanı verəcək. Təbii ki, bütün bu layihələr müxtəlif mədəniyyətlərin və dinlərin ahəngdar mövcudluğu ölkəsi kimi imicini daha da möhkəmləndirməyə çalışan Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Biz əminik ki, hər iki tərəf tərəfindən yüksək qiymətləndirilən bu əməkdaşlıq gələcəkdə də uğurla davam edəcəkdir. \\Qaynarinfo.Az
 
Ardını oxu...
İvan Boçarov: “İsrail “Hizbullah”ın liderini məhv edərək Livana qarşı müharibəyə başladı”

Sentyabrın 30-u axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Livanda quru əməliyyatına başlayıb. Yerli jurnalistlərin məlumatına görə, İsrailin zirehli texnikası Metula şəhəri yaxınlığında sərhədi keçib və Livan ordusu yeni sərhədlərə doğru geri çəkilib. Quru əməliyyatı İsrail hərbi hava qüvvələrinin Livan ərazisini bir həftə davamlı atəşə tutmasından və bombardman etməsindən sonra başlayıb.

Məlumdur ki, hava hücumu nəticəsində Livanın radikal “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah da daxil olmaqla bir neçə yüz insan həlak olub, mindən çox insan yaralanıb.

Bu hadisələr 1982 və 2006-cı illərdəki münaqişələrə bənzətməklə artıq Üçüncü Livan müharibəsi adlandırılır. Bununla belə, son vaxtlara qədər İsrailin Baş naziri Benyamin Netanyahu genişmiqyaslı müharibə haqqında danışmağa tələsmirdi: o, hava hücumlarını ölkənin şimal bölgələrini “Hizbullah”ın təhlükəsindən qorumaq üçün “qabaqlayıcı əməliyyat” adlandırırdı, indi isə 20 kilometrlik bufer zonasının yaradılmasının zəruriliyindən danışır.

Rusiya Beynəlxalq Məsələlər Şurasının (RIAC) proqram koordinatoru, şərqşünas İvan Boçarov “Lenta.ru”ya Yaxın Şərqdə baş verənlərlə bağlı müsahibə verib. AYNA sözügedən müsahibəni istinadla təqdim edir:

- Son günlər “Hizbullah”ın demək olar ki, bütün rəhbərliyi, o cümlədən təşkilatın lideri Həsən Nəsrullah sıradan çıxarıldı. “Hizbullah”ın sonrakı taleyi necə olacaq?

- Həqiqətən də “Hizbullah”a ciddi zərbə vuruldu. Hərəkatın ali rəhbərliyi sıradan çıxarıldı ki, bu da hərəkata misli görünməmiş ziyan deməkdir. Sentyabrın 17-18-də peycerlərin və digər rabitə vasitələrinin partlaması nəticəsində orta və kiçik komandir heyətinin üzvlərinin əksəriyyəti həlak oldu, yaxud yaralandı. Bu əməliyyat nəticəsində şübhəsiz ki, təşkilatda koordinasiya və onun idarəolunması pozulmuşdu. Daha kiçik zərbələrdən sonra İsrail ərazisinin necə intensiv atəşə tutulduğunu xatırlamaq lazımdır. Belə ki, iyul-avqust aylarında “Hizbullah” artıq İsrail ərazisinə yüzlərlə raket atmışdı. İndi qarşıdurmanın keyfiyyətcə yeni mərhələsinə baxmayaraq, qrupdan daha ciddi reaksiya müşahidə olunmur. Ola bilsin ki, “Hizbullah” nə edəcəyini, necə reaksiya verəcəyini və mövcud vəziyyəti idarə etməyi hələ tam müəyyənləşdirə bilmir.

- Münaqişənin indiki mərhələsini necə adlandırmalıyıq? “Hizbullah” İsrailin hücumlarını “müharibə elanı” sayıb...

- Son illərdə Yaxın Şərqdə “müharibə” anlayışı bulanlıqlaşıb. İndi müharibəni müharibəsizdən ayırmaq çox çətindir. 2006-cı ildə hər şey aydın idi. “Hizbullah” İsrailin nəzarət-buraxılış məntəqəsinə hücum edərək bir neçə nəfəri öldürdü, daha iki nəfəri girov götürdü. 34 gün davam edən və atəşkəslə başa çatan İkinci Livan müharibəsinin başlamasının səbəbi də bu idi. İndi münaqişə daha da bulanlıqlaşıb. Bu, təkcə Livan-İsrail qarşıdurmasına deyil, bütün Yaxın Şərqə aiddir. İsrailin Suriyaya müharibə elan etmədən zərbələr endirməsi, Türkiyə və İranın İraq Kürdüstanını atəşə tutması bu məntiqə uyğun gəlir. Bu ilin yanvarında İran və Pakistan bir-birinə atəş açdı. Gələcək tarixçilərin Livandakı hazırkı hadisələri necə adlandıracağını söyləmək çətindir. Bəlkə bu, Üçüncü Livan müharibəsi adlandırılacaq, bəlkə də heç müharibə sayılmayacaq.

İDF-nin Livanda quru əməliyyatı başlayana qədər onlar baş verən hər şeyi İsraillə Livan arasında deyil, İsraillə “Hizbullah” arasında qarşıdurma kimi təqdim etməyə çalışırdılar. Lakin İsrail bölmələrinin köçürülməsi və onların Livan ərazisinə yerüstü hücumları yəqin ki, artıq tam hüquqlu müharibə adlandırılacaq yeni mərhələ sayıla bilər.

- İsrail ordusunun Livandakı quru əməliyyatı realdırmı?

- Bəli, son günlər bu ehtimal artıb. İndi “Hizbullah” əvvəlki illərlə müqayisədə mümkün qədər zəifləyib. İsrailin siyasi və hərbi rəhbərliyi bunu “Hizbullah” problemini həll etməsə də, heç olmasa təşkilatı mümkün qədər zəiflətmək üçün yaxşı fürsət hesab edə bilər. Bu, eyni zamanda, İsrail vətəndaşlarına ölkənin şimalındakı evlərinə qayıtmağa imkan verəcək. Onlar ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra “Hizbullah”ın atəşə tutması səbəbindən təxliyə edilmişdilər.

Ancaq unutmaq lazım deyil ki, son vaxtlara qədər Livanda quru əməliyyatı çoxlarına Benyamin Netanyahunun çox da məntiqli olmayan addımı kimi görünürdü. İsrail Qəzza zolağı problemini hələ həll etməyib: ordu uzun müddət orada qalıb, HƏMAS müqavimət göstərməkdə davam edir və s. Livanla “yanan cəbhə” var idi və bu cəbhənin “buzunu” əritmək istər “Hizbullah”ın özü, istərsə də İsrail üçün sərfəli deyildi.

İndi görünür, Netanyahu Livan cəbhəsini “dondurmaqla” və İranın əsas müttəfiqinə kifayət qədər ağrılı zərbələr endirməklə bəzi siyasi problemləri həll edir.

- İsrail Müdafiə Qüvvələrinin komandanlığının quru əməliyyatını dəqiq necə həyata keçirəcəyi artıq məlumdurmu?

- Çox güman ki, əməliyyat məhdud olacaq. Ola bilsin ki, İsrail Qəzza zolağında hərbi əməliyyatın əvvəlində tətbiq etdiyi taktikaya, yəni hədəfli reydlər keçirməyi seçəcək. Qoşunlar hansısa əraziyə daxil olub tapşırığı yerinə yetirib öz mövqelərinə qayıdacaqlar.

Ancaq tam miqyaslı işğal hələ müəyyən deyil. “Hizbullah”ın döyüş effektivliyi hələ də çox yüksək olaraq qalır. Və burada mən IDF üçün müəyyən risklər görürəm.

- İsrail hakimiyyəti Livanda hansı məqsədlər güdür?

- Göründüyü kimi, İsrailin Baş naziri Benyamin Netanyahu daxili siyasi problemləri həll edir. Əvvəlki müharibələrin təcrübəsi - məsələn, 1973-cü il Yom Kippur müharibəsi - göstərir ki, İsraildə münaqişədən sonra nəyin səhv getdiyini, niyə uğursuzluqların olduğunu və onların baş verməsinə kimin icazə verdiyini araşdırmaq üçün xüsusi komissiya yaradıla bilər. Aydındır ki, ötən il oktyabrın 7-də baş vermiş terror aktı məhz İsrail təhlükəsizlik qüvvələrinin uğursuzluğu idi. Düşünürəm ki, Netanyahu anlayır ki, hərbi əməliyyatların sonunda ona suallar veriləcək. Ola bilsin ki, o, “Hizbullah” liderlərini sıradan çıxararaq, hərəkata ağrılı zərbələr vurmaqla əlavə siyasi xallar qazanmağa çalışır.

- İsraillilər Netanyahu hökumətinin Livandakı hərəkətlərini necə qiymətləndirir?

- Təbii ki, İsraildə Həsən Nəsrullahın məhvinə sevinməyə bilməzlər. Nəsrullah “Hizbullah”ın yaradılmasının əsas təşəbbüskarı və icraçısıdır. Eyni zamanda, 1992-ci ildən təşkilata rəhbərlik edib və bütün “müqavimət oxu” – İran və onun müttəfiqləri üçün çox mühüm fiqur olub. Ona görə də onun aradan götürülməsi təbii ki, cəmiyyətdə müsbət qarşılandı. Ancaq bu, digər sualları aradan qaldırmır. Məncə, İsrail cəmiyyəti xüsusilə HƏMAS-ın Qəzza zolağında saxladığı girovların geri qaytarılmamasından narahatdır. Bu problem hələ də həllini tapmayıb.

- İsrail daim Hizbullah hədəflərinə hücum etdiyini vurğulayır, lakin bura Livan ərazisidir. Livan hökumətinin buna cavabı nədir?

- Təbii ki, hökumət buna son dərəcə mənfi reaksiya verir. Çünki Livan hökuməti haqlı olaraq “Hizbullah”ın yerləşdiyi cənubu özünün suveren ərazisi hesab edir. Bir sıra rəsmi açıqlamalar verildi. Livan vəziyyəti həll etmək üçün BMT-yə müraciət edib.

Livanda iqtisadi vəziyyət hazırda çox ağırdır. Əvvəllər o, “Yaxın Şərq İsveçrəsi” adlanırdısa da, indi deyəsən, bu ölkəni “ikinci Suriya” adlandırmaq daha düzgün olardı. Demək olar ki, Livan fəlakət olmasa da, çox dərin böhranın astanasında olan bir dövlətdir. 2019-cu ildə ölkə defolt yaşadı. İqtisadi problemlər o vaxtdan yığılıb qalıb.

Beyrutun və digər şəhərlərin bombalanması ölkədəki iqtisadi və ictimai-siyasi vəziyyətə mənfi təsir göstərir. Təbii ki, hökumət baş verənlərdən şokdadır və İsraili dayandırmaq üçün nəsə etməyə çalışır, diplomatik vasitələrdən istifadə edir.

