Niyə ziyanlı işə başlamaq lazımdır ki, sonra da geri qayıtmağa ehtiyac yaransın?!
Keçən ilin əvvəlində hökumət Vergi Məcəlləsinə məntiqsiz dəyişiklik etdi və mikrosahibkarların vergisini 5%-dən 20%-ə qaldırdı. Bu qərar, jurnalistlərə, mühasiblərə, məsləhətçilərə, hüquqi yardımla məşğul olanlara, proqramçılara və s. tədbiq edildi. O zaman mətbuata onlarla açıqlama verdik, bu qərarın yanlış olduğunu söylədik.
Məsələn, 4 yanvar 2024-cü ildə “Amerikanın Səsi”-ə verdiyim müsahibədən sitat: “Gələn il mikrosahibkarlar üçün daha da vergi yükünün artırılacağı ilə bağlı qərar verildi. Əvvəl tətbiq edilən güzəştlər ləğv edildi. İndi onların gəlirlərindən vergi 5 faizdən 20 faizə qaldırıldı. Bu, məntiqli bir yanaşma deyil. Əslində dövlət büdcəsinə həmin kateqoriyaya aid olan şəxslərin heç də böyük bir töhfəsi və ödənişləri yoxdur. Amma faktiki olaraq orada on minlərlə insan çalışır. Onlara əlavə vergi yükü gətirməklə problemləri artırmış oldular. Bunun da nəticəsi olaraq bəzi insanlar tamamilə işindən imtina edəcəklər. Fəaliyyət növlərini dəyişəcəklər. Çünki həm vergi, həm də sosial müdafiə fonduna ödənişlər artır”.
Doğrudan da 2024-cü ildə minlərlə insan bu qərardan əziyyət çəkdi, işini bağlayanlar oldu və 2024-cü ilin sonunda qəbul edilmiş, cəmi 1 il işləyən qərar indi ləğv edildi. Yenidən əvvəlki qaydalara qayıtdılar və qanunu əvvəlki redaksiyaya qaytardılar.
İndi sual yaranır – keçən il israr edib bu qanunu pisə doğru niyə dəyişdilər, nədən arqumentlərə qulaq asmadılar?! Gərək 1 il insanlar əziyyət çəkə, iş yerləri bağlanardı ki, hökumət verdiyi qərarın səhv olduğunu anlasın?! Kim buna görə cavabdehlik daşıyır?! İqtisadiyyat Nazirliyindən, iqtisadi komandadan soruşmaq lazımdır ki, keçən il bu təklifi niyə verdiz, nə səbəbə qanuna dəyişiklik edildi ki, cəmi 1 il sonra əvvəlki vəziyyətə qaytardınız?! Niyə düşünmədən, analiz etmədən qərarlar verirsiniz?! Nədən hər zaman qulaqları kəsib sonra sayırsınız?! Nə vaxt qulaqlar yerində olanda saymağı öyrənəcəksiniz?!
Əlbəttədə ki, ziyanın yarısından qayıtmaq da xeyirdir, yaxşı ki, səhvlərini düzəltdilər, bu qanun dəyişikliyini doğru sayıram, amma niyə ziyanlı işə başlamaq lazımdır ki, sonra da geri qayıtmağa ehtiyac yaransın?!
Natig Cəfərli
TEREF

Dünyapress TV

Xəbər lenti