Ardını oxu...
20 il hakim olmuş Ülvi Mayılov indi özü yarım ilə yaxındır ki, məhkəmə yollarındadır. Səbəb ona verilən pensiyanın bir müddət sonra azaldılmasıdır və o, yenidən pensiyasının artırılmasını istəyir.

Ülvi Mayılov 2000-2007-ci illərdə 1 saylı Yerli İqtisad Məhkəməsinin, 2007-2020-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2020-ci ildə - 65 yaşında pensiyaya göndərilib.

Dediyinə görə, pensiyası əvvəlcə normal qaydada hesablanıbmış, məbləğ də onun ürəyincəymiş, ancaq sonradan azaldıblar.

Ülvi Mayılov deyir nəyə əsaslanıb onun pensiya kartına 6 min 148 manat köçürülür onu anlamır və vurğulayır ki, öz hesablamasına görə, pensiyası 7 min 342 manat olmalıdır.

Keçmiş hakim məhkəməyə qədər Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə daxil olan şəxslərlə də dəfələrlə görüşüb, ancaq nəticəsi olmayıb.

Daha sonra Bakı İnzibati Məhkəməsinə üz tutub. Bu instansiya onun iddiasını təmin edib. Qərardan narazı qalan Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verib. Fondun Ülvi Mayılova qarşı bu şikayətinə elə onun 13 il hakimlik etdiyi Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Fondun nümayəndəsi məhkəmədə deyib ki, Ülvi Mayılovun pensiyası əvvəl yanlış hesablanıb və nəticədə ona alacağından artıq məbləğ ödənilib.

Nümayəndə bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna görə, keçmiş hakimə veriləcək aylıq məbləğ son iki ildəki orta aylıq əməkhaqqının 65 faizi miqdarında hesablanmalıydı, ancaq bu halda 80 faizlə hesablanıb. Nəticədə ona öncə daha çox pensiya verilib:

“Sonradan Bakı Apellyasiya Məhkəməsinə sorğu verilib. Son 24 ayın əməkhaqqı cədvəli alınıb və onun əsasında yenidən hesablanma aparılaraq, yekun məbləğ təyin edilib”-Fond nümayəndəsi bildirib.

Amma Bakı Apellyasiya Məhkəməsi də bu məsələdə keçmiş hakimi haqlı sayıb və Fondun şikayəti təmin olunmayıb.

Ülvi Mayılov hakim kimi fəaliyyət göstərdiyi 20 il ərzində əsasən mülki xarakterli məhkəmə mübahisələrinə baxıb.

“Azadlıq” qəzetinin uzun illər yerləşdiyi Xaqani 33 ünvanındakı redaksiyasından çıxarılması haqda qərarı da o verib. Həmin vaxt bir neçə saat ərzində məhkəmədə həm hazırlıq iclası keçirilib, həm araşdırma aparılıb, həm də qərar qəbul edilib. Ertəsi gün “Azadlıq” qəzeti, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və “Turan” informasiya agentliyi həmin binadan çıxarılıb.
Azadlıq Radiosu

Ardını oxu...
Dövlət Statistika Komitəsi mütəmadi orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlayır. Hər dəfə yeni rəqəmlər ortaya çıxanda sosial mediada istifadəçilər hesabatı rişxəndlə qarşılayırlar. Çünki orta aylıq əməkhaqqı ilə bağlı təqdim olunan statistika reallıqdan xəbər vermir. Son açıqlamada təxminən 901 manatdan söhbət gedir. Halbuki ətrafımızdakı insanların əksəri bu məbləğdən xeyli az məvacib alır. İnsanların statistikaya inanmaması təbii görünür.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, indi dünyada orta aylıq əməkhaqqı sosial mənzərəni göstərmək baxımından əhəmiyyətli göstərici sayılmır. Bu rəqəmlər daha çox maaş artımını göstərmək üçün lazım olur. Gerçək vəziyyət barədə median əməkhaqqı danışır.

Nədir median əməkhaqqı? Bu, ümumi əməkhaqqı cədvəlinin tən ortasında qərarlaşan işçinin məvacibidir. Yəni müəssisədə 19 nəfər çalışırsa, maaşının həcminə görə 10-cu sırada qərarlaşan şəxsin məvacibi median əməkhaqqı sayılır. Deməli, median əməkhaqqı ölkədəki işçi qüvvəsinin yarısının hansı göstəricidən az qazandığını ortaya qoyur.

