Ardını oxu...
Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması tədbirləri çərçivəsində nəzərdə tutulan Elektron Resept sistemi hələ də aktivləşdirilməyib. Bu il mayın 1-dən tətbiq ediləcəyi vəd olunan, yüz min manatlarla dəyəri olan layihənin adı olsa da, özündən xəbər yoxdur.
Qeyd edək ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını və bir mərkəzdən idarəsini nəzərdə tutur.

Elektron resept sistemi Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində başlanılmalıydı.
Lakin nə poliklinikalar, nə dövlət və özəl xəstəxanalar, nə həkimlər, nə də apteklər bu sistemin necə işlədiyini bilmirlər. Xəstəxanalarda hələ də köhnə qaydada kağız reseptlər yazılır.
Bakupost.az -ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bir çox xəstəxanaların ümumiyyətlə, E-Resept sistemindən, onun necə işlədiyindən xəbərsiz olduğu ortaya çıxıb.
Əməkdaşımızın əlaqə saxladığı əksər apteklərdən hələ ki, elektron resept görmədiklərini, o reseptə harda və necə baxıb dərman satacaqlarını bilmirlər.
TƏBİB-in tərkibində olan və İcbari Tibbi Sığorta sistemi ilə hər gün yüzlərlə xəstə qəbul edən əsas xəstəxanalardan aldığımız cavablar da elektron reseptdən səs-səmir olmadığını göstərir.

Klinik Tibb Mərkəzdən bildirdilər ki, hələ Elektron Resept sisteminə keçməyiblər. Bu mərkəzin həkimləri qəbullarında olanlara kağız resept təqdim edirlər.
19 saylı poliklinikadan da köhnə qaydada resept yazdıqlarını və yaxın aylarda dəyişiklik gözlənmədiyini bildirdilər.
Özəl klinikalar arasında da sorğu keçirdik.
"Baku Medikal Plaza"da ümumiyyətlə, Elektron Respet sistemindən xəbərsiz olduqlarını dedilər.

"MedEra" klinikasında da elektron resept sistemindən istifadə olunmur.
"İstanbul NS" klinikasından da təəssüf ki, hələ də köhnə qayda ilə işlədiklərini dedilər.
"Yeni Klinika"dan da eyni cavabı aldıq. Xəstələrə elektron resept təyin olunmadığını vurğuladılar və bununla bağlı TƏBİB-ə müraciət etməyimizi məsləhət gördülər..
Məsələ ilə bağlı TƏBİB-in sorğumuza cavabı da qısa oldu: "Elektron Resept sistemi TƏBİB-ə adi deyil. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur".

Səhiyyə Nazirliyindən aldğımız cavabdan isə Elektron Resept sisteminin niyə işləmədiyinin pərdəarxası məqamları üzə çıxdı:
“Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, cari ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində Elektron Resept Sisteminin tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə Elektron Resept sistemindən istifadənin vacibliyi və Elektron Resept sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Azərbaycan hökumətinin prioritet hesab etdiyi ölkənin sosial-iqtisadi sferasının rəqəmsallaşdırılmasının bir istiqaməti olan Elektron Resept sisteminə tam keçidin reallaşdırılmasına tibb müəssisələrinin rəhbərliyi təşəbbüs göstərməlidir.
Hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə Elektron Resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidir. Həkimlər Elektron Resept yazmaqdan, apteklər isə dərman vasitələrini Elektron Resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”) əlaqə saxlaya bilərlər.
Elektron Resept sistemindən istifadəni asanlaşdırmaq məqsədilə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tibb işçiləri üçün təlim və vebinarlar təşkil edilir. Eyni zamanda Elektron Reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bundan başqa, Elektron Resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün Səhiyyə Nazirliyinin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün Elektron Resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə Elektron Reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Həmçinin, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək Elektron Resept sisteminə daxil olmaq mümkündür (reseptim.az)”.

Göründüyü kimi, nazirliyin nəzdində olan bir neçə tibb müəssisəsində, - onların sayı çox azdır, – elektron resept yazılır. Amma apteklər Elektron Reseptin necə işlədiyini bilmirsə, bəs bu reseptlə xəstələr hansı aptekdən dərman alır?
Ölkənin tibb müəssisələrinin 90 faizi TƏBİB-in tabeliyində olduğu üçün görünür, bu xəstəxanalar və onların rəhbərləri Səhiyyə Nazirliyinin məktublarını ya oxumur, da Elektron Reseptə keçməkdə hansısa maneələr var.
Hökumətin yüz min manatlarla vəsaitlər xərclədiyi Elektron Resept layihəsinə keçidə tibbi qurumlar və aiddiyatlı şəxslər niyə təşəbbüs göstərmir?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən alqoloq Zülfüqar Yusifov Elektron Resept sisteminə keçidin müsbət hadisə olduğunu bildirdi:
"Bu sistemin tətbiqi ilə ölkədə vətəndaşlara yazılan bütün reseptlər mərkəzləşmiş qaydada bir yerə toplanır. Digər tərəfdən, müxtəlif ixtisaslı həkimlərin öz ixtisaslarına, sahələrinə uyğun, öz profilində xəstələrə resept yazıb-yazmadığına nəzarət etmək mümkün olacaq. Bu da həkim-firma münasibətlərinə nəzarət etməyə imkan verəcək".
Z.Yusifov deyir ki, İcbari Tibbi Sığorta getdikcə dərman ödəmələrini də təmin etməyə başlayacaq, bu da reseptə ciddi nəzarətin olmasını tələb edir:
"Bu, sadə məsələ deyil. Bütün həkim cameəsinin bu sistemi öyrənməsi lazımdır. Bununla bağlı nazirlik tərəfindən onlayn maarifləndirici tədbirlər davamlı aparılır. Amma bu ləngiməyə səbəb böyük həkim ordusunun prosesə qoşula bilməməsidir. Getdikcə bütövlükdə səhiyyənin elektron səhiyyə formasına keçidi nəzərdə tutulduğundan resept də bu işin parçasıdır və proses qaçılmazdır.
Yaxın aylarda bu proses sürətlənəcək. Xəstələr yaşı və sosial durumundan asılı olaraq, apteklərdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu barədə maarifləndirici təlimatlar olmalıdır”.
Beləliklə, araşdırma zamanı məlum olur ki, Elektron Resept sistemi qarşısında əsas maneə həkimlər və dərman monopoliyasıdır. Yəni nə həkimlər, nə də dərman bazarında hegemonluq edən şirkətlər bu sistemin tətbiqində maraqlı deyillər. Çünki hələ ilin əvvəlində Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov Elektron Reseptlə dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınmasının mümkün olacağını demişdi:
"Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq".
Deməli, bu sistemə keçdikdə həkimlər ona aid olmayan xəstəyə firma dərmanları, qida əlavələri və ya çox sayda yanaşı dərman yaza bilməyəcək. Həkimlərin yazdıqları reseptlərə sistemdə göz gəzdirmək kifayət edəcək ki, onun hansı şirkət, firma ilə əməkdaşlıq etdiyi görünsün. Üstəlik xəstənin diaqnozuna uyğun olmayan dərmanların yazılması da çətinləşəcək.
Amma görünür, bu sistem Azərbaycan səhiyyə reallıqları ilə hələ ki, üst-üstə düşmür.
Sadəcə, Nazirlər Kabinetinin qərarı havada qalmasın və dövlət başçısına Azərbaycan səhiyyəsi rəqəmsallaşdığı barədə məruzə olunsun deyə layihələrə vəsaitlər xərclənir, təqdimatlar həyata keçirilir...
 
 
 
Ardını oxu...
Bu məbləğ hər doğuş üçün 100 manat nəzərdə tutulub. Muxtar respublika hər il on minlərlə buzovun bu yolla doğulduğunu nəzərə alsaq, söhbət milyonlarla manatdan gedir. TEREF yazır ki, yerli fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu pullar iki ilə yaxındır ki ödənmir.
Şərur rayonundan olan fermer Cavad Qasımov deyir ki, ötən ildən bəri 7 inəyi bu yolla bala versə də, yerli Kənd Təsərrüfatı Nariyliyindən pulunu ala bilmir:
“Ötən ildən bəri təkcə Şərur rayonundan olan fermerlərə süni mayalanma ilə doğulan minlərlə buzova görə ödəniləcək pullar mənimsənib. Həmin pullar kənd təsərrüfatın inkişafına dəstək məqsədi ilə ödənilməlidir. Biz hər süni mayalanma üçün baytarlara 40 manat pul ödəyirik. Qanunla doğuşdan sonra nazirlik hər buzov başına 100 manat ödəməlidir. Biz buzovların doğulması ilə bağlı sənədləri nazirliyə təqdim etsək də, pulumuzu vermirlər. 2022-ci ilə kim bu pullar vaxtlı-vaxtında ödənirdi. Naxçıvanda hakimiyyət dəyişdikdən sonra mənimsəyirlər pullarımızı. Kimə şikayət ediriksə, xeyri yoxdur”.
Babək rayonundan olan digər fermer Nüsrət Hüseynov da sünü mayalanmadan doğulan 5 buzova görə nazirlikdən pul ala bilməməsindən gileylənir:
“Təkcə bu il 8 buzovum doğulub. Süni mayalanmaya görə baytarlara 240 manat ödəmişəm. Lakin, nazirlik bizə çatacaq pulları vermir. Dəfələrlə nazirlikdə olmuşuq, bizi başlarından edirlər. Bizə çatacaq milyonlar mənimsənilir”.
Naxçıvanda Süni Mayalanma Mərkəzi 2020-ci ildən fəaliyyət göstərir.
 

Ardını oxu...
Mingəçevir sakini Bədəlov Mahir Telman oğlu “Hürryyət”in redaksiyasına şikayətlə müraciət edib. Vətəndaş bildirir ki, bacısı Bədəlova Xatirə Telman qızı evdə kafelin üstündə müvazinətini itirərək yıxılıb. Bu zaman qadının dizi yaralanıb.

Ailə bir il bundan əvvəl icbari tibbi sığortadan yararlanaraq, xəstəni Bakı şəhərində yerləşən “HTC Cliniva Hospital”ında travmotoloq-ortoped Emil Kazım adlı həkimə əməliyyat etdirir. Şikayətçi iddia edir ki, həkim onlardan 1500 manat alıb. Tibbi aparatlarla baxış, həkimlər tərəfindən yoxlanış, analiz və s. proseslər zamanı da min manata yaxın pul xərclənilib.

Daha sonra evdə Bədəlova Xatirə bud nahiyyəsindən zədə alır və yenə həmin həkim tərəfindən əməliyyat olunmaq məcburiyyətində qalır. Bundan sonra isə xəstədə infarkt baş verir və onda insult yaranır. Bundan başqa Bədəlova Xatirə Telman qızı şəkər xəstəsidir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Bədəlova Xatirə Telman qızının səhhətinin qiymətləndirilməsi üçün ona məxsus sənədləri komissiyaya göndərir. Xəstəyə III qrup əlillik verilərək aylıq 150 manat məbləğində təqaüdlə təmin olunub. Bədəlov Mahir Telman oğlu vurğulayır ki, Bədəlova Xatirə Telman qızı ağır xəstə olduğuna və əlillik dərəcəsinin düzgün verilmədiyinə görə, iyunun 11-də bacısını Respublika Reabilitasiya Mərkəzinə aparıb. Ancaq qurum məsələni çözməkdən imtina edib.

Şikayətçi iddia edir ki, Respublika Reabilitasiya Mərkəzi Bədəlova Xatirə Telman qızını dəlixanaya göndərəcəklərini deyib. Şikayətçi isə məsələnini həllinin tapmadığına görə, narazıdır.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirir ki, Bədəlova Xatirə Telman qızının əlilllik dərəcəsi III qrup olaraq düzgün müəyyən olunub:

“Mingəçevir sakini Bədəlova Xatirə Telman qızının əlilliyi həm elektron sistem üzərindən, həm də 11.06.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Hər iki qiymətləndirilməyə uyğun olaraq, vətəndaşa Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, orqanizm funksiyalarının 60% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb”.
Ardını oxu...
İş adamı Dövlət Gömrük Komitəsinin onları get-gelə salmasından şikayətçidirlər.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində problemlərlə üzləşən iş “LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov bu qurumda üzləşdikləri məsuliyyətsiz yanaşmadan narazılıq edirlər.

İş adamı qeyd edir ki, Dövlət Gömrük Komitəsində Bakı Baş Gömrük İdarəsinin işindən xəbərləri yoxdur. Bildiriblər ki, əgər komitə paytaxtda yerləşən idarədə baş verənlərdən xəbərsizdirsə, o zaman Astara, Biləsuvar gömrük postlarında nələrin baş verdiyini heç bilməzlər.

Komitənin işindən şikayət edən R.Aslanov akt imzaladığını bildirib. Qeyd edib ki, məktubda da aktın olduğu görünür. Lakin Dövlət Gömrük Komitəsində Samir Əhədov iş adamına bildirib ki, sahibkara verilən elektron qaimə-fakturaların tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodu dəyişdirilib.

Sahibkar həmin kodun hansı əsasla dəyişdirildiyi barədə məlumatsız olduğunu bildirib, yalnız akta imza atdığını deyib.

Yenicag.az bu problemin həlli ilə bağlı Dövlət Gömrük Komitəsinin də cavabını dərc etməyə hazır olduğunu bildirir.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxs daha bir milyonluq tenderə imza atıb. JAMAZ.İNFO xəbər verir ki, e-tender.az saytında yerləşdirilmiş məlumata görə, Agentlik bu ayın 21-də anbar xidmətlərinin satın alınması kateqoriyası üzrə “ABŞERON EXPRESS” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Həmin müqaviləyə əsasən Agentlik ümumi sahəsi 13500 kvadrat metr olan anbarı bir illik müddətinə icarəyə götürəcək. Bunun üçün isə 1.425.600 manat pul ödənişi edəcək.

Araşdırmamız zamanı məlum olub ki, bu, Dövlət Məşğulluq Agentliyi ilə “Abşeron Express” arasında ilk anlaşma deyil. Bundan öncə də agentlik MMC ilə tender oyununun içində olub. Belə ki, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyi “Özünüməşğulluq proqramı çərçivəsində satın alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətlərinin satın alınması” kateqoriyası üzrə “ABŞERON EXPRESS” MMC-ni qalib edib. Bunun üçün isə həmin vaxt 849 min manat ödəniş edib.

Amma proses bununla yekunlaşmayıb. Agentlik 2022-ci ildə də eyni şirkətlə anbar xidməti üçün satınalma müqaviləsi bağlayıb. Bu dəfə isə agentlik MMC-yə 954 min manat ödəyib.

Qeyd edək ki, “Abşeron Express” MMC Qaradağ rayonu, Xocahəsən yolu 57 ünvanında yerləşir. Böyük imkanlara sahibdir, əsasən logistika üzrə ixtisaslaşıb. Lakin buna baxmayaraq, geniş anbar xidmətləri də mövzuddur.

Bildirək ki, “Abşeron Express”in İdarə Heyətinin sədri Ziya Ağayevdir.
 
Ardını oxu...
19 il Gəncə şəhər 39 saylı məktəbdə müəllim işləyən Səfər Hüseynov işdən qanunsuz olaraq çıxarıldığını iddia edir.

O, bu barədə "Bakupost" TV -yə müsahibəsində bildirib.
Məktəbdə "Çağırışaqədərki hazırlıq" fənnini tədris edən müəllim deyir ki, bəzi şagirdlər günlərlə dərsdə iştirak etmədiyi üçün onlara qayıb yazıb. Məktəb direktoru isə bu addımına görə onunla mübahisə edib və S.Hüseynovu işdən çıxarıb.
“O, jurnalda uşaqlara qayıb yazılmasından narazı idi. Bir sinifdə 17 şagird 5 ay dərsə gəlməyib. Elə sinif var ki, heç 20 şagird dərsə gəlmirdi. Direktor deyirdi ki, “şagirdlər dərs vaxtı repetitor yanına getməklə yüksək bal toplayırlar və məktəbin reytinqini qaldırırlar. Əgər onlar hazırlığa getməsələr, savadları olmayacaq. Ona görə də biz bu uşaqlara imkan yaratmalıyıq ki, yüksək bal toplamaq naminə hazırlığa gedib-gələ bilsinlər". Mən isə dərsdə olmayanlara qayıb yazırdım. Buna görə də direktor saxta sənədləşməylə məni Əmək Məcəlləsinin "ç" bəndiylə işdən çıxardı”.
S.Hüseynov bundan sonra işinə bərpa olunmaq üçün məhkəməyə üz tutub. Ancaq o, hələ də işə bərpa oluna bilməyib.
Daha ətraflı təqdim etdiyimiz süjetdə:

 
Ardını oxu...
"Bizə dedilər ki, asfalt 3 ildən sonra təmir olunmalıdır, dedik axı asfalt çəkilməyib"

Şəkinin Aşağı Göynük və Baş Göynük kənd sakinləri ölkə başçısına müraciət ediblər.

"Ocaq Palıdlar" adlanan ərazidə yaşayan Əsgərov Əsgər Mustafa oğlu və digər 20 sakinin adından daxil olan məktubda yol problemlərinin ağırlığından bəhs olunur.

Onlar "Arqument.az"a deyiblər ki, problemlə bağlı artıq 4-cü dəfədir rəsmi qurumlara və ölkə başçısına müraciət ünvanlayırlar, amma onları hər dəfə aldadırlar: "Cənab Prezident, biz Şəki-Qax yolunun 15-ci km-nin aşağı hisəsində "Ocaq Palıdlar" adlanan ərazidə yaşayan 90 ailənin adından 2018 və 2019-cu illərdə Sizə müraciət edərək "Kamaz yolu" adlanan 10 km-lik yolun asfaltlanmasını xahiş etmişdik. Gəlib ölçüb-biçib getdilər. Dedilər ki, 2020-2021-ci illər üçün bu yol plana salınacaq və yol çəkiləcək. Amma heç bir iş görülmədi. Bezib indi də şikayətlər etdik. Bu dəfə Şəki Yol İdarəsindən bildirdilər ki, 2023-cü ildə sizin yolunuz layihəyə uyğun olaraq çəkiləcək".

Məmurların biganəliyindən şikayətlənən sakinlər deyirlər ki, Şəki Yol İdarəsi saxtakarlıq edərək yolu asfalt adı ilə sənədləşdirib.
Ardını oxu...
Sakinlər hazırda bezib bu ərazilərdən köçüb-getmək məcburiyyətində qaldıqlarını deyirlər: "Digər tərəfdən də bizə bildirmişlər ki, sizin yolun təmiri üçün hələ vaxt çatmayıb. Yəni izah etdilər ki, yeni asfalt çəkilişindən ən azı 3 il vaxt keçməlidir ki, sonra təmirə başlaya bilək. Biz də deyirik ki, siz axı asfalt yolu çəkməmisiniz. Asfalt olmayan yolu necə təmrə başlayırsınız? İndi məlum olur ki, sənəd-kağız üzərində Şəki-Qax yolunun 15-ci km-dən Əriçay dəryaçasına qədər olan 10 km yol asfaltlanıbmış. Amma biz sakinlərin bundan xəbəri olmayıb. Bir sözlə, "Azəravtoyol" Şəki-Qax magistralının 35 km-lik, 9 m eni olan yolun 3-cü qat asfalt hissəsini sənədləşdirib. Orada qeyd ediblər ki, guya bizim "Kamaz yolu" adlanan gözdən uzaq 10 km-lik yola da asfaltı 2021-ci ildə çəkiblər. Reallıqda isə yol çəkilməyib, sadəcə, sənədləşdirib büdcədən bu təyinat üzrə ayrılan pulları mənimsəyiblər. Budur, artıq Şəki-Qax yolunda çoxlu çatlar və çoküntülər əmələ gəlib yol dağılmaq üzrədir. "Kamaz yolu" isə lap pis günə düşüb".
Ardını oxu...
"Yayda tozdan əziyyət çəkirik, qışda isə sulu çala-çuxurdan, xəndəklərdən bezmişik. Avtomobil texnikalarımız isə tez tez sınır. Sonuncu dəfə 2 il əvvəv 17 avqust 2022-ci ildə Sizə müraciət etmişdik. Sağ olsun, Ombudsman Aparatı kollektivi işə vicdanla yanaşıb aidiyyatı quruma cavab verməyi xahiş etmişlər. Amma bu yolaverdi cavabı bizi qane etmir. Bezmişik. Xahiş edirk ki, asfalt yol çəkmək adı ilə bizə yalan vədlər verən, milyonlarla büdcə pullarını mənimsəyənlər barəsində tədbir görəsiniz. Qoy aidiyyəti qurumlar bundan sonra işə vicdanlı yanaşsınlar, xalq da əziyyətdən qurtarsın", - sakinlər qeyd ediblər.
Ardını oxu...
"Arqument.az" adıçəkilən qurumlardan məsələyə münasibət öyrənə bilməyib.
 
 
 

Ardını oxu...
Nizami Rayon İcra Hakimiyyəti rayon ərazisində söküntülərə başlayıb.

Rayonun “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov küçəsində sahibkarların obyektlərinə vurulan reklam lövhələri sökülür.

Bu işin icra başçısı Coşqun Cəbrayılovun tapşırığı əsasında aparıldığı bildirilir.

Gundeminfo.az bildirir ki, sahibkarlar aztoday.az-a deyiblər ki, icra hakimiyyəti söküntünü COP29-la əlaqələndirir. Guya həmin reklam lövhələri standartlara cavab vermir, yanğına həssasdır və tez alışıb-yanan materiallardır.

Amma onlar icra hakimiyyətinin qərarına şübhə edirlər. Çünki dəmirdən olan reklam lövhələri də sökülür, yenilərinin vurulması üçünsə qeyri-leqal ödəniş tələb edilir.

“Maraqlıdır ki, bu reklam lövhələri elə icra hakimiyyətinin razılığı ilə vurulmuşdu. Əgər COP29 olmasaydı, bu məntiqlə sökülməyəcəkdi?

Əgər təhlükəli materiallardırsa, bəs niyə vaxtında buna icazə verdilər? Məsələ ondadır ki, sahibkarlardan pul qoparmağa hesablanıb bu addımlar”, – məlumatda qeyd olunur.

Sahibkarlar deyirlər ki, əslində, Azərbaycan Dövlət Reklam Agentliyinin nəzarətində olan məsələlərdir və “Reklam haqqında” Qanunla tənzimlənir, amma Nizami Rayon İcra Hakimiyyəti Dövlət Agentliyinin də işinə “əl qoyub”.

Rayon sakinlərinin dediyinə görə, həmin ərazidə cavan ağaclar da kəsilib, amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər hansı bir qərarı olmayıb: “Ümumiyyətlə, Nizami rayonu Bakıda ən çox yaşıl terror”un baş verdiyi rayonlardan sayılır, sanki bu rayona gələn icra başçıları ağac və yaşıllıqların qənimidir”.

AzToday.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün əraziyə baş çəkib. Məlum olub ki, həmin ərazidə üç ağac kəsilib və onların üstü torpaqla suvanıb ki, gənc ağaclar olduğu hiss edilməsin.

Bundan başqa, həmin ərazidə yeni dönərxana və kafelərin də açılmasına icazə verilib.

Maraqlıdır, COP29-a hazırlaşan ölkədə ağacların kəsilməsi iqlim dəyişikliyinə töhfədirmi? Yəqin, Nizami rayon İcra Hakimiyyəti analoqu olmayan belə bir kəşfə imza atıb, ölkə rəhbərliyinin isə bundan xəbəri yoxdur.

AzToday.az məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.

Ərazidən çəkilən fotogörüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevdən saxta diplom almış “məzun”ların siyahısını davam etdirəcəyəm. Bu gün isə onun diplom alveri ilə bağlı daha bir “innovasiya”sı barədə məlumat vermək istəyirəm". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:

"İndi qarpız mövsümüdür. Yaxşı qarpız yetişdirmək böyük səy tələb edir. Soruşa bilərsiniz ki, söhbət diplomdan gedəcəksə, qarpızın buna nə dəxli? Dəxli var, indi özünüz görəcəksiniz.

Gündən-günə “çiçəklənən” təhsilimiz elə bir vəziyyətə gəlib çıxıb ki, universitetlərə qəbul balı ildən-ilə aşağı salınmalı olur. Hər halda hələlik qəbul balı sıfırdan yuxarıdadır. Aşağı bal toplayıb universitetlərə göndərilən tələbələrdən bəziləri bir neçə gündən sonra oxuya bilməyəcəyini dərk edir və oxumaqdan imtina edir. Azərbaycan Dillər Universitetində də belə tələbələr olur. Lakin rektor Kamal Abdullayev onları universitetdən getməyə qoymur: “Bala, bura yaxşı universitetdir, sənədlərini götürmə. Diplom almaq üçün oxumaq vacib deyil. Biz sənə şərait yaradarıq, sonda gəlib diplomunu götürərsən”. Beləcə tələbə sənədləri götürməkdən vaz keçir. Diplomun behini almış Kamal Abdullayev diplomu qarpız kimi yetişdirməyə başlayır. Amma bu qarpız ən yaxşı halda 4 ilə yetişir. İldə 2 dəfə – yanvar və iyun aylarında Kamal Abdullayev becərmə prosesinə nəzarət edir. O, dekanlara həmin tələbənin “qarpız”ına qulluq etmək tapşırığı verir.

Boloniya prosesinin tələblərinə görə, tələbə hər bir fənn üzrə semestr ərzində minimum 34 bal, imtahanda isə minimum 17 bal toplamalıdır. Ona görə də Kamal Abdullayev “qarpız”ın becərilməsi üçün Universitetdə yalnız bir gün oxumuş qarpız sahibinə ilin hər iki mövsümündə bu balları yazdırır.

Bütün bu becərmə prosesini İndoneziyaşünaslıq ixtisasına qəbul olunmuş bir tələbənin becərmə vərəqinin mənə göndərilməsindən sonra müəyyənləşdirdim. O vaxt qarpız artıq 3-cü becərmə ilində idi. Araşdırdıqdan sonra məlum oldu ki, üzərində 34 bal göstərilmiş becərmə vərəqini heç də müəllimlərin hamısı imzalamayıb. Bu isə o demək idi ki, qarpız 4 ildən daha gec yetişəcək. Becərmə vərəqini imzalamayan müəllimlərin başına irəlidə nə oyunlar açıla biləciyini, yəqin ki, mənim əvvəlki yazılarımdan başa düşmək olar.

Bu yazının sadəcə söz oyunu olmadığını göstərmək üçün gələcək qarpız sahibinin becərmə vərəqlərindən birini sizə təqdim edirəm..."

Ardını oxu...
 
Ardını oxu...
Ölkədə əhalinin narazı qaldığı dövlət qurumlarından birinin də Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı strukturları olduğunu desək, yəqin, səhv etmərik. Düzdür, son illər aparılan islahatlar, kadrların yenilənməsi yol polisinin də fəaliyyətində müsbət dəyişikliklərə səbəb olub. Ancaq paytaxtda və rayonlarda yolların, küçələrin böyük ölçüdə kamera ilə təmin edilməsinə baxmayaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücüləri müxtəlif bəhanələrlə saxlaması hallarına hələ də rast gəlinir. Son vaxtlar isə bunun artması müşahidə olunur. Hətta bəzən YPX əməkdaşı sürücünü niyə saxladığını izah etməkdə belə çətinlik çəkir. Belə faktlar sosial şəbəkələrdə dəfələrlə yayılıb. Bu və digər hallara görə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cəzalandırılan, xidmətdən kənarlaşdırılan YPX əməkdaşları kifayət qədərdir. Ancaq qayda pozmadığı halda sürücülərin müxtəlif adlar altında saxlanılması halları, hətta avtomobillərinin cərimə meydançasına aparılması faktları yenə də azalmır.

“AzPolitika”-ya daxil olan məlumata görə, bu məsələdə Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmkarlarından bir qədər də “irəli gediblər”. Belə ki, nə qədər təəccüblü olsa da, təcili tibbi yardım xidməti göstərən avtomobili saxlayaraq cərimə meydançasına aparıblar.

Bu barədə saytımıza məlumatı cərimə meydançasında təcili tibbi yardım maşınını görən vətəndaşlardan biri verib. Vətəndaşın həmin vaxt çəkdiyi fotodan belə məlum olur ki, cərimə meydançasına aparılan “90 JZ 989” dövlət nömrə nişanlı təcili tibbi yardım maşını “Diamed” klinikasına aiddir.

Bunun səbəbini öyrənmək üçün əvvəlcə Yasamal rayon Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. Ancaq zənglərimizə cavab verən olmadı.

Bundan sonra təcili tibb yardım maşınlarının hansı səbəbdən cərimə meydançasında olduğunu öyrənmək üçün “Diamed” klinikası ilə əlaqə saxladıq.

Klinikanın Baş həkimi Leyla Abdullayeva faktı təsdiqləyərək bildirdi ki, həqiqətən, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikası təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılıb.

“Həmin vaxt təcili tibbi yardım avtomobilində tibb bacısı da olub. Xəstə çağırışına gedirdilər. Buna baxmayaraq, yol polisi əməkdaşları təcili tibbi yardım avtomobilimizi xidmətdən ayırıblar, heç bir qanuni əsas olmadan cərimə meydançasına aparıblar” – deyə, L. Abdullayeva bildirdi.

L. Abdullayeva qeyd etdi ki, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları bunun səbəbi kimi də avtomobilin üzərində mənsub olduğu klinikanın adının “DİAMED” yazılmasını göstərirlər: “Yasamal rayon yol polisi əməkdaşları bunun bir reklam olduğunu iddia edərək təcili tibbi yardım avtomobilimizi xidmətdən çıxarıblar və cərimə meydançasına aparıblar. Halbuki, qanunvericiliyə görə, klinikanın adının və nişanlarının özünün nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam sayıla bilməz. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əvvəla, operativ və xüsusi təyinatlı vasitələrdə reklamın yerləşdirilməsi qadağandır (25.4.1-ci maddə). İkncisi və ən əsası isə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur (25.5. maddə). Ona görə də, “Diamed” klinikasının təcili tibbi yardım avtomobilinin üzərində klinikanın adının yazılması təbiidir və bu, reklam hesab edilə bilməz. Ancaq görünür, Yasamal rayon yol polis əməkdaşları ya qanunun bu tələbini bilmirlər, ya da başqa məqsəd güdürlər”.

L. Abdullayevanın sözlərinə görə, son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikasının təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılır.

“Eyni rayonun yol polisi tərəfindən klinikamıza aid təcili tibbi yardım avtomobilinin qanuni əsası olmayan bir iddia ilə təkrar-təkrar saxlanaraq cərimə meydançasına aparılması bizi bunun arxasında hansısa qərəzin dayandığını düşünməyə vadar edir. Buna görə də, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin bununla bağlı müvafiq izahat verməsini və avtomobili xidmətə qaytarmalarını gözləyirik. Ancaq Yasamal rayon yol polisi bundan imtina edir. Buna görə də, qanuni tədbirin görülməsi üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmişik. Nəticəni gözləyirik.” – deyə, L.Abdullayeva sonda bildirdi.

Qeyd edək ki, hüquqşünas, yol hərəkəti və nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol patrul xidməti əməkdaşı sürücünü yalnız “Yol hərəkəti haqqında” Qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər.

“O, ürəyi istəyəndə, yaxud xoşuna gələn və ya gəlməyən istənilən avtomobili saxlaya bilməz. Yol patrul xidməti haqqında təlimatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin təsdiqlədiyi sənədə bütün daxili işlər orqanlarının əməkdaşları əməl etməlidir. Səbəb olmadan kimisə saxlamaq olmaz” – deyə, ekspert bildirib.

Daha sonra ekspert YPX əməkdaşının sürücüləri hansı hallarda saxlamaq hüququnun olduğunu qanuni müddəalarla izah edib. O bildirib ki, Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, YPX əməkdaşı aşağıdakı hallarda sürücülərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər: “Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə; Törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə sistemdə qərar olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda; Nəqliyyat vasitəsi axtarışda olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə)”.

Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.

Beləliklə, qeyd olunanlar Yasamal rayon Dövlət Yol Polis İdarəsi tərəfindən “Diamed” klinikasına aid təcili tibbi yardım xidməti göstərən avtomobilin saxlanılmasının qanuni əsaslarının olmadığını söyləməyə əsas verir. Elə isə məqsəd nədir?

Elman İsmayıllı

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti