Ötən həftə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sübh saatlarında Bakı küçələrinin birində çəkilən videonu öz sosial şəbəkə hesabında paylaşaraq Bakının tıxacsız şəhər olması üçün vətəndaşları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb. O qeyd edib: "İctimai nəqliyyatın hərəkət etdiyi tıxacsız Bakı. Yalnız sübh tezdən deyil, bütün günü bu cür olmasını istəyirsinizsə, şəxsi avtomobillərdən istifadədən imtina edib ictimai nəqliyyatın xidmətindən yararlanın. Daha rahat və tez mənzil başına çatmağın başqa alternativi yoxdur!"
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmanla Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildi. Ona görə verildi ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyəti yüksəldilsin, bu sahədə idarəetmə təkmilləşdirilsin. Bu o demək idi ki, BNA artıq müstəqil bir dövlət qurumu kimi hərəkərin təşkilində vəzifə və öhdəliyini tam olaarq həyata keçirə bilmir. Parkinqlərin olmaması, Bakıda tıxaclar, sözün əsl mənasında tıxacların atmasının səbəblərindən biri olan avtobus zolaqlarının ehtiyac olmadan çəkilməsi və başqa addımlar BNA-nı vətəndaşın gözündə işə yaramaz bir quruma çevirmişdi. Bu günlərdə isə yalnız avtobusların gecikməsi ilə bağlı xəbərləri yaymaqla gündəmdə olan BNA sözçüsünün "yeni" açıqlaması birmənalı qarşılana bilməz.
TEREF.AZ-ın məlumatına görə, media və ictimaiyyətlə əlaqələr mütəxəssisi Orxan Musa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkənin nəqliyyatını idarə edən qurum nümayəndəsinin verdiyi təklif anlaşılandır və həqiqət payı da var. Ancaq istismar müddəti bitdiyi üçün xəttə buraxılmayan, sayının yetərsiz olmadığı iddia edilən, qiymət artımı tələb edildiyi üçün sükan arxasına oturulmayan avtobuslara görə və görünən-görünməyən birçox səbəbdən şəhərdə "yerləşdirilən" dayanacaqlar dolub daşır.
Mütəxəssisin fikrincə, ölkə nəqliyyatındakı tək problem şəxsi avtomobildən istifadədirsə və ya sübh tezdən çəkilmiş kadra əsaslanaraq, günün işlək saatlarını müqayisə edərək təklif olunan tək həll yolu budursa, elə cənab Mais Ağayev cəmiyyətə təklif verməyi bacardığı kimi nümunə olmağı da bacarmalıdır: “Mətbuat katibinin təklifinə qoşularaq onun bu təklifinə dəstək olmaq məqsədiylə bir təklif də mən verirəm. Sübh videosunu bütövlükdə bir gün müddətinə nümunə göstərən Mais Ağayev və BNA-da çalışan yüksək vəzifəyə sahib idarəçidən xadiməyə kimi bütün əməkdaşları avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadə edərək cəmiyyətə nümunə ola bilər. Hətta bir piar çalışması olaraq da, bu təqdirəlayiq addımı avtobus kameralarından alınmış görüntüləri ictimaiyyətlə paylaşaraq, cəmiyyət tərəfindən quruma inam və qurumda şəffaflıq yarada bilər”.
Orxan Musa qeyd edib ki, ictimai əlaqələr çox həssas fəaliyyət növüdür. Hansısa fikrə və ya hadisəyə şərh verəndə 100 ölçmək bəs etmir. Açıqlamadakı "fikir" yetərsiz təkliflə bəzədilsə də, icrasını təşkil etmək xüsusi strategiya tələb edir. Əgər qurum nümayəndəsi cəmiyyətin "fəryadını" düzgün analiz edib, problemə daha konstruktiv təkliflər verə bilsə və ya verilən təklifləri icra edə bilsə, qurumun zərər görmüş imicini bərpa edə bilər.
“Osmanlı hökmdarları kimi fərqli libas geyinib xalq arasına qarışmağa ehtiyac yoxdur. Pensiya arxasınca banka gedən alnı qırışmış qoca vətəndaşın, çiynindəki kitab dolu çantanın ağırlığından buruşmuş məktəblinin göylərə yüksələn "nəqliyyat problemi" adlı naləsini əyani eşidə bilər. Sosial şəbəkədən də "reaktiv" istifadə edən qurum sözcüsü üçün problem dinləmək üçün məkan və ya platforma fərq etməməlidir. Əsas odur ki, problemləri həll etməyə can atsın” - deyə mütəxəssis qeyd edib.
Ekspert bildirir ki, ictimai nəqliyyatdan istifadənin şəhərə necə faydalı olduğunu sübut edəcək bir vizual vasitədən istifadə edərək, cəmiyyət üçün bu faydalı addımın davamlılığını ictimai nəqliyyatın digər vasitələrinin məsul nümayəndələrinə ötürə bilər. Metropolitendən və ADY sürətli qatarından istifadə etməklə nəqliyyat problemi həll olacaqsa, bu addımlar atılmalıdır.
“Təsəvvür edək ki, ən azı bir qurumun nümayəndələri öz işlərinin dəyərini göstərmək üçün bu addımı atırlar. Zərