Ardını oxu...
Milli Məclisin VI çağırış tərkibində seçilən odioz deputatlar sırasında xüsusi yer tutan Məşhur Məmmədovun başı “sülalə qalmaqalları”ndan açılmır.

2020-ci ilin fevralında baş tutan növbədənkənar parlament seçkilərində bəxti üzünə gülən, deputat mandatına sahiblənən namizədlər arasında cəmiyyətdə “biznes divləri” kimi tanınan iş adamları da oldu. Təbii, dünyanı təhdid edən COVİD-19 pandemiyasının hələ tam vüsət almadığı dönəmdə keçirilən həmin seçkilərdə formalaşan tərkib bir o qədər də sual doğurmadı. Çünki qısa müddətdən sonra koronavirus məhdudiyyətlərinin tətbiqi, həmin ilin sentyabrında isə 44 günlük Vətən müharibəsinin başlaması, ölkənin ərazi bütövlüyünün geniş mənada bərpa edilməsi bu məsələləri arxa plana keçirdi.

Bununla belə, VI çağırış Milli Məclisin də vaxtında əvvəl buraxılması, sentyabrın 1-nə növbədənkənar seçkilərin təyin edilməsi ali qanunverilik orqanının mümkün tərkibini, həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) müəyyənləşdirdiyi namizədlər korpusunu geniş ictimai müzakirəyə çıxardı. YAP-ın ötən həftə açıqlanan namizədləri ətrafında diskussiyaların səngiməməsi məsələnin cəmiyyət üçün aktuallığını qoruyub saxladığını göstərir.

Bu da ilk növbədə onunla izah olunur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra ölkə Prezidenti başda olmaqla, hakimiyyətin nüfuzunun yüksəlməsi YAP-ın namizədləri üçün də “planka”nın böyüdülməsi gözləntisini artırıb.

Sözsüz ki, hakim partiyanın 125 seçki dairəsinin hər birindən irəli sürdüyü namizədlər siyahısında mühüm yeniliklər var. Bu isə o anlama gəlir ki, Milli Məclisin formalaşacaq tərkibində YAP-ın təmsilçiləri arasında kifayət qədər yeni adlara rast gəlinəcək. Bununla belə, siyahıda tanış isimlərin də yetərincə çox olduğu qeyd edilməlidir. Onların arasında YAP-ın veteranları ilə yanaşı, cəmiyyətdə iş adamı kimi tanınan fiqurlar da az deyil və VI çağırış parlamentdə hakim partiyanı Masallı rayonundan təmsil edən biznesmen-deputat, əksəriyyətin daha çox “Embawood” mebel firmasının sahibi olaraq bildiyi Məşhur Məmmədov da onlarla bir sıradadır.

Aydın məsələdir, deputat madatına sahibləndikdən sonra digər biznesmen-deputatlar kimi Məmmədov da qanunun tələbinə uyğun olaraq, sahibkarlıq fəaliyyətindən kənarlaşdığını iddia etməkdədir. Ancaq parlamentə biznesdən “adlayan” bəzi deputatlarla bağlı aşkara çıxan faktlara əsaslandıqda, “Embawood” sahibinin bu bəyanatına yumşaq desək, inanmaq mümkün deyil. Ölkə mediasında Məmmədov haqqında indiyə qədər dərc olunan və olumaqda davam edən çoxsaylı materiallar onun bu iddialarının blefdən başqa bir şey olmadığını söyləməyə ciddi səbəb verir.

Məhz həmin materiallarda Məşhur Məmmədovun hələ də “Embawood”u birbaşa özünün idarə etdiyi, bu da azmış kimi, vaxtilə şirkətdə pay verərək şərik olduğu yaxın qohumları ilə aralarında problemlərin yarandığı da yazılmaqdadır. Maraqlı və təəccüblüdür ki, deputat mandatı əldə etdikdən sonra imkanları genişlənən Məmmədovun qohumları ilə apardığı mübarizədə məğlub olduğu, bu üzdən malik olduğu biznes şəbəkəsinin əhəmiyyətli hissəsini itirdiyi də mediada əminliklə irəli sürülən iddiaların mühüm tərkib elementidir.

Hətta konkret olaraq göstərilib ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq qaydada 60 və 40 faizinə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov Səhmdar Cəmiyyətdəki paylarının bir hissəsini yeni aksionerə satmalı olub.

Məlumata görə, yeni səhmdar Tamara Polyakova ilə həyata keçirilən sövdələşmə nəticəsində o, səhmlərin 14 faizini əldə edib. Bununla da əsas səhmdarlar olan adları çəkilən şəxslərin 51 və 35 faizə düşüb.

Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir, ABŞ-a köçüb.

Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-da təsis etdiyi “Masalli Enterprise LLC” şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb. Həmin şirkətin hüquqi ünvanı da ictimailəşib: 35 Riverdale Dr Fort Lee, NJ 07024-4441.
Sözsüz, başı qalmaqallardan ayılmayan biznesmen-deputat Məşhur Məmmədovun hazırda ən böyük qayğısı namizəd olduğu 74 saylı Masallı dairəsində seçki kampaniyasını problemsiz başa vuraraq deputat kreslosunu əlində saxlamaqdır. Lakin bunun o qədər də asan olmayacağı mübahisə doğurmayan məsələdir. Çünki YAP-ın namizədlər siyahısında yer almaq hələ deputat mandatını qarantiləmək deyil. Üstəlik, Məşhur Məmmədovun qohumları ilə yaşadığı biznes-qarşıdurmada aldığı zərbələr və onun reputasiyasını daha da korlayan müəyyən olaylar “Embawood” sahibinin planlarını dərin suya sala bilər.

