Ardını oxu...
Azərbaycanın elm və təhsil naziri Emin Əmirullayev Saakaşvili kimi islahatçı görünüb, Şverdandze kimi idarə edir. Rüşvət bataqlığına gömülmüş Azərbaycan təhsili həqiqətən can verir və deqradasiyaya uğrayıb. Artıq birmənalı şəkildə hamı həzm etməyə başlayıb ki, məktəb təhsil vermir, ora hər gün getmək formal xarakter daşıyır, uşaqların taleyi repetitorlar, kurslar sayəsində həll olunur. Bəs məktəb vermədiyi təhsilin qarşılığında nə alır? - rüşvət, fond pulu yığımı, 5 oktyabr və 8 mart bazarlığı...
Bəli, doğurdan da məktəb çoxdan təhsil vermir. Bizim uşaqlar məktəbdənkənar tədrisin hesabına ali təhsil ocaqlarına qəbul olunurlar. Çox uzağa niyə gedirik, sosial şəbəkələrdə videosu durmadan paylaşılan şagirdi yada salaq: məlum olur ki, Bakıda yerləşən 4 saylı Xankəndi məktəbinin uşaqları axşam 8-də evə gedirlər. Demə, yer yoxdur və üç növbəli təhsil rejimi mövcuddur. Acınacaqlıdır. Xəcalət çəkməli haldır.
Yaxud Baku TV-nin məktəblərin önündə keçirdiyi sorğunu qeyd edək: məktəblilər də, valideynlər də təsdiq edirlər ki, bəli, 5 oktyabrda 20-50 manat civarında Müəllimlər Günü pulu yığılıb. Yaxşı ki, direktorların evlilik günü, müəllimlərin xınayaxdı günü kimi "əlamətdar" tarixlər də xatırlanıb pul yığılmır.
Ancaq əmin olun ki, azca vəziyyət kontroldan çıxarsa, utanmadan o adlarla da pul yığarlar, direktorlar qızlarına cehiz də düzəldərlər.
Di gəl, bu iki fakt - həm məktəblinin axşam 8-də evə getdiklərini deməsi, həm pul yığılmasının dilə gətirilməsi qarşılığında ötən həftə, elə oktyabrın 5-i çıxış edən nazir Əmirullayev elə danışdı ki, "Tarixi-Nadir" i oxumuş adamlar başa düşmədi, bu binəvalar nə dediyini necə anlasın. Nazirin rabitəsiz, anlaşılmaz cümlələri ilə nə söyləmək istədiyi aydın olmadı. Hətta bir sosial media istifadəçisi olan xanım video paylaşım edərək nazirin redaktora ehtiyacı olduğunu açıqladı, onu güzgü qarşısında çıxışa hazırlaşmağa dəvət etdi. Həqiqətən də sanki danışan elm, təhsil adamı deyildi. Əmirullayev elə cümlələr qurdu ki, heç bir ana dili müəlliməsi onu izah edə bilməz.
Yəni təhsilin problemləri, təhsildə eybəcərliklər qaldı bir kənarda, nazir nələrsə danışmaq istədi. Lakin reallıq tragikdir - ilbəil təhsilimiz geriləyir, ilbəil məktəblər həyatımızda yalnız bazar rolu oynayır, ilbəil təhsilin keyfiyyəti məktəblərdə aşağı düşür və getdikcə məktəblər heç bir əhəmiyyət kəsb etmirlər. Madam ki, əksər uşaqlar ev tapşırıqlarını hazırlıq müəllimi ilə edir, tələbə adını almaq üçün gecə-gündüz dərsdən kənar hazırlaşır, o halda 11 il bu məktəb uşağa nə verib? Amma dəqiqliklə demək olar ki, o uşaqdan çox şey alıb, onun valideynindən də...
Bu baxımdan biz Əmirullayevin nazir olduğu dövrdə hər hansı arzuolunan nəticə əldə edə bilmədik. Ona görə də bu gün Azərbaycan təhsili supermarketə oxşayır.
Yaxşı, media bu sahəni dərindən bilməyə və yanıla bilər, bəs,
VI çağırış deputat olmuş təhsil eksperti Etibar Əliyevin tənqidlərinə nə deyə bilərsiniz? Əslində, Əmirullayev təhsil siyasətini dəyişəcək iradəyə malik olmadığını qəbul edir, etiraf etmir. Nazir məktəblərdə nə baş verdiyini çılpaqlığı ilə görür, dəyişməyə sanki gücü çatmır. Çünki bir zəncirvari rüşvət sistemi formalaşıb, onun bir zəncirini belə qıra bilməyib. Odur ki, təməli necə qoyulubsa, elə də gedir.
Elə son prosesləri götürək: xəbərlərsən biri odur ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümumiyyətlə, ümumtəhsil məktəblərində hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün əksər məktəblərdə rüşvətxorluq olduğunu demək mümkündür.
Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.
Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. O səbəbdən də qanqrena verən təhsil sistemindəki o yanaşmanı kəsib atmaq və ciddi nəzarət mexanizmi qurmaq lazımdır. Ancaq bu da azdır, təhsilin səviyyəsi artmalıdır, təhsilə və şagirdə sevgi olmalıdır, pula yox...

Azər Talıbov
AnaXeber.info
 
Ardını oxu...
Naxçıvanın bu ilin aprel ayının 25-də təyin olunan bir Baş naziri var – Cəlilov Ceyhun Ramiz oğlu. 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. Yəni Naxçıvanın faktiki hakimi-mütləqi olan “canişin” əfəndi ilə eyni rayondandır.

Niyə bunu xüsusi olaraq vurğulayırıq? Çünki əsl adı Fuad Nəcəfli olan və Naxçıvanda əsasən “canişin əfəndi” kimi ad çıxaran bu adam Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi təyin olunandan sonra adətən bütün vəzifələrə öz rayonlularını gətirdi. Onun kəndlipərəstliyinin kulminasiya nöqtəsi isə Ceyhun Cəlilov idi. Zira 36 yaşlı Ceyhun Cəlilov əvvəl - 15 mart 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunmuşdu. Üzərindən cəmi 1 il, 1 ay, 10 gün keçəndən sonra onun başına əsl dövlət quşu qonmuş və Naxçıvanın Baş naziri vəzifəsinə layiq görüldü.

Soruşa bilərsiniz: Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləyərkən hansı fövqəladə bacarıqlara imza atmışdır ki, cəmi 1 il 1,3 ay ərzində ona Naxçıvan hökumətinin 1 nömrəli vəzifəsi həvalə edilmişdir?

Zənnimcə, bu suala Ceyhun Cəlilovun Baş nazir təyin olunduqdan sonra imzaladığı bəzi fərmanlar ən gözəl cavabı verir. Məsələ burasındadır ki, o, Baş nazir vəzifəsinə başladığı gündən etibarən imzaladığı ilk fərmanlar ƏƏSM naziri olarkən özünün keçirdiyi tenderlərin ləğvi ilə bağlı bağlı idi. Yəni Ceyhun Cəlilov Baş özünün 1 il 1 ay 10 günlük ƏƏSM nazirliyi sırasında yol verdiyi qəbahətləri və qanun pozuntularını ortadan qaldırmaq məcburiyyətində qalmışdı. El arasında buna, yumşaq ifadə ilə ifadə etsək, “səhvetdim ərizəsi” də deyirlər.

Ceyhun Cəlilovun “səhvetdim ərizələri”ndən yalnız bir qismi:

83570 saylı müsabiqə, dəyəri 135047 manat, DSMF tərəfindən kondisioner qurğularının alınması, 17.07.2024-cü ildə ləğv edilib;

77947 saylı müsabiqə, dəyəri 118240 manat. DSMF tərəfindən konsisonerlərin alınması, 02.05.2024-ci il tarixində ləğv edilib;

80554 saylı müsabiqə, dəyəri 40717 manat, DSMF tərəfindən jaluz pərdələrin alınması, ləğv edilib - 03.05.2024-də;

77741 saylı müsabiqə, dəyəri 95550 manat, 2023-cü il maliyyə hesabatlarının yoxlanılması üçün kənar audit xidmətinin satın alınması, ləğv edilib 03.05.2024-də;

80612 saylı müsabiqə, dəyəri 38964 manat, yanğın siqnalizasiyası üçün tələb olunan avadalığın satın alınması, ləğv edilib 07.05.2024-cü ildə;

83736 saylı müsabiqə, dəyəri 932 manat, ƏƏSMN tərəfindən jaluz pərdələrin alınması, ləğv edilib 05.07.2024-də;

80552 saylı müsabiqə, dəyəri 49005 manat, Dövlət Məşğulluq Agentliyi tərəfindən kondisioner qurğularının satınalınması, 05.07.2024-də ləğv olunub;

81590 saylı müsabiqə, dəyəri 11000 manat, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının yoxlanılması üçün audit xidmətinin satın alınması, ləğv edilib 16.07.2024-də (“Səhvetdim ərizələri”nin davamı ilə yazının aşağısında təqdim etdiyimiz şəkillərdən tanış ola bilərsiniz).

Ceyhun Cəlilovun “səhvetdim ərizələrinə” diqqətlə nəzər salsaq görərik ki, ilk ləğvolunma tarixi 02.05.2024-ci ilə düşür. Yəni onun Baş nazir təyin olunmasından cəmi 1 həftə sonraya. Belə çıxır ki, Ceyhun müəllim işə başlayar-başlamaz qollarını cırmalayıb ƏƏSM naziri olarkən yol verdiyi nöqsanları aradan qaldırmaqla məşğul olub. Üstəlik, tenderlərin ləğv olunmasının səbəblərini də gizlətməyib: “Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iştirakçıların sayının üçdən az olduğu halda”. Qərarın bu hissəsi bir daha təsdiqləyir ki, Ceyhun Cəlilov ƏƏSM naziri işlədiyi müddətdə keçirdiyi çoxsaylı tenderlərdə münimum iştirakçı sayını belə təmin etməyib.

Bunlar təbii ki, rəsmi əsaslandırmadır. Bir çox hallarda rəsmi əsaslandırmalar həqiqətləri alt-üst etməyə yaradığını nəzərə alıb biz maxinasiyaların dərinlərinə enməyə qərar verdik. Söhbətləşdiyimiz məlumatlı şəxslərdən birinin bildirdiyinə görə, Ceyhun Cəlilov “qara kassa”larından birindən külli miqdarda (artıq həmin şəxsin vergi cinayətinə görə həbs olunduğu bildirilir və yaxınlarının bu səbəbdən ciddi şəkildə xəstələndiyini nəzərə alıb adını çəkmirik) pul alaraq Naxçıvan Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinin tenderə çıxaracağı işləri əvvəlcədən gördürüb. “Qara kassası”na isə söz verib ki, sən lazımi işləri gör, mən tenderi sənin şirkətlərinə verəcəyəm. Beləcə, müsabiqədə başqasının qalib gəlməsini önləmək üçün tenderləri tam rəqibsiz keçirib.

Mənbəmizin iddiasına görə, Ceyhun Cəlilov əslində nazir olarkən FETÖ-cü dostlarına və şəxsi şirkətinə qazandırdığı tenderləri öz xoşuyla da ləğv etməyib. Sadəcə ləğv etməyə məcbur olub. Çünki onun müsabiqələrdə yol verdiyi nöqsanlar mediada işıqlandırıldıqdan sonra Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında İstehlal Bazarlarına Nəzarət Xidməti iddiaları araşdırmağa başlayıb və həqiqətən ciddi nöqsanlar aşkarlayıb. Mədəni şəkildə Naxçıvanın çiçəyi burnunda Baş nazirinə məsləhət görüblər ki, öz səhvini özün düzəlt. Başqa sözlə, “səhvetdim ərizəsi” yaz. O da məcbur olub tenderləri ləğv edib.

Dərd burasındadır ki, Ceyhun Cəlilov 1 həftə ərzində onlarla “səhvetdin ərizəsi” yazmasına, yəni tenderləri ləğv etməsinə baxmayaraq, onun ƏƏSM naziri olarkən yol verdiyi nöqsanları aradan qaldırmaq mümkün olmayıb. Çünki tenderə çıxarılan işlər əslində çoxdan görülmüş və pulu basılıb yeyilmişdi. Yenidən tender keçirmək lüzumu da aradan qalxmışdı. Əks halda yeni tender iddiaçıları müsabiqəni qazansalar belə, görüləcək iş qalmamışdı. Odur ki, Ceyhun Cəlilova yenidən keçirdiyi rəqabətsiz müsabiqədə öz günahlarını ört-basdır etməsinə imkan verilib.

Bəs, bu “səhvetdim ərizəsi” ilə tamamlanan qanunsuz tenderlər Ceyhun Cəlilova nələr qazandırıb? Gəlin, bu sualın cavabını adının çəkilməsini istəməyən mənbəmizdən eşidək:

“Bu yaxınlarda Yasamalda 620 min manata obyekt alıb. Orada “Şahbuz mətbəxi” adlı restoran açmaq istəyir. Hər kəsə Mikayıl Cabbarovun kadrı olduğunu deyir” və s. (Və sairəni ona görə sonraya saxlayırıq ki, həm oxucunu yormayaq, həm də Ceyhun Cəlilov öz yaxın qohumları vasitəsilə bizə qarşı qaralama kampaniyası başladanda deməyə yeni sözümüz olsun – H. O).

Amma damağı hakimiyyət dadına alışmış Baş nazir bununla da kifayətlənmək istəmir. İndi o, daha böyük post peşindədir. Ceyhun Cəlilovun Naxçıvan məmurları arasında “tenderlər kralı” olaraq tanındığını bildirən mənbəmizin iddiasına inansaq, “O, yerli himayədarı “Fuad Nəcəflinin “yarıtmazlığı” barədə Sahil Babayev vasitəsilə hakimiyyətdəki rəhbər şəxslərə məlumatlar ötürür. Nazir əvəzi Fərid Bağırzadə vasitəsilə Fuad Nəcəfli barədə nazirliyin əməkdaşlarına tapşırıq verib ki, onu pisləyin ətrafınızda”.

Mənbəmizin bu iddiasını Ceyhun Cəlilovun yaxın qohumu vasitəsilə Ovqat.com-un rəhbəri Heydər Oğuzun Facebook paylaşımlarının altında yazdığı rəylər də sübut edir. Baş redaktorumuz bu barədə bir neçə saat əvvəl paylaşdığı statusunda bildirir:

“Özünü jurnalist adlandıran bu adam mənim onu bloka atmağımla və nəticədə söz haqqını məhdudlaşdırmaqla suçlayır. Düz deyir əslində, onu bloka atmışam. Amma bilirsiniz niyə? Çünki mənim Naxçıvanı FETÖ-çülərin və digər təhlükəli şəxslərin caynağına verən “canişin” əfəndiyə münasibətimi bilir və bundan istifadə edib paylaşımlarımın altına öz yaxın qohumu Ceyhun Cəlilovu tərifləyən, onun daxili rəqibi Ülvi Hüseynlini isə pisləyən rəylər yazırdı. Mən də bunun Ceyhun Cəlilovun tapşırığı ilə həyata keçirildiyini düşünüb həmin təxribatçı rəyləri yazan adamı bloka atmışdım.

“Canişin” əfəndi, sizə münasibətimi bilirsiniz. Bilməyənlər üçün bir daha burdan ifadə edirəm. Mən “canişin” əfəndinin hakimiyyətə gəldiyi ilk zamanlarda onu ən çox müdafiə edənlərdən biri olmuşam. Çünki Naxçıvanda “xan” həzrətlərindən qalan dövlət idarəçiliyi ilə bir araya sığmayan ənənələrlə mübarizə aparacağını düşünmüşəm. Amma sonra onun Ülvi Hüseynli, Ramiz Məmmədov və adını belə zikr etmək istəmədiyim bəzi “xan” qalıqlarını başına topladığını görüb Azərbaycan ali hakimiyyət orqanlarının bu təyinatda nə qədər yanıldığına qənaət gətirmişəm. Bundan sonra isə “canişin” həzrətlərini sərt şəkildə tənqidə başlamışam. Amma bu mövqeyim mənə imkan vermir ki, pula və ya hər hansı maddi, yaxıd mənəvi həvəsləndirməyə zəifliyi olan, türklər demişkən, yenik düşən “canişin”i və onun komandasını FETÖ partizanlarına yem edim. Məhz bu səbəbdən də öz qohumluq təəssübkeşliyi ilə mənim səhifəmdə Ceyhun Cəlilovun piarını aparanların təxribatçı fəaliyyətinə göz yummamışam və onları layiq olduqları yerə göndərmişəm.

Bənzər reaksiyanı da “canişin” əfəndidən gözləyirəm. Hər halda ayağının altı qazılan mən yox, “canişin” əfəndi və bir də Azərbaycan dövlətçiliyidir. “Canişin” əfəndi nə qədər Azərbaycan dövlətinin ordakı xüsusi nümayəndəsidir, zəhmət çəkib bu milli təhlükəsizlik tədbirlərini görməlidir”.

Mənbəmizin diqqətçəkən digər bir iddiası da var. Onun bildirdiyinə görə, adı FETÖ-çülükdə hallanan Ceyhun Cəlilov 15 iyulda Türkiyənin Naxçıvan konsulluğu tərəfindən təşkil olunan FETÖ-nün çevirliş cəhdinin ildönümü ilə bağlı tədbirə qatılmayıb: “Ümumiyyətlə, Naxçıvanda Ceyhun Cəlilovla bağlı kifayət qədər nüfuzdan salıcı xəbərlər dolaşmaqdadır.

Bir sözlə, Ceyhun Cəlilov Naxçıvan MR ƏƏSM naziri işləyərkən yol verdiyi ciddi nöqsanlardan sonra Baş nazir təyin olunub. Bunu özünün Baş nazir təyin olunduqdan az sonra imzaladığı “səhvetdim ərizələri” də təsdiqləyir. Görünür, Naxçıvan əhalisinin “canişin əfəndi” kimi tanıdığı Fuad Nəcəfli də onu məhz bu maxinasiya bacarığına görə indiki yüksək vəzifəyə gətizdirib.

Ovqat.com
 
Ardını oxu...
Keçən günlərdə Dia-az.Media olaraq Xaçmaz rayonu Qalağan kəndində icra nümayəndəsi olmuş Vahidə Turabova ilə bağlı rayon sakini Rüstəm Rüstəmovun iddialarını və təqdim etdiyi faktları nəzərinizə çatdırmışdıq...

YAZISI BURADA: Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT


Qeyd edək ki, həmin günü Dia-az.Media-ya telefon açan icra nümayəndəsi Xalid Nəsirov yazılanları təkzib etməsə də, mövqe bildirəcəyini söyləmişdi. Amma heç bir açıqlama olmadı. Özü isə dolayısı ilə yazılanların hamısını təsdiqlədi, sadəcə bu yfaktların ictimailəşməsində qarşı tərəfin maraqlarının olduğunu da vurğuladı.

Bu dəfə isə qarşı tərəf olan Rüstəm Rüstəmov Xaçmaz RİH başçısı Elnur Rzayevə müraciət edir və Qalağandakı durumla bağlı kömək istəyir. O bildirir: "Xaçmaz Rayon İcra Hakimiyyəti, Növbəti dəfə sizə müraciət edirəm... Qalağan kəndində taxt-tac quraraq ailə müstəmləkəsi yaratmış icra nümayəndəniz Xalid müəllim haqqında bir tədbir görün. Xalid müəllimin anası, Vahidə Turabova kənd nümayəndəsi olan zaman torpaqlarımızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlimizdən alıblar. Kənd camaatı bu adamların əlindən qan ağlayır. Bütün ərazi üzrə torpaqları zəbt ediblər. Bunlara ağalıq edənlər kimlərdir?
Niyə bizim müraciətimizə baxan yoxdur? Hər yerdə bunların adamları var. Pulları çox olduğu üçün bizim şikayətimizə baxan yoxdur. Çox xahiş edirəm cənab Elnur Rzayev, bizə kömək edin..."
 
Ardını oxu...
Yeni olmasına baxmayaraq, fəaliyyətində sakinlərlə problem yaşayan gənc icra başçılarından biri də Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur ki, vəzifəyə gələr-gəlməz yerli sakinlərdə narazılıq yaratmağı bacardı.

Həmin narazı sakinlərdən biri də "DogruXeber.az"a müraciət edən Saatlı Rayon Üzeyir Həcibəyov küçəsi ev 5 ünvanında yaşayan Rzayeva Kəmalə Cabir qızıdır.

Kəmalə xanım uzun illər orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Sonuncu Sertifikasiya imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün aylardır işsiz qalıb. Özünün də 13 yaşlı yeganə qız övladının da səhhətində ciddi problemləri var.

Təəssüflə qeyd edək ki, cahillik edib zamanında nigahını rəsmiləşdirmədiyi həyat yoldaşı dünyasını dəyişdiyi üçün övladına atalıq adı və soyadı da almaqda aciz qalıb.

Kəmalə xanımın hazırda sığındığı köhnə ata evi də təmirsiz və bərbad vəziyyətdədir. Xanım ümumiyyətlə heç bir gəlir yerinin olmadığı üçün komunalları belə ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də tez-tez gah işığın, gah qazın, gah da suyun kəsildiyini deyir.

Ailə başçısız tənha qadın, üstəlik də himayəsində azyaşlı övladı olan çarəsiz ana heçolmasa bir iş istəmək və hüquqi (məhkəmə) yolla övladının soyad və ata adı hüququnu bərpa etməkdə ona köməklik etmələrini istəmək üçün dəfələrlə icra hakimiyyətinə üz tutsa da Elmir Bağırov onu qəbul etməyib.

Xanımın sözlərinə görə başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva onun mənzilində olub, yaşadığı şəraiti gözü ilə görüb və köməklik ediləcəyi barədə dilucu vəd verib gedib. Lakin, sonradan bu barədə iclasda məsələ açılanda Elmir Bağırov, "bizim elə büdcəmiz yoxdur ona kömək edək. Çalışın yola verin, səsi çıxmasın" deyə, çalışanlara məsləhət verib.
Qeyd edək ki, bu Kəmalə xanım Rzayevanın özünün redaksiyamıza bildirdiyi məlumatdır.

"Çalışın yola verin, səsi çıxmasın..."

Cümlənin ağırlığına diqqət edin!

Vətəndaş bildirir ki, "Mən icra başçısının evinə gedib, ondan yardım dilənmirəm ki, məni başından eləsin. Rayonun uzun illər təhsil sektorunda çalışan və qeyri-şəffaf keçirilən sertifikasiya imtahanında haqsızlığa məruz qalan sakinlərindən biriyəm. Əlimdə iki diplomum, himayəmdə azyaşlı xəstə övladım, özüm başsız qadın özümün belə olmayan damın altında acından ölməyə məhkumam.

Bu qədər reallığa rəğmən heçolmasa nə tənha qadın, nə də ünvanlı sosial yardım kimi müavinətlərdən belə yararlana bilmirəm. Mən rayonumun rəhbərindən hüquqi yardım və diplomlarıma görə hər hansı bir iş istəyirəm sadəcə".

Yeri gəlmişkən, iş mövzusuna gəldikdə isə xanımın sözlərinə görə Saatlı rayon Təhsil şöbəsinin müdiri Günay Soltanova onu iki ay gözlətdikdən sonra yarım ştat sosial pedaqoq işi təklif edib. Tam ştat üçün minimum əmək haqqının məbləği 345 azn olduğu halda, yarım ştatın maaşını özünüz düşünün.

Kəmalə xanımın dediyinə görə o, bu təklifi qəbul etməyib və heçolmasa tam ştat verilməsini istəyib. Günay Soltanova regionalın verdiyi işin yalnız bu olduğunu deyib. Belə olan halda yol pulu belə olmadığı üçün Sabirabad rayonuna hətta piyada gedib, Mil-muğan Regional Təhsil İdarəsinin məşhur müdiri Rəşad Musayevin qəbulunda olub.

Bildirir ki, Rəşad Musayevin onun probleminə münasibəti də icra başçısı Elmir Bağırovdan heç nəyi ilə geri qalmayıb, yəni xanımı yola veriblər.

Vəssəlam.

DogruXeber.az
 
Ardını oxu...
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun mənfur erməni işğalçılarına qarşı apardığı rəşadətli müharibə, torpaqlarımızın azad olunması təkcə ölkəmizdə deyil, dünyada hörmət və etiramla qarşılanır.

Dünyanın böyük hissəsi bizim HAQQ və ƏDALƏT savaşımızı dəstəkləyir. Düzdür, bu məsələdə FRANSA kimi, daha dəqiq desək Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəstlər də oldu. Bunu haradasa erməni lobbisi-filan adı altında bəlkə də harasa yozmaq olar. AMMA….

Bakıda oturub çörəyimizi yeyən, suyumuzu içən, bizim hesabımıza milyonlar qazanan Frederik Guimbal kimilərinin millətimizə NİFRƏT-inin səbəbini anlamaq olmur.

Söhbət Holcim-Azərbaycan ASC-nin ( keçmiş Qaradağ sement zavodu ) baş ddirektoru Frederik Guimbaldan gedir.

Bu adam Azərbaycanda oturub, vaxtı keçmiş sement satır, səhmdarların pulunui vermir, vergidən yayınır, cinayətkar "obnaliçka" şəbəkəsi yaradıb, eyş-işrət məclislərinə pullar xərcləyir …amma bircə sosial layihəyə 1 manat ayırmır.

Azərbaycanda digər sement istehsalçıları olan NORM və AKKOR ASC Silahlı Qüvvələrə Yardım Fonduna xeyli miqdarda vəsait ayırıb, ölkəmiz üçün çətin və şanlı bir dövrdə Azərbaycan ordusuna maddi və mənəvi dəstək olublar.

Bəs Holcim ASC?

Bəs Frederik Guimbal?

Ermənipərəst Makronun mənfur siyasətini Azərbaycanda davam etdirən, xalqımıza nifrət edən Guimbal Zəfər bayramı günü sement zavodunun həyətində dalğalanan Azərbaycan və qardaş Türkiyə bayraqlarının endirilməsini tələb edib. Tədibiri idarə edən Holcimin texniki direktoru Əli Hüseynov Zəfər bayramı ilə bağlı təbrik üçün erməni xislətli Frederik Guimbala söz vermək istəsə də o mikrofonu almayıb. Bu adam xalqımıza bu qədər nifrət eləyir. İçində erməni sevgisi daşıyır. Bütün bunlar bəlli.

Bəs görəsən Azərbaycanın müvafiq dövlət qurumları hara baxır?

Bu adam bizim dövlət bayrağımıza nifrət edir. Onu da qeyd edək ki, zavoddan NUH.az-a bildirilib ki, Azərbyacanın və qardaş Türkiyənin dövlət bayraqlarının endirilməsinə etiraz edən tərəzi işçilər işdən azad edilib.
 
 

 

Ardını oxu...
2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib. Bu xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub. “Azərenerji” ASC-də nə baş verir?

Balababa Rzayevin şiddətli töhmət almasının səbəbləri barədə Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, Baş nazir Əli Əsədovun məlum sərəncamından belə anlaşılır ki, “Azərenerji” nəzərdə tutulandan daha artıq qazı elektrik enerjisinə çevirib:

“Bu da istər-istəməz rəsmi Bakının beynəlxalq öhdəliklərini yerinə yetirməsində müəyyən problemlər yaradıb. Nəticədə Balababa müəllim şiddətli töhmətlə cəzalandırılıb”.

Siyasi şərhçi düşünür ki, bu cəzalandırma hadisəsi Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında bağlanmış beynəlxalq müqavilələrin şərtlərinin pozulması ilə bağlı ola bilər:

“Bilirsiniz ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Leyen Azərbaycana səfər etmiş və Prezident İlham Əliyevlə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdı. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz nəqlini ildə 8 milyard kub metrdən 20 milyard kub metrə çıxarmalıdır. Və bu, hər il artırıla-artırıla 2027-ci ilə qədər son həddinə çatmalıdır. Bunun üçün isə Azərbaycan “yaşıl enerji” istehsal edib yerli tələbatı bununla ödəməli və özümüzün istifadə etdiyimiz qazı isə Avropaya göndərməliyik. İlham Əliyevin bu ilin yay aylarında “Euronews” telekanalına verdiyi müsahibədən aydın olur ki, ölkəmiz artıq “yaşıl enerji istehsalı sahəsində özünü təmin edəcək səviyyəyə nəinki yetişib, hətta artıq qalan enerjinin ixracı barədə düşünür. “COP29-a ev sahibliyi edəcək ölkə kimi “yaşıl enerji”yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Əliyev həmin müsahibəsində belə demişdi. Prezident həmçinin vurğulamışdı ki, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməli, elektrik enerjisi maksimum istehsal olunmalı və təbii qaza qənaət edilməlidir. Məqsəd isə həm qazı, həm də yaşıl enerjini Avropaya nəql etməkdir. Prezidentin bu sözlərindən aydın olur ki, Azərbaycanın “yaşıl enerji” istehsalı daxili tələbatı üstələyir. O zaman təbii qazdan elektrik enerjisi almaq nəyə lazımdır? Görünür, Balababa müəllim bizim bəzi deputatlar kimi, Prezidentin sözlərini ya başa düşməyib, ya da bu sözləri eşitmək əvəzinə mürgüləyib. Öz köhnə adəti üzrə təbii qazdan elektrik enerjisi almağı davam etdirib, halbuki o qaz Avropaya nəql olunmalı imiş. Bu özbaşınalıq isə baş nazirin qəzəbinə gəlib”.

Heydər Oğuz deyib ki, bu cür sözü tərs anlayan və ya özbaşına istehsalatla məşğul olan dövlət şirkətlərinin rəhbərlərinə şiddətli töhmət vermək azdır:

“Onlar bizim beynəlxalq öhdəliklərimizi yerinə yetirməyimizə mane olduqları üçün daha ağır cəzalandırılmalıdır. Vallah, bizim hüquq-məhkəmə sisteminin sözanlamaz məmurlara niyə belə humanist yanaşdığını anlaya bilmirəm”.

Xatırladaq ki, “Azərenerji” ASC-nin adı son illər müxtəlif korrupsiya qalmaqallarında hallanır. Qurum və onun rəhbəri daha çox qaranlıq tender əməliyyatları ilə gündəmə gəlir. Hakimiyyətə yaxınlığı ilə tanınan Baba Rzayevin qəfil qəzəbə gəlməsi, şiddətli töhmət alması sıradan hadisə sayıla bilməz. Bunun ardı gələ bilər. Baba müəllim canını şiddətli töhmətlə qurtara biləcək?
 
 
 
Ardını oxu...
 

Sumqayıt məktəbində 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər.

Qeyd edək ki, ağılasığmaz hadisə Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə baş verib. 

Zərər çəkmiş uşağın atası Maxsudov Əliağa Mahmud oğlunun Azmedia.Az-ın qaynar xəttinə verdiyi məlumata görə:

"Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin 5H sinif şagirdi  21.06.2014-cü il təvəllüdlü Maxsudov Kənan Əliağa oğlu tənəffüs zamanı, sanitar qovşaqda olarkən içəri 7Ç sinif  şagirdi olan Məmmədov Cəlil (ad şərtidir), sanitar qovşağa  daxil olaraq elektron siqaret çəkmək məqsədilə, qeyri-etik ifadə işlədərək çölə çıxmasını tələb edib, həmin ifadəni mənim övladım ona deyən zaman, onu qucağına alaraq 4-cü mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən başını çölə çıxararaq, pəncərədən atacağını deyib və heçkimə bu haqda danışmamağıyla bağlı təhdid edib. Uşağı məktəbdən götürəndə ağız ətrafında sarılıq, qorxudan özünəqapanmış və fərqli davrandığını hiss edib nə baş verdiyini çətinliklə öyrəndik. Uşağı həkim (psixoloq) müayinəsindən keçirdik.

Bu məsələ ilə bağlı növbəti gün, məktəbin direktoru olan Süleymanova Adilə xanımın qəbulunda olduq və uşağın həmin məktəbdə çalışan tarix müəlliminin övladı olduğunu öyrəndik.  Daha sonra həm təhsil nazirliyi qaynar xəttinə, həm Sumqayıt şəhər təhsil şöbəsinə yazılı ərizə ilə müraciət etdik. Eyni zamanda həmin gün axşam saatlarında 102-ə məlumat verərək, 4 saylı polis şöbəsinə ərizə və izahat təqdim etdik. Bu hadisədən sonra nə məktəb müdiriyyəti, nə polis, nə də təhsil nazirliyindən heç bir geridönüş almamışıq. Uşaq qorxduğu uçun dərsə getməkdən imtina edir və nəticədə təhsildən geri qalır. Mən, bununla bağlı bir valideyn olaraq çox narahatam, övladımın və onun timsalında bütün uşaqların psixoloji, fiziki şiddətə məruz qalmadan təhsil alması üçün məsələnin həll yolunun tapılmasını aidiyyatı qurumlardan xahiş edirəm.

Zərərçəkənin valideyni əlavə edir ki, qarşı tərəfə hadisə ilə bağlı danışıq üçün müraciət etsə də, məsələnin həlli üçün çalışmaq, ən azından üzrxahlıq etmək əvəzinə ona hədə-qorxu gəlmişdir. 

Qeyd edək ki, hadisə ilə bağlı zərərçəkmiş uşağın psixi travma aldığına dair həkim rəyləridə mövcüddür. Hazırda şagirdin valideynləri tələb edir ki, məsələ araşdırılaraq, zərər verən tərəf məktəbdən kənarlaşdırılsın.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sara Hacıbabayeva

 
 
 
 
 
 
Ad - 00:17

Azmedia.Az

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ardını oxu...
Xanım jurnalist keçmiş icra başçısının “qoçuları” tərəfindən xəstəxanalıq edilib

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab nazir!

Bu gün – 05.10.2024-cü il tarixində “Hurriyyet TV”-nin əməkdaşı Vüsalə Nəciyeva bir qrup şikayətçinin müraciəti əsasında ezam olunduğu Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində keçmiş icra başçısı Şamil Əlif oğlu Həsənovun “qoçuları” tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb əməkdaşımızın Şamil Əlif oğlu Həsənova və onun oğlu, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Şamil oğlu Həsənova məxsus olduğu bildirilən fermaya yaxın ərazidə çəkiliş aparması olub.

