Ardını oxu...
Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 58 min 504 manat 40 qəpik olan hədiyyə tipli suvenirlər (boşqab, xalça, armudu stəkan, kəlağayı və s.) və müvafiq döş nişanları alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. 2022-ci ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında isə Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son 2 ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
“Turrus” MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. AzTV-yə qrim ləvazimatları satan “Turrus” MMC, Neyrocərrahiyyə Xəstəxanası üçün təmir işləri həyata keçirib.
Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, texniki imkanlarının və maddi-texniki bazasının, həmçinin müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən qısa müddət əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa, təcrübəyə və işçi qüvvəsinə sahib olacağı da aydın deyil.
“Turrus” MMC-yə məxsus olduğu bildirilən “turrus.az” saytında şirkətin təmir işləri ilə məşğul olmasına dair heç bir məlumat yoxdur. Bunu “Turrus” MMC-dən Yeniavaz.com-a verilən məlumatda da təsdiqləyiblər. Özünü şirkətin satış təmsilçisi adlandıran Vüqar adlı şəxs bildirdi ki, onlar təmir işlərini subpodratçı şirkətlər vasitəsi ilə icra edirlər.
“Turrus.az” saytında diqqət çəkən başqa bir məqam isə odur ki, saytın “Vakansiyalar” bölməsində ölkənin aparacı mağazalar şəbəkəsindən biri olan “OMİD” mağazalarına məxsus elanlar yerləşdirilib. Eyni zamanda “turrus.az” saytında yerləşdirilən keçid vasitəsi ilə “OMİD” mağazalarına məxsus “omid.az” saytına daxil olmaq mümkündür.
“Turrus” MMC-nin rəsmisi isə bildirib ki, onların “OMİD” mağzaları ilə hər hansı bir bağlılıqları yoxdur. Saytda olan elanların saytı hazırlayan şəxslər tərəfindən yanlışlıqla yerləşdirilə biləcəyini qeyd edən şirkət rəsmisi bildirib ki, qısa müddətdə sözügedən texniki xətanı aradan qaldırmağa çalışacaqlar.
 
 
 

Ardını oxu...
Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus “Şərur” Mənzil-Tikinti Kooperativi ilə KODIS MMC arasında qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə alqı-satqı məsələsi dayanır. Məsələ məhkəməyə qədər uzanıb. KODIS MMC Bakı Kommersiya Məhkəməsində “Şərur” MTK-ya qarşı iddia qaldırıb. Zeynəb Axundova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı bəlli deyil. KODIS MMC-yə gəlincə, şirkət haqqında məlumatlar məhduddur. MMC-nin adına Azərbaycan Qida Təhlükəsizliyinin istehlaka yararsız müxtəlif növ qida məhsullarının məhv edilməsi ilə bağlı 2022-ci ildə yaydığı məlumatda rast gəlinir. Həmin məlumatda qeyd edilir ki, KODIS MMC-yə məxsus 2800 kiloqram çipsi məhv edilib. Bu məlumat MMC-nin qida məhsullarının satışı ilə məşğul olması barədə ehtimalları artırır.
“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər var. Onun bütün qanunsuz və özbaşına fəaliyyətinin arxasında da məhz E.Mahmudov və onun şəbəkəsinin dayandığı deyilir. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az bildirir ki, “Şərurlu İsfəndiyar” bir çox sahibkarı öz tərəfinə çəkir, onların pullarını mənimsədikdən sonra, qaranlıq əlaqələrindən istifadə edərək, həbs etdirib. “Şərurlu İsfəndiyar”ın qanunsuz yollarla qazandığı pulları ölkədən çıxararaq, xaricə “yatırımlar” etdiyi haqda da iddialar var. Xüsusilə onun İstanbulda tikinti biznesi qurduğuna və bu biznesi Azərbaycanda vətəndaşlarının pulları ilə idarə etdiyi bildirilir.