- “Hizbullah” ilə Livan hökuməti arasında münasibətlər necədir?

- “Hizbullah”ı sözün ənənəvi mənasında çətin ki, qeyri-dövlət aktoru adlandırmaq olar. Bunlar təkcə Livanın cənubuna nəzarət edən və hökumətin rəyindən asılı olmayaraq, müstəqil fəaliyyət göstərən silahlı qruplar deyil. Təbii ki, onlar öz hərəkətlərini Livanın siyasi rəhbərliyi ilə heç bir şəkildə əlaqələndirmədilər. Amma eyni zamanda, “Hizbullah” həm də parlamentdə və hökumətdə mövcud olan və Livanın yürütdüyü siyasi, iqtisadi kursa təsir edən siyasi strukturdur. Bu, dövlətin siyasi sisteminin bir hissəsi olan, eyni zamanda, mərkəzi hökumətlə koordinasiya olmadan fəaliyyət göstərən çox unikal bir qüvvədir.

- İran hansı şərtlər altında birbaşa Livan münaqişəsinə girə bilər?

- Təbii ki, bu ehtimalı tamamilə istisna etmək olmaz, lakin İranın birbaşa iştirakı hələ ki, mümkün deyil. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani bu yaxınlarda bildirib ki, Livan müstəqil dövlətdir və təkbaşına “sionist təcavüzü”nə müqavimət göstərməyə qadirdir. İran mənə elə gəlir ki, indi böyük reputasiya itkisinə məruz qalır. İsrail göstərdi ki, “Hizbullah”ın İrandan aldığı qeyri-rəsmi təhlükəsizlik təminatları nəticə vermədi və onu hədələrlə dayandırmaq mümkün deyil.

- Bəs İran niyə belə davranır?

- İranın özü indi iqtisadi və sosial-siyasi problemlərlə üz-üzədir. Orada ağır iqtisadi vəziyyət hökm sürür, ona qarşı böyük sanksiya təzyiqi var. Maraqlıdır ki, Livanın bombalandığı günlərdə İran Prezidenti Məsud Pezeşkian BMT-də çıxış edərək nüvə sazişinə qayıtmaq, yəni bunun müqabilində ABŞ-la İrandan sanksiyaların götürüləcəyi ilə razılaşmaq niyyətində olduğunu bəyan etmişdi. İndi mənə elə gəlir ki, İran hakimiyyətini daha çox narahat edən də budur.

İranın siyasi elitasında, təbii ki, İsrailə sərt reaksiya verməyə çağıran şəxslər var. Amma ölkənin buna hazır olduğuna əmin deyiləm. Çünki İsraillə birbaşa hərbi qarşıdurma demək olar ki, ABŞ-la müharibə demək olacaq. Əsas odur ki, İsrail İrandan uzaqdır. İsrail ərazisinə raket hücumları, əvvəllər olduğu kimi, əsasən İordaniya da daxil olmaqla bəzi ərəb ölkələri də daxil olmaqla hava hücumundan müdafiə vasitələri ilə dayandırılır. İranın Suriyada qüvvələri var, lakin onlar İsraili məğlub etmək üçün kifayət deyil. Amma İsrail İrana ciddi ziyan vura bilər. Bunu Livanda peycerlərin partlaması timsalında gördük. Livanda partlayışdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəzi məlumatlara görə, İsrail agentlərini müəyyən etmək üçün yoxlamalara başlayıb. İran bu əməliyyatdan çox həyəcanlandı. Nəhayət, əgər İsrail “Hizbullah”a qarşı bu addımı atıbsa, nəzəri olaraq bu həm SEPAH, həm də İran Silahlı Qüvvələrinə qarşı həyata keçirilə bilər. Buna görə də İran hər cür yolla müharibəyə girməkdən çəkinir.

- Livanda baş verənlər İsrailin HƏMAS-a qarşı əməliyyatlarına necə təsir edir?

- Qəzza zolağında vəziyyət son bir neçə ayda çox dəyişməyib. Əlbəttə, İsrail artıq HƏMAS təşkilati strukturunun məhv edilməsi barədə məlumat verib, lakin mərkəzsizləşdirmə və ayrı-ayrı bölmələrin muxtariyyətinin artırılması çox vaxt terror üsullarından istifadə edən təşkilatların düşünülmüş strategiyasıdır. İndi HƏMAS-ın əsas döyüş bölmələri batalyonlar deyil, müqavimət göstərməyə davam edəcək kiçik birliklərdir. Ümumiyyətlə, HƏMAS döyüş qabiliyyətini qoruyub saxlayır. Təşkilat sadəcə yeni şərtlərə uyğunlaşdı. Qəzzanın tunel infrastrukturuna nəzarəti davam etdirir, girov saxlayır və eyni zamanda, Qətər və Misirin təmsil etdiyi vasitəçilər vasitəsilə İsraillə ara-sıra danışıqlar aparır.

Amma hərəkatın Qəzza zolağında populyarlığı son aylarda azalıb. Qəzza zolağında insanlar keçən il oktyabrın 7-də HƏMAS-ın hücumunu mülki infrastrukturun məhvinə və saysız-hesabsız mülki şəxsin ölümünə səbəb olan səhv kimi qiymətləndirirlər. Livan ətrafında baş verən hadisələr Qəzza zolağında vəziyyəti kökündən dəyişməyib. Bu, əlbəttə ki, İsrailin müəyyən resurslarını gərginləşdirir, lakin IDF hər iki cəbhədə fəaliyyət göstərməyə çalışır. Bununla belə, HƏMAS-ı məhv etmək mümkün deyil. Çünki burada söhbət ilk növbədə, İsraildə məhv edilməsi barədə vaxtaşırı xəbər verilən batalyonların sayından yox, ideologiyadan gedir.

