Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan ona verilən evi tələb edən qazi cərimə edilib.
Referans bildirir ki, Kainat.tv-nin məlumatına görə, 1996-cı il təvəllüdlü Beyləqan rayon sakini Adəm Məmmədxanlıya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Belə ki, Beyləqan İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayev müharibə iştirakçısı olan Adəm Məmmədxanlını Beyləqan şəhərində müvəqqəti yaşamaq üçün yataqxanada evlə təmin edib.

2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev həmin mənzilin açarını qaziyə müvəqqəti yaşamaq üçün təqdim edib. Adəm Məmmədxanlı kredit götürərək həmin yataqxananı təmir etdirib və anası ilə sözügedən mənzildə yaşayıb. Müharibədə aldığı travmalara görə müalicə almaq üçün Adəm Məmmədxanlı bir müddət Bakıda yaşamalı olub. Bir neçə gün əvvəl Bakıdan Beyləqandakı mənzilə gedib.

Amma mənzilin başqa bir müharibə iştirakçısına verildiyini görüb. Baş verən hadisə ilə bağlı Adəm Məmmədxanlı 11 dekabr tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna gedib və problem barədə məlumat verib. Bu zaman icra başçısı ilə aralarında mübahisə yaranıb və əsəbi vəziyyətdə başçının qəbul otağından çıxaraq, səs-küy salıb. (Həmin qəbuldan foto) Adəm Məmmədxanlı barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Adəm Məmmədxanlı məhkəmədə bildirib ki, icra başçısından dövlət tərəfindən ona veriləcək məzillə təmin olunana qədər sözügedən yataqxanadakı mənzilin verilməsini tələb edib. Həmçinin iddia edib ki, şəhərin bələdiyyə sədri Novruz Quliyev onun Bakıda müalicədə olmasından istifadə edərək yaşadığı evi başqa bir adama verib. Məhkəmənin qərarı ilə Adəm Məmmədxanlı 100 manat məbləğində inzibati qaydada cərimə edilib.

Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən yataqxanadakı mənzili Adəm Məmmədxanlıya vermək üçün iş aparılır: “Həmin yer yataqxanadır. Orada 12 kvadratlıq otaq Adəm Məmmədxanlıya anası ilə yaşamaq üçün verilmişdi. Bakıda olduğundan həmin mənzil başqa bir müharibə iştirakçısı tərəfindən zəbt edilib. Hazırda qazinin evlə təmin olunması üçün müvafiq qurumlarla iş aparılır”.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçilərindən biri olan Hikmət Əsgərli isə onda bu barədə məlumat olmadığını deyib.
 
Ardını oxu...
Bir neçə gün öncə Quba RİH-i başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində çalışan Ruslan Şahbalayevin rüşvət alan görüntüləri yayılıb.

Gizli lentə alınan həmin videogörüntülərdə Ruslan Şahbalayevlə Elxan adlı şəxs arasında gedən danışıq və sövdələşmənin sonunda digər tərəfin ona 50 min manat vəsait verdiyi məlum olur.Quba RİH-I məsələ barəsində açıqlama yayıb.Daha anlamlı bir formada təsvir etsək Quba RİH-i məsələ barədə suya yuxu danışıb desək daha doğru olar.Açıqlamada belə qeyd edilir.

Yayılmış görüntülərlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Hazırda, Quba RİH başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən Şahbalayev Ruslan Teymur oğlu 2019-cu ildə tanışı Elxan adlı şəxsin xahişi ilə Hacıhüseynli kəndində vətəndaşa məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satınalınmasına vasitəçilik etmişdir. Alğı-satqı prosesi baş tutmadığı üçün alınan vəsait geri qaytarılmışdır.

03.01.2021-ci il tarixdən 03.04.2024-cü il tarixədək Şahbalayev Ruslan Teymur oğlu Quba RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmiş, 03.04.2024-ci il tarixdən isə tutduğu vəzifədən azad edilərək Quba RİH başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdir.

 
        
Ardını oxu...
"Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə «Gold Residence» MMC-yə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 128, 130 və Əhməd Rəcəbli küçəsi, 5B ünvanlarında yerləşən 1,178 hektar ərazi 49 illik icarəyə verilib. Və bununla da sakinlərin qara günləri başlayıb".
"DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən sakinlər problemlə bağlı ölkə rəhbərliyindən kömək istəyir.
Müraciətdə daha sonra deyilir: "Lakin «Gold Residence», sərəncamda göstərilən koordinatlardan kənara çıxaraq, Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın həyətini də qanunsuz olaraq hasarlayıb. Nəticədə, həmin bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışı bağlanıb, onların hərəkət azadlığı məhdudlaşdırılıb. Bu qanunsuz hasarlama, həmçinin təcili yardım və yanğınsöndürmə kimi xüsusi təyinatlı nəqliyyat vasitələrinin əraziyə girişini çətinləşdirib".

Sakinlər dəfələrlə Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət orqanlarına kollektiv şikayətlər ünvanlayıblar. Lakin bu müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib. Sakinlər iddia edirlər ki, dövlət qurumlarının nümayəndələri «Gold Residence» MMC-nin ofisinə daxil olduqdan sonra, şikayətçilərin müraciətlərinə cavab vermədən ərazidən ayrılırlar.

Ona görə də son ümid yeri kimi Prezidentdən kömək istəyirlər.
 
Ardını oxu...
Şərur rayon Mərkəzi Xəstəxanasında rəhbərl9ik rəsmən özbaşına qalıb və bundan istifadə edərək xəstəxanda pul qazana bilmələri üçün istədikləri qanun pozuntusuna yol verirlər. "DİA-AZ"a danışan sakinlər deyirlər ki, xəstəxanada hazırki durumla bağlı əlaqədar qurumları da xəbərdar ediblər, kömək istəyiblər, amma nəticəsi olmayıb.

Nədir məsələ?

Sakinlər adında edilən müraciətdə qeyd olunur: "Şərur rayon Mərkəzi Xəstəxanasının baş jəkimi Asiman Yusifov və müavini Adət İbrahimov xəstəxanada çalışan yaşlı işçiləri zorla təqaüdə göndərmə təhdidi ilə yeni PUL YIĞIMI kampaniyasına başlayıblar.

Təbii ki, təqaüd yaşı çatanlar təqaüdə getməlidir ki, yerlərinə gənclər gəlsin və bu normaldır. Amma normal olmayan odur ki, əsasən aşağı işdə çalışan xadimə, aşbaz və digər bu kimi personalı təhdid edən rəhbərlik onlardan İŞDƏ QALMALARININ müqabilində bəlli məbləğ alır".

Sakinlər iddia edir ki, hazırda PULYIĞIMI kampaniyuası şıdırğı xarakter alıb...

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Ağdaş rayonu, Xosrov kənd sakini Məmmədov İmran Zakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onu qanunsuz yerə işdən çıxarıblar:

“Mən, Məmmədov İmran Zakir oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2016-cı ildən Ağdaş rayon Kommunal Təsərrüfatı Birliyinidə usta kimi işə başlamışam. 2019-cu ildən DOST İş Mərkəzi yaradıldı və bizi ora yönləndirdilər. Hər zaman da nümuəvi işçi kimi fəaliyyət göstərmişəm.

2025-ci il, aprel ayının 10-da iş yerindən bizə zəng gəldi ki, sizin işinizə xitam verilib. Qabaqcadan heç bir məlumat verilmədən, Ramazan ayında bizə "sürpriz" etdilər.

Bununla əlaqədar olaraq Ağdaşın icra nümayəndəsi Orxan Hüseynzadəyə, rayonun deputatı Sahib Alıyevə müraciət etdim. Onlara da etdiyimiz müraciətin də heç bir faydası olmadı. Sonra isə Ağdaş-Göyçay rayonundan deputat seçilən Məzahir Əfəndiyevə məktubla müraciət etdik. Təəssüf ki, hələ də xəbər yoxdur.

DOST İş Mərkəzinin qaynar xəttinə və Əmək Müfəttişliyinə dəfələrlə zəng etsəm də, doğru-düzgün cavab ala bilmədik. DOST İş Mərkəzinin direktoru Firudun Cəbrayılovun telefon nömrəsini istədik, onu da bizə vermədilər.

Hazırda mənim kimi neçə ailənin çörəyini kəsiblər. Çarəsiz vəziyyətdə qalmışıq".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi ilə əlaqə saxladıq. Bildirdilər ki, DOST İş Mərkəzi ilə 1969-cu il təvəllüdlü Ağdaş rayon sakini, vətəndaş Məmmədov İmran Zakir oğlu arasında 25.02.2019-cu il tarixdə əmək müqaviləsi bağlanıb: "İmran Məmmədov göstərilən tarixlərdə Ağdaş Kommunal Müəssisələr Kombinatında təmizlik işləri üzrə köməkçi vəzifəsində işləyib.
10.03.2025-ci il tarixdə İmran Məmmədovla bağlanan müqaviləyə əmək məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi müddətinin başa çatması səbəbilə xitam verilib. Xitam əmrindən 1 həftə öncə isə Əmək və Məşğulluq Altsistemi vasitəsilə həmin şəxsə əmək müqaviləsi müddətinin başa çatacağı ilə bağlı xəbərdarlıq bildirişi göndərilib.

“Məşğulluq haqqında” Qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi iş yeri deyil və müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir. Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədini daşıyır.
Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür. Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına müraciət edərək qeydiyyata alına bilər. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır. Bu vətəndaşımız da məşğulluq orqanına müraciət etdiyi halda işlə təmin olunmasına dəstək veriləcək".
 
Ardını oxu...
Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Tribunainfo.az “oxu.az”a istinadən xəbər verir ki, iddialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

“Tədbirin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

Sözügedən səs yazısını təqdim edirik:

 
 
 
Ardını oxu...
"ABŞERON RAYON İCRA BAŞÇISI ABİDİN MÜƏLLİM!.. Masazır dairəsindən üzü düz “Duz gölü” istiqamətində yollar bərbad gündədir!" TEREF.AZ xəbər verir ki, bunu öz müraciətində telejurnalist Arifə Əliyeva qeyd edib.
O daha sonra əlavə edib: "Deyim ki, yol təzəlikcə bu günə düşüb, əsla. Qışda yağan yağış da yolları tamamilə sıradan cıxarıb.
İndi nə edək, necə edək?
Həmin yolunun üzərində nə qədər tikinti şirkətləri yeni binalar tikiblər. Onlar da düzətmirlər. Belə də niyə etsinlər ki, ərazini zatən pul müqabilində alıblar.
Ən maraqlısı bilirsiz nədir? Həmin yolda Masazır Bələdiyyəsi, Masazır İcra nümayəndəliyi yerləşir.
Bu problemləri necə yoluna qoyaq?
Siz rayona icra başcısı təyin edildikdən sonra yolların təmirinə nə qədər “kağız üzərində” pullar ayırmısınız. Belə pis cıxmasın, hara gedib o pullar?
Hələ Ulu Öndər Heydər Əliyevin adına olan "Heydər Əliyev prospekti"nə olan ögey münasibətinizin sirri də maraqlıdır...
Kim sizə haqq verir ki, millətə zülm edəsiniz?
Sakinləri çətin vəziyyətə salmaqla, əhalini dövlətdən niyə narazı salırsınız?
Nədir məqsədiniz?"
TEREF
Ardını oxu...
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Əsgərova Aygün Əlövsət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edir:

"Hörmətli İnam Kərimov!

Əvvəla bildirim ki, mən, Əsgərova Aygün Əlövsət qızı, bir qrup şəxs tərəfindən dələduzluqla üzləşmişəm. Bu şəbəkənin iç üzünü ortaya çıxarmaq üçün əlimdən gələni edirəm.

Evlənmək adı ilə mənim kimi digər xanımların da bədbaxt olmaqlarını, başıma açılan haqsızlığı onların da yaşamasını istəmirəm.

İşimə hazırda Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov baxır. O, çox haqsızlıq və ədalətsizlik edir. Bütün bu dediklərimi məhkəmə otağının kameralarını açdırsanız, özünüz də canlı şahidi olarsınız. Məhkəmə prosesi zamanı mənə və ailəmə qarşı təhdid və təhqirlər olunub. Hakimin mənə olan qərəzli münasibəti, kinli baxışları göz önündədir.

Hakim Eldar İsmayılov mənim vəkilimin heç bir vəsatətini qəbul etmir. Bir qrup dələduzu müdafiə edirlər. Qarşı tərəfin isə hər bir sözünə canla-başla qulaq asırlar.
Mənim sadəcə istəyim bu qrup üzvlərinin hamısının cəza almasıdır. Canlı şahid mənəm. Ailə qurmaq adı ilə Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızı və anası Məmmədzadə Dünya Yunis qızı tərəfindən aldadılmışam. Bununla əlaqədar sübutlarım var. Evimin satılmağına, qızıllarımın və əşyalarımın əlimdən alınmağına birbaşa səbəbkar Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızıdır.

Hörmətli İnam Kərimov!

Mən Sizdən bir ana kimi xahiş edirəm. Məhkəmə çəkilişlərini izləyin, oradakı haqsızlığı özünüz gözünüzlə görün. Yalvarıram sizə. Mənim arxamda Allahdan başqa heç kəs yoxdur. Ümid yeri olaraq Sizə inanıram.

Hakim Eldar İsmayılovun prosesdə qərəzli davranışı heç düzgün deyil. Hansı səbəbdən dələduzu qoruyur? Qohumudur, yoxsa nəyidir? Bu məsələ məni şübhəyə salır. Dələduzla hakim Eldar İsmayılov arasında hansı münasibətlər var?
Xahiş edirəm şikayətimi cavabsız qoymayın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir.

Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı aidiyyəti qurum tərəfindən son 4 ildə minlərlə tender keçirilib. Şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalanıb. Lakin xidmətin keyfiyyəti, əlçatanlığı hələ də aşağıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında şəffaflıqla bağlı nüanslar da var.

Agentliyin keçiridiyi tenderlər üzrə bağlanan müqavilələr belə deməyə əsas verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq müsabiqələrdə eyni şirkətləri seçir.

Agentlik 2023-cü ilin noyabrından 2024-cü ilin sonuna qədər uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyat xidmətlərinin icrası ilə bağlı "Bona Dea” ilə 2.264.220 manat dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində ümumilikdə 44 tibbi xidmət göstərilib. Xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxil olub.

2023-cü ilin noyabrından 2024-cü ilin aparelinə qədər 95 uşaq əməliyyat olunub.

Tibbi ləvazımatların satın alınmasına xərclənən milyonlara gəlincə, bu yöndə müqavilələrin dəyərləri təzadlıdır. Ötən il tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 6.844.583,69, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 4.524.565,54 manatlıq müqavilə imzalanıb.

2024-cü il ərzində angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatların satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyətə isə 3.851.874 manat ödənilib.

“Paşa-K” Firması ilə eyni xidmət üzə 134.938,81, “Arash Medical Company” ilə 339.747,39, “Kripto Lab” ilə 65.806,12, “Rinara Pharma” ilə 774.767,54 manat dəyərində müqavilə imzalanıb. Satınalmaların başlama tarixi 2023-cü ilin dekabrın 25-dən 2024-cü ilin 25 dekabrına qədərdir. Bütün bu müqavilələr üzrə tenderlərin nəticələri eyni gündə - yanvarın 9-u 2024-cü ildə elan edilib.

Onu da qeyd edək ki, yuxarıda adları çəkilən şirkətlər illərdir Agentliyin, eləcə də Səhiyyə Nazirliyini tenderlərinin qalibidirlər.

"Garant Plus" MMC-yə verilən milyonlar

Tenderlərin eyni şirkətlərə verilməsindən söz düşmüşkən, illərdir "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyət agentliyin tenderlərində bir qayda olaraq qalib elan edilir. Məsələn, ötən il göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması üçün "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1304411071) 1.500.000,01 manat ödənib.

Ardınca şirkətlə iki müqavilə imzalanıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üçün şirkətə 41.505,2 manat, uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması üçün 20.355 manat ödənib.

Onu da bildirək ki, şirkətin rəsmi veb səhfəsi belə yoxdur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında şirkətin sahibi İlyaslı Həsənağa Rövşən oğludur. MMC müxtəlif illərdə vergi öhdəliklərinə əməl etmədiyi üçün cərimələnib. Milyonluq tenderlərin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır.

“Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətlə (VÖEN: 1502350481) də agentliyin əməkdaşlığı daimidir. 2024-cü il ərzində “angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihazın satın alınması üçün 2.724.876,79 manat, ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üçün isə 2.010.610,29 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üçün 197.063,2 manat dəyərində müqavilə imzalanıb.

2023-cü ildə isə “Medsol” MMC-yə “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınmasına görə eyni tarixlərdə MMC ilə 2.560.905,74, əlavə olaraq 9.653.665 və 371.441,62 manat dəyərində müqavilələr bağlanıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır.

Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar.

“Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət də agentliyin ənənəvi tərəfdaşıdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.442.822,43 dəyərində müqavilə imzalanıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədərki dövrü əhatə edən ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlar”n satın alınması ilə bağlı müqavilənin dəyəri isə 601.562,7 manat olub.

2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması yönündə müqavilə 3.280.063,11 manat təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün “Zeytun Pharmaceuticals” MMC (VÖEN 1701688171) ilə 7 milyon 852 min 864 manatlıq tender müqaviləsi bağlanmışdı.

Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir.

MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb.

Nizamnamə kapitalı 20 manat olan şirkətlə milyonluq müqavilələr

Agentliyin tenderlənin qalibləri arasında nizamnamə kapitalı 20 manat olmasına baxmayaraq, milyonların həvalə ediliyi "Keşəli" (VÖEN 1600100421) kimi şirkətlər də var. Bu, MMC ilə ötən il ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üzrə 38.375,96 manat, “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması üçün 5.073.881,35 manat dəyərində müqavilə bağlanıb.

"Keşəli" MMC bundan əlavə ümumilikdə agentliklə daha dörd tender müqaviləsi imzalayıb. Belə ki, şirkət "Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması" tenderi üzrə 1 185 105, "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə dərman vasitələrinin satın alınması" tenderi üzrə 962 697, "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb.

Layihələndirmə və təmirə 20 milyon manata yaxın pul xərclənib

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "TFM-SMART PROJECT" MMC ilə 125.166,14, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması üçün "HİNAL PROJE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 41.772, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “ORN Group” ilə 14.819.295,14 manat dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə açıq tender müsabiqəsi 06.06.2023-cü ildə başlayıb. Tenderin nəticəsi 26.10.2023-cü ildə elan edilib. MMC 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi-4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 kvadrat metr olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub.

Bu tenderdə isə “ORN Group” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb. 26.07.2022-ci il tarixində satınalma müqaviləsi bağlanıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından belə aydın olur ki, “ORN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 285 120 manat olan MMC-nin qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğludur.

Şirkətin özünün rəsmi ünvanında isə yaranma tarixi kimi 2004-cü il göstərilib. 2008-ci ildə MMC-nin Vyanada törəməsi də təsis edilib. “ORN Group”un qarışıq podrat xidmətləri göstərdiyi irəli sürülüb.

Agentliyin icarə müqavilələri də diqqət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 olan 4 mərtəbəli qeyri yaşayış binasının icarə xidmətinin satın alınması ilə bağlı “Facility Management Group” MMC ilə 587.676 AZN dəyərində müqavilə bağlanılıb.

2017-ci ildə yaradılan şirkət əmlakın idarə edilməsi xidməti təklif edir. Nizamnamə kapitalı 2534147 manatdır. Portfelinə “Zefir Mall”, “BEGOC biznes mərkəzi”, “Çinar Plaza”, “Dalğa Plaza”, “Sahil Plaza”, “Bayıl Plaza” biznes mərkəzləri, “Hillside Residence”, “Vurğun Residence”, “Roseville Residence”, “Təbriz Evləri”, “Ambassador Suites”, “Motor Village” daxildir. 2023-cü ildən şirkətin qanunu təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Ondan əvvəl təmsilçilik Kamran Məmmədovda olub.

Yeri gəlmişkən, müxtəlif dövrlərdə qanuni təmsilçilik bu iki şəxs arasında dəyişib.

