Ardını oxu...
Son illərdə Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğurur. Təhsil eksperti Kamran Əsədovun bu qurumla bağlı səsləndirdiyi tənqidi fikirlər, DİM-in yalnız texniki və inzibati deyil, həm də hüquqi və etik səlahiyyət çərçivələrini aşdığını göstərir. Onun müşahidələrinə əsasən, bu gün DİM sadəcə imtahanların təşkili və qiymətləndirilməsi ilə kifayətlənmir – həm də normativ hüquqi akt funksiyasını yerinə yetirməyə cəhd göstərir ki, bu da hüquqi baxımdan qəbuledilməz presedentdir.

Əsas narahatlıq doğuran məqamlardan biri – qəbul imtahanlarına dair qaydaların DİM tərəfindən hüquqi baza olmadan dəyişdirilməsidir. Kamran Əsədov qeyd edir ki, I ixtisas qrupu üzrə 2025-ci il qəbul meyarları hələ Nazirlər Kabinetinin 6 may tarixli qərarı verilməmişdən öncə – 17 aprel tarixində DİM tərəfindən elan olunub. Bu isə ölkənin hüquqi sistemində mühüm prinsip olan “geriyə qüvvə olmama” prinsipini pozur.

Ekspert bu halı açıq şəkildə özbaşınalıq kimi qiymətləndirir: “Eyni hal V ixtisas qrupu üzrə də yaşanıb – ötən il 60 bal olan müsabiqə şərti bu il 70-80 bala yüksəldilib. Bu dəyişikliklər isə, ən narahatedici məqam olaraq, imtahanlardan sonra elan olunub. Yəni abituriyent imtahan verib nəticə gözlədiyi vaxtda DİM qaydanı dəyişib. Bu, nəinki hüquqa, həm də etikaya zidd addımdır və ictimai etimadı sarsıdır.”

K. Əsədovun sözlərinə görə, DİM-in fəaliyyəti texniki baxımdan da ciddi suallar doğurur. O, iddia edir ki, 2025-ci il buraxılış imtahanlarında eşitmə aparatlarının keyfiyyətsiz işləməsi, bəzən isə ümumiyyətlə işləməməsi halları müşahidə olunub. Xüsusilə xarici dil imtahanlarında bu texniki problemlər nəticələrin etibarlılığına xələl gətirib. Buna baxmayaraq, DİM nəticələri dəyişməz saxlayıb ki, bu da Konstitusiyanın 42-ci maddəsi ilə qorunan təhsil alma hüququnun pozulması deməkdir.

Bundan əlavə, qiymətləndirmədə də ciddi problemlər mövcuddur. Ekspertin bildirdiyinə görə, 10 minə yaxın abituriyent apellyasiya şikayəti verib. Bu isə nəticələrin nə qədər qeyri-dəqiq və etibarsız olduğunu açıq şəkildə göstərir.

Şəffaflıq və apellyasiya hüquqlarının məhdudlaşdırılması

Ekspertin fikrincə, DİM-in apellyasiya prosesində şəffaflıq prinsipindən uzaqlaşması beynəlxalq təcrübəyə ziddir. Onun sözlərinə görə, abituriyentin sual kitabçasına çıxış imkanının məhdudlaşdırılması, prosesdə vəkillik funksiyasını yerinə yetirə biləcək şəxslərin iştirakı üçün yaradılan süni əngəllər hüquqi şəffaflıq prinsipini zədələyir. K. Əsədov müqayisə üçün qeyd edir ki, Estoniya, Finlandiya, Litva və Gürcüstanda abituriyentlər cavablarını incələmək və müstəqil ekspert rəyindən istifadə etmək hüququna malikdirlər.

Ekspert eyni zamanda “Abituriyent” jurnalının imtahana sayılı günlər qalmış gecikməsi faktını da sərt şəkildə tənqid edir.

Onun sözlərinə görə, jurnalın gecikməsi abituriyentlərin düzgün plan qurmasına və hazırlıq prosesinə ciddi mənfi təsir göstərir:“İmtahan suallarının keyfiyyəti ilə bağlı iradlar da diqqətçəkicidir: təkrar olunan suallar, məntiqi ardıcıllığın pozulması, testlərdə texniki və konseptual səhvlər DİM-in metodoloji cəhətdən zəifliyini üzə çıxarır. Bu vəziyyət biliyin deyil, sadəcə yaddaşın ölçüldüyünü göstərir.”

Kamran Əsədovun fikrincə, DİM-in təyin etdiyi imtahan qiymətləri də sosial ədalət prinsipinə ziddir. Ekspert vurğulayır ki, qəbul imtahanı, sertifikat və şəhadətnamə üçün tələb olunan məbləğlər regionlardakı aztəminatlı ailələrin övladları üçün əlavə maliyyə yükü yaradır. Bu isə təhsil imkanlarının bərabərliyini pozur.

Ekspertin rəyində ən əsas sual budur: Dövlət İmtahan Mərkəzi hansı hüquqi əsasla qaydaları dəyişir, qiymətləri artırır, prosedurların formasını dəyişir?

“DİM nə qanunverici orqandır, nə də icra hakimiyyətinin səlahiyyətli qərarverici qurumu. Bu qurumun səlahiyyəti yalnız mövcud hüquqi aktları icra etməklə məhdudlaşmalıdır,” – o vurğulayır.

Kamran Əsədovun fikrincə, əgər bu gedişat davam edərsə, DİM artıq təhsilin inkişafına töhfə verən yox, gənclərin hüquqlarını pozan və cəmiyyətdə etimadı sarsıdan bir quruma çevriləcək.

“Təhsildə şəffaflıq, ədalət və hüquqa sadiqlik bərpa olunmalıdır. Bunun üçünsə ilk növbədə, Dövlət İmtahan Mərkəzi ciddi ictimai və inzibati nəzarətə cəlb olunmalı, hüquqi səlahiyyət sərhədlərinə qaytarılmalıdır,” – o bildirib.

“AzPolitika.info”
Ardını oxu...
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində illərdir davam edən kanalizasiya problemi sakinləri ciddi narahat edir.

Onlar bu barəd Bakupost.Az–a müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə vəziyyət dözülməz hal alır, yol və həyətlər keçilməz olur, hətta evlərin zirzəmisi və içinə su dolur.

Aşağı Sulutəpə, Xocalı küçəsi sakini İslam Yusifov deyir ki, sakinlər tullantı sularının axıdılması üçün öz hesablarına kanalizasiya xətti çəkiblər. Lakin bu primitiv sistem yağış sularını ötürmək üçün yetərli deyil:

“Kustar üsulla çəkilən kanalizasiya yağış sularının axıdılmasına kifayət etmir. Əraziyə baxan yoxdu. Hər dəfə eyni problemlə qarşılaşırıq. Bilmirik kimə şikayət edək ki, bu məsələ həll olunsun. Burda xeyli insan yaşayır, hamısının həyətində eyni mənzərədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirdilər ki, ərazidəki problemdən xəbərdardılar:

“Qeyd olunan ünvanda mövcud tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib, ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.Elxan ALLAHVERDİYEV HARA BAXİR.   
 
 
 
Ardını oxu...
“Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsini Bakı İnzibati Məhkəməsinə verib.

“DİA-AZ” xəbər verir ki, iş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov raportla Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə müraciət edərək, ona qarşı 97 min manat məbləğində əsassız və uydurma pul tələb edir.

Ramil Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edir.

“Dövlət Gömrük Komitəsindən mənə daxil olmuş 05.02.2025-ci il tarixli, 3-33/2-001878/2025 nömrəli məktubda “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişə istinad edilərək, sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilir. Elmir Ramazanov həmin sənədlərə istinad edərək, özündən uydurğu 97 min manat “borc” məbləği təyin edir və Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Bu zaman Elmir Ramazanov mənə və şirkətimə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Vaxtilə prokurorluq orqanlarından xaric olunmuş və hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin müavini vəzifəsində çalışan İlkin Bağırov sübut əhəmiyyət kəsb etməyən və cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış 14 iyun 2005-ci il tarixli, 931-IIQ saylı Sazişin 2-ci maddəsinin I, eyni Sazişin 7-ci maddəsinin (Konfidensiallıq) I bəndlərini oxumadan sözügedən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim “Lion Centre” MMC-yə məxsus deyil. Bununla Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilk növbədə cənab Prezidentin Çin Xalq Respublikası ilə imzaladığı müqavilələrə hörmətsizlik edir, eyni zamanda Çin və Azərbaycan hökumətləri arasında mövcud olan yaxşı münasibətləri sabotaj edir.

Maraqlısı odur ki, Elmir Ramazanovun himayə etdiyi Emin Mirzəyev və digər şəxslər, həmçinin, dövriyyəsi milyon olan karqo şirkətləri nə üçün mənim şikayət etdiyim qapılarda görünmürlər? Halbuki, onlar 15-20 il öncədən fəaliyyətdədirlər.

Dəfələrlə konkret faktlarımla Bakı Baş Gömrük İdarəsinin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar, ölkədən külli miqdarda pulların xaricə necə çıxarılması və cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə necə xələl gətirməsi barədə Dövlət Gömrük Komitəsi rəhbərliyinə müraciət etmişəm. Çox təəssüf ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi müraciətlərə məhəl qoymur. Bu səbəbdən də mən Bakı Baş Gömrük İdarəsi barədə məhkəməyə müraciət etmişəm. Hazırda mənim müraciətim əsasında 5 ayrı-ayrı işlər məhkəmədədir. Nəticələri barədə mediaya məlumat verəcəm”, – deyə Ramil Aslanov qeyd edib.

Ardını oxu...
Ağdam rayon Birinci Yüzbaşlı kəndin orta məktəbinin direktoru Polad Zeylanov şagirdlərdən birinə qarşı ağlasığımaz bir qadağa tətbiq edib.

Gundeminfo.az-a daxil olan müraciətdə yeniyetmənin dayısı Umud Nəsibov bildirib ki, o qanunsuzluğu aşkarladığı və məktəbə gələn yoxlamaya həqiqəti dediyi üçün cəzalandırılıb. Yeniyetmə şagird məktəbə gələn yoxlamaya deyib ki, onlara nə coğrafiya dərsi keçilmir, nə də fakultətiv məşğələ. Bundan sonra da direktor Polad Zeynalov başlayıb yeniyetmədən qisas almağa. Həm də bu qisas uşağı dövlətə məxsus təhsil ocağından kənarlaşdırmaqla, onu dərslərə buraxmamaqla yekunlaşıb.
Ardını oxu...

Polad Zeynalov
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Video müraciəti təqdim edəcəyik:
Ardını oxu...
Deyəsən icra hakimiyyətlərini qanunsuz tikintiləri çoxaltmağa həvəsləndirən Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM) ilə Fövqəladə hallar Nazirliyidir (FHN).

"DogruXeber.az" xatırladır ki, hələ 2022-ci ildə ARXKOM sədri Anar Quliyev jurnalistlərə müsahibəsində demişdir ki, "Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə, qanunsuz tikintilərin qarşısını almalıdır.Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o, sökülməlidir".

Halbuki, 2021-ci ildən bu günə qədər dəfələrlə ARXKOM və FHN-nə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Xəzər və digər rayonlarında aparılan saysız-hesabsız qanunsuz tikintilər barəsində rəsmi sorğular göndərmişik. Lakin, hər dəfəsində də hər iki qurum şablon cavablar göndərməklə məsuliyyətdən yayınaraq, həmin tikintilərin başa çatdırılmasına sanki qəsdən şərait yaradıblar.

Yeri gəlmişkən, 12 mart 2025-ci il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi, döngə 5 və digər ünvanlarda qanunsuz tikinti işlərinin aparılması barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər rayon icra hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və FHN-nə rəsmi sorğular göndərmişdik. Adları çəkilən qurumlardan yalnız biri - ARXKOM tərəfindən redaksiyamıza aprel ayının 7-də göndərildiyi qeyd olunan, lakin bugünlərdə gəlib çatan cavab məktubunda, məlumatların araşdırılması üçün Xəzər rayon icra hakimiyyətinə göndərildiyi və 7 gün ərzində redaksiyamızın cavablandırılması yazılmışdır.

Məktub Xəzər icra hakimiyyətinə göndərilən aprelin 7-si, bu gün də mayın 6-sı. Hələ də Xəzər icra hakimiyyəti və digər qurumlar susmaqda davam edirlər.

ARXKOM isə hər zamankı kimi "şablon" məktubla, "səndən yar, sənə yar, şikayətim var" taktikası ilə "sudan quru çıxmağa" cəhd etdi.

Maraqlıdır, bəs iki ay müddətində Anar Quliyevin özünün açıqlamasında dediyi qanuni prosedurlar niyə həyata keçirilmədi?

Nəinki iki ay, heç 4 il müddətində belə Sabunçu rayonu Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş 3 mərtəbəli iaşə obyekti barəsində də ARXKOM eyni taktika ilə kənarda dayandı.

ARXKOM sədri Anar Quliyev qanunsuz tikintilərlə bağlı məsuliyyətdən yayınmağı bacardığı kimi, adını yerli mətbuatda "tərtəmiz" saxlamağı da mükəmməl bacarır.

Ölkə başçısı Anar Quliyevə etimad göstərib vəzifəyə təyin edib, həmçinin aprel ayının 25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edildi. İndi də belə bir şayiə gəzir ki, onun Ekologiya və Təbii Sərvətlər naziri təyin olunacağı gözlənilir.

5 illik rəhbərlik fəaliyyəti dövründə kifayət qədər qanunsuzluğa göz yuman sədri bəlkə də bu qədər "yoran" eyni zamanda paralel olaraq Azərbaycan Oxatma Federasiyasının prezidenti, koordinator vəzifələrini də icra etməsidir.

Maraqlıdır, Anar Quliyevə eyni zamanda fərqli vəzifələrin həvalə olunması hansı məqsədləri daşıyır, yaxud hansı səbəbdən qaynaqlanır?
Onun boş vaxtı daha çoxdur deyə, yoxsa məsuliyyətli məmur olduğu üçün?

Nəinki paytaxt, ümumiyyətlə ölkə ərazisindəki saysız-hesabsız qanunsuz tikintilərə nəzər saldıqda səbəbin ikinci variant (məsuliyyət) olmadığı aydın görünür. Aylardır sosial mediada Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Səbail, Nizami və digər ərazilərdə aparılan qanunsuz tikintilərin görüntüləri paylaşılır, amma ARXKOM da başda olmaqla, bir dənə aidiyyatı qurum məsələyə nə müdaxilə edir, nə də aydınlıq gətirirlər.

Belə olan halda ölkə vətəndaşlarının böyük əksəriyyəti qurum rəhbərlərindən əllərini üzərək, media vasitəsilə ölkə başçısına şikayətçi olmaqda haqlı görünürlər. Çünki, ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların çoxu vəzifəsini layiqincə yerinə yetirməyi bacarmır, ya da bəlkə məqsədli şəkildə düzgün icra etməyib, insanların dövlətə olan inamını, güvənini sarsıdır, hakimiyyətdən küsdürməyə çalışırlar.

Amma atalar deyir, "yaman günün ömrü az olar". Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bu kimi məsələlərə də vaxt ayıracaq və rəhbər vəzifələrə təyin etdiyi şəxslərin fəaliyyətini nəzərdən keçirib, "saf-çürük" edəcəkdir.

Mövzunu davam etdirəcəyik.
 
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 23.04.2025-ci ildə satınalmaların portalında nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin satınalınması üzrə 27.01.2025-ci ildə başladığı açıq tenderə yekun vurduğunu açıqlayıb. Tender müsabiqəsinin qalibi “İDEAL MOTORS” MMC seçilib və tərəflər arasında 802.388,54 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən nəzərdə tutulmuş nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.255.227,16 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, bu “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC ilə “İDEAL MOTORS” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması üzrə 692.347,28 manat dəyərində bir müqavilə də 06.08.2024-cü ildə bağlanılıb. Satınalmaların portalında göstərilən vaxta görə “İDEAL MOTORS” MMC 05.08.2024-cü ildən 05.08.2025-ci ilə qədər servis xidməti göstərməlidir.

Mərkəz “İDEAL MOTORS” MMC ilə bir müqavilə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə bağlayıb. 22.11.2023-cü ildə bağlanmış bu müqavilənin qiyməti 217.500 manat təşkil edib və 5 ədəd yeni avtomobilin alınması nəzərdə tutulub.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu satınalma da “Dövlət Satınalmaları haqqında” Qanunun 35.1.8. maddəsinin tələblərini ciddi şəkildə pozub. Belə ki, 1.397.908,24 ehtimal olunandan 50 faiz aşağı qiymətə.

Bu məlumatdalardan sonra “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderləri araşdırdıq. Məlum oldu ki, MMC balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 243.283,43 manat dəyərində müqavilə “RN STRONG” MMC ilə 23.11.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 17.11.2023-cü il, bitmə tarixi 17.11.2024-cü ilə müəyyən edilib.

MMC balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 292.669,85 manat dəyərində müqavilə “İDEAL MOTORS” MMC ilə 19.04.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 13.04.2023-cü il, bitmə tarixi 31.12.2023-cü ilə müəyyən edilib.

“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 494.625,32 manat dəyərində bir müqavilə də 14.01.2022-ci ildə “ŞƏRQMOTORS” MMC ilə bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.01.2022-ci il, bitmə tarixi 10.01.2023-cü ilə müəyyən edilib.

Göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2022-ci ilin yanvarından 2025-ci ilin aprelinə qədər balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınmasına ümumi olaraq 2 525 312 manat vəsait ayırıb.

Buradan ortaya sual çıxır. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin balansında nə qədər avtomobil var ki, hər il servis xidmətinin göstərilməsinə yüzminlərlə dövlət vəsaiti ayrılır. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı bu barədə heç bir məlumat tapa bilmədik. Yalnız “emlak .gov.az” saytında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC -nin Bakı şəhəri üzrə 15 noyabr 2022-ci il tarixində keçirilmiş hərracda 16 avtomobilin satışa çıxarıldığı göstərilir.

Bundan əlavə 16 may 2023-ci il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 3, iki Nissan Patrol və bir MITSUBISHI PAJERO markalı avtomobil satışa çıxardığını elan edib.

Bir maraqlı nüans da “İDEAL MOTORS” MMC ilə bağlanan ən son müqavilədə var. Məsələn Mərkəz bir “Volskvagen Passat 2013 WVWZZZ3CZDP035350” markalı avtomobilə 10 ədəd yağ filteri, 10 ədəd hava filteri, 50 litr mühərrik yağı, 4 ədəd əyləc diski, 8 ədəd təkər kimi.

Bir “Nissan X-Trail 2008 JN1TBNT30Z0111670” markalı avtomobilə 30 ədəd yağ filteri, 30 ədəd hava filteri, 30 ədəd kondisioner filtri, 450 litr mühərrik yağı,32 ədəd təkər, 10 ədəd akkumulyator, 30 ədəd ön amartizator kimi avtomobil ehtiyyat hissələrinin alınması və dəyişdirilməsi xidmətinə küllü miqdarda vəsait xərcləyir.Burada göstərilən markada neçə avtomobilə xidmət göstəriləcəyi bəlli olmur. Mərkəzin sifariş verdiyi ehtiyyat hissələrindən belə çıxır ki, hər bir avtomobil yenidən qurulur. Sayı bəlli olmadığından səkkiz yüz min manatın neçə avtomobilə servis xidmətinin göstərilməsinə ayrıldığını da sual altında qoyur. Sual altında qalan bir məsələ də odur ki, ayrılan bu vəsaitlər həqiqtən də avtomobillərə ehtiyyat hissələrinin alınmasına xərclənir, yoxsa…

İnternet axtarış sistemlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru vəzifəsini kimin tutuğunu öyrənə bilmədik. Mərkəzin heç rəsmi saytı da yoxdu. Bütün bunlar isə MMC-nin sanki qapalı bir müəssisə olmasından xəbər verir.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovadır. O, bu vəzifəyə 2021-ci ildə təyin edilmişdir. Daha əvvəllər isə Vergilər Nazirliyinin aparatın rəhbəri vəzivəsində çalışıb.



Aktualinfo.org
Ardını oxu...
Eyvan asılqanında tuman-mayka güdən dövlət qurumları isə bunca pəstahanı “görmür”
Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ilə bağlı ajiotaj bitmək bilmir. Hadisəilə bağlı 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi bildirmişdi ki, təbiətə 11700 manat məbləğində ziyan dəyib və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar BaşProkurorluğa göndərilib. 1 ay keçməsinə baxmayaraq faktla bağlı heç bir tədbir görülməyib. Kafenin həyətindəki ağacların kəsilməsindən sonra ərazidə dəmir-beton konstruksiyadan ibarət geniş tikinti prosesinə start verilib. İşin ən qəribə tərəfi isə budur ki, həyata keçirilən tikinti prosesi üçün heç bir rəsmi icazə mövcud deyil. Bütün tikinti prosesi iki şəxsin - Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun şifahi razılığı əsasında gerçəkləşir."
TEREF yazır ki, bunu bloqumuza məqalə göndərən müəllif yazır. Müəllif daha sonra yazır:
Ardını oxu...
"İş o yerə çatıb ki, günün günorta vaxtı qanunsuz tikinti işi aparanlar Bakı Metropoliteninin “Əcəmi” keçidi üzərində inşa edilən obyektdə kran işlədir, ondan ağır metal konstruksiyaların daşınamsında istifadə edir.

Maraqlıdır, qanun metro keçidi üzərində kran kimi ağır texnikanın fəaliyyətinə icazə verirmi? Keçidi müvəqqəti olaraq qapatmadan onun üzərində kran işlətmək insan həyatı ilə oynamaq deyilmi? Həqiqətənmi Metropoliten rəhbərliyi bunca özbaşınalığı görmür? Niyə eyvan asılqanlarından tuman-mayka yığan, şəhərin görünüşünə xələl gətirir deyə vətəndaşlara eyvandan paltar asmağa qoymayan Nəsimi Rayon İcra Hakimiyyəti bu boyda kranı görə bilmir?
Ardını oxu...
Halbuki, baş verənlər artıq yaqin ekologiyaya deyil, həm də insan həyatına təhlükədir. Şəki kafesinin yerində ağırdəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun Əcəmi keçidi üçün cidid təhlükə mənbəyidir. Bir gün burada insan təlafatı olarsa, kimlər məsuliyyət daşıyacaq? Heç şübhəsiz ilk günahkar şəxs bu qanunsuz tikilini himayə edən Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid”n adlı məmurdur. Digər məsul şəxs isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Ardını oxu...
Suallar çoxdur və bu suallara gələn saylarımızda aydınlıq gətirəcəyik
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Anonslar:
1.Keçmiş “Şəki” kafesinin yerində nə tikilir?

2.Tikintidə çalışan ustaları gecə boyu çalışmağa nə vadar edir?

3.”Cavadxan” küçəsindəki tikinti ilə bağlı yazılar hansı saytlardan necə yoxa çıxıb?

4.”Cənab Vəliyev” kimdir və onu “Şamaxalı Cavid”lə nə birləşdirir?
Ardını oxu...
“Azərbaycanda su qıtlığı yoxdur. Amma içməli su problemi var”. Bu ifadə sizə ziddiyyətli görünə bilər. Amma məhz bu ziddiyyət ölkənin su böhranının əsas mahiyyətini təşkil edir. Yeraltı və yerüstü su ehtiyatlarımız ölkənin müxtəlif bölgələrində, kifayət qədərdir — xüsusilə də Abşeron yarımadasında. Lakin problem bu resursların azlığında deyil, onların necə idarə olunmasındadır. Bu problemin əsasında su ehtiyatının çatışmazlığı dayanmayıb. Su siyasətindəki sistemsizlik, infrastrukturda mövcud olan boşluqlar və nəzarətsizlik ölkəni get-gedə daha ciddi bir ekoloji və ictimai təhlükə ilə üz-üzə qoyur.
Ardını oxu...
Bunun ən bariz nümunəsi isə Ceyranbatan gölüdür — ölkənin ən böyük və strateji içməli su ehtiyatı hesab olunan bu göl illərdir paytaxt Bakı və ətraf rayonların su təchizatında əsas rol oynayır. Amma bu gün gəlib elə bir nöqtəyə çıxmışıq ki, Ceyranbatan gölü artıq sadəcə içməli su mənbəyi yox, çirkab sularının, kanalizasiya axıntılarının, heyvan və quş leşlərinin toplaşdığı bir bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu iddia heç də emosional və əsassız deyil. Sosial şəbəkələrdə yayılan kadrlar, ətrafda yaşayan sakinlərin illərdir etdiyi şikayətlər, bəzən isə məsul qurumların verdiyi dolayı etiraflar bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Yeni salınan yaşayış massivlərindən, çoxmərtəbəli binalardan, sənaye obyektlərindən gələn kanalizasiya sularının Ceyranbatan gölünə axıdılması artıq gizli saxlanıla bilməyəcək qədər açıq bir fəlakət halıdır.
Ardını oxu...
Bu göl — hansı ki, onilliklər əvvəl böyük zəhmət və xərclə tikilən su təmizləmə qurğularının mərkəzində yerləşir — öz funksiyasını get-gedə itirir. Çünki bu gün ora tökülən çirkabın miqdarı, təmizləmə sistemlərinin gücündən və texniki imkanlarından qat-qat artıqdır. Sistem sadəcə bu yükü daşıya bilmir. Üstəlik, bu, yalnız texniki yox, ictimai sağlamlıq və ekoloji təhlükəsizlik məsələsidir. İçdiyimiz suyun haradan və hansı yolla gəldiyi artıq təkcə ekspertləri və ekologiyanı düşünənləri narahat etməməlidir — bu, hər bir vətəndaşın həyatına, sağlamlığına təsir edən birbaşa milli təhlükəsizlik məsələsidir.
Ardını oxu...
Bunun paralelində, Azərbaycanın başqa bir təbii sərvəti də, xüsusilə Masazır Duz gölü ekoloji təhdidlərə məruz qalır. Bir zamanlar Masazır Duz gölü Azərbaycanın təbii sərvəti kimi tanınırdı. Qədimdən bəri xalq bu göldən hasil edilən duzu yalnız mətbəxdə yox, həm də müalicəvi məqsədlərlə istifadə edirdi. Amma bu gün həmin gölün adı artıq sağlamlıq yox, zəhərlənmə, laqeydlik və təhlükə ilə yanaşı çəkilir. Masazır gölü indi, kanalizasiya tullantılarının birbaşa axıdıldığı bataqlığa çevrilməkdədir. Ətrafdakı yaşayış massivlərindən, fərdi evlərdən, hətta bəzi sənaye obyektlərindən gələn kanalizasiya suları gölə tökülür. Həmin göldə isə duz hasil olunur — bəli, məhz bizim mağazalarda, restoranlarda, mətbəxlərdə istifadə etdiyimiz duz. İctimaiyyəti sakitləşdirmək üçün bəzən “duz mikrobları öldürür”, – deyə cavab verilir. Bu fikir, ilk baxışda elmi əsaslı görünə bilər. Amma sadə məntiq göstərir ki, məsələ heç də bu qədər sadə deyil. Kanalizasiya sularında təkcə mikroblar deyil, ağır metallar, zərərli kimyəvi maddələr, toksinlər və parazitlər də mövcuddur. Duzun yüksək konsentrasiyası, bəlkə də, bəzi bakteriyaların yaşamasına mane ola bilər, amma bu, həmin duzun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bir duz təbəqəsinin üzərindən kanalizasiya suları axıb keçirsə, o məhsulun gigiyenik keyfiyyəti necə təmin oluna bilər? Həmin duzun emalı prosesi hansı şəraitdə aparılır? Gigiyenik və sanitariya nəzarəti necə həyata keçirilir? Bu suallara isə aydın və ictimaiyyətə açıq cavab verən yoxdur.
Ardını oxu...
Əvvəllər “xəzinə” sayılan Masazır duzu bu gün, bəlkə də, ən təhlükəli qida əlavəsinə çevrilib. Zəhərli tullantılarla qarışmış duzun gündəlik qidalanmada istifadəsi, uzunmüddətli dövrdə orqanizmdə ciddi xəstəliklərin yaranmasına yol aça bilər — mədə-bağırsaq pozğunluqları, xərçəng riskləri, dəri və böyrək problemləri və daha nələr… Burada məsələ təkcə qidanın dadında deyil — məsələ onun təmizliyində, sağlamlıq üçün təhlükə yaratmamasındadır. İndi isə vaxtilə “duz mikrobları öldürür”, – deyərək ictimaiyyəti susdurmağa çalışan bəzi rəsmilərə sual vermək lazım gəlir: Əgər duz mikrobu öldürürsə, bəs görəsən insan sağlamlığını da “öldürürmü”?

Təəssüf doğuran məqam odur ki, vətəndaşlardan hər ay kanalizasiya pulu yığılır, amma bu vəsait nə kanalizasiya sistemlərinin yenilənməsinə, nə də təmizləmə qurğularının qurulmasına yönəlir. Əksinə, bu sistemlər ya mövcud deyil, ya da işlək vəziyyətdə deyil. Məqsəd yalnız pul toplamaqdırsa, bu sistemin adını “xidmət” deyil, “rüsum” qoymaq daha dürüst olar.

Gəlin tarixə bir nəzər salaq. 20-ci əsrin əvvəllərində, imkanlar olduqca məhdud olduğu bir dövrdə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə Şollar su kəmərini çəkdirərək Bakıya təmiz içməli su gətirdi. O zaman maşın yox idi, texnologiya yox idi, amma niyyət vardı. Bu gün isə texnologiya var, büdcə var, imkanlar saysızdır. Amma nə su təmizdir, nə duz. Sözün açığı, nə də niyyət var. Əhalinin sağlamlığı göz görə-görə bəzi qurumların laqeydsizliyindən təhlükəyə atılır.
Ardını oxu...
“ƏSAS GÜNAHKAR KİMDİR? Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə baxan əsas qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar kanalizasiya xətlərinin çəkilişinə, istismarına və tullantı sularının idarə olunmasına məsuldurlar. Bəs bu qədər aydın və real təhlükə qarşısında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə edir? Sadəcə susur. Bəlkə də, statistik hesabatlarda hər şey qaydasındadır, amma əhalinin qarnına gedən suyun tərkibi reallığı deyir.

“Yuxarıda qeyd etdiyimiz Ceyranbatan və Masazır Duz göllərinin ekoloji problemləri, əslində sadəcə ekoloji təhdidlərdən ibarət deyil. Bu vəziyyət artıq bir ictimai təhlükəyə çevrilmişdir. Sadəcə bir dəfə Ceyranbatan və ya Masazır Duz gölünün ətrafına getmək və ya internetdə 5 dəqiqə araşdırma aparmaq, vəziyyətin nə qədər ciddi olduğunu görməyə yetər. Bu ölkədə insanlar xəstələnir, müalicə axtarır, amma çox vaxt bu xəstəliklərin mənbəyi içdiyimiz və istifadə etdiyimiz suyun içində gizlənir.
İndi isə bizə yalnız bir sual qalır: bu təhlükənin qarşısı nə vaxt alınacaq? Həm ekoloji vəziyyətin qorunması, həm də əhalinin sağlamlığı baxımından atılacaq addımlar həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdən çıxış yolu aydındır: Ceyranbatan gölünün üzərinə qoruyucu setka çəkilməsi və axan mikrobial suların ümumi kanalizasiya sisteminə birləşdirilməsi. Bu sadə tədbirlər, yalnız su ehtiyatlarının keyfiyyətini artırmayacaq, həm də əhalinin sağlamlığını və ətraf mühitin qorunmasını təmin edəcəkdir.
Ardını oxu...
Əgər belə sadə bir həlli tapmaq bu qədər çətindirsə, amma, məsələnin həlli daha mürəkkəb olmamalıdır. Bu yazı, müvafiq qurumların bu məsələyə ciddi yanaşması və ekoloji vəziyyətə diqqət yetirməsi üçün bir çağırışdır”.

Elşad FƏRMANOĞLU - tezadlar.az
 
Ardını oxu...
Lənkəran rayonu Boladi kənd sakini Zəfər Rzayev bələdiyyə sədri Salman Dadaşovu dövlətin siyasətinə qarşı çıxmaqda ittiham edib.

AzToday.az xəbər verir ki, Zəfər Rzayev yaydığı növbəti videosunda bələdiyyə sədrini ona ərazisindən istifadə etməyə imkan vermədiyini bildirib. Onun sözlərinə görə, Salman Dadaşov Boladi kəndinin sözugedən hissəsində torpaqların əkilməsinə maneələr yaratdığını deyib:

Son 10 il ərzində ilk dəfə torpağımı əkə bilmədim. Suyun qabağını qabaqlayıb.

Qeyd edək ki, Boladi sakini Zəfər Rzayev dəfələrlə kəndin problemlərini ictimailəşdirib. Amma nə bələdiyyə sədri, nə də Lənkəran İcra Hakimiyyəti sakinin dediklərinə münasibət bildirməyib. Əksinə sakinə təzyiqlər etdiyi də yayılan məlumatlar sırasındadır...
 
Ardını oxu...
“Hürriyyət”də iş adamı Vüqar Sədibəylinin “AAAF Park” Yaşayış Kompleksinin girişində mərhum dövlət başçısı Heydər Əliyevin posterini sökdürdüyü haqda məlumat vermişdik. “Heydər Əliyevin posterini sökdürdü, yerində obyekt tikdirdi” sərlövhəli yazıda qeyd etmişdik ki, V.Sədibəylinin qanunsuz tikinti apardığı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq olunub. Hətta qurumun “Facebook” səhifəsində bu haqda rəsmi informasiya da verilib:

İcra Hakimiyyətindən açıqlama

"Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin məlum açıqlamasına baxmayaraq, Vüqar Sədibəyli Heydər Əliyevin posterini və dövlət atributları olan guşəni sökdürərək, yerində obyekt inşa etdirib. Öz qanunsuz əməllərini ört-basdıq etmək üçün isə sonradan Heydər Əliyevin sökülən posteri və dövlət atributları ərazidəki maşın dayanacağına yerləşdirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin də elan etdiyi kimi, iş adamının özbaşına fəaliyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunsa da, kimsə qanunsuz tikintinin qarşısını ala bilməyib. Yaxud da, V.Sədibəylinin orda-burda dediyi kimi, pulla bütün qurumların “ağzını yumduğu” üçün tikintini başa çatdırmağa müvəffəq olub.

Qanunsuz tikintiyə niyə göz yumulub?
Ardını oxu...
Əlbəttə, biz Vüqar Sədibəylinin Heydər Əliyevin posterini və dövlət atributlarını rüşvət hesabına sökdürdüyünü iddia etmək fikrindən uzağıq. Sadəcə, o, öz yaxın çevrəsində belə bir fikir səsləndirib ki, “AAAF Park” Yaşayış Kompleksinin girişindəki obyekt ona çox baha başa gəlib, çünki bütün qurumları rüşvətlə susdurmağa məcbur olub.

Onu da qeyd edək ki, iş adamının iddiasına baxmayaraq, bu məsələdə təkcə rüşvət amili rol oynamayıb. Onu yaxından tanıyanlar yaxşı bilir ki, V.Sədibəyli hər kəsə özünün yüksək çinli məmurlardan birinin qohumu kimi təqdim edir. Görünür, bu söhbətə də həmin məmurun adı daxil olduğundan, heç bir qurum qanunsuz tikilinin qarşısını almağa maraq göstərməyib.

Vüqar Sədibəylinin “qohumu olduğunu” iddia etdiyi məmurun kimliyini açıqlamazdan öncə qeyd edək ki, o, ticarətə hansısa vəzifəli şəxsin dəstəyi ilə gəlməyib. Onu yaxından tanıyan şəxslər bildirir ki, V.Sədibəyli vaxtilə “Dərnəgül” bazarında Kamal adlı sahibkarın yanında satıcı kimi fəaliyyət göstərib. O, bu mağazada alçıpan satırmış. Bir müddət yanında çalışdığı sahibkardan ticarətin bütün sirrlərini öyrəndikdən sonra, özü də alverə girişib və xaricdən alçıpan gətirməyə başlayıb.

Mənbə deyir ki, biznes fəaliyyəti ilə məşğul olduqdan sonra Vüqar Sədiyev özünü “fövqəlnazir” Kəmaləddin Heydərovun qohumu kimi təqdim etməyə başlayıb. Hər yerdə deyirmiş ki, Kəmaləddin Heydərov anasının dayısı oğludur. Bunun nə dərəcədə dəqiq məlumat olduğunu deyə bilməsək də, görünən odur ki, K.Heydərovla “qohumluq” ona böyük sərvət qazandırıb. Belə ki, dünənə qədər 500-600 manat maaşa satıcı işləyən Sədiyev indi milyonlarla manatlıq sərvət sahibidir.
Ardını oxu...
Məlumata görə, hazırda o, alçıpan satışı ilə yanaşı, xarici ölkələrdən bağ mebellərinin ixracı ilə də məşğuldur. “Gala shopping village”-də bu cür mebellərin satıldığı “Garden Decor” mağazasının ona məxsus olduğu deyilir. Mənbə bildirir ki, onun ən sevimli müştəriləri pulunun sayı-hesabı bilinməyən məmurlardır. Belə ki, Vüqar Sədiyevin Kəmaləddin Heydərovun “qohumu olması” bəzi məmurları da onunla iş görməyə sövq edir…

Məlumat üçün bildirək ki, V.Sədiyev təkcə alqı-satqı işi ilə məşğul deyil. Onun Mərdakan yolunda böyük restoran açdığı da bildirilir.

Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?

Lakin bütün bunlar Sədiyevin varidatının çox cüzi hissəsidir. Mənbənin sözlərinə görə, o, bütün pullarını villa tikintilərinə yatırır. Nə qədərə qəribə səslənsə də, hazırda onun 100-ə yaxın villasının olduğu bildirilir. Əsas villaları isə Mərdəkan və Şüvəlan ərazilərində yerləşir.

FHN-dən açıqlama

Məlumat üçün bildirək ki, Vüqar Sədiyevin özünü hər yerdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “qohumu” kimi təqdim etməsini öyrəndikdən sonra, bu quruma sorğu göndərdik. Məqsədimiz “AAAF Park” Yaşayış Kompleksinin qarşısındakı qanunsuz tikiliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı icazə, yaxud rəy verildiyini aydınlaşdırmaq idi. Əlbəttə, biz inanmırdıq ki, V.Sədiyev məhz K.Heydərovun “qohumu” olduğu üçün onun Heydər Əliyevin posterini və dövlət atributlarını sökdürməsinə icazə verilib. Ən azı ona görə ki, nazir Kəmaləddin Heydərovun mərhum dövlət başçısı Heydər Əliyevə sevgisi və sayğısı cəmiyyətdə çoxlarına bəllidir. Belə olduğu halda, o, Vüqar Sədiyevin qanunsuz əməllərinə necə göz yuma bilərdi?! Lakin, təəssüf ki, FHN-nin sorğumuza cavabı bir sıra şübhələrə yol açır: “Sorğunuza cavab olaraq bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Sədibəyli Vüqar İlqar oğlu tərəfindən qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığını müəyyən edib. Agentlik tərəfindən həmin ərazidə tikinti işlərinin dayandırılması barədə 10 yanvar 2025-ci il tarixli “Qərar” qəbul edilib. Həmçinin, “Qərar”ın tələblərinə əməl olunmadığına görə, adı çəkilən şəxs barəsində 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır”.
Ardını oxu...
Dəyərli oxucularımız sual verə bilər ki, FHN-nin bu cavabında təəccüblü, daha dəqiq desək, şühəyə yol açan nə ola bilər ki? Bəri başdan oxucularımızın diqqətinə çatdıraq ki, nazirliyin “hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır” açıqlamasına rəğmən, V.Sədiyev qanunsuz obyektin tikintisini çoxdan başa çatdırıb.

“Hürriyyət”
Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev “Lyublinskoye Pole” ticarət mərkəzini satın alıblar.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, bu obyektin təxmini dəyəri 2 milyard rubl (24,7 milyon dollar) təşkil edir.
Bildirilir ki, “Lyublinskoye Pole” ticarət mərkəzi Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya Ploşad” şirkətinə bağlı olan “Moskva” ticarət-yarmarka kompleksinin yaxınlığında yerləşir.
“Forbes” jurnalının 2025-ci il üzrə “Rusiya milyarderləri” siyahısında 41-ci yerdə qərarlaşan (sərvəti 3,4 milyard dollar) Qod Nisanov və 39-cu yeri tutan (sərvəti 3,4 milyard dollar) Zarax İliyevin nəzarət etdiyi “Kiyevskaya Ploşad” şirkətlər qrupu Moskvanın cənub-şərq hissəsində, sahəsi 34 min 900 kvadratmetr olan əmlakı öz balansına daxil edib.
“Kiyevskaya Ploşad” şirkətinin nümayəndəsi obyektin alındığını təsdiqləyib.
Əmlak üzrə ekspertlər ticarət mərkəzinin dəyərini 1,5-2 milyard rubl aralığında qiymətləndiriblər. Müstəqil ekspert Marina Malaxatko isə əməliyyatın məbləğinin 2 milyard rublu keçmədiyini bildirib.
Əvvəl bu əmlak “Stroytorg” MMC-yə məxsus idi. Şirkətin 2024-cü ildəki gəliri 114,3 milyon rubl, xalis mənfəəti isə 2 milyon rubl təşkil edib. Əvvəlki sahiblər arasında Yuliya Tkaçenko (40%) və Elena Kelperis (21%) əsas paya malik olublar.
Ekspertlər bildirirlər ki, əvvəlki sahiblər əraziyə qoyulan inkişaf məhdudiyyətlərinə görə aktivi satmağa qərar veriblər. Hüquqşünas Aleksey Vançuqov hesab edir ki, “Kiyevskaya Ploşad” burada ticarət və sərgi kompleksinin yeni mərhələsini həyata keçirə bilər. Marina Malaxatko isə bu ərazidə sənaye parkının salınacağını istisna etmir.
Qeyd edək ki, “Kiyevskaya Ploşad” Qod Nisanov və Zarax İliyevə məxsusdur və Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibidir. Şirkət “Forbes Rusiya – 2025” reytinqində daşınmaz əmlak sahəsində birinci yerdədir. 2024-cü ilin sonuna qədər qrupun icarədən əldə etdiyi gəlir 2 milyard dollara çatıb.
 

Dünyapress TV

Xəbər lenti