Azərbaycanda 2021-ci ilin əvvəlindən median əməkhaqqı hesablanır. Amma açıq-aşkar görünür ki, hökumət bu məsələdə həvəsli görünmür. Çünki orta məvaciblə median əməkhaqqı arasında kəskin fərq var. Məhz bu amil Dövlət Statistika Komitəsinin şəffaflığına xələl gətirir.

Son açıqlamaya görə, ölkədə median əməkhaqqı 410 manatdır. Yəni orta məvacibdən 2,2 dəfə az. Olduqca böyük fərqdir. Ya Dövlət Statistika Komitəsi gerçəkliyi gizlədir, ya da müəyyən müəssisələrdə yüksək maaş verilməsi orta aylıq əməkhaqqının məbləğini şişirdir.

Sosial mediada orta aylıq əməkhaqqı ilə bağlı bir zarafat dolaşır. Belə deyilir: “Mən kələm, məmur ət yeyir. Orta göstərici budur ki, kələm dolması yeyirik”. Həqiqətən də, orta aylıq əməkhaqqının riyazi göstəricidən başqa bir şey olmamasına, real sosial durumu ortaya qoymamasına ən bariz nümunədir. Kimlərinsə yüksək maaş alması hələ ölkədə məvacibin qənaətbəxş olması anlamına gəlmir.

Ölkədə median əməkhaqqının 410 manat olması o deməkdir ki, işləyən kəsimin yarısı bundan daha az qazanır. Təsəvvür eləyirsiniz, necə ağır durumdayıq? Minimum əməkhaqqı 345 manatdır. Deməli, işləyən kəsimin 50 faizə qədəri minimum əməkhaqqına yaxın məbləğlə keçinməli olur. Sadəcə, rüsvayçılıqdır. Hökumət iddialı danışanda elə özü açıqladığı rəqəmlərə diqqətlə baxsın. İnsanlar qəpik-quruşla yaşamaq məcburiyyətində qalıb.
 

Ardını oxu...

Hurriyyet.az-a müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsinin sədri, Birinci və İkinci Qarabağ müharibələrinin qazisi Elmar Yaşar oğlu Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyinin ləğv edildiyini bildirib.



Hər iki savaşın ilk günündən son gününədək səngərlərdə olduğunu, bir sıra əməliyyatlarda iştirak etdiyini vurğulayan qazinin sözlərinə görə, Birinci Qarabağ savaşında 3 güllə yarası, kəllə-beyin travması alıb, günlərlə komada olub. Lakin bütün bunlara rəğmən, Elmar Məmmədovun əlillik dərəcəsi ləğv edilib: "Mən Goranboy rayonu, Dəliməmmədli şəhər sakiniyəm. Birinci Qarabağ savaşı zamanı 1994-cü il may ayının 2-də ağır yaralanmışam. 3-cü qrup Qarabağ əlili kimi pensiya alırdım. İkinci Qarabağ savaşında da könüllü kimi sonadək iştirak etmişəm. Əlimdə bunu sübuta yetirən foto və video görüntülər mövcuddur. Ancaq buna baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev heç bir səbəb olmadan əlilliyimi ləğv edib. Ayağımda hələ də qəlpə qalıb, səhhətim ağırdır, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, sən sağlamsan. Halbuki, "İnsulin"lə yaşayan adamam, gündə iki dəfə bunu vururam. Başqa yerdən gəlirim yoxdur, ancaq əlillik pensiyamla dolanırdım, artıq onu da kəsiblər".

Məsələ ilə bağlı baş prokuror Kamran Əliyevin qəbulunda olduğunu deyən Elmar Məmmədov qeyd edib ki, bunun da heç bir faydası olmayıb: "Kamran Əliyev zəng edib tapşırsa da, bunun heç bir nəticəsi olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovla da iki dəfə görüşmüşəm. O, "Sən bizim qəhrəmanımızsan, narahar olma, düzələcək" desə də, hələ də pensiya ala bilmirəm. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan ləğv edilmiş əlillik dərəcəmin bərpasında mənə yardım etmələrini xahiş edirəm".

Ardını oxu...
 
Ardını oxu...
Məktəblilərin tətilə buraxılmasından sonra iş yerlərindən məzuniyyət götürən valideynlər ailələri ilə birgə istirahət etmək üçün ya bölgələrə, ya da müxtəlif ölkələrə axın edirlər.

Bəzi tur şirkətləri isə ənənəvi olaraq seçilmiş rayonlarda turistik məkanlara turpaketlər təşkil edirlər. Lakin istirahət heç də ucuz başa gəlmir.