Belə ki, jurnalist öz vəzifə borcunu həyata keçirən zaman Ş.Həsənovun bir qrup “qoçusu” onu və ərazidə olan şikayətçiləri vəhşicəsinə döyüblər. Bu zaman digər şəxslərlə yanaşı, xanım jurnalistimiz Vüsalə Nəciyeva da bədən xəsarətləri alıb, üst-başı çırıq-çırıq edilib.
Ardını oxu...
Cənab nazir!

Diqqətinizə çatdırım ki, hadisədən dərhal sonra Ağcabədi rayon Polis Şöbəsinə məlumat verilsə də, o cümlədən 6 dəfə DİN-in “102” xidmətinə müraciət olunsa da, olay yerinə gələn olmayıb. İddia olunur ki, Şamil Əlif oğlu Həsənovun oğullarından biri polis rəisi olduğundan, Ağcabədi polisi şikayətə baxmayıb.

Onu da deyim ki, döyüləndən sonra, təxminən 1 saat müddətində əməkdaşımız ferma ərazisindən girov saxlanılıb. Daha sonra hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunduğundan, onu girovluqdan azad etməyə məcbur olublar.

Üstəlik, bu zaman fermaya gələn Şamil Həsənov Təcili Tibbi Yardım Xidməti əməkdaşlarının xanım jurnalisti xəstəxanaya aparmasına mane olmağa çalışıb. Lakin onun vəziyyəti ağır olduğundan, həkimlər keçmiş başçının müdaxiləsinə imkan verməyiblər.

Cənab nazir!

Qarşı tərəf guya, xanım jurnalistin günün günorta çağı fermadan oğurluq etmək istədiyini iddia edib. Halbuki, ərazidə çoxsaylı kameralar var, onun çəkiliş etdiyi üçün döyüldüyü aşkardır.

Bu baxımdan, Sizdən xahiş edirəm ki, hadisəni öz diqqətinizə götürüb, Ağcabədi rayon Polis Şöbəsinə məsələ ilə əlaqədar operativ tədbirlər görülməsi ilə bağlı tapşırıq verəsiniz.

Öncədən Sizə kollektivimiz adından minnətdalıq edirəm”.

Hurriyyet.az

Redaksiyadan: Əlavə məlumat verməyə çalışacağıq.
 
Ardını oxu...
Naxçıvan səhiyyə sistemində ərizə qalmaqalı bitmək bilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Respublika xəstəxanasının işçilərinə müddətli əmək müqaviləsi yazdırmağa çalışan TMİB (Naxçıvanın TƏBİB-i) bu tələbə etiraz edən tibb işçilərinin şikayəti media orqanları tərəfindən işıqlandırılandan sonra geri çəkilmişdi. Respublika xəstəxanasının işçilərinə müddətsiz əmək müqaviləsi imzalatmaqla (tibb işçiləri arasında 40 ildir eyni xəstəxanada işləyənlər də var və onlara yenidən işə girmə ərizəsi yazdırılması hansı zərurətdən doğub anlamaq mümkün deyil) canlarını qurtaran TMİB başbilənləri indi həmin tibb ocağının laboratoriyasının əməkdaşlarına “ilişib”. Respublika xəstəxanasının attestasiya imtahanından 11 bal toplayan (gorun çatlamasın, Mirzə Cəlil) Baş həkimi Ramazan “yoldaş” (Naxçıvanda hələ də sovet müraciət forması dəyişməyib) laboratoriya işçilərini bir araya toplayıb, onların artıq xəstəxanaya aid olmadıqlarını, bir türk şirkətinə satıldıqlarını bildirib. Və israrla tələb edib ki, indi yeni ağalarının adına ərizə yazıb köhnə işlərinə yenidən qayıda bilərlər.
Laboratoriya ilə birlikdə özlərinin də qul kimi satıldıqlarını eşidib xeyli təəccüblənən işçilər tələb ediblər ki, onlara alqı-satqı müqavilələri göstərilsin. Onları narahat edən əsas məsələ isə sabah Türk şirkətini Naxçıvandan qovsalar (ki, Naxçıvan üçün bu olduqca asan məsələdir), laborantların taleyinin necə olacağıdır. Nə illah ediblərsə, işçilərə bu barədə hər hansı məlumat və rəsmi sənəd göstərilməyib. Beləcə, ara qarışıb, dəftər itib. Nəticədə Naxçıvan xəstəxanalarının yeni rəhbəri TMİB sədri Vüsal Məmmədov “yoldaş” laborantların harayına özünü yetirib. O da bu zavallılara çoxdan “satıldıqlarını” etiraf edib, amma yenə də bunu təsdiq edən heç bir sənəd göstərə bilməyib.
İki arada, bir dərədə qalan laborantlar sonunda xəstəxananın Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev “yoldaş”a məktub yazıb bu qul hərracına aydınlıq gətirməsini istəyiblər.
Bazar ertəsi günü ünvanına yetişəcək məktubu Qəzənfər müəllimdən əvvəl siz dəyərli Oxucularımızın nəzərinə çatdırırıq.
Heydər Oğuz
TEREF
Ardını oxu...
Ardını oxu...
 
 
 

      
Ardını oxu...
Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə yerli sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında qarşıdurma yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Sakinlərin bir qismi verilən məbləğın həddən artıq az olduğunu əsas gətirərək, evlərini satmaqdan imtina ediblər. Şirkət isə onları evlərindən zorla çıxarmaq istəyir.
Bu barədə Bakupost.az -a Cəlil Məmmədquluzadə, dalan 2, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lələ qızı bildirib.

Onun sözlərinə görə, problem iki il əvvəl yaranıb və hələ də davam edir:
"Mən 1967-ci ildən burada yaşayıram. 4 uşağım bu evdə dünyaya gəlib, böyüyb. İndi hər kəsin ailəsi var. Oğlum Binəqədidə kirayədə yaşayır. Özümün 74 yaşım var və 1983-cü il təvəllüdlü serebral iflic xəstəsi olan qızımla bir yerdə qalıram.
İki il əvvəl “Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular. Sonra bir-bir insanlara yaxınlaşıb, onlara müəyyən qədər vəsait verəcəklərini bildirdilər. Kimlər ki o ünvanda yaşamırdı, şirkətin verdiyi vəsaitlə razılaşıb evini satdı. Hər kvadratmetrə görə 1700-1800 manat verildi. Onlar razılaşıb çıxdılar. İndisə qalıb bizim evlər. Qonşular evdən çıxan kimi dərhal söküntüyə başladılar. Bizim evlərin damları bir-birinə bitişikdir. Söküntü zamanı mənim evimin damının bir hissəsini uçurublar. Buna görə etiraz etdik. Amma Violon” MMC-dən heç gəlib maraqlanmadılar, evimizi düzəltmədilər. İndiyə kimi oradan başıımıza yağış yağır. Divar da içəridən çatlayıb".
Şikayətçinin sözlərinə görə, bir müddət sonra onun evinin sağ tərəfində də söküntü işləri aparılıb:
"Buldozerlə o tərəfi də dağıdıb tökdülər. Evin qapı-pəncərəsini, divarlarını uçurtdular. Gördülər, bu məni qorxutmur, başladılar bütün evi uçurmağa. Sentyabrın 16-dan evin giriş hissəsini sökdülər. 3 gün evdən bayıra çıxa bilmədim. Sentyabrın 27-sində şəhidlərin Anım günündə gəlib buldozerlə yan qonşumun evinin damını necə uçurtdularsa, dağıntılar qonşu evlərin üstünə töküldü. Qonşularla yığışıb polis çağırdıq. Polis gələndə düşüb qaçırlar. Polis gedən kimi yenidən başlayırlar".
M.Yurşimova vurğulayıb ki, söküntü zamanı səs-küy yarandığına görə, qızı qorxudan qıc olub:
"Uşaq 2-ci qrup əlildir. Təcili yardım çağırdım. Bunlar bizi dəlixanalıq edirlər. Uşağı evdə 1 saatlığa qoyub harasa gedə bilmirəm. Uşaq zəng edib qorxudan ağlayır ki, ana, onlar yenə gəldilər. Qapını bağlayıb gedirəm, gəlib görürəm ki, arxa hissədən çıxıblar dama. Bizə zülm edirlər".
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı Prezident Adminstrasiyası, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlara şikayət etsələr də, vəziyyət dəyişməyib:
"Əvvəl söküntü aparılanda Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarını çağırırdıq, gəlirdilər. Bir aydan artıqdır ki, çağırırıq, onlar da gəlmirlər. Bütün qonşular Fövqəlada Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib ki, bizi qəbul etsin. Hələ ki, bir xəbər yoxdur. Bilmirəm, bizi qəbul edəcək, ya yox. Ombudsmana məktubla müraciət etmişəm. Müsbət cavab verildi və oradan adam gəldi. Onların sayəsində söküntü iki ay saxlanıldı. İndi yenə başlayıblar. Bilmirəm, bu vəziyyət nə vaxta qədər davam edəcək?! Dəfələrlə telekanallar gəlib çəkiliş ediblər. Müraciət etmədiyimiz yer qalmayıb. Amma heç kim bu şirkət barədə tədbir görmür".

M.Yurşimova deyir ki, “Vialon” MMC-nin rəhbəri Ramil Qasımov sakinlərə 1800-2000 mindən artıq pul verməyəcəyini bildirib:
"Deyir, sizə verməyə pulum yoxdur. Şirkət bankrot olub. Bu ərazidəki tut ağaclarını da kəsiblər. Gəlib mənə də deyirdi ki, nə qədər tikinti başlamayıb, girək sizin həyətdəki tut ağcını doğrayaq. Mən də deyirəm, axı həyəti satmamışam ki, siz o ağacı doğrayasınız. Onun üstündə mənimlə prinsipə düşdülər. İstəyirlər ki, söküntü vaxtı bütün ağacları kəssinlər, sonra şirkətə problem yaranmasın.
Mənim evimin 65 kvadratmetrdir. Qiymətləndirmə zamanı onu 56 kvadratmetr hesablayırlar. Amma İcra Hakimiyyəti 63 kvadratmetr hesablayıb.Onlar bu ərzini götürüb özəl məktəb tikmək istəyirlər. Biz də özəl məktəbdəki qiymətləri öyrənmişik. Hər uşağa görə ildə 11 min manat alacaqlar. Bizəsə deyirlər pulumuz yoxdur.
Onlar bilir ki, mənim evimi alıb sökən kimi ətrafdakı qonşular özləri qaçacaq. Onların işi ancaq mənimlədir. Ramil Qasımov dalanda üstümə hücum edib dedi ki, çıx cəhənnəm ol, buradan. Gəlib evimdə məni təhqir edirlər. Bu qədər özbaşınalıq olar? Mən hara getməliyəm? Mənim milliyətcə yəhudiyəm, mənim vətənim buradır. Babam, atam burada yaşayıb".
Məsələ ilə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Qasımovla əlaqə saxladıq. O, Bakupost.az -a sakinlərin şikayətinə cavab olaraq bildirdi ki, deyilənlər əsassızdır:
"Onlara kompensasiya təklif edilir. Sadəcə olaraq, onlar birdən-birə varlanmaq istəyirlər, bu da mümkün deyil. Sakinlər evin hər kvadrat metri üçün 4-5 min manat istəyir. Biz isə ordakı evlərə bazar qiymətinə uyğun pul təklif edirik. 50 minlik evə 70-80 min təklif edirik, razılaşmırlar. Məsələ tezliklə hüquqi müstəvidə həll ediləcək".

 

Dünyapress TV

Xəbər lenti