- Münaqişənin Yaxın Şərqin digər ölkələrini də əhatə etməsi ehtimalı nə dərəcədədir?

- 1970-ci illərdə ərəb dövlətləri ardıcıl və koordinasiyalı şəkildə enerji böhranı yaratdıqda İsrailə qarşı çıxan eyni vahid cəbhə artıq yoxdur. O vaxtdan bəri vəziyyət çox dəyişdi. Əvvəlcə Misir İsraillə, daha sonra İordaniya ilə sülh müqaviləsi imzaladı. 2020-ci ildə isə birdən üç ölkə - Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Mərakeş “İbrahim sazişi”ni imzaladılar. Danışıqlara da Sudan rəhbərlik edib. Hətta ənənəvi olaraq müsəlmanların himayədarı kimi çıxış edən Səudiyyə Ərəbistanı da İsraillə qeyri-rəsmi, ictimai olmayan əlaqələr qurub. Bütün bunlar İsrailin regional təcridində sıçrayış idi.

Fələstin müqavimətinə dəstəyin ritorik səviyyədə qalmasına baxmayaraq, indi ərəb ölkələri daha çox İsrail və HƏMAS arasındakı münaqişədən uzaqlaşmağa çalışırlar. Bəzi ərəb ölkələri hətta HƏMAS-ı qınadılar: məsələn, BƏƏ birbaşa HƏMAS-ın günahkar olduğunu bildirdi. Aprel ayında İran ilk dəfə İsrailə birbaşa hücum edəndə bəzi ərəb ölkələri öz hava hücumundan müdafiə sistemlərindən istifadə etdilər. Ərəb ölkələrinin elitaları İsrailə qarşı kifayət qədər rəğbətlə yanaşırlar. İsrail digər məsələlərlə yanaşı, ərəb ölkələrinin milli iqtisadiyyatlarını modernləşdirməsi üçün çox zəruri olan texnologiyalarını paylaşmağa qadir olan potensial ticarət və iqtisadi tərəfdaş kimi görünür.

- İsrailin digər qonşusu Suriyadan danışsaq, bu ölkə Livana dəstək verə bilərmi?

- Suriyanın özünün çoxlu problemləri var. Hökumət ölkənin üçdə ikisinə nəzarət edə bilmir. ABŞ orada hərbi mövcudluğunu qoruyur. Kürd problemi həll olunmayıb, İdlib əyaləti isə Türkiyəyə yaxın müxalifətin nəzarətindədir. Ölkədə ağır iqtisadi vəziyyət var. Livandakı son hadisələrin göstərdiyi kimi, İsraillə müharibə Suriya hakimiyyəti üçün siyasi intihar və ola bilsin ki, fiziki intihar olar. Suriya ərazisində yerləşən heç bir iranpərəst birləşmə vəziyyəti xilas etməyəcək. Ümumiyyətlə, indi kiminsə Livanın müdafiəsinə qalxması ehtimalı çox azdır.

- Münaqişənin sülh yolu ilə həlli üçün nə lazımdır və döyüşlər hansı halda başa çata bilər?

- Hələlik mən atəşkəs üçün heç bir perspektiv görmürəm. Bunun baş verməsi üçün daxili şərait yetişməlidir. Qəzza zolağında İsrail öz məqsədlərinə nail ola bilmir: HƏMAS məhv edilməyib, girovlar azad olunmayıb, baxmayaraq ki, zolağın ərazisi İsrailin nəzarətindədir və bir neçə aydır dəyişməyən nisbi status-kvo formalaşıb.

Livan-İsrail qarşıdurması ilə bağlı isə vəziyyət tamam başqadır. İsrail hakimiyyəti qalib çılğınlığa düşə bilər. Onlar “Hizbullah”a qarşı bir neçə irimiqyaslı və çox ağrılı təxribat aktları həyata keçirməyə və qrupun demək olar ki, bütün yüksək rəhbərliyini məhv etməyə nail oldular. İsrail rəhbərliyi çox güman ki, indi dayanmağa ehtiyac olmadığına inanır və bəlkə də hazırkı vəziyyəti “Hizbullah”ın döyüş potensialını əhəmiyyətli dərəcədə sarsıtmaq üçün ən yaxşı məqam kimi qəbul edir.

İsraili nəyin dayandıra biləcəyini təxmin etmək çətindir. Hələ ötən ilin oktyabr-noyabr aylarında İsrail “Hizbullah”ın hücumundan ehtiyat edirdi. Bəzi məlumatlara görə, İsrail qabaqlayıcı zərbə endirmək variantını nəzərdən keçirib, lakin ABŞ İranın müharibəyə cəlb oluna biləcəyindən ehtiyat edərək onları dayandırıb. İndi İsrail əmindir ki, İranın müdaxiləsi böyük ehtimalla baş tutmayacaq. Bu baxımdan, indi İsrailə danışıqlar üçün və ya heç olmasa müvəqqəti atəşkəs üçün kimin və nə təklif edə biləcəyi bəlli deyil.

- ABŞ hazırda münaqişədə hansı rol oynayır?

- ABŞ avqust ayında Yaxın Şərqdə hərbi varlığını artırmağa başlayıb. Onlar bölgəyə bir sualtı qayıq və iki daşıyıcı zərbə qrupu göndəriblər. İsrailə Vaşinqtondan təhlükəsizlik zəmanətlərini belə verilir.

