Ardını oxu...
İyun ayının 5-də, cümə axşamı günü günorta saatlarında Rusiya işğalçı qüvvələri Xerson Vilayət Dövlət Administrasiyasının binasına təkrar aviazərbə endirib.
Bizimyol.info xəbər verir ki, saat 15:26-da Hərbi Administrasiyanın rəhbəri Oleksandr Prokudin özünün Telegram kanalında Rusiya hərbi təyyarəsinin vilayətin ərazisinə daxil olduğu barədə xəbərdarlıq edib. Qısa müddət sonra o, şəhərə ən azı iki idarə olunan aviasiya bombasının atıldığını bildirib: "Ruslar Xerson Vilayət Dövlət Administrasiyasının binasını məhv etdilər. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir", - deyə o qeyd edib

Ukrayna mətbuatının verdiyi məlumata görə, bu gün səhər saatlarında yerli hakimiyyət Xersonun kütləvi atəşə tutulduğunu bəyan edib. Məlumdur ki, Rusiya ordusu hücum zamanı dörd idarə olunan aviasiya bombasından istifadə edib.

Hücum nəticəsində yaşayış binaları ziyan görüb: onlardan birində bütün giriş hissəsi dağılıb, digərlərində isə pəncərələr sınıb.

Vilayət administrasiyasının binası da ciddi dağıntılara məruz qalıb. Prokudin hücum nəticəsində 68 və 74 yaşlı iki kişinin yaralandığını bildirib.

Qeyd edək ki, Rusiya Xerson və ətraf əraziləri sistematik şəkildə terrora məruz qoyur – pilotsuz uçuş aparatları, artilleriya və digər silahlardan istifadə etməklə mülki əhali arasında çoxsaylı itkilərə və infrastrukturun dağıdılmasına səbəb olur.
 
Ardını oxu...
“Yandex Maps” Rusiyanın hərbi-sənaye kompleksinə aid obyektləri xəritədən silməklə onların yerini təsdiqləmiş olub.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı istifadəçilər və media məlumat yayıb. Məsələn, Moskva şəhərində yerləşən “Avanqard” maşınqayırma zavodu artıq “Yandex” xəritəsində görünmür. Halbuki, həmin obyekt Google Maps xidmətində açıq şəkildə göstərilir.

Ekspertlər hesab edirlər ki, bu cür “bulanıqlaşdırma” (blurring) cəhdləri əks təsir yaradır – çünki konkret olaraq hansı obyektin hərbi əhəmiyyət daşıdığı bu üsulla birbaşa təsdiqlənmiş olur. Nəticədə “Yandex” bu məlumatları gizlətmək əvəzinə, təsdiq etmiş kimi görünür.

Məsələ sosial şəbəkələrdə və təhlükəsizlik dairələrində ciddi müzakirələrə səbəb olub.
 
Ardını oxu...
Rusiya lideri Ukraynanın itkiləri və işğal olunmuş əraziləri ilə öyünüb, Ukraynanın Rusiyanın hərbi logistikasına zərbələr endirməsinə qəzəblənib.

Tribunainfo.az xəbər verir ki, Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin cəbhədə 30 günlük atəşkəs və şəxsi görüş təklifini rədd edib. O, bu bəyanatı hökumət iclasında verib.

O, xüsusilə iddia edib ki, guya Ukrayna hakimiyyəti “bütün təmas xətti boyunca geri çəkilərək böyük itkilər fonunda terror aktları təşkil etməyə keçib”. Bu kontekstdə Putin Bryansk və Kursk vilayətlərindəki körpülərin partladılmasını qeyd edib. Rusiya hüquq-mühafizə orqanları bu hadisələri bəzən terror aktı adlandırıb, sonra bu bəyanatları geri götürüb, sonra yenidən terror kimi qiymətləndiriblər.

“Belə şəraitdə bu cür görüşlər necə baş tuta bilər? Nədən danışmaq olar? Kim terrora üstünlük verənlərlə danışıqlar aparır? Terrorçularla danışıqlar aparan yoxdur”, – deyə ölkə-terrorçunun diktatoru bildirib.

30 günlük atəşkəsdən imtinasını izah edən Putin bildirib ki, bu fasilə “rejimin Qərb silahları ilə silahlandırılması, zorakı səfərbərliyin davam etdirilməsi və yeni terror aktlarının hazırlanması üçün istifadə olunacaq”.

Qeyd edək ki, Ukraynanı terrorçuluqda ittiham edən Putin yalnız Rusiya ilə cəbhəyə yaxın bölgələrdəki körpülərlə bağlı insidentlərə istinad edib, lakin Rusiya Müdafiə Nazirliyinin daha əvvəl terror aktı adlandırdığı hava limanlarına endirilən zərbələrə toxunmayıb.

Rusiya ilə sülh danışıqları

UNIAN-ın yazdığına görə, daha əvvəl Vladimir Zelenski bildirmişdi ki, Ukrayna Rusiya ilə azı liderlərin şəxsi görüşü baş tutana qədər atəşkəs təklif edib. O, həmçinin əminliyini ifadə edib ki, ruslar atəşkəsə hazır deyillər.

Eyni zamanda, Rusiya tərəfinin sülh şərtləri ilə bağlı təqdim etdiyi memorandumun mətnini şərh edən Zelenski onu “ultimatum” adlandırıb və bunun ciddi qəbul edilməyəcəyini bildirib.
 
Ardını oxu...
2025-ci il mayın 25-də Rusiya və Ukrayna əsir mübadiləsini həyata keçirib. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri ən böyük mübadilə idi.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlar nəticəsində əldə olunan razılaşma minlərlə insanın evinə dönməsinə imkan verib.

Lakin bu mübadilə çərçivəsində əsirlikdən qayıdanların heç biri Ukraynanın ən tanınmış və simvolik hərbi birliklərindən biri olan "Azov" briqadasından deyildi.

Yüzlərlə "Azov" döyüşçüsü 2022-ci ildə Ukraynanın Mariupol şəhərinin Rusiya qüvvələri tərəfindən qanlı mühasirəsi zamanı əsir götürülüb.

Bu döyüş müharibənin ən amansız döyüşlərindən biri hesab olunur və Rusiyanın genişmiqyaslı işğalının ilk aylarında Ukrayna qüvvələrinə vaxt qazandırması ilə tanınır. Bu isə Ukrayna qüvvələri üçün həyati əhəmiyyət kəsb edib.

"Azov" briqadasının Mariupolun son dayağı – "Azovstal" polad zavodunu qəhrəmancasına müdafiə etməsi bir çox Rusiya rəsmilərinin qəzəbinə səbəb olub. Onlar bu birliyi "terrorçu" təşkilat kimi tanıyıb, döyüşçülərinin tribunal qarşısına çıxarılmasını, hətta edam olunmalarını tələb ediblər.

O vaxtdan bəri Ukrayna cəmiyyəti əsir düşənlərin arxasında birləşib. Mariupol müdafiəçilərindən bəziləri — o cümlədən "Azov" briqadasının komandirləri — Rusiya əsirliyindən azad olunsa da, yüzlərlə döyüşçü hələ də Rusiyada ağır şəraitdə həbsdə saxlanılır.

İllərdir ki, Rusiya rəsmiləri "Azov" briqadasının mənşəyindən — 2014-cü ildə sağçı hərbi dəstənin əsasında yaradılmış bir alay kimi — istifadə edərək onun üzvlərinin millətçi baxışlarını və fəaliyyətlərini təhrif edir və ya şişirdirlər. Bunu Ukraynanın guya neonasistlər tərəfindən idarə edildiyini göstərmək üçün əsas kimi təqdim edirlər.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya danışıqlar zamanı "Azov" döyüşçülərinin geri qaytarılması ilə bağlı səyləri ardıcıl olaraq əngəlləyib.

Genişmiqyaslı müharibənin üçüncü ilində briqadanın ən tanınmış hərbi komandirlərindən bəziləri və hələ də əsirlikdə olanların ailə üzvləri artıq bunun yeganə səbəb olduğuna tam inanmırlar.

"Bacarıqsızlıq, yoxsa şüurlu qərar"
Mayın 25-də Ukrayna və Rusiya 1000 nəfərin mübadiləsinin son mərhələsini tamamladıqdan cəmi bir neçə saat sonra "Azov"un 12-ci Xüsusi Təyinatlı Briqadasının komandiri Denis Prokopenko "Azov" döyüşçülərinin siyahıda olmamasını "bütün dövlət üçün rüsvayçılıq" adlandırıb.

"Bu, rişxənd kimi gəlir", - özü də Rusiya əsirliyində olmuş Prokopenko bildirib. O, "Azov" döyüşçülərinin geri qaytarılmasına mane olan yeganə tərəfin Rusiya olduğuna inanmadığını əlavə edib.

"Əgər bu, həqiqətən də belə olsaydı, nə mən, nə də digər "Azov" döyüşçüləri əsirlikdən qayıtmazdıq", - Prokopenko X sosial media hesabında yazıb.

Ukraynanın "Azovstal" zavodundan geri çəkilməsinin üçüncü ildönümündən bir neçə gün sonra Prokopenkonun bu paylaşımı bir çox sadə ukraynalıların o zaman əsir götürülən və hələ də Rusiyada həbsdə saxlanılanların taleyi ilə bağlı narahatlığını gücləndirib.

Buna cavab olaraq Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının rəis müavini Andriy Yusov AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, "Azov" döyüşçüləri ilə bağlı mövzu "həssas və ağrılı" olduğu üçün "emosional" açıqlamalara şərh verməyəcək.

Yusov Rusiyanı Ukrayna hökumətinə təzyiqi artırmaq üçün "Azov" döyüşçülərinin mübadilə prosesini qəsdən çətinləşdirməkdə ittiham edib.
Ardını oxu...
Mariupolda "Azovstal" metallurgiya zavodu

Koordinasiya qərargahı bir müddət əvvəl bildirib ki, rusiyalı müstəntiqlərin bəzi ukraynalı hərbi əsirlərə qarşı açdığı cinayət işləri buna misaldır.

"Bizim əsirlərimiz Putinin əlindədir... (Rusiya xüsusi xidmət orqanları) əsirlərlə bağlı məsələdən Ukraynaya qarşı müharibə məqsədilə istifadə edir", - Yusov bildirib.

Lakin Prokopenko problemin yalnız Rusiyada deyil, həm də Ukraynanın strategiyasında olduğunu bildirib və "artıq işləməyən mexanizm" adlandırdığı yanaşmanın dəyişdirilməsinə çağırıb.

"Biz alternativlər tapmalıyıq, onlara müqaviləli əsgərdən daha dəyərli birini təklif etməliyik", - o vurğulayıb. "Ukrayna rus agentləri ilə doludur; bütün xüsusi xidmət orqanlarımız bunu çox yaxşı bilir".

Ukrayna rəsmiləri bəyan ediblər ki, son əsir mübadiləsi üçün siyahılar Ukrayna və Rusiya tərəfindən ayrı-ayrılıqda tərtib edilib və hər iki ölkə azad etmək istədiyi hərbi əsirləri özü seçib.

"Azov" briqadasının komandir müavini Svyatoslav Palamar da Prokopenkoya qoşularaq bu yanaşmanı sual altına alıb. Palamar qeyd edib ki, mübadilə doğrudan da çoxlu layiqli əsgərləri evə qaytarıb. Lakin o, eyni zamanda, Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmiş bəzi şəxslərin də azad edildiyini vurğulayıb.

"Bu, istəksizlik, bacarıqsızlıq və ya şüurlu bir qərardır? Biz danışıqlar aparırıq, yoxsa düşmənin dediyini qəbul edirik?", - Palamar öz Facebook səhifəsində yazıb.

AzadlıqRadiosuna müsahibəsində Kremlin Siyasi Məhbuslarının Qohumları Assosiasiyasının kommunikasiya meneceri Oleksandra Yefimenko bildirib ki, o, Ukrayna rəsmilərinin "Azov" döyüşçülərinin geri qaytarılmasına qəsdən cəhd göstərmədiyinə inanmır.

Lakin Assosiasiyanın rəhbəri İqor Kotelianetsin mövqeyini bölüşən Yefimenko rəsmiləri bu məsələ ilə bağlı daha açıq və şəffaf kommunikasiya aparmağa çağırıb.

"Əgər mübadilədə prioritet kateqoriyalar yoxdursa - ağır xəstələr, qadınlar, qocalar və ya uzun müddət əsirlikdə olanlar - bu, dərin inamsızlıq yaradır", - Kotelianets öz Facebook səhifəsində yazıb.

"Ukrayna prezidentinin ofisini və Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahını mübadilə prosesini ictimaiyyətə açıqlamağa çağırırıq", - o əlavə edib.

Rusiya əsirliyinin "cəhənnəmində"
2022-ci ilin fevralında Rusiyanın işğalından sonra, əsasən, "Azov" birliyindən olan ukraynalı əsgərlər Mariupoldakı "Azovstal" zavodunda aylarla müqavimət göstəriblər. Bu, müdafiə Ukrayna qüvvələrinin müdafiə xətlərini hazırlaması prosesinə yardımda çox önəmli hesab edilib.

2022-ci ilin mayında, təxminən iki aylıq davamlı bombardmanlardan sonra mühasirəyə alınmış "Azov" döyüşçülərinə Mariupolu müdafiə edən digər hərbçilərlə birlikdə Ukrayna prezidenti Volodimir Zelenski təslim olmaq əmri verib.

Prokopenko öz paylaşımında vurğulayıb ki, "Azov" döyüşçüləri həmin əmri yerinə yetiriblər və buna görə də mübadilə zamanı prioritet olmaq üçün "mütləq hüquqa" malikdirlər: "Bu, zəmanət verilmiş şəxslərə qarşı istehzanın nümayişidir... Onlar öz iradələri ilə deyil, Ali Baş Komandanlığın əmri ilə əsir düşüblər".

Zelenskinin əmrindən sonra 2 min 500-ə yaxın əsgər zavodu tərk edib. Ukrayna ordusu bunu rəsmi olaraq "xilasetmə əməliyyatı" adlandırıb.

Sonrakı üç il ərzində "Azovstal"da təslim olan və Rusiya tərəfindən əsir götürülən bəzi əsgərlər "terrorçuluq" ittihamı ilə həbs cəzası alıblar.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, digər əsirlər işgəncələrə məruz qalıb və Rusiya əsirliyində həlak olub. Onların arasında işğal altındakı Donetsk bölgəsinin Olenovka şəhərindəki həbsxanada baş vermiş partlayışda həyatını itirən 54 ukraynalı əsgər də var.
Ardını oxu...
İqor Titovski

"Azov" briqadasının zabiti İqor Titovski "Azovstal"ın müdafiəsində iştirak edib və sonradan Olenovkada saxlanılıb. O, rus əsirliyini "cəhənnəm"lə müqayisə edib.

Rusiyanın Rostov və Volqoqrad bölgələrindəki həbsxanalara köçürülməsini xatırlayan Titovski orada döz­düyü işgəncələri təsvir edib.

O, AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib: "Mən üç gün davam edən çox gərgin dindirmə prosesindən keçdim, həmin müddətdə ayaqlarımı sındırdılar. 2022-ci ilin noyabr-dekabr aylarında mən artıq sol ayağımın üstündə dura bilmirdim".

"Başıma torba keçirmişdilər, əllərimi bağlamışdılar, yerə yıxmışdılar; ikisi üstümdə oturub, elektrik cərəyanı vurur və suallarını verirdilər", - Titovski deyib.

"Mənim nə baş verdiyi barədə heç bir fikrim yox idi. Bu, əvvəllər hiss etdiyim heç bir şeyə bənzəmirdi", - o qeyd edib.

Titovski 2024-cü ilin sentyabrında əsirlərin mübadiləsində dəyişdirilib. Bununla belə, "Azov" hərbi qulluqçularının xeyli hissəsi hələ də Rusiya əsirliyində qalır.

AzadlıqRadiosuna danışan "Azov" briqadasının digər zabiti Kostyantin Kojekin hesab edir ki, təxminən 850 "Azov" döyüşçüsü Rusiya əsirliyindədir.

Hələ də Rusiyada əsir olan "Azov" döyüşçüsünün həyat yoldaşı Anastasiya Qondul isə AzadlıqRadiosuna bildirib ki, həbsdə olanların yaxınları "qaranlıqda və ümidsizlik içində" yaşayırlar. O bildirib ki, onlara səslərinin eşidiləcəyi vəd edilsə də, döyüşçülərin çoxu hələ də azad edilməyib.

Sonuncu mübadilədən sonra Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Ukrayna digər hərbi birliklərdən olan 33 "Azovstal" müdafiəçisinin azad olunmasını təmin edə bilib.

Yusov əlavə edib ki, illər ərzində Rusiya tərəfindən yaradılan çətinliklərə baxmayaraq, Ukrayna ümumilikdə 1279 "Azovstal" müdafiəçisini geri qaytara bilib və onlardan 455-i "Azov" briqadasının üzvüdür.

Yazı AzadlıqRadiosunun Ukrayna xidməti tərəfindən hazırlanıb.
 
Ardını oxu...
Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Ukrayna Krım körpüsündə partlayış təşkil edib. SBU hücumun sualtı formada həyata keçirildiyini və partlayıcının gücünün 1100 kiloqram trotil ekvivalentində olduğunu bildirib. Həmçinin qeyd edib ki, nəticədə körpünün sualtı dayaqları zədələnib və hazırda körpü qəza vəziyyətindədir.

TEREF xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” Telegram kanalının iddiasına görə, Ukrayna Silahlı Qüvvələri körpünü sualtı aparatla vurub: “Düşmən resursları guya “körpünün minalanmasından” danışsa da, əslində onların “Mariçka” və ya “Toloka” kimi aparatlardan istifadə etmələri ehtimalı yüksəkdir. Ya da əvvəllər geniş şəkildə elan olunmayan digər növ sualtı aparatlardan istifadə olunub”.

“Globalistics” kanalı da minalanma versiyasını inkar edir: “Orada heç bir minalanma olmayıb. 1100 kq trotil ekvivalentində partlayış çox güclü partlayış olardı və körpü buna tab gətirə bilməzdi”.

“Z-kanalları” həmçinin bildirir ki, körpü zərbə nəticəsində zədələnməyib və partlayışın gücü qoruyucu maneələrə dəyib.

Rusiya hakimiyyəti hələ ki, vəziyyətlə bağlı şərh verməyib.

AzPolitika
Ardını oxu...
Rusiyada “Hörümçək toru” kod adı ilə həyata keçirilən və onlarla strateji əhəmiyyətli hərbi təyyarənin məhv edilməsilə nəticələnən əməliyyatın əsas şübhəlisi axtarılır.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, hücumda istifadə olunan yük maşınlarının sürücüləri dindirilib. Onlar yükün çatdırılması ilə bağlı sifarişlərin 37 yaşlı Ukrayna vətəndaşı tərəfindən verildiyini və bu maşınların da ona məxsus olduğunu bildiriblər.

Məlum olduğu kimi, bu yük maşınları "modul evlər" daşıyıb, lakin əslində həmin evlər mobil buraxılış platformaları imiş.

Hücum üçün Ukraynanın FPV pilotsuz təyyarələrindən istifadə edilib. Onlar Rusiyada lazımi obyektlərin yaxınlığında dayanan yük maşınlarından buraxılıb. Əməliyyatda hər birinin ayrıca operatoru olan 117 pilotsuz təyyarə iştirak edib.

4 yük maşınının sürücülərinin istintaqa eyni ifadələr verdiyi bildirilir. Bütün maşınlar 37 yaşlı Artyoma məxsus olub. İlkin məlumatlara görə, o, Ukrayna vətəndaşıdır. Rusiya mediası artıq onun fotolarını yayımlayıb. Söhbət 37 yaşlı Artyom Timofeyevdən gedir. O, Ukraynanın Jitomir şəhərində anadan olub və bir neçə il əvvəl Çelyabinsk vilayətinə köçüb.

Sürücülərdən biri, Çelyabinskdən olan 55 yaşlı Aleksandr naməlum şəxsdən telefonla harada və nə vaxt dayanması barədə göstəriş aldığını bildirib. Onun marşrutu Murmansk vilayətindəki hərbi aerodrom yaxınlığındakı Rosneft yanacaqdoldurma məntəqəsində başa çatıb. Dronlar da elə buradan qalxmağa başlayıb.

"Modul evləri" İrkutska çatdıran 61 yaşlı Andrey də eyni cür göstəriş alıb. Dronlar onun sürdüyü yük maşını Usolye-Sibirskoyedəki kafenin yanında dayanarkən havaya qalxıb.

Rusiya müstəntiqləri artıq “terror aktı” maddəsi ilə cinayət işi açıblar. Onlar hücumların təşkili ilə birbaşa əlaqəsi ola biləcək hər dörd yük maşınının sahibinin yerini müəyyənləşdirməyə çalışırlar. Lakin xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatı təşkil edən bütün şəxslərin artıq Ukarynada olduğunu deyib.

“AzPolitika.info”
Ardını oxu...
 
Ardını oxu...
  

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında Azərbaycanın Pakistandan aldığı "JF-17 Thunder Block 3" qırıcı təyyarələrinin sayını artırmaq niyyəti və bunun regional hərbi-strateji balansda yaratdığı əhəmiyyətli dəyişikliklərdən bəhs olunub.

Bildirilib ki, Azərbaycan Pakistan və Çin istehsalı olan "JF-17 Thunder Block 3" qırıcı təyyarələrinin sayını iki dəfədən çox artırmağa hazırlaşır. Bu alış Cənubi Qafqazda güc balansına təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir. ABŞ-nin CLRCUT portalı və Malayziya mənşəli "Defence Security Asia" bu məsələ ilə bağlı xüsusi materiallar yayıb.

Rəsmi şəkildə təsdiqlənməsə də, dəyəri 4,2 milyard dollar olduğu iddia edilən müqavilə müxtəlif mənbələrdə ciddi müzakirə olunur. "JF-17 Block 3" təyyarələri qabaqcıl avionika, radar və silah sistemləri ilə Azərbaycanın müharibədən sonrakı müdafiə doktrinasına tam cavab verir. Azərbaycan bu təyyarələrə Türkiyənin "Gökdoğan" və "Bozdoğan" raketlərini inteqrasiya etməklə çoxvektorlu müdafiə xəttini daha da gücləndirir.

Bu proses ölkənin hərbi modernləşməsi və geosiyasi nüfuzunun artması baxımından mühüm mərhələ kimi təqdim olunur.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) dronlar vasitəsilə çox uğurlu əməliyyat həyata keçirib.
rusiya ərazisində Sibirdə yerləşən yük maşınından buraxılan dronlar rusların "Belaya", "Olenya", "Dyaqilevo", "İvanovo" hərbi aerodromlarına hava hücumu ediblər...
Nəticədə ümumi dəyəri 2 milyard dollar civarında olan ümumi sayı 40 ədəd
A-50, Ty-95, Ty-22, M3 tipli strateji, bombardmançı təyyarə məhv edilib. Videoda şərhin SBU başçısı Vasiliy Malyuka aid olduğu vurğulanır.

Анар Натігогли
TEREF
 
Ardını oxu...
Rusiya ilə Ukrayna arasında yeni danışıqlar ərəfəsində hər iki tərəfin ordu və kəşfiyyat xidmətləri diqqətçəkən hücumlara başlayıblar. Belə ki, Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yolu xətlərinə hücum edib. Prezident Zelenski danışıqlar öncəsi konkret tələblər irəli sürüb.
Zelenskinin sözlərinə görə, o, İstanbulda keçiriləcək görüş üçün Ukraynanın mövqeyini müəyyən edib: tam və qeyd-şərtsiz atəşkəs, əsirlərin azad edilməsi və oğurlanmış uşaqların geri qaytarılması. Bundan əlavə, yüksək səviyyəli görüş təşkil olunmalı və bu görüş uzunmüddətli sülh və təhlükəsizliyi təmin etməlidir.
Ukrayna Rusiyanın hərbi hava limanlarına və dəmir yollarına hücum edir
Ukrayna kəşfiyyat xidməti uzunmüddətli hazırlıqdan sonra Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi hərbi hava limanlarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirir ki, İrkutsk yaxınlığındakı Sibir də daxil olmaqla dörd hava limanına edilən hücum nəticəsində ümumilikdə 40-dan çox təyyarə məhv edilib.
Rəsmi şəkildə təsdiqlənməyən məlumatlara görə, Ukrayna kəşfiyyatı hücum üçün döyüş dronlarından istifadə edib. Bu dronlar yük maşınlarına yerləşdirilmiş taxta evlərdə gizlədilərək oradan havaya buraxılıb. “Uyğun anda dam örtükləri uzaqdan idarə ilə açılıb və dronlar Rusiya bombardmançılarını vurmaq üçün havaya qalxıb”, – deyə məlumatda bildirilir.
Kiyev hərbi kəşfiyyatının verdiyi məlumata əsasən, şənbə gecəsi Rusiyaya məxsus yük qatarı partladılıb. Partlayış nəticəsində yanacaq çənləri və yük vaqonları relsdən çıxıb. Bazar gecəsi isə Rusiyada daha iki hadisə baş verib – Kursk və Bryansk vilayətlərində körpü çökməsi nəticəsində iki qatar relsdən çıxıb.
Bryansk vilayətinin qubernatoru Boqomas bildirib ki, hadisələr nəticəsində 7 nəfər həlak olub, 70-ə yaxın insan, o cümlədən 3 uşaq yaralanıb. O, körpünün partladılması ilə bağlı xəbərləri təsdiqləyib. Rusiya İstintaq Komitəsi bu hadisələri “terror aktı” kimi qiymətləndirib.
Kiyev ordusu Rusiya hücumu nəticəsində ölən və yaralananları açıqlayıb
Ukrayna ordusunun məlumatına görə, Rusiya tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Ukrayna ordusunun təlim bazasında azı 12 hərbi qulluqçu həlak olub, 60-dan çox şəxs yaralanıb. Hücum zamanı hava həyəcanı elan edilsə də, hər hansı toplaşma və ya təlim çağırışı olmayıb.
Ukrayna ordusunun baş komandanı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürərək dərhal istefa verdiyini elan edib.
Danışıqlarda fərqli mövqelər
Moskva və Kiyev danışıqlara yanaşmada fərqli mövqelərə sahibdirlər. Ukrayna ilkin mərhələdə atəşkəsin əldə olunmasını və bu prosesin davamında daimi sülhə aparan yolun müəyyən edilməsini istəyir.
Kreml rəhbəri Putin isə ABŞ prezidenti Tramp tərəfindən təklif olunmuş qeyd-şərtsiz 30 günlük atəşkəsi mart ayında rədd edib. Onun fikrincə, bu müddət ərzində Ukrayna silahlanmanı bərpa edə və cəbhədə yenidən mövqe tuta bilər. Putin yalnız Ukraynanın yekun sülh şərtlərinə razılıq verdiyi təqdirdə döyüşləri dayandırmağa hazır olduğunu bildirib.
Sarvan Səmədoğlu
TEREF
 

Dünyapress TV

Xəbər lenti