“Dəyişikliklər həyata keçirilməzsə, minlərlə gəncin taleyi sistem səhvlərinə qurban veriləcək”
DogruXeber.az: - Son vaxtlar Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarında baş verən “texniki” səhvlər imtahan sisteminə olan etibarı ciddi şəkildə sarsıdıb.
Son olaraq, 2025-ci ilin 1 iyun tarixində keçirilən qəbul imtahanında rus bölməsi üzrə riyaziyyat fənnindən bir sualda səhv aşkar olunub. Dövlət İmtahan Mərkəzi müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcəyini və həmin sualın düzgün cavablandırılmış kimi qeyd ediləcəyini bildirib və məsələni bu formada bir növ “ört-basdır” edib. Maraqlıdır ki, daha bir yaxın tarixdə, daha dəqiq desək, mayın 25-də II və III ixtisas qruplarına keçirilən qəbul imtahanlarında isə tarix fənni üzrə bir neçə sualda səhvlər aşkarlanıb.
DİM-in absurd əsaslandırmaları...
Bu da eyni qaydada abituriyentlər arasında ciddi narahatlıq doğurub. Təhsil mütəxəssisləri, eləcə də abituriyentlər haqlı şəkildə sualların məktəb proqramına uyğun gəlmədiyini, ən azı üç sualın problemli olduğunu və bunun da təxminən 15 balın itirilməsinə səbəb olduğunu dilə gətirirdilər. DİM isə həmin vaxt müəmmalı şəkildə deyilənləri qulaq ardına vuraraq hər hansı açıqlama verməyə gərək duymamışdı.
Hətta İTV-də “Sabaha saxlamayaq” verlişinə çıxan DİM-in eksperti qəbul imtahanlarında salınan sualın cavabının məktəblərdə tədris olunan tarix kitablarında başqa olmasına “izah” verərkən, Kembric Universitetindəki tədqiqatı “sübut” kimi təqdim edib. Belə çıxır ki, məktəblilər qəbul imtahanlarına hazırlaşarkən artıq dünyanın müxtəlif elmi mərkəzlərinin tədqiqatlarını da öyrənməlidirlər?!
Oxşar problemlər bundan əvvəlki illərdə də – abituriyentlərin qəbul imtahanlarında, hətta müəllimlərin işə qəbulu imtahanında da baş verib və böyük narazılıqlara səbəb olub. Son dövrlər isə bu cür problemlərin artması yaşananları “texniki səhv” adlandırıb, təsadüfi bir hadisə kimi qiymətləndirməyi mümkünsüz hala gətirib. Təhsil sahəsindəki bu növ ardıcıl pozuntular artıq təkcə imtahanlarda baş verən kiçik səhvlərlə izah edilə bilməyəcək bir vəziyyətə çatıb.
Şübhəsiz ki, bu səhvlərin ardıcıl təkrarlanması artıq ilk olaraq sanki bunun məqsədli şəkildə edildiyini və “yad” abituriyentlərin (DİM-in “bunker müəllimlərinin” hazırlamadığı abituriyentlərin-müəllif.) imtahanlarda uğur qazanmalarına maneələr yaratmağa hesablandığı fikrini ağıllara gətirir. Maraqlıdır, əgər bu cür problemlər yalnız texniki səhvlərdən qaynaqlanırsa, o zaman niyə eyni səhvlər dəfələrlə təkrarlanır və bir çözüm yolu tapılmır? Məqsəd tələbələrin biliklərini ölçməkdir, yoxsa onların imtahanlardan keçməmələri üçün əlavə maneələr yaratmaq?
Aydın məsələdir ki, məqsəd yalnız tələbələrin bacarıqlarını ölçməkdirsə, o zaman bu cür səhvlərin sistemli şəkildə təkrarlanmasının hər hansı ağlabatan bir izahı ola bilməz. Ancaq reallıq da odur ki, bu cür səhvlərin artması tələbələrin hər birinə bərabər şərait yaratmaq əvəzinə, onları şübhəli və qeyri-şəffaf bir mühitdə imtahan verməyə məcbur hala gətirib…
“Bu, “texniki məsələ” deyil, gənclərin taleyinə birbaşa təsir edən sistem problemidir”
Mövzunu şərh edən təhsil eksperti Kamran Əsədov da bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında təkrar-təkrar baş verən test səhvləri artıq istisna hal yox, struktur xarakterli problem kimi ortaya çıxır: “2024 və 2025-ci illərdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında həm tarix, həm də riyaziyyat fənləri üzrə bir neçə sualın səhv tərtib olunması ictimai narazılıq doğurmuş, nəticədə şagirdlərin psixoloji vəziyyətinə və təhsil nəticələrinə mənfi təsir etmişdir. İmtahan iştirakçısının yalnız bir sualdan topladığı və ya itirdiyi bal ali məktəbə qəbulda ciddi rol oynadığı üçün bu tip texniki xətalar artıq təkcə “texniki məsələ” deyil, gənclərin taleyinə birbaşa təsir edən sistem problemi kimi dəyərləndirilməlidir”.
Ekspert qeyd edir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən testlərin hazırlanmasında iştirak edən ekspertlərin sayı 6000-dən çox göstərilsə də, bu say keyfiyyət göstəricisi deyil: “Son illərdə müxtəlif fənlər üzrə apellyasiya müraciətlərinin 12–15%-i DİM tərəfindən qəbul olunaraq düzəlişə məruz qalıb. Bu da testlərin ilkin mərhələdə yoxlanılmasında sistem boşluğunun olduğunu göstərir. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 19.2.3) qeyd olunur ki, “təhsilalanların biliyinin qiymətləndirilməsi şəffaf və obyektiv şəkildə həyata keçirilməlidir.” Amma imtahan prosesində səhv sualların təkrarən baş verməsi bu prinsipin pozulmasına şərait yaradır”.
“Bu,təhsildə ədalət və mahiyyət prinsipindən uzaqlaşmaq deməkdir”
K. Əsədovun sözlərinə görə, səhv tərtib olunmuş testlər əsasən iki mənbədən qaynaqlanır: “Ekspert hazırlığının və testologiya üzrə peşəkar yanaşmanın yetərli olmaması, eyni zamanda sualların kurikuluma uyğunluğunun səmərəli şəkildə monitorinq olunmaması iki əsas problemdir. DİM-in çox zaman sualları yalnız fənn bilikləri çərçivəsində yoxladığı, lakin psixometrik uyğunluq – yəni şagirdin yaş səviyyəsinə, öyrənmə məntiqinə uyğunluğu və kognitiv səviyyəsi üzrə düzgünlüyü yoxlamadığı aydın olur. Məsələn, sualların “söz oyunu” və ya “tələ” əsaslı olması şagirdin düşünmə bacarığını yox, imtahan “triki”ni başa düşməsini tələb edir. Bu isə təhsildə ədalət və mahiyyət prinsipindən uzaqlaşmaq deməkdir”.
“Məsələnin müsbət tərəfi odur ki, DİM bəzən səhvləri etiraf edərək sualın hamı üçün düzgün hesab olunmasına qərar verir. Amma bu qərar çox zaman imtahandan bir neçə gün sonra elan olunur, halbuki şagird artıq psixoloji zərbə alıb və ailə ilə birgə təhsil planlamasında böyük narahatlıq keçirmiş olur. Bu tip reaksiyalar korrekt olsa da, reaktiv xarakter daşıyır, yəni problemi əvvəldən qarşısını almaq əvəzinə, baş verəndən sonra geridönüş kimi həyata keçirilir”, - deyə ekspert bildirib.
Beynəlxalq təcrübədə necədir?
K. Əsədov daha sonra beynəlxalq təcrübəni nümunə göstərib: “Dünya ilə müqayisədə Azərbaycan hələ də faktoloji testlərə və mərkəzləşmiş imtahan monopoliyasına əsaslanır. Halbuki bir çox inkişaf etmiş ölkələr çoxölçülü qiymətləndirmə modelinə keçib – layihə işləri, portfoliolar, esse və şifahi təqdimatlar. Bizdə bu komponentlər olmadan yalnız testlə qəbul sistemi, tək sualla həyatları yönəldir. Bu səbəbdən də təhsil sistemi daha çevik, dəyərə əsaslanan və insan yönümlü formata keçirilməlidir. Beynəlxalq təcrübədə – xüsusilə Koreya, Yaponiya və Estoniya kimi ölkələrdə test hazırlığı çoxmərhələli prosesdir. Məsələn, Cənubi Koreyada qəbul imtahanlarını hazırlayan mütəxəssislər tədris ili boyunca ayrıca təlimlərə cəlb olunur, testlər 3 mərhələdə yoxlanılır, pilot sınaqlardan keçirilir və sualların statistik funksional göstəriciləri analiz olunur. Bizdə isə testin səhv olduğu yalnız imtahandan sonra üzə çıxır – bu da prosesin öncədən deyil, nəticədən idarə olunduğunu göstərir”.
Ekspert təklif edir ki, problemin aradan qaldırılması üçün sual müəlliflərinin və yoxlayıcılarının şəxsiyyəti və cavabdehliyi müəyyən edilməli, onların adları bağlı saxlanılmadan ictimai hesabatlılıq sistemi yaradılmalıdır: “Əgər bir ekspertin hazırladığı sual ardıcıl olaraq apellyasiyada yanlış çıxırsa, həmin şəxs ya yenidən təlim keçməli, ya da ekspertlikdən uzaqlaşdırılmalıdır. Bu, həm də ictimai etimadı bərpa etməyin əsas yollarından biridir. Məsələ yalnız DİM-lə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi ilə birgə imtahan suallarının keyfiyyət monitorinqi üçün müstəqil akademik şura yaradılmalı, tədris proqramları ilə sualların uyğunluğu sistematik olaraq dəyərləndirilməlidir. Şagirdin biliyini ölçən sistem, əvvəlcə özünün bilik və məsuliyyətini sübut etməlidir. Yalnız bu halda imtahanlar bilik yoxlama vasitəsi olmaqdan çıxıb, ədalət və inkişaf platformasına çevrilə bilər. Əgər bu dəyişikliklər həyata keçirilməzsə, hər il eyni narahatlıqları təkrar yaşayacaq, minlərlə gəncin taleyi sistem səhvlərinə qurban veriləcək. Təhsildə inam yalnız nəticədən deyil, prosesdən doğur. O proses isə şəffaf, məsuliyyətli və humanist olmalıdır.”
“Bunker müəllimləri”: Təhsil sistemindəki gizli güc mərkəzi
Digər tərəfdən qeyd etmək yerinə düşər ki, yaşanan bu cür problemlər həm də Dövlət İmtahan Mərkəzinin “bunker müəllimləri” ilə birbaşa bağlıdır.
Qeyd edək ki, “bunker müəllimi” anlayışı, Dövlət İmtahan Mərkəzinin imtahan suallarını hazırlayan şəxsləri ifadə edir. Bu şəxslər, imtahan suallarının hazırlanmasında və yoxlanılmasında iştirak edirlər. Lakin bu şəxslərin şəffaflığı və məsuliyyəti məsələsi ciddi suallar doğurur.
Bəzi iddialara görə, məhz DİM-in rəhbərliyi və "bunker" adlandırılan müəllimlər arasında maraq əlaqələrinin nəticəsi olaraq imtahan suallarında qəsdən səhvlər və mübahisəli suallar salınır ki, bu da abituriyentlərin nəticələrinə mənfi təsir göstərir. Məsələ ondadır ki, bu müəllimlərin imtahan suallarının hazırlanmasında iştirak etməsi və eyni zamanda abituriyentlərə hazırlıq keçməsi maraqlar toqquşmasına səbəb olur. Bu vəziyyət, imtahan suallarının qəsdən çətinləşdirilməsi və ya səhvlərlə hazırlanması ehtimalını yaradır.
Bu da uzun illərdir Məleykə Abbaszadənin sədrlik etdiyi DİM-in fəaliyyətindəki şəffaflığın və obyektivliyin itməsi, qurumun “bunker müəllimlər”in biznes maraqlarının qoruyucusuna çevrildiyinə dair fkirlərin yayılmasına səbəb olur. Belə qənaət formalaşır ki, “bunker müəllimlər” artıq imtahan sistemini şəxsi maraqlarına uyğunlaşdırmağa çalışırlar. Onların fəaliyyəti, sadəcə təhsil sahəsini mənfəət əldə etmək məqsədinə xidmət etməklə yanaşı, həm də tələbələrin və məktəb sisteminin gələcəyinə ciddi təhdidə oluşturmağa başlayıb.
Bu cür yanaşmalar, əlbəttə, təhsil sisteminin keyfiyyətinə və şəffaflığına ciddi zərbə vurur.
Misir Mərdənov da “bunker müəllimləri” hədəf almışdı
Keçmiş təhsil naziri Misir Mərdənov yaxın günlərdə saytımıza verdiyi müsahibədə də qəbul imtahanlarında hazırlanan sualların problemli tərəflərindən danışmış, bu sualları tərtib edən şəxsləri tənqid etmişdi.
“Bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ‘bunker müəllimləri’ var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Ən ciddi məsələ də odur ki, məktəb və ayda 500–700 manat alan müəllim bu gün ‘bunker’ müəllimlərinin hazırladığı suallara cavab verə biləcək şagird hazırlaya bilmir. Müəllimlərə verilən suallara baxıram, sözün düzü, əsəbiləşirəm. O sualları kimlər hazırlayır? Onların özləri bu suallara cavab verə bilərlərmi? Suallar təhsilin inkişafına xidmət edirmi?”, – deyə eks-nazir bildirmişdi.
Həqiqətən də, artıq burada həm də imtahanları hazırlayan şəxslərin, şəbəkələrinin necə işlədiyi, hansı məqsədlərlə fəaliyyət göstərdikləri də əhəmiyyətlidir və araşdırılması vacib bir məqamdır. Təhsil sahəsindəki bu cür şəffaf olmayan münasibətlər, tələbələrin haqsız olaraq çətin vəziyyətə düşməsinə səbəb olur və nəticədə də təhsil sisteminə olan inam azalır. Sözsüz ki, bu cür texniki səhvlərin və sistemli problemlərin davam etməsi, Azərbaycan təhsilinin ciddi islahatlardan keçməsinə olan ehtiyacı açıq şəkildə ortaya qoyur. İmtahanlarda baş verən bu cür səhvlər isə təhsil sisteminin artıq düzgün və obyektiv qiymətləndirmə funksiyasını yerinə yetirmədiyindən xəbər verir.
“Bu imtahanlar bəzən bir insanın bütün həyat kursunu dəyişir...”
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə məsələni şərhində bildirib ki, bu cür texniki və ya məzmunla bağlı xətaları ümumiləşdirərək DİM-in bütün fəaliyyətini zəif hesab etmək doğru deyil: “Dövlət İmtahan Mərkəzi uzun illərdir ölkədə şəffaf, obyektiv və standartlaşdırılmış qiymətləndirmə sistemini qurmaq və inkişaf etdirmək istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu sistemin etibarı təkcə bir qurumun deyil, ümumən təhsilin infrastrukturunun əsas sütunlarından biridir.”
Ekspert qeyd edir ki, bununla belə, imtahan suallarında hər hansı nöqsanın aşkarlanması cəmiyyət üçün son dərəcə həssas bir məsələdir: “Çünki söhbət tək-tük fərdi hallardan deyil, minlərlə gəncin taleyindən və gələcəyindən gedir. Bu imtahanlar bəzən bir insanın bütün həyat kursunu dəyişir – bu səbəbdən buradakı ən kiçik texniki və ya məzmun uyğunsuzluğu belə ciddi narahatlıq doğurur. Məncə, bu tip xətalar daha çox insani faktor, redaktə prosesindəki boşluqlar və ya bəzən diqqət yetirilməmiş detallardan qaynaqlana bilər.”
Ekspert əlavə edib ki, bu tip hallar varsa, onlar düzgün təhlil edilməli, məsuliyyət daşıyan mərhələlərdə keyfiyyətə nəzarət daha da gücləndirilməlidir: “Çünki buradakı məsuliyyət bir neçə insanın deyil, bütöv bir nəslin gələcəyini formalaşdıran qərarların üzərində dayanır. Vətəndaşların bu məsələlərə həssas yanaşması başa düşüləndir, lakin yanaşmalarımız həm də ədalətli və konstruktiv olmalıdır. Əsas məqsəd günah axtarmaq yox, etimadı və keyfiyyəti gücləndirməkdir.”
Sonda qeyd etməliyik ki, təhsil sahəsindəki islahatlar yalnız dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmamalıdır. Bu islahatlar həm də sual tərtibatının və yoxlama prosesinin daha şəffaf, ədalətli və obyektiv olmasını təmin etməyə yönəlməlidir. Əks halda, təhsil sahəsindəki bu boşluqlar və pozuntular yalnız tələbələrin deyil, bütövlükdə cəmiyyətin gələcəyini ciddi şəkildə təhdid edəcəkdir…//Azpolitika