Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə maneələr törədir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə yerli sahibkarlar bildirib.

Onların sözlərinə görə, regional bölmənin hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.

Sahibkarla deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.

Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.

Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə məlumat almışıq.

Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.
Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib.

"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.

Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.

Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı.

AQTA hələ ki, bunun səbəblərini açıqlamayıb. Bu tip məsələləri araşdırmalı olan qurumun regional bölməsi sahibkarların fəaliyyətinə mane olmaqla onları dövlətdən narazı salır. \\Yerli.media
 
Ardını oxu...
TƏBİB-in balansında olan iki xəstəxana elan etdiyi tenderin nəticələrini açıqlayıb. Dia-az.Media Tribunainfo.az-a istinadən xəbər verir ki, onlardan biri Fizulu rayon Mərkəzi Xəstəxanasıdır.

Bu qurum müxtəlif çeşiddə mal-material və inventarların satın alınması üçün “VEST SUPPLY” MMC ilə 37.819 manatlıq satınalma müqaviləsi bağlayıb.

İkinci tender isə Masallı Mərkəzi Xəstəxanası tərəfindən reallaşdırılıb. Belə ki, TƏBİB-in tabeliyində olan səhiyyə ocağı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması məqsədi ilə eyni şirkətlə, yəni “VEST SUPPLY” MMC ilə 24.349,3 manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, “VEST SUPPLY” MMC TƏBİB-lə yanaşı, Səhiyyə Nazirliyinin də sevimli şirkətlərindədir. Bunu sözügedən şirkətin TƏBİB-in tabeliyində olan xəstəxanaların keçirdiyi tenderlərin siyahılsından da aydın görmək olar. Belə ki, MMC 2021-ci ildən 2023-cü ilə qədər TƏBİB-in keçidriyi 30 tenderin qalibi olub ki, bu zaman 1.5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.

Nəzərinəz çatdıraq ki, həmin tenderlərdən biri ötən ilin sonlarında reallaşıb. Sözügedən şirkət Bakı Baş Səhiyyə Mərkəzinin tenderinin də qalibi olub. Həmin vaxt MMC Bakı Baş Səhiyyə Mərkəzinə 699 min 985 manat 44 qəpiklik yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satıb.
Ardını oxu...
Tribunainfo.az-ın araşdırmalarına görə, “Vest Supply” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir. Bir çox mənbələrdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, bu şirkətə bir yox, bir neçə nəfər rəhbərlik edib. Belə ki, ilk olaraq “Azmed Tekstil” MMC kimi qeydiyata alınan şirkət sonradan “Vest Suply” adını alıb. Bu zaman zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə “Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.

Tribunainfo.az xəbər verir ki, şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, “Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur. 2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra “Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
 
