Ardını oxu...
 
Ardını oxu...
 
 
 
 

"Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyindən narazıyıq. Heç bir əsaslı səbəb olmadan bağçanın müdiri Afaq Fatapur tərəfindən işimizə xitam verilib". Bu şikayətlə "Qafqazinfo"ya adıçəkilən müəssisənin bir qrup işçisi müraciət edib.

 

10 ildir bağçada tərbiyəçi işlədiyini deyən Aygül Rəhimovanın iddialarına görə, A.Fatapur heç bir töhməti olmadan onun işinə xitam verib:

 

"Mənə heç bir xəbərdarlıq edilmədən, ən əsası həmkarlar sədrinin xəbəri və rəyi olmadan qanun pozuntusuna yol verərək işimə xitam verilib. Buna səbəb onun qanundankənar işlərə cəlb etmək istəyini rədd etməyimdir. Bağçanın müdiri bizi işimizlə hədələyir, qapını bağlayaraq işə buraxmır və yalandan davamiyyəti pozduğumuzu iddia edir".

 

Tərbiyəçi deyir ki, müdir uşaqların və işçilərin gözü önündə onu təhqir edib:

 

"Haqqımız olan məzuniyyəti bizə vermir. Yaşadığımız bütün problemlərlə bağlı Ağstafa Rayon Təhsil Sektoruna və Qazax-Tovuz Regional Təhsil İdarəsinə şikayətlərimizi rəsmi formada bildirmişik. Hazırda iş məhkəmədədir".

 

Şikayətçi bağçada uşaqlar üçün yemək çatışmazlığı kimi problemlərin də olduğunu bildirib:

 

"İşçilərə məcburi olaraq bağçada artıq uşaq sayı yazdırırlar, nəticədə daha çox ərzaq gəlir, ancaq bunu aşpazla mənimsəyirlər".

 

Aygül Rəhimova saytımıza göndərdiyi videoda bağçada beş uşağa cəmi bir boşqab makaron və 3-4 dilim ağ pendir verildiyini, bunu azyaşlılar arasında bölməyin çətin olduğunu vurğulayıb.

 

Həmin bağçanın təsərrüfat müdiri Lətafət Əsgərova, dayə Səidə Məmmədova, mövsümi ocaqçı Gülnur Quliyeva da şikayətlərində bənzər problemlərlə üzləşdiklərini iddia ediblər.

 

L.Əsgərova bildirib ki, onun bütün səlahiyyətləri əlindən alınıb:

 

"Müdir imzamı kopiyalayaraq ərzaq və inventarları özü qəbul edir və aşpazla mənimsəyir. Qəbul edilən ərzaqlardan xəbərim olmur. Buna etirazımı bildirdiyim üçün məni işimlə hədələyir və təhqir edir".

 

S.Məmmədovanın sözlərinə görə, işdən səbəbsiz yerə çıxarılmaqla hədələnib:

 

"Müdir Afaq Fatapurdan şikayətçiyəm. Məzuniyyətdən qayıdan kimi, mənə kobud ifadələr işlədir, şərəf və ləyaqətimi alçaldaraq işdən çıxaracağını bildirir. Səbəbini soruşduqda isə özünün belə istədiyini söyləyir. Dəfələrlə etiraz etməyimə baxmayaraq, işimlə hədələyir. Bu təzyiqlərə dözməyərək bağçada halım pisləşib və iş yoldaşlarım tərəfindən təcili tibbi yardım çağırılıb, məni Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər".

 

Gülnur Quliyeva isə deyir ki, bağçanın müdiri mövsüm bitdikdən sonra artıq ona işə gəlməməyi tapşırıb:

 

"Gələn mövsümdə mənə ocaqçılıq vəzifəsini verməyəcəyini söylədi. Buna səbəb mənim 65 yaşı tamam olub əmək məzuniyyətinə çıxan texniki işçinin yerinə vakant yer tələb etməyimdir. Nəinki vakant yer vermək, ocaqçılıq vəzifəmi belə əlimdən alaraq səsinin tonunu qaldırıb mənə bir daha bağçaya gəlmə dedi".

 

Sadalanan iddialarla bağlı bağçanın müdiri Afaq Fatapurla əlaqə saxlanılıb. O, açıqlamasında haqqında deyilənləri təkzib edib:

 

"Bu barədə heç bir şey demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, şər-böhtandır. Onların əl atmadığı iş qalmayıb. Yalan məlumatlardır, bununla bağlı mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm".

 

Bağça müdiri əməkdaşlarının işinə xitam verilməsi ilə bağlı sualı cavablandırmaq istəməyib.

 

İttihamlarla əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinə də sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, sözügedən təhsil müəssisəsi hazırda təmir üçün bağlıdır:

 

"Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərimizdəndir.

 

Bildiririk ki, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Sözügedən körpələr evi-uşaq bağçası 16.09.2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb.

 

Məktəbəqədər təhsil müəssisəsi haqqında səsləndirilən digər iddialarla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək".

 

Qeyd edək ki, Afaq Fatapurun adı həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işində də hallanıb. İş üzrə şahid qismində tanınan RİH-in başçısının müavini Lalə Eyyubova istintaqa verdiyi ifadəsində bildirib ki, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Afaq Bayraməli qızın Fatapurdan da vəzifədə saxlanılmasına görə 2 000 manat rüşvət alıb.

 

 

Ardını oxu...
Və yaxud işğaldan azad olunan ərazidə fəaliyyət göstərən tikinti şirkətləri agentlik rəhbərliyindən niyə narazıdır?!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) adı ölkə mətbuatından dəfələrlə şübhəli tender qalmaqallarında hallanıb. Təkcə son bir neçə ay ərzində bu agentliyin on milyonlarla manatlıq bir neçə layihəsi istər mətbuatda, istər də sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Hətta bəzi hallarda tender elan olunmadan agentlik tərəfindən formal olaraq “qalib şirkətin” adı da elan olunub ki, bu da növbəti saxtakarlıq və maliyyə maxinasiyası kimi qəbul olunub.

O da maraqlıdır ki, ANAMA-nın tenderlərinin qalibləri əsasən hansısa məmurlara, bəzi hallarda isə sabiq məmurlara məxsus şirkətlərdən ibarətdir. Məsələn, cari ilin aprel ayında agentlik “İmprotex İndustries” MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzaladı. Həmin vaxt bildirildi ki, sözügedən müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün “İmprotex İndustries” MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək. Bəs, bu “İmprotex İndustries” MMC kimə məxsusdur?

Mətbuatın apardığı araşdırma nəticəsində aydın oldu ki, “İmprotex İndustries” MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur. Əslində isə, agentlikdən təxminən 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan “Araz Vadisi İqtisadi Zonası”nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.

Ən təəccüblüsü isə o idi ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Nəzərə alaq ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda “İmprotex İndustries” MMC-nin ANAMA-ya 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılmışdı. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başadüşülən deyil.

Növbəti müəmmalı tenderlər

Ötən ayın sonu ANAMA-nın daha bir tenderinin nəticəsi elan olundu. Bu zaman məlum oldu ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Xocavənd rayonu, Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin qalibi “İnşaatçı-Neftçi” MMC olub. Qalib şirkətlə 12 583 453 manat məbləğində müqavilə imzalanıb. Hansı ki, bu şirkətin adı indiyədək bir çox maliyyə maxinasiyalarında çəkilib, hətta onu himayə edən məmurun hesabına dəfələrlə audit yoxlamalarından yayınmağa da nail olub.

Ardınca isə ANAMA-nın keçirdiyi daha bir açıq tender müsabiqəsinin qalibi açıqlandı. Bəlli oldu ki, ANAMA-nın 181 min 17 manat 90 qəpik dəyərindəki tender müsabiqəsini “Universal-RA” MMC (VÖEN - 1301581481) udub.

“Universal-RA” MMC ANAMA-ya 31 min 500 kiloqram quru it yemi satacaq.

Hansl ki, ondan bir həftə öncə ANAMA Xorvatiyanın "Piper d.o.o." şirkətindən 202 min 500 dollar (344 min 250 manat) dəyərində minaaxtaran itlər almaq üçün satınalma müqaviləsi imzalamışdı.

Məlumat üçün bildirək ki, ANAMA-ya it yemi satacaq “Universal-RA” MMC 24 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğludur. Ən maraqlısı isə odur ki, ANAMA-nın 181 min manatlıq tenderini udan bu “20 manatlıq şirkətin” “Universal-RA” MMC-nin həmin vaxt dövlət büdcəsinə 13 min 50 manat 78 qəpik vergi borcu olub. Bu haqda Dövlət Vergi Xidməti tərəfindən məlumat verilib.

Agentlik üçün 1,1 milyonluq texniki baza

Son olaraq isə agentlik “Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi üçün texniki bazanın tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan etdi. Məlum oldu ki, bu tenderin qalibi “Şəmkir Tikinti-18” ASC olub. Qalib şirkətlə 1 147 146 manat məbləğində müqavilə imzalanıb.

“Şəmkir Tikinti-18” ASC də ölkəmizdə bir çox iri layihələrin icrasını həyata keçirdiyindən faktiki olaraq “tender kralı” kimi tanınır. Deməli, bu şirkətin arxasında da hansısa məmur dayanır. Əks halda, indiki reallıqda sıradan bir vətəndaşa bu qədər böyük imkanlar tanınması absurd olar.

ANAMA-nın faydalı işləri və “yediyi” milyonlar

Əlbəttə, ANAMA-nın xalqımız üçün çox böyük, faydalı işlər gördüyü danılmazdır. Məhz bu agentliyin əməkdaşlarının səyi nətiəsində bu gün vətəndaşlarımız işğaldan azad olunan ərazilərdə sərbəst şəkildə gəzib-dolaşa bilirlər. Doğrudur, hələ minatəmizləmə işləri tam yekunlaşmayıb. Amma inanırıq ki, qarşıdakı bir neçə il ərzində bütün ərazilərimiz minalardan təmizlənəcək və vətəndaşlarımız Vətənin hər qarışında təhlükəsiz şəkildə addımlaya biləcək.

Şübhəsiz, minatəmizləmə işləri heç də asan başa gələn bir proses deyil. Bunun bəzi hallarda ANAMA əməkdaşlarının həyatını itirməsi ilə nəticələndiyi də bizlərə bəllidir. Amma bütün bunlar onu deməyə əsas vermir ki, agentlik rəhbərliyi dövlətin, xalqın pulunu talan etməlidir.

Əlbəttə, burada yalnız müəmmalı tender maxinasiyalarından söhbət getmir. Son vaxtlar agentliklə müqavilə bağlayan şirkətlər arasında da narazılıq yaranıb. Onlar iddia edirlər ki, görülən işləri vaxtında yerinə yetirsələr də, ANAMA-dan pullarını almaqda çətinlik çəkirlər. Əksər hallarda müqavilədə qeyd olunan vəsait onlara kəsirlə verilir.

Bu baxımdan, müvafiq qurumlar tərəfindən ANAMA-nın fəaliyyətinin dərindən araşdırılmasına ehtiyac olduğunu əminliklə deyə bilərik.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 

 


Ardını oxu...
Sabirabad Təhsilində "həmkarlar"ın pulları kimin cibinə gedir?Avqust ayının 26 da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçidli.

Bundan sonra isə Konfederasiyada bir sıra nəzərə çarpacaq islahatlar başlandı. Bir sıra kadr islahatları həyata keçirildi. Sahib Məmmədov bundan sonra Konfederasiyanın şəffaf və hesabatlılıq prinsipləri ilə işləyəcəyini bəyan elədi.
Ardını oxu...
Sahib Məmmədov

S.Məmmədov müvafiq olaraq regional idarələrə tapşırıqlarını verdi.

Eyni zamanda bu ilin avqust ayının 29-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına yeni sədr seçilib. İttifaqın yeni sədri Araz Paşayev sədr seçilib. Eyni qaydada Araz Paşayev də yeni seçkidən sonra müvafiq olaraq yerli idarələrə şəffaflıqla bağlı tapşırılar verib. Bu barədə rəsmi xəbər agentliklərində informasiyalar yer alıb.
Ardını oxu...
Azər Paşayev

Gundeminfo.az xəbər verir ki, yeni sədr islahatlara başlada da, müvafiq olaraq tapşırıqlar versə də, bu tapşırıqlar deyəsən Bakıdan 165 km uzaqda olan Sabirabad rayonuna gedib çatmayıb.

Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqından isə narazılıqlar son bir neçə ayda xeyli artıb. Redaksiyamıza daxil olan məlumata əsasən Seyidhüseyn Hüseynov rayon üzrə 4 min nəfərdən ibarət olan pedaqoji kollektivdən hər ay topladığı vəsaitlərlə bağlı hesabat vermir.

S.Hüseynova müraciət edən müəllimlər yay tətilində putyovka ala bilmələri bir yana, qəpik-quruş ehtiyacları üçün dəstək də ala bilmirlər.

Onlar Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqına müraciət etdikdə isə kassada pul yoxdur cavabı alırlar.

