Ardını oxu...
Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları şikayət məktubunun bir nüsxəsini də, Dəryaz qəzetinin redaksiyasına göndəriblər və ictimailəşdiriməsini xahiş ediblər,
Müraciətnamədə bildirilir:
“Möhtərəm cənab Prezident İlham Əliyev,
Hörmətli Azərbaycanın birinci Xanımı, El Anası Mehriban xanım Əliyeva
Sizə Qərb bölgəsindən, Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin bir qrup mədəniyyət işçiləri adından müraciət edirik. Onu qeyd edək ki, Regional İdarə özündə beş rayonu birləşdirir — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Bildiyiniz kimi, biz mənfur ermənilərlə sərhəd bölgədə yaşayırıq. Ölkəmizin ən çətin zamanlarında biz düşmənlə üz – üzə dayanaraq öz torpağımızdan heç bir yerə getmədik. Çünki ölkə rəhbərimizə inanırdıq. Bilirdik ki, Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan, nəyi necə və nə vaxt etməyi yaxşı bilir. Budur, Sizin sayənizdə biz qalib xalq olduq. Biz mədəniyyət işçiləri Prezident seçkilərində fəal iştirak etdik. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” — deyən İlham Əliyevə səs verdik.
Möhtərəm cənab Prezident!
Bu gün biz üzləşdiyimiz problemlə bağlı Sizə müraciət edirik. Üç aydır bizdə Malliyə Nazirliyi yoxlama aparır. Yoxlamanın bu qədər uzun çəkməsi bizi narahat edir. Düzdür, iş olan yerdə nöqsan da olur. Lakin bu qədər uzun çəkməsi yoxlamanın qərəzli olması barədə bizdə şübhə yaradırdı. Bu yaxınlarda biz bunun şahidi olduq. Bir nəfər (qadın olduğu üçün adını çəkmək istəmədiyimiz) şəxs məlumat verdi ki, yoxlama ona görə bu qədər uzun çəkir ki, bizim sahədə güclü ixtisar gözlənilir. Kim ixtisara düşüb işini itirmək isrəmirsə, Şəmkir rayon uşaq musuqi məktəbinin keçmiş direktoru Rizvan Məmmədovu “görməlidir”. Onun oğlu Muxtar Məmmədov Gəncə Regional Malliyə Nəzarət İdarəsində rəis müavini vəzifəsində çalışır. Hal – hazırda maliyyə yoxlamasının başında duran odur. Bütün yoxlama sənədləri onun tapşırığı ilə imzalanır. Bundan başqa, Rizvan Məmmədovun bacısının yoldaşı Cavanşir Yusifov Maliyyə Nazırliyində aparat rəhbəridir. Məmmədovun vasitəsiylə bunlar bizim işdə qalmağımıza köməklik edə bilərlər…
Biz — bir neçə nəfər mədəniyyət işçiləri deyilənlərin doğru olduğunu araşdırmaq üçün Şəmkir rayonuna yollandıq. Öyrəndik ki, bəli, Rizvan Məmmədov həqiqətən arxalı adamdır. Belə ki, 65 yaşı olmağına və dövlət qulluqcusu olmadığına baxmayaraq, Düyərli kənd icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyir. Onu da öyrəndik ki, bacısının həyat yoldaşı Cavanşir Yusifovun köməyi ilə bizim zonada çox adamlara iş düzəldir. Maliyyə yoxlaması mədəniyyət sahəsində bütün müəssisələri əhatə etməsinə baxmayaraq, Rizvan Məmmədovun musiqi məktəbinə direktorluq etdiyi dövrü yoxlamayıb, onun fəaliyyəti dövründə guya heç bir catışmamazlıq olmayıb. Bu, onu sübut edir ki, həqiqətən Rizvan Məmmədovun qohumları ona himayədarlıq edirlər.
Möhtərəm cənab Prezident!
Biz işimizi itirmək istəmirik. Cünki bir çoxlarımız tək ailə başçısıyıq, himayəmizdə övladlarımız var, həmçinin elə bir yaşdayıq ki, ixtisara düşsək, iş tapmağımız çətin olacaq. Biz Sizdən kömək istəyirik. Xahiş edirik, Maliyyə Nazirliyində aidiyyatı şəxslərə tapşırıq verəsiz, ixtisarlara yol verilməsin. Biz nəyə görə Rizvan Məmmədovdan kömək istəməliyik? Hal — hazırda biz parlament seçkilərinə hazırlaşırıq. Bizə seçki məntəqələrində müxtəlif vəzifələr həvalə olunub. Biz daima ölkə Prezidentini, onun siyasətini dəstəkləmişik.
Hörmətli Mehriban xanım! Siz bütün Azərbaycan qadınlarının himayədarı, Bizim Mehribansınız. Məktubumuzu oxuyub bizə dəstək olmağınızı xahiş edirik.
Qazax – Tovuz Regional Mədəniyyət idarəsini əhatə edən müəssisələrin əməkdaşları”.
Redaksiyadan: Əlavə olaraq maraqlanıb öyrənmişik ki, Cavanşir Yusifov Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi müəssisələrin hamısında fəaliyyətin son dörd ilini yoxlatdırsa da, Rizvan Məmmədovun rəhbərlik etmiş olduğu məktəbin son altı aylıq fəaliyyətini yoxlatdırır. Hansı ki, yoxlamanın əhatə etdiyi həmin dövrdə Rizvan müəllim artıq direktor vəzifəsini tərk etmişdi. İctimai qınağın təsiri ilə Cavanşir Yusifov yoxlamanın əhatə dövrünü son dörd ilə qədər artıracağını vəd etsə də, sonradan bu məsələ unuduldu. Hazırki yoxlama isə Rizvan Məmmədovu əvəzləyən Samirə xanımın fəaliyyətini araşdırıb və guya hansısa uyğunsuzluqlar, maliyyə pozuntuları aşkar edib. Halbuki, Samirə xanım Rizvan Məmmədovun tərtib etdiyi proqram və tərtibat üzrə fəaliyyətini davam etdirdiyi halda necə olur ki, Rizvan müəllimin 3 il 6 ayda bir manat da olsa belə maliyyə yeyintisi olmadığı halda Samirə xanımın altı ayda 16000 manat maliyyə mənimsəməsi aşkarlanır.
Bölgənin mədəniyyət işçiləri belə qərəzli araşdırma işini həm də onunla əlaqələndirirlər ki, Cavanşir Yusifovun niyyəti Rizvan Məmmədovun qızı, yəni qaynı qızı Şəlalə xanımı atasının yerinə — Şəmkir Musiqi Məktəbinə direktor təyin etdirmək olub. Özü də Rizvanın müəllimin maliyyəçi oğlunun əli ilə. Cavanşır Yusifov Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə yaxın qohumu üçün ağız açsa da, sözü yerə düşüb. Ona görə də acığa düşüb, mədəniyyət müəssisələrində qərəzli yoxlamalar təşkil edib. Şikayətçilər onu da bildirdilər ki, Muxtar Məmmədovun diplomu saxtadır. O, dövlət qulluğuna imtahan versə də, istəyi qəbul olunmayıb.

Bu sualla bağlı Rizvan müəllimə müraciət edib deyilənlərin nə dərəcədə doğru olub olmamağı barədə mövqeyini öyrəndikdə o, bildirdi ki, oğlu Muxtar Məmmədov Gəncə Aqrar Universtitetini bitirib və dövlət qulluğuna verdiyi imtahanda birinci dəfə etdiyi müraciət qəbul olunmasa da ikinci dəfə baş tutub. Bu barədə araşdırmalarımız davam etdiyindən aidiyyatı qurumlara etdiyimiz müraciətə cavab aldıqdan sonra mövzunu davam etdirəcəyik.

Deryaz.az
 
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 26 iyul tarixli iclasında qurumun növbədənkənar qurultayının çağırılması müzakirə edilib. Müzakirələrdən sonra AHİK-in növbədənkənar qurultayının bu il avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub. Maraqlıdır ki, AHİK-in sonuncu qurultayı 2023-cü ilin 20 dekabrında növbədənkənar qaydada keçirilmişdi. Həmin qurultayda 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev yenidən AHİK-ə sədr seçilmişdi.

Bəs 1 il tamam olmamış AHİK niyə yenidən növbədənkənar qurultay çağırır?

Həmkarlar İttifaqları Konfederasiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, uzun illərdir AHİK sədri vəzifəsini tutan 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda istefa verəcək. Onun yenidən AHİK sədrliyinə namizədliyi irəli sürülməyəcək. Elə növbədənkənar VII qurultayın çağırılmasında əsas məqsəd də budur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yeni simaların gələcəyi bildirilir.

Qeyd edək ki, AHİK-in 28 üzv təşkilatı var.

Səttar Möhbalıyev 33 ildir ki, ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da yoxdur. AHİK ölkə daxilində ofşor adasıdır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb. İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb.

Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvəti 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib. Lakin bununla da kifayətlənməyib, AHİK nəzdində fəaliyyət göstərən torpaqları, stadionları, avadanlıq və texnikanı sataraq sərvətinə sərvət qatıb.

Səttar Möhbalıyevin adı məhkəmə işlərinə də qarışıb. Sonuncu dəfə “Məhsul” stadionunun ərazisinin satılmasına görə hallanıb. Həbsə alınan stadion rəhbərinin vəkilləri dəfələrlə vəsatət qaldırsalar da, Səttar Möhbalıyev məhkəmə prosesinə gəlmədi, gətirilmədi. İndi isə vəziyyət dəyişib. Böyük Səttar Möhbalıyevin böyük biznes imperiyasının demontajı prosesinə start verilib. Onun milyardlarının “milliləşdirilməsi” istiqamətində addımlar atılmaqdadır. İyul ayında proses başlayanda AHİK sədri ürəyini tutub xəstəxanaya getdi.

Köməkçisi də AHİK sədrinin ürək əməliyyatı keçirdiyini gizlətmədi. Səttar Möhbalıyevin səhhəti ilə bağlı AHİK sədrliyindən getmək qərarı verdiyini dedi. Ardından deputatlıq həvəsində olduğunu da gizlətmədi. Səttar Möhbalıyev xəstədirsə, ürəyi ona işləməyə imkan vermirsə, bu məntiqlə deputatlıq həvəsində də olmamalıdır. Amma Möhbalıyev deputatlıq həvəsindədir.

Belə iddia var ki, Səttar Möhbalıyevin aylıq gəliri 3 milyon manatı, ona bu məbləği cəm edib ötürən AHİK-in katibi – maliyyə şöbəsinin müdiri Qalib Qəribovun gəliri isə yarım milyon manatı aşır.

Bu çətin işinə görə Qalib Qəribovun rəsmi əmək haqqı 7500 manatdır. Üstəlik, 1350 manat da tutduğu digər vəzifəyə görə maaşı var.

Səttar Möhbalıyevin təkcə İçərişəhərdə 5 hotelinin olduğu da iddia edilir. Bildirilir ki, hazırda İçərişəhərdə, Sabir küçəsi 7 ünvanında yerləşən Turizm Şurası İdarəsinin binası da özəlləşməyə verilib və obyektin müştərisi elə Səttar Möhbalıyevin özüdür. Sabir küçəsi 7 ünvanı ilə üz-üzə Möhbalıyevin hotellərindən birinin yerləşdiyi, həmin hoteli isə ayı 25 min manata icarəyə verdiyi bildirilir. Səttar Möhbalıyevin müavini İlyas Əliyevin İçərişəhərdə 2 hotelə sahib olduğu da gələn məlumatlar sırasındadır.

Mənbəmiz bildirib ki, hazırda AHİK-dəki “putyovka” maxinasiyaları, “otkat”larla bağlı da araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işlərinin başlanacağı da istisna deyil.

“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikası Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində apardığı auditin nəticələrini açıqlamasından, aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul etməsindən sonra Səhmdar Cəmiyyətin sədri Sahil Tahirlinin fəaliyyəti və kimliyi ciddi maraq yaradıb.

2013-cü ildən Naxçıvan teleradiosuna rəhbərlik edən Sahil Tahirli bu quruma ondan əvvəl rəhbərlik edənlərdən qat-qat bahalı həyat tərzi yaşayıb. O, qısa müddət ərzində Naxçıvan şəhərində bir neçə ev, bahalı avtomobillər alıb, Şahbuz rayonunun Kükü kəndində villa tikdirib.

Sahil Tahirli üçün şəxsi maraq hər zaman ön planda olub. Bunu onun tez-tez mövqeyini dəyişməsi, şəxsi maraqlarını təmin edə bilməsi üçün atdığı addımlar sübut edir.

Sahil Tahirli aşağı balla Bakı şəhərindəki Xəzər Universitetinə qəbul olunub. Həmin dövrdə həmkəndliləri və yaxın əlaqələri olan Sərdar Cəlaloğlunun köməkliyi sayəsində “Hürriyyət” qəzeti ilə əməkdaşlıq edib. Yenicə qələm tutmağı öyrənən Tahirli burada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan iqtidarının əleyhinə yazılar yazıb. Hər halda həmin dövrdə “Hürriyyət”də işləyənlər belə deyir. Bizə göndərilən yazıların Sahil Tahirlinin məqalələri olduğu iddia olunur. Belə deyilsə, cənab Tahirli bu məsələyə aydınlıq gətirər.
Ardını oxu...
Yaxşı futbol oynadığı üçün Naxçıvan Dövlət Universitetinin ovaxtkı rektoru İsa Həbibbəyli onu bu ali məktəbə köçürüb. Bir müddət NDU-nun komandasında futbol oynayıb. Uzun illər sonra həbs olunmasında xüsusi rol oynadığı tələbə yoldaşının dəstəyi, tövsiyəsi, doğru yol göstərməsi ilə mövqeyini dəyişib, Yeni Azərbaycan Partiyasına üzv olub.

O, tələbə olduğu dövrdə əvvəlcə “Şərq qapısı” qəzetində çalışıb, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun fotoqrafı olub.

2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.

2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib. 2013-cü ildən isə Naxçıvan teleradiosunun rəhbəridir.

Sahil Tahirli bu dövrdə özünü Vasif Talıbovun ən sədaqətli adamlarından biri kimi tanıda bilib və sabiq sədr tərəfindən dəfələrlə mükafatlandırılıb. Vasif Talıbov ona o qədər inanır və etibar edirdi ki, onu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının üzvü seçdirmişdi. Halbuki, media orqanının rəhbəri kimi Tahirlinin YAP-ın Siyasi Şurasının üzvü olması məqsədəuyğun deyildi.

Naxçıvan teleradiosuna rəhbərlik etdiyi dövrdə Vasif Talıbovla bağlı silsilə mədhiyyələr yazan Sahil Tahirli Naxçıvanın sabiq rəhbərinin fəaliyyətindən bəhs edən “Yaratmaq amalı” kitabını çap etdirib. Sahil Tahirliyə xüsusi simpatiyası olan Vasif Talıbov onun bu kitabının ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunması barədə tapşırıq vermişdi.

Sahil Tahirli “Yaratmaq amalı” kitabında yazır: “Şəxsən mənim ötən 25-30 ildə gördüyüm və dərk etdiyim sadə həqiqət budur ki, cənab Ali Məclis sədrinin vətənçilik, dövlətçilik fəlsəfəsi öz təsdiqini real və konkret işlərdə, muxtar respublika əhalisinin rahat və firəvan yaşayışında tapıb.

Sözsüz ki, cənab Vasif Talıbovun 60 illik yubileyinə ən dəyərli hədiyyə onun qazandığı sonsuz xalq sevgisidir. Bu gün hər bir naxçıvanlının qəlbində cənab sədrə sonsuz sevgi var... Bu sevgi illər, qərinələr, əsrlər keçdikcə daha da artacaq... Çünki bu sevginin təməlində vətənpərvərlik dayanır, yenidən qurulan Naxçıvan dayanır, rahat yaşayış, firəvan həyat, sabitlik və ən nəhayət elə insanlara, bütün naxçıvanlılara olan sonsuz sevgi dayanır.

Ali Məclisin sədri həm də sağlığında özünə ikinci ömür qazanan şəxsiyyətlərdəndir. Çünki hörmətli sədrimizin bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlı olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da adı həmişə intibah tariximizlə qoşa çəkiləcəkdir”.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə qısa xatırlatma. Yəqin ki, Fuad Nəcəfli bu vəzifəyə təyin olunduqdan sonra Naxçıvanın dövlət orqanlarının rəhbərləri ilə keçirilən ilk görüşü xatırlayır. Vasif Talıbovla bağlı yuxarıdakı sözlərin müəllifi olan Sahil Tahirli israrla söz alaraq, illərdir ki, “boğulduqlarını”, Nəcəflinin onların xilaskarı olduğunu bildirmişdi.

Yəni, Sahil Tahirli bu dəfə də mövqeyini dəyişmişdi.

Həmin Sahil Tahirlinin rəhbərlik etdiyi Naxçıvan teleradiosu onun tapşırığı ilə Vasif Talıbovun dövründə görülən, özünün yazılarında yerə-göyə sığdırmadığı işləri qamçılamağa başlayır.

Naxçıvan televiziyasında 2023-cü ilin may ayında efirə verilən süjetdə deyilir: “Milyonlarla manat vəsait hesabına tikilən Naxçıvanın su-kanalizasiya sistemləri yarım saat ərzində iflic vəziyyətə düşdü. Bu sistemlər tam keyfiyyətli və standartlara uyğun tikilib istismara verilsəydi, yağış suları asanlıqla Araz çayına axıdıla bilərdi.

Naxçıvan Perinatal Mərkəzinin inzibati binası, Naxçıvan Dövlət Universitetinin bir sıra tədris korpusları, bir neçə ilə dəbdəbə və şan-şöhrətlə tikilən Naxçıvan Palasın binalarındakı mənzərələr bir daha təsdiq edir ki, Naxçıvanın memarlıq və tikinti sektorunda görülən işlərdə kifayət qədər keyfiyyətsizliyə və məsuliyyətsizliyə yol verilib.

Xülasə, Naxçıvan televiziyası keyfiyyətsiz işləri, 1 ilə dağılan məktəb və digər sosial obyektlərin “şapalaqla üz qızardılan” tikilişini tənqid edəndə cavab bu idi: “Naxçıvana nə yağış yağır ki guya", ya da "Sizə aid məsələ deyil, öz işinizlə məşğul olun”. Bugünkü leysan və doludan sonra tək Naxçıvana yox, həm də sizin gördüyünüz işlərə yağış yağdı. Pis çıxmasın, qəşəng islandınız... Göydən 3 alma düşdü...”.

Adam nə qədər riyakar olar. Axı Sahil Tahirlinin “Yaratmaq amalı” kitabında şapalaqla üz qızardılan tikililərdən, 1 ilə dağılan sosial obyektlərdən söhbət getmir.

Teleradio rəhbərinin həmin kitabından daha bir iqtibas: “Bu gün kənardan baxıldığında olduqca cazibədar və müasir inkişaf səviyyəsində görünən Naxçıvanın məhz bu mürəkkəb coğrafiyada böyük uğurlara imza atması heç kimə asan görünməməlidir... Məhz Ali Məclis sədrinin müasir dövrün görkəmli dövlət xadimi səviyyəsinə yüksəlməsinin də kökündə bu mühüm amillər dayanır”.

Göründüyü kimi, Sahil Tahirli Vasif Talıbovun Naxçıvanda həyata keçirdiyi işləri yüksək qiymətləndirib, onu görkəmli dövlət xadimi səviyyəsinə qaldırıb. Sahil Tahirlinin bugünkü fəaliyyəti göstərir ki, o, Vasif Talıbova xidmətdə də, onun barəsində yazdıqlarında da səmimi olmayıb. Elə bu gün də səmimi deyil. Fuad Nəcəflinin gözünə girmək, vəzifəsini qoruyub saxlamaq üçün vaxtilə təriflədiyi işləri bu gün aşağılayaraq tənqid edir. Tam əminliklə deyirik ki, Fuad Nəcəfli vəzifəsindən azad olunanda onu birinci tənqid edənlərdən biri məhz Sahil Tahirli olacaq.

Başqa bir misal. Talıbovun istefasından sonra Sahil Tahirli Naxçıvan televiziyasında tarixi abidələrin bərpa adı altında məhv edildiyi ilə bağlı süjet yayımladı.

Həmin videomaterialda qeyd olunub ki, Culfa rayonunun Gülüstan kəndində yerləşən XII əsrə aid dünya əhəmiyyətli türbə, Qazançı kəndindəki XVII əsrə aid eyniadlı körpü belə abidələrdəndir. Türbə 2015-cı ildə, körpü isə 2018-ci ildə "bərpa edilib":

“Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Lakin türbənin bərpa adı altında memorial görünüşü məhv edilib, inşasında istifadə olunan daşlar boyanaraq tarixi görkəminə xələl gətirilib.

Böyük İpək Yolunun üzərində yerləşən Qazançı körpüsünün üzərindən əsrlər öncə Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Lakin hazırda kim deyər ki, bu memarlıq abidəsi özündə yüzilliklərin izini daşıyır? İndi körpüyə nəzər saldıqda tarixin deyil, daha çox müasirliyin izlərini görürük”.

Halbuki Sahil Tahirli “Yaratmaq amalı” kitabında Vasif Talıbovun tarixə dəyər verdiyini, tarixi yaşatdığını yazıb:

“Tarix çox hökümdarlar, liderlər yola salıb. Amma onların heç də hər biri günümüzdə yaşamır və sevilmir. Yalnız tikənlər, quranlar, xalqı, vətəni üçün yaradanlar əbədiyaşarlıq qazanırlar. Bu mənada ötən bu illər Naxçıvanın həm də yeni dövrdəki quruculuq tarixinə çevrildi. Qədim abidələrə ikinci həyat verilməklə bərabər, müasir dövrün də yüzlərlə, minlərlə abidəsi tikilib quruldu. Tariximizi və mədəniyyətimizi yaşadıb təbliğ edən onlarla muzey yaradıldı”.

Onu tələbəlikdən yanında işlədib formalaşdıran, ona yüksək vəzifələr verən, həyatda sahib olduğu hər şeyi borclu olduğu, hətta haqqında aşağıdakı şeiri yazdığı Vasif Talıbovu yerdən-yerə vuran Sahil Tahirli görün Fuad Nəcəfliyə nələr edər.

95-dən başlayır bu dastanın tarixi…

Yazanın biləyində bir polad qüvvəsi var,

Yazanın ürəyində Qorqud nişanəsi var.

Yaratdıqca ucalır,

Ucaldıqca daha yaxşı yaradır!

Qibləsi Əshabi-Kəhf, Məkkəsi Naxçıvandır,

Qətiyyəti sel qədər, cəsarəti ümmandır…

Körpü tikir, yol salır,

Ordu qurur, Günnüt kimi kənd alır,

Anamız Naxçıvanı kərpic-kərpic ucaldır!

Tarixə dəyər verir və tarixi yaşadır!

Ulu öndər yoluna sədaqət rəhnidir O,

Torpağa saf sevginin kitabı, mətnidir O.

Öncə Vətən, öncə yurd:

Məramının ilkidi,

Naxçıvan ürəyidi,

Məqamının ilkidi!

Bir vaxt yolları bağlı,

Qolu bağlı Naxçıvan

Tənha, yalqız adadan dönübdü

Nur selinə, işığa bələnibdi,

Arazın sahilində yanıb, şölələnibdi.

Budur, yenə bir an da boşa vermir Naxçıvan…

Əlincə daşlarından, Haçadağ vüqarından

Güc aldıqca güc alır…

O Vasif Talıbovdu-

Naxçıvan torpağında

Yeni tarix yaradır!!!

Adamı sadəcə heyrət bürüyür. Bu yazıların, şeirlərin müəllifi birdən-birə necə dəyişilə, Vasif Talıbovu necə yaramaz adlandıra bilər. Üstəlik Talıbov ona şəxsi mənada heç bir pislik də etməmişdi. Onun nə əmlakını əlindən almışdı, nə də həbs eləmişdi. Sahil Tahirli son ana qədər Vasif Talıbovun “gəmisindən” enmədi. Bəlkə də hesab edirdi ki, Talıbov getməyəcək. Talıbov getdi, Sahil Tahirli isə…

Onun Naxçıvanın yeni rəhbərliyi barədə yazılarını və şeirlərini səbirsizliklə gözləyirik. Əşi, Talıbovla bağlı şeirlərə və yazılara bir az əl gəzdirsin, dərc etdirsin. Onun üçün nə fərqi var ki…

Naxçıvan teleradiosundakı qanunsuzluqlar, Tahirlinin bu qurumdakı fəaliyyəti barədə növbəti yazılarda ətraflı məlumat verəcəyik. Növbəti yazının adını və mövzusunu elə indidən elan edə bilərik: “Halal” yolla alınan “Haval”.

P.S. Gərək həyatda elə yaşayasan və işləyəsən ki, sonra səni 5 qəpiklik adam kimi tanımasınlar.
tns.az

Ardını oxu...
Bütün dünyada işçi sinfinin hüquqlarını qorumaq, mənafelərini müdafiə etmək üçün fəaliyyət göstərən Həmkarlar İttifaqları Azərbaycanda 30 ildir ki, bir ailənin və bir neçə dolandırlcının monopoliyası altındadır. 30 ildir ki, Azərbaycan əməkçilərinin maaşından tutulan faizlər bu şəxslərin nəhəng biznes imperiyasının formalaşmasına, ölkənin ən varlı oliqarxlarından birinə çevrilməsinə səbəb olub. Bizim zəhmətkeşlərin alın təri Səttar Mehbalıyevlərin, Qalib Qəribovların, nazir oğluna güvənən Hümbət Nağıyevlərin həyat baxçasında açılan milyonları suvarır.
Onların sədarəti dövründə ölkədə 4 dəfə hakimiyyət dəyişikliyi, 2 Vətən müharibəsi, qlobal böhranlar, pandemiya olmasına baxmayaraq hələ də Mehbalıyevin 30 illik xanədanına kimsə son vermək niyyətində deyil. Düz 5 dəfə “demokratik seçki” yoluyla sədr seçilən baş həmkar həm də 20 illik deputatlıq karyerasına malikdir. Bax beləcə 30 ildir ki, Azərbaycanın əməkçi sinfi özünə Mehbalıyevdən qeyri bir sədr yetişdirə, seçə bilmir!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqqında korrupsiya, rüşvət ittihamları səsləndirilən qurumların başında gəlir. Sadəcə medya üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, qurumda baş verən dəhşətli əməllərdən hali olasan. İndiyə qədər bir həmkarlar ittifaqı üzvünün sınıq barmağına su damızdırmayan S.Mehbalıyevin nəhəng biznes imperiyasının sərhədləri ölkə hüdudlarından da kənara çıxır. “Əsl həmkarlıq ailədən başlayır” prinsipi ilə işləyən Mehbalıyev AHİK-i həm də ailə podratı əsasında idarə edir. Ailə üzvləri, qohum-qəbiləsi, dost tanışı qurumda ən üst səviyyədə təmsil olunurlar. Biz də alnımızın təriylə qazandığımız qəpik-quruşdan hər ay azı 2 faizini bu ailənin tərəqqisi naminə fəda edirik. Hər il toplanan faizlər hesabına büdcəsinə milyonlarla manat qədərində vəsait daxil olan AHİK-də bu vəsaitin hara, necə sərf olunmasını Səttar müəllimdən başqa kimsə bilməz. Necə olsa da kişinin 30 illik təcrübəsi var, bu sirri hər yetənə açmaz.
Baş həmkarımızın adı illərdir ki, “putyovka biznesi”ndə də hallandırılır. Çünki istirahətə getməmişdən əvvəl AHİK-də adamı əməlli-başlı “dincəldirlər” , sonra kurorta göndərirlər. Özü də Mehbalıyevə və dostlarına məxsus kurortlara.
Son zamanlar AHİK-də korrupsiyanın daha vətənpərvər metodundan istifadə olunur. Belə ki, qazilərə, şəhid ailələrinə AHİK adından müxtəlif hədiyyələr, yardımlar edilir. Amma, bütün bunların neçəyə başa gəldiyi araşdırılarsa yəqin ki, dəhşətli korrupsiya əməlləri üzə çıxar. Qazilərə verilən 5 manatlıq hədiyyə AHİK-in büdcəsindən 25 manatın yoxa çıxmasına gətirib çıxarır.
Verilən məlumatlara görə Mehbalıyevin xüsusi əməliyyatlarına Hümbət Naqıyev və Qalib Qəribov rəhbərlik edir. Bu sahədə “təcrübəli mütəxxəsis” olan Hümbət Naqıyev mükəmməl bir mexanizm formalaşdırıb. Sənədlərə qol çəkən Mehbalıyev isə bu mexanizmin son nöqtəsini qoyur.
Ramiz Mehdiyevin sevimli kadrı, Əli Həsənovun istəkli qudası olan Səttar Mehbalıyev məhz onlarla həmkarlıq konfederasiyası yaradıb. Elə bu gün də qudası ilə həmkarlığını davam etdirir. Amma nədənsə indiyədək bütün bunlar heç kimin diqqətini cəlb etmirdi. AHİK-də baş verən korrupsiya əməllərinə kimsə gözünü də götürüb baxmır. Halal pulları yeyilən yüz minlərlə əməkçinin pozulan hüquqları kimsəni narahat etmir. Bəlkə biz bilmirik, AHİK dövlət içində dövlətdir ?Xüsusilə təhsil işçilərinin vəziyyəti olduqca acınacaqlıdır. İstirahət məkanlarına və yaxud müalicə müəssələrinə müəllimlər üçün ayrılmış göndərişlər baha qiymətə tamamilə başqa aidiyyatı olmayan şəxslərə satılır. Bu barədə də əlimizdə kifayyət qədər faktlar var.
Hesab edirik ki, yetər...
Növbəti AHİK sədr seçkilərinə saylı günlər qalıb. Ədalətli seçki keçərsə adları yuxarda çəkilən şəxslər etdiyi əməllər üçün Baş Purokrorluğ , hüquq mühavizə orqanları qarşısında cavab verməlidirlər.

Nicat Mahmudov - Rubrika.Az


 
 

Ardını oxu...

 
Qobu sakini: "Baş direktor dedi ki, intihar et, onu işdən çıxaraq"
 
Azər İsmayılovla və köməkçisi vətəndaşın problemininin həllini onun intihar etməsində görürlər? 
Abşeron rayon Qobu qəsəbəsi sakini ağır bronxit-asma xəstəsi, 3 uşaq atası Mirzəyev Rauf Adil oğlu intihar həddinə çatıb.
Vətəndaş redaksiyamıza göndərdiyi məktubda bildirir ki, 2020-ci ilin sentyabr ayında Qobu qəsəbəsində vəziyyətinin ağırlaşmasına görə sahə həkiminə müraciət edərək ilkin yardım edilməsini istəyib. Sahə həkimi Könül Ələsgərova Rauf Mirzəyevə kömək edə bilməyəcəyini, təcili yardım çağırmalı olduğunu deyib. Könül Ələsgərovanın bu sözünə Rauf Mirzəyev əsəbləşmiş və sahə həkimi ilə aralarında kiçik söz-söhbət yaranmışdır.
 Qeyd edək ki, Rauf Mirzəyevin ağır bronxit-asma xəstəsi olduğu üçün əsəb  sistemində ciddi problem yaranıb.
Şikayətçi bildirir ki, həmin söz-söhbətdən sonra o Könül Ələsgərovadan TƏBİB-ə şikayət edib və bundna sonra həyatları cəhənnəmə çevrilib. Belə ki, sahə həkimi Könül Ələsgərova müxtəlif vasitələrlə Rauf Mirzəyevə təzyiqlər edərək, ona çox ciddi əsəb sarsıntısı, mənəvi psixoloji problemlər yaradıb. Rauf Mirzəyev bildirir ki, Könül Ələsgərovadan şikayət etdikdən sonra sahə həkimi həftədə bir dəfə onların evinə zorla girərək, xəstə anasını və özünü müayinə edərək video çəkib. Bundan başqa Könül Ələsgərova Rauf Mirzəyevə bildirib ki, o xəstə deyil və buna görədə yenidən həkim komisiyasından keçməlidir. Aparılan yoxlamada Rauf Mirzəyevin ağır-asma bronxit olduğu üzə çıxıb. 
Vətəndaş qeyd edir ki, Könül Ələsgərova onlara qarşı etdiyi təzyiqlərdən bezərək aidiyyatı qurumlara, TƏBİB rəhbərliyinə şikayətlər etməyə başlayıb.
2023-cü ildə Abşeron Mərkəzi Xəstəxanasından bildirildi ki, Könül Ələsgərovanın yeri dəyişdirilib. Ancaq bir müddətdən sonra Könül xanım yenidən Qobu xəstəxanasında peyda olub. Rauf Mirzəyev iddia edir ki, Könül Ələsgərova Qobu xəstəxanasında yaxşı qazanc əldə etdiyi üçün qəsəbəni əldən vermək istəmir. Sahə həkimi ilə aralarında yaranmış problemlə bağlı Rauf Mirzəyev Abşeron rayon Mərkəzi Xəstəxanasının baş direktoru Azər İsmayılovun da qəbulunda olub. Rauf Mirzəyev bildirir ki, Azər İsmayılov və köməkçisi ona açıq şəkildə bildirdilər ki, problemin yeganə həlli sənin özünü öldürməyindir. Əgər özünü sahə həkiminə görə öldürsən, o zaman biz məcburən Könül Ələsgərovanı Qobu xəstəxanasından uzaqlaşdıracağıq. Onu da qeyd edək ki, vətəndaş Rauf Mirzəyev sahə həkimi Könül Ələsəgərova ilə ailəsi arasında yaranmış problemə görə bir neçə dəfə intihar etmək istəsə də, ailəsi tərəfindən bu cəhdin qarşısı alınıb.
Rauf Mirzəyev iddia edir ki, Könül Ələsgərovanın arxasında baş direktlor Azər İsmayılov dayanır. Çünki sahə həkimi mənə açıq dedi ki, Azər İsmayılova mənim tərəfimdədir və sən bu məsələdə tam gücsüz birisən. 
Hazırda psioloji vəziyyəti yaxşı olmayan və ciddi əsəb sarsıntısı keçirən Rauf Mirzəyev bildirir ki, Könül Ələsgərovaya görə intihar etmək istəyir. Çünki onun dəfələrlə etdiyi şikayətlərə TƏBİB rəhbərliyi və Azər İsmayılov baxmır.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq./AzFakt.com/
 
 
 
Ardını oxu...
Bir sıra şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevin qanunsuz əməlləri ilə bağlı araşdırmanın maraqlı təfərrüatı məlum olub.

DogruXeber.az”in Haqqın.az-a istinadən məlumatına görə, Ramin İsayev 16 milyon manat məbləğində kreditin mənimsənilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçən il həbs edilib. Kredit 2012-2014-cü il dövründə Azərbaycan Beynəlxalq Bankı tərəfindən “Baghlan Group” ilə əlaqəli şirkətə verilib, harada ki İsayev rəhbər vəzifə tutub. Nəticədə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Araşdırma zamanı Ramin İsayevin fəaliyyətinin, o cümlədən onun SOCAR AQŞ-nin rəhbəri olduğu dövrə aid digər gizli təfərrüatları da üzə çıxmağa başlayıb.
Ramin İsayev sonuncu iş yeri olan SOCAR AQŞ şirkətində yol verdiyi kobud nöqsanlara, mənimsəmə və digər sui-istifadə hallarına dair əsaslı şübhələrə görə 2020-ci ildə şirkətin direktoru vəzifəsindən uzaqlaşdırılıb və fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.

Araşdırma müddətində məsuliyyətdən yayınmaq üçün Ramin İsayev ölkəni tərk edib, 2022-ci ilin ortalarında Türkiyə vətəndaşlığı alıb, soyadını Hakan soyadına dəyişib və rəsmi sənədlərdə Ramin Ali Hakan kimi qeyd olunub. Şirkətə aid külli miqdarda maliyyə vəsaitini mənimsəyərək tez bir zamanda zəngin həyat tərzinə öyrəşən Ramin İsayev, mənimsədiyi vəsaitin bir hissəsini Türkiyə və digər dövlətlərin banklarına yatırıb, digər hissəsinə isə Türkiyənin İstanbul şəhərinin müxtəlif elit rayonlarında daşınmaz əmlak əldə edib. O, Türkiyə vətəndaşlığı almaqla və soyadını dəyişməklə, xarici ölkələrdə olan aktivlərini müvafiq dövlət qurumlarından gizlətməyə nail olub.

Ardını oxu...

Araşdırma zamanı Ramin İsayevin şirkətin maliyyə resurslarını mənimsəmək üçün yaratdığı və istifadə etdiyi çoxsaylı cinayət sxemləri müəyyən edilib. İsayevin həyata keçirdiyi bu cür cinayət sxemlərinə misal olaraq onun tapşırığı ilə qohumları öz adlarına şirkətlər yaradıb, həmin şirkətlər vasitəsilə SOCAR AQŞ üçün şişirdilmiş qiymətlərə mal-material, avadanlıqlar alıb, xidmətlər göstərib, torpaq sahələri icarəyə götürüb və nəticədə şirkətə milyonlarla ziyan vurub.

İsayev təkcə maliyyə vəsaitlərini mənimsəməklə kifayətlənməyib, həm də tanınmış beynəlxalq şirkətlərin adlarını mənimsəməkdən və cinayət məqsədləri üçün istifadə etməkdən çəkinməyib. Məsələn, o, qohumlarının adına qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərindən birinin adını dəyişərək “Baker Energy” qoyub, mahiyyətcə Amerikanın tanınmış şirkətinin adını və reputasiyasını şəxsi cinayət məqsədləri üçün istifadə etmək üçün mənimsəyib.

Ramin İsayevin digər cinayət əməllərinə dair çoxsaylı misallar gətirmək olar. Məsələn, İsayevin Çin vətəndaşı Tan Tinqlə sövdələşməsi, vəsaitlərin mənimsənilməsi və çıxarılması üçün onların Çin şirkətlərindən istifadə etməsi qeyd edilə bilər. Adıçəkilən Çin vətəndaşı, Kostya Tinq kimi də tanınan Tan Tinq dələduzluq əməllərinə görə Çin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib və hazırda istintaqdan gizlənir.

Ramin İsayevin cinayət sxemlərinin daha bir bariz nümunəsi “Ulduz” şirkətindən torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı epizoddur.

İsayevin bacısının qaynının adına rəsmiləşdirilən “Ulduz” şirkətindən 3 hektar torpağın icarəyə götürülməsi ilə bağlı müqavilədə dəfələrlə şişirdilmiş qiymətlər göstərməklə, 2015-2020-ci illər ərzində “Ulduz” şirkətinə 4,1 milyon manat icarə haqqı ödənilib, halbuki, həmin torpaq sahəsinin faktiki icarə dəyəri 278 min manat olub. Maraqlıdır ki, yekun müqavilədə göstərilən qiymətlə müqayisədə 10 dəfə aşağı qiymətə ilkin müqavilə tərtib edildikdən sonra “Ulduz” şirkəti qısa zamanda İsayevin qohumlarının adına yenidən rəsmiləşdirilib və icarə qiyməti dəfələrlə artırılıb. Nəticədə təkcə bu mənimsəmə epizodunda Ramin İsayev rəhbərlik etdiyi şirkətə 3,8 milyon manat ziyan vurub.

Ardını oxu...

İsayev qanunsuz əməllərini gizlətmək üçün şirkət hesabatlarını saxtalaşdırmaqdan da çəkinməyib. Banqladeş Xalq Respublikasında həyata keçirilən layihədə maliyyə itkilərinin gizlədilməsi məqsədi ilə Ramin İsayev Banqladeşin “Bapex” şirkəti adından 12 milyon 400 min ABŞ dolları ödəniləcəyi barədə saxta maliyyə sənədləri hazırlayıb. Daha sonra İsayev tabeçiliyində olan əməkdaşları bu saxta sənədləri imzalamağa məcbur edib. Bu yolla o, illik hesabatlarda şişirdilən gəlirlər göstərib və ilin yekunlarına görə mövcud olmayan gəlirlərdən belə pul mükafatları alıb. Hətta, bu saxta maliyyə sənədi əsasında Azərbaycan banklarının birindən kredit götürməyə nail olub. Qeyd olunan bu fakt da onun barəsində həyata keçirilən cinayət işi çərçivəsində araşdırılır.

Bundan başqa, araşdırma zamanı müəyyən edilib ki, Ramin İsayev Türkiyədə qeydiyyatdan keçən “Rotana Lojistik İthalat İhracat ve Diş Ticaret Limited Şirketi” (qısaca “Rotana”) ilə müqavilə bağlayıb və heç bir xidmət göstərilmədiyi təqdirdə Ramin İsayevin imzası və göstərişi ilə həmin şirkətə 306 000 ABŞ dolları (520,000 AZN) məbləğində vəsait ödənilib. SOCAR-AQŞ-nin şikayəti əsasında Türkiyədə prokurorluq orqanları tərəfindən bu məsələ ilə bağlı Rotana şirkəti barəsində cinayət işi başlanılıb. İlkin araşdırma zamanı müəyyən olub ki, Rotana şirkəti heç bir xidmət göstərmədən Azərbaycan şirkətlərindən külli miqdarda pul köçürmələri alıb və sonra bu pullar Türkiyədə nağdlaşdırılıb. Hazırda Türkiyədə qanunsuz pul mədaxili və “çirkli” pulların yuyulması ilə bağlı araşdırma davam edir.

Ramin İsayev rəhbəri olduğu şirkəti bütünlüklə özününkü kimi istifadə edib, müvafiq peşə bacarıqları olmayan 30-dan çox qohumunu şirkətə işə götürüb. O, həmin şəxslərə tutduqları vəzifələrə uyğun olmayan yüksək məvaciblər, eləcə də külli miqdarda həvəsləndirici ödənişlər təyin edib. Hətta, İsayevin işə götürdüyü şəxslərin bəziləri işə gəlmədən əmək haqqı alıb. Məsələn, adı hazırda açıqlanmayan tanınmış musiqi qrupunun 5 üzvünü Ramin İsayev SOCAR AQŞ-yə strateji layihələr və logistika mütəxəssisləri vəzifələrinə işə rəsmiləşdirib və onlara 2016-2020-ci illərdə ümumilikdə 500 000 manata yaxın əmək haqqı ödənilib.

Ardını oxu...

Cinayətkar planlarını həyata keçirməkdə ona lazım olan savadlı və mütərəqqi menecer obrazını yaratmaq üçün Ramin İsayev şirkətin vəsaiti hesabına gizli şəkildə və müvafiq razılaşdırmalar olmadan ABŞ-nin bahalı universitetlərində, o cümlədən Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil haqlarını və digər xərclərini ödəyib, eləcə də Harvard Kennedi Məktəbinə şirkətin vəsaiti ilə ianələr edib. Məsələn, 16 avqust 2018-ci il və 10 iyun 2019-cu il tarixlərində o, şirkətin vəsaitlərindən Harvard Kennedi Məktəbinə 100,000 ABŞ dolları məbləğində ianələr edib və onları öz vəsaiti kimi təqdim edib. Bu böyük məbləğdə ianələr ona görə edilib ki, onun adı bu tanınmış təhsil ocağının saytında donor kimi qeyd edilsin və o, bu titulu özünün saxta və layiq olmadığı nailiyyətlərinin bir hissəsi kimi göstərə bilsin. Onun barəsində cinayət işi açıldıqdan sonra onun adı məktəb tərəfindən xeyriyyəçilər siyahısından çıxarılıb.

İsayevin cinayət xarakterli fəaliyyəti işdən çıxarıldıqdan sonra da bitməyib. SOCAR AQŞ-nin direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qisas hissini rəhbər tutaraq, cinayət əməllərinin izini gizlətməyə çalışan Ramin İsayev öz yaxın adamına, şirkətin İnformasiya Texnologiyaları şöbəsinin rəhbərinə şirkətin serverlərinə kiberhücum etməsi barədə tapşırıq verib, sonuncu isə İsayevin göstərişini icra edərək kiberhücum təşkil edib. Bununla bağlı, həmin şəxs barəsində 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.1 və 273.2 maddələri ilə cinayət işi başlanılıb və araşdırma aparılıb.

Bundan başqa, Ramin İsayev şirkətdə aparılan müstəqil audit və araşdırma prosesinə təzyiq göstərmək məqsədilə müxtəlif elektron poçt ünvanlarından istifadə edərək SOCAR AQŞ, onun rəhbərliyi və səhmdarları haqqında hədələr göndərərək, böhtan xarakterli materiallar yayıb.
Etibarlı mənbələrə əsasən, Ramin İsayevin vəzifə səlahiyyətlərindən sui-istifadə və səhvləri təkcə SOCAR AQŞ-də fəaliyyət göstərdiyi dövrlə məhdudlaşmır, həm də əvvəlki iş yerlərini əhatə edir.

Ardını oxu...

Belə ki, Ramin İsayev KCA Deutag şirkətində region üzrə biznesin inkişafı meneceri vəzifəsində çalışarkən, yol verdiyi səhvlər və bu vəzifədə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən KCA Deutag şirkətinin rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən İsayev KCA Deutag şirkətinin rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb, 2009-cu ildə Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərməklə KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta, şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.

Ümumiləşdirərək qeyd etmək lazımdır ki, araşdırma zamanı əldə edilən ilkin məlumatlara görə, Ramin İsayev cinayət əməlləri nəticəsində sonuncu rəhbəri olduğu SOCAR AQŞ şirkətinə məxsus 54 milyon manatdan çox vəsaiti mənimsəyib.

Məlumat verildiyi kimi, Ramin İsayevin işi üzrə ibtidai istintaq başa çatıb və cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193-1.3.2, 308.2, 313, 32.4 308.2, 32.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəmədə iştirak edəcək.

Ramin İsayevin mənimsədiyi dəqiq məbləğ isə məhkəmə yekunlaşdıqda və hökm çıxarıldıqda məlum olacaq.

Ardını oxu...
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir !
Heydər Əliyev


Ulu öndər bu sözləri dedi və son nəfəsinə qədər də lazım olan hər şeyi etdi.
Allah rəhmət eləsin!

Sevindirici haldır ki, ulu öndərimizin layiqli davamçısı - prezident İlham Əliyev özü də hər zaman təhsil və səhiyyə sahəsinə xüsusi diqqət ayırır, hər iki sahənin inkişafı üçün bütün səylərini əsirgəmir. Lakin, təəssüflər olsun ki, hər iki sahənin dövlətə, xalqa deyil, özünə - daha dəqiq desək, cibinə xidmət edən çalışanları bu uğurlu inkişafa qəsdən ləkə vurmaqda davam edirlər.

Vətəndaşlara qarşı nümayiş etdirdikləri kobud rəftarlar, hörmətsizliklər azmış kimi, üstəlik rüşvət və korrupsiya ilə məşğul olaraq, xalqın dövlət qurumlarına olan inamlarını, güvənclərini 0-a endirməyə çalışırlar.

Ən acınacaqlısı isə bu cür çalışanları hər şeyə rəğmən tabe olduqları qurum rəhbərlərinin dəstəkləməsidir. Dəstək göstərmək, şou-biznesdə olduğu kimi alqışlamaqdan ibarət deyil, rüşvət alan işçilərin bu cinayət əməllərinə göz yummaq, ört-basdır etmək özü də həmin şəxsin törətdiyi cinayəti bölüşməkdir.

Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir. Rüşvətdə iştirak edən vasitəçi 3 ildən 5 ilədək azadlıqdan məhrum edilir.

Yəni, "DogruXeber.az" informasiya agentliyinə müraciət edən Samux rayon Qarayeri qəsəbə sakini Əjdər Məmmədovun həyat yoldaşı Gülxanım Məmmədovanın Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində tibb bacısı işləyən Gülnar Həsənovaya verdiyi 1800 (min səkkiz yüz) manat pul da rüşvətdir və yuxarıda da qeyd etdiyimiz kimi, rüşvət cinayət əməli olduğu üçün, cinayət məcəlləsində bəlli bir cəzası var. Lakin, maraqlıdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Əjdər Məmmədovun sözügedən tibb işçisinə rüşvət verdiyini iddia etməsinə, əlimizdə buna dair səs yazıları, yazışmalar olmasına baxmayaraq, göndərdiyimiz rəsmi sorğulara, "araşdırdıq, qeyd etdiyiniz faktlar öz təsdiqini tapmadı", "cavab"ını verir. İsrarla bizi gördüyümüzü, bildiyimizi "danmağa dəvət edir".

Xatırlatmaq üçün bu barədəki ötən yazılarımızı aşağıdakı linkdə təqdim edirik:

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Bu göz klinikasında rüşvəti yığanlar və mənimsəyənlər...

Görəsən, Səhiyyə Nazirliyi "fakt " deyərkən, nəyi nəzərdə tutur?, nə istəyir?

Səs yazısı, yazışma və şikayətçi olduğu məsələni, şikayətçi tərəfin iştirakı, hətta ümumiyyətlə məlumatı olmadan araşdırma hansı formada aparılıb?

Deyəsən, tarix təkrarlanır...

Sabiq nazir Oktay Şirəliyevin də nazir olduğu zamanlarda səhiyyə sahəsindəki özbaşınalıq, kobudluq, rüşvət demək olar ki, bu həddə idi. Əlbəttə ki, bu gün Azərbaycan səhiyyəsinə rəhbərlik edən Teymur Musayev, o, zamanlar Oktay Şirəliyevin müavini olduğu üçün bütün məsələlərdən də yaxından məlumatlı olan bir şəxs idi.

Rüşvət alan... Səhv diaqnoz qoyan... Xəstə və yaxınları ilə "məhləuşağı" kimi davranan tibb işçiləri...

Fərq bundadır ki, o, zamanlar bütün tibb müəssisələri nazirliyin tabeliyində olduğu üçün hər yerdə bu "qaydalar" hökm sürürdü, bu gün isə Milli Onkologiya mərkəzi, Tədris Cərrahiyyə klinikası, Oftalmologiya Mərkəzi və nə yazıq ki, küllü miqdarda pulumuzu alan özəl klinikaların bir çoxu həmin,"ənənə"yə sadiqdirlər.

Qeyd edək ki, bu adları biz sözgəlişi çəkmədik !

Redaksiyamıza müraciət edən Ağcəbədi rayon Avşar kənd sakini Alimə Rəfiyevanın Tədris-cərrahiyyə klinikasında qızının və iki övladının QİÇS-Ə yoluxdurulması, şəhid xanımının Tibb universitetinin Onkologiya klinikasında ona qarşı kobud davranılması, Milli Onkologiya mərkəzində bir iynə üçün xəstə yaxınından 100 (yüz) manatdan çox pul tələb edilməsi, Əjdər Məmmədovun, eləcə də özümüzün akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində qarşılaşdığımız rüşvət tələbi barəsindəki məlumatları zaman-zaman izləyicilərimizə təqdim etmişik.

Qeyd: Yeri gəlmişkən, qarşıdakı günlərdə 19 yaşlı yeniyetmə qıza yanlış diaqnoz qoyub, onu və ailəsini psixoloji cəhətdən çökdurən Modern və Memorial hospital barəsindəki məlumatları təqdim edəcəyik.

Çox təəsüf, bu kimi məlumatlar o, qədər çoxdur ki, sadaladıqca mövzudan bir balaca uzaqlaşdıq.

Bu gün bu mövzuya təkrar qayıtmağa bizi vadar edən Əjdər Məmmədovun həyat yoldaşı Gülxanım Məmmədovaya, uşaq yaşlarından gözdən əlil olmasına baxmayaraq, "istəyirsən bir gözün ümumiyyətlə görməsin, pul verməsən xeyri yoxdur, pensiya vermirlər" deyə, ondan 1800 (min səkkiz yüz) manat rüşvət alınmasıdır.

Qeyd edək ki, bununla bağlı Əjdər Məmmədov redaksiyamıza mərkəzin işçisi Gülnar Həsənova ilə yazışması, xanımın səs yazısı, karta köçürülən məbləğin qəbzini təqdim edib və biz bütün bunlar barəsində aidiyyatı üzrə Səhiyyə Nazirliyinə iki dəfə rəsmi sorğu göndərmişik.

Əjdər Məmmədovun sözlərinə görə Gülnar Həsənova ona gah axundu, gah öz oğlunu, gah da şəhid ailələrini minnətçi salır. Şəhid qızı olduğunu deyən, "rüşvət alanlar qrupu"na qoşularkən şəhidini xatırlamayan Gülnar xanım, indi bu statusu "qalxan" kimi qarşısına tutub, şəhid ailələrini məsələyə qatıb.

"Rüşvət alanlar qrupu" deyərkən, onun aldığı məbləği bölüşdürdüyü digər şəxsləri nəzərdə tuturuq. Hansı ki, Əjdər Məmmədovun iddialarına görə, Gülnar xanım, "bunun 500 manatı baş həkimə çatacaq" deyə ipucu vermişdi. Amma, ipucu verməsə belə, hər kəsə məlumdur ki, sıradan bir tibb bacısı bu boyda məsuliyyətin altına tək girə bilməz. Görün işin harasıdır ki, xanım hətta rüşvət aldığı pasientlərə belə "iş birliyi" (maklerlik) təklif edərək, "Sən bizə pensiya üçün xəstələr gətir, hərəsindən 100 manat da sənə qalsın" deyir.

Baş həkimin, eləcə də sözügedən mərkəzin direktoru Elmar Qasımovun baş verənlərə biganə yanaşması artıq başadüşüləndir. Bəs, Səhiyyə Nazirliyinin faktları görməzdən gəlməsi bir yana, üstəlik ört-basdır etməyə çalışmasına nə ad vermək olar?

Mövzunu davam etdirəcəyik !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Ardını oxu...
Günay Məmmədəliyeva adlı şikayətçi onun razılığı olmadan ata evinin satılması iddiası ilə R TV-yə müraciət edib.
Şikayətçi iddia edir ki, ata evi bacısı Aygün Məmmədəliyeva tərəfindən 14 saylı notariusda qanunsuz olaraq alqı-satqı müqaviləsi ilə satılıb.
Notariusda qanunsuzluq baş verib?
Xanım ata evində qeydiyyatdadırsa onun razılığı olmadan alqı-satqı həyata keçirilə bilər?
Ətraflı videomaterialda:

 
Ardını oxu...
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısı açıqlanandan sonra aydın oldu ki, altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib.

Dia-az.info xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.

Əslən Yevlax rayonundan olan Ağalar Vəliyevin hələ zamanında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilməsi belə yetərincə şübhəli idi.

İndi isə onun namizədliyi Xaçmazdan verilib. Və yerli xaçmazlılar bilmərrə şəkildə onun namizədliyinə qarşıdırlar və dəstəkləmirlər.

Qeyd edək ki, YAP-ın namizədi olan Ağalar Vəliyevə hətta hakim partiyanın yerli nüfuzu belə yetərli deyil ki, o, qələbə qazana bilsin. Hətta seçinin onun xeyrinə saxtalaşdırılacağı təqdirdə belə qələbəsi olduqca çətin görünür. Bu barədə Dia-az.İnfo-ya yazan xaçmazlılar iddia edir ki, Ağalar Vəliyev məhz bunları bildiyindən yerli DSK-ya – sədr qarışıq bütün DSK üzvlərinə böyük məbləğdə pul mükafatlara verib və əlavədən də seçki sonrasına vəd edib:

“Buna görə də, 57 saylı DSK-nın sədri Bəhram Ömərov əl-ayağa düşüb. Hətta iş o yerdədir ki, Ağalar Vəliyevə qapı-qapı düşüb imza da toplamayıblar. Çünki ona çətin kimsə imzasını əmanət edə… İmzalar toplanmadan namizədliyi qeydə alınıb.

Bu azmış kimi digər namizədlərə süni əngəllər yaradılır, təzyiqlər olunur…”
 

Ardını oxu...
Göyçay rayon, Ərəbcəbirili kənd sakini Xasıyev  Əziz Sadəddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir: 

"Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iyul 2024-cü il tarixdə məni nalayiq sözlərlə söyüb təhqir etdi. Səbəb isə o olub ki, atam Sadəddin Xasiyev 11 iyul 2024-cü il tarixdə yağan yağışlar nəticəsində evimizin su basması, yolun dağılaraq bərbad vəziyyətə düşməsi barədə mətbuat vasitəsi ilə şikayətlər etmişdir. Buna görə atam dəfələrlə  Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevə və  Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimova qəbullarda olaraq şifahi müraciətlər edib.
Tədbir görülmədiyi üçün atam mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.
  
    Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iiyul 2024-cü il tarixdə günün ikinci yarsı bizim yaşadığımız küçəyə gələrək heç bir əsas olmadan anamın, ailəmin və uşaqlarımın gözü qarşısında məni söyüb təhqir etdi. Dövlət qulluqçusu olan Nazim Həşimovun məni söyüb təhqir etməsi faktını video lentə almışam ki, Sizə təqdim edirəm.Nazim Həşimovun söyüşlərinin burada ifadə edilməsi qeyri mümkündür.Bu hərəkətlərinə görə icra nümayəndəsi Nazim Həşimov məsuliyyətə cəlb edilməli barəsində təsirli tədbirlər görülməlidr.
 
     Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
 
   Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə əsasən hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
 
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm 31 iyul 2024-cü il tarixdə məni söyüb-təhqir etdiyi üçün Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimovun məsuliyyətinə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görəsiniz..."

 
 

Dünyapress TV

Xəbər lenti