Ardını oxu...
ADPU-nun Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları da özü ilə birlikdə gətirib. Belə ki, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin olunub. Adı rüşvət, saxta diplom qalmaqallarında hallanan Azərbaycan Müəllimlər İnstitutu bağlanmış, Quba filialı ADPU-ya qoşulmuşdu. AMİ-nin Quba filialının direktor müavini Nurbala Süleymanov isə həbs edilmişdi. Həbs müddətini tez başa vuran N. Süleymanov ADPU rəhbərliyinə bir yol tapıb sıravi müəllim kimi Quba filialında işə başlamışdı. 2019-cu ildən ADPU-nun Quba filialının direktoru olan dosent Yusif Alıyev ilə N. Süleymanov arasında qısa müddət ərzində yaxın münasibət qurulmuşdu. Özünün qanansuz əməllərinə etiraz edən kadrları “çürük diş” adlandıran Yusif Alıyev ətrafına yığdığı qaranlıq keçmişə malik şəxsləri “peşəkar komandam” adlandıraraq irəli çəkir, vəzifələrə təyin edir. Bu cür şəxslərdən biri də Nurbala Süleymanovdur. N. Süleymanovun təhsil sahəsindəki “xüsusi bacarıqlarını” lazımınca qiymətləndirən direktor Yusif Alıyev onu yeni yaratdığı “Riyaziyyat və təbiət fənləri” kafedrasına müdir təyin etmişdir. Halbuki fakültə dekanı və kafedra müdiri vəzifələri seçkili vəzifələrdir. Dosent Yusif Alıyev 2021-ci ildə “struktur dəyişikliyi” adı ilə seçki ilə vəzifəyə gəlməli olan kafedra müdiri və dekanları uzaqlaşdırmış, təyinatlar etmişdi. Dekan və kafedra müdirlərinin seçkisi ilə bağlı əsasnaməyə görə yeni yaradılan vəzifələr vakant elan olunmalı və 3 ay ərzində seçki keçirilməlidir. Lakin Dos. Y. Alıyev “arzuolunmaz” şəxslərin seçilməsinin qarşısını almaq üçün Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamənin tələbini pozaraq bu vəzifələri 3 il vakant saxlamışdı. Yeni apardığı “islahatdan” sonra isə Nurbala Süleymanov yeni vəzifəyə təyinat alımşdı.
QEYD: Yazıda adları çəkilən şəxs və təşkilatların mövqeyini dərc etməyə hazırıq!
TEREF
https://musavat.com/news/iki-universitet-muellimi-baresinde-acilan-cinayet-isi-mehkemeye-gonderilib_205834.html
https://oxu.az/kriminal/bakida-deleduz-direktor-muavinini-mehkeme-zalinda-hebs-etdiler
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis və anbar sahələrinin icarəyə götürülməsi ilə bağlı 2 tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrindən biri İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi, digəri isə Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi ilə bağlıdır.
Tender elanında bildirilir ki, Sosial Xidmətlər Agentliyi İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 900 kv. metr sahəsi olan ofis axtarır və 12 ay üçün bu ofisə ödəniləcək məbləğ (ehtimal olunan qiymət) 232 min 362 manat olacaq.
Bundan başqa, Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis sahəsi və 200 kv. metr anbar icarəyə götürləcək ki, bunların da 24 aylıq icarə haqqı 1 milyon 619 min 760 manat olacaq.
Məlumat üçün bildirək ki, ötən il Agentliyin Aparatı üçün 3 200 kv. metr ofis və 200 kv. metr anbar sahəsi “Çinar Park” QSC-dən 652 min 832 manat 64 qəpiyə bir il müddətinə, Agentliyin Mərkəzi fililalı üçün isə 900 kv. metr ofis sahəsi İsgəndərova Sevinc Şəfa qızından 216 min manata bir il müddətinə icarəyə götürülüb.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər və hər il icarə üçün milyonlarla vəsait ödəyirlər.
 

Ardını oxu...
"Tovuz rayon Dondar Quşçu kənd bələdiyyəsinin sədri Tovuz Dövlət Sosial - İqtisadi Kollecində müəllim kimi işə götürülə bilir, kollecdə 15-20 ilin müəllimlərinə isə ərizənizi yazıb, gedin deyilir.
Bələdiyyə sədri hansı təcürbəyə və yaxud elmi biliyə malikdir ki,birdən-birə o, kollecə müəllim kimi işə götürülür, ona dərs saatı verilir, kollecdə digər müəllimlərə bu şərait yaradılmır?

Kollecə bir müddət əvvəl təyin edilən direktor Hicran Əyyubova bələdiyyə sədrini, eləcə də öz yerlilərini kollecə gətirib işlə təmin edirsə, düşünməsin ki, bunu nə səbəbdən etdiyini digər müəllimlər bilmir. Hələ ki, gözləyirik sonluğun nə ilə bitəcəyini."

Bu fikirlər Faktinfo.az saytına verilən məlumatda qeyd olunur.

O da bildirilir ki, Tovuz Dövlət-Sosial İqtisadi Kollecindən 15-20 ilin müəllimlərini bezdirib işdən çıxartmaq hesabına kimlərinsə varlanmasına əsla yol verilməyəcək. Bunu Təhsil Nazirliyinin qarşısına toplaşmaq, mətbuat konfransı keçirtmək hesabına olsa belə, diqqətdə saxlayacağıq.Kollecin direktoru Hicran Əyyubova elə düşünməsin ki, "burada mənəm, Bağdadda kor Xəlifə" zərb məsəli onun üçün qarşıdakı aylarda da keçərli olacaq.

"Məni bura Ülkər Səttərova qoyub" deməklə də iş bitmir,Hicran Əyyubova kollecə direktor təyin edildikdən sonra 3 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi, 3 nəfər ingilis dili müəllimi, 3 nəfər baytarlıq, 1 nəfər yer quruluşçusu, 2 nəfər poçt rabitəsi müəllim işə götürüb və götürməkdə davam edir. Necə ola bilər ki, işə götürdüyü müəllimlərə dərs saatı tapılır, amma digər müəllimlərə hələ ki,dərs verilmir. Məgər, işə götürülən müəllimlərin hamısının pedaqoji stajı var,yaxud onlar 8, 15, 20 ilin müəllimlərindən daha savadlıdırlar?



Kollecin baş mühasibinin həyat yoldaşının metodist ştatında saxlanılması da boşuna olmayıb. Kollecin dalandarının işdən çıxarılması hansı məqsəddən qaynaqlanıb, bunlar bəllidir. Direktor gələr-gəlməz müəllimlərlə iltimatum dili ilə danışıb, iclaslarda hədə-qorxu gəlirsə, düşünməsin ki, bunun fövqündə nəyin dayandığını müəllimlər bilmir.Keçmiş direktor Rizvan Qəmbərov da eyni abu-havada idi.Ondan Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar şöbəsinə,digər aidiyyatı orqanlara edilən şikayətlərdən sonra müəllimlə necə danışmaq lazım olduğunu öyrəndi.

Məlumatda o da vurğulanır ki, 106 saylı Tovuz Seçki Dairəsinin deputatı Nizami Səfərov da Tovuz Dövlət-Sosial İqtisadi Kollecində baş verənlərlə maraqlansa, pis olmaz. Hər halda o, deputat kimi tovuzlu seçiciləri təmsil edir.

Qarşı tərəf Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova məsələyə münasibət bildirib.

"İşə qəbul və bir sıra müəllimlərə hələlik dərs saatlarının verilməməsi qanunvericiliyin tələblərinə uyğun olaraq,həyata keçirilir.

Kollecdə daxili işə qəbul komissiyası yaradılıb.İxtisasları yol verən müəllimlər imtahan edilib,imtahandan keçən yeni müəllimlər işə götürülüb.Biz yeni müəllimləri bu qayda üzrə işə götürmüşük.Eləcə də, yeni işə götürülən müəllimlərin tədris edəcəyi fənn üzrə ixtisas uyğunluğu olduğundan, həmin müəllimlərə dərs saatı verilib.Təbii ki, biz ibtidai sinif müəllimlərinə tədris etmələri üçün aidiyyatı olmayan fənlər üzrə dərs saatı verə bilmərik.

O ki, qaldı müəllimləri təhdid etməyimə,onlara hədə-qorxu gəlməyimə və digər fikirlərə yalan məlumatlardır. Mən elə bir insan deyiləm" -məlumatda vurğulanır.

Xüsusi qeyd: Faktinfo.az onu da xatırladır ki,tələbəyə dərs vermə həm də bir vicdan məsələsidir.Praktikada olub ki, davamlı olaraq 5-10 il bir fənni tədris edən müəllim, fənn ixtisas müəlliminin özündən daha yaxşı nəticələrə nail olub.Təbii burda oxşar fənn ixtisasın tədris olunmasından söhbət gedir. Bu nümunə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində bu gün dərs saatı verilməyən müəllimlər üçün də keçərli ola bilərdi.Hər halda birinci olaraq onlar sözügedən kollecdə daxili işə qəbul komissiyası tərəfindən imtahan edilməli idilər.

Çünkü sərt anlaşılmaz məmur mövqeyi, eləcə də "hara şikayət edirsən, et" emosional ifadə tərzinin doğurduğu sonluq,həmişə narazılıqların kütləviləşməsinə səbəb olub.

Faktinfo.az
 
Ardını oxu...
Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.
Seçicini yağlı vədlərlə aldadıb Milli Məclisdə oturan bir çox deputat yerindən ancaq öz qazancı üçün yararlanır, camaat onu heç düşündürmür.
Deputatı, məmuru qınayırıq, amma dərindən fikirləşəndə görürsən bunların təməli bağçada, məktəbdə qoyulub.
Deputat, məmur olana kimi yaşadığın illərdə hər şeyin pulla həll olunduğunu görüb özün də o yola düşürsən. Uşaq bağçasında yazıq valideyn nə istəyirlər övladının xatirinə verir.
Hər bayramda pul, tərbiyəçiyə pul, direktora pul, məktəbdə də həmçinin, hələ bir az da çox. Məktəb direktorları şagirdlərə, əsas da yuxarı sinifdə oxuyanları pul qarşılığında şərait yaradırlar.
Məktəbin yerindən asılı olaraq qiymət 3-5 min manat arasında dəyişir. Yazıq valideyn uşağının ali məktəbə düşməsi üçün onun üçün yaxşı müəllim axtarır, hazırlığa qoyur.
Məktəb rəhbərləri də bunu yaxşı bilirlər. Yaxşı da qazanc yeri tapıblar. Pulunu ver, dərsə gəlmə. Əl əli yuyar məsələsi.
Bəlkə elə məktəbdə ona görə yaxşı dərs keçmirlər ki şagirdlər repetitor yanına getmək üçün məcbur olub icazə alsınlar. Yəni pullu razılıq. Keçmişdə də məktəblərimiz də pul yığmaq adət olmuşdu.
Süpürgə üçün də pul yığılırdı, imtahanda yemək-içmək üçün də. Bir az da əvvələ getsək, bunun da təməli bağçalarda qoyulmuşdu.
Hər bayramda, hər bir tədbirdə valideynin cibi boşalırdı. İndi də bu ənənə davam edir. Özü də daha pis formada. Keçmişdə olanlar indikinin yanında "toya getməli"di.
Sonra da deyirik bu bağça, məktəb direktorları cah-cəlalı hardan alırlar? Görün bir məktəbdə hər il nə qədər məzun olur. Nə qədər uşaq 1-ci sinifə qədəm qoyur. Direktorlar, onlarla əlbir olan "fəal" işbaz müəllimlər təhsili buraxıb belə əyri işlərlə məşğul olurlar. Hamı da bunu bilir.
Tabe olduqları şəxslər də. Amma nədənsə susurlar. Məsələn, Bakıda Xətai rayonu Əhmədli qəsəbəsindəki 171 sayla tam orta məktəbdə qeyd etdiyim əməllərin hamısı olur. Bunu valideynlər deyir. Deyirlər elə sinif var dərsə 3-4 şagird gəlir.
Çünki qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər. Belə olanda həm məktəbin bəzi müəllimlərinin əlavə gəliri
yaranır, həm də direktor uşağın məktəbə
gəlməməyi üçün valideynə qiymət oxuyur.
3 min, 4 min, 5 min. Müxtəlif qiymətlər. Razılaşa da bilirlər. Yuxarı, aşağısı var. Bunu 171 saylı məktəbin direktoru Zemfira Məsiyeva və həmkarları daha yaxşı bilər. Valideyn sözünü yazıram, amma qarşı tərəf olaraq onun da və digər məktəblərin mövqeyini də bildirməyə hazıram. Öz münasibətlərini yazsınlar.
Bildiyimə görə məktəblərdə müşahidə-nəzarət kameraları, mühafizəçilər olur. Şagirdlərin dərslərə davamiyyətini o kamera qeydlərinə baxaraq da bilmək olar.
Buyurun, hörmətli məktəb direktorları, fikrinizi bildirin. Özünüzə əminsinizsə, dürüst olduğunuzu sübut edin.
Sima Babayeva
TEREF
Ardını oxu...
Azərbaycan təhsili nazir Emin Əmirullayevə oxşayır. Söhbət onun qaşına-gözünə, üzünə bənzəməkdən getmir. Elm və təhsil naziri necə fəaliyyət göstərirsə, ölkənin elmi də, təhsili də o gündədir. "Elə deyil" deməyin, fakt belədir: nazir Əmirullayev sistemi dəyişə bilmədi. Bünövrəsi necə qoyulubsa, indiyədək fond pulu da yığılır, direktorlar alverini də davam etdirir, təhsilin keyfiyyəti də SIFIR. Artıq orta məktəbdə oxumaqla ali məktəbə qəbul olmaq mümkün deyil. Amma məktəbə getmmiş repetitor hesabına tələbə adını qazanmaq mümkündür. Deməli, məktəblərdə təhsil yoxdur, ölüb, fatihəsi də verilib. Ona görə ki Emin Əmirullayev nazir kimi heç nəyi dəyişmədi. Əvvəlki ənənələr saxlandı. Nazirlik barmağını büküb bir nümunə göstərsin ki, keçmiş nazirlərlə müqayisədə indi bu problem qalmayıb, ya da müsbət nəticə var. Qulağa xoşagələn hansısa rəsmi statistika açıqlaya bilərlər, amma ayağını məktəbin qapısından içəri qoyanda, valideyn komitəsi - müəllim - direktor bazarlığını görəndə, həmin rəsmi statistika sabun köpüyünə çevrilir. Yəni 2025-ci ilə yaxınlaşırıq, XXI əsrin 1/4 hissəsi geridə qalacaq, dünya sürətlidir, müasir trendlər, texnologiyalar bir-birini əvəzləyir, bizdə isə hələ Əmirullayevin əmrlərinə tabe olan təhsil müəssisələri pul yığırlar. Qarşıdan 5 oktyabr - Müəllimlər Günü gəlir, nazirlik deyə bilməz ki, xəbərimiz yoxdur, bütün təhsil ocaqlarında pul yığırlar. Hələ 10 manatdan fond pulunu demirik. Hər sinifdə 30 uşaq olsa, 300 manat edir. Bu 300 manatla hansı işlər görülür, bəlli deyil. Ümumiyyətlə, fond nə mənə şeydi? Anlamı nədir? Hər sinifdən azı 300 manat yığılsa, görün məktəbdə neçə min vəsait əldə olunur. Hər halda, direktorların öz payı, təhsil şöbələrinin ayrı "səhm"ləri var. Yəni təfəkkür arxaikdir - absurd "fond pulu" ifadəsi hələ də yaşayır.
Bu da azmış kimi, tədris ili başlayarkən ən çox rast gəlinən problemlərdən biri müəllimlərin dərs saatlarının düzgün paylanılmamasıdır. Belə ki, DQ balına əsasən verilməli olan saatlar heç də qanunauyğun şəkildə paylanılmır. İkincisi, qanunda 18 saat müəllimi təmin etmək varkən, əvvəlki dəyişilmiş qanunla 12 saat verir, qalan saatları satırlar. Üçüncüsü, regional təhsil idarələri yaradıldı, maarif şöbələri ləğv olundu, həmin sahədən kimlərinsə müdaxiləsi ilə saatlar ədalətsizcəsinə paylanıldı. Dərs bölgüsü aparılarkən bu 3 ədalətsizlik təəssüf ki, hər 10 müəllimdəmən 8-nin başına gəlir. Sadəcə, çoxu heç kim onu incitməsin deyə susur. Amma bu vəziyyət nazirliyi arxayınlaşdırmamalıdır. Çünki maddi vəziyyət, verilən dəyər, baş verənlər, bitməyən haqsızlıqlar artıq müəllimləri də bir həddə gətirib çıxaracaq.
Bildirilir ki, saatlar 30 manatdan 100 manata kimi satışa çıxarılır. Hələ söhbətə maarif də qatılsa, "tas" daha da artır. Hələ şantajla satılan saatları var. "Səni işdən çıxardaram, sənin başına oyun açaram" adı altında alınan saatlar da eynilə özünü doğruldur. Nazirliyin müdaxiləsi olmadığı müddətdə, regional təhsil idarələri, direktorlar bu haram pulları özlərinə götürməyə və müəllimləri incitməyə davam edəcəklər.
Müəllimlərin əziyyətlərini, haqlarını tələb edirik. O zaman sual yaranır ki, müəllimlər bu qədər təlimə, imtahana cəlb olunubsa, ciblərindən nə qədər pul xərcləyiblərsə, heç olmasa onların haqları özlərinə qaytarılmalıdır.
Bir sözlə, Emin Əmirullayevin nazir kimi bu sahədə heç bir inqilabi dəyişikliyi, köklü islahatları olmadı. Ölkə təhsili bazar iqtisadiyyatına uyğunlaşıb. Amma bazardan daha betər görünür. Sovet dövründə isə bazar və müəllim bir-birinə antoqonist idi. Müəllim alverçiyə nifrət edirdi. "Bizim Cəbiş müəllim" filmi buna bariz nümunədir. İndisə nazirlik təhsili bazar mühitinə çevirib və adiləşdirib. Desək ki, yeni nazir gəlsə düzələcək, yox, sistemli dəyişiklik və yanaşmada, təfəkkürdə refreş olmasa, Saakaşvili də gəlib Azərbaycanın elm və təhsili naziri olsun, xeyri dəyməyəcək. Üstəlik, biz təhsildən, özü də orta məktəblərdən danışdıq. Hələ universitetlər nə gündədir, o da ayrı bəladır. Nazirliyin adında isə "elm" də var, sizcə, bizdə elmdən danışmalı bir söz qalıbmı? - sitatın sonu.

Azər Talıbov
AnaXeber.info
 
 
 

Ardını oxu...

“Bravo” supermarket şəbəkəsinin müştəriləri tərəzidə aldatması haqda ittihamlar var. Tribunainfo.az-a şikayətini bildirən müştərilərdən biri deyib ki, Bakının Bayıl qəsəbəsi, “20-ci sahə” dairəsində yerləşən “Bravo” marketdən çəkilmiş ət alıb. Onun sözlərinə görə, satıcı ətin çəkisinin 480 qram olduğunu deyib. “Bütün marketlərdə olduğu kimi, “Bravo”da da qayda belə idi ki, çəkilən məhsulun üzərinə vurulan kağızda həmin məhsulun çəkisi və kassada ödəməli olduğu məbləğ yazılır. İndi heç biri yazılmır, yalnız məhsulun kodu və həmin məhsulun bir kiloqramının qiyməti vurulur. Satıcı da dedi ki, narahat olma, kassada yenidən çəkəcəklər və koda uyğun qiyməti çıxaracaqlar.
Gəldim kassaya, kassir ətlə yanaşı, aldığım digər məhsulları da yenidən çəkməyə başladı. Yekunda ödəniş etdim, qəbzi alanda nə görsəm yaxşıdır – ət 600 qram gəlib, 120 qramın pulunu artıq ödəmişəm. Qayıtdım satıcının yanına. Əti verdim ki, yenidən çəksin. 480 qram oldu. Satıcı ilə qayıtdım kassaya. Kassir də deyir ki, burdakı tərəzi belə çəkir, mənim günahım deyil. Bu dəfə satıcı məni səlahiyyətli bir şəxsin yanına apardı. Başqa bir kassada yoxladılar, yenə 480 qram etdi. Əminəm ki, aldığım digər məhsullarda da vəziyyət eyni idi, amma sadəcə ətə görə əlavə ödədiyim pulu alaraq, “qalanları da haramınız olsun” deyərək çıxdım marketdən”.
Müştəri əlavə edib ki, “Bravo Supermarket Azerbaijan” hər gün aldadıldığını fərq etməyən müştərilər var: “Həm də bir deyil, bir neçə məhsulda soyulduğunu başa düşməyən minlərlə müştəri var. Camaat onsuz da bahalıqdan əziyyət çəkir, hər saatda qiymətləri qaldırırsınız, üstəlik, tərəzidə aldatmağınıza nə ad verək?! Axı cibindəki sonuncu qəpiyini də ərzağa verməyə məcbur olan insanlar var. Onları aldatmağı necə bacarırsınız?”
“Bravo” supermarketlər şəbəkəsinin səlahiyyətli nümayəndəsi Aygün Tribunainfo.az-a bildirib ki, texniki anlaşılmazlıq olub, müştəri ilə əlaqə saxlanaraq məsələ aydınlaşdırılıb, həll edilib. Onun sözlərinə görə, müştərinin də heç bir şikayəti qalmayıb.

Dəniz Pənahova


Ardını oxu...
“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Yulas SM” MMC (VÖEN – 1506753531) olub.
Yeniavaz.com xəbər verir ki, “Yulas SM” MMC “Yaşamaq vaxtı” adlı payız festivalı tədbirinin təşkil olunması işlərini həyata keçirəcək və qarşılığında “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”ndən 75 min manat alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan bu şirkət bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. “Yulas SM” MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur.
Çarçarov Elnur Rafiq oğlunun qanuni təmsilçi olduğu bu şirkət bir müddət əvvəl 2 nömrəli Bakı Baza Tibb Kollecinin 30 min 962 manatlıq, İnformasiya və Statistika İdarəsinin isə 48 min 834 manat 10 qəpiklik tender müsabiqələrində qalib olub.
Maraqlıdır ki, cəmi bir-neçə ay əvvəl təsis olunan “Yulas SM” MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinə mebel satdığı halda, “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” üçün ssenari yazacaq.
Onu da bildirək ki, qısa müddət ərzində Çarçarov Elnur Rafiq oğlu və Çarçarova Aynur Rafiq qızının qanuni təmsilçi olduğu 10 şirkət dövlət qeydiyyatına alınıb.
Barələrində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlər çoxsaylı tender müsabiqələrində qalib olublar.
Məsələn, Çarçarov Elnur Rafiq oğlunun qanuni təmsilçi olduğu “Zanbar RR” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin tender müsabiqəsində qalib olub.
Çarçarovların qanuni təmsilçi olduğu şirkətlər bunlardır:
“Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
“Yulas SM” MMC (VÖEN: 1506753531) – Çarçarov Elnur Rafiq oğlu;
“Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
“Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
“Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
“Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı;
“Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı;
“Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
“Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.

Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərin qalib olduqları tender müsabiqələrindən bəziləri isə bunlardır:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Yasamal rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Yasamal rayonu, Əhməd Cavad küçəsində “yezit” peyda olub:

“Biz sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Bildirək ki, yaşadığımız əraziyə illərdir su fasilələrlə, yəni 2 saat səhər, 2 saat isə axşam saatlarında verirlər. Bir çox ərazilərdə su problemi həll olunsa da, Yasamal rayonu, Əhməd Cavad küçəsində bu problem hələ də qalır. Bir “yezit”in əlində qalmışıq. Rəhmətə gedən olanda daha böyük problem yaşayırıq. Tanışı və imkanı olanlar aparıb pulunu verir, istədiyi vaxt, istədiyi qədər su gəlir. Tanışı olmayan, imkansız insanlar isə suya həsrət qalır.

Bu günlərdə küçəmizdə yas mərasimi keçirilirdi. Rəhmətə gedən şəxsin oğlu ilə bizə su verən şəxs küsülü olduğu üçün atasının yas mərasiminə su vermədi. Bununla bağlı “Azərsu”nun “qaynar xətt”i ilə əlaqə saxlasaq da, heç bir tədbir görülmədi. Bunun üçün səlahiyyətli qurumlardan xahiş edirik ki, bizi bu “yezit”lərin əlindən alsınlar.

Onu da deyək ki, sonradan qohumlardan bir nəfər aparıb pul verdiyi üçün, təxminən 1 saat ərzində əraziyə su verildi”.

Məlumat üçün bildirək ki, sözügedən məsələ ilə bağlı həmin gün redaksiyamıza daha bir müraciət daxil olmuşdu. Biz də öz növbəmizdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ilə əlaqə saxladıq. Ceyhun bəy isə bizi Yasamal Rayon Sukanal İdarəsinə yönəltdi.

Həmin idarə ilə əlaqə saxlayıb sakinlərin şikayətini bildirdik. Telefona cavab verən şəxs şikayəti yalanlayaraq, “belə bir şey ola bilməz, sizdə tamamilə səhv məlumatdır, siz həmin şəxsin adını bilməsəniz də, biz bilirik. İddianız tamamilə şər-böhtandan ibarətdir”,- dedi. Bir sözlə, bu quruma müraciət etməyimizə peşman olduq. Sonradan əraziyə su verildiyini öyrəndiyimiz üçün məsələni elə oradaca saxladıq. Lakin bu gün daha bir müraciət olduğu üçün məsələni ictimailəşdirmək qərarına gəldik.

Jalə FAMİLQIZI

Müəllifdən: Qeyd edək ki, eyniməzmunlu şikayətlər redaksiyamıza dəfələrlə daxil olub. Biz isə, şikayəti hər zaman aidiyyəti üzrə “Azərsu”nun mətbuat xidmətinə yönəldir, mətbuat xidmətinin keçmiş rəhbəri Anar Cəbrayıllının müdaxiləsi ilə sakinləri narahat edən problemlər dərhal həll olunurdu.

Təəssüf ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu nəinki hansısa problemin həllinə cəhd göstərir, mətbuat nümayəndəsinin salamını almağı belə, “özünə sığışdırmır”.
 

Dünyapress TV

Xəbər lenti