O səbəbdən, bütün dairələrdə deputatlığa namizəd irəli sürən YAP-ın “xərcləyəcəyi” fiqurlar sırasında Məşhur Məmmədovun da olacağı çox real görünür. Hər halda, o da bunun fərqindədir.

www.yenicag.az
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan-Qazaxıstan turizm forumu keçirilib. Tədbirdə çıxış edən səfir Alim Bayel qeyd edib ki, Qazaxıstandan Azərbaycan vasitəsilə "yaşıl enerji"nin ixracına dair layihə hazırlanır. Azərbaycanla Qazaxıstan arasında sıx ticari-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sahəsində də əlaqələrin mövcud olduğunu qeyd edən səfir bu əməkdaşlığın inkişafında Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. Tədbirdə bu ilin may ayında Daşkənddə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu"nun imzalandığı da xatırladılıb. Bildirilib ki, sənədin icrası hər üç ölkəyə “yaşıl enerji”nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracının təşkilində əməkdaşlıq etməyə imkan verəcək.

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan hələ Avropaya “yaşıl enerji”nin ixracına başlamayıb:

“2022-ci ilin dekabrında bununla bağlı memorandum imzalandı. Azərbaycan, Gürcüstan, Ruminiya, Macarıstan və Avropa Komissiyası arasında imzalanan bu memorandum Qara dənizin dibi ilə kommunikasiya xətlərinin çəkilməsini nəzərdə tuturdu. Lakin memorandumdan irəli gələn işlərin görülməsinə hələ başlanılmayıb. Bu istiqamətdə hələ ki ortada maliyyələşmə mexanizmi yoxdur:

2023-cü ildə ABŞ Ermənistanın da bu sənədə qoşulması haqqında bəyanatlar səsləndirdi. Müzakirələr bundan sonra da davam etdi. Lakin hələ ki layihənin həyata keçirilməsi üçün real addımlar atılmayıb.

İxrac üçün ikinci dəhliz Zəngəzur dəhlizi olmalıdır. Ermənistanın 44 km-lik ərazisindən dəmir yolu xətti keçməli idi. Bu nəqliyyat dəhlizi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməli, həm də bununla elektrik ötürülməli idi. Naxçıvan özü isə bərpa olunan enerji istehsal edərək Türkiyəyə ötürməli idi. Azərbaycan Cənub Qaz dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. “Yaşıl enerji”nin ixracı üçün tələb olunan infrastruktur hələ qurulmayıb. Bu baxımdan Qazaxıstanın Azərbaycan vasitəsilə “yaşıl enerji” ixrac etməsi yaxın perspektivdə real görünmür”.
 
 
 
Ardını oxu...
Mətbuata həssas münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet və jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir.
Mətbuat, jurnalistika zamanın çağırışları ilə nəfəs alan ictimai təsisatdır. Zamanın dinamik dəyişməsi, hər dövrün öz reallıqlarının meydana gəlməsi, təbii ki, mətbuat qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan dövlətinin bugünkü inkişafı həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur.
Bu gün dövlətimiz beynəlxalq siyasi, iqtisadi, mədəni proseslərin fəal və böyük təsir gücünə malik iştirakçısı olduğu kimi, Azərbaycan mətbuatı da qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Hazırda respublikamızda çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir. İnformasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinin bir hissəsi kimi öz rolunu uğurla yerinə yetirməsinə şərait yaradır. Qloballaşma prosesləri, medianın rəqəmsallaşması jurnalistikanın özündə də çox mühüm dəyişikliklərə gətirir. Mətbuatın üz tutduğu auditoriyanın maraqları, baxış bucağı, jurnalistikadan gözləntiləri çox sürətlə dəyişir. Jurnalistlərdən bu dəyişikliklərə çevik şəkildə uyğunlaşmağı, peşəkarlıq səviyyələrini mütəmadi artırmağı tələb edir.
Milli Mətbuatımızın 149 illik inkişaf tarixi ilə indiki səviyyəyə gəlib çatması, ölkəmizdə ən müasir tələb və standartlara uyğun medianın mövcudluğu dövlətimizin bu sahəyə dəstəyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələri ilə mütəmadi görüşləri, müsahibələri milli mətbuatımızın davamlı inkişafına müsbət təsir göstərir. Dövlətimizin başçısı İlham Əliyev söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımları atır.
Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu. Jurnalistlərimiz 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük fədakarlıq göstərdilər. Onlarla jurnalistimiz qismən səfərbərlik proqramının iştirakçıları kimi qələmini süngüyə çevirərək hərbi əməliyyatlarda iştirak etdi. Göstərdiyi igidliklərə görə müxtəlif medallarla təltif edildi. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi və indi də bu missiyanı davam etdirərək ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Keçən il Prezident İlham Əliyevin iştirakı ilə qədim qala şəhərimizdə, Şuşada "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda 1-ci Şuşa Qlobal Media Forumunun açılışı oldu. Forumda 49 ölkədən 150 xarici qonaq, beynəlxalq təşkilat və media qurumunun, eləcə də yerli media orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişdilər. Forumda dövlətimizin başçısı bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi.
Forumun uğuru və beynəlxalq aləmdə yaratdığı rezonansdan sonar bu il yenidən növbəti Forum keçirilməsi zərurətini yaratdı. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.
Bu gün İkinci Şuşa Qlobal Media Forumunu regionda və Azərbaycanda baş verən hadisələri dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Dövlət başçısı İlham Əliyevin ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında da əsas çağırışlarından biri bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırısın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və iştirakçıların suallarını cavablandırıb. Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Artıq Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərildiyini bildirib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Dövlətimizin başçısı bildirdi ki, “atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun.


Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Ardını oxu...
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynada müharibəyə son qoymaq planı çərçivəsində Rusiyaya qarşı sanksiyaları yumşaltmağı düşünür. O, bu barədə “Bloomber” agentliyinə müsahibəsində bildirib.

“Biz sanksiyalarla hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm. Mən vaxtilə sanksiyaları İran üçün çox faydalı hesab etdim. Lakin İranla belə, onlara o qədər də ehtiyac yox idi”, - Tramp deyib.

O, birinci prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərdə olduğunu da xatırladıb. “Bizim heç vaxt müharibə təhlükəmiz olmayıb. O, heç vaxt Ukraynaya hücum etməzdi. Mən ona dedim ki, heç vaxt, heç vaxt Ukraynaya girmə”, – Tramp söyləyib.

Onun fikrincə, indi dünya daha təhlükəli hala gəlib. Çünki ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynadakı müharibə dövründə “Rusiya və Çini evlənməyə məcbur edib”. “Onlar evlidirlər. Sonra kiçik əmisi oğlanları İranı, ardınca isə Şimali Koreyanı yanlarına çağırdılar. Onların başqa heç kimə ehtiyacı yoxdur”, - deyə siyasətçi bildirib.

Tramp bundan əvvəl dəfələrlə bəyan edib ki, prezident vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Ukraynada müharibəni dayandıra bilər. “Bloomberg”-in yazdığına görə, o, hərbi yardımı kəsmək hədəsi ilə Ukraynanı Moskva ilə danışıqlara məcbur etmək niyyətindədir. Eyni zamanda, Tramp Kiyevə silah tədarükünü artıracağı ilə hədələyərək Rusiyanı danışıqlar masası arxasına oturtmaq istəyir.

Əgər bu bəyanatları bütövlükdə nəzərdən keçirsək, belə anlaşılır ki, ABŞ-ın gələcək prezidenti Ukraynanı işğalçı ölkə qarşısında məğlub vəziyyətə salmağa hazırlaşır.

Bəs, dünyanın ən güclü dövlətinin təcavüzkarı bu formada sakitləşdirmək siyasəti nəyə gətirib çıxara bilər? Bir vaxtlar Hitlerin və Stalinin qonşu dövlətlərə münasibətdə iştahını Qərbin eyni davranışı alovlandırmayıbmı?

Effektiv Siyasət İnstitutunun (Kişinov) direktoru, tarix elmləri doktoru Vitali Andrievski bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.


O, hesab edir ki, Trampın sülhməramlı ritorikası və Ukraynada müharibəyə son qoymaq vədləri vəziyyətin real qiymətləndirilməsinə əsaslanır.

“Birincisi, dünya bu müharibədən bezib və bir çox ölkələr buna görə itkilərlə üzləşirlər.

İkincisi, müharibə edən tərəflər nəzərəçarpacaq nəticələr əldə edə bilmirlər. Ukrayna Rusiyanın işğal etdiyi əraziləri geri almaq iqtidarında deyil. Rusiya Ukraynanın böyük şəhərlərini - Xarkov, Zaporojye, Nikolayev, Odessanı... ələ keçirmək planlarını reallaşdıra bilmir.

Üçüncüsü, həm bir tərəfdən, həm də digər tərəfdən döyüşmək istəyənlərin sayı getdikcə azalır və insanlar arasında sülh tələb edənlərin sayı artır”, - institut direktoru deyir.

O, əmindir ki, gec və ya tez, Trampla və ya Trampsız müharibə dayandırılacaq.

“Tramp bu tendensiyanı yaxşı tutub və özünü sülhməramlı kimi təqdim edir. Siyasətçinin üçün əla gedişir.

Bundan başqa, Trampın əlində kozırları var. Bunlar təzyiq rıçaqlarıdır. Ukraynaya təzyiq edir ki, sülh danışıqlarına getməsəniz, silah və maliyyə yardımı etməyəcək. Rusiyaya təzyiq edir ki, əgər sülh danışıqlarına razı olmasanız, biz Ukraynaya yardımı artıracağıq, Amerika raketləri ilə Rusiyanın bütün ərazisinə zərbə vurulmasına icazə verəcəyik...

Bütün bunlar birlikdə problemin sülh yolu ilə həllinə şans verir. Amma əlavə edim ki, müharibənin müəyyən müddətdən sonra yenidən alovlanmayacağına zəmanət yoxdur. Ona görə də ikinci mərhələ vacibdir - sülh təminatı. Amma Tramp hələlik bu problemin həllini təklif etməyib”, – Andrievski bildirib.

Pressklub.az
 
Ardını oxu...
İyunun 13-də "Kulıs" dərgisinə bir hekayə göndərmişəm, ay ötüb... hələ nəşrini gözləyirəm. Görəcək günlərim varmış. İlk hekayəm "Ədəbiyyat və İncəsənət" qəzetində nəşr ediləndə, o sovet nəşr basabasında belə get-gələ düşməmişdim. Allah Sabir Əhmədliyə rəhmət etsin, qədirbilən insan idi.
İki gün öncə yenidən zəng vurdum, Ulucay Akif "sabah" dedi. O sabah hələ olmayıb. Əcəba, sansormu var? Açıq desələr, adam işini bilər.
Nə isə... işin yaxşı tərəfi də var... hər gün "Kulis"i açıram, özümü gözləyirəm, əvəzində pis olmur... tanış imzalar, gözəl üzlər görürəm. Bu görüşlər insanı yazmağa səsləyir. Məsələn: Vüqar Vanın "Tıq-tıq xamım özünə varlı ər axtarır" yazısı diqqətə layiqdir. Hiss olunur ki, müəllif nağılın hədəfini dövrün kişi komplekslərinə görə şərh edə bilir. Ünlü əsərin gerçək hədəfi caydırılıb, lakin başqa gerçəklər diqqətə çəkilib. Yumoru da öz yerində. Əlbəttə, əminəm, Vüqar o milli-bədii incinin gerçək kodunu bilir. Sadəcə, qarşı cinsə sözünü demək üçün bu nağılı fürsət aləti olaraq seçib. Olsun! Müəllif haqq sahibidi.
Bu yazıda demək istədiyim söz başqadır: Natəvan Dəmirçioğlunun Molla Pənah Vaqif haqqında məqaləsindəki bircə kəlmədən doğan məyusluğumu ifadə edəcəm.
Deyəcəm, hansı kəlmə...
Hələlik isə haşiyələrə keçək...
Bir moğol araşdırmaçının İkiçayarası- İran-Əfqan coğrafiyasının tarixi haqda dəyərli bir məqaləsi vardı ana dilimizdə. Müəllifin adını və saytın adını dəqiq yazmaq vaxt istəyir, o üzdən məchul yazıram. Maraqlanan olsa baxıb deyərəm.
Moğol müəllif bir məqamda deyir ki, 70-ci illərdən bəri İran tarixçiləri beynəlxalq tarix toplantılarında iştirak etmirlər: həm özləri, həm dünya tarix elmi onların iştirakından imtina edib. Çünkü İranda tarix - elm deyil, təbliğat alətidir. İran dövlətinə lazım olan farsmərkəzli propaqanda elm adı ilə dərsliklərə salınır, mediada yayılır.
Yəni məsələ aydındı! Və tanışdır, biz, bunu bilirik, Cümhuriyyət tariximizi, ümumiyyətlə, dövlətçilik tariximizi danan və ya qara yaxan sovet tarixi də irantarixkimilərdən idi.
Bizim bəzi araşdırmaçılar da tarixə iransayağı, yəni regional (vilayət, məhəllə) təbliğat aləti kimi yanaşırlar. Əlbəttə, biz bu köynəkdən çıxmalıyıq. Azərbaycan tarixinə, xüsusilə, özünə müstəqil araşdırmaçı deyənlərə iransayağılıq yaraşmaz.
Tarix və tarixi şəxsiyyətlər olduğu kimi maraqlıdır.
Molla Pənah Vaqif haqda gerçək bir araşdırma yoxdur, fikrindəyəm. Çünkü Vaqif indi göründüyündən daha dərin, daha zəki, daha hiyləgər, daha diplomat, daha acımasız, daha əvəzsiz bir vəzir idi. Batil elmlərin ustadı idi, əlindən hər cür qara işlər gəlirmiş.
Qarabağ camaatında acı xatirələr qoymuşdur.
Mənbələrdə Vaqif haqqında bütün gəlmiş-getmiş klassik şairlərdən daha çox pis-yaxşı anılar var. O, sevilən şair, sevilməyən dövlət adamı idi. Saray mədrəsəsində, xan ailəsinin övladlarına dərs demişdi, cahil adlandırdığınız bacarıqlı sərkərdə Məhəmməd bəyin bəyazında belə şeirləri vardı.
Atalar "çox bilən quş dimdiyindən ilişər" demişlər.
Vaqif o quşlardan idi. Dimdiyindən ilişdi.
Qarabağ camaatı belə bir hekayə danışır: Vaqifin sevimli şagirdi, oğlunun əziz dostu, xanın qardaşı oğlu və etibar etdiyi 4 adamdan biri olan Məhəmməd bəy... Ağabəyim ağanı istəmək üçün ustadını - Vaqifi ata əvəzinə (atası Mehralı bəy öldürülmüşdü) əmisinə elçi göndərir. Vaqif siyasi fürsətə baxıb (xanlıq ağır dövr keçirirdi, Ağaməhəmməd şah gəlhagəldə idi) qızı öz oğluna istəyir.
Düşmənçiliyin təməli çoxbilmiş vəzirin bu xəyanət anında qoyulur. Əlbəttə, bütün bu kimi hekayələr şifahi tarixdir, çeşidlidir, hər birinin gerçəklik payı var və heç biri Quran ayəsi deyil. Amma bilməliyik ki müasir tarix elmində rəsmi tarixlə şifahi tarix yanaşı statusda qeydə alınır.
Lakin heç bir pis əməli Vaqifin şəxsiyyətinə, dahiliyinə xələl gətirmir. Əksinə bir az da maraqlı edir. Mürəkkəb edir. Orijinal edir.
Bəzən onu fransız dövlət xadimi Fuşeyə bənzədirəm, fransızlar Fuşeni bütün hiylələri, qədddarlığı, oyunbazlığı, fürsətçilliyi ilə sevirlər.
Biz isə... Vaqifi görməyə imkan vermirik, gerçəkləri sevmirik... öz uydurduğumuz qədərinə heyran ola bilirik. Bizim cizgilərimizi aşanlara məhəlli dava açırıq.
