Ardını oxu...
Artıq bir ildir Rusiyanın Ukraynaya qarşı irimiqyaslı, səbəbsiz işğalı davam edir. On minlərlə insan öldürülüb, milyonlarla insan evindən didərgin düşüb, milyardlarla dollarlıq ziyan vurulub. Müharibənin sonu görünmür.


AzadlıqRadiosunun rus xidmətinin müxbiri Mark Krutov hərbi təhlilçi, ABŞ-də yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun aparıcı əməkdaşı Rob Li (Rob Lee) ilə müharibənin gedişatı, ona təsir edə biləcək faktorlar haqda danışıb.

Rob Li deyir ki, bir il öncə müharibə başlananda onun qısa çəkəcəyini, ancaq Rusiyanın daha məhdud məqsədləri olduğunu düşünüb. Müharibənin indiyədək uzanmasının səbəblərinə gəlincə, təhlilçi Rusiya rəhbərliyinin ayrı dünyada yaşadığını, yerdəki faktlardan xəbəri olmadığını deyir.

“Müharibənin indiki məqamda istənilən vaxt bitəcəyini düşünmürəm. Rusiya buna çox şey sərf edib. Bu qədər ağır itkilər verib. Onlar hansısa məqsədə çatmaq istəyirlər. Ancaq Rusiyanın indiki məqamda nədən razı qalacağı mənə aydın deyil. Hərbi vəziyyət düzələndə onlar daha çox şey istəyirlər. Onlar Donbasın hamısını, daha artığını istəyirlər. Onlar Ukraynadan daha çox güzəşt istəyirlər”, – Li vurğulayıb.

Donbasın Xersondan fərqi
Ukraynanın şərqi Donbas vilayətində hərbi vəziyyətlə bağlı təhlilçi qeyd edir ki, bağlanğıcda Ukraynanın orada müdafiə mövqeləri güclü idi. Çünki Donbasda müharibənin qızışacağını həmişə gözləyirdilər. Digər yerlərdə hazırlıqlı olmasalar da, Donbasda müdafiəyə hazır idilər.

“Xerson və Xarkovda Ukraynanın uğurlu hücumlarına baxanda görürük ki, Rusiya qüvvələri orada sadəcə zəif idilər. Onların müdafiəsi yaxşı deyildi, cəbhə xəttində qüvvə nisbəti çox yaxşı deyildi. Ona görə də Ukrayna zəif nöqtə taparaq bundan istifadə elədi”, – deyən təhlilçi indi cəbhə xəttindəki vəziyyəti belə təsvir edir: hücum edən tərəf müdafiəni yarmaq üçün müəyyən üstünlüklərə malik olmalıdır. Bu, artilleriyanın, sursatın sayında, keyfiyyətində ola bilər. Ancaq problem ondadır ki, indi tərəflərin heç biri belə bir üstünlüyə malik deyil ki, cəbhənin bir hissəsində xətti yarsın və bundan istifadə eləsin.

“Digər böyük problem ondadır ki, tərəflər xeyli sayda səfərbər olunmuş əsgərlərə bel bağlayırlar. Ukrayna tərəfdə bu əsgərlərin əhvalı yüksəkdir, vuruşmaq istəyirlər, ancaq onlara təlim keçmək vaxt aparır. Kiməsə özünü müdafiə etmək təlimi keçmək hücum təlimindən daha asandır.

Beləliklə də, hər iki tərəfin hətta yetərincə canlı qüvvəsi olsa belə, bunu hücum qüvvəsinə çevirməyi çətindir…”, – təhlilçi vurğulayır.

Hücum qüvvələri
Rusiya aylardır Baxmut şəhərini ələ keçirməyə çalışır. Vuhledarda uğursuz əməliyyat aparıldığı deyilir. Rob Li qeyd edir ki, Rusiyanın hücum qüvvələri – dəniz piyadaları, desantçılar, spestnazlar (xüsusi qüvvələr) ümumi qüvvənin az hissəsini təşkil edir. Bir də elit Vaqner muzdlu döyüşçüləri var. Bu bölmələr əməliyyatlara effektli şəkildə başçılıq edə bilər, amma Rusiya ordusunun əsas hissəsi hazırda hücumu effektli gerçəkləşdirə bilmir.

“Ukrayna hücuma keçən ilkin qüvvələri əldən salsa və sonrakı bölmələr hücumu davam etdirə bilməsələr, bu, Rusiya tərəfi üçün problem olar”, – deyən Li Ukraynanın da Xerson hücumunu təkrarlaya bilmədiyini söyləyir, çünki Xerson baha başa gəlib: “Hətta çoxlu uğur qazansan belə, irəlilədikcə itkin çox olursa, bu, hücumların sayını azaldır”.

Ukrayna böyük hücuma hazırlaşır
Təhlilçinin sözlərinə görə, Birləşmiş Ştatlar ukraynalıların növbəti altı ay ərzində uğur qazanmasını istəyir. Buna görə də Ukrayna kiçik, bədəli ağır hücumlara getmir, daha yüksək nəticələr verəcək variantlara fokuslanır, resurs yığır, Rusiyanın xətlərində zəif nöqtələr axtarır ki, hücuma keçərək daha çox ərazi ələ keçirə bilsin.