Eyni zamanda, ABŞ İrana işarə edir ki, bu münaqişəyə qarışmağa dəyməz. Həmçinin ABŞ-ın vasitəçilik potensialı da çox yüksək deyil. Birləşmiş Ştatlar bəzi təhlükəsizlik təminatları verə bilər, lakin İsrail hazırda onları dinləmir.

- Bəs Rusiya münaqişəni dayandırmaq üçün nə edə bilər?

- Mümkün vasitəçilərin, o cümlədən Rusiyanın potensialı mənə elə gəlir ki, hazırda kifayət qədər məhduddur. Müharibə edən tərəflərə bir-birini öldürməmək üçün nə təklif oluna biləcəyi tam aydın deyil. HƏMAS və “Hizbullah” ilə siyasi əlaqələr saxlamaq Rusiya diplomatiyasının mühüm üstünlüyü hesab olunurdu. Bu, sözügedən təşkilatlarla İsrail arasında mümkün danışıqlar zamanı istifadə oluna biləcək bir aktiv kimi qəbul edilirdi. Amma ötən il oktyabrın 7-də İsraildə baş verən terror aktından sonra mənə elə gəlir ki, bu aktivin dəyəri azalıb. Bu, Rusiyanın mövqeyinin Fələstin probleminə İsrail baxışından fərqli olması ilə bağlıdır.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Lent.az-ın müsahibi müğənni Məcid Şamiloğludur

- Məcid bəy, öncə istərdim özünüz haqqında oxucularımıza məlumat verəsiniz.

- Gəncəliyəm. İlk ali təhsili ailəmin istəyi ilə Cəncədə ekologiya üzrə almışam. Musiqiyə yönəlməyimi istəmirdilər. Amma uşaqlıqdan musiqiyə, ədəbiyyata böyük həvəsim olub. 4 şeir kitabının müəllifiyəm. 1999-cu ildə Gəncə Dram teatrında “Yaralı ruhun nəğməsi” adlı dram əsərimi səhnələşdirmişdilər, Pedoqoji Universitetdə yaradıcılıq gecəm keçirilmişdi. Zaman keçdikcə içimdəki sənət xiffəti məni Bakıya gətirdi. Əvvəllər yazar kimi dövlət kanallarına dəvət edirdilər. Bakıya gəldikdən sonra qısa bir müddət İrəvan teatrında, sonra Şuşa Musiqili Dram Teatrında işlədim, müxtəlif səpkili rollar yaratdım. Musiqili Teatrda səsin olmadan oxuya bilməzsən, mikrofonsuz səsin 500 nəfərlik auditoriyaya yayılmalıdır. Yəni bəziləri kimi səhnəyə “astanovkadan” yox, elə mədəniyyətdən, səhnədən gəlmişəm. Sonra 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini qırmızı diplomla bitirdim. Rejissorluğu seçdim, çünki bu sənət özündə bir çox şeyləri ehtiva edir, daha əhatəlidir. Müəllimlərim mənim qalıb müəllim kimi işləməyimi istəyirdilər. Hətta Vaqif Gərayzadə deyirdi ki, biz auditoriyaya Məcidə görə giririk, çünki başqa oxuyan yox idi. Sonra musiqi təhsilimi də tamamladım, özəl müəllimlər tutdum. Əsas istedaddır, səsdir, o olmadan mümkün deyil, quyuya su tökməklə olmaz.

- İndi populyar olmaq, tanınmaq 20 il öncəkindən qat-qat asandır. Səsi olan da oxuyur, olmayan da...

- Elə əldəqayırma müğənnilərin mahnıları bir iki dəfə səsləndikdən sonra unudulur. Trendə saldırırlar özlərini müxtəlif yollarla, bunun da şahidi olmuşam. Populyarlaşmaq çox asandı, amma zirvədə qalmaq, gerçək izləyici sevgisini qazanmaq çox çətindir. Savadlı musiqini ən bisavad dinləyici də xoşlayır.

- Bir ara sizin haqqınızda da maqazin proqramlarında danışarkən rəqibləriniz “aşpaz” demişdilər. Niyə?

- Həyatımın ən böyük səhvlərindən biri, bu günə qədər də özümü bağışlaya bilmədiyim bir məqamla bağlıdır bu. Bəlkə də başqa yolum yox idi, o addımı atdım, heç bir halda bunu özümə bağışlamıram. Kifayət qədər tanınmış, vokal aktyor olduğum halda daha azına razılaşdım. ATV kanalından “Süfrəmiz” verilişinə bölgədən gələn sənət adamı kimi qonaq qismində getdim. Bir həftə sonra həmin kanal məni layihə rəhbəri kimi işə dəvət etdi. Özüm də çaşdım qaldım. Layihə rəhbəri oldum və yaradıcılıq qaldı kənarda. Mən o zaman maddi imkanlara görə buna məcburdum.Yəni süfrə verilişinə görə bu ifadəni işlədiblər. Həmin ərəfədə atamı itirmişdim, teatrdan çıxmışdım, anam xəstə idi, onu da itirmək qorxusu yaşayırdım. Hər ikisini bir ilin içində itirdim. İşləmək lazım idi.

- Tək övlad idiniz?

- Yox, 6 bacı-qardaşıq. Amma bu evin işığı o biri evə düşmür (hüznlənir). Hamı sağ olsun öz evində. İnsan özü üçün nəsə eləməsə, başqası ona edən deyil. Bu səbəblə həmin kanalda işləməyə məcbur oldum. Layihə bitdiyi ərəfədə “Space” kanalında “Günaydın” verilişinə redaktor kimi dəvət aldım. Bax, bunları həyatımın səhvi adlandırıram.

- Siz Azərbaycanda kazino mədəniyyətinin yaradıcısı sayılırsınız. İstərdim bu barədə də danışaq...

- Arzum var idi ki, Türkiyənin klassik kazino-səhnə mədəniyyətini bizdə də yaradım. Yəni, Zeki Mürenin, Bülent Ersoyun gənclik illərinin keçdiyi o kazinolar kimi. Bu məkanların öz dress kodu olur, çox mədəni bir mühitdən söhbət gedir. Bir restoran tapdım, oranı sıfırdan yaratdım. Sağlamlığım da getdi, gəncliyim də. 8 il orda fəaliyyət göstərdim. İstədiyimi yaratdım. Amma kazinonun idarəçiliyi həm mənim, həm də başqa insanın əlində idi. Mən buranı mədəni sənət mühiti kimi saxlamağı düşünürdüm, o qazanc əldə etməyi fikirləşirdi. Açığı, puldan başqa da arzuları vardı. Mənim təqdim etdiyim tərəfdən gələn gəlir hətta daha çox idi, amma o buranı bir əxlaqsızlıq yuvasına çevirməyə çalışırdı. Mən daha hörmətli, daha namuslu, daha mədəni mühit arzusundaydım, o isə... Ağanın malı gedir, nökərin canı. Məni 8 il ciddi rejimli ağır cəzaçəkmə müəssisəsində saxladı. Heç yerə getməyə qoymadı. Gələn təklifləri də hədə-qorxu ilə geri qaytarırdı.

- Müqavilə bağlamışdınız?

-Yox.

- Niyə bu istismara razı olurdunuz?

- Dostluğumdan istifadə etdi. Həm sirdaş, həm dost, həm rəhbər idi. Bu gün dörd böyük məkan var ki, onlar mənim adımı vermək, mənim rəhbərliyim altında çalışmaq istəyirlər. Yaxın günlərdə adımı daşıyacaq məkanın açılışı olacaq, orada mən öz janrımı nümayiş etdirəcəm. Məcid Şamiloğlu adını sevənlər gələcəklər. Düzünü desəm, adım üstündə rəqabət var. Birinə iki il öncə söz vermişdim, alınmırdı, bir başqası daha tez tərpəndi, ona görə zənglərini açmağa bir az hətta utanıram. Türkiyədən, Kərkükdən, İsraildən xüsusi qonaqlar məni dinləmək üçün gəlirlər. Kərkükə getsəm, yəqin fəxri ad verərlər mənə?

- Bəs niyə getmirsiniz?

- Səhhətim yol vermir. Təyyarə qorxum var. Əvvəllər uçmağı sevirdim, indi panik atak yaşaranır məndə. 3 il bundan qabaq bacım uşağının xeyir işinə getmişdim. Təyyarədə halım dəyişdi, hətta trapın qabağına təcili yardım maşını gətirdilər. Dedilər ağır nevroz yaşamısan.

- Nədən qalıb bu travma?

- Nələr yaşamamışam ki, böyük itkilərim oldu. Anamı-atamı bir ilin içində itirdim. Çox ağır yaşadım bu itkini. Valideynlərimə çox bağlıydım.

- Ailəlisiniz?

- Ailəliydim. 2000-ci ildə onu da itirdim. Xanımım 9 aylıq hamiləydi, övladım da, o da həlak oldu. Heç bir dərd unudulmur sadəcə bir az köhnəlir.

- İkinci dəfə həyatınıza kimisə almadınız?

- Yox. Ala bilmədim (gözləri dolur). Bildiyiniz bunlardır, bilmədiyiniz çox yaram var.

- Sanki bir xəyanət, kürəyinizə bir bıçaq yarası almısınız. Belə hiss etdirirsiniz?

- “Keçmişim film kimi gözümün önündən keçir” deyimini indi dərk edirəm. Dərdli deyingən olar. Elə şeylər var ki, bağışlaya bilmirəm. 2013-cü ildə anam ölümündən öncə Gəncədəki mülkümüzü mənim adıma keçirmişdi. Sonradan xəbər tutdum ki, həmin evi böyük qardaşım keçirib öz adına. Halbuki imkanları var, Moskvada yaşayır, ticarətlə məşğuldur, 20 belə ev ala bilərdi. Anama da çox çəkdirdi.

- İndi necədir dolanışığınız?

- Min şükür qazanım qaynayır. Yuxarı baxıb fikir etmirəm aşağı baxıb şükür edirəm.

- Müğənni kimi fəaliyyətə başlayanda sizə kimsə dəstək oldu?

- Qətiyyən yox. Əksinə, qabağımı kəsənlər, yolumu bağlayanlar oldu. Məşhur müğənni olub ki, işlədiyim məkanın rəhbərinə deyib, o bu məkana gəlsə venamı kəsib sizi zibilə salacam. Axirət dünyasında əlim yaxasında olacaq. Sənətçidən sənətçiyə dost olmaz. Harda görünüb bu? Allah rəhmət eləsin Cavanşir Məmmədova, məclisdə, efirdə söz düşəndə haqqımda xoş sözlər deyib.

- Ürəyində sizə qarşı qurdu olanlarla necə mübarizə aparmısınız?

- Heç nə. Keçi ölməyincə qoturu sağalmaz. Qozbeli heç qəbir də düzəltmir.

- Sizin ifanızda əsasən türk muğənnilərinin mahnılarını eşidirik...

- Şəxsi mahnım yoxdur. Bülent Ersoyun səsinə lap gəncliyimdən heyran olmuşdum, səsini sevirdim, üzünü görməmişdim. Çox sonralar onları tanıdım. Bəhrələndim, amma özümü oxşatmadım. İzlə gedənin izi olmaz. Çoxları onun eqosunu götürüb, ona bənzədir özünü. Bülent psixopat adamdı. Güllələdilər, bir böyrəyini çıxardılar, cinsini dəyişdi, Zeki Müren gününü qara eləmişdi, psixə çevrildi. Nəyinə oxşadırsınız özünüzü? Türk mahnıları ilə bağlı bir dəfə efirdə başıma maraqlı hadisə gəlib. Aparıcı sual verdi ki, ən sevdiyiniz mahnının adnı çəkə bilərsiniz? Dedim “Zorundamıyım?”. O da təəccübləndi, dedi yox, demirsiniz deməyin. Dedim mahnının adıdı zorundamıyım. Eyni hadisə bu mahnının müəllifi Dilbər Ayın da başına gəlmişdi. Mən türkcə danışmıram, mahnı oxuyuram, axı elə kobud cavab verməzdim.

- Ulduzların bir çoxu qəsdən səhnəyə gec çıxır. Buna necədir münasibətiniz?

- Bir yerə gecikəndə dəhşətli dərəcədə pis oluram. Ayıb kimi gəlir mənə. Çıxış etdiyim məkanda səhnəyə gec çıxan ulduzu görəndə mikrofonu alıb əlimə, üzünə deyirəm ki, bu xəstəlikdir, Maştağada tanış həkimim var, göndərim səni? Ümumiyyətlə heç kimin arxasınca danışmaram, kimin nəyi var üzünə deyirəm. İnsanlar pul verib, bilet alıb, nə ixtiyarın var gecikməyə. Dalınca danışmıram, üzünə deyib evdə də rahat yatıram. Mən belələrinə müğənni demirəm, “zad” deyirəm.

- Düşməniniz çox olar bu gedişlə.

- Heç dostum var ki? (gülür)

- Səhnə geyimləriniz çox maraqlıdır.

- Hə bunları xüsusi hazırladıram. Dizayner özüməm. Hətta bir dəfə xarici ölkədə bir kostyumu bəyənmişdim, ondan ötrü bilet alıb, gedib alıb qayıtdım.
 
Ardını oxu...
  42  27.09.2024 09:15  Siyasət A  A 

 “Azərbaycan hökumətinin Ermənistana qarşı qaldırdığı təzminat tələbi beynəlxalq məhkəmə tərəfindən öz təsdiqini taparsa...

Sülh danışıqları nəticəsiz qaldıqca, proses uzandıqca Ermənistanın yeni xülyaları, əsassız iddiaları ortaya çıxır. Bu isə faktiki olaraq sülhə dair ümidləri azaldır. 

Görünən budur ki, Ermənistan sülhə yox, yeni siyasi təxribatlara meyllidir və onun sülh müqaviləsindən yayınmasının tək səbəbi də elə budur. 

“Ermənistanın Azərbaycana torpaq kompensasiyası gündəmə gələ bilər”. 

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. (APA) 

O deyib ki, Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparır: “Daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək. Çünki məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa bilər. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Humanitar mövzuda müxtəlif məsələlər öz həllini tapmalıdır. Bunlardan birincisi siyasi məsuliyyətdir. Yəni münaqişə baş verib və burada siyasi məsuliyyəti kim daşıyır, bu, mütləq çərçivə sazişdə əksini tapmalıdır. Ona görə ki, Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yolu ilə Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif dövlətlərə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib”.

Sabiq xarici işlər naziri qeyd edib ki, əgər Ermənistan danışıqlar yolu ilə təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövlət olaraq Ermənistanı beynəlxalq məhkəməyə verə bilər: “Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə də bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb etsinlər”.

Bəs Ermənistanın təzminatı ərazi kompensasiyası formasında ola bilərmi?

Tofiq Zülfüqarov nəzərə çatdırıb ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər: “Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər. Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsilə torpaq kompensasiyası gündəmə gələ bilər. Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, Uzaq Şərqdə dənizə çıxış əldə etmək istəyən Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir”.

Sabiq nazir nəyə işarə etdi? Azərbaycana vurulan milyardlarla ziyanın əvəzində Ermənistan hansı əraziləri kompensasiya kimi verə bilər? Burada söhbət Başkənddən və Mehridən gedə bilərmi?

Ardını oxu...

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov dünya praktikasında olan bu təcrübənin Azərbaycanın da işinə yaraya biləcəyini qeyd etdi: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması yaxın zamanın məsələsi deyil. Ən azından Ermənistan Konstitusiyası başda olmaqla, milli təhlükəsizliyə və milli müdafiəyə dair bir sıra hüquqi aktlarda Azərbaycan torpaqlarına qarşı iddianın aradan qaldırılmasını təmin etməlidir. Ermənistan artıq bəyan edib ki, bu mövzuya 2027-ci ildən tez qayıda bilməyəcək. Bu da növbəti erməni yalanıdır, heç şübhəsiz Ermənistan 2027-ci ildə də vaxtı uzatmaq üçün yeni bəhanələr tapacaq. Beləliklə, sülh müqaviləsi ən azından 2030-cu ilə qədər  olmayacaq. Lakin torpaqlarımızın işğalı dövründə ermənilərin törətdikləri dağıntılara görə Azərbaycan hökumətinin Ermənistana qarşı qaldırdığı təzminat tələbi beynəlxalq məhkəmə tərəfindən öz təsdiqini taparsa (biz buna şübhə etmirik), o halda Ermənistan həm sülh müqaviləsi bağlamağa və həm də təzminat ödəməyə məcbur olacaq. Bunun da alternativi yoxdur. 

Təbii ki, ümumi daxili məhsulu 20 milyard ABŞ dolları ətrafında olan bir ölkənin bir neçə yüz milyard dollar təzminat ödəmək imkanı olmayacaq. Bu halda dünya praktikasında indiyə qədər işlənmiş təcrübə bizim də işimizə yaraya bilər. Yəni Ermənistan təzminatı natural formada - torpaqlarının bir hissəsini Azərbaycana verməklə bu yükün altından çıxa bilər. Əslində Ermənistan bizə bizim öz torpaqlarımızı qaytaracaq. Ancaq nə edək ki, vaxtilə düşmənlərimiz bu torpaqları bizdən yağmalayıb orada özlərinə belə bir qaraçı forpostu yaradıblar..."

Ardını oxu...

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, 30 illik işğal dövrü ərzində Ermənistan tərəfindən ölkəmizə külli miqdarda ziyan vurulduğu faktdır və bunu təkcə Azərbaycan deyil, işğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq ekspertlər də təsdiqləyir: “Söhbət həm dağıdılmış, viran qoyulmuş infrastrukturdan, yaşayış məskənlərindən, həm talan edilmiş təbii sərvətlərdən, həm də torpaqlarımızın işğal altında qalması səbəbilə sosial-iqtisadi sahəyə vurulan ciddi ziyandan gedir.

Bütün bunlarla bağlı təbii ki, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək və təzminat tələb etmək hüququ var və bildiyim qədərilə bu istiqamətdə müəyyən fəaliyyət də həyata keçirilir. Artıq bəzi ərazilərdə beynəlxalq ekspert dəyərləndirilmələri də aparılıb. Beynəlxalq hüququn tələblərinə görə, təcavüzkar, təcavüzə məruz qalmış dövlətə vurduğu zərərin tam həcmində təzminat ödəməlidir.

Bu gün ilkin hesablamalara görə, dəymiş ziyanın dəyəri yüz milyardlarla ölçülür və təbii ki, Ermənistanın belə bir məbləği ödəmək imkanları yoxdur. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401 min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub.

İşğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib.  

Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma Turşsu və İstisu zavodları, Qarabağ və Ağdam mərmər zavodları, daş karxanaları, məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olub. Bundan əlavə, Azərbaycanın işğala məruz qalmış ərazilərində südçülük, toxuculuq, ayaqqabı fabrikləri, Qarabağ ipək kompleksi və digər müəssisələr fəaliyyət göstərirdi ki, bunların da hamısı məhv edilib.

Mən hələ işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurulmasından, mədəni irsin, muzey, kitabxana, eksponatlar, tarixi abidələrin məhvindən danışmıram".

Politoloq onu da qeyd etdi ki, Azərbaycana dəyən bütün ziyanı Ermənistanın ödəmək imkanı yoxdur: “Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin avqust ayına ölkənin valyuta ehtiyatları cəmi 3,4 milyard dollardır ki, bu məbləğin də bir hissəsi xarici öhdəliklərə bağlıdır.  

Odur ki, Azərbaycanın beynəlxalq təcrübəyə uyğun olaraq maddi təzminat yerinə torpaq tələb etmək hüququ var. Belə ki, dünya tarixində də baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub. Məsələn, 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsinin tələblərinə görə, 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat təyin olunub. İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. 1945-ci ildə Yalta Konfransında qəbul edilmiş qərara əsasən, Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, (bunlardan 72 min tikinti materialları), 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün aparılıb. 

Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib. Fransa kömür yataqlarından istifadə etmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti üzərinə götürüb. Hollandiya 1949-cu ildə təxminən 69 kvadrat kilometr alman ərazisini özünə birləşdirib. Həmin torpaqlar yalnız 1960-cı ildə, yəni Qərbi Almaniyanın Hollandiyaya 280 milyon alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarılıb. 1951-ci ildə İsrail hakimiyyəti Almaniyaya təzminat üçün iddia qaldırıb və təzminat alıb. Eyni şəkildə Yaponiya və İndoneziya arasında münaqişənin nəticəsi olaraq 20 yanvar 1958-ci ildə imzalanmış sülh və təzminat müqavilələrinə əsasən, Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli olub. Belə faktlar çoxdur.

Ermənistan da ya müvafiq ziyanı ödəməli, ya da İkinci Dünya müharibəsində Almaniyada olduğu kimi, torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verməlidir. Konkret hansı əraziyə gəldikdə isə bu artıq sonranın mövzusudur. İndi vacib olan bu təzminat davalarını açmaq və müvafiq qərarların qəbuluna nail olmaqdır. Ondan sonra uyğun ərazilər göstərilə bilər. Təbii ki, bizim üçün ən məqbulu tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılması olardı. Bu torpaqların geri qayıtması həm Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirmək, həm də ümumilikdə Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Ardını oxu...
  

Hazırda Real TV-nin efirində Vəfa Ağabalayevanın aparıcılığı ilə "Səhər agenti" verilişi yayımlanır.

Musavat.com xəbər verir ki, verilişin qonağı "Yeni Musavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur.

Verilişdə son günlərin gündəm hadisələri, Ermənistanın davranışları, Qərb mediasının Azərabaycana qarşı qərəzli yanaşmaları mövzusu ətrafında müzakirə aparılır.

Verilişi təqdim edirik:

 
 
 

Dünyapress TV

Xəbər lenti