Ardını oxu...
Azercell son günlər Bakcell və NAR-a qarşı qərəzli kampaniya aparır... Maraqlıdır ki, əslinfə Azercell tərəfindən yönləndirildikləri şübhə doğurmayan bəlli bir trol ordusu sözügedən iki mobil operatoru sosial şəbəkələrdə gözdən salmağa çalışır və əslində ümumi olan şəbəkə problemləri ilə bağlı yalnız həmin iki şirkəti ittiham edirlər, Azercell-i təmizə çıxarmağa çalışırlar.
Məsələn, hansısa xidmətin pullu olması və yaxud da qiymətinin bahalaşması... Ümumi olan prosesdə Azercell-in adı çəkilmir və yalnız bu iki şirkət VURULUR... Ki, burada da ölkəmizin ən böyük operatorunun nədən belə canfəşanlıq etdiyini müəyyən etmək o qədər də çətin deyil.
Çünki Azercell-dən son dönəmlər şikayətlər həqiqətən də artıb və bu təbii olaraq baş verir. Yəni hansısa trol rodusu və təşkilatlanmış şikayətçi qrupu tərəfindən deyil. Narazılıqlar sırf olaraq Azercell-in fəaliyyətindən doğan təzahürlərlə əlaqədar olsa da, Azercell əslində rəqib hesab etdiyi və görünür ki, son dönəmlərdə onu aşkar şəkildə üstələyən digər iki mobil operatora qarşı məhz belə bir qara piarın aparılmasına möhtac qalıb.
Ayıb olsun... Adını da ÖLKƏNİN ƏN BÖYÜK MOBİL OPERATORU qoyub...
Belə şər-şəbədəynən məşğul olmaqdansa, fəaliyyətinə çəki-düzən verib, müştəri məmnunluğuna vəsait ayırsaydınız, daha doğru olardı...
Yaxşı ki Azercell ölkədə yeganə mob8il operator deyil...
Yaxşı ki tək Azercell-in ümidinə qalmamışıq...

Məhəmməd ƏRSOY - Dia-az.İnfo
Ardını oxu...
Stanislav Tarasov: “Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq”

HƏMAS lideri, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda qaldığı iqamətgahda qətlə yetirilib. HƏMAS lideri iqamətgaha atılan zərbə puası ilə öldürülüb. Təşkilat hərəkatın Siyasi Büro rəhbərinin ölümünü təsdiq edərək, hücumu “xain” adlandırıb və buna görə “sionist İsraili” günahlandırıb.

HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusif Həmdan vəd edib ki, Fələstin radikal hərəkatının Siyasi Büro rəhbərinin Tehranda öldürülməsi İsrailə qarşı cavab tədbirlərinə səbəb olacaq.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rezai də Haniyənin ölümünə görə İsraildən qisas alınacağını açıqlayıb.

İsrail isə sui-qəsddə iştirakını təkzib edib.

Xarici ekspertlər Haniyənin qətlinin onsuz da gərginlik hökm sürən Yaxın Şərqdə qarşıdurma vəziyyətini artıracağını proqnozlaşdırırlar.

Rusiyalı politoloq, Yaxın Şərq ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov əmindir ki, Haniyənin öldürülməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirəcək. Analitik “Lenta.ru” ilə söhbətində mümkün nəticələri təsvir edib və bildirib ki, baş verənlər İran üçün çağırışdır: “Çünki bu ölkənin ərazisində HƏMAS liderlərindən birini öldürməklə İsrail öz kəşfiyyatının imkanlarını nümayiş etdirib. Bundan əlavə, bu, İrana hədəflənmiş zərbədir. Çünki İsrail adətən yaraqlıları və ya HƏMAS, Livanın şiə hərəkatı Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrini neytral ölkələrin ərazisində məhv edir”.

“Qətl böyük siyasi rezonansa səbəb olacaq və Yaxın Şərqdə, xüsusən də İsrail-İran münasibətlərində vəziyyətin daha da gərginləşməsinə töhfə verəcək. Şübhəsiz ki, reaksiya mənfi olacaq, tərəflər arasında qarşılıqlı siyasi ittihamların dərəcəsi artacaq”, Tarasov əlavə edib.

Politoloq bu fonda Hizbullahla İsrail arasında silahlı qarşıdurmanın başlayacağını çətin hesab etsə də, hədəfli zərbələrin tezliyinin artacağını istisna etməyib. Onun fikrincə, münaqişənin yeni regional müharibəyə çevrilməsi şübhəlidir: “Çünki bu əməliyyat ABŞ tərəfindən dəstəklənmir və onların dəstəyi olmadan İsrail həm HƏMAS, həm də Hizbullahla eyni anda döyüşə tab gətirə bilməyəcək”.

“İranın özünə gəlincə, bu, ilk növbədə, ruhani lider Ayətullah Seyid Əli Xamenei və yeni Prezident Məsud Pezeşkian tərəfindən səsləndirilən İranın xarici siyasətinin yeni konsepsiyasının mövqeyinə zərbədir. Yeni rəhbərlik Qərbə münasibətləri normallaşdırmağa çağırış etdi və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması ikinci sıraya qoyuldu. Yəni ilk növbədə təkcə coğrafi baxımdan qonşu olan ərəb ölkələri deyil, həm də Çin, Rusiya və s. nəzərdə tutulur. Bu vəziyyətdə Qərb istiqamətində 180 dərəcə dönüş İran üçün indi qeyri-mümkündür. Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq. Əksinə, regionda siyasi vəziyyəti gərginləşdirəcək bir faktdır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Fransa “demokratiya, azadlıq, tolerantlıq” adı altında dünya səhnəsində özünü rüsvay etməkdə davam edir. Və bu halda söhbət təkcə Parisin həm daxili, həm də xarici siyasətdəki tam uğursuzluqlarından getmir. Fransızlar dünya ictimaiyyətinin gözündə gülüş obyektinə çevrildikləri yeni platformalar axtarır və ən əsası tapırlar.

Ötən il Parisdə və ölkənin digər şəhərlərində keçirilən müntəzəm etirazlar Emmanuel Makronun uğursuz daxili siyasi addımlarını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, özünü dünya demokratiyasının sütunlarından biri kimi göstərən ölkənin polisi etirazçılarla ən amansız şəkildə rəftar edirdi. Və bir çox fransızların narazılığına səbəb olan pensiya islahatı ilə də Makron “bəlaya düşdü”.

Fransanın xarici siyasətində işlər daha da pis idi. Afrika fiaskosu Makronun onsuz da aşağı olan reytinqinə ağır zərbə vurdu. Niger, Burikna-Faso, Mali kimi ölkələrdə ən güclü Afrika təpiyi Fransanın beşinci nöqtəsinə vuruldu.

Bununla belə, sadəlövh Makron hesab edirdi ki, Afrika yolunda uğursuzluqlar Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi məsələsində “müdrik” siyasətlə kompensasiya edilə bilər. Amma burada da Fransa Prezidenti özünü tamamilə “dəfn etdi”: dünya ictimaiyyəti Makronun nə hörmətə, nə də səlahiyyətə malik olduğunu birbaşa gördü. Azərbaycan Prezidenti İlham Əliyev Parisi sözün əsl mənasında bu prosesdən sıxışdırıb çıxardı. Bu da gözlənilən idi: Fransanın açıq-aşkar ermənipərəst mövqeyi sülhün əldə olunmasına heç bir töhfə vermədi, əksinə, ocağa benzin tökdü.

Təbii ki, burada Qarabağda separatçı hərbi xuntanın süqutu ilə başa çatan sentyabr anti-terror əməliyyatından sonra Fransanın BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan əleyhinə qətnamə qəbul etməyə necə cəhd etdiyini xatırlamaq lazımdır. Və yenidən uğursuzluq.

Lakin ötən həftənin sonunda Paris yeni bir sahədə: idmanda dünya ictimaiyyətini təəccübləndirməyi bacardı. İstər yerli, istərsə də dünya mediası mahiyyəti və forması ilə iyrənc olan 2024-cü il Olimpiadasının açılışı ilə bağlı çox yazıb.

Təbii ki, açılışın kuliminasiya nöqtəsi medianın, siyasətçilərin, ictimai xadimlərin və kilsənin diqqət mərkəzində olub. Söhbət LGBT icmasının nümayəndələrinin İsanın apostolları kimi çıxış etdiyi Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin reproduksiyasından gedir. Tamaşada həmçinin saqqallı bir qadın və tamamilə mavi rəngə boyanmış, demək olar ki, çılpaq bir kişi iştirak edirdi.

Bu arada Beynəlxalq Olimpiya Komitəsi (BOK) “liberal” Fransanın qalmaqallı hərəkətinə görə izahat verməli oldu. BOK iyrənc Olimpiya açılış mərasiminə görə ictimaiyyətdən üzr istədi.

BOK-un sosial mediadakı X səhifəsində iyulun 28-də dərc edilmiş bəyanatda deyilir: “BOK Paris Təşkilat Komitəsinin açılış mərasimi ilə bağlı verdiyi açıqlamaları qeyd etdi və alqışlayır”.

Eyni zamanda, kommunikasiya üzrə təşkilat komitəsinin direktoru Enn Deşam brifinqdə özünə bəraət qazandırmaq üçün pafoslu cəhd etdi. O, təşkilatçıların "cəmiyyətin müxtəlifliyini vurğulamaq" və sosial qruplara hörmətsizlik göstərmək istəmədiyini söylədi.