“Rusiyadan da çox şey asılıdır. Onlar hücumları davam etdirsələr, Vuhledar kimi yerlərdə böyük itkilər versələr, Ukrayna isə itki verməsə, Ukrayna yazda hücuma hazır ola bilər. Baxmutda isə başqa ssenari gedir, hər iki tərəf itki verir. Bu Ukraynanın həmin qüvvələrdən daha sonrakı əməliyyatda istifadəsini çətinləşdir”, – təhlilçi bildirir.

Rusiyanın canlı qüvvəsi gerçəkdənmi limitsizdir? Li bu suala “bəli” deyir və bunu Rusiyada səfərbərliklə, 300 min əsgərin səfərbər olunmasıyla izah edir: “Adamlar ikinci dalğadan danışırlar, ancaq məncə, onlar sadəcə səfərbərliyi davam etdirirlər. İtkilərin yerini doldurmaq üçün adamları daim səfərbər edirlər”.

“Rusiyanın səfərbər etməyə yetərincə qüvvəsi var və indiyədək Rusiyada Putinin mövqeyinə təhdid yaradan ciddi reaksiya baş verməyib. Bu halda Putin səfərbərliyi davam etdirə bilər ki, bu da Rusiyaya canlı qüvvədə üstünlük qazandırır”, – Li söyləyir.

Yeni hücum üçün nələr çatışmır
Təhlilçi Ukraynanın yeni hücuma başlaması üçün xeyli şeyin çatışmadığını deyir. Bir məsələ sursatdır. Cəbhənin bəzi yerlərində Rusiya Ukraynadan dəfələrlə çox artilleriya atəşi açır. Digər çətinlik hava qüvvələrində üstünlüyün olmamasıdır. Çünki hücum birgə qüvvələr əməliyyatıdır.

“Ukraynanın əməliyyat üçün yetərincə artilleriya sursatı varmı? Yetərincə dəqiq vuran silahı varmı? Cəbhə xəttindən o yana 20-30 km məsafədə hədəfləri müəyyənləşdirəcək PUA-ları varmı? Bunlar haqqında çox eşitmədiyimiz vacib məsələlərdir”, – Rob Li qeyd edir.

Təhlilçi Rusiya ordusunda adamların rəhbərlərə pis xəbər verə bilmədiyini də qeyd edir:

“Putin pis xəbər eşitmək istəmir və Rusiya generalları da ona yaxşı xəbərlər vermək istəyirlər. Bu o deməkdir ki, Rusiya generalları öz polkovniklərindən yaxşı xəbər eşitmək istəyirlər və bu proses cəbhə xəttinədək davam edir. Bu o deməkdir ki, bəzən adamlar mövqeləri haqda sadəcə yalan danışırlar. Yəni, problemin bir hissəsi yuxarıdan gəlir”.
Ardını oxu...
“Rusiyanın müdafiəsini yarıb döyüş meydanında vəziyyəti dəyişdirəcək briqadalar hazırlayırıq”.
Pressklub.az-ın məlumatına görə, bu sözləri Pentaqonun rəhbəri Ostin CNN-ə müsahibəsində deyib.

Ostin həmçinin əlavə edib: “Biz bir neçə motoatıcı briqada hazırlayır və təchiz edirik. Bu, kifayət qədər əhəmiyyətli potensialdır. Üstəlik, əlavə artilleriya imkanları da var və buna görə də onlar Rusiyanın müdafiəsini yarmaq, manevr etmək qabiliyyətinə malik olacaqlar və düşünürəm ki, bu, fərqli bir ordu, fərqli bir dinamika yaradacaq”.
 
Ardını oxu...
BMT Baş Assambleyası Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa və qoşunlarını çıxarmağa çağıran qətnamə qəbul edib.


Pressklub.az xəbər verir ki, BMT üzvü olan 193 ölkədən 41-i qətnamənin lehinə, 7-si əleyhinə səs verib.

Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.

Azərbaycan ənənəsinə sadiq olaraq səsvermədə iştirak etməyib.

Eyni zamanda, BMT Baş Assambleyası Belarusun Ukrayna ilə bağlı anti-Rusiya qətnamə layihəsinə etdiyi düzəlişləri, o cümlədən silah tədarükünün qadağan edilməsini rədd edib və Qərb liderlərinin Minsk razılaşmaları ilə bağlı son bəyanatlarını pisləyən bəyanat verməyə razılaşmayıb.
Ardını oxu...
Azərbaycana da yaxşı tanış olan general-polkovnik, Rusiya Milli qəhrəmanı Rüstəm Muradovun vəziyyəti o qədər də ürəkaçan deyil. O, Rusiya ordusunun Ukraynada uğursuz hücum cəhdlərinin memarlarından biri hesab edilir.

Pressklub.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Rüstəm Muradovla bağlı araşdırma aparıb. Kəşfiyyatın gəldiyi nəticəyə görə, Dağıstan əsilli general ciddi təzyiq altındadır.

Muradov 2 il əvvəl Qarabağda Rusiya sülhməramlılarının komandanı təyin edilməsindən sonra sürətlə karyerə və rütbə irəliləyişinə baxmayaraq, onu uğursuz əməliyyatlarda ittiham edirlər.

Britaniya kəşfiyyatı qeyd edir: “Nəticələri yaxşılaşdırmaq üçün ona təzyiq edilir. Lakin çətin ki, Muradov ciddi uğur əldə edə bilsin”.

Bildirilib ki, son 6 həftə ərzində Rusiyanın genişlənən mühasirəsinə baxmayaraq Ukrayna qüvvələri hələ də qərbə doğru tədarük xətlərini açıq saxlayırlar.


Əlavə olunub ki, Donetsk vilayətinin cənubunda yerləşən Uqledar şəhəri yenidən ağır artilleriya atəşinə məruz qalıb: “Realist ehtimal var ki, Rusiya fevralın əvvəlində və 2022-ci ilin sonlarındakı uğursuz hücumlarından sonra əraziyə daha bir hücuma hazırlaşır”.
Qeyd olunub ki, Rusiya Qüvvələrinin Şərq Qrupu ehtimal ki, Uqledar əməliyyatı üçün məsuliyyət daşıyır.

Vurğulanıb ki, qrupun komandanı Rüstəm Muradov daha əvvəlki geri çəkilmələrinə görə Rusiyanın millətçi çevrələrinin sərt tənqidləri səbəbi ilə hazırda gərgin təzyiq altındadır.

“Lakin, çətin ki, Muradovun (Ukrayna xəttini) yarıb keçməsi üçün zərbə qüvvəsi olsun”, – deyə məlumatda qeyd edilib.
 
Ardını oxu...
DİA.AZ: - Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Bu barədə DİA.AZ-a MN-dən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ardını oxu...
“ABŞ Silahlı Qüvvələrinin mövcudluğu Polşanın təhlükəsizliyini təmin edir”.

Bunu Polşa Prezidenti Anjey Duda amerikalı həmkarı Cozef Baydenlə görüşündə deyib.

Onun sözlərinə görə, Avropa ilə ABŞ arasında təhlükəsizlik və iqtisadi məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var: “Səfəriniz təhlükəsizlik üçün mühüm əlamətdir. Bu, dünya və Avropanın təhlükəsizliyi üçün ABŞ-ın məsuliyyətli yanaşması ilə bağlı siqnalıdır. ABŞ dünya nizamını qoruya bilər”.

A.Duda həmçinin bildirib ki, ABŞ Prezidenti səfəri ilə Polşanın Ukraynaya hərbi yardımla bağlı düzgün qərarlar verdiyini sübut edir.
 
Ardını oxu...
ABŞ dövlət katibi F-16-ların satılmasından danışıb

“Prezident Cozef Bayden Türkiyəyə F-16-ların satılmasını dəstəkləyir”.

AYNA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

O bildirib ki, müraciətin konqresə nə zaman təqdim olunacağı hələ ki məlum deyil: “Amma bunun Türkiyədəki seçkilər, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə heç bir əlaqəsi yoxdur".

Blinken söyləyib ki, ABŞ Konqresinin bəzi üzvləri bu məsələ ilə bağlı narahatdır: "Biz Konqresin razılığını almaq üçün əlimizdən gələni edəcəyik".
 
Ardını oxu...
Teref.az yazır ki, Azərbaycan Ordusunun topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar Şümşad oğlu Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə vəzifələrini yerinə yetirərkən məlum olmayan səbəbdən (qeyri-rəsmi diaqnoz: ürəktutma) həyatını itirərək şəhid olub.
44 günlük Vətən Müharibəsi zamanı polkovnik-leytenat Vüqar Ağayev döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Çin Rusiyaya öldürücü hərbi yardım göstərmək qərarına gəlsə, “qırmızı xətti” keçəcək".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Diplomat vurğulayıb ki, ABŞ Çinin sülhü qorumaq istəyi ilə bağlı bəyanatını alqışlayır, lakin Rusiyaya öldürücü silahların verilməsi ciddi nəticələrə səbəb olacaq qəbuledilməz mövqe kimi qiymətləndiriləcək.

Qrinfild qeyd edib ki, ABŞ Çinə öz rəqibi kimi baxır və onunla rəqabət aparmağa və müqavimət göstərməyə hazırdır. Diplomat milli maraqların qorunmasının ABŞ üçün prioritet olduğunu və onların müdafiəsi üçün tədbirlər görəcəklərini vurğulayıb.

ABŞ dövlət katibi Entoni Blinken də xəbərdarlıq edib ki, Çin vəziyyətin ciddiliyini və Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah ötürüləcəyi təqdirdə yarana biləcək nəticələri anlamalıdır.
 

Dünyapress TV

Xəbər lenti