Bununla yanaşı, İsfəndiyar Axundovun oğlunun Avstraliyada və Afrikada zürafə alveri ilə məşğul olduğu məlumatda əksini tapıb. İş adamının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını payıaşırlar. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” var. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qaldır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir neçə il əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə getmişdi və bu medianın gündəminə düşmüşdü. O zaman bu hadisəyə “lap elə vertolyotum da var” deyə reaksiya vermişdi. Oxucuların yadına illər öncə baş vermiş bir kriminal hadisəni də salaq: İş adamının oğlu Şahin Axundov 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
“Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir. Həmin şəxslərin kimliyi haqda isə növbəti yazımızda.
 
Ardını oxu...
Elnur Rzayev Xaçmazın icra başçısı postuna heç də özünün fitri idarəçilik istedadı, rəhbər şəxs qabiliyyətinə görə təyin olunmayıb. Bunu geridə qalan zaman təsdiqləyir. Xaçmazın keçmiş başçısı Şəmsəddin Xanbabayev kimi idarə edən Elnur Rzayev gənc məmur etimadını doğrulda bilmədi. Əslində o, bura qədərki iş yerlərində də fəal, bacarıqlı kadr olmayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, Gəncədə ASAN Xidmətin direktoru, sonra icra başçısı Niyazi Bayramovun müavini olan Rzayev hər iki vəzifədə fərqlənə bilməyib. Gəncədə başçı müavini işləyərkən isə qeyri-rəsmi “qara kassa” rolunu oynayıb. Onun Gəncədən Xaçmaza təyinatı isə bir qədər gözlənilməz oldu. Çünki bir rayonu idarə edəcək potensiala malik deyildi. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, Xaçmazın rəhbəri kimi onun görüşləri öncədən təlimatlandırılmış şəxslərlə təşkil olunur. Odur ki, rayonda problemlər xirtdəyə qədər, həllini gözləyən məsələlər çox, amma Rzayev əlini ağdan qaraya vurmur. Bütün bu detallar onun vəzifədən gedişini sürətləndirə bilər.

Məlumata görə, seçkidən sonra prezident idarəetmədə mühüm kadr dəyişiklikləri həyata keçirəcək. Bu sırada yerli icra hakimiyyəti rəhbərləri də yer alacaq və Elnur Rzayev də gənc icra başçısı olmasına baxmayaraq, yola salınacaqlar siyahısındadır. Xaçmazdan gələn xəbərlərə görə, Rzayev məhz başçı kimi prezidentin tapşırıqlarını yerinə yetirə bilməyib, əhali ilə işləməyib. Bu da Xaçmazda böyük narazı ordusu, şikayətçilər batalyonu yaradıb. Onu da bildirək ki, icra başçısı 450 min manata “Range Rover” maşını almaqla bir müddət əvvəl gündəmə gəlmişdi. Mətbuatda həmin maşın haqda bildirilmişdi ki, Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib. Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ali Məhkəmənin sədri İnam Kərimovun qohumudur. İnam Kərimov ASAN Xidmət rəhbəri olanda, onu da Gəncə üzrə mərkəzə direktor təyin etmişdi. Elnur Rzayev həm də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əlavə edək ki, Rzayev gündəmə həm də şəhidlərə hörmətsizlik etməkdə ittiham olunmaqla gəlmişdi. Ağ Partiya sədri Tural Abbaslı onu tənqid etmişdi: “Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?!”
 

