Ardını oxu...
“Kiçik və orta biznesin (KOB) inkişafı bizim üçün prioritetdir”. Bunu dekabrın 1-də “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bir sıra xüsusi tədbirlər görülüb: “Vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min insana çatıb… KOB-ların qeyri-neft və qaz sektorunda payı 56 faizə yüksəlib. Bizim gənclərin 27 faizi KOB-ların işçiləridir”.

Lakin kiçik və orta biznes üçün hələ də kifayət qədər əngəllərin olmasıından danışanlar var. Adının açıqlanmasını istəməyən kiçik sahibkarlardan biri AzadlıqRadiosuna bildirib ki, öz biznesini qurmaq üçün Azərbaycanda ciddi bürokratik əngəllərdən keçməlisən: “Kağızda kredit şərtləri çox yaxşıdır – faiz azdır və ilkin mərhələdə yalnız faizləri ödəyirsən. Amma bu krediti almaq üçün çoxlu sənəd istəyirlər, çox gözləyirsən və müvəkkil kredit təşkilatı səni get-gələ salır”.

Onun sözlərinə görə, vergilər də görünən kimi az deyil: “Sosial müdafiə haqqı çox yüksəkdir. Mən ticarətlə məşğulam. Hər ay minimum əməkhaqqının (300 manat) 50 faizini ödəyirəm”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Turan”a bildirilib ki, Azərbaycanda sahibkarların təqribən 99.6 faizini KOB subyektləri təşkil edir: “Bunun 93.3 faizi mikro, 4.5 faizi kiçik, 1.8 faizi orta sahibkarlıq subyektləridir. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85 faiz artıb. Ölkəmizdə KOB subyektləri, əsasən, ticarət, tikinti, emal, kənd təsərrüfatı, logistika və sair sahələrdə fəaliyyət göstərirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də “Turan”a deyib ki, həmin sahədə aparılan islahatlar biznesin inkişafına müsbət təsir edir: “İnflyasiya ilə hər hansı makroiqtisadi üsullarla mübarizə aparmaq mümkün deyil. Məhsulların yerli istehsalını təmin etmək lazımdır. Burada söhbət, əsasən, ərzaq məhsulları və kənd təsərrüfatından gedir. Düşünürəm ki, bu sahədə ciddi irəliləyişlər olacaq”.

Deputatın sözlərinə görə, Azərbaycanda inhisarçılıq sektorları xeyli azalıb: “Bəzi yerlərdə oliqopoliyalar (bazarlarda bir neçə firmanın dominantlığı) qalıb – dörd-beş şirkət. Amma hər rüb o da azalır, demonopollaşma baş verir. Korrupsiya isə istənilən bazar ölkəsində var. Amma bununla da dövlət mübarizə aparır. Korrupsiya sxemlərinin, mexanizmlərinin sıxışdırılması prosesi gedir”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, kiçik və orta sahibkarlığın müəyyən say və parametrlər üzrə artımı hiss olunur: “Amma müəyyən indikatorlar var ki, onlara görə dünyanın hər yerində kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı payı ölçülür. Məsələn, ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın payı. Həmin sahibkarların ödədiyi vergilərin ümumi dövlət büdcəsinə ödənilən vergilərin həcmində payı ölçü kimi götürülür. Avropa ölkələrində bu göstərici 60-80 faiz arasında dəyişir”.

Onun sözlərinə görə, Azərbaycanda o kriteriyalar əsas kimi götürülsə, çox kiçik bir rəqəm olacaq: “Hələ də ixracatda 90 faiz qaz və neft məhsullarıdırsa, qalan 10 faizinin bir hissəsi kiçik və orta sahibkarlığın payına düşür. 20 ilə yaxındır ki, bu vəziyyət dəyişmir. Yenə büdcənin əhəmiyyətli hissəsi neft faktoruna bağlıdır. Bu da o deməkdir ki, Azərbaycanda hələ də kiçik və orta sahibkarlıq iqtisadiyyatın bel sütununa çevrilməyib”.

N.Cəfərlinin fikrincə, bunun əsas səbəbi həm qanunvericilik bazasında problemlərin olması, həm də inhisarçılıqdır: “Çox az sayda iri şirkətlər dominant olduğundan kiçiklər bazara girə bilmir. Bakıda 2016-2017-ci illərə qədər 26 min kiçik məhəllə dükanı var idisə, indi onların sayı yarıbayarı azalıb. Hər məhəllədə bir neçə iri marketlər şəbəkəsi açılıb və kiçik marketlər onlarla rəqabət apara bilmir. İstehsal sahəsinə baxanda da görürük ki, kiçik və orta sahibkarların o qədər də dayanıqlı gücü yoxdur”.
 
 
 
Ardını oxu...
Bu gün ANS-in istehsalı olan "Qaytarılan torpaq" filminin təqdimat mərasimində 1993-cü ildə Füzulidə keşik çəkən, düşmənin başını əzən, yaralanan, həmin illərin döyüşçüsü olan bakılı bir qazi ilə söhbət etdim. Yüksək mədəniyyətə malik, qabiliyyətli, boylu-buxunlu bir igid. Baxışları canavara bənzəyirdi... Yəqin ki, elə Birinci Qarabağ müharibəsində də cavan -göyçək oğlanın düşmənin ürəyinə belə od salmışdı. Həm baxışları ilə həm də sərrast snayper atışları ilə...
Jurnalist olduğumu demədim. Elə belə söhbətə qatdım onu. Soruşdum ki, cəmiyyətdə qazilərin statusunu necə görürsən?
Dedi ki, qazi gedib növlərədə deməməlidir ki, mən qaziyəm. Bu ada hörmət etməlidir. Dedi ki, oğul ona görə qazi olmur ki, harada oldu özünü göstərsin, dava eləsin, şülüqluq salsın, gedib kiməsə əyilsin, olmaz belə... Bizim uşaqlar var ətrafımızda heç vaxt o səlahiyyətimizdən istifadə etmədik. Sonra da əlavə etdi ki, bağışlayın, yaxşı danışa bilmirəm, çünki dişlərimi neçə ildir çıxartdırmışam...
Soruşdum ki, bəs niyə diş saldırmısınız özünüzə?
-Eh, getdim həkimə, mənə böyük məbləğ oxudu, mən də 80 manat qazi pulu alıram... Dedim ay həkim, mənə bu qədər qiymət oxuma... Mən də çörək yemək istəyirəm, mən də neçə ildir insan kimi yemək yeyə bilmirəm... Ay həkim, mədəm ağrıyır. Həkim də dedi ki, get mədə həkiminə...- deyib güldü.
Sonra da bildim ki, sən demə bu qazinin qardaşı da həmin illərdə şəhid olub. Deyəsən birinci Şəhidlər Xiyabanında uyuyur...
Hə... onu deyirəm axı, bizim belə qazilərimiz də var... Vətənin haqqını artıqlaması ilə ödəyiblər. Bəzən Vətən onları unudur, yaddan çıxarır. Ancaq tarixin yadından çıxmırlar. Ən azı ANS çəkdiyi kadrlarda tarix durunca yaşayacaqlar...
Sahil BABAYEV-in də qapısına getsə, yüz cür maklatura kağız qoyacaq qabağına ki, sənə başqa verəcək pulumuz, müavinətimiz yoxdur. Yaxşı yaralanmadıqları üçün pensiyadan məhrum edilən qazilərimiz çoxdur . Onların içərisində o qədər belə qazilərimiz var ki, abırlarına bükülüb, heç yerə, heç kimə müraciət etmirlər.
Ötən illərin birində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş bir şəhidin haqqında film nümayiş etdirmişdilər. Həmin filmə baxanda şəhidin ata-anasının ağzında diş olmadığını gördüm. Böyük mənsəbdə işləyən Vətən oğluna bu haqda yazdım, filmdən xəbəri var idi. Həmin məqama mənim kimi diqqət yetirməmişdilər. Dedim ki, şəhidin ata-anasının diş problemləri var. Elə istəyərdim ki, onlara bir kömək edən ola. Bir neçə gündən sonra, mənə zəng vurub dedi ki, Aida xanım, öyrənin görün onların dişləri neçəyə başa gələr? Qiyməti öyrənəndən sonra, həmin qeyrətli vətən oğluna dedim məbləği. Hətta 100 manat da artıq dedim. İki saatdan sonra zəng vurdu ki, gəlin o pulu aparın. Dedim ki, dəyərli müəllim, mən o pulun dalınca gələn deyiləm, əməkdaşlarınıza deyin, özlərini tapıb əlbəəl versinlər. O pul ailəyə çatdı, şəhidin ata və anası sonralar ekranda çıxanda daha dişsiz görünmürdülər.
Mən bu gün də həmin adama desəm, yenə də, bu qazinin də diş problemini həll edər. Ancaq , demirəm. Bəlkə də bu yazdıqlarımı oxuyub, onu axtaracaq.
Bu yazdığımdan o qazinin əlbəttə xəbəri olmayacaq, çünki heç adımı da bilmədi.
Ancaq, niyə bizim ölkədə ancaq adamı, yaxını olanlara iş yeri tapılır. O boyda, o buxunda oğlana iş yeri yoxdur. Haraya müraciət edibsə, gözlə deyiblər...
Bax birtəhər, gözləyə-gözləyə ömrü 30 il də ötürüblər. Sonra elə dövlətdən küskün, Müdafiə Nazirliyindən küskün, Sosial Təminat nazirliyindən küskün olan belə qazilər və onların övladları getdi döyüşə. 44 günlük Zəfərimizi qazandırdılar bizə. Müdafiə Nazirliyinin, Dövlətin naziliklərinin, Sosial Müdafiə nazirinin qohumları, oğulları da , onların döyüşdəki qələbələrinə əl çaldılar. Sevindilər. "Urrra..." dedilər. 44 gün+ 2020-ci ilin dekabrın son gününə qədər hamı öpüb-əzizlədi o qəhrəman qaziləri, yaralıları... sonra isə, iş istəyənə, "get gözlə!" dedilər. Mən inanıram ki, o qazilərin evlərinə aparacaq aylıq 600 manatları olsa, heç biri SahilBabayevin binasına gedib, ondan müavinət istəməzlər...
Ötən bir neçə il ərzində Vətən uğrunda canından keçən qazilərə və şəhid ailələrinin övladlarına ən çox diqqətli olan isə ASAN Xidmət Agentliyi oldu. İmkanı olduqca, onları işlə təmin etdi.
Hamı, bütün dövlət idarələri iş istəyən qazilərimizə iş yeri versələr, onlar da başlarını aşağı salıb, ailələrini dolandırarlar... Dövlətdən başqa nə istəyirlər ki... İŞ YERİ!!! İş yerləri olsa, nə ailələrinə yük olacaqlar, nə də əl açacaqlar...
Sizə deyimmi harada iş yeri var? Azad edilmiş torpaqlarımızda işləmək istəyən o qədər qazilərimiz var ki... Qohum və dostlarınızı deyil, həmin qqaziləri oraya ezam edin, qoy işləsinlər! Ailələrinə çörək pulu göndərsinlər.
P:S. Adımı bilməyən o qaziyə bəlkə kimsə diş düzəltdirmək üşün yardım etmək fikrinə düşsə, mənə desinlər, onun yerini deyəcəm...
Aida Eyvazova
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Astarada Azərbaycan-İran sərhəddindəki keçid məntəqəsi indi bomboşdur. Bir zamanlar qarşısı qələbəlik olan ticarət köşkləri quru sərhədlər bağlanandan bəri boş qalıb.