Heyrətamiz mövqe. Belə olan halda təşkilatçılar niyə “müxtəliflik” spektrini genişləndirib, cəmiyyətin eyni zamanda elementləri olan təcavüzkarları, qatilləri, narkomanları və sairi açılışa dəvət etmədilər? Amma ən əsası odur ki, saxta tolerantlıq şüarı altında LGBT-nin iyrənc əməllərini təbliğ edən fransızlar İslamı qəbul edən qaradərili fransız idmançı Sounkamba Sillanı Olimpiya Oyunlarının açılış mərasimində iştirak hüququndan məhrum ediblər.

Ancaq əlbəttə ki, bizi ən çox Fransa tərəfinin ən mühüm idman hadisəsini siyasiləşdirmək cəhdi maraqlandırırdı. Artıq xəbər verdiyimiz kimi, Fransanın “France 2” telekanalının canlı efirində aparıcılar Azərbaycan idmançıları ilə bağlı təxribat xarakterli açıqlamalar veriblər.

Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri simpatiyasını gizlədə bilməyib: “Bizim erməni dostlarımız olan Ermənistan tarixən fransızların qəlbinə yaxın olan ölkədir”.

Aparıcı Qarabağdakı separatçı rejimin tarixdən silinməsi ilə bağlı təxribat xarakterli fikirlər də səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim edib.

Bu açıq-aşkar faktla bağlı Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a rəsmi etiraz məktubu ünvanlayıb. Qeyd edilir ki, dövlət televiziyasının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq şəkildə pozulmasıdır. Bu cür təbliğat təkcə Oyunların ruhuna zidd deyil, həm də Azərbaycan ilə Ermənistan arasında sülh səylərini sarsıtmağa xidmət edir.

Bununla belə, xoşagəlməz hadisənin, görünür, davamı var. Belə ki, olimpiya təxribatı ilə bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi ilə Azərbaycanın Hollandiyadakı səfiri Rəhman Mustafayev arasında mübahisə yaranıb.

“X” sosial şəbəkəsində buna səbəb “France 2” telekanalının aparıcısının “Dağlıq Qarabağ”ın itirilməsi və onun Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi ilə bağlı sözlərini sitat gətirən fransız diplomatın son paylaşımı olub.

Rəhman Mustafayev bu paylaşımı belə şərh edib: “Ermənilər, təbii ki, sizin dostlarınızdır. Amma söhbət Qarabağın “yıxılmasından” getmir. Onun yeniləşməsi və dirçəlişi başlayır, gözəl perspektivləri açılır. Əgər ermənilər “yaxşı oğlanlar” olsalar, bu perspektivlərdən yararlana biləcəklər”.

Dekotinyi cavab olaraq “Dağlıq Qarabağ ermənilərinin qanuni hüquqları”, o cümlədən evlərinə qayıtmaq haqqında köhnə, kədərli mahnını oxumağa başlayıb.

Gördüyümüz kimi, Fransa tərəfi ənənələrə sadiq qalaraq, yenə də anlayışların dəyişdirilməsi ilə məşğuldur. Heç kim Qarabağ ermənilərinin hüquqlarını pozmağa hazırlaşmır. Və heç kim onların geri qayıtmasına mane olmur. Amma bir şərt var: Azərbaycan vətəndaşlığını qəbul etmək. Hamısı budur. Əks halda, asanlıqla Fransaya köçüb orada erməni pasportu ilə yaşaya bilərlər...

Müəllif: Fed Bakinski - Mənbə: AYNA.az
 
Ardını oxu...
Almaniyanın keçmiş kanslerinin Rusiyanın sabiq Prezidentinə konstitusiyanı pozmağa kömək etməsinin detalları üzə çıxıb

1993-cü ildə Rusiya Prezidenti Boris Yeltsin hakimiyyət uğrunda mübarizədə böyük qələbə qazandı. Hökumət materiallarından belə çıxır ki, Almaniya kansleri Helmut Kol Yeltsini dəstəkləyib. Rusiyadakı Putin rejimi bu razılaşmadan bu günə qədər faydalanmaqda davam edir. “Der Spigel” Almaniya Federal Hökumətinin arxiv sənədlərinə istinadən maraqlı məlumatları üzə çıxarıb.

- 1993-cü ildə Almaniya kansleri Helmut Kol Asiyaya iki həftəlik səfər edir və geri qayıdarkən Moskvada dayanaraq Rusiya Prezidenti Boris Yeltsinlə görüşüb. 1993-cü il martın 3-ü idi. O dövrdə Rusiya dərin borc içində idi, istehsal minimuma enmişdi, inflyasiya sürətlə artırdı. Və heç bir həll yolu görünmürdü: Yeltsin və parlament bir-birinin işinə mane oldular.
Ardını oxu...
-Yeltsin qonağı villasında qəbul edib və orada iki saata yaxın söhbət ediblər. O zaman Kolun reputasiyası pik həddində idi. Yeltsin Helmutu "həmişə böyük insan anlayışı və müdrikliyi göstərdiyinə" görə tərifləyirdi. Alman liderinin siyasi instinktləri onu növbəti dəfə məğlub etmədi və vaxtında Moskvaya gətirdi. Yeltsin “demokratiyanı və bazar iqtisadiyyatını xilas etmək üçün həddindən artıq tədbirlər görməyə” hazırlaşırdı.