Ardını oxu...
Son illər ölkədə bankların müflis olaraq, bağlanma tendensiyası xeyli artıb. Bunun obyektiv və subyektiv səbəbləri var ki, onlara toxunmaq istəmirik. Çünki bu çox uzun bir mövzudur və daha geniş araşdırmaya ehtiyac var.
Tribunainfo.az xəbər verir ki, bağlanan banklarda depoziti və əmanəti olan vətəndaşların pullarının geri qaytarılması prosesi demək olar ki, məşəqqətə çevrilib. 2016-cı ildə yaradılan Azərbycan Əmanətlərin Sığortalanma Fondu ayrı-ayrı şəxslərin banklarda qalan pullarını sahiblərinə ödəməsini öz üzərinə götürüb. ​Həmin müddətə qədər isə bu prosesi “Azerbaijan İnternational Consulting Company” MMC həyata keçirib.
Qeyd edək ki, Əmanətlərin Slğortalanma Fondu indiyə qədər açıqladığı hesabatlarında ləğv edilmiş banklar üzrə milyonlarla manat pulun sahibinə ödənildiyini bildirir. Lakin bu pulları hansı şəkildə və necə və ya hansı məbləğlərlə geri verdiyi barədə heç bir bilgi qeyd etmir. Bunu da onunla əsaslandırılar ki, guya, məlumatlat konfedensialdır və şəxslərin adları açıqlana bilər.
Əslində isə durum bir qədər fərqliir. Məsələ belədir ki, Əmanətlərin Sığortalanma Fondu vətəndaşların pulunu qaytarmağa məsul olan qurumdan daha çox bazara çevrilib. Məsələn, hal hazırda 2012-ci ildə ləğv edilmiş “Royalbank” ASC-də depozit və əmanəti olan şəxslər pullarını ala bilməyiblər. Və ya onlara hər iki və ya üç aydan bir 300-500 manat ödəməklə kifayətləniblər.
İndi sual oluna bilər ki, Əmanətlərin Sığortalanma Fondu 12 il ərzində 50-60 min manat depoziti və ya əmanəti niyə ödəmir? Qurumun bununla bağlı əsas bəhanəsi budur ki, yığımlar həyata keçirldikcə, onlar da vətəndaşların pulunu geri qaytarırlar. Bəs, necə ola bilər ki, hər hansı ləğv edilmiş bankın 12 il müddətində pulu tam ödənilə bilməyib? Bu illər ərazində bankın yığımları heç olmayıb ki? Mülkləri, inventarları və sairə olmayıb ki, satılaraq camaatın pulunu bağlasınlar?
İddia edə bilərlər ki, yoxdur. Amma yenə yalana bürünəcəklər. Çünki noyabr ayında “Röyal Bank”a məxsus ofisin 1 milyon manata satılması elə Fond tərəfindən təsdiqlənib. Yəni, qaçacaq yer yoxdur. Amma həmin pulla vətəndaşların depozit və əmanətlərini verməkdə “sancı” çəkirlər.
Axı, vətəndaş etibar edib, inanıb, güvənərək pulunu banka qoyub ki, onun mənfəəttini götürsün. Belə deyək ki, güvənib, heç mənfəət güdmədən pulunu bankda saxlayıb ki, dar günündə, xeyir işində və sair məsələlərdə istifadə eləsin. Amma üzləşdiyi durum isə budur ki, həmin pulu nə ala bilir, nə də bir işinə yarayır.
Tribunainfo.az xəbər verir ki, məsələnin kokündə dayanan əsas amil heç də Əmanətlərin Sığortalanma Fondunun pulunun olmaması və ya yığımları lazımi qaydada həyata keçirə bilməməsi deyil. Söhbət burada Fondun bazara çevrilməsidir.