DİA.AZ bildirir ki, 58 yaşlı Məlahət İbrahimova ərazidə olan sanitar qovşağa nəzarət edərək 3-5 manat pul qazanır. Deyir ki, sosial vəziyyəti quru sərhədləri bağlanandan daha da pisləşib.

Azərbaycan qonşu ölkələrlə quru sərhəddini koronavirus pandemiyası başlayandan bağlı saxlayır. Dövlət Miqrasiya Xidmətinin Astara şəhər Bölməsi ərazisində quru sərhədləri bağlanandan kafe, mağaza sahibləri də obyektlərinə qıfıl vurub gedib. İndi ərazidə tək-tük İran məhsulları satan mağazalar açıq qalıb.

Tükəzban Məhrəmova quru sərhədlərinin açılmasını həm də xəstəliyinin müalicəsi üçün arzu edir. Deyir, həm müalicə üçün, həm də bazarlıq üçün İrana mütəmadi gedirmiş:

Alaşa, Zəngüləş Astaranın İranla həmsərhəd kəndləridir. Burda da əhali sərhədlər bağlanandan güzəranlarının pisləşdiyindən gileylənir.

72 yaşlı Bəşir Baxşıyev ömrünü Astarada keçirib.

Tükəzban Məhrəmova isə sərhədlərin açılacağı günü görəcəyinə inanmır. Buna nə ümidi qalmayıb, nə də səhhəti imkan vermir.

Daha ətraflı aşağıdakı videoda:

 
 
Ardını oxu...
Almaniyada başladılan yardım kampaniyası ilə köməyə ehtiyacı olan hər ailəyə 2500 avro yardım ediləcəyi bildirilib.

Bakupost.az xəbər verir ki, yardım çərçivəsində hər uşağa görə də 250 avro ödəniləcək.
Bəzi xüsusi hallarda, bu müavinətlərin hətta işçilərin maaşlarından daha çox olacağı qeyd olunub.
Yardım kampaniyasında əcnəbi ayrı-seçkiliyi də olmayacaq.
 
Ardını oxu...
Beşdən çox uşağı təkbaşına böyüdən atalara sosial müavinət verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.
Konstitusiya Məhkəməsi Milli Məclisə müvafiq tövsiyə verib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda ombudsmanın “Sosial müavinətlər haqqında” qanunun müvafiq maddələri ilə bağlı sorğusu əsasında konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
///Report
 
Ardını oxu...
Son vaxtlar sosial şəbəkələrdə “evimə qeydiyyata salıram” tipli elanlar çox yayılıb. Bu isə özlüyündə bir sıra sualları ortaya çıxarıb.

Bəs görəsən tanımadığı şəxsləri pulla evinə qeydiyyata salanları hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

Ekspert vətəndaşları pul qarşılığında öz evinə qeydiyyata salan şəxslərin bəzi riskləri gözə almalı olduğunu bildirib:

“Bakı şəhərində son 20 ildə çox sayda yaşayış massivləri tikildi, yüz minlərə sənədsiz həyət evləri tikildi, hansı ki, sakinlər ora qeydiyyata düşə bilmədilər. Bölgələrdən Bakıya iş üçün gələnlər oldu, hamı istədi ki, Bakıda qeydiyyatı olsun, amma təəssüflər olsun ki, yeni tikili binalarda çıxarışsız mənzillər satıldığına görə vətəndaşlar qeydiyyata düşə bilmirlər. Bundan əlavə, ilin əvvəlində polisdə qeydiyyatda olan 70 min nəfəri qeydiyyatdan çıxardılar. Bundan sonra çox sayda insan qeydiyyatsız qaldı.

Bu zaman insanları pulla öz evinə qeydiyyata salan insanlarla rastlaşmaq olur. Bu məsələ qeydiyyata düşən üçün hər hansı problem yaratmır. Əsas problem evinə qeydiyyata salan adam üçün yarana bilər. Çünki kimsə həmin evə qeydiyyata düşürsə, onun orada yaşama hüququ formalaşır və həmin mənzil nə vaxtsa satılarsa, mütləq şəkildə qeydiyyatda olan şəxslər notarial qaydada razılıq verməlidirlər. Yaxud mənzil üzərində əməliyyatlar aparılan zaman qeydiyyatda olan şəxslərin razılığı lazım olur”.

E.Fərzəliyevin sözlərinə görə, qeydiyyata düşdüyü ev sökülərsə, şəxs həmin evə görə maddi tələb irəli sürə bilər:

“Söküntü zamanı qeydiyyatda olan şəxs söküntüyə icazə verməyə bilər. Bu zaman məhkəməyə müraciət edərək maddi tələb ortaya qoya bilər və onun tələbi təmin oluna bilər. Bu baxımdan riskli tərəf vətəndaşı öz evinə alan şəxsdir.

Bundan başqa sabah orada qeydiyyata düşən şəxsin hər hansı cinayət əməli olarsa, polis tərəfindən axtarılarsa, məktublar ünvanlanarsa, hərbi xidmətə çağırılarsa qeydiyyatda olduğu ünvana yönələcək”.
 
Ardını oxu...
Son günlər Naxçıvan Muxtar Respublikasında dövlət məmurlarının həbsi yerli əhalidə ruh yüksəkliyi yaradıb. Adamlar sevinirlər, ümid edirlər ki, bu tədbirlərin yarımçıq qalmayacaq və region rəhbərliyinin dəyişməsilə başa çatacaq. Bu barədə Turan-a yerli sakinlər bildiriblər. Onlar Naxçıvan gömrük əməkdaşlarının həbsindən dərhal sonra başlayan dəyişikliklər barədə bildiriblər.

Belə ki, artıq gömrükçülər Türkiyə tərəfdən sərhədi keçənlərdən 30 kiloqramdan çox yükə görə rüşvət tələb etmirlər. İndiyədək adamlar gətirdikləri məhsullardan asılı olaraq, artıq çəkiyə görə 25-50 manat ödəyirdilər (ərzaq üçün rüşvət daha yüksək idi).

Eyni zamanda Naxçıvan gömrüyündə yeddi qapıdan yalnız biri açıqdır və adamlar gömrük nəzarətindən keçmək üçün saatlarla dayanmağa məcbur olurlar. Vətəndaşların digər qapıları açmaq çağırışlarına gömrükçülər cavab verirlər ki, işçi çatışmır.

İran tərəfdə də oxşar vəziyyətdir. Azərbaycan tərəfi əvvəllər adamların istifadə etdikləri əl arabalarını yığışdırdığına görə adamlar iki kilometr məsafədə öz yüklərini əllərində daşımağa məcburdur. Heç kim bunun səbəbini izah etmir.

Bütün bu tədbirlər Türkiyə və İrandan məhsul və malların idxalını daşınmasını məqsədilə edilir.

Naxçıvanda monopoliya hökm sürür, Türkiyə və İrandakı qiymətlərlə müqayisədə qiymətlər xeyli bahadır (2-3 dəfə) və adamlar alış-verişə getməyə məcbur olurlar. Halbuki, onları ayda bir dəfə gətirmək olar və bütün bunlar gömrükçülər tərəfindən kompüterdə qeydə alınır.

Yerli istehsallı məhsullara gəlincə, onlar gömrüyə və bütün digər strukturlara nəzarət edən yerli dövlət məmurlarının müəssisələrində istehsal olunur. Onlar adamların ucuz idxal malları almasında maraqlı deyil, çünki onların məhsulları satılmır.

Naxçıvan ali rəhbərliyinə gəlincə, o, gömrük rəhbərliyinin və maliyyə nazirinin həbsinə susur. Yerli əhaliyə bu barədə heç bir izahat verilməyib.
 
 
 
Ardını oxu...
Yaponiya sosial həyatı haqqında belgesel izləyirdim. İkinci dünya müharibəsi sonrasında məğlub Yaponiya imperiyası xalqı birlik olub ölkənin inkişafı üçün fədakarlıqlar edirlər, iki nəsil ölkəsi üçün çalışır. 80 və 90-lar nəsli uşaqlıq travmalarının, atalarının məğlubiyyət əzikliyini öz övladlarına yaşatmamaq üçün hər şeylərini övladlarına fəda edirlər. Yoxdur sözünü eşitməyən bir nəsil yetişir. Rahat ölkə, sosial rifah, qayğılarına qalan böyüklər, problemsiz həyat... Nəticədə 2000-lərin başlarında intihar halları sürətlə artır. Sevinə bilməyən nəsil üçün həyat eşqi sönür. C.Koreya da bunu yaşayır.
Biz də travmalı nəsilik. Ona görə də son illərdə uşaq mərkəzli ailələr olmuşuq. Tətili, gəzintini, istirahəti, hətta televizorda izləyəcəyimiz kanalı uşaqların istəyinə görə seçirik. Alış-verişdə ilk uşaqları düşünürük. Yoxdur deməyi unutmuşuq, amandır, travmalı olar, üzülər deyə nə istəsələr alınır. Evin Allahı uşaqlar olub. Beləcə, heç nəyə sevinməyən, duyğusuz, məmnuniyyətsiz nəsil gəlir. İstisnalar var əlbəttə, ama böyük əksəriyyət evlərdə dediyim durum yaşanır. İnanmırsızsa, getdiyiniz evlərdə tv-yə baxın, anaların telefonlarlnda ən çox izlənən kanallara baxın...
Ona görə aqressivlik, mərhəmətsizlik artıb. Ölüm, yaralama adiləşib, duyğsuz gələcəyi biz travmalı nəsil yetişdirmişik.
Şebnem Karslı
Teref.az
 
 
 
Ardını oxu...
Saytımız oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu hansı xəstəliyə görə həbsdən azad olunması halları ilə bağlıdır.

Mövzu ilə bağlı danışan vəkil Qulam İsmayılzadə bildirib ki, xəstəliyə görə cəzadan azad etmə qanunun humanistliyindən irəli gəlir.

Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur.

Belə şəxs barəsində məhkəmə tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Cəzanın çəkilməsinə mane olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş «Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısında» göstərilən sair ağır xəstəliyə düçar olmuş şəxslər də cəzadan azad edilirlər.

Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin S İ Y A H I S I

1.Vərəm

1.1. Ağ ciyərlərin ikitərəfli, artan fibroz-kavernoz vərəmi və ya III dərəcəli ağ ciyər-ürək çatmamazlığı, daxili üzvlərin amiloidozu ilə gedən, bronxial svişlə ağırlaşan plevranın xroniki total empieması.

Ağ ciyərin artan ikitərəfli fibroz-kavernoz vərəmi və xroniki empiemasının diaqnostikasında, anamnezdə tez-tez kəskinləşən, əmək qabiliyyətini uzun müddət pozan vərəmin inkişaf prosesini nəzərə almaq lazımdır. Burada mütləq olaraq rentgenoqrafik və tomoqrafik müayinələr zamanı ağ ciyər toxumasında dərin destruktiv və fibroz dəyişikliklər aşkar edilir, habelə kliniki-laborator müayinələr də prosesi və onun ağırlaşmalarını təsdiq etməlidir.

Belə proses vərəmin müxtəlif formalarının son etapıdır və o, daxili üzvlərin amiloidozu, II dərəcəli ağ ciyər-ürək çatmamazlığı, vaxtaşırı olaraq qan hayxırma və ya ağ ciyər qanaxmaları ilə ağırlaşır. Belə xəstələr daima bəlğəmlə vərəm mikobakteriyaları ifraz edirlər.

1.2. III dərəcəli ağ ciyər-ürək çatmamazlığı ilə gedən ağ ciyərin artan infiltrativ vərəmi (kazeoz pnevmoniya). Bir ağ ciyərin subtotal zədəlnməsi ilə xarakterizə olunur. Bu zaman sürətlə çoxlu miqdarda giqant karnalar meydana gəlir, xəstənin vəziyyəti ağırlaşır, dərin intiksikasiya simptomları, adekvat antibakterial terapiya fonunda III dərəcəli ağ ciyər-ürək çatmamazlığı yaranır. Bu halda xəstələrdə hər iki ağ ciyərdə bronxial disseminasiya ocaqları yaranır. Xəstələrdədaima bəlğəmlə vərəm mikobakteriyaları ifraz etməklə yanaşı, onlarda qan hayxırma da olur.

Diaqnozu əsaslandırmaq üçün mütləq rentgenoqrafik, tomoqrafik və habelə kliniki-laborotor müayinələr aparılmalıdır.

1.3. Fəqərələrin, iri sümüklər və oynaqların, daxili üzvlərinin amiloidozu ilə ağırlaşmış, artan destruktiv vərəmi, terminal stadiyada xroniki böyrək çatmamazlığı və sidikçıxarıcı yolların spesifik proseslə ağırlaşmış, böyrəklərin ikitərəfli kavernoz vərəmi. Bu proseslər tam və uzun müddətli əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunur.

Zədələnmiş sahələr dağıntılarla və bütün toxunma və orqanlarda destruktiv dəyişikliklərlə xarakterizə olunur. Artrogen kontrakturalara gətirib çıxaran çapıq birləşmələr meydana çıxır. Vərəm absesləri, spastik ifliclər, onurğa beyin pozğunluqları əmələ gəlir.

Sümük-oynaq vərəminin diaqnostikası qanın kliniki və biokimyəvi göstəricilərinə, kox sınağına, tuberkulin sınağına, vərəm absesindəki irinin müayinəsinə, zədələnmiş oynaq möhtəviyyatının müayinəsinə, iki proyeksiyalı /ön, yan/ rentgenoqrafiyaya əsaslanır. Sidikçıxarıcı sistemin artan vərəminin diaqnostikası sidiyin kliniki müayinəsinə/xarakterdir-piyuriya, proteinuriya, izostenuriya, silindruriya/, böyrəklərin və sidikçıxarıcı sistemin mütləq abzor rentgenoqrafiyasına, ekskretor uroqrafiyaya, retroqrad pieloqrafiyaya, indiqokarmin sınağını keçirməklə sistoskopiyaya əsaslanır.

2.Şişlər

2.1. Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər.

Klinik diaqnoz hökmən histoloji müayinə ilə təsdiq olunmalıdır.

2.2. Qanyaradıcı və limfatik toxunmaların bədxassəli şişləri. Mieloproliferativ şişlər.

2.2.1. Kəskin leykoz/bütün formaları/.

2.2.2. Artan kaxeksiyanın, anemiyanın, splenomeqaliyanın, hemarragik sindromun müşayiəti ilə xroniki mieloleykoz.

2.2.3. Xroniki eritomiloz, terminal stadiya.

2.2.4. Beyin damarlarının qansızması və trombozu ilə fəsadlaşan eritremiya.

2.2.5. Anemiya və trombositopeniya ilə fəsadlaşan, fasiləsiz residiv infeksiyalı xroniki limfoleykoz.

2.2.6. Anemiya və hemarragik sindromun müşayiəti ilə gedən xroniki monositar leykoz, terminal stadiyası.

2.2.7. Osteodestruktiv prosesin müşayiəti ilə gedən çoxlu mieloma/fəqərələrin və aşağı ətraf sümüklərinin patoloji sınığı/.

2.2.8. Limfatik düyünlərin, bir və ya bir neçə diffuz şəkildə ekstralimfatik orqanların zədələnməsi ilə gedən limfoqranulomatoz, IV dərəcə.

3. Endokrin sistemi xəstəlikləri.

3.1. Makroangiopatiya, retinopatiya, polineyripatiya təzahürləri olan, ketoasidoza meyilli ağır gedişli, insulindən asılı tipli şəkərli diabet/insulin dozası sutkada 60 vahiddən yuxarı/.

3.2. Kəskin fəsadlarla müşahidə olunan İtsenko-Kuşinq sindromu, fəqərələrin və borulu sümüklərin patoloji sınıqları, əzələlərin atrofiyası, III dərəcəli qan dövranı pozğunluğu ilə müşayiət olunan, hərəkət pozğunluğu ilə müşayiət olunan beyin qan dövranı çatmamazlığı.

3.3. Kaxeksiya stadiyasında olan hipofizar çatmamazlıq/Simmonds xəstəliyi/.

4. Psixi pozğunluq

4.1. Şizofrenik psixoz: Qeyri qənaətbəxş gedişli fasiləsiz və tutmalarla müşayiət olunan proqredient forma/sadə, herefrenik, katotonik, paranoidli/.

4.2. Baş beyinin orqanik zədələnmələrinin fəsadı kimi əmələ gələn psixotik pozğunluqlar.

4.2.1. Sinil demensiyasının bütün formaları /Sadə tip, hallyusinasiyalı-sayıqlamalı pozğuntular/ Senil demensiyasının ilkin senilqabağı variantı: Pik və Altsheymer xəstəlikləri zamanı baş beyin məhəlli atrofiyaları nəticəsində əmələ gələn demensiya/.

4.2.2. Aterosklerotik ağıl zəifliyi/psixozsuz, depressiyalı, hallyusinasiya və sayaqlama ilə müşayiət olunma, kəskin çaşqınlıq əlamətləri təzahürü ilə gedən/.

4.2.3. Korsakov psixozu (alkoqollu, beyin sifilisi və ya travması nəticəsində əmələ gələn).

4.2.4. Orqanik ağıl zəifliyi (ensefalit, meninqoensefalit, beyin siflisi, baş beyin travması nəticəsində əmələ gələn).

4.3. Somatik pozğunluqlarla müşayiət olunan, proqridient gedişli xroniki ruhi xəstəlik xarakterli gecikmiş reaktiv psixozlar.

4.4. Müxtəlif etiologiyalı xroniki psixozlar:

4.4.1. Proqridientli və ya residivli gedişə malik sistem infeksiyası ilə şərtlənmiş simtomatik psixoz.

4.4.2. Psixikanın geri dönməyən, inkişaf edən dəyişiklikləri ilə müşahidə olunan gecikmiş və ya residivli intoksikasiyalı psixoz.

4.5. Şəxsiyyət pozğunluğu (psixopatiyalar).

Şəxsiyyətin müvafiq konstitusional əsasda paranoyal və ya paranoidli sayaqlamalarla müşahidə olunan patoloji inkişafı (paranoyal psixopatiya): psixopatiyanın digər tipoloji variantları əsasına əmələ gələn şəxsiyyət pozğunluqları.

5. Sinir sistemi və hissiyyat üzvlərinin xəstəlikləri

5.1. Baş beyin və onurğa beynin damar xəstəlikləri, emboliyalar, hemorragik, işemik və ya beynin qan təchizatının qarışıq kəskin pozğunluğu, III dərəcəli xroniki damar endefalopatiyası, ilkin subaraxnoidal qansızmalar (qeyri-travmatik).

Diqanozu təsdiq edilmiş beynin qabarıq və dayanıqlı zədələnməsi əlamətləri (hemi- və paraplegiya, dərin hemi- və paraparez, vaxtın və məkanın oriyentasiya pozğunluğu, akinetik-rigid sindrom).

5.2. Mərkəzi sinir sisteminin və onurğa beynin orqanik zəifləmələrlə, funksional pozğuntularla müşayiət olunan və prosesin davamlı inkişaf edən yoluxucu və demielinləşdirici xəstəlikləri (ağır ifliclər, hissiyyatın itməsi ilə müşayiət edilən dərin parezlər, çanaq nahiyyəsi orqanlarının funksional pozğuntuları, trofiki pozğuntular, akinetik-rigid sindrom).

5.2.1. İkincili irinli meningit.

5.2.2. Baş beyin absesi.

5.2.3. Onurğanın epidural absesi və vərəm mənşəlli olmayan qranuloma.

5.2.4. Beyin siflisi.

5.2.5. Vərəm xəstəliyində sinir sisteminin zədələnməsi.

5.2.6. Dağınıq sklerozu.

5.2.7. Şilder leykoensefaliti.

5.3. Mərkəzi sinir sisteminin travmatik xəstəliyi, beyninin dayanıqlı və qabarıq şəkildə məhəlli zədələnməsi, hemiplegiya, paraplegiya, dərin hemi- və paraparez.

5.4. Hərəki, hissi və vegetativ pozğunluqlarla və aparılan müalicənin effektiv olmaması ilə müşayiət olunan sürətlə artan gedişli xəstəliklər.

5.4.1. Beyin şişləri.

5.4.2. Kraniospinal şişlər.

5.4.3. Onurğa beyninin şişləri.

5.4.4. Sirinqobulbiya.

5.4.5. Hepatoserebral distrofiya (hepatolentikulyar degenerasiya, Vilson-Konovalova xəstəliyi).

5.4.6. Spinoserebral ataksiya.

5.4.7. Yan amiotrofik skleroz.

5.4.8. Miasteniya.

5.5. Epilepsiya.

5.5.1. Müalicəyə tabe olmayan, xroniki gedişli uzun sürən epileptik psixoz.

5.5.2. Psixikanın dərsin və artan dəyişiklikləri ilə müşayiət olunan generalizə olmuş və mürəkkəbləşmiş paroksizmal pozğunluqlar.

5.5.3. Epileptik ağıl zəifliyi.

5.6. Tam korluq, həmçinin gözün davamlı patoloji dəyişiklikləri nəticəsində gözün görmə qabiliyyətinin 0.03-dən artıq olmaması və korreksiyası mümkün olmayan, yaxud hər iki gözün görmə sahəsinin konsentrik olaraq 10 %-yə qədər azalması halları.

Ətraflı
6.1. III dərəcəli qan dövranı çatmamazlığı ilə gedən ürək xəstəlikləri.

6.1.1. Cərrahi müalicəyə tabe olmayan konstriktiv perikardit.

6.1.2. Ürəyin qazanılmış və anadangəlmə qüsurları.

6.1.3. Uzun sürən bakterial endokardit.

6.1.4. Kardiomiopatiya (obstruktiv, hipertrofik, durğunlu).

6.1.5. Endomiokardial fibroz.

6.1.6. Miokarditli kardioskleroz.

6.1.7. Ürəyin işemik xəstəliyi.

6.1.8. Ürəyin ritm pozğunluğu.

6.2. III dərəcəli hipertoniya xəstəliyi.

6.2.1. Ürək əzələsinin kəskin təkrarı transmural və geniş ocaqlı infarktı, ürəyin dayanıqlı ritm pozğunluğu və kəskinləşən ürək çatmamazlığının üstünlüyü ilə gedən formalar.

6.2.2. III dərəcəli qan dövranı çatmamazlığı.

6.2.3. Xroniki böyrək çatmamazlığı – terminal stadiyası.

6.3. Qanqrenoz – nekrotik stadiyada olan ən azı iki ətrafın magistral damarlarının zədələnməsi ilə gedən arteriyaların xəstəlikləri.

6.3.1. Oblitirəedici endoarterit.

6.3.2. Oblitirəedici ateroskleroz.

7. Tənəffüs sisteminin xəstəlikləri

Dekompensasiya, III dərəcəli tənəffüs çatmamazlığı stadiyasında olan və daxili üzvlərin amiloidozu, eləcə də xroniki böyrək çatmamazlığı ilə gedən ağ ciyərin xroniki qeyri-spesifik xəstəlikləri. Bu xəstəliklər diffuz pnevmoskleroz, ağ ciyərlərin emfizeması, xroniki ağ ciyər ilə getmək şərti ilə terminal stadiyalarda.

7.1. Obstruktiv xroniki bronxit.

7.2. Bronxoektaz.

7.3. Bronxial astma.

7.4. Ağ ciyərin absesi.

7.5. Plevranın empiyeması.

7.6. Müxtəlif mənşəli pnevmokoniozlar.

7.7. İdiopatik fibrizəedici alveolit.

7.8. Sarkoidoz.

7.9. Birincili emfizema.

8. Həzm sistemi üzvlərinin xəstəlikləri

8.1. Bağırsaqların və digər həzm orqanlarının kaxeksiya stadiyasında sorulma pozğunluqları ilə müşahidə olunan xəstəlikləri.

8.2. Dekompensasiya stadiyasında hipersplenzim, portal hipertenziya, qara ciyər-hüceyrə çatmamazlığı ilə müşahidə olunan qara ciyərin müxtəlif etiologiyalı sirrozu.

9. Böyrəklərin terminal stadiyada olan xroniki çatmamazlıqları

9.1. Xroniki qlomerulonefrit.

9.2. Xroniki pielonefrit.

9.3. Hidronefroz.

9.4. Böyrəklərin kistoz xəstəlikləri.

10. Sümük-əzələ sisteminin və birləşdirici toxumaların davamlı

inkişaf edən generalizə olunmuş proseslə və terminal stadiyada

olan böyrək çatmamazlığı ilə və ya III dərəcəli qan dövranı pozğunluğu və

ya mərkəzi sinir sisteminin dayanıqlı məhəlli zədələnməsi (hemi- , paraplegiya,

hemi-, paraparez) və ya köndələn əzələlərin disfagiyası, dizartriası ilə

keçən ümumi zədələnmələri ilə müşayiət olunan xəstəlikləri.

10.1. Revmatodliartrit.

10.2. Hemorragik vaskulit.

10.3. Ankilizə olunmuş spondiloartrit (Bexteriv xəstəliyi).

10.4. Sistemli qırmızı qurdeşənəyi.

10.5. Dermatomiozit.

10.6. Düyünlü periarterit.

10.7. Sistemli sklerodermiya.

11. Maddələr mübadiləsi xəstəlikləri.

Terminal stadiyada olan, xroniki böyrək çatmamazlığı və nefropatiya ilə müşahidə olunan podaqra.

12. Anatomik defektlər.

Sonuncu dəfə cəza çəkdiyi dövrdə xəstələnmə və ya travma nəticəsində əmələ gələn defektlər: yuxarı və ya aşağı ətrafların yüksək amputasiyası, eləcə də bir yuxarı və bir aşağı ətrafın amputasiyası.

13. Şüa xəstəliyi.

13.1. Kəskin şüa xəstəliyi.

13.1.1. Müxtəlif ağrılı dərəcəsində olan kəskin şüa xəstəliyi (I –IV)

13.1.2. I-IV ağırlıq dərəcəsində olan dərinin yerli (məhəlli) şüa xəstəliyi.

13.1.3. Kəskin şüa xəstəliyinin fəsadları:

13.1.3.1. Sinir və damar sisteminin artmış zəiflik və funksional pozğunluqları ilə müşahibə olunan astenik sindrom.

13.1.3.2. Beyin və periferik qan dövranının pozğunluqları ilə müşahidə olunan sinir və damar sisteminin orqanik zədələnmələri halları.

13.1.3.3. Sümük iliyinin hipoplaziyası ilə gedən, periferik qanın göstəricilərinin qeyri-stabilliyi ilə müşayiət olunan sitopenik sindrom (leykosit miqdarı 3,0 x 109-dan az, trombositlər 1,5 x 10 v 12-dən az).

13.1.3.4. Dərin trofiki, degenerativ, nekrotik yerli dəyişikliklər, gecikmiş şüa yaraları, ağrı sindromu.

13.1.3.5. Kontaktu və amputasion defektlər.

13.1.3.6. Görmə kəskinliyi ən yaxşı halda 0.1-0.5 olan III dərəcəli şüa kataraktı.

13.2. II-IV dərəcənin formalaşması dövründə və sonrakı dövrlərdə müşahidə olunan xroniki şüa xəstəliyi.

13.3. Gecikmiş şüa effektləri ( qanyaradıcı toxumaların, sümük toxunmasının, ağ ciyər və qara ciyərin bədxassəli şişləri).

Şüa xəstəlikləri və şüa effektlərinin diaqnozu komission şəkildə və radiasiya təbabəti mütəxəssislərinin iştirakı ilə təyin edilir.

14. AİDS (QİÇS) qazanılmış immun çatışmazlığı sindromu - ağırlaşdırıcı hallarda.
Hazırladı: Miri Məcidli
Oxu24.com
 
Ardını oxu...
"İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq".

DİA.AZ qeyd edir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev “news.ru” nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, "Azərbaycanlılar özləri Qarabağda turizmin inkişafına sərmayə qoyurlar, onlar ölkəsi üçün faydalı iş görmək istəyirlər. Azərbaycan hökuməti investorlar üçün müəyyən güzəştlər nəzərdə tutan sənədlər paketi hazırlayır”.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin böyük turizm potensialı var:

"Artıq bir neçə yerdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər aparılır. Bundan əlavə, biz başqa ölkələrdən investorları cəlb etmək üçün investisiya şəraiti yaradırıq. Ancaq başa düşmək lazımdır ki, müharibə bir müddət əvvəl başa çatıb və o ərazilərdə hələ də minalardan təmizləmə prosesi gedir.

Biz vətəndaşların tam təhlükəsizliyini təmin etmək üçün bir sıra dövlət qurumları ilə işləyirik. Bu ilin sonuna kimi Tərtər rayonu, Suqovuşanda turizm infrastrukturunu istifadəyə verməyi planlaşdırırıq. Orda su anbarı var ki, onun ətrafında turizm zonası yaratmağa başladıq. Biz məcburi köçkünlərin tezliklə bu torpaqlara qayıtması üçün hər şeyi edirik. Bu, o cümlədən turizm üçün çox vacibdir".

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib. Onu da qeyd edək ki, son illər vətəndaşlar quru yollarının bağlı olması və qiymət artımı ilə bağlı daxili turizmə daha çox üstünlük verir. Daxili turizmə tələbat artsa da, bölgələrdə turizm obyektlərində qiymətlərdə azalma müşahidə edilmir. Nəinki daxili turistləri, xarici ölkələrdən gələn turistləri də qiymət bahalığı ilə bağlı itirməli oluruq.

Qarabağa turist səfərləri zamanı onlara da digər bölgələrdəki kimi baha qiymətlər tədqim olunacaqsa, turizmi necə inkişaf etdirəcəyik?

DİA.AZ-ın məlumatına görə, “Skal Bakı” klubunun sədri Ceyhun Aşurov Cebhe.info-ya bildirib ki, Qarabağın gələcəkdə turizm potensialından geniş istifadə olunacağı gözləniləndir:

“Bunun üçün ilk növbədə oradakı təhlükəsizlik məsələlərinin tam şəkildə həllini tapması lazımdır. Orada bəzi ərazilərdə hələ də minalanmış ərazilər var, bu, insan həyatı üçün təhlükəlidir. Lakin azad edilmiş ərazilərə bəzi marşrutlar hazırlanır ki, həmin ərazilər tam təhlükəsiz zonadır. Yəqin ki, müəyyən marşrutlar çərçivəsində, yəni istər bizim vətəndaşlar, istərsə də xaricdən gələn turistlər üçün müəyyən turizm marşrutları Qarabağ ərazisinə salına bilər. O əraziləri turistlərin görməsi, keçmələri üçün şərait yaradıla bilər ki, bunun üçün də müəyyən zaman lazımdır”.

Ekspert deyir ki, bu il ümumiyyətlə, ÜTT tərəfindən dünyada turizmin 2019-cu illə müqayisədə 70 faiz bərpa olunduğu qeyd olunur:

“Azərbaycanda da 60 faizdən yuxarı turizm sənayesinin bərpa olunduğunu görə bilirik. Bununla əlaqədar turizmdə müəyyən qədər canlanma var. Bütün müsbət tendensiyalar dünyada və Azərbaycanda turizm aktivliyinin bərpası ilə əlaqədardır. Ölkəyə turistlər gəldikdə yalnız bir məkanda qalmırlar, Azərbaycanda böyük regionlar arasında məsafə o qədər də çox deyil. Kifayət qədər yaxşı infrastruktur, yollarımız var. Bu imkan verir ki, ölkəmizə gələn turistlər qaldığı müddət ərzində müxtəlif bölgələrə də səfər etsinlər. Təbii ki, turistlərin sayı çox olarsa, mütləq Qarabağa olan turizm marşrut səfərlər ilə uzlaşdırıla bilər və həmin təhlükəsiz ərazilərə də turistlər səfər edə biləcəklər. Mövcud şərtlərdə, müxtəlif geosiyasi və iqtisadi proseslər fonunda, eləcə də Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması ilə bağlı müəyyən məhdudiyyətlər qalmaqdadır. Lakin gələcəkdə sabit şərtlərdə turistlərin sayının artacağı gözləniləndir”.

C.Aşurov bildirdi ki, yay mövsümündə sərhədlərin bağlı olması və dünyada qiymət artımı ilə əlaqədar olaraq daxili bazara daha böyük tələbat olub:

“Vətəndaşlar öz istirahətlərinin təşkili məqsədilə daha çox bölgələrə səfər edirlər. Bu da tələbatı yüksək tutur və qiymətlərin yuxarı olmasının səbəbi də tələbatın yükək olmasıdır. Əgər bizim regionlarda qalma yerləri, otellərin, restoranları sayı daha çox olarsa, rəqabət nəticəsində daha uyğun qiymətlər əldə edə bilərik. Yay mövsümündə xüsusilə doluluq müşahidə olunur və gələn turistlərin sayı artır. Məktəblərin bağlı, tətil olması ilə insanların həm xaricə, həm də ölkə daxilində turizm səfərlərini sayını artırır. Bu baxımdan istirahətlərini daha çox yay mövsümünə salırlar ki, bu da qiymətlərə də öz təsiriin göstərir. Gələcəkdə bu cür obyektlərin sayı artarsa, biz daha əlverişli qiymətlər və daha yaxşı rəqabətli xidmətlər əldə edə bilərik. Biz hər il bazara yeni otellərin, qalmaq üçün kənd evləri, tikililərin daxil olduğunu görürük. Gələcəkdə də bunun artırılması üçün dövlət tərəfindən də təşviqlərin olması lazımdır ki, bu cür obyektlərin sayı daha çox olsun. Rəqabət mühiti artdıqca, insanlar büdcələrinə uyğun həm qalma, servis xidmətləri əldə etmiş olacaqlar”.
 

Dünyapress TV

Xəbər lenti