- Kol Yeltsinin nəyi nəzərdə tutduğunu soruşduqda cavab verdi ki, Şarl de Qollun 1958-ci ildə Fransada istifadə etdiyi variant haqqında düşünür. General Əlcəzairdə hərbi çevrilişdən sonra hakimiyyətə gəlib və dövlət başçısına geniş hüquqlar verən yeni konstitusiya hazırlayıb.

- Yeltsin analoji yolla getsə, Qərb sponsorlarının, xüsusən də əsas kreditor kimi Almaniyanın necə reaksiya verəcəyini soruşub. Kol indi yayımlanan Almaniya Federal Hökumət sənədlərinin sübut etdiyi kimi, dəstəyini vəd edib.

- Moskvada hakimiyyət uğrunda mübarizə 1993-cü ilin payızına qədər davam etdi. Prezident sonda parlamenti və Konstitusiya Məhkəməsini buraxdı və ona geniş səlahiyyətlər verən yeni konstitusiya hazırladı. Kol söz verdiyi kimi, maliyyə və siyasi dəstək üçün “Böyük yeddilik” (G7) ölkələrinə və Avropa Birliyinə müraciət etdi: “Biz Yeltsinə üstünlük veririk”, dedi.

- Lakin 1958-ci ildəki Fransadan fərqli olaraq Rusiyada həmin hadisələr zamanı itkilər olub. Parlament konstitusiya islahatına cavab olaraq Yeltsini impiçment elan etdi. Oktyabrın 3-də Yeltsinin silahlı əleyhdarları televiziyanın qərargahına və Moskva meriyasına soxulublar. Buna cavab olaraq Yeltsin Kremlə basqın etməyi əmr edib. Rəsmi məlumatlara görə, 187 nəfər həmin hadisələrin qurbanı olub.
- Helmut Kol Yeltsinin malikanədə keçirdiyi görüş zamanı “ifrat tədbirlər” elan etdiyini gizlətmədi. Lakin o, bu qərarın verilməsində rolunu gizlədib. Səbəblər bəllidir - Yeltsin qanunu pozacağını etiraf edib. Kol insanların ölümünə görə heç bir şəxsi məsuliyyət daşımasa da, bu faciəli hadisələr zəncirinin bir halqasına çevrilib.

- Kol hökumətinin məxfi Rusiya sənədləri, o cümlədən 1993-cü ilin martında imzalanmış danışıqlar memorandumu bu il açıqlandı. Bu məlumatlar Almaniyanın Rusiyaya qarşı siyasəti ilə bağlı müzakirələrə əlavə təkan verə bilər.

- Bu günkü yüksəklikdən və Putin rejiminin güclənməsindən Yeltsinin imici əhəmiyyətli dərəcədə dəyişdi. Yeltsinin cəhdlərinə baxmayaraq, Rusiyada demokratiyanın iflasa uğradığı uzun müddətdir hesab olunurdu. Hazırda əksinə, bir çox tarixçilər, eləcə də rus müxalifətçiləri hesab edirlər ki, Yeltsin Putinin şaquli mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib. Kompromis axtarmaq əvəzinə, sərtliyə arxalandı.

- Putin daha sonra yeni konstitusiyanın ona verdiyi geniş səlahiyyətlərdən istifadə etdi və bu, avtoritarlaşma yolunda “əsas məqam” oldu. Bunu Helsinki Universitetindən rusiyalı politoloq Vladimir Gelman deyir.

- 1991-ci ildə Kol və Yeltsin ilk dəfə görüşdülər və dərhal ortaq dil tapdılar. Yeltsinin SSRİ-nin ilk və sonuncu Prezidenti Mixail Qorbaçova qarşı çevrilişi necə qətiyyətlə darmadağın etməsinə Kol da heyran idi.

- Daha sonra ikisi Sibirdə Baykal gölünə səyahətə çıxıb, orada balıq tutaraq birlikdə hamama gediblər. Yeltsin də, Kol da yaxşı münasibətlər qurmaqda maraqlı idilər. Yeltsin Almaniyanın iqtisadi yardımından asılı idi, Kol isə Rusiyanın nüvə arsenalının potensial təhlükəsindən narahat idi.

- Kolun xahişi ilə Yeltsin Sovet qoşunlarının keçmiş SSRİ respublikalarından çıxarılmasını sürətləndirdi. Bundan əlavə, Qərbin Bosniya münaqişəsində Rusiyanın köməyinə ehtiyacı var idi, çünki belə görünürdü ki, Serbiya rəhbərliyinə yalnız Moskva təsir edə bilər. Kanslerin qeydində deyilir: "Yeltsin olmasaydı, hər şey daha çətin olardı".