Narazı müəllimlər deyir ki, S.Hüseynov özü dəbdəbəli həyyat yaşayır. Dəyəri 60 min manatdan baha olan ən son model "Toyota Camry" avtomobili idarə edir.

Hər ay Sabirabad rayonunda 4 min müəəllimin əmək haqqından 2 faiz Həmkarlar İttifaqına vergi tutulur. Bu isə ortalama adambaşına 20 manat deməkdir. 20 manat 4 min müəllimdən toplanan aylıq 80 min manat hara yoxa çıxır.

S.Hüseynova müraciət edən müəllimlərə cavab verilir ki, toplanan vəsaitlərin 50 faizi avtomatik olaraq Bakıya, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür. Yerdə qalan 10 faiz yardım və putyovkaların yazılmasına xərclənir, əsas 40 faizi isə guya Sabirabadda keçirilən tədbirlərə xərclənir. Maraqlıdır ki, toplanan vəsaitlırin 50 faizi Sabirabadda qalsa da keçirilən tədbirlər, onların təşkili ilə bağlı sərf edilən vəsaitlər haqqında məlumat almaq mümkün olmadı.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyi ni dinləməyə hazırıq.
 
Ardını oxu...
Eks-deputat Hacı Qalib Salahzadə Bilgəhdə toy-bayram edir.

Bu haqda Musavat.com-a "POSAT" kooperativinin üzvləri məlumat verib.

Bildirirlər ki, sabah, oktyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə onların Hacı Qalibin qanunsuz əməllərindən şikayətləri ilə bağlı qərar veriləcək.

Hacı Qalib indidən qərarın onun xeyrinə veriləcəyinə əmindir və yaxın ətrafına Bakı Apellyasiya Məhkəməsindən qərarı artıq aldığını deyib.

Kooperativ üzvləri təcili şəkildə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edib qanunsuzluğun qarşısının alınmasını istəyirlər.

"Bizim şikayətimiz tam əsaslıdır. Məhkəməyə də bütün sənədləri, sübutları təqdim etmişik. Hakim Rəşid Səmədov da başa düşür ki, biz haqlıyıq. Hacı Qalib bizlərin sənədli-sübutlu torpaq sahəmizi zəbt edib. Tələb edirik ki, bizə məxsus 4, ümumilikdə isə 5.3 hektar bağ torpaq sahəsini zəbtdən azad etsinlər. Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü yazıb, kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Əlavə olaraq 1.3 hektar torpağı da həmin 4 hektara qataraq yekun olaraq 5.3 hektarı nənəsinin adına rəsmiləşdirib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər?

Bakı Apellyasiya Məhkəməsində Hacı Qalibdən nənəsinin adına verdiyi sənədin kötüyünü tələb etdilər, yalandan yazırlar ki, Bilgəh Bələdiyyəsində yanğın olub, arxiv yanıb. Saxtakarlığı bu şəkildə ört-basdır edirlər" - bu sözləri redaksiyamıza müraciət edən "POSAT" Bağ Tikinti Kooperativinin sədri Yusif Nağıyev deyib.

Y. Nağıyevin sözlərinə görə, kooperativin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər:

"Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına Bilgəh bələdiyyəsinin sənədini 2005-ci ildə çıxarıb və bizə məxsus 4 hektar ərazini də digər 1.3 hektar torpağa qataraq hasarlamaqla zəbt edib. Halbuki həmin bağ torpaq sahəsi 5 hektar olmaqla Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin (XDS İK) 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə ayrılıb. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 hektarı kooperativ bağların tikintisi üçün ayrılıb. Tikinti Nazirliyinin tabeliyindəki "Tikintiavtonəqliyyat" İstehsalat Birliyinin nəzdində həmin idarənin qısaldılmış abreviaturasını əks etdirən "POSAT" (Производственное Обьядинение СтройАвтоТранспорт) Bağ Tikinti Kooperativi təsis edilib və keçmiş Şaumyan (indiki Xətai rayonu) rayon XDS IK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçib. Hacı Qalib Salahzadə ərazinin kooperativə məxsus olduğunu bildiyi halda ərazini zəbt edib. Bu gün həmin ərazi oğlu Əliabbas Salahzadənin adınadır. Cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadənin atası tərəfindən zəbt olunmuş kooperativə məxsus bağ torpaq sahəsinin adına keçirilməsi də əslində kriminaldır. Əliabbas Salahzadə gec-tez bu qanunsuzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq".

"POSAT" BTK üzvləri Musavat.com-a deyiblər ki, kooperativə məxsus 4 hektar bağ torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 15 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər:

"Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmirlər. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına özəlləşdirib və sonradan oğlu Əliabbas Salahzadənin adına rəsmiləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi. Vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan Fazil Rüstəmovun imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib. Üzvləri olduğumuz "POSAT" Bağ Tikinti Kooperativinə 4 hektar torpaq sahəsi 1989-cu ildə ayrılıb".

Kooperativ sədri Yusif Nağıyev deyib ki, müstəqillik dövründə 4 hektar sahəni təkrar qeydiyyatdan keçiriblər:

"Bütün sənədlərimiz yerli-yerində var. Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçirmişik, Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr almışıq. Sonradan bizə məlum olub ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni olaraq, həmin torpaq sahəsinə 2010-cu ildə vəfat etmiş, mərhum Camalova Kübra Mirəbdül Hüseyn qızının adına xüsusi mülkiyyətdə olmasına dair 02.10.2013-cü il tarixdə RX seriyalı 0272020 saylı çıxarış verilib. Qalib Salahzadə nənəsinin adına olan torpağı vərəsəlik qaydasında oğlu Əliabbas Salahzadənin adına keçirib".

Yusif Nağıyevin sözlərinə görə, bundan sonra Qalib Salahzadə onların torpağa aid sənədlərini ləğv etdirmək üçün məhkəməyə müraciət edib. Lakin ilkin, apellyasiya və Ali Məhkəmə iddianın qanunsuz və əsassız olduğunu nəzərə almaqla rədd edib:

"Bunu görən Qalib Salahzadə öz imkanlarından istifadə edərək, 2016-cı ildə yenidən Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli qərarının etibarsızlığına dair ikinci dəfə sərəncam qəbul etdirdi və biz yenidən həmin sərəncamı mübahisələndirmək məcburiyyətində qaldıq. Bu dəfə də məhkəmələrimiz ədalətli mövqe nümayiş etdirdi. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsinə dair iddiamız təmin olundu. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Bilgəh bələdiyyəsinə qarşı digər mübahisəmiz üzrə icraat təzələnərək, iş davam etdirildi. Məhkəmə icraatı təzələndikdə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Qalib Salahzadə bizim başımızı digər məhkəmə çəkişmələrinə qatdığı müddətdə bizə ayrılmış torpaq sahəsinin bir hissəsini digər qohum-əqrəbasının adına rəsmiləşdirib.