Çox ayıb və.. gülünc...
Bu yerdə elə bu günlərdə "Kulis"də nəşr edirlən Akşin Yeniseyin "Çox da dərinə getmə" məqaləsi diqqəti çəkir. Müəllif Şuşada keçirilən Vaqif poeziya günlərindən və bir çox "işğala yenilmiş müstəqillik" gerçəklərindən bəhs edir... və... özgə və öz tövsiyəsi ilə çox da dərinə getmir. Tarixin dərinlik tələblərini də dilə gətirir. Tarix dərin olmayanda dayaz olur və elmilikdən çıxıb iransayağılaşır. Faydalı və ürkək yazı idi.
Gələk, məni məyus edən Natəvan Dəmirçioğlu kəlməsinə.
Müəllif Ağabəyim ağadan bəhs edərkən "o Fətəli şaha kəniz gedir" kimi bir ifadə işlədir.
Hörmətli Natəvan xanım, əzizim, Ağabəyim ağa Cavanşirə, Qarabağlı İbrahim xanım qızına, Şuşaya... Fətəli şah, başda mötəbər dayısı olmaqla yüksək dövlət ərkanından 30 nəfəri elçi heyəti göndərmişdi. Çuval-çuval qızıl göndərmişdi ki, o qızıl pulları xan eyvanından qara camaatın üstünə şabaş səpdirdi İbrahim xan...
Kənizə şah müşaviri olan dayını və o mötəbər ərkanını elçi göndərmirlər.
Ağabəyim ağa Tehrana 200 nəfər adlı-sanlı Qarabağ bəylərindən ibarət dəstə ilə - öz vəziri, vəkili, eşikağası, hesabdarı, hətta aşbazı, bağbanı, çalançı dəstəsi ilə gəlin köçmüşdü. Fətəli şah Ağabəyim ağanın özü ilə gətirdiyi bütün bu heyətə və onların ailə üzvlərinə öz xəzinəsindən ömrü-maaş kəsmişdi.
Kənizə bu ehtişamda səxavət göstərmirlər.
Ağabəyim ağanın anası Qacar qızı idi, Cavad xanın bacısı idi, deməli Fətəli şahın qan qohumu idi, ikisi də Qacar törəməsi idi. Hər iki tərəfdən böyük nəsillərin Cavanşirlərin və Qacarların övladı idi Ağabəyim ağa. Gözəllik və elm sahibi idi.
Fətəli şah bu qızın qan dəyərini də, elmini də, helmini də bilirdi. O üzdən bu izdivaca hərəmində olan heç bir (yüzdən çox) xanımın ayaqları altına tökmədiyi qədər ləl-cəvahir tökmüşdü xəzinəsindən. Kənizə bu iltifatı göstərmirlər.
Ağabəyim ağa Tehran sarayına öz kuralları ilə girmiş, eşlik münasibətlərini özü təyin etmişdi.
Kənizə kural tanınmaz.
Fətəli şah Qum şəhərinin gəlirlərini Ağabəyim ağaya maaş kəsmişdi. Avropa və Asiya imperiya dövlətlərinin kraliçaları və birinci xanımları ilə yazışma haqqı vermişdi (əlbəttə, elminə və ağlına görə). Fətəli şah İran türk imperiyasında ilk dəfə tək kraliçə statusu vermişdi Ağabəyim ağaya.
Bilirsiniz, çoxarvadlılıq sistemində ayrıseçkilik yasaqdır, lakin Ağabəyim ağa bu haqqı öz fərasəti ilə qazanmışdı. Bu işdə Fətəli şahın da haqq tanıması ayrı hünərdir.
Şəxsi həyatına, bədii yaradıcılığına keçmirəm. Bildiyinizi bilirsiniz.
Bir beyti ilə yaşayan şairdir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Şərəfimiz, fəxrimiz... niskilimiz... anamız olan o böyük şəxsiyyət haqqında o söz nə sözdü deyirsiniz, ay Natəvan xanım!?
Adını çəkmək istəmədiyim murdar qonşuların tarixində belə bir qadın şəxsiyyət olsaydı bilirsiniz nələr yazardılar? Bilirsiniz!
Nə isə... deyəcəyim... məyusluğum... bu qədər.
Gətirdiyim bütün faktlar tarixi mənbələrdəndir. Yeri gəlmişkən onu da deyim ki, hələ heç bir qadın haqda salnamələrdə bu qədər qeyd, fikir, dəlil olmayıb. Rus mənbələri, kəşfiyyat raporları isə onu "Rusiya - İran münasibətlərini pozan kraliça" adlandırıb.
Yəni bu rəsmi raporla dövlət, regional, uluslararası siyasətə müdaxiləsinin qədərini hesablaya bilərsiniz.
Luvrda saxlanan, Napoleona göndərdiyi məktub isə bir ayrı hekayədir.
İran kraliçası Ağabəyim ağanın bütün bu çapalamaları rus işğalına düşmüş Qarabağ naminə idi. Od tutub yanırdı Vətən naminə...
Bilən, oxuyan, anlayan olsa... bu gün Şuşada bu xanımın ən uca abidəsi qoyular...
Belə... adlarını çəkdiyim bütün müəlliflərə və "Kulis"ə hörmətlərimi bildirirəm.
Mehriban Vezir
TEREF
 
 
 
Ardını oxu...
“Bir aya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu elan edən Paşinyanın Böyük Britaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısında Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi “bir aya sülh” imzalayanın hərəkəti ilə uzlaşmır”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Baş nazirin Londondakı “peformansını” şərh edərkən deyib.

Bəs Paşinyan nəyə arxayındır? Qərbdən gələn dəstəyəmi?

Ekspert deyir ki, bu dəstək rəsmi İrəvanın gözlədiyi səviyyədə olmasa da, var və fasiləsiz olaraq davam edir: “Mariya Zaxarovanın dediyi kimi “Biz Amerika rəsmilərinin sözün əsl mənasında sonsuz cərgə ilə İrəvana necə gəldiyini müşahidə edirik”. Paşinyanın arxayınlığı yalnız Rusiyaya münasibətdə özünü göstərmir, son günlər Azərbaycanla sülh danışıqlarına etinasız yanaşması da bu qəbildəndir”.

Bu demarş, qeyd edilən arxayınçılığın tərkib hissəsi ola bilərmi?

İlham İsmayıl vurğulayır ki, arxayınçılığın arxasında daha çox Fransa Prezidentinin dayandığı açıq görünür və Britaniya sammitində Makronla Paşinyanın kənara çəkilib pıçıldaşmasının nəticəsidir ki, Baş nazir Azərbaycan Prezidenti ilə görüşdən imtina etdi: “Makronun düşüncəsinə görə, bu imtina ilə Qranadanın əvəzini çıxırdı. Qranadada görüşdən Azərbaycanın imtinasının baş səbəbinin Makron olduğunu günlər əvvəl Azərbaycan elan etmişdi, Paşinyan isə konkret səbəb bildirmədi və gecikmiş informasiya ilə Azərbaycanı imtina etməkdə ittiham etməsi “daldan atılan daş” effektindən başqa bir şeyə yaramadı”.

İ.İsmayıl xatırladıb ki, Makron Azərbaycanı 2020-ci ildə “dəhşətli müharibəyə” başlamaqda ittiham edib: “Ermənistanı silahlandırmağa haqq qazandırması bir daha sübut etdi ki, ölkəsində baş verən siyasi böhran və seçkilərdə partiyasının uduzması Fransa Prezidentinə dərs olmayıb. Doğrudanmı, Makron bu qədər informasiyasızdır ki, Azərbaycan məhz beynəlxalq hüquqla tanınmış ərazilərini işğaldan azad edib. Əlbəttə bilir. 44 günlük müharibədən sonra Fransa Senatının hər iki palatası Dağlıq Qarabağın müstəqilliyini tanısa da, Fransa dövləti tanımadı, çünki Makronu da başa saldılar ki, Qarabağ Azərbaycanın ərazisidir. Ona görə də, Azərbaycanı “dəhşətli müharibə” başlatmaqda ittiham etməsini Makronun ermənipərəstliyinin və erməni diasporasının maliyyə təsiri altında olmağının təzahürü kimi dəyərləndirmək olar”.

Ekspert hesab edir ki, görünür, Paşinyanın vacib olan tərəflə görüşdən imtinanın ardınca Çexiyanın Baş naziri ilə “Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etməsi” sülhün də Qərbdən gələcəyinə hesablanıb.

Baş verənlər Azərbaycana və bütövlükdə Cənubi Qafqaza hansı prosesləri vəd edir?

İlham İsmayıl deyir ki, rəsmi İrəvanın konstitusiyanı tezliklə dəyişməsi gözlənilmir. Onun sözlərinə görə, Paşinyanın sentyabrda taleyüklü qərarlar verəcəyi barədə anonslarının daha çox Rusiya ilə bağlı olacağı ehtimal edilir: “Zvartnos”dan Rusiya sərhədçilərinin çıxarılmasından sonra KTMT ilə əlaqələrin rəsmən kəsilməsi haqda qərar verilə bilər. Rusiyanın da sentyabrda Ermənistanda vəziyyəti gərginləşdirən addımlar atacağı barədə məlumatların sızdırılmasından sonra Paşinyanın qabaqlayıcı addımlar atması mümkündür. Mariya Zaxaraovanın brifinqdə səsləndirdiyi fikirləri təsadüfi hesab etmirik: “Ümid edirik ki, Cənubi Qafqazdakı tərəfdaşlarımız Qərblə bu cür psevdodostluğun onlara nəyə başa gələcəyini, yəqin ki, başa düşürlər. Qərb dostluq etməyi bilmir, ondan yalnız istifadə edə bilər və təəssüf ki, bu cür münasibətlərdə tərəfdaşının hissləri onun üçün maraqlı deyil”. Hiss olunur ki, Putin Ermənistanın nazı ilə çox oynadığının fərqindədir. Görünür, İranın Ermənistandakı səfiri Sübhaninin “3+3” formatının yaxın vaxtlara Türkiyədə olacağını inamla səsləndirməsi bölgədə baş verəcək proseslərə yalnız regional qüvvələrin ciddi təsir göstərəcəyinə hesablanıb”.
Ardını oxu...
Rusiyanın ən böyük problemi istənilən böyük hücum üçün vacib olan tanklar və piyada döyüş maşınlarıdır