- Lakin 1992-ci ildə Moskvada vəziyyət daha da pisləşdi. Yeltsin planlı iqtisadiyyatı islahat etmək üçün şok terapiyasına əl atdı. Bu, iqtisadiyyatı çöküş həddinə çatdırdı və Prezidentlə parlament arasında qarşıdurmaya səbəb oldu. Yeltsinin siyasəti dalana dirəndi.

- Kol Yeltsinin parlamentdəki rəqiblərini ciddi qəbul etmirdi. Bu deputatlar SSRİ mövcud olduğu dövrdə seçiliblər və Almaniya kanslerinin fikrincə, “xalqla ortaq cəhətləri az idi”.

Xalq Deputatları Konqresinin 1068 deputatı arasında əslində millətçilər, kommunistlər və antisemitlər var idi. Lakin müasir ekspertlərin fikrincə, onlar azlıq təşkil edirdi. Yeltsin düşərgəsi və parlamenti hakimiyyət uğrunda deyil, siyasi ideologiya uğrunda mübarizə aparırdı.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Məlum olduğu kimi, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tələbləri pozduğuna görə "Azərbaycan Dəmir Yolları" QSC-ni 246 241 manat cərimələyib. Cərimələnməyə səbəb kimi qurumun inhisarçı davranışları göstərilib.

Belə ki, ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bakıvaxtı.az-ın araşdırmasına görə, işə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı ADY QSC öz törəmə müəssisələrinə xüsusi güzəştləri tətbiq etdiyi aşkarlanıb.

Bu, 11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı - Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detallarında öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

“Azərbaycan Dəmir Yolları” QSC mediada yayılan informasiyaları və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddialarını rədd edərək, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin yükdaşıma sifarişlərindən imtinalarının əsassız olmadığını və Dövlət Xidmətinə müraciət etmiş bu şirkətlərin ADY-yə külli miqdarda borc öhdəliklərinin olduğunu açıqlayıb.

Reallıq isə tamamilə başqadır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi qərarına əsasən, “Alliance Logistics” MMC-nin müraciəti, eləcə də həmin müraciət üzrə toplanılmış əlavə məlumatlarda "ADY" QSC-nin konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı, özünün törəmə şirkətləri olan "ADY Ekspress" MMC və "ADY Konteyner" MMC ilə fəaliyyət göstərdiyi, həmin törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina etdiyi, 2023-cü ilin noyabr ayında "Alliance Logistics" MMC-nin sifarişi ilə "Gürcüstan Dəmir Yolları" SC-dən daxil olmuş 40-dan çox "mesplan"ın (tranzit yükdaşımalar zamanı marşrut üzrə daşımada iştirak edən dəmiryol administrasiyalarının öz əraziləri üzrə yükün hərəkətinə icazə verilməsini təmin edən sənəd) razılaşdırılmasından heç bir əsas gətirmədən imtina etdiyi və nəzarətində olan Hövsan stansiyası tərəfindən 2023-cü ilin iyul-avqust ayları üzrə "Alliance Logistics" MMC-yə (o cümlədən törəmə müəssisəsi "Alliance Multimodal" MMC-yə) göstərilmiş xidmətlərə görə artıq yığımlar hesabladığı qeyd olunub.

Əlavə olaraq, "Alliance Multimodal" MMC-nin 2023-cü fraxt ilində Sumqayıt Yük Terminalının xidmətlərindən istifadə etmək məqsədilə "ADY Konteyner" MMC ilə müqavilə bağladığı, həmin müqaviləyə uyğun olaraq "Alliance Multimodal" MMC-nin bir çox sifarişlərin icrası üzrə öhdəliklərinin yarandığı, lakin "ADY Konteyner" MMC tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi və "ADY" QSC-nin törəmə şirkəti tərəfindən yeni müqavilənin bağlanılmasından imtina olunduğu qeyd olunub.

""Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 14-cü bəndinə əsasən magistral və yerli dəmiryol xəttlərinin,yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti,dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısına" daxil edilib.

Araşdırmaya görə, təbii inhisar subyekti olan "ADY" QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə Orta Dəhliz üzrə daşımaların artırılmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, "ADY" QSC tərəfindən özəl sahibkarlıq subyektlərinə fəaliyyətinə müxtəlif maneələr yaradılır,"ADY" QSC tərəfindən "ADY Konteyner" MMC-yə güzəştli və xüsusi tariflər tətbiq olunur. Nəticədə, "ADY" QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.

Nəzərə almaq lazımdır ki, ölkədə dəmir yol infrastrukturu dövlət mülkiyyətindədir və yalnız "ADY" QSC tərəfindən idarə olunur.

Beləliklə, qeyd edilən İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ADY QSC-nin həm infrastrukturu idarə etməsi, həm də kommersiya fəaliyyəti ilə məşğul olması nəticəsində özəl şirkətlərin fəaliyyətinə və biznes mühitinə mənfi təsirləri öz təsdiqini tapmış olur.

