Ardını oxu...

Xəbər verdiyimiz kimi, ötən gün hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı siyahısı təqdim olundu. Siyahıya nəzər yetirdikdə isə görürük ki, YAP-ın bir sıra funksionerlərinin adı budəfəki namizədlər siyahısında yer almayıb.

Gundemxeber.az bildirir ki, yenicag.az-ın deputatların şəxsi biznesləri ilə bağlı apardığı araşdırmanın bugünkü “qonağı” Milli Məclisin V və VI çağırış üzrə YAP-dan olan deputatı Mahir Abbaszadədir.
Topdağıtmaz biznes və passiv deputatlıq fəaliyyətləri ilə seçilən M. Abbaszadə haqqında ölkə mətbuatında zaman-zaman bir sıra məlumatlar yer alıb.
Qeyd edək ki, Qarabağda bərpa-quruculuq işlərinin başlamasından sonra bir çox millət vəkilləri həmin ərazilərdə öz bizneslərini qurmaq üçün hərəkətə keçiblər. Həmin şəxslər arasında isə sözsüz ki, birinci yer M.Abbaszadəyə məxsusdur. 2020-ci il seçkilərində 121 saylı Laçın seçki dairəsindən namizədliyini verən M.Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl dükanlarına sahib olduğu bildirilir. Lakin haqqında korrupsiya faktları olduğu deyilən sabiq deputat bütün bunlara rəğmən dayanmayaraq, bu dəfə üzünü 8 il dalbadal təmsil etdiyi rayondakı biznes fəaliyyətini genişləndirməyə tutub. İddialara görə, M.Abbaszadə Laçında böyük otellər şəbəkəsi tikdirir, hətta inşa etdirdiyi kotteclər artıq fəaliyyətdədir.
Saytımıza daxil olan məlumata görə isə onun builki seçkilərdə adının siyahıya salınmamasının səbəbi haqqında olan korrupsiya faktlarıdır. Mənbə bildirir ki, onun biznes fəaliyyəti və dəbdəbəli yaşantısı YAP-ın siyasi imicinə zərər vurduğu üçün oliqarx deputat hakim partiya tərəfindən “vurulub”. Mənbənin sözlərinə görə, yaxın zamanlarda M.Abbaszadə haqqında biznes fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı geniş təhqiqat başlana bilər. Mənbəmiz əlavə edib ki, 8 il deputat kürsüsündə ağzına su alıb oturan sabiq parlamentari artıq “hədəf taxtası”na qoyulub.
Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan M.Abbaszadənin 4 il öncə “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə verməsi ilə bağlı informasiyalar dərc olunmuşdu.
Maraq üçün qeyd edək ki, sabiq parlamentarinin öz həyat yoldaşına ad günündə aldığı 300 min avro dəyərində hədiyyə, qolundakı saatın 100 min dollar olması və s. məsələlər həmişə ölkə mediasının əsas mövzusu olub.
Uzun sözün qısası, M. Abbaszadə Azərbaycan mətbuatına onsuz da tanış bir şəxsdir. Lakin onu da deməliyik ki, YAP-ın sıralarında M. Abbaszadə kimi “qələmi qırılan” deputatlar çoxluq təşkil edir.
Yenicag.az M.Abbaszadənin namizədlər siyahısından kənarda qalması və onun barəsindəki məlumatları dəqiqləşdirmək üçün özü ilə əlaqə saxlamaq istəyib.Lakin M.Abbaszadə saytın suallarını cavablandırmaqdan imtina edib.
Mövzunu davam etdirəcəyik.

 

Gundemxeber.az

Ardını oxu...
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “UFAZ-da 2024-cü il ərzində tədbirlər zamanı tələb olunan, nəzərdə tutulan iaşə (catering) xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib. Satınalma portalının məlumatına görə, tenderin qalibi “Lunchef Catering” MMC şirkəti (VÖEN: 2005077961) olub. Qalib şirkətlə 116 218 manat məbləğində müqavilə imzalanıb.

Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib. Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bu məqam müəyyən şübhələr yaratdığı üçün Meydan TV araşdırma aparıb.
Ardını oxu...
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, “Lunchef Catering” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 AZN nizamnamə kapitalı ilə 2018-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Hazırda qanuni təmsilçisi Nilufər İskəndər qızı Qara olaraq göstərilir.

6 ildən çoxdur ki, fəaliyyət göstərən “Lunchef” keyterinq şirkəti Azərbaycanın bölgələrində – şirkətlərdə, müxtəlif tədbirlərdə, korporativ yığıncaqlarda yemək xidmətləri təşkil edir. Zavodlar, fabriklər, məktəblər, tibb müəssisələri və s. kimi yerlərə qida təmin edən şirkət, daşınma yemək, bufet, furşet, kofe-breyk, biznes-lanç kimi xidmətləri təqdim edir.

Şirkətin müştəriləri arasına BECOC (Bakı şəhər halqası), SOCAR-ın Qaradağda yerləşən qurudakı buruqları və Sənaye Təhlükəsizlik İdarəsi, Milli Onkologiya Mərkəzi, Müdafiə Nazirliyinin tərkibində olan Dəniz Hərbi Qüvvələri, “AZOREL”, “Cinemaplus”, “Shafak Group”, “Caspian Entertainment” şirkətləri və s. müəssisələr daxildir.

Nilufər Qara yerli mətbuata müsahibəsində hazırda şirkətin 3 mətbəxi və 30 işçisinin olduğunu qeyd edib. Mətbəxlərdən birinin şəhərin mərkəzində, birinin Pirallahıda, digərinin isə Qaradağda yerləşdiyini bildirir. Hazırda 86 çeşiddə təamların hazırlandığı vurğulanır.

Rəsmi saytlarında özünü şirkətin direktoru kimi təqdim edən Nilufər Qara (Qarayeva) SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İskəndər Yaqub oğlu Şirəlinin qızıdır. O, 25 ildən artıq Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri vəzifəsində çalışıb.

Yerli mətbuatın yaydığı sənədlərə görə İskəndər Şirəli Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri vəzifəsində olduğu müddətdə öz qızının şirkəti ilə müqavilə bağlayıb və direktoru olduğu qurumun 400 işçisinin yemək təminatını qızının şirkəti vasitəsilə həyata keçirib. Bu şirkətə aid “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranı vasitəsilə yeməklər hazırlanıb və dövlət qurumuna çatdırılıb.

Nilufər Qara müsahibəsində də qeyd etdiyi kimi, şirkətin mətbəxlərindən biri hazırda Qaradağda, yəni SOCAR-ın Qaradağda yerləşən qurudakı buruqları və Sənaye Təhlükəsizlik İdarəsini yeməklərlə təmin edir. Həmin idarə də atası İskəndər Şirəlinin rəisi olduğu idarədir.

Bundan başqa, İskəndər Şirəli idarə rəisi təyin ediləndən sonra yaxın qohumlarını SOCAR-da işə düzəltdiyi bildirilirdi. Meydan TV 6 il öncə eyni yerdə çalışan qohumların siyahısını əldə edib və ictimailəşdirmişdi. Bundan başqa ​yerli mətbuatda İskəndər Şirəlinin daşınmaz əmlak və biznes siyahısı da yayılmışdı.

Oğlu Xəzər Şirəli əvvəllər SOCAR-da Mexanika Mühəndisi olaraq çalışsa da, hazırda “Paşa Holdinq”ə aid, PAŞA Development (daşınmaz əmlak) şirkətində mexanika mühəndisi olaraq işləyir. Digər qızı Leyla Şirəli isə “Ağ şəhər” Rəsm Qalereyasının direktorudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın iki ay öncəki qərarı ilə İskəndər Şirəli, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin “Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor” elmi adına layiq görülüb. Bundan əlavə, professor, ölkə başçısı İlham Əliyev tərəfindən 2011-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adı və 2017-ci ildə isə 3 – cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin, şəxslərin tenderdə iştirakı qadağandır. Dövlət Vergi Xidmətinin saytına istinadən isə “Lunchef Catering” MMC şirkətinin dövlətə 347.8 AZN borcu var.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur. Həmçinin vəzifəli şəxsin öz ailə üzvünü, qohumunu və ya yaxın dostunu işə götürməsi, vəzifədə irəli çəkməsi də maraqlar toqquşmasının bir növüdür.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə 116 218 manat məbləğində müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir.

Meydan TV İskəndər Şirəli ilə əlaqə saxlaya bilməyib. Dəfələrlə edilən zənglər cavabsız qalıb. Suallar onun “Whatsapp” nömrəsinə də göndərilib, lakin cavablandırılmayıb.

Atasından fərqli olaraq, Nilufər Qara Meydan TV əməkdaşının ona ünvanlanmış suallarını dinləyib və əsəbləşib. Meydan TV həmin sual-cavabı olduğu kimi təqdim edir:

– Nilufər xanım, atanız Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin müdiri vəzifəsində olduğu zaman sizin şirkət ilə müqavilə bağladığına dair sənədlər mövcuddur. Bunun qanun pozuntusu olduğunu bilirsinizmi?

– Siz kimsiz? Bu nə sualdır? Mən bu suala cavab vermək məcburiyyətindəyəm? Mən başa düşmürəm sizin sualınızı.

– İkinci sualımız isə odur ki, sizin şirkət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçirdiyi tenderin qalibi olub. Şirkətinizin hər hansı tenderdə qalib olmasında atanızın əməyi və təsiri varmı?

– Xəstəsiniz siz? Sizdə problem var? Ümumiyyətlə, nə danışırsınız siz? Bu, nə sualdır? Nə etmək istəyirsiniz? Biz şikəstik də, biz işləyə bilmirik, düzdür?! Atam hardasa işləyirsə, mən işləyə bilmərəm də? Bu, nə suallardır? Sual verirsiz, bilirsiz nə sual verirsiz, ümumiyyətlə? Mən sahibkaram, 8 ildir sahibkaram. Sıfırdan iş qurmuşam özümə, əziyyətimlə. Birinci “UFAZ”-ı mən tenderlə udmuşam, dövlət satınalmasından. Sizin tenderə şübhəniz varsa, deməli, dövlətə şübhəniz var. Nə danışırsız siz? Şəffaf şəkildə mən tender qalibi olmuşam. Siz hansı sifarişlə bunu edirsiz? Sizə nə qədər pul veriblər ki, siz belə danışırsız? Mən sizi məhkəməyə də verə bilərəm bu şeyə görə. Yəni mən axıra kimi də gedərəm, məhkəmədə uduzduraram sizi. Xahiş edirəm, bir də bizi narahat etməyin.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində qanunsuz inşaat işinin aparılması barədə xəbər vermişdik. Aparılan inşaat işinin qanundankənar olduğu həm Abşeron Rayon İcra Hakimiyyətindən, həm də Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən rəsmi məlumatlarda öz təsdiqini tapıb.
Daha əvvəl FHN-dən verilən məlumatda qanunsuz tikintinin qurum tərəfindən nəzarətə götürüldüyü və sökülməsinə başlanıldığı bildirilmişdi. Sakinlər inşaat prosesinin davam etdiyini bildirdikdə, FHN təkrar açıqlama vermiş və bir daha tikintinin nəzarətə götürüldüyünü bəyan etmişdi.
Masazır sakinləri növbəti dəfə Yeniavaz.com-a müraciət edərək, ərazidə tikinti prosesinin davam etdirildiyini bildiriblər.
Onlar qanunsuz tikintinin davam etdirildiyinə dair fotoları da redaksiyamıza təqdim ediblər:
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı təkrar FHN-ə müraciət etdik. Qurumdan bildirilib ki, obyekt sahibinə icazə sənədinin alınması barədə xəbərdarlıq edilib:
“Bildiririk ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksi ərazisində aparılmış qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı icazəverici sənəd olmadığından, tikinti işlərinin dayandırılıması barədə 24.06.2024-cü il tarixli 0554 nömrəli Qərar verilmişdir. Qərar tikinti ərazisinə nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinə göndərilmişdir.
Lakin, verilmiş qərara məhəl qoymayaraq ərazidə bir neçə dəfə tikintinin aparılmasına cəhdlər edilmiş, bu cəhdlərin qarşısı alınmış, obyektdə qismən söküntü işləri aparılmışdır.
Hal-hazırda tikinti işləri dayandırılmış və obyekt sahibinə icazə sənədinin alınması barədə xəbərdarlıq edilmişdir. Müəyyən edilmiş müddətdə tikintiyə dair icazə sənədi alınmadığı təqdirdə Agentlik tərəfindən qaydalarla müəyyən edilmiş növbəti tədbirlər həyata keçiriləcəkdir”.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.
 
Ardını oxu...
Bir neçə gündür ki, ölkə gündəmi 29 yaşlı Aybəniz Almuradovanın "Reo-Med" klinikasındakı müəmmalı ölümü ilə çalxalanır. Qadın estetik əməliyyat zamanı verilən narkozdan sonra komaya düşüb və 21 gün ərzində dünyasını dəyişib.

Ancaq hadisənin maraqlı və qaranlıq tərəfləri sözügedən klinikanın kimlər tərəfindən idarə olunması ilə bağlıdır.

Məlumata görə, "Reo-Med" klinikasını idarə edən şəxslər arasında "Dünya TV"nin rəhbəri Ramiz Hüseynovun oğlu Əli Hüseynovun adı hallanır. Belə ki, Əli Hüseynov özünü gah adıçəkilən klinikanın mühafizəçisi kimi, gah da ora aidiyyatı olmayan şəxs kimi göstərməyə çalışsa da, iddialar başqa şey deyir. Bildirilir ki, "Alo Doktor" klinikasının rəhbəri olan Əli Hüseynov, həm də "Reo-Med" klinikasının qeyri-qanuni idarəçisidir. Bu, Əli Hüseynovla bağlı ilk qalmaqallı hadisə deyil. Qeyd olunur ki, təxminən 2-3 il öncə Əli Hüseynov avtomobillə adam vuraraq öldürüb. Hətta iş məhkəməyə qədər gedib çatsa da, Əli Hüseynov atası Ramiz Hüseynovun əlaqələri hesabına həbsdən boyun qaçıra bilib və yalnız icbari iş almaqla kifayətlənib. Əli Hüseynov "Alo Doktor" klinikasını sumqayıtlı sahibkar Vüsal Səfərov adlı şəxslə şərik kimi idarə edir.

İddialarla əlaqədar Ə.Hüseynovla əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Pravda.Az
 
 
 
Ardını oxu...
Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir.

Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəalkət nəticəsində yararsız vəziyyətə düşüb.

Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib.

"Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?", - şəhid anası müraciətində yazıb.

Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: "Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz".

Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür:

"Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq".

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.
 

 
Ardını oxu...
…Cəmiyyət arasında belə bir fikir var ki, Azərbaycanda səhiyyə sahəsində hələ də ciddi islahatlar tələb olunur. Düzdür, günün tələblərinə cavab verən səhiyyə ocaqlarımız və bacarıqlı həkimlərimiz də yetərincədir. Amma bəzən, necə deyərlər, «atın qabağına ət, itin qabağına ot» məsəlində deyildiyi kimi, əcaiblərlə də rastlaşırıq. Təəssüflər olsun ki, yaxşılar hələki olduqca azdır, yaxud, əksinə, peşəkarlara lazımi şərait yaradılmaması üzündən, həmçinin bəzi yerli həkimlərə etibar edilmədiyindən insanlarımız xarici ölkələrə üz tuturlar. Elə söhbət açacağımız Gəncə şəhərində yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”ndə baş verən, lap açıq desək, bəzi qanunsuzluqları, səhiyyə xidmətinin həddindən artıq aşağı səviyyədə olmasını görənlər də, təbii ki, başqa ünvanlara üz tutacaqlar.

***

Məlumat üçün qeyd edək ki, “Təzadlar”ın Araşdırma Qrupunun layihəsi çərçivəsində, bəzən daxil olan ciddi şikayətləri, göstərilən problemləri yerində araşdırmaq üçün Azərbaycanın bütün bölgələrinə getməli oluruq. Çünki bizə etibar və etimad varsa, biz də bunların doğruldulması üçün əlimizdən gələni etməliyik.

Hətta elə insanlar da var ki, maddi imkanı aşağı olduğundan Bakıya gəlib redaksiyalara dərdini deyə bilmir… Belə insanların problemini, həmçinin ayrı-ayrı məmurlardan, idarə və müəssisə rəhbərlətindən olan şikayətləri də yeində araşdırmaq və həmin şikayətçiləri dinləmək üçün bir neçə dəfə bölgələrdə olub, yazılar və video çəkilişlər etmişik. Həmin reportajları saytımızda və tezadlarTV-nin efirində yayımlamışıq, müsbət nəticələri də var.

***

Belə şikayətçilərdən bir qrupu da “Yeni Gəncə Tibb Mərkəzi”ndə çalışan tibb işçiləri və vətəndaşlardır. Bu vicdanlı işçilər klinikada baş verən qanunsuzluqlarla barışmırlar. Ona görə də baş verən hüquqpozmalar barədə məlumatları aidiyyəti ünvanlara çatdırmaq üçün redaksiyamıza şikayət məktubu ünvanlayıblar və bizləri də Klinikaya dəvət ediblər. Biz «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq, əks tərəfi dinləmək, həm də yazılanlarla məhz yerində tanış olmaq üçün iyulun 11-də Gəncə şəhərindəki “Yeni Gəncə Tibb Mərkəzi”nə ezam olunduq.

Bəli, Tibb Mərkəzinin çox möhtəşəm binası var. İçəridə xəstəxanaya gələnlərin çoxluğunu görəndə Bakıdakı xəstəxanalar göz önünə gəldi.

Ardını oxu...

(Baş həkim Mahir Babayev)

…Beləliklə, əvvəlcə klinikanın Baş həkimi Mahir Babayevlə görüşüb şikayət məktubunu və mənim ezam olunmağım barədə rəsmi məktubu ona təqdim etdim. Elə üz-gözündən oxudum ki, jurnalistlə görüşmək heç də ürəyindən deyil. Eyni zamanda, təəccüb qaldım ki, görüşümüz baş həkimin öz kabinetində yox, təkçarpayılı bir palatada oldu. Təbii ki, bunun səbəbini soruşmalı idim və soruşdum da. Cavabı belə oldu: “Mənim özümün kabinetim yoxdur”.

Necə deyərlər, inanan daşa dönsün…

***

M.Babayev redaksiyamıza ünvanlanmış şikayəti diqqətlə və axıra qədər oxudu. Sonra hüquqşünas dediyi Mehman adlı şəxsə zəng edib bildirdi ki, “Yanına bir jurnalist gələcək, onu maraqlandıran suallara cavab verərsən… Gör nə istəyir…” və sair. Dərhal bildirdim ki, ay Mahir müəllim, mən hüquqşünasın yanına niyə getməliyəm? Axı biz yazını hələ dərc etməmişik və ona görə də hüquqşünaslıq hələ işimiz yoxdur.

Mahir müllim əlavə etdi ki, Mehman müəllim həm də ictimaiyyətlə əlaqələrə cavabdehdir və məni birinci mərtəbədəki 7-ci otaqda gözləyir. Dözməyib yenə də soruşdum ki, Mahir müəllim, bu məktubda baş həkim kimi ünvanınıza səslənən ittihamlara Mehman müəllim cavab verə biləcəkmi? M.Babayev yenə israr etdi ki, ora gedim və Mehman müəllim bütün suallara cavab verəcək, vəssalam!

***

Aydın məsələ idi ki, baş həkim M.Babayev sadəcə məndən yaxasını qurtarmaq istəyirdi. Çünki şikayət məktubunda ona hədəflənən suallar və sorğular yetərincə idi. Göstərişə əməl edərək, birinci mərtəbədəki 7-ci otağın qapısını döyüb içəri daxil oldum. İçəridə oturan şəxsdən soruşdum ki, Mehman müəllim sizsiniz?

Sonra aramızda belə bir dialoq oldu:

-Bəli mənəm…

-Siz xəstəxanın hüquqşunasısınız?

-Yox. Mən xəstəxanada Təhlükəsizlik Xidmətinin rəisiyəm.

İstər-istəməz soruşdum:

-Qəribədir, Təhlükəsizlik Xidməti rəisinin jurnalistlə nə işi ola bilər?

Sualdan məmnun kimi dedi:

-Bilirsiniz, Baş həkim bildirdi ki, mən sizi qəbul edim və sizi maraqlandıran suallara cavab verim…

-Hörmətli Mehman müəllim, mən sizə heç bir məlumat və suallar vermək iqtidarında deyiləm… Çünki siz tamam başqa sahəyə cavabdehsiniz. Ona görə də xahiş edirəm, baş həkimə çatdırın ki, mən jurnalist olaraq sizinlə danışmaqdan imtina edirəm.

Mehman müəllim məni doğru anladı:

-Əlbəttə, çox düz deyirsiniz və bu sizin haqqınızdır…

Bundan sonra Mehman müəllim baş həkimlə mobil telefonla əlaqə saxladı və oradan nə cavab verildisə, məndən bir müddət gözləməyimi xahiş etdi. Eyni zamanda bildirdim ki, xəstəxananın baş direktoru ilə də görüşmək istəyirəm.

Yenə də bir müddət gözləmək lazım olduğunu bildirdi. Amma gözlədiyim bu müddətdə Mehman müəllimlə çox maraqlı söhbətimiz alındı. Məlum oldu ki, uzun müddət polis orqanlarında xidmət edib, sonra iş yerini Yanğından Mühafizə Xidmətinə dəyişib və oradan da təqaüdə çıxıb.

«Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…»

Mehman müəllimlə həmsöhbət oluram. Deyir:

– “Təzadlar” qəzetini çox yaxşı tanıyıram. Qəzetin redaksiya heyətinin üzvləri olmuş Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Nurəddin Rzayevə Allah rəhmət eləsin. Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…

***

Açığı, xəstəxanın Təhlükəsizlik Xidmətinin rəisi kimi Mehman müəllimin qəzetimiz haqqında bilgiləri məni xeyli təəccübləndirdi. Eyni zamanda məlum oldu ki, Mehman müəllim ədəbiyyat həvəskarıdır. Hüseyn Cavidin və Məmməd Arazın şeirlərinin, söhbətimizin mövzusuna uyğun olduğu üçün, bəzi bəndlərini nümunə kimi də söylədi. Məmməd Arazdan söylədiyi şeirin bəndlərini tamamlamağa mən də kömək etdim.

Beləcə, Mehman müəllimlə xəstəxanadan və baş həkimdən olan şikayətdən başqa hər şeydən söhbət etdik. Nəhayət, onun telefonuna zəng gəldi və məlum oldu ki, xəstəxananın baş direktoru, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyevin qardaşı Fikrət Əliyev (Şikayət məktubunda belə yazmışdılar-E.M.) məni gözləyir.

Beləcə, Baş həkim Mahir Babayevlə birlikdə qəbula getdik. Maraqlıdır ki, katibə Fikrət müəllimdən icazə almayınca, baş həkim qəbul otağında mənimlə bir yerdə xeyli gözləməli oldu. Nəhayət, F.Əliyev bizi qəbul etdi. Özümü yenidən təqdim etdim. Sonra şikayət məktubunu tanış olmaq üçün ona verdim. Əvvəl soruşdu ki, şikayət məktubunun müəllifi kimdir? Bildirdim ki, məktubda hər şey yazılıb. Biləndə ki, məktubda müəllifin adı və imzası yoxdur, dərhal dedi ki, anonim şikayətlər bizi maraqlandırmır. Bu dəfə xahiş etdim ki, «Fikrət müəllim, anonimliyin səbəbi məktubun əvvəllində sitat gətirilmiş «Korrupsiyaya qarşı mübarizə» haqqında Qanunun müvafiq maddəsində açıq-aşkar göstərilib. Oxusanız, görəcəksiniz…».

Fikrət müəllim dərhal şikayət məktubunu yenidən oxumağa başladı. Adı çəkilən qanunun maddəsini oxuyandan sonra aydın oldu ki, hüquqpozmalar və korrupsiya haqqında məlumatlar lazımi orqanlara anonim də verilə bilər. Bunu oxuyandan sonra F.Əliyev baş həkim M.Babayevə dedi: “Mahir müəllim, sənin işin çoxdur, sən get, öz işinlə məşğul ol… Biz jurnalistlə söhəbtimizi davam edərik…”.

Beləliklə, F.Əliyev məktubu bir az oxuyan kimi, xəstəxanın hüquqşünası Anar müəllimlə telefon əlaqəsi saxladı. Fikrət müəllim hüquqşünasa bildirdi ki, «“Təzadlar” qəzetinə xəstəxandan daxil olmuş bir anonim şikayət məktubunu araşdırmaq üçün jurnalist yanımdadır…».

Telefon mikrofona qoşulduğundan danışığı təbii ki, mən də eşidirdim. «Anonim» sözünü eşidən kimi Anar müəllim ona dərhal bildirdi ki, anonim məktublara cavab vermirik.

Bu zaman Fikrət müəllim məktubda sitat kimi göstərilən «Korrupsiyaya qarşı mübarizə» haqqında qanunun müvafiq maddəsini ona xatırlatdı. Hüquqşünas gözünə döndüyüm də görünür, həmin qanunu yaddan çıxarıbmış deyə, Fikrət müəllimdən xahiş etdi ki, qanun həmin bəndinin şəkilini çəkib ona atsın. Fikrət müəllim belə də etdi… Bir müddət sonra Anar müəllim zəng edib Fikrət müəllimdən xahiş etdi ki, şikayət məktubunun hamısının şəklini çəkib ona göndərsin. Görünür, anonimliyin qorunması haqqında Qanunun 11-2-ci maddəsi hüquqşünas Anar müəllimi əməlli-başlı maraqlandırmışdı. Ona görə də bütün məktubu oxumaq qərarına gəlmişdi.

Az keçmiş Anar müəllim Fikrət müəllimə telefonda bildirdi ki, biz təkzib haqqında cavab məktubu hazırlamalıyıq. Mən də dərhal danışığa müdaxilə edib Fikrət müəllimə bildirdim ki, Anar müəllimə yazının hələ dərc olunmadığını çatdırsın. Biz yazını əks tərəf kimi sizin rəsmi mövqeyinizlə bir yerdə dərc edəcəyik. Fikrət müəllim də bu məlumatı yenidən ona deyəndən sonra Anar müəllimdən belə bir cavab gəldi:

-Onda məcburuq yazılanlara aydınlıq gətirən cavab məktubu hazırlamalıyıb redaksiyaya göndərək…

Nəhayət, uzun müzakirələrdən sonra şifahi olaraq belə qərara gəldilər ki, məktubda yazılanlar düz deyil, ona görə də onların mütləq rəsmi cavab məktubu olacaq, qəzetdə və ya saytda isə hər ikisi eyni vaxtda dərc olunsun. Məntiqlə belə də olmalı idi, çünki mən məhz əks tərəfin mövqeyni öyrənmək üçün Gəncəyə gəlmişdim.

***

Anar müəllimlə telefon söhbətini qurtarandan sonra F.Əliyev mənim jurnalist vəsiqəmi və şəxsiyyət vəsiqəmi istədi. Eyni zamanda redaksiyanın araşdırma yazısının hazırlanması barədə xəstəxana rəhbərliyinə ünvanlanmış rəsmi müraciətinin olub-olmadığını soruşdu. Xəstəxanın baş həkimi Mahir Babayevə ünvanlanmış və jurnalistin peşə fəaliyyətinə şərait yaradılması barədə baş redaktor Asif Mərzilinin rəsmi müraciət məktubunu Fikrət müəllimə təqdim etdim. O da öz növbəsində şikayət məktubunu, jurnalist vəsiqəmi surətlərini çıxarmaq üçün götürdü. Daha sonra sürətini çıxarmaq üçün şəxsiyyət vəsiqəmi də istədi. Təqdim etdim, onun da surətini çıxartmaq istəyəndə etirazımı bildirdim: “Fikrət müəllim, jurnalist vəsiqəmin sürətini çıxara bilərsiniz, amma şəxsiyyət vəsiqəmin sürətinin çıxarılmasına icazə vermirəm. Onu sadəcə, sizə baxıb tanış olmaq üçün verdim”.

Fikrət müəllim təəccüb qarışıq belə bir sual verdi:

-Axı burada qəbahət bir şey yoxdur, şəxsiyyət vəsiqəsinin surətinin çıxarılmasına niyə etiraz edirsiniz?

-Fikrət müəllim, mənim şəxsiyyət vəsiqəmin surəti ilə bankdan kredit götürə bilərlər, cəzasını isə mən çəkmək məcburiyyətində qalaram…

-Axı bu şəxsiyyət vəsiqəsinin surətidir, əsli deyil…

-Fikrət müəllim, üzr istəyirəm, kibercinayətkarlar ayıqdır… Hər şey ola bilər.

Bundan sonra F.Əliyev daha bir söz demədən şəxsiyyət vəsiqəmi özümə qaytardı və bildirdi ki, qısa müddətdə şikayət məktubuna hərtərəfli cavab veriləcək.

***

Artıq söhbətimizin bitdiyini gördüm və icazə alıb getmək istədiyimi diqqətinə çatdırdım… Bu zaman Fikrət müəllim çox böyük bir jest edərək, bütün dəhliz boyu və xəstəxananın çıxışına qədər məni müşaiyət edərək, sağollaşıb yola saldı. Bu qonaqpərvərliyinə görə Fikrət müəllimə dərin təşəkkürümü ifadə edirəm. Çöldə isə redaksiyanın reportyorları məni gözləyirdi…

***

Bununla da mənim əks tərəfin mövqeyni öyrənmək üçün Gəncədə yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”nə olan ezamiyyəm başa çatdı. Amma araşdırmam tamamlanmadı. Çünki ortada şikayətçilər var idi, digər əməkdaşımız və reportyorumuzla birlikdə iki gün Gəncədə qalıb onları axtardıq, bəzilərini tapdıq, bəziləri ilə isə telefonla danışdıq…

***

İndi isə hörmətli oxucuların və aidiyyəti qurumların diqqətinə “Yeni Gəncə Tibb Mərkəzi”nin bir qrup həkimlərinin və şikayətçi vətəndaşların adından redaksiyamıza ünvanladığı şikayət məktubunu kiçik ixtisar və redaktə ilə təqdim edirik.

Məktubdan sonra əks tərəfin bizə göndərdiyi cavab məktubu ilə də tanış olacaqsınız.

«Təzadlar»ın Araşdırma Qrupu

Bakı-Cəncə-Bakı

11.07.2024

***

«Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Kamran Əliyevə

Azərbaycan Respublikasının səhiyyə naziri

Cənab Teymur Musayevə

Azərbacan Respublikası TƏBİB-in

baş direktoru cənab Vüqar Qurbanova

Surəti: «Təzadlar» qəzeti redaksiyasına

Hörmətli cənablar, bu şikayət məktubu ilə öncədən bildirmək istəyirik ki, «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində çalışdığımız üçün adımızın gizli saxlanılmasını məqbul hesab edirik. Belə ki, «Korrupsiya ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanunun 11-2-ci maddəsində bu barədə konkret göstərilir («Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi: 11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar».

Bildirmək istəyirik ki, «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində baş verənlər Azərbaycan səhiyyəsinin adına yaxşı nəsə vəd etmir. Tibb personalımız əvvəllər dövlət xəstəxanasında işləmiş, bir müddətdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin təsisçiliyi ilə yaradılmış, özünün birbaşa nəzarətində olan, son iki aydır isə qardaşı Fikrət Əliyevin direktor olduğu (hazırda klinikada bütün işlərə nəzarəti həyata keçirir) «Yeni Gəncə Tibb Mərkəzi» Özəl Tibb Müəssisəsində baş həkim olan Mahir Babayevin fəaliyyətindən artıq bezmişdir. O, baş həkim olmamışdan qabaq bu klinikaya adi anestezioloq kimi gəlmişdi. Gələn kimi oğlu yaşında başqa bir anestezioloq ilə yumruq davasına çıxdı. Mahir Babayev işini qurmaq üçün Çimnaz Əhmədova (kadrlar şöbəsininin müdiri) ilə birləşərək direktor Ülkər Abdullayevanı işdən çıxartdırdı. Bundan sonra Mahir Babayev baş həkim keçdi, Çimnaz isə klinikanı özünəməxsus formada idarə etməyə başladı. O, işçiləri öz prinsipləri ilə işə götürür, işçilərə əsassız olaraq növbələr yazır, istədiyini edir.

Bunu yoxlamaq adi bir məsələdir. Klinikada hər gün bütün şöbələrin baş tibb bacıları iş qrafikini bu xanıma təqdim edir və ancaq onun göstərişindən sonra işçilər növbəyə çıxa bilirlər.

Mahir Babayev isə baş həkim olandan sonra klinika acı günlərini yaşamağa başladı. Indi də belədir. Məsələ ondadır ki, Ramiz Mehdiyevin zamanında yalnız Mərkəzi Klinikanın Gəncə filialına, bir də «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsinə doğuş aparılması üçün lisenziya (icazə) verilmişdir. Doğum şöbəsinin 10 çarpayılıq şöbə olmağına baxmayaraq, bu şöbəyə kənardan çoxsaylı ginekoloqlar cəlb edilib, onların hamısı da doğuşlar və əməliyyatlar edirlər. Bu 10 çarpayılıq şöbədə 20 və daha çox xəstə yerləşdirilir. Doğuşa qoşulanların isə bəziləri başqa yerlərdə çalışırlar. Sanki bura sınaq laboratoriyasıdır, pul qazanmaq meydanıdır. Mahir Babayevə irad tutulanda ki, bu boyda xəstəni qəbul etmək üçün normal şərait yaradılmalıdır, onun xoşuna gəlmirdi. Və ona irad tutanlara qarşı Çimnaz Əhmədovanın vasitəsilə təzyiq edirdilər. Bu şöbədə 10 çarpayılıq yerə 20 uşaq yerləşdirilir, biz də qorxurduq ki, uşaqlar dəyişik düşər, sepsisden ölər və bunlar da yenə Mahir Babayevin xoşuna gəlmirdi. Təsəvvür edin, Mahir Babayev özü bir tərəfdə endoskopiyada narkoz verir, bir tərəfdə qeysəriyyə əməliyyatlarına narkoz verir, eyni zamanda da ozonoterapiya və plazmaferezlə məşğuldur. Xahiş edirik, araşdırılsın… Niyə Səhiyyə Nazirliyinin rəsmiləri bu klinikada monitorinq aparmırlar?

Bir müddətdir ki, neonatologiyaya səriştəsi olmayan insanları işə gətiriblər, gecə-gündüz bunların reklamı ilə məşğuldurlar. Bu şöbədə işin keyfiyyəti isə heç kimi narahat eləmir. Bu şöbənin müdirliyinə isə dövlət xəstəxanasında pediatr işləmiş (neonatoloq olmadığı halda) Emilya Əliyevanı gətiriblər.

Klinikada çoxları bilir ki, şöbə müdiri olan Emiliya Əliyeva 15.06.2024-cü il tarixdə Qazaxdan ikiaylıq olan Əsra Xəlillini müalicə etmək üçün olmayan pediatriya şöbəsinə götürüb və uşaq 3 gündən sonra tələf olmuşdur. Bilmirik, bəlkə də bunu direktor Fikrət Əliyevdən gizlədiblər. Amma məsələ ondadır ki, uşaq ümumi stasionar şöbədə yerləşdirilib və elə orda da ölmüşdür (Redaksiyadan: əməkdaşımız 18.07.2024-cü il tarixdə, 11:27 radələrində uşağın bibisi ilə əlaqə saxladı və fakt təsdiqini tapdı.RED.). Təəssüf ki, əsl günahkarlar hələ də cəzasız qalıb.

Neonat.baş tibb bacısı var, Nurlana Bayramova, dövlət xəstəxanasındakı Doğum evində tam ştatla işləyir, paralel olaraq «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində də baş tibb bacısıdır, bu necə olur, onu araşdırmaq lazımdır. O, necə qeydiyyatdan keçib, bilinmir.

Klinikanın vicdanlı tibb personalının adından xahiş edirik, bu tibb ocağında baş verənlər diqqətlə araşdırılsın, qanuni tədbirlər görülsün. Biz bu klinikanın adının yüksəlməsini istəyirik.

Hörmətli «Təzadlar» qəzeti. Obyektivliyinizə güvənir və inanırıq ki, Sizin əməkdaşlar məsələni yerində araşdıracaq, qarşı tərəfi dinləyəcək, faktları peşəkarcasına toplayıb araşdırma yazı verəcəksiniz. Bu ümumi işin xeyrinə olacaqdır. Söylədiklərimizi yerində araşdırmaq üçün isə elə də bir problem yoxdur. Belə çıxır, nə qədər ki, Ramiz Mehdiyevin təsir dairəsi çox yerlərə gedib çatır, deməli, vəziyyət belə də olacaq???

Hörmətlə:

«Yeni Gəncə Tibb Mərkəzi»nin bir qrup tibb işçiləri.

İmzamızın qoyulmamasının səbəbini yuxarıda bildirmişik. Biz faktları açıqlayırıq, obyektiv araşdırılması aidiyyəti qurumların və jurnalistlərin ixtiyarındadır.

08.07.2024

Gəncə şəhəri».

Bu isə «Yeni Gəncə Tibb Mərkəzi»nin rəhbərliyinin media sorğusuna və şikayət məktubuna rəsmi cavabı (məktubun fotosurəti təqdim edilir).

Ardını oxu...

Beləliklə, təqdim edilən cavab məktubunun hüquqi mənası budur ki, «İntermedservis» MMC-nin direktoru İlham Əliyevin və klinikaya faktiki rəhbərliyi həyata keçirən Fikrən Əliyevin, eləcə də baş həkim Mahir Babayevin şikayət məktubunu oxuduqdan sonra yazmağa və təkzib etməyə, aydınlıq gətirməyə cavabları olmayıb. Əslində, çox hörmətli Fikrət Əliyevə təşəkkür edirik ki, bu məktubu ilə onu anlatmağa çalışıb ki, jurnalistlərə media qanunvericiliyinin tələblərinə uyğun olaraq şikayət məktubundakı xüsusatları ətraflı araşdırıb məqalə hazırlamalarına tam şərait yaradılıb. Və artıq jurnalistin obyektiv olaraq nə yazacağı mübahisə predmeti deyildir.

Ardını oxu...

(Klinikadan Şıxlinskiyə göndəriləndə)

Ardını oxu...

(Şıxlinskayada 4 günlük müalicədən sonra)

«…Əsma Həsənzadə 11 iyul 2024-cü il tarixdə «Yeni Gəncə Tibb Mərkəzi»nə qəbul edilib, lakin 4 gün ərzində düzgün müalicə aparılmadığından uşağın vəziyyəti kritik olub, onu təcili olaraq Bakıya -L.Şıxlinski adına klinikaya çatdırıblar…»

Yazı çapa hazırlanarkən vətəndaş Gülmirə Hüseynova Gəncədən redaksiyamıza telefon edərək əlaqə saxladı. Məlum oldu ki, onun nəvəsi Əsma Həsənzadə 11 iyul 2024-cü il tarixdə «Yeni Gəncə Tibb Mərkəzi»nə qəbul edilib, lakin 4 gün ərzində düzgün müalicə aparılmadığından uşağın vəziyyəti kritik olub, onu təcili olaraq Bakıya-L.Şıxlinski adına klinikaya çatdırıblar. Şikayətçinin dedikləri: «Klinikaya 4 gün ərzində 1500 manata yaxın pul ödədik, nəvəmi ölümcül halda qucağıma verib Bakıya göndərdilər… Sağ olsun, həkim Kamil Şərifov uşağa iki dəfə qan köçürtdürdü və onu ölümdən qaytardı. Bu barədə sosial mediada onun paylaşımı da var. Uşağın əvvəlki və sonrakı şəkillərini də göndərirərəm. Özünüz nəticə çıxarın…».

«Bəs «Yeni Gəncə Tibb Mərkəzi»ndə ödədiyiniz pulunuzu geri qaytara bildinizmi?» sualına Gülmirə Hüseynova belə cavab verdi: «Bu gün klinikanın rəhbəri Fikrət Əliyevin qəbulunda oldum, bizə vurulmuş ziyanın, yəni ödədiyimiz pulun geri qaytarılmasını xahiş etdim. O isə həkimlərin guya düzgün müalicə apardığını dedi. Dedim, bəs necə düzgün müalicə aparılmışdır ki, uşağı ölümcül halda mənə verdiniz ki, apar Bakıya?! Uşaq hazırda Şıxlinski klinikada müalicə alır və ölümdən qayıdıb, yaxşılaşır… Şöbə müdiri Emilya Əliyeva isə bir dəfə də olsun uşağın vəziyyəti ilə maraqlanmadı…».

Gülmirə Hüseynova baş verənlərlə bağlı TezadlarTV-yə açıqlama verəcəyini və Baş Prokurorluğa, eləcə də Səhiyyə Nazirliyinə şikayət edəcəyini bildirdi…

***

…Yazının yayımlanma ərəfəsində 15.06.2024-cü il tarixdə Qazaxdan olan ikiaylıq Əsra Xəlillinin müalicə edilməsi üçün klinikada olmayan pediatriya şöbəsinə qəbul edilməsi, lakin 3 gündən sonra tələf olması ilə bağlı onun qohumları ilə də əlaqə saxladıq. Uşağın bibisi dərin kədər içində faktı təsdiqlədi…

P.P.S. Əməkdaşlarımız Gəncədə araşdırmalarını davam etdirərkən klinkada başqa bir maraqlı faktı da eşidiblər: məlum olur ki, bir müddət əvvəl Ləman Rzayeva (Şəmkirdəndir) və Ləman Əliyeva adlı iki ana eyni gündə uşaq dünyaya gətirmişlər. Birinin uşağı 2500 qr, o birininki isə 4000 qr. olmuşdur. Lakin şöbə o qədər darısqal və basabas olmuşdur ki, evə yazılan zaman uşaqları səhv təhvil veriblər, sonra valideynlər bunu bilib öz uşaqlarına sahib olublar. Bu fakt nə dərəcədə dəqiqdir, deyə bilmərik, lakin təəssüflər olsun, bu məsələyə aydınlıq gətirmək üçün əməkdaşlarımız baş həkim Mahir Babayevlə təkrarən əlaqə saxlamaq istəyiblər, lakin klinikadan bildirilib ki, Mahir Babayev bu vəzifədən çıxarılıb. Həmin analarla isə əlaqə saxladıq və…

-Bəs digər şikayətçilər nələri dedilər?

(Davamı var)

Mövzuya qayıdılacaq…

«Təzadlar»ın Araşdırma Qrupu
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha üç yerli və beş idxal olmaqla, ümumilikdə, səkkiz dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı yeddi müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.

Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.

Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:
Məhsulun adı İstehsalçı İstehlaka yararsız məhsul partiyası Aşkar edilmiş uyğunsuzluq
“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma “Rich S.A” MMC 30.01.2024-30.03.2025 Enterobacteriaceae bakteriyası
“Vineto” əmtəə nişanlı qozlu dondurma Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı 22.04.2024-22.02.2025 Enterobacteriaceae bakteriyası
“Marka №1” əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan) Fiziki şəxs Məmmədov Arif Firudin oğlu 04.05.2024-04.03.2025 Enterobacteriaceae bakteriyası
“Сибхолод” əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma “Tekaz” MMC, Rusiya Federasiyası 12.07.2023-12.01.2025 Enterobacteriaceae bakteriyası
“Qost Plombir” əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma 14.07.2023-14.01.2025 Enterobacteriaceae bakteriyası
“Woohoo!” əmtəə nişanlı çiyələk desertli dondurma “ANC Group” MMC, Belarus Respublikası 25.03.2024-25.03.2025 Enterobacteriaceae bakteriyası
“OE!” əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma “Klin-Pro” MMC, Rusiya Federasiyası 08.04.2024-08.10.2025 Enterobacteriaceae bakteriyası
“Русский холод” əmtəə nişanlı vanilli plombir dondurma Fiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası 02.04.2024-02.10.2025 Enterobacteriaceae bakteriyası
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Deputat Səməd Seyidovun oğlu Urxan Seyidov həm biznes, həm də QHT sektorunda öz işini qurub.

32gun.az Urxan Seyidovun bizness şəbəkəsi barədə yerli mediaya istinadən məlumatı oxuculara təqdim edir:

2008-ci aprelin 18-də Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində "SNUR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-ni qeydiyyatdan keçirib.

Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 205, mənzil 28-də yerləşən şirkətin ofisi İzzət Həmidov küçəsindədir. "SNUR" MMC İtaliyanın Pozzola şəhərində fəaliyyət göstərən GARLANDO S.p.A. şirkətinin rəsmi distribüteridir. Garlando S.p.A. distribüter şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrinə, o cümlədən Səməd Seyidovun oğlunun şirkəti vasitəsilə Azərbaycana idman oyunları ləvazimatlarının, o cümlədən bilyard və tennis stollarının, basketbol səbətlərinin satışını həyata keçirir. "GARLANDO"nun Azərbaycanla yanaşı Ermənistanda da tərəfdaşı var.

Urxan Seyidovun QHT sektorunda fəaliyyət göstərən digər şirkəti - "HİPASSENGER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin yanvarında qeydiyyatdan keçib. Şirkətin startaplara, innovativ layihələrə dəstək çərçivəsində keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan 20 min manat qran aldığı məlumdur.

Mətbuatda gedən məlumatlara görə, Urxan Seyidov 2014-2016-cı illərdə atası Səməd Seyidovun rektoru olduğu Azərbaycan Dillər Universitetində təhsil alıb, 2016-2019-cu illərdə ADU xəttilə Harvard Kennedi məktəbində təhsil alıb. Amma bilyard və tennis stolu idxalı əsas deyil, Səməd Seyidovun biznesində önəmli yeri bahalı və elitar restoranlar tutur. Hərçənd ki, restoran biznesi onun ailə üzvlərinin deyil, yaxın qohumlarının adınadır. Səməd Seyidov ən azından bu obyektlərə hamilik edir.

Neftçilər Prospekti 147-də, Port Baku Residence-dəki "PİVNAYA APTEKA" restoranının fəaliyyətinə Seyidovun baldızının oğlu Mütəllim Alişanov nəzarət edir. Onun restoran və barlardan ibarət xidmət şəbəkəsinə daxil olan elitar gecə klublarından daha məşhur olanı "ENERJİ CLUB"dur. Bu klub paytaxtın turistləri daha çox cəlb edən səmtlərindən sayılan Bayraq Meydanındadır.

PİVNAYA APTEK

Restoranlar şəbəkəsinə daxil olan və Neftçilər Prospekti 34-də, Dənizkənarı bulvardakı SAHİL bar restaurant-da qiymətlər bir nəfər üçün 118 dollara qədərdir. Onunla yanaşı PASİFİCO LOUNGE AND DINİNG kafesi də qiymətlər sarıdan elə də ucuz deyil. Bakının mərkəzində, Xəqani küçəsi 23-də fəaliyyət göstərən SKETCH RESTAURANT LOUNGE italyan, yapon mətbəxi, dəniz məhsulları və suşi təklif olunur.

PASİFO

Dövlət Vergi Xidmətinin reyestr çıxarışına görə bu restoranı idarə edən "SKETCH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin aprelində qeydiyyata alınıb, qanuni təmsilçisi Əlişanov Mütəllim Ehtiram oğludur.

SKETCH

Onun restoran və barlardan ibarət xidmət şəbəkəsinə daxil olan elitar gecə klublarından daha məşhur olanı “ENERJİ CLUB”dur.

amia.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.Siyahıda bir sıra yeni ismlər də var.

XALQ.AZ həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır.

Araşdırmalarımız görə 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır.

Hal-hazırda “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədova haqqında ilginc məlumatlar əldə olunub.

Onun keçmiş Ədliyyə naziri hal hazırda Konstitusiya məhkəməsinin hakimi Fikrət Məmmmədovun qızı olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmaqdadır Lakin araşdırmamız zamanı məlum olmuşdur ki, o heç də Fikrət Məmmədovun qızı deyilmiş.Cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olmuşdur.

XALQ.AZ-ın dəqiq məlumatına görə o bu barədə yaxın çevrəsinə tapşrıq vermişdir ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı Protokol sektorunun müdiri təyin edib. Nazirin ən yaxın adamı hesab olunur.

Həmçinin araşdırmalarımız zamanı məlum olmuşdur ki, 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtoqəza törətmişdir.

Hadisə zamanı xəsarət alan olmasada Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayevin müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsi nail olunmuşdur.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifatlar əldə etmişdir.
 
Ardını oxu...
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın karyerasının son akkordlarını vurur.
Reportyor.info-ya daxil olan məlumata görə, İlham Abdullayeva yeni tədris ilində vəzifəsi ilə vidalaşa bilər.
İddialara görə, yeni tədris ili başlar-başlamaz elm və təhsil naziri Emin Əmrullayev onun işdən çıxarılması barədə əmr verəcək.
Bildirilir ki, İlhamə Abdullayevanın hədəfə gəlməsi onun övladına dəbdəbəli toy etməsindən sonraya təsadüf edir.
Toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutub.
Məlumatlara görə, idarə müdirinin indiki həssas dönəmdə dəbdəbəli toy etməsi nazirlikdə narahatlıqla qarşılanıb.
Bundan başqa, İdarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı iddia olunur. Nazilikdə bundan məlumatlıdırlar.
Buna qədər İlhamə Abdullayevanın adı forma biznesində hallanırdı. Bu barədə yerli mətbuatda kifayət qədər yazılıb. Həmin materiallarda idarə müdirinin Bakıda bir neçə obyektinin olduğu da iddia edilir.
İdarə müdiri haqqında mediada neqativ materialların yayılması, ardınca onun övladına dəbdəbəli toy etməsi artıq onunla bağlı qəti qərar verilməsini şərtləndirib.
İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2022-ci ildə təyinat alıb. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, bu təyinatda “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun rolu olub.
Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.
 

Dünyapress TV

Xəbər lenti