İyun ayının 5-də, cümə axşamı günü günorta saatlarında Rusiya işğalçı qüvvələri Xerson Vilayət Dövlət Administrasiyasının binasına təkrar aviazərbə endirib. Bizimyol.info xəbər verir ki, saat 15:26-da Hərbi Administrasiyanın rəhbəri Oleksandr Prokudin özünün Telegram kanalında Rusiya hərbi təyyarəsinin vilayətin ərazisinə daxil olduğu barədə xəbərdarlıq edib. Qısa müddət sonra o, şəhərə ən azı iki idarə olunan aviasiya bombasının atıldığını bildirib: "Ruslar Xerson Vilayət Dövlət Administrasiyasının binasını məhv etdilər. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir", - deyə o qeyd edib
Ukrayna mətbuatının verdiyi məlumata görə, bu gün səhər saatlarında yerli hakimiyyət Xersonun kütləvi atəşə tutulduğunu bəyan edib. Məlumdur ki, Rusiya ordusu hücum zamanı dörd idarə olunan aviasiya bombasından istifadə edib.
Hücum nəticəsində yaşayış binaları ziyan görüb: onlardan birində bütün giriş hissəsi dağılıb, digərlərində isə pəncərələr sınıb.
Vilayət administrasiyasının binası da ciddi dağıntılara məruz qalıb. Prokudin hücum nəticəsində 68 və 74 yaşlı iki kişinin yaralandığını bildirib.
Qeyd edək ki, Rusiya Xerson və ətraf əraziləri sistematik şəkildə terrora məruz qoyur – pilotsuz uçuş aparatları, artilleriya və digər silahlardan istifadə etməklə mülki əhali arasında çoxsaylı itkilərə və infrastrukturun dağıdılmasına səbəb olur.