Maraqlısı odur ki, ən çox ziyarətçisi olan istirahət məkanları qiymətləri hər il artırır.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, artıq bu ilin əvvəlindən regional destinasiyalara yarım milyondan artıq səfər baş tutub ki, əcnəbilərin də sayında artım gözdən qaçmır:

“Ümumilikdə COVID 19 pandemiyası turizm sənayesini çökdürsə belə, onun müsbət təsirlərindən biri də xaricə səfərlərdə məhdudiyyətlər fonunda daxili turizm bazarının inkişafı oldu. Bu istiqamətdə artım yüzlərlə faiz təşkil edib. Turizm sektoru üçün yüksək mövsüm hesab edilən yaz-yay aylarında turizm fəaliyyəti canlanır.

Ölkənin bir çox bölgələrində yeni infrastrukturun yaradılması, mədəni irsin qorunması və bərpası istiqamətində xeyli işlər aparılır. Bunlar imkan verir ki, ölkə üzrə turizm təklifləri genişləndirilsin. Son illərdə kulinariya, aqrar, mədəni, ekoloji festivallara marağın artması ilə Azərbaycanın müxtəlif məkanlarında yeni turizm marşrutlarının formalaşması, olanların isə daha da populyarlaşması baş verir”.

Ekspert bildirir ki, təxmini olaraq, yay aylarında regionlara 100-120 min səfər baş tutur ki, bu il də göstəricilər artan tempdədir:
“Bizim hesablamalarımıza görə, artıq bu ilin əvvəlindən regionlara yarım milyondan artıq səfər baş tutub və bu rəqəm artmaqdadır. Statistikaya nəzər yetirsək, görərik ki, yalnız may ayı ərzində ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım olub. Düşünürəm ki, yay aylarında bu rəqəm daha da yüksələcək.

Regionlarda turizm fəaliyyətləri bir neçə istiqamətə bölünür. Bunlar sırasında qısa və uzunmüddətli turları fərqləndirə bilərik. Son illərdə ekoloji turizmə maraq artmaqdadır, təbii ərazilərin seyr edilməsi və gəzintilər, kənd yerlərində aqroturizm fəaliyyətləri, mədəni irs nümunələrinin ziyarəti və digərlərini bu sırada sadalamaq olar”.

Samir Dübəndi vurğulayıb ki, bəzi hallarda xidmətlərin qiyməti və keyfiyyəti arasında mütənasiblik də pozulduğu üçün qiymətlər yüksəlir:

“Yayda istirahət mərkəzlərinə yüksək tələbin olması müşahidə olunur. Və əgər artan tələblər kifayət qədər təkliflərlə qarşılanmazsa, bu halda müxtəlif fəsadların baş verməsi mümkündür. Misal üçün, qiymətlərin artması, yerlərin çatışmazlığı, tıxacların baş tutması və s.

Bir sıra hallarda qiymətlərə vətəndaşlar tərəfindən yanlış yanaşmalarla üzləşirik. Məsələn, beşulduzlu hotelin qiyməti arzu olunur ki, daha ucuz olsun, amma bu belə olmur. Ona görə də hotelçilik sahəsində yerləşmə vasitələrinin kateqoriyalaşması tələbləri mövcuddur. Yəni ulduz kateqoriyaları arasında göstərilən xidmətlərin çeşidi və komfortun dərəcəsilə yanaşı, təbii ki, qiymət fərqinin də olması başadüşüləndir.

Digər tərəfdən, regionlarda kiçik və alternativ yerləşmə vasitələrinin sayının da az olduğu müşahidə edilir. Bu səbəbdən həmin seqmentdə rəqabət aşağıdır, təkliflərin sayı məhduddur.

Düşünürəm ki, kənd evləri, qonaq evləri, butik hotellər, çadır şəhərcikləri və digər yerləşdirmə vasitələrinin sayı artsa, rəqabət də artar və nəticədə alternativ qiymətlərin əmələ gəlməsinə nail ola bilərik”.
 