2025-ci ilin birinci rübündə elan edilən tenderlər və bağlanan müqavilələr

Bu ilin əvvvəlindən Agentlik bir neçə tender elanı verib. Bunlar server-şəbəkə kompleksinin, fərdi istifadəçilərin təhlükəsizliyini təmin edən XDR təhlükəsizlik həlli (lisenziyaların)”nin satın alınması (69.768,54 AZN), layihə idarə olunması üçün lisenziyaların satın alınması (7.048,53 AZN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması (733.408,81 AZN), eşitmə və nitq məhdudiyyəti olan şəxslərin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması məqsədilə jest dili ilə video çarxların hazırlanması (4.550,00 AZN), yazılı tərcümə xidmətinin satın alınması(12.976,00 AZN) ilə bağlıdır.

Qeyd edək ki, tenderlər arasında 3 müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib. Bunlardan biri də agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması ilə bağlı tenderdir.

Bağlanan müqavilələrə gəlincə, Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılması xidmətlərinin, müxtəlif növ lisenziyaların, “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması başa çatıb.

“e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması üçün “ALL İN One Technologies” Qapalı Səhmdar Cəmiyyəti ilə 413.295 AZN, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə 232.106 AZN, müxtəlif növ lisenziyaların satın alınması ilə "Buz Tech" MMC 319.767,94 AZN dəyərində müqavilə imzalanıb.

Xatırladaq ki, 2024-cü ildə Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditini aparmışdı. Sənəddə bağlanılan satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqların, bir-birini təkzib edən maddələrin olduğu əksini tapırdı. Eləcə də bildirilirdi ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılan və icra olunan satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətləri mövcud bazar qiymətindən yüksək olur.

Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiyməti düzgün müəyyən edilmir. Eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olur.

Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmir.

/Teleqraf.com
Ardını oxu...
"Yeni Klinika"da çalışan tibb işçiləri aylardır ki, bonus ödənişlərini ala bilmirlər.

TEREF"Teleqraf"a istinadən xəbər verir ki, klinikada əməkhaqqı və əlavə ödənişlərlə bağlı gecikmələr həkimlərin narazılığına səbəb olur.

İddialara görə, klinikada ötən ilin 7-8 ayının bonusları hələ də verilməyib. Klinika rəhbərliyi isə əməkdaşlara məsələnin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqəli olduğunu bildirərək, fikirləri bu quruma yönəldir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri sığorta ödənişləri ala bilmələri üçün sığortaolunanlara göstərdikləri xidmətlərin aylıq elektron hesabatlarını-reyestrləri təsdiqedici sənədlərlə birlikdə hazırlayıb tibbi-iqtisadi ekspertiza üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həkim-ekspertlərinə təqdim etməlidirlər.

"Yeni Klinika" geniş xidmət profilli tibb müəssisəsi olduğu üçün ekspertizaya hazırlıq prosesinə digər tibb müəssisələri ilə müqayisədə daha uzun zaman sərf etməli olur. Hesabatların və sənədlərin tam həcmdə, düzgün və diqqətlə hazırlanması sığorta ödənişlərinin, həmin ödənişlərdən həkimlərə ödəniləcək bonusların itirilməsi risklərini azaldır. Bu kimi məsələlər ekspertiza planından geri qalmalara səbəb olur", - deyə məlumatda qeyd olunub.

Qurumdan həmçinin bildirilib ki, reyestrlər vaxtında və düzgün təqdim olunduqda, bonusların hesablanması və ödənişi müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilir.

Agentlik "Yeni Klinika"nın hesabat və sənədləri vaxtında təqdim etməməsini gecikmələrin səbəbi kimi göstərir. Yəni qurum ödənişlərin gecikməsinə görə məsuliyyəti qismən klinikaya yönəldir ki, sənədlər düzgün və tam təqdim olunduqda, bonuslar müqaviləyə uyğun müddətdə ödəniləcək.

Klinikanın həkimləri isə bonus ödənişlərinin bərpası məsələsinin aydınlaşdırılmasını tələb edirlər.
 

Dünyapress TV

Xəbər lenti