Rusiya Prezidenti Vladimir Putin idarə etdiyi ölkəni Sovet İttifaqının dağılmasından sonra itirdiyi imperiya əzəmətinə qaytarmağa çalışır. O, sovet sələflərinə, xüsusən də ona böyük miqdarda hərbi texnika miras qoyduqlarına görə təşəkkür edə bilər. Minlərlə köhnə tank və zirehli texnika sayəsində Putin üç ildir Ukraynada müharibəni davam etdirir. “The Economist” yazır ki, Putinin ordusu verdiyi itkilərlə, hətta nəhəng SSRİ ehtiyatları gələn ilin əvvəlində tükənə bilər.

SSRİ-də bütün NATO ölkələrinin tanklarını birləşdirsən, daha çox tank var idi. Və ümumiyyətlə, dünyanın bütün ölkələrindən daha çox zirehli texnika mövcud idi.

Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin analitiki Aleksandr Qolts qeyd edir: “Siyasi Büro başa düşürdü ki, Qərb silahları daha effektivdir, ona görə də müharibə vəziyyətində onları saymırdılar. Keyfiyyətə görə aşağı idi, amma kəmiyyətə görə çox idi. Putin də analoji yanaşmadan istifadə edir”.

Ukrayna münaqişəsi zamanı texnika itkilərini qeyd edən “Oryx” saytının iyulun 17-nə olan məlumatına görə, Rusiya ordusu artıq 16 min 906 ədəd, o cümlədən 3 min 235 tank (müharibənin əvvəlində hərəkətdə olandan çox), 1 464 zirehli texnika itirib. Personal daşıyıcıları, 4288 piyada döyüş maşını və s. Sənədsiz itkiləri nəzərə alsaq, zərər daha çox ola bilər.

Ötən ilin dekabr ayında Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqu 2023-cü ildə ordunun 1530 tank alacağı ilə öyünmüşdü. O, sadəcə qeyd etməyib ki, onların demək olar ki, 85 faizi Beynəlxalq Strateji Araşdırmalar İnstitutu, IISS-in məlumatına görə anbardan götürülmüş köhnə texnikadır: əsasən T-72 tankları, həm də İkinci Dünya müharibəsindən sonra istehsal olunan T-62-lər. Onlar Ukrayna ilə döyüşə atıldı və yüzlərlə insan Ukrayna tarlalarında yandırıldı - pilotsuz təyyarələr, HIMARS raketləri, özüyeriyən haubitsalardan və ya portativ qumbaraatanlardan mərmilərlə vuruldu. Təkcə müxtəlif modellərin T-72-ləri məhv edildi. “Oryx”ə görə, 1515 ədədi.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) mütəxəssisləri də qeyd edirlər ki, bu il Rusiyanın təxminən 1500 tank və 3000 digər zirehli texnika istehsal edəcəyi gözlənilir, lakin onların 85 faizi yenilənib və ehtiyata çevrilib.

Ekspertlərin fikrincə, Rusiyanın ən böyük problemi istənilən böyük hücum üçün vacib olan tanklar və piyada döyüş maşınlarıdır. IISS-in analitiki Mixael Qjerstad “The Economist”ə bildirib ki, fevral ayına kimi Rusiyanın ehtiyatında 3200-ə yaxın tank olmasına baxmayaraq, onların 70 faizə qədəri “müharibə başlayandan bəri bir qarış belə yerindən tərpənməyib”. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərindən T-72-nin əhəmiyyətli bir hissəsi (Rusiya bu tankların əksəriyyətinə malikdir). açıq havada saxlanılıblar. Ona görə də çox pis vəziyyətdə olduqları görünür.

Qoltsun və Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin və Avropa Siyasətinin Təhlili Mərkəzinin əməkdaşı, rusiyalı hərbi ekspert Pavel Luzinin fikrincə, hazırkı döyüş itkiləri nisbətində ehtiyatda olan tankları və piyada döyüş maşınlarını yeniləmək imkanı var. Amma təxminən bir il sonra - 2025-ci ilin ikinci yarısına qədər tükənəcək.

Luzinin sözlərinə gör, ordudakı boşluqları yeni texnika ilə əvəz etmək olmaz: “Rusiya ildə cəmi 30 yeni tank istehsal edə bilər. Ukraynalılar 2023-cü ildə T-90M tankını ələ keçirdikdə (müharibəki ən ən müasir, 2020-ci ildə istifadəyə verilən), onun silahının 1992-ci ildə istehsal edildiyi məlum oldu. Sonra ilk T-90 modeli istehsal olunmağa başladı”.

Qjerstad hesab edir ki, ildə 28-dən çox yeni T-90M istehsal xəttindən çıxa bilməz.

Müharibə başlayandan bəri Putinin bir neçə dəfə dünyanın ən yaxşısı adlandırdığı 175 T-90M tankı cəbhəyə göndərilib. “Oryx” onların demək olar ki, 60 faizinin itkisini qeyd edir.

Yeni tankların və köhnə tankların, piyada döyüş maşınlarının istehsalı və modernləşdirilməsi komponentlərin çatışmazlığı ilə çətinləşir. Luzin qeyd edir ki, 2025-ci ildə istifadə üçün nəzərdə tutulan ehtiyatlar artıq böyük ölçüdə istifadə olunub və bir çox kritik komponentlər və ehtiyat hissələri əvvəllər Avropadan gətirilib: “Bəzən alternativlər tapıla bilər, lakin adətən onlar keyfiyyətsiz olurlar. Məsələn, Fransız “Thales”dən olan istilik görüntüləyiciləri Çin və Belarus istehsalı ilə əvəz olundu. Amma az effekt verdi, adekvat olmadı”.

Bundan əlavə, köhnə sovet istehsal zəncirləri artıq mövcud deyil. Əhəmiyyətli hərbi istehsal mərkəzləri Gürcüstan, ADR və Ukrayna idi. T-72 üçün qüllələrin əsas istehsalı Xarkovda idi. Luzin əlavə edir ki, hərbi-sənaye kompleksində işçilərin sayı SSRİ dövründən bəri 10 milyondan 2 milyona qədər azalıb, avtomatlaşdırma səbəbindən müvafiq dəyişdirmə baş verməyib.

Rusiya ordusunun atəş gücündə üstünlüyünə çox diqqət yetirilir. Bunun mənfi tərəfi artilleriya lülələrinin tez aşınmasıdır. Rusiyada barel istehsalı üçün lazım olan fırlanan döymə maşınları olan cəmi iki fabrik var və onların hər biri ildə cəmi 100 ədəd istehsal edə bilir. Halbuki minlərlə lazımdır.

Bu avadanlığı dəyişdirməyin də heç bir əhəmiyyəti yoxdur. Luzin qeyd edir: “Sovet və postsovet tarixində ölkədə yalnız xaricdən gətirilən avtomobillərdən istifadə olunub”.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək.
Çünki Nikol Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərvəsində Almaniyanın kansleri Olaf Şoltsun iştirakıyla görüşüblər, bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər, indi London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir.
Bu Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
“İmamverdi İsmayılovun 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində 300 səs toplamadığı ilə bağlı sübutlar var”.

Bunu Yenicag.az-a açıqlamasında İmamverdi İsmayılovun 1995-ci ildən indiyə qədərki fəaliyyətinə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

Onun sözlərinə görə, bu məsələyə İmamverdi İsmayılovun şəxsi nöqteyi-nəzərindən baxmaq doğru deyil.

“Çünki 30 ildir İmamverdi İsmayılovun namizədliyi YAP-ın siyahısından verilir. Ötən seçkilərdə YAP bəyan etmişdi ki, yeni insanların gəlişində maraqlıdır, amma yenə İmamverdi İsmayılovun namizədliyini irəli sürdü. Bu ilin fevralından bəri YAP bəyan edir ki, yeni dövrə yeni hədəflərlə gedəcək. Yeni dövrün yeni hədəfi Siyavuş Novruzov, İmamverdi İsmayılov, Eldar İbrahimovdursa, bəs bu cəmiyyətə hansı açıqlamanı verəcəklər?” – deyə o bildirib.

A.Əsədli bildirib ki, 30 ildir bu adamların üzərindən manipulyasiya gedir:

“Yeni dövr, yeni fikirlər, yeni siyasət adamlarının olacağı deyilir, lakin yenə eyni adamlar deputatlığa namizəd olur. Məşhur filosofun dediyi bir fikir burada yerinə düşür: “Nə dediyin önəmli deyil, nə etdiyin önəmlidir”.

“2020-ci ildə İmamverdi İsmayılov biabırçı şəkildə mənə məğlub olub. Üst-üstə 300 səs toplamadığı ilə bağlı sübutlar var. O, 30 ildə xalqla hakimiyyət arasında körpü qura bilmədi. İnanmıram ki, 100 nəfər gedib ona səs versin. Çünki ortada keçən seçkidən qalan nəticələr, protokollar var”, – deyə partiya rəhbəri bildirib.
 
Ardını oxu...
Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ölkə başçısı, cənab prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuş və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Dövlətimiz tərəfindən KİV-lərinə birdəfəlik və aylıq maddi yardımlar göstərilmiş, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlər fəxri adlarla təltif edilmiş, dövlət başçısının sərəncamları əsasında yaşayış binaları tikilərək jurnalistlərin istifadəsinə verilmişdir. Azərbaycan dövləti mətbuat sahəsinə diqqət və qayğısına görə dünya ölkələrinə nümunə olacaq model formalaşdırmışdır.
Ölkəmizdə mətbuata diqqət və qayğının əsası xalqımızın Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi mətbuat sahəsində də sürətli inkşaf dövrü başlamışdır. Bütün bu diqqət və qayğının nəticəsi olaraq, 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür:
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatın inkişafına dövlət qayğısı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır.
Azərbaycan prezidentinin mətbuata qayğısı, kütləvi informasiya nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər mətbuat nümayəndələri tərəfindən də böyük məmnunluq hissi ilə qarşılanır. Dəfələrlər ölkə başçısı, cənab Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin Dostu" seçilmişdir.
Hörmətli mətbuat nümayəndələri, hər birinizi Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, sizlərə cansağlığı və səmərəli fəaliyyətinizdə müvafəqqiyyətlər arzu edirəm.

Türkan Cümşüdova – YAP üzvü

 

Dünyapress TV

Xəbər lenti