Gülşən Şərif
 
 
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian ilk ciddi sınaqla üz-üzədir. Livanın İranın da dəstək verdiyi Hizbullah təşkilatının İsrailə zərbələr endirməsi və bu ölkənin 12 vətəndaşını öldürməsi qarşılığında İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endiriblər və bu son deyil. Vəziyyət o qədər gərginləşib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfərini yarıda kəsərək vətəninə dönüb. İsrail Livan ərazisində geniş hərbi əməliyyat hazırlayır. Ancaq bu o demək deyil ki, İsrail yeni müharibədə uğur qazana bilər. Hizbullah təşkilatının 2006-cı ildə bir neçə İsrail əsgərini öldürməsi qarşılığında İsrail Livana hücum etdi, ancaq istədiyi nəticəni əldə etmədi. Hizbullah Livanın cənubunda mövqelərini qorudu. İsrail Qəzza ilə yanaşı Livanın cənubuna hücum planı hazırlayıb. İsrail-Hizbullah müharibəsi İranın ikincini daha fəal şəkildə dəstəkləməsini şərtləndirəcək. Məsud Pezeşkian İsrail əleyhinə sərt açıqlamalar verəcək, Tehranın Hizbullaha silah və maliyyə dəstəyi artacaq. Bu Məsud Pezeşkianın Qərblə məsələləri həll etmək imkanlarını bir müddət arxa plana atacaq.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış qeyd edib ki, “Volın məsələsi” həll olunmasa, Ukrayna Avropa İttifaqına üzv olmayacaq. Həqiqətən də ukraynalıların və polyakların keçmişində çox şey var. Dostluq da, əməkdaşlıq da... - indiki kimi. Və təəssüf ki, münaqişələr və rəqabət də var. Hətta qarşılıqlı müharibələr, qarşılıqlı qətllər. Bunda xüsusi bir məsələ yoxdur. Bu cür münasibətlər istənilən qonşu xalqlar üçün xarakterikdir.

Bizim keçmişdə nümayəndələri Ukrayna torpaqlarında cinayət törətmiş, xüsusilə Ukrayna torpaqlarında işğalçı kimi çıxış edən polşalı qonşularımıza qarşı böyük təəssüf hissi və böyük iddialarla danışa biləcəyimiz çoxlu səhifələrimiz də var.

Ancaq Allaha şükürlər olsun ki, Ukraynada heç bir siyasətçi yoxdur ki, (ən azı Polşadakı kimi danışan) bizim öz tarixlərinə baxışımızı Polşa qonşularımıza sırımağa çalışsınlar. Üstəlik, ukraynalı siyasətçilərin heç biri keçmişimizlə bağlı bəzi qiymətləndirmələrdən asılı olaraq Ukrayna ilə Polşa arasında bugünkü münasibətləri koordinasiya etmir. Heç kim gələcək əməkdaşlığın perspektivlərini bu tətbiq edilmiş baxışdan asılı etməyə çalışmır. Bu, qətiyyən yolverilməzdir. Mənə gəlincə, heç bir siyasətçinin bundan danışmağa haqqı yoxdur.

Axı bu, heç yerə aparan yoldur... Hər şeyi geridə qoyub normal münasibətləri inkişaf etdirərək irəli getməyi mümkün edən yeganə model qarşılıqlı bağışlama modelidir.

Onlar Polşa tərəfində hansısa cinayətlər barədə danışmağa hazır deyillər. Belə bir modelin normal qarşılıqlı anlaşmaya töhfə verməyəcəyi şübhəsizdir. Üstəlik, tamamilə spekulyativdir və tarixi təhrif edir.

Təəssüf ki, biz onu dəyişdirə bilmirik. Amma biz ondan bəzi dərslər çıxara bilərik. Və mənə elə gəlir ki, Ukrayna və Polşanın keçmişindən götürə biləcəyimiz əsas dərs odur ki, Rusiya həmişə xalqlarımız arasındakı anlaşılmazlıqlardan, xalqlarımız arasındakı münaqişələrdən istifadə edib.

Hesab edirəm ki, siyasətçilər tarixçi deyillərsə, keçmişlə bağlı hadisələrə münasibət bildirməməli, keçmişlə bağlı heç bir qiymət verməməlidirlər. Keçmişlə bağlı fikirləri ilə bu gün və sabahla bağlı fikirlərini hansısa yolla uzlaşdırmağa çalışan siyasətçilərin, təəssüf ki, özlərinin bu keçmişin sözçüsü olması ehtimalı daha çoxdur. Onlar isə bu günə və gələcəyə xidmət edə bilmirlər.

Üstəlik, bu cür mövzular yalnız Polşa siyasətinin bir hissəsi tərəfindən vacib hesab olunur. Və mənə elə gəlir ki, əslində Polşada vəziyyət indi dəyişir.

Keçən həftə mən Polşada ezamiyyətdə idim. Müxtəlif dövlət orqanlarının nümayəndələri, deputatlar, yerli hökumət nümayəndələri ilə çoxlu görüşlər keçirdim. Beləliklə, Polşanın cənab müdafiə nazirinin ifadə etdiyi nöqteyi-nəzər birmənalı olaraq indiki Polşa hökuməti arasında artıq üstünlük təşkil etmir. Və həqiqətən ümid edirəm ki, Polşa cəmiyyətindəki sağlam qüvvələr keçmişlə bağlı lazımsız mübahisələrin qarşısını alacaqlar. Əgər keçmişi müzakirə etmək istəyi varsa, o zaman tarixçilərimiz arasında yüksək keyfiyyətli dialoqun olmasına şərait yaratmaq lazımdır.

Müəllif: Vladimir Vyatroviç – Ukraynalı tarixçi, elmlər namizədi, ictimai xadim.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdu
 
 
 
Ardını oxu...
İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi zenit-raket sistemləri verəcək. Lakin Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollarlıq gizli razılaşmaya dair xəbərləri təkzib edib.

Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan tərəfindən dəfələrlə İrandan silah daşınmalarının şahidi olmuşuq:
Onun sözlərinə görə, bu silah daşınmaları müharibədən sonrakı müddətdə İranın öz tank əleyhinə raket sistemlərinin, optik vasitələrinin Ermənistana daşındığı faktı, digər tərəfdən isə erməni PUA operatorlarının İranda hazırlanması, məhz İran PUA-larının Ermənistan tərəfindən əldə olunduğunu deməyə əsas verirdi.
Hərbi ekspert İran ərazisindən Ermənistana həm quru, həm də hava yoluyla silah və sursatların daşınmasına şahidlik etdiyimizi bildirib:
“Adətən, Fransa və Hindistana aid olan silahların da əksəriyyəti Ermənistana İran üzərindən daşınır. Odur ki, Ermənistan tərəfi nə qədər mövcud müqavilənin olmadığını inkar etsə də, belə bir əməkdaşlığın mövcudluğunu təsdiqləyən çox sayda faktlar əlimizdə mövcuddur”.
Ə.Verdiyevin sözlərinə görə, Ermənistan tərəfi burda söz oyunuyla məşğul olmalı deyil:
“Məğlub və işğalçı tərəf kimi belə bir müqavilənin ümumiyyətlə, olub-olmamağına aydınlıq gətirməlidir. Hesab edirəm ki, bizim üçün Ermənistanın əldə etdiyi silahların Azərbaycan tərəfinə qarşı istifadə olunması faktı Ermənistan üçün kifayət qədər ağrılı və acılı bir nəticələr vəd edir. O silahların hansı ölkədən verilməsi bizim üçün əhəmiyyət daşıyır. Vacib olan məsələ həmin silahların Azərbaycan sərhədləri yaxınlığında yerləşdirilməsinə imkan verməmək və onları zərərsizləşdirməkdən ibarət olmalıdır”.

Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanacağına dair ümidlər tükənməkdədir. Bunun başlıca səbəbi Ermənistan hökumətinin, baş nazir Nikol Paşinyanın sülh prosesi ilə bağlı qeyri-səmimiliyi, yekun sülhün əldə olunması üçün ardıcıl addımlar atmamasıdır. İrəvanın sülh danışıqlarını ləngidən bu addımları sülh müqaviləsinin tezliklə imzalanmasına inamı azaldır. Paralel olaraq, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması, Bakının çağırışlarına hələ də adekvat reaksiya verilməməsi nikbinliyi azaldır. Sülh danışıqları ilə bağlı fərqli mülahizələr də səsləndirilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskvanın sülh prosesinə dəstəyi həcm və formaca bütün tərəflər üçün məqbul olmalıdır. Kreml sözçüsü bildirib ki, Rusiya iki müttəfiqi arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edir: "Sülhü region ölkələri qurmalıdır, kənardan kimsə yox".
Ermənistan parlamentinin spikeri Alen Simonyan da deyib ki, Bakı-İrəvan danışıqlarında birtərəfli güzəştlər yoxdur və proses beynəlxalq standartlara uyğun aparılır. Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası prosesinə etirazlarda “köhnələrin” və xarici qüvvələrin izini görür: "Məsələ kəmiyyətlə həll olunmur. Müxalifətin öz ətrafında yaratdıqları reallıq budur ki, onlar öz dediklərinə inanır, media vasitəsilə yayırlar. Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür, əminəm ki, onlar sərhədlərin delimitasiyası prosesinə inanır. Bilir ki, İrəvan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, əvvəlkiləri geri qaytarmayacaq, dünyəvi dövlət olmaqdan əl çəkməyəcək, kilsənin bəzi üzvlərini siyasi fiqur kimi qəbul etməyəcək, bu qəbuledilməzdir".
Erməni ekspert Ara Poqosyan da bildirib ki, Azərbaycanın tələbləri tam paket halındadır və onların qəbulundan sonra münasibətlərin yumşalmasından bəhs etmək olar. Poqosyanın iddiasına görə, Qərblə Azərbaycan arasında bu məsələdə vahid yanaşma yoxdur: “Kollektiv Qərbdə bu məsələdə konsensus yoxdur. Ermənistanın həyati maraqlarına görə Cənubi Qafqazda yeni təhlükəsizlik və logistika konfiqurasiyasının yaradılmasına qarşı çıxan ölkələr var. Fransa və Niderlandın adını xüsusi qeyd edəcəyəm. Azərbaycan isə müstəmləkələrin müstəqilliyini dəstəkləməyə yönəlmiş Bakı Təşəbbüs Qrupu ilə Fransaya təsir göstərir. Azərbaycan planına görə, ilk növbədə Konstitusiyaya dəyişiklik edilməli və dəhliz yaradılmalıdır, çünki dəhliz təmin edilməsə, azərbaycanlıların Ermənistanda yaşaması öz mənasını itirəcək. Çünki burada azərbaycanlıların məskunlaşması dəhlizin təhlükəsizliyini də təmin edəcək. Bundan əlavə, yerli sakinlər tərəfindən onlara qarşı baş verən hər hansı əhəmiyyətsiz, hətta məişət hadisəsi 1974-cü ildə Kiprdə baş verdiyi kimi, türk ordusunun Ermənistan ərazisinə daxil olmasına səbəb ola bilər”.

