Bu gün gundemxeber.az-ın əldə etdiyi məlumatlaradan, video-çəkilişdən aydın oldu ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına nifrət etməsinə səbəb nədir? Məgər, həmin bayrağı şəhər üzrə nümayəndəliyin giriş qapısının üst hissəsinə, yaxud da binanın daha görkəmli yerinə asmaq olmazmı? Yəqin ki, olar! Deməli, xalqımızın qanı-canı bahasına əldə etdiyi və bu gün də qoruyub yaşatdığımız üçrəngli Azərbaycan bayrağının, Nazim Muradovun rəhbərlik etdiyi şəhər üzrə nümayəndəliyin binasında çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su-boru xəttinə bağlanmasının hansısa səbəbi var. Bu haqda geniş ictimaiyyət məlumatlı olmasa da, yəqin ki, şəhər üzrə nümayəndə lazımınca məlumata malikdir ki, o, bayrağımıza qarşı belə bir hörmətsizliyin olmasına göz yumur. Digər tərəfdən, Nazim Muradovun Azərbaycan bayrağına qarşı qol qoyulan hörmətsizliyi ictimailəşdirən media qurumunun Çinarə adlı xanım əməkdaş(lar)ına qarşı sui-qəsd edəcəyi ehtimalı da, məhz ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Yəni, həyata keçirilən çəkilişdən görünür ki, xanım əməkdaş danışığı zamanı dönə-dönə bildirir: “Biz Nazim Muradov tərəfindən həyatımıza ola biləcək zoraklıqların, sui-qəsdin qarşısının alınması üçün, ilk öncə DİN-nin 102 xidmətinə zəng etməyə, daha sonra isə polis əməkdaşlarının köməyindən istifadə etməyə məcbur olduq”. Bəli, çəkiliş xanım jurnalistin söylədiklərini tam şəkildə təsdiq edir. Deməli, polis əməkdaşlarının qətiyyətli addımları olmasaydı, o halda xanım jurnalistlərin həyatları hansısa acı sonluqla nəticələnərdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, Masallı RİH başçısının Masallı şəhər üzrə nümayəndəsi Nazim Muradovda nə vətən, nə xalq, nə də ki, üçrəngli bayrağımıza qarşı sevgi hissi formalaşmayıb. Belə olan halda, görəsən bu şəxsin strateji bir sahəyə rəhbərlik etməsinə nə dərəcədə mənəvi haqqı çatır? Yəqin ki, yox! Görünən dağa nə bələdçi?! Daha ətraflı video görüntüdə izləyə bilərsiniz.
Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu. Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş.
Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.
Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq. Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və yaxın vaxtlarda Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…
"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "."
"DogruXeber.az" xəbər verir ki, bu sözləri qazi Orxan Həsənzadə "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramında deyib.
Orxan Sulduz oğlu Həsənzadə. Tərtər rayon sakinidir. İkinci Vətən müharibəsində döyüşüb, ağır yaralanıb və üçüncü qrup müharibə əlilidir.
Ölkə başçısının sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətlərə görə " medalları ilə təltif olunub.
Bildirir ki, atası vəfat edib, anası onkoloji xəstədir. Anası və kiçik qardaşı onun himayəsindədir. Evin dolanışığı bir tərəfdən, xəstə ananın və özünün müalicəsi digər tərəfdən Orxanı maddi çətinliyə salıb.
Orxan bildirir ki, müharibə bitdikdən sonra müalicəsi üçün "YAŞAT" fonduna müraciət edib. Lakin, fond ona köməklik göstərməyib. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq, bankdan kredit götürüb, əməliyyat olunub, müəyyən qədər müalicə götürüb. Amma, pul qurtardığı üçün yenə də müalicəsi yarımçıq qalıb. Bir tərəfdən kredit borcu, digər tərəfdən müalicəsi, yuxarıda da qeyd etdiyimiz kimi ananın müalicəsi, dolanışıq və sair... bütün bunları yeganə gəliri olan pensiya ilə təmin etməsi mümkünsüzləşib.
Orxan bildirir ki, "kreditimi ödəsin deyə "YAŞAT " fonduna yenidən müraciət etdim, onlar deyir biz müharibədən əvvəlki borcları bağladıq, müharibədən sonra bizə aid deyil. Halbuki, onlar müalicəmi etdirmədiyi üçün mən məcbur olub kredit götürmüşdüm. Dəfələrlə Məşğulluq idarəsinə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də, İcra Hakimiyyətinə də iş üçün müraciət etmişəm ki, heçolmasa bir işlə təmin etsinlər, borcumu ödəyə və müalicəmi davam etdirə bilim. Onu da etmirlər. İcra Hakimiyyətində mənə deyirlər, "get kartını paylaş, bəlkə kimsə kömək edər". Mən bu vətən üçün döyüşmüşəm, niyə xalqdan kömək istəyim? Mən qazilərin "diləndirilməsi"nin əleyhinəyəm. Dövlətim etməlidir mənə köməyi, xalq yox."
Qeyd edək ki, Orxan Həsənzadənin müraciəti ilə bağlı qarşı tərəf olaraq, Tərtər Rayon İcra Hakimiyyətində "Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsi"nin müdiri Ülvi Nəcəfov ilə telefon əlaqəsi saxladıq.
Ülvi Nəcəfov bildirdi ki, "Orxan kreditinin ödənilməsini istəyir, onu da ki, müharibədən əvvəlki borcu "YAŞAT" fondu ödəyirdi, yeni borcları yox. Orxana özünüməşğulluq proqramı çərçivəsində 3 baş iribuynuzlu heyvan və 12 sot həyətyanı torpaq sahəsi verilib. Özü də hazırda Bakıda yaşayır".
Orxan Həsənzadə canlı yayımda Ülvi Nəcəfovun bildirdiklərinə aydınlıq gətirdi.
- "3 heyvan verilmişdi, biri gələn kimi öldü, ikisi də çox zəif idi satdım. Qaldı ki, torpağa, mənə çöllükdə (təsərrüfat sahələrinin yanında) 12 sot həyətyanı torpaq veriblər, hər ağzımı açanda başıma qaxırlar ki, "sənə torpaq verilib". Mən o, torpağı yeyə, onunla müalicəmi etdirə bilmirəm axı. Mən iş istəyirəm. Bakıya da işləmək məqsədilə gəlmişəm. Bir dostum var, kombi ustasıdır, sağolsun o, çağırıb özü ilə iş olanda məni də aparır, heç mənə iş də vermir, özü edir, amma qazandığı puldan mənə də verir ki, evimə çörək alım.
Tərtərdə mənə iş verdilər də, mənmi işləmədim? Orda işim olsa, mənim burada nə işim var?"
Qeyd: Bildiririk ki, Orxan Həsənzadə bir neçə dəfə "tik-tok" sosial şəbəkəsində də öz etirazını sərt sərt sözlərlə ifadə edərək, paylaşım edib.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonunda daha bir müharibə əlili rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəxsi mülklərini təqdim edərək, haqsızlığa etiraz etməsi videogörüntüləri də sosial şəbəkələrdə yayımlanmışdı.
Bundan əlavə bir qrup Tərtər rayon Əskipara kənd sakinləri "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, icra başçısının əkinə yararlı torpaq sahələrini mənimsədiyini və suvarma zamanı suyun qarşısını kəsərək öz sahələrinə, eləcə də digər kəndlərin sahələrinə ödəniş qarşılığında yönləndirtdiyini iddia edirdilər.
Uzun sözün qısası, Orxan Həsənzadə Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov fəaliyyətindən narazı qalan nə yeganə Tərtər sakini deyil, nə də bu rayondan olan yeganə qazi.
Qeyd edək ki, icra başçısı kürsüsünə 10 il əvvəl ilk dəfə elə Tərtər rayonunda əyləşən Müstəqim Məmmədov barəsində 10 ildə yerli mətbuatda kifayət qədər tənqidi yazılar yer alıb.
Sabah 8 martdır və ənənəvi olaraq yenə də məktəblərdə pullar yığılır...
Bu ənənənin çoxdan davam etdiyini söyləmək yəqin ki, yersiz olar. Misir Mərdanovun nazirlik dönəmində bu ənənə özünün pik həddinə çatmışdı və demək olar ki, valideynlər açıq şəkildə, bəzən isə zorla 8 mart üçün pul verməyə məcbur edilirdilər. İndi də valideynlər buna məcbur edilirlər. Amma gizli şəkildə...
Bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi 8 mart üçün məktəblərdə pul yığmağı qadağan edib. Ancaq bu qadağa da məktəb rəhbərlərinə keçmir. Onlar indi “dovşanı Hacı Əhmədin əli ilə tuturlar”. Yəni Calideynlər Komitələrinin əli ilə. Təbii ki, bu işlərə də bütün orta təhsil ocaqlarında direktor müavinləri rəhbərlik edirlər. Amma məsuliyyət Valideynlər Komitəsinin rəhbərinin boynunda qalır. Çünki onlar həm təşəbbüskar, həm də pul toplayan tərəf olaraq çıxış edirlər. Məktəb rəhbərliyi isə guya prosesdən kənar qalırlar. Ancaq toplanan pulları sonucda direktor müavinlərinin cibinə axır və daha sonra o pullardan heç kimin xəbəri olmur.
Son bir neçə gündə redaksiyamızın elektron poçtuna bir neçə belə şikayət daxil olub. Onlardan biri Binəqədi rayon 248 saylı orta məktəbin valideynlərindən gəlib. Şikayət məktubunda bildirilir ki, 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü əlaqədar Binəqədi rayon 248 saylı orta məktəbdə siniflərdən rəhbərlik üçün gizli şəkildə pul yığımına başlanılıb. Hətta şikayətçi valideynlər belə bir maraqlı faktı qeyd edirlər ki, 248 saylı məktəbin direktorunun kişidir. Ancaq görünür ki, məktəb direktoru Xəyyam Fərəov 8 mart qadınlar bayramı üçün pul yığımı məsələsində maraqlı tərəfdir və buna görə də valideynlərin iddiasına görə bu vəzifəni təlim-tərbiyə işləri üzrə direktor müavinləri Reyhanə Qurbanovanın və Sevinc Həsənovanın öhdəsinə buraxıb.
Şikayətçilər bildirilər ki, onlardan pulu direktor müavinlərinin adından məhz Valideynlər Komitələrinin rəhbərləri yığır. Bunun üçünsə Valideynlər Komitələrinin rəhbərləri “vatçap qrupu” yaradıb və valideynlərlə yanaşı direktor müavinləri də bu qrupa üzvdürlər. Verilən pulların miqdarı isə könüllüdür. “İanə” 10 manatla 50 manatarasında dəyişir. Pullar isə əsasən qrupda paylaşılan karta köçürülür.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Binəqədi rayon 248 saylı orta məktəbin diroktoru Xəyyam Fərəova sorğu ünvanlasaq da, sorğumuza cavab ala bilməmişik.
Redaksiyamıza başqa bir şikayət isə Mehdiabad qəsəbəsində yerləşən 1 saylı məktəbdən gəlib. Mehdiabaddan gələn şikayət də 248 saylı orta məktəbdən gələn şikayət məktubundan məzmunca heç nə ilə fərlənmir. Mehdiabadda da pulu Valideynlər Komitələri yığır və pullar sonucda Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktor müavini Aygün Ağalarovada toplanır. İddia edilir ki, artıq 3 ildir Aygün Ağalarova bu işə rəhbərlik edir.
Maraqlıdır ki, Mehdiabad qəzsəbəsi 1 saylı məktəbin direktoru Pənah Babayev bəzi valideynlərə bildirib ki, o, Valideynlər Komitəsi ilə bacarmır və onlar bu işi könüllü olaraq həyata keçirirlər. Hətta direktor öz imza və möhürü ilə təsdiq etdiyi elanı da məktəbin divarından asıb. Elanda direktor pul yığımının qanunsuz olduğunu qeyd edərək valideynləri 8 mart bayramına görə pul yığmamağa çağırıb.
Daxil olan məlumatda qeyd olunur ki, Valideyn Komitələrinə tapşırılıb ki, martın 6-na kimi işlərini bitirsinlər və yığdılllarını aidiyyatı ünvana çatdırsınlar... Poliqon.info
Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev onu qeyri-qanuni işdən azad edib, məhkəmədə işə bərpa qərarı çıxarmağına baxmayaraq, onu işə götürmürlər:
"Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayev məni qeyri-qanuni olaraq işdən çıxarıb.
1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.
Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin "mənə nə, çıx çölə", - deyə otağından qovdu.
Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, “sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər”.
Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.
Bu işin rahatlıqla düzəlməyəcəyini anlayıb, məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı.
Hörmətli Prezidentimiz də hər zaman deyir ki, veteranlara iş verilsin. Sağ olsun hakim, mənim işimə qayıtmağım üçün qərar verdi. Lakin xəstəxananın həkimi Faiq Abdullayev qərəzli şəkildə məni işimə qaytarmır, müxtəlif bəhanələr gətirir.
Məhkəmə qərarı da lazımsız bir sənəd kimi əlimdə qalacaqdısa, bəs mən onda niyə əziyyət çəkib məhkəməyə müraciət etdim?! Həkim “get hara kimə şikayət edirsen et, səni işə götürmürəm” deyir.
Hətta prezidentin veteranlar haqqında olan çıxışına da qulaq asmayaraq, qərarı rədd edir”.
Məsələ ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. O, suallarımıza cavab verə bilməyəcəyini, xəstəxananın əlaqə nömrəsinə zəng vurmağımız xahiş etdi. Amma xəstəxanaya bütün zənglərimiz cavabsız qaldı.
Hələ 2022-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vəzifəsindən azad olunacağı barədə elektron media məlumat yaymışdı. Həmin məlumatda buna səbəb kimi Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olduğu göstərilirdi. Məlumatda həmçinin İcra başçısının Prezident Administrasiyasına çağırıldığı da qeyd edilirdi.
Elə həmin vaxtlar da sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.
Elektron medianın fevralın 26-da yaydığı məlumatda Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun bahalı avtomobillərini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atdığı qeyd edilir. Məlum olur ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html
Martın 4-də isə elektron mediada Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilirdi. Bunlar İcra Hakimiyyətinin rəsmiləri tərəfindən təkzib olunsa da Baş Prokurorluqdan bildirilib ki, yayılan xəbərlə bağlı əlavə məlumat veriləcək. Maraqlıdır ki, apardıqları digər əməliyyatlarda daim çeviklik göstərən Baş Prokurorluq üstündən üç gün ötməsinə baxmayaraq Gəncə şəhər İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat nə üçün bu qədər geçikdirir? Baş Prokurorluğun yayacağı xəbərlərdən asılı olmayaraq bəri başdan qeyd etmək istərdik ki, keçirilmiş əməliyyatla bağlı məlumatın gecikməsi kimlərə isə vaxt qazandırır. Maraqlıdır, Niyazi Qurbanovun qurbanı kim olacaq? Qeyd edək ki, Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsindən artıq beş ildən də çox bir vaxt keçir. Hələ 2018-ci ilin avqust ayında sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü, şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu müddət ərzində Niyazi Bayramovun gördüyü işlərlə, sakinlərə verdiyi sözlərin üst-üstə düşmədiyi Gəncədə hər addımda özünü hiss etdirir. Aktualinfo.org-un apardığı kiçik bir araşdırmada məlum olur ki, Gəncə şəhərinə rəhbərlik etmiş şəxslərin heç biri Niyazı Bayramov qədər korrupsiyaya bulaşmayıb. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş dövlət satınalmalarında milyonlara manat dövlət vəsitləri talan edilib. Niyazi Bayramov bu milyonları formal keçirilmiş tenderlər yolu ən yaxın adamlarının adına olan şirkətlərə köçürməklə təyinatından kənarlaşdırıb. Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından sonra, 2019-2023-cü illərdə şəhərin küçə və prospektlərində əsaslı təmir işlərinə, prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinə, şəhər ərazisində abadlıq işlərinə ayrılmış on milyonlarla manat dövlət vəsaitinin böyük hissəsi “ELVİ.M.M. Services Group”, “Vedi Construction”, “Göygöl Tikinti”, “Baku Bulding”, “Aran Tikinti-Quraşdırma”, Göygöl Təmir-Tikinti Təchizat T.R” , “Alians” “Meqaplus”, “Ərdagı” “Atlas ES” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri və “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti ilə işbirliyində olub formal keçirilmiş tenderlərlə təyinatından kənarlaşdırlıb. Buraya Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinə son beş il ərzində ayrılmış dövlət vəsaitlərini də əlavə etsək bu yüz milyonlarla manat büdcə pullarının talan edilməsi deməkdir. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üzrə “Rövşən Oğuz Qrup” MMC ilə son dörd ildə ümumi olaraq 121 450 923 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Buna baxmayaraq Gəncə Dövlət Dram Teatrının açılışı olsa da İdman Sarayında işlər hələ də davam etdirilir. 01 Fevral 2022-ci ildə prezident İlham Əliyev “AZƏRTAC” agentliyinə müsahibəsində bəyan etmişdi ki, “Gəncə İdman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq”. Lakin göründüyü kimi 2023-cü il bitib, amma Gəncə şəhərində İdman Sarayının tikintisi hələ bitməyib və yenidən vəsait ayrılacağı gözlənilir. Bunlardan əlavə. Yuxarıda sadaladığımız şirkətlərdən “Atlas ES” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusilə diqqət çəkir. Əldə etdiyimiz məlumata görə Niyazi Bayramov bu MMC-nin səhmdarlarından biri olaraq böyük pay sahibidir. Elektron medianın 2024-cü ilin yanvarında yaydığı məlumatda “Atlas ES” şirkəti hesabat ilində 8 milyon 543 min manatlıq gəlirə qarşı 2 milyon 10 min xalis mənfəət əldə etmişdi. 2023-cü ilin 1 yanvarına onun balansındakı bölüşdürülməmiş mənfəət 9 milyon 937 min manatdır. Qeyd edək ki, “Atlas ES” MMC Bakı şəhərində və respublikanın bir çox yerində tikinti quraşdırma işləri həyata keçirir. MMC-nin təsisçisi Abdullayev İslam İbadulla oğlunun Niyazi Bayramovun ən yaxın adamlarından biri olduğu söylənilir. Hətta Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlərin mətbuta yazdıqqlarına görə, yaşadıqları bina “Nizami 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir: “Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”. https://www.bakupost.az/icra-bascisinin-tikdiyi-binada-kulli-miqdarda-yeyinti-sikayet-foto
İcra başçısı Qarabağa da əl uzadır. Əldə etdiyimiz məlimatlara görə Niyazi Bayramovun bu kimi işlərinin başında başqa bir şəxs də var. Hələlik adını hallandırmaq istəmədiyimiz bu şəxs də İcra başçısının yaxın dostudu. Onlar hazırda dostluqlarını təkcə Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri formal tender yolu ilə mənimsəməklə davam etdirmirlər. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub. Yəni, Niyazi Bayramov Gəncədə oturmasına baxmayaraq əli respublikanın hər yerinə çatır və hər yerdə də dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə edir. Göründüyü kimi Niyazi Bayramov dövlətin Gəncə şəhər İcra Hakimiyyətinə ayırdığı milyonların hesabına bir oliqarxa çevrilib. Sonra da yazırlar ki, Niyazi Bayramovun oğlu Bəhramın dəyəri milyonlarla manat olan lüks avtomobillər kolleksiyası var. Belə avtomobilləri Bəhram Bayramov hansı pullarla alıb kimi suallar da verirlər. Kiçik bir jurnalist araşdırmasında Niyazi Bayramovun son illər Gəncədə taladığı milyonları üzə çıxırsa, yoxlanılarsa görün dövlətin hüquq mühafizə və təftiş orqanları nə qədər mənimsəmələr aşkar edə bilər.
Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib.
Dia-az.info AzFakt.com-a istinadən xəbər verir.
Məlumata görə məktəbin şagirdlərindən “8 mart”la əlaqədar 40-50 manat toplanılır.
Şagirdlərdən pullar “Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır.
Baş verən rüsvayçı hadisədən məktəb direktorunun müavini Aygün Ağalarovanın birbaşa xəbərdar olduğu deyilir.
Məktəb direktoru “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığılmaması barədə rəsmi elan verib.
Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri “8 mart” münasibətilə pul verməməyə çağırır.
Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini, direktorun isə “gözükölgəli” olduğunu bildirir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir.
Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır.
Bu gün Xalqxeber.Az xəbər saytının 12 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir. Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.