Ardını oxu...
Oğuzun Padar kənd sakini, 35 yaşlı Sənan Əhmədov pensiyasının kəsilməsindən şikayətçidir.
Hərbi xidmətdə olarkən ağciyərlərində yaranan problemə görə ordudan tərxis olunan S.Əhmədova ağciyərin vərəmi diaqnozu qoyulub və ikinci qrup əlillik təyin olunub.
“Beş il pensiya alandan sonra komissiyadan keçə bilmədim. İlyarımdır ki, pensiyamı ala bilmirəm. Müraciət etmədiyim yer qalmayıb. Ciyərimin yarısı yoxdur, pensiyamı kəsiblər”, – şikayətçi söyləyib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, hazırda Sənan Əhmədovun müraciəti ilə bağlı araşdırma aparılır.
S.Əhmədov Baku TV-yə bildirib ki, çəkilişdən sonra onunla əlaqə saxlanılıb və yenidən yoxlanışa dəvət edilib.
Ətraflı videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
İllərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun səhhəti ilə bağlı verdiyi açıqlamaya etiraz edib.

Rəbiyyə Zərdabi Qaynarinfo-ya açıqlamasında bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı həqiqətə uyğun deyil:

"Bu yalana kimi inandırırsınız? Yalancılar. Bu qədər işciyə maaş verirsiniz, ev və mobil nömrələrimiz var. Əlil kimi qeydiyyatdayıq. Zəng vurub, deyə bilməzlərmi ki, protez verilməsi ildə bir dəfə verilir? Prtoez almağımı gecikdirmisiniz. Gündə bir qərar qəbul edirsiniz... Yuxuda görməliyəm ki, qərar dəyişib? Cavabınız məni qane etmir. Dünyanın o başıdır, ora getmək üçün 4 avtobus dəyişmək lazımdır”.

Rəbiyyə Zərdabi bir dəfə protez aldığını və onun da vaxtının keçdiyini vurğulayıb:

"Onlar özləri mənə zəng edib məlumat verməlidirlər. Ölkədə nə qədər əlil qadın var? Bakıda sinə protezi alan 500 xəstə olar, onlara zəng edib məlumat vermək böyük məsələdir? Evdə oturub ovcumu iyləmişəm? Bu işi sona kimi gedəcəm. Orada, qeydiyyat şöbəsində 4-5 qız tum çıtlamaqdansa, zəng edib bizə məlumat verin”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi illərdir xərcəng xəstəliyinin fəsadlarını yaşayan Rəbiyyə Zərdabinin 2022-ci ildə süd vəzi protezi ilə təmin olunduğunu bildirib. Qurum qeyd edib ki, "Hazırda qanunvericiliyə əsasən süd vəzi protezlərinin istifadə müddəti 1 il olduğu üçün Rəbiyyə Zərdabinin növbəti protezlə təmin olunma hüququ 23.09.2023-cü ildən etibarən yaranacaq. Vətəndaş həmin müddətdən sonra müvafiq qaydada süd vəzi protezi ilə təmin olunacaq”.
 
Ardını oxu...
"Hörmətli ABB, "ABB miles premium" kartımı heç bir xəbərdarlıq olmadan bağlamısız". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mehman Quliyev adlı istifadəçi qeyd edir.

Narazı vətəndaş daha sonra bildirir: "Özünüzə görə müvafiq səbəbləriniz ola bilər.

1-ci səhviniz müştəriyə bildirmədən bunu etməyinizdir.
2-ci səhviniz isə kartımda olan 600 manata yaxın mil-i mənimsəməyinizdir.

Naxçıvan filialına yaxınlaşmışıq, hesabdakı qalıq məbləği çəkə bilərsiz, amma mili dəyişə bilmərsiz, deyə cavab aldıq.

Zəhmət olmasa bu mövzuya aydınlıq gətirin".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri quru sərhədlərinin açılması ilə bağlı olsa da, bu istiqamətdə elə bir yenilik müşahidə edilmir.

Vətəndaşlar nəhayət ki, yay turizm mövsümünün başlaması ilə bu problemin həll olunacağını düşünsələr də hələ də verilmiş qərarda dəyişiklik olmadı.

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Operativ Qərargahın məlumatına görə, ölkəmizdə aktiv xəstə sayı 16 nəfərdir.

Qeyd edək ki, artıq bir çox ölkələrdə karantin rejimi ləğv edilib. Məhz bu səbəbdən də həmin ölkələrdə quru sərhədləri ilə bağlı heç bir problem yoxdur. Bu gün bir çox ölkələrdə artıq karantin rejimi qaldırılmasının nəticəsidir ki, həmin ölkələrdə təşkil olunan kütləvi tədbirlərin, turistlər üçün gediş-gəliş imkanlarının yaradılmasının şahidi oluruq.