Sülh danışıqları ətrafında cərəyan edən son prosesləri "sherg.az"a dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Ermənistanın konstitusiyasına dəyişiklik məsələsi prinsipialdır. Ekspertin sözlərinə görə, bu dəyişiklik olmadan əldə olunan sülh də saxta olacaq, yəni Ermənistan tərəfdən hüquqi əsası olmayacaq:
"Hansısa revanşist birinin yenidən Ermənistanda hakimiyyətə gəlməsi sülhün üstündən xətt çəkə bilər. Odur ki, Azərbaycan sülhün qalıcı olması üçün konstitusiya dəyişikliyini şərt gətirir. Ermənistanın qeyd edilənlərlə əlaqəli referenduma getməsi, referendumdan məqbul nəticənin çıxması sülhü bərqərar edə bilər. Amma COP29-a kimi referendum məsələsi çətin görünür. Tərəflər isə qeyd edirlər ki, məsələlərin böyük əksəriyyəti həllini tapıb. Hesab edirəm ki, COP29-a kimi sülhün bağlanması mümkün deyil. Bunun əsas səbəbini Ermənistanda axtarmaq lazımdır. Ermənistan böyük ehtimalla ABŞ-dakı seçkilərin nəticəsini və bundan sonra Ukrayna-Rusiya müharibəsinin aqibətini gözləyir. Əgər belə olmasaydı, referendum məsələsini çoxdan gündəmə gətirib qeyd edilən vaxta kimi çatdırardı".

Analitik vurğulayıb ki, eyni səbəbləri Azərbaycan da diqqətdə saxlayır:
"Beynəlxalq konyukturun necə olması hər kəsi gözləmə mövqeyinə çəkilməyə sövq edib. Azərbaycan və Ermənistan bu il yox, gələn ilin baharından sonra sülh müqaviləsi bağlaya bilərlər. Çünki Azərbaycanın da ilin əvvəlində referenduma gedəcəyi ehtimalı var. Referendumda Azərbaycan Konstitusiyasına bəzi dəyişikliklər edilə bilər. Ermənistan da Azərbaycan konstitusiyasında dəyişiklik iddiası ilə çıxış edir. Lakin Azərbaycanın İrəvanın istəyinə görə, konstitusiya dəyişikliyinə gedəcəyi az ehtimal olunur, amma yenə də ehtimal kimi qalmaqdadır".
Ardını oxu...
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Əmək Müfəttişliyindən və Dövlət Vergi Xidmətindən məhkəmənin sorğularına gələn cavablar elan olunub.
Dövlət Vergi Xidmətinin cavab məktubunda Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərdə kassa aparatlarının olmadığı bildirilib.
Hakim deyib ki, hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat pul yazılıb.
Məhkəmə prosesində zərərçəkən Tural Nəsimiyev təqsirləndirilən şəxslər barəsində mülki iddia qaldırıb. İddiada bildirilib ki, hər üç təqsirləndirilən şəxsdən ona dəymiş 42 min manat maddi, səkkiz min manat isə mənəvi ziyanı tələb edir.
Zərərçəkən Tural Nəsimiyevin sözlərinə görə, onu Nuridə ilə əlaqələndirən Aynur olub. Ona dəymiş ziyandan cəmi 10 min manat ödəniş olunub. Qalan məbləği də hər üç şəxsdən tələb edir.
Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin olunub.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Dünyapress TV

Xəbər lenti