Belə ki, Fonda çıxışı və ya tanışı olan, o cümlədən tapşırmaq imkanı olanlar pullarını çoxdan alıblar. Təbii ki, qarşılıqsız yox. Bunun üçün bankda olan pullarının ən azı 10-20 faizlərindən keçməli olublar. Yəni, adamı, çıxışı, imkanı olmayanlar Fondda olan pullarını ala bilməyərək, illərlə süründürülürlər. Bir növ bazara döndərilmiş fondda mütləq tanışın, bazarlaşa biləcəyin biri olmalıdır ki, illərlə pulun ilişib, qalmasın.
Maraqlı məqamlardan biri həm də odur ki, ləğv edilmiş bankda depoziti və ya əmanəti olan şəxs başqa bankda olan kredit borcunu bağlamaq üçün müraciətinə də baxılmır. Hətta bəzən bu bankların hər ikisi ləğv olunma prosesində olurlar. Məsələn, vətəndaşın “Muğanbank”da depoziti var, amma “Röyalbank”da krediti mövcuddur. Hər iki bankın ləğvedicisi isə Əmanətlərin Sığortalanma Fondudur. Vətəndaş da həmin kreditin öz pulu ilə bağlanmasını təklif edir ki, bu da Fond tərəfindən rədd edilir. Səbəb kimi, bankların ayrı olması göstərilsə də, bu bəhanədir. Eyini zamanda, məntiqsizdir. Çünki hər iki bankın ləğvedicisi eyni fonddur. Həmçinin hər iki bankın bütün rezvizitləri, əməliyyat aparmaq üçün mexanizmləri Fondun ixtiyarındadır. Yəni, bir bankdan pulu digər banka yönəltmək onlar üçün su içim kimi bir şeydir. Amma etmirlər. Səbəb də budur ki, belə işlərdən qazanc əldə etmək olmur.
Bu əsnada, bəzi məlumatlara görə, Fondda bir biri ilə yola getməyən iki qruplaşma var. Onlardan birinə qadın, digərinə isə kişi rəhbərlik edir. Tərəflər arasında münasibətlər heç də mövqe və məqama görə deyil. Bu savaşın başlıca səbəbi kimi daha çox pul qazana biləcəyidir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, əmanət və ya depozitin qaytarılmasından 10-20 faiz qazanac əldə etmək uğrundadır.
Lakin belə görünür ki, bu iki qruplaşmanın ömrü uzun sürməyəcək. Çünki Əmanətlərin Sığortalanma Fondunun rəhbərliyi və əsas heyəti yaxın günlərdə dəyişdiriləcək. Bunun üçün ən geci mart ayını gözləməyin lazım olacağı deyilir. Bildirilir ki, Fondun rəhbərliyi və əsas heyəti Mərkəzi Bankın kadrları deyillər. Həmçinin haqlarında xeyli sayda şikayətlər də var.
Bir sözlə, Əmanətlərin Sığortalanma Fondu ölkədə təkcə bank sektoruna güvənsizlik, etibarsızlıq yaratmır. Həm də bazara çevrilib. Adamın varsa, bazarlıq edib pulunu ala bilərsən. Əks təqdirdə, bankda olan pulunu dilənçi payı şəklində hissə-hissə qaytarılmasına dözəcəksən.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Eyyubova Siranuş Cəbrayıl qızı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovanı şikayət edib.

Siranuş Eyyubova bildirir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında şəhidlər verib. Böyük qardaşının oğlu I Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəmandır. Kiçik qardaşının oğlu 44 günlük Vətən müharibəsi şəhidi, bibisi nəvəsi 1 günlük antiterror əməliyyatının şəhididir. Bir sözlə, Siranuş xanımın həmişə gözü ağlar olub, şəhid yaxınlarının qanları, canları bahasına Qalib ölkəyə çevrilən Azərbaycanın alnı açıq, üzü ağ vətəndaşı kimi bu torpağın çörəyini yeməyi haqq edib. Amma şikayətlənir ki, uzun illər kiçik tibb bacısı vəzifəsində işlədiyi Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova onu bu bir tikə çörəkdən məhrum edib. Ötən ilin noyabr ayının 17-də Siranuş xanımın pensiya yaşı (65) tamam olan kimi onu yaş senzi ilə əlaqədar çalışdığı İnfeksion xəstəliklər şöbəsindəki işindən kənarlaşdırıb.

Yeri gəlmişkən, Sevda Məmmədovanın özü 69-u haqlayıb, yaşa qalanda Siranuş Eyyubovadan bir neçə bayram böyükdür. Sevda Məmmədova 2019-cu ildən direktorluq etdiyi Qazax RMX-na başqa yerdən gəlməyib, 44 ilə yaxındır ki, Qazax səhiyyə sistemində çalışır. Yəni, elə Siranuş Eyyubova ilə çiyin-çiyinə. Adam bütün sülaləsini rəhbərlik etdiyi müəssisədə işlə təmin edib, yaşı ötmüş qohumlarını da vəzifədə saxlayıb. Belə ki, əri Musa dəri-zöhrəvi həkimi, bir bacısı Gülüş uşaq həkimi, digər bacısı Hüsniyyə diş texniki, bacısı oğlu elektrik vəzifələrindədirlər. Siranuş xanımın sözlərinə görə, Musanın yaşı 75-dir, Gülüş işə çıxmadığı halda maaş almaqdadır, Hüsniyyə isə özü psixi xəstədir. Əgər, Sevda Məmmədova gənc kadrları irəli çəkmək istəyirsə, ilk növbədə özü və əri kreslolarından əl çəkməlidirlər.

Şikayətçi mərkəzi xəstəxanada Sevda Məmmədovanın öz qohumlarından başqa da “əziz-xələflərinin” olduğunu bildirir: “Direktor Doğum Evində yaş senzi ilə əlaqədar işdən çıxardığı sanitarın yerinə həmin şəxsin gəlinini, camaşırxanaya isə qızını işə qəbul edib. Təbii ki, gedən adama bunca böyük diqqətin göstərilməsinin təmənnasız olduğunu düşünmək sadəlövhlük olar. Arzu adlı sanitar adı gecə növbəsinə yazılsa da, heç vaxt gecələr növbəyə çıxmır, ixtisası olmadığı halda xəstələrə iynə vurur. Direktor Arzuya qeyri-rəsmi ixtiyar verib ki, əlinə süpürgə götürməsin, özünü pasientlərə tibb bacısı kimi tanıtsın, tibb bacısı Ülviyyə isə həkim kimi təqdim olunur. İnfeksion xəstəliklər şöbəsinə gecə qəfləti yoxlama göndərilsə, tibb personalından heç kəsin işdə olmadığı, xəstələrin başlı-başına qaldıqları məlum olar”.

Siranuş xanım bildirir ki, direktor onunla əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini yerinə şəhid ailəsini götürmək niyyəti ilə əlaqələndirib. Hərçənd, sonradan məlum olub ki, Siranuş xanımın yerinə işə götürülən şəxsin heç bir güzəştli statusu, imtiyazı yox imiş. Təbii ki, Siranuş Eyyubova işinə bərpa olunmaq üçün səy göstərib. Amma direktor ona deyib ki, TƏBİB sədri Vüqar Bayramov nə vaxt Qazax Xəstəxanasına vakant ştat göndərsə, o vaxt məsələyə baxılacaq. Halbuki, müəssisədaxili kadr siyasəti direktorun öz səlahiyyətindədir. TƏBİB rəhbərliyinə və daha yuxarı instansiyalara şikayət ünvanlayan Siranuş Eyyubova redaksiyamıza da müraciət edərək, məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.

P.S. Deyilən ittihamlarla bağlı Sevda xanım Məmmədovanın mövqeyini öyrənmək üçün ona zəng etdik. O, yekun olaraq bildirdi ki, şikayətçinin dedikləri doğru deyil, siz də nəyazırsınız yazın. Ancaq Sevda xanım doğruların nədən ibarət olduğunu demədən telefona «odboy» verdi. Biz də araşdırmalarımızdan sonra xanım direktorun əmlaklarından, o cümlədən əriklik adlanan ərazidə yerləşən qoşa villalarından və s. barədə oxucularımıza məlumat verəcəyik

Ardını oxu...
“Ya bu dərd məni yeyib bitirəcək, ya mən bu dərdi bitirəcəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova şəxsi sosial şəbəkə hesabında yazıb. Şöbə müdiri Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib:

Ardını oxu...

“Bir gün TN-nə zəng etdim, onda hələ ETN deyildi, heç indi də deyil. İçində alim yoxdur, bazar adamları var. Hə, zəng edib şikayət etdim ki, məmurlardan biri mənə təzyiq göstərir: yaramaz proqramları təsdiq etməyimi tələb edir. Mənə nə cavab versələr, yaxşıdır: "Könül xanım, siz gedin abituriyent hazırlayın". Bəli, abituriyent hazırlayan kursların rəhbərləri gəlib təhsilə doluşandan sonra elm və təhsil adamları təhsildən didərgin salındı. Sonuncu adamlardanam ki, zor-güc dirənib qalmışam və hamını ayıltmağa çalışıram, ölülər ayılmırlar. Ölülər öz cəlladlarının əlindən, ətəyindən öpürlər. Bu hələ çox adi bir faktdır. Mən istəyirəm ki, səsimi cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər. Biz məhv oluruq”.

O, haqq səsinin eşidilməsini istədiyini bildirib:

“Doğru danışanı yeddi köydən qovarlar, deyirlər. Lap yeddi planetdən qovun, amma dinləyin məni artıq. Bir gün oyanıb görəcəksiniz ki, Könül özünü asıb. Bu naduristlük içində yaşamağa daha gücüm qalmayıb”.

Qeyd edək ki, şöbə müdirinin bu statusu böyük rezonans doğurub. Çoxlu sayda insan şərh yazaraq, ona dəstəklərini ifadə ediblər.
Ardını oxu...
Zərbəliyev Tural Telman oğlu bildirir ki, qolu sındığı üçün əvvəlcə "Medical Plaza" klinikasına üz tutub. Başına gələnləri Anaxeber.info-ya danışan vətəndaşın sözlərinə görə, adıçəkilən klinikada ona deyilib ki, əməliyyat olunmalıdır. Lakin əməliyyat üçün 5 min manat istənilib və Tural Zərbəliyevin bu məbləğə gücü çatmadığı üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gedib. Xəstəxanada Əli adlı həkimin qəbulunda olub. Əli doktor bildirib ki, əməliyyata ehtiyac yoxdur, sınmış qolu gipsə qoymaq lazımdır. Şikayətçi deyir ki, 45 gün qolu gipsdə qalıb, həkim açılandan sonra qolun işləyəcəyinə arxayın edib. "45 gün sonra gipsi açdıq, qolum əyri qalmışdı, işləmirdi. Həkim dedi ki, masajla düzələcək. Amma düzəlmədi, 3-4 yerə getdim, dedilər ki, qolun qanqrena olub, ana sümüyü qısalıb, gərək gipsə qoyulmazdı. Dedilər ki, əməliyyat olunmalıdır, yoxsa bir müddət sonra əl fəaliyyətini dayandıracaq". Vətəndaş özəl klinikaların birində əməliyyat olunub, 5 min manata yaxın xərci çıxıb. Şikayətçi qeyd edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Əli həkimin səhv müalicəsi və lazımsız yerə gips qoyması onun bir əlinin tamamilə şikəst olmasına gətirib çıxara bilərdi. Vətəndaş həkimin məsuliyyətsizliyi ilə bağlı şikayətçidir və tədbir görülməsini xahiş edir.
 

Ardını oxu...
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanov təbiəti məhv edir.

Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.

Məlumata görə, Mahir Qurbanov Daşağıl çayında işlətdiyi qum-çınqıl karxanası çayın yatağını məhv edib.

İcra başçısı olan qardaşına arxalanan Mahir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət vermir.

Lisenziyasız fəaliyyət göstərən karxananın vergidən yayındığı da bildirilir.

Qeyd edək ki, Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayon icra hakimiyyətinin başçısıdır.

O, 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

Qlobal.az məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətindən mövqe öyrənəməyə çalışsa da, qarşı tərəf zənglərə cavab vermədi.
 
Ardını oxu...
Bir neçə gün öncə Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayət etmişdi.

Onlar deyirdilər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: “Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər “Arqument.az”a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib. Bu məsələ bir neçə dəfə mediada işıqlandırılıb.

Sakinlər qeyd edirdilər ki, bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: “Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır”.

Bələdiyyə sədri Adil Şükürov

Bələdiyyə sədri Adil Şükürov isə “Arqument.az”a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.

O deyirdi ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: “Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil”.

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Yazı dərc olunandan iki gün sonra Oğuz Rayon İcra Hakimiyyəti “Arqument.az”ın “Feysbuk” səhifəsinə yazıb. İcra hakimiyyəti qeyd edib ki, məsələ qeydə alınıb.

“Məsələ Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən qeydə alındı. Oğuz rayon Calut Bələdiyyəsinin arayışına istinad edərək bildiririk ki, vətəndaşların yaşayış sahələrinə olan ehtiyaclarının ödənilməsi məqsədilə bələdiyyə mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər kabinetinə müraciət edilmiş, müraciətə əsasən Baş nazirin müavini İsmət Abbasovun imzası ilə 14.03.2016-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi barədə məktub alınmışdır”.

“Həmin vaxtdan nəzərdə tutulmuş sənədlər hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilib. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı hazırlanıb. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib”, – deyə İcra Hakimiyyəti açıqlamasında qeyd edib.

Sakinlər isə İcra Hakimiyyətinin bu mövqeyini tənqid ediblər. Onlar deyirlər ki, Oğuz Rayon İcra Hakimiyyəti bu açıqlaması ilə Calut Bələdiyyəsini müdafiə edib: “Bu da səbəbsiz deyil. Calut Bələdiyyəsi İcra Hakimiyyətinin icazəsi olmadan torpaq sata bilməz. Onun İcra Hakimiyyəti ilə bu məsələdə ortaqlığı var və biz bu barədə növbəti şikayətimizdə onsuz da məlumat verəcəkdik”.

“Oğuz Rayon İcra Hakimiyyəti niyə narahat olub? Nəyi qeydə alıb, nəyi araşdırıb? Əgər araşdırma aparırdısa, şikayət edən tərəf bizik, bizi niyə dinləmədilər, bizimlə niyə görüşmədilər? Heç kəsə sirr deyil ki, bu məsələdə icra başçısı da bələdiyyə sədri ilə ortaqdır. Kim təsəvvür edə bilər ki, bələdiyyə sədri icra başçısı ilə məsləhətləşmədən torpaq satsın, ya hansısa addım atsın? Belə deyilsə, icra başçısı niyə narahatdır?”, – deyə sakinlər qeyd ediblər.

Onlar məsələ ilə bağlı ölkə başçısına da müraciət edəcəklərini deyiblər.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Ardını oxu...
Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub...

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru öz adına olan və 16 il müddətində fəaliyyət göstərən şirkətinin fəaliyyətinə xitam verib.

Ardını oxu...

AzFakt.com xəbər verir ki, 2008-ci ildə təsis edilən “Allure” MMC-nın varlığı barədə məlumat bir neçə il öncə ölkə mətbuatında yayılıb.

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə ötən ilin oktyabrında təyinat alsa da, o, uzun illər boyu bu nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. Yəni Eşqi Bağırov 10 ildən artıq bir müddətdə bilərəkdən dövlətin qanununu pozaraq rəsmi olaraq həm məmur olub, həm də bizneslə məşğul olub.

Xatırladaq ki, Eşqi Bağırov əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.

2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.

Qeyd edək ki, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub.

Ardını oxu...
Ardını oxu...

Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov bu qalmaqalalrı adlaya bilib və ona daha böyük vəzifə belə verilib. Bu isə onu göstərir ki, Eşqi Bağırovun arxasında ETN ssitemində ciddi bir qüvvə dayanır.

Qeyd edək ki, yerli mətbuatda Eşqi Bağırovun FETO-ya bağlı olması ilə bağlı iddialar səsləndirilib.

Dünyapress TV

Xəbər lenti