Məhkəmə araşdırması zamanı alınmış sorğulardan da mübahisələndirdiyimiz qərarın nə bələdiyyənin arxivində, nə də ki, Milli Arxiv İdarəsində olmadığı müəyyən olundu. Yəni cinayət faktı aşkar edildi. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2018-ci ildə Bilgəh bələdiyyəsinin “vətəndaş Camalova Kübra Mirəbdül Hüseyn qızına fərdi yaşayış evinin tikintisi üçün 5,3 ha torpaq sahəsi ayrılması barədə” 22.11.2005-ci il tarixli, 041 saylı qərarının bizə ayrılmış 4,0 ha torpaq sahəsinin hüdudları daxilində etibarsızlığının tanınmasına və həmin qərarın hüquqi nəticələrinin qanunsuz sayılmasına dair qərar qəbul edib. Bundan sonra Qalib Salahzadə artıq çıxılmaz vəziyyətdə olduğunu gördüyündən, yenidən özünün və qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə edir, bu dəfə artıq torpaq sahələrini adlarına rəsmiləşdirdiyi qohumlarının və onun təsiri altında olan Bilgəh bələdiyyəsinin adından müxtəlif əsassız şikayətlər, ərizələr və sairə xahişlər verərək məhkəmə baxışını, məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini yubatmağa çalışır".

Yusif Nağıyev ölkə rəhbərliyinə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək Bakı Apellyasiya Məhkəməsində Qalib Salahzadənin təsiri altında veriləcək qanunsuz qərarın durdurulmasını xahiş edib.
 
Ardını oxu...
Azərbaycanın elm və təhsil naziri Emin Əmirullayev Saakaşvili kimi islahatçı görünüb, Şverdandze kimi idarə edir. Rüşvət bataqlığına gömülmüş Azərbaycan təhsili həqiqətən can verir və deqradasiyaya uğrayıb. Artıq birmənalı şəkildə hamı həzm etməyə başlayıb ki, məktəb təhsil vermir, ora hər gün getmək formal xarakter daşıyır, uşaqların taleyi repetitorlar, kurslar sayəsində həll olunur. Bəs məktəb vermədiyi təhsilin qarşılığında nə alır? - rüşvət, fond pulu yığımı, 5 oktyabr və 8 mart bazarlığı...
Bəli, doğurdan da məktəb çoxdan təhsil vermir. Bizim uşaqlar məktəbdənkənar tədrisin hesabına ali təhsil ocaqlarına qəbul olunurlar. Çox uzağa niyə gedirik, sosial şəbəkələrdə videosu durmadan paylaşılan şagirdi yada salaq: məlum olur ki, Bakıda yerləşən 4 saylı Xankəndi məktəbinin uşaqları axşam 8-də evə gedirlər. Demə, yer yoxdur və üç növbəli təhsil rejimi mövcuddur. Acınacaqlıdır. Xəcalət çəkməli haldır.
Yaxud Baku TV-nin məktəblərin önündə keçirdiyi sorğunu qeyd edək: məktəblilər də, valideynlər də təsdiq edirlər ki, bəli, 5 oktyabrda 20-50 manat civarında Müəllimlər Günü pulu yığılıb. Yaxşı ki, direktorların evlilik günü, müəllimlərin xınayaxdı günü kimi "əlamətdar" tarixlər də xatırlanıb pul yığılmır.
Ancaq əmin olun ki, azca vəziyyət kontroldan çıxarsa, utanmadan o adlarla da pul yığarlar, direktorlar qızlarına cehiz də düzəldərlər.
Di gəl, bu iki fakt - həm məktəblinin axşam 8-də evə getdiklərini deməsi, həm pul yığılmasının dilə gətirilməsi qarşılığında ötən həftə, elə oktyabrın 5-i çıxış edən nazir Əmirullayev elə danışdı ki, "Tarixi-Nadir" i oxumuş adamlar başa düşmədi, bu binəvalar nə dediyini necə anlasın. Nazirin rabitəsiz, anlaşılmaz cümlələri ilə nə söyləmək istədiyi aydın olmadı. Hətta bir sosial media istifadəçisi olan xanım video paylaşım edərək nazirin redaktora ehtiyacı olduğunu açıqladı, onu güzgü qarşısında çıxışa hazırlaşmağa dəvət etdi. Həqiqətən də sanki danışan elm, təhsil adamı deyildi. Əmirullayev elə cümlələr qurdu ki, heç bir ana dili müəlliməsi onu izah edə bilməz.
Yəni təhsilin problemləri, təhsildə eybəcərliklər qaldı bir kənarda, nazir nələrsə danışmaq istədi. Lakin reallıq tragikdir - ilbəil təhsilimiz geriləyir, ilbəil məktəblər həyatımızda yalnız bazar rolu oynayır, ilbəil təhsilin keyfiyyəti məktəblərdə aşağı düşür və getdikcə məktəblər heç bir əhəmiyyət kəsb etmirlər. Madam ki, əksər uşaqlar ev tapşırıqlarını hazırlıq müəllimi ilə edir, tələbə adını almaq üçün gecə-gündüz dərsdən kənar hazırlaşır, o halda 11 il bu məktəb uşağa nə verib? Amma dəqiqliklə demək olar ki, o uşaqdan çox şey alıb, onun valideynindən də...
Bu baxımdan biz Əmirullayevin nazir olduğu dövrdə hər hansı arzuolunan nəticə əldə edə bilmədik. Ona görə də bu gün Azərbaycan təhsili supermarketə oxşayır.
Yaxşı, media bu sahəni dərindən bilməyə və yanıla bilər, bəs,
VI çağırış deputat olmuş təhsil eksperti Etibar Əliyevin tənqidlərinə nə deyə bilərsiniz? Əslində, Əmirullayev təhsil siyasətini dəyişəcək iradəyə malik olmadığını qəbul edir, etiraf etmir. Nazir məktəblərdə nə baş verdiyini çılpaqlığı ilə görür, dəyişməyə sanki gücü çatmır. Çünki bir zəncirvari rüşvət sistemi formalaşıb, onun bir zəncirini belə qıra bilməyib. Odur ki, təməli necə qoyulubsa, elə də gedir.
Elə son prosesləri götürək: xəbərlərsən biri odur ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümumiyyətlə, ümumtəhsil məktəblərində hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün əksər məktəblərdə rüşvətxorluq olduğunu demək mümkündür.
Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.
Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. O səbəbdən də qanqrena verən təhsil sistemindəki o yanaşmanı kəsib atmaq və ciddi nəzarət mexanizmi qurmaq lazımdır. Ancaq bu da azdır, təhsilin səviyyəsi artmalıdır, təhsilə və şagirdə sevgi olmalıdır, pula yox...

Azər Talıbov
AnaXeber.info
 
Ardını oxu...
Naxçıvanın bu ilin aprel ayının 25-də təyin olunan bir Baş naziri var – Cəlilov Ceyhun Ramiz oğlu. 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. Yəni Naxçıvanın faktiki hakimi-mütləqi olan “canişin” əfəndi ilə eyni rayondandır.

Niyə bunu xüsusi olaraq vurğulayırıq? Çünki əsl adı Fuad Nəcəfli olan və Naxçıvanda əsasən “canişin əfəndi” kimi ad çıxaran bu adam Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi təyin olunandan sonra adətən bütün vəzifələrə öz rayonlularını gətirdi. Onun kəndlipərəstliyinin kulminasiya nöqtəsi isə Ceyhun Cəlilov idi. Zira 36 yaşlı Ceyhun Cəlilov əvvəl - 15 mart 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunmuşdu. Üzərindən cəmi 1 il, 1 ay, 10 gün keçəndən sonra onun başına əsl dövlət quşu qonmuş və Naxçıvanın Baş naziri vəzifəsinə layiq görüldü.

Soruşa bilərsiniz: Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləyərkən hansı fövqəladə bacarıqlara imza atmışdır ki, cəmi 1 il 1,3 ay ərzində ona Naxçıvan hökumətinin 1 nömrəli vəzifəsi həvalə edilmişdir?

Zənnimcə, bu suala Ceyhun Cəlilovun Baş nazir təyin olunduqdan sonra imzaladığı bəzi fərmanlar ən gözəl cavabı verir. Məsələ burasındadır ki, o, Baş nazir vəzifəsinə başladığı gündən etibarən imzaladığı ilk fərmanlar ƏƏSM naziri olarkən özünün keçirdiyi tenderlərin ləğvi ilə bağlı bağlı idi. Yəni Ceyhun Cəlilov Baş özünün 1 il 1 ay 10 günlük ƏƏSM nazirliyi sırasında yol verdiyi qəbahətləri və qanun pozuntularını ortadan qaldırmaq məcburiyyətində qalmışdı. El arasında buna, yumşaq ifadə ilə ifadə etsək, “səhvetdim ərizəsi” də deyirlər.

Ceyhun Cəlilovun “səhvetdim ərizələri”ndən yalnız bir qismi:

83570 saylı müsabiqə, dəyəri 135047 manat, DSMF tərəfindən kondisioner qurğularının alınması, 17.07.2024-cü ildə ləğv edilib;

77947 saylı müsabiqə, dəyəri 118240 manat. DSMF tərəfindən konsisonerlərin alınması, 02.05.2024-ci il tarixində ləğv edilib;

80554 saylı müsabiqə, dəyəri 40717 manat, DSMF tərəfindən jaluz pərdələrin alınması, ləğv edilib - 03.05.2024-də;

77741 saylı müsabiqə, dəyəri 95550 manat, 2023-cü il maliyyə hesabatlarının yoxlanılması üçün kənar audit xidmətinin satın alınması, ləğv edilib 03.05.2024-də;

80612 saylı müsabiqə, dəyəri 38964 manat, yanğın siqnalizasiyası üçün tələb olunan avadalığın satın alınması, ləğv edilib 07.05.2024-cü ildə;

83736 saylı müsabiqə, dəyəri 932 manat, ƏƏSMN tərəfindən jaluz pərdələrin alınması, ləğv edilib 05.07.2024-də;

80552 saylı müsabiqə, dəyəri 49005 manat, Dövlət Məşğulluq Agentliyi tərəfindən kondisioner qurğularının satınalınması, 05.07.2024-də ləğv olunub;

81590 saylı müsabiqə, dəyəri 11000 manat, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının yoxlanılması üçün audit xidmətinin satın alınması, ləğv edilib 16.07.2024-də (“Səhvetdim ərizələri”nin davamı ilə yazının aşağısında təqdim etdiyimiz şəkillərdən tanış ola bilərsiniz).

Ceyhun Cəlilovun “səhvetdim ərizələrinə” diqqətlə nəzər salsaq görərik ki, ilk ləğvolunma tarixi 02.05.2024-ci ilə düşür. Yəni onun Baş nazir təyin olunmasından cəmi 1 həftə sonraya. Belə çıxır ki, Ceyhun müəllim işə başlayar-başlamaz qollarını cırmalayıb ƏƏSM naziri olarkən yol verdiyi nöqsanları aradan qaldırmaqla məşğul olub. Üstəlik, tenderlərin ləğv olunmasının səbəblərini də gizlətməyib: “Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iştirakçıların sayının üçdən az olduğu halda”. Qərarın bu hissəsi bir daha təsdiqləyir ki, Ceyhun Cəlilov ƏƏSM naziri işlədiyi müddətdə keçirdiyi çoxsaylı tenderlərdə münimum iştirakçı sayını belə təmin etməyib.

Bunlar təbii ki, rəsmi əsaslandırmadır. Bir çox hallarda rəsmi əsaslandırmalar həqiqətləri alt-üst etməyə yaradığını nəzərə alıb biz maxinasiyaların dərinlərinə enməyə qərar verdik. Söhbətləşdiyimiz məlumatlı şəxslərdən birinin bildirdiyinə görə, Ceyhun Cəlilov “qara kassa”larından birindən külli miqdarda (artıq həmin şəxsin vergi cinayətinə görə həbs olunduğu bildirilir və yaxınlarının bu səbəbdən ciddi şəkildə xəstələndiyini nəzərə alıb adını çəkmirik) pul alaraq Naxçıvan Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinin tenderə çıxaracağı işləri əvvəlcədən gördürüb. “Qara kassası”na isə söz verib ki, sən lazımi işləri gör, mən tenderi sənin şirkətlərinə verəcəyəm. Beləcə, müsabiqədə başqasının qalib gəlməsini önləmək üçün tenderləri tam rəqibsiz keçirib.

Mənbəmizin iddiasına görə, Ceyhun Cəlilov əslində nazir olarkən FETÖ-cü dostlarına və şəxsi şirkətinə qazandırdığı tenderləri öz xoşuyla da ləğv etməyib. Sadəcə ləğv etməyə məcbur olub. Çünki onun müsabiqələrdə yol verdiyi nöqsanlar mediada işıqlandırıldıqdan sonra Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında İstehlal Bazarlarına Nəzarət Xidməti iddiaları araşdırmağa başlayıb və həqiqətən ciddi nöqsanlar aşkarlayıb. Mədəni şəkildə Naxçıvanın çiçəyi burnunda Baş nazirinə məsləhət görüblər ki, öz səhvini özün düzəlt. Başqa sözlə, “səhvetdim ərizəsi” yaz. O da məcbur olub tenderləri ləğv edib.

Dərd burasındadır ki, Ceyhun Cəlilov 1 həftə ərzində onlarla “səhvetdin ərizəsi” yazmasına, yəni tenderləri ləğv etməsinə baxmayaraq, onun ƏƏSM naziri olarkən yol verdiyi nöqsanları aradan qaldırmaq mümkün olmayıb. Çünki tenderə çıxarılan işlər əslində çoxdan görülmüş və pulu basılıb yeyilmişdi. Yenidən tender keçirmək lüzumu da aradan qalxmışdı. Əks halda yeni tender iddiaçıları müsabiqəni qazansalar belə, görüləcək iş qalmamışdı. Odur ki, Ceyhun Cəlilova yenidən keçirdiyi rəqabətsiz müsabiqədə öz günahlarını ört-basdır etməsinə imkan verilib.

Bəs, bu “səhvetdim ərizəsi” ilə tamamlanan qanunsuz tenderlər Ceyhun Cəlilova nələr qazandırıb? Gəlin, bu sualın cavabını adının çəkilməsini istəməyən mənbəmizdən eşidək:

“Bu yaxınlarda Yasamalda 620 min manata obyekt alıb. Orada “Şahbuz mətbəxi” adlı restoran açmaq istəyir. Hər kəsə Mikayıl Cabbarovun kadrı olduğunu deyir” və s. (Və sairəni ona görə sonraya saxlayırıq ki, həm oxucunu yormayaq, həm də Ceyhun Cəlilov öz yaxın qohumları vasitəsilə bizə qarşı qaralama kampaniyası başladanda deməyə yeni sözümüz olsun – H. O).

Amma damağı hakimiyyət dadına alışmış Baş nazir bununla da kifayətlənmək istəmir. İndi o, daha böyük post peşindədir. Ceyhun Cəlilovun Naxçıvan məmurları arasında “tenderlər kralı” olaraq tanındığını bildirən mənbəmizin iddiasına inansaq, “O, yerli himayədarı “Fuad Nəcəflinin “yarıtmazlığı” barədə Sahil Babayev vasitəsilə hakimiyyətdəki rəhbər şəxslərə məlumatlar ötürür. Nazir əvəzi Fərid Bağırzadə vasitəsilə Fuad Nəcəfli barədə nazirliyin əməkdaşlarına tapşırıq verib ki, onu pisləyin ətrafınızda”.

Mənbəmizin bu iddiasını Ceyhun Cəlilovun yaxın qohumu vasitəsilə Ovqat.com-un rəhbəri Heydər Oğuzun Facebook paylaşımlarının altında yazdığı rəylər də sübut edir. Baş redaktorumuz bu barədə bir neçə saat əvvəl paylaşdığı statusunda bildirir:

“Özünü jurnalist adlandıran bu adam mənim onu bloka atmağımla və nəticədə söz haqqını məhdudlaşdırmaqla suçlayır. Düz deyir əslində, onu bloka atmışam. Amma bilirsiniz niyə? Çünki mənim Naxçıvanı FETÖ-çülərin və digər təhlükəli şəxslərin caynağına verən “canişin” əfəndiyə münasibətimi bilir və bundan istifadə edib paylaşımlarımın altına öz yaxın qohumu Ceyhun Cəlilovu tərifləyən, onun daxili rəqibi Ülvi Hüseynlini isə pisləyən rəylər yazırdı. Mən də bunun Ceyhun Cəlilovun tapşırığı ilə həyata keçirildiyini düşünüb həmin təxribatçı rəyləri yazan adamı bloka atmışdım.

“Canişin” əfəndi, sizə münasibətimi bilirsiniz. Bilməyənlər üçün bir daha burdan ifadə edirəm. Mən “canişin” əfəndinin hakimiyyətə gəldiyi ilk zamanlarda onu ən çox müdafiə edənlərdən biri olmuşam. Çünki Naxçıvanda “xan” həzrətlərindən qalan dövlət idarəçiliyi ilə bir araya sığmayan ənənələrlə mübarizə aparacağını düşünmüşəm. Amma sonra onun Ülvi Hüseynli, Ramiz Məmmədov və adını belə zikr etmək istəmədiyim bəzi “xan” qalıqlarını başına topladığını görüb Azərbaycan ali hakimiyyət orqanlarının bu təyinatda nə qədər yanıldığına qənaət gətirmişəm. Bundan sonra isə “canişin” həzrətlərini sərt şəkildə tənqidə başlamışam. Amma bu mövqeyim mənə imkan vermir ki, pula və ya hər hansı maddi, yaxıd mənəvi həvəsləndirməyə zəifliyi olan, türklər demişkən, yenik düşən “canişin”i və onun komandasını FETÖ partizanlarına yem edim. Məhz bu səbəbdən də öz qohumluq təəssübkeşliyi ilə mənim səhifəmdə Ceyhun Cəlilovun piarını aparanların təxribatçı fəaliyyətinə göz yummamışam və onları layiq olduqları yerə göndərmişəm.

Bənzər reaksiyanı da “canişin” əfəndidən gözləyirəm. Hər halda ayağının altı qazılan mən yox, “canişin” əfəndi və bir də Azərbaycan dövlətçiliyidir. “Canişin” əfəndi nə qədər Azərbaycan dövlətinin ordakı xüsusi nümayəndəsidir, zəhmət çəkib bu milli təhlükəsizlik tədbirlərini görməlidir”.

Mənbəmizin diqqətçəkən digər bir iddiası da var. Onun bildirdiyinə görə, adı FETÖ-çülükdə hallanan Ceyhun Cəlilov 15 iyulda Türkiyənin Naxçıvan konsulluğu tərəfindən təşkil olunan FETÖ-nün çevirliş cəhdinin ildönümü ilə bağlı tədbirə qatılmayıb: “Ümumiyyətlə, Naxçıvanda Ceyhun Cəlilovla bağlı kifayət qədər nüfuzdan salıcı xəbərlər dolaşmaqdadır.

Bir sözlə, Ceyhun Cəlilov Naxçıvan MR ƏƏSM naziri işləyərkən yol verdiyi ciddi nöqsanlardan sonra Baş nazir təyin olunub. Bunu özünün Baş nazir təyin olunduqdan az sonra imzaladığı “səhvetdim ərizələri” də təsdiqləyir. Görünür, Naxçıvan əhalisinin “canişin əfəndi” kimi tanıdığı Fuad Nəcəfli də onu məhz bu maxinasiya bacarığına görə indiki yüksək vəzifəyə gətizdirib.

Ovqat.com
 
Ardını oxu...
Keçən günlərdə Dia-az.Media olaraq Xaçmaz rayonu Qalağan kəndində icra nümayəndəsi olmuş Vahidə Turabova ilə bağlı rayon sakini Rüstəm Rüstəmovun iddialarını və təqdim etdiyi faktları nəzərinizə çatdırmışdıq...

YAZISI BURADA: Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT


Qeyd edək ki, həmin günü Dia-az.Media-ya telefon açan icra nümayəndəsi Xalid Nəsirov yazılanları təkzib etməsə də, mövqe bildirəcəyini söyləmişdi. Amma heç bir açıqlama olmadı. Özü isə dolayısı ilə yazılanların hamısını təsdiqlədi, sadəcə bu yfaktların ictimailəşməsində qarşı tərəfin maraqlarının olduğunu da vurğuladı.

Bu dəfə isə qarşı tərəf olan Rüstəm Rüstəmov Xaçmaz RİH başçısı Elnur Rzayevə müraciət edir və Qalağandakı durumla bağlı kömək istəyir. O bildirir: "Xaçmaz Rayon İcra Hakimiyyəti, Növbəti dəfə sizə müraciət edirəm... Qalağan kəndində taxt-tac quraraq ailə müstəmləkəsi yaratmış icra nümayəndəniz Xalid müəllim haqqında bir tədbir görün. Xalid müəllimin anası, Vahidə Turabova kənd nümayəndəsi olan zaman torpaqlarımızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlimizdən alıblar. Kənd camaatı bu adamların əlindən qan ağlayır. Bütün ərazi üzrə torpaqları zəbt ediblər. Bunlara ağalıq edənlər kimlərdir?
Niyə bizim müraciətimizə baxan yoxdur? Hər yerdə bunların adamları var. Pulları çox olduğu üçün bizim şikayətimizə baxan yoxdur. Çox xahiş edirəm cənab Elnur Rzayev, bizə kömək edin..."
 
Ardını oxu...
Yeni olmasına baxmayaraq, fəaliyyətində sakinlərlə problem yaşayan gənc icra başçılarından biri də Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur ki, vəzifəyə gələr-gəlməz yerli sakinlərdə narazılıq yaratmağı bacardı.

Həmin narazı sakinlərdən biri də "DogruXeber.az"a müraciət edən Saatlı Rayon Üzeyir Həcibəyov küçəsi ev 5 ünvanında yaşayan Rzayeva Kəmalə Cabir qızıdır.

Kəmalə xanım uzun illər orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Sonuncu Sertifikasiya imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün aylardır işsiz qalıb. Özünün də 13 yaşlı yeganə qız övladının da səhhətində ciddi problemləri var.

Təəssüflə qeyd edək ki, cahillik edib zamanında nigahını rəsmiləşdirmədiyi həyat yoldaşı dünyasını dəyişdiyi üçün övladına atalıq adı və soyadı da almaqda aciz qalıb.

Kəmalə xanımın hazırda sığındığı köhnə ata evi də təmirsiz və bərbad vəziyyətdədir. Xanım ümumiyyətlə heç bir gəlir yerinin olmadığı üçün komunalları belə ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də tez-tez gah işığın, gah qazın, gah da suyun kəsildiyini deyir.

Ailə başçısız tənha qadın, üstəlik də himayəsində azyaşlı övladı olan çarəsiz ana heçolmasa bir iş istəmək və hüquqi (məhkəmə) yolla övladının soyad və ata adı hüququnu bərpa etməkdə ona köməklik etmələrini istəmək üçün dəfələrlə icra hakimiyyətinə üz tutsa da Elmir Bağırov onu qəbul etməyib.

Xanımın sözlərinə görə başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva onun mənzilində olub, yaşadığı şəraiti gözü ilə görüb və köməklik ediləcəyi barədə dilucu vəd verib gedib. Lakin, sonradan bu barədə iclasda məsələ açılanda Elmir Bağırov, "bizim elə büdcəmiz yoxdur ona kömək edək. Çalışın yola verin, səsi çıxmasın" deyə, çalışanlara məsləhət verib.
Qeyd edək ki, bu Kəmalə xanım Rzayevanın özünün redaksiyamıza bildirdiyi məlumatdır.

"Çalışın yola verin, səsi çıxmasın..."

Cümlənin ağırlığına diqqət edin!

Vətəndaş bildirir ki, "Mən icra başçısının evinə gedib, ondan yardım dilənmirəm ki, məni başından eləsin. Rayonun uzun illər təhsil sektorunda çalışan və qeyri-şəffaf keçirilən sertifikasiya imtahanında haqsızlığa məruz qalan sakinlərindən biriyəm. Əlimdə iki diplomum, himayəmdə azyaşlı xəstə övladım, özüm başsız qadın özümün belə olmayan damın altında acından ölməyə məhkumam.

Bu qədər reallığa rəğmən heçolmasa nə tənha qadın, nə də ünvanlı sosial yardım kimi müavinətlərdən belə yararlana bilmirəm. Mən rayonumun rəhbərindən hüquqi yardım və diplomlarıma görə hər hansı bir iş istəyirəm sadəcə".

Yeri gəlmişkən, iş mövzusuna gəldikdə isə xanımın sözlərinə görə Saatlı rayon Təhsil şöbəsinin müdiri Günay Soltanova onu iki ay gözlətdikdən sonra yarım ştat sosial pedaqoq işi təklif edib. Tam ştat üçün minimum əmək haqqının məbləği 345 azn olduğu halda, yarım ştatın maaşını özünüz düşünün.

Kəmalə xanımın dediyinə görə o, bu təklifi qəbul etməyib və heçolmasa tam ştat verilməsini istəyib. Günay Soltanova regionalın verdiyi işin yalnız bu olduğunu deyib. Belə olan halda yol pulu belə olmadığı üçün Sabirabad rayonuna hətta piyada gedib, Mil-muğan Regional Təhsil İdarəsinin məşhur müdiri Rəşad Musayevin qəbulunda olub.

Bildirir ki, Rəşad Musayevin onun probleminə münasibəti də icra başçısı Elmir Bağırovdan heç nəyi ilə geri qalmayıb, yəni xanımı yola veriblər.

Vəssəlam.

DogruXeber.az
 
Ardını oxu...
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur erməni işğalçılarına qarşı apardığı rəşadətli müharibə, torpaqlarımızın azad olunması təkcə ölkəmizdə deyil, dünyada hörmət və etiramla qarşılanır.

Dünyanın böyük hissəsi bizim HAQQ və ƏDALƏT savaşımızı dəstəkləyir. Düzdür, bu məsələdə FRANSA kimi, daha dəqiq desək Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəstlər də oldu. Bunu haradasa erməni lobbisi-filan adı altında bəlkə də harasa yozmaq olar. AMMA….

Bakıda oturub çörəyimizi yeyən, suyumuzu içən, bizim hesabımıza milyonlar qazanan Frederik Guimbal kimilərinin millətimizə NİFRƏT-inin səbəbini anlamaq olmur.

Söhbət Holcim-Azərbaycan ASC-nin ( keçmiş Qaradağ sement zavodu ) baş ddirektoru Frederik Guimbaldan gedir.

Bu adam Azərbaycanda oturub, vaxtı keçmiş sement satır, səhmdarların pulunui vermir, vergidən yayınır, cinayətkar "obnaliçka" şəbəkəsi yaradıb, eyş-işrət məclislərinə pullar xərcləyir …amma bircə sosial layihəyə 1 manat ayırmır.

Azərbaycanda digər sement istehsalçıları olan NORM və AKKOR ASC Silahlı Qüvvələrə Yardım Fonduna xeyli miqdarda vəsait ayırıb, ölkəmiz üçün çətin və şanlı bir dövrdə Azərbaycan ordusuna maddi və mənəvi dəstək olublar.

Bəs Holcim ASC?

Bəs Frederik Guimbal?

Ermənipərəst Makronun mənfur siyasətini Azərbaycanda davam etdirən, xalqımıza nifrət edən Guimbal Zəfər bayramı günü sement zavodunun həyətində dalğalanan Azərbaycan və qardaş Türkiyə bayraqlarının endirilməsini tələb edib. Tədibiri idarə edən Holcimin texniki direktoru Əli Hüseynov Zəfər bayramı ilə bağlı təbrik üçün erməni xislətli Frederik Guimbala söz vermək istəsə də o mikrofonu almayıb. Bu adam xalqımıza bu qədər nifrət eləyir. İçində erməni sevgisi daşıyır. Bütün bunlar bəlli.

Bəs görəsən Azərbaycanın müvafiq dövlət qurumları hara baxır?

Bu adam bizim dövlət bayrağımıza nifrət edir. Onu da qeyd edək ki, zavoddan NUH.az-a bildirilib ki, Azərbyacanın və qardaş Türkiyənin dövlət bayraqlarının endirilməsinə etiraz edən tərəzi işçilər işdən azad edilib.
 
 

 

Ardını oxu...
2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib. Bu xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub. “Azərenerji” ASC-də nə baş verir?

Balababa Rzayevin şiddətli töhmət almasının səbəbləri barədə Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, Baş nazir Əli Əsədovun məlum sərəncamından belə anlaşılır ki, “Azərenerji” nəzərdə tutulandan daha artıq qazı elektrik enerjisinə çevirib:

“Bu da istər-istəməz rəsmi Bakının beynəlxalq öhdəliklərini yerinə yetirməsində müəyyən problemlər yaradıb. Nəticədə Balababa müəllim şiddətli töhmətlə cəzalandırılıb”.

Siyasi şərhçi düşünür ki, bu cəzalandırma hadisəsi Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında bağlanmış beynəlxalq müqavilələrin şərtlərinin pozulması ilə bağlı ola bilər:

“Bilirsiniz ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Leyen Azərbaycana səfər etmiş və Prezident İlham Əliyevlə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdı. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz nəqlini ildə 8 milyard kub metrdən 20 milyard kub metrə çıxarmalıdır. Və bu, hər il artırıla-artırıla 2027-ci ilə qədər son həddinə çatmalıdır. Bunun üçün isə Azərbaycan “yaşıl enerji” istehsal edib yerli tələbatı bununla ödəməli və özümüzün istifadə etdiyimiz qazı isə Avropaya göndərməliyik. İlham Əliyevin bu ilin yay aylarında “Euronews” telekanalına verdiyi müsahibədən aydın olur ki, ölkəmiz artıq “yaşıl enerji istehsalı sahəsində özünü təmin edəcək səviyyəyə nəinki yetişib, hətta artıq qalan enerjinin ixracı barədə düşünür. “COP29-a ev sahibliyi edəcək ölkə kimi “yaşıl enerji”yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Əliyev həmin müsahibəsində belə demişdi. Prezident həmçinin vurğulamışdı ki, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməli, elektrik enerjisi maksimum istehsal olunmalı və təbii qaza qənaət edilməlidir. Məqsəd isə həm qazı, həm də yaşıl enerjini Avropaya nəql etməkdir. Prezidentin bu sözlərindən aydın olur ki, Azərbaycanın “yaşıl enerji” istehsalı daxili tələbatı üstələyir. O zaman təbii qazdan elektrik enerjisi almaq nəyə lazımdır? Görünür, Balababa müəllim bizim bəzi deputatlar kimi, Prezidentin sözlərini ya başa düşməyib, ya da bu sözləri eşitmək əvəzinə mürgüləyib. Öz köhnə adəti üzrə təbii qazdan elektrik enerjisi almağı davam etdirib, halbuki o qaz Avropaya nəql olunmalı imiş. Bu özbaşınalıq isə baş nazirin qəzəbinə gəlib”.

Heydər Oğuz deyib ki, bu cür sözü tərs anlayan və ya özbaşına istehsalatla məşğul olan dövlət şirkətlərinin rəhbərlərinə şiddətli töhmət vermək azdır:

“Onlar bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirməyimizə mane olduqları üçün daha ağır cəzalandırılmalıdır. Vallah, bizim hüquq-məhkəmə sisteminin sözanlamaz məmurlara niyə belə humanist yanaşdığını anlaya bilmirəm”.

Xatırladaq ki, “Azərenerji” ASC-nin adı son illər müxtəlif korrupsiya qalmaqallarında hallanır. Qurum və onun rəhbəri daha çox qaranlıq tender əməliyyatları ilə gündəmə gəlir. Hakimiyyətə yaxınlığı ilə tanınan Baba Rzayevin qəfil qəzəbə gəlməsi, şiddətli töhmət alması sıradan hadisə sayıla bilməz. Bunun ardı gələ bilər. Baba müəllim canını şiddətli töhmətlə qurtara biləcək?
 
 
 

Dünyapress TV

Xəbər lenti