Maraqlıdır, ölkəmizdə də “Formula-1” kimi beynəlxalq idman yarışları, eləcə də müxtəlif bayramlarda əhalinin sıx toplaşdığı əyləncəli tədbirlər təşkil olunur. Əgər ölkə daxilində beynəlxalq tədbirlər keçirilə bilirsə, qonaqlar, turistlər gəlib-gedirlərsə, deməli virus təhlükəsi o qədərdə aktual deyil. Amma nədənsə quru yollar hələ də bağlı qalır. Bu isə maddi imkanları o qədər də yüksək olmayan vətəndaşlar üçün ciddi çətinlik yaradır.

Çünki imkanlı şəxslər təyyarədən istifadə edərlər. Bu da bir faktdır ki, quru yollarının bağlı olması onsuzda inkişaf edə bilməyən turizmin daha da geriləməsinə gətirib çıxarır. Mövcud vəziyyət ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, ötən dövr ərzində bu problem həllini tapmayıb. Burada maraq doğuran digər məqam isə pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara qarşı tətbiq edilən cərimələrdir ki, bu gün də həmin cərimələri ödəyə bilməyən vətəndaşlar var.Artıq Azərbaycanda karantin rejimi bitməsinə sayılı günlər qalıb.

Əgər karantin rejimi ləğv edilərsə, bu istiqamətdə vətəndaşlara hansısa güzəştlər tətbiq etmək olar?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli öz fikirlərini bildirib:

“Çox güman, yaxın günlərdə Azərbaycanda nəhayət ki, “Operativ Qərargah” ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq “koronavirus” məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir. Ölkədə cəmi 14 aktiv xəstə var.

Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya "ASAN viza" ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi qərarı çox doğru, düzgün qərardır, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir.

Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək. Artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil.

Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək. Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı vətəndaşa və biznesə verilən cərimələr məsələsini də həll etsin. İndiyədək cəriməsi olanların borcu ləğv edilsin, “pandemiya” dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın, bunun çox asan mexanizmləri var, məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

TEREF.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa isə mövzu ilə bağlı Cebhe.info-ya bildirdi ki, hökumətin aldığı qərarlar hər halda bütün Azərbaycanın təhlükəsizliyi baxımından aldığı qərarlardır:

“İndi hansısa formada sərhədlərin açılması təmin olunmursa, burada xəstəliyin əlamətləri də ola bilər. Ancaq daha çox təhlükəsizlik maraqları ilə bağlı bir sıra addımlar nəzərdə tutulur.

Fikrimcə, doğru bir yanaşmadır. Çünki indiki vəziyyətdə haradan, hansı təhlükənin gələcəyini də müəyyən etmək çətindir. Doğrudur, vətəndaşlar çox böyük sıxıntı, çətinlik çəkirlər. Ancaq bu məsələnin başqa həlli yoxdur. İndi İranla bağlı olan məsələ əslində Ermənistanla olan münasibətlərin tərkib hissəsidir.

Çünki İran Ermənistana əsas dəstək verən ölkədir. Burada da bizim dövlət maraqlarına zidd olan məqamlar var. Bu baxımdan dövlət hər halda əldə olan informasiyalar əsasında bu cür addımlar atır. Viza prosedurunun ləğvi də görünür buna xidmət edir.

Ancaq bütün hallarda biz qonşuluq münasibətlərinin normallaşmasının tərəfdarıyıq. Sadəcə olaraq, bizə düşmən olan ölkələrə açıq dəstək verib, Azərbaycanı hədələməklə məşğul olan ölkələrdən nə geri çəkiləcək, nə də ki, onların maraqlarına uyğun gələn davranış nümayiş etdirəcək. Çünki bizim öz milli maraqlarımız hər şeydən öndə gələn məsələdir”.

Millət vəkili onu da vurğuladı ki, karantin rejimində tətbiq edilən cərimə borclarının ləğvi zəruridir:

“Bütün pandemiya dövründə nə qədər cərimələr olubsa, hamısı ləğv edilməlidir. Bunu Gürcüstanda və digər ölkələrdə tətbiq etdilər. Bizdə də bunu insanların üzərində əlavə bir yük kimi saxlamaq yalnışdır.

Məsələn, pandemiya dövründə bir sürücü yolda qaydanı pozubsa, kasıb adamdır, onun borcunu saxlamağa nə ehtiyac var? Fikrimcə, bu yanaşama doğru deyil".
 
Ardını oxu...
Azərbaycan Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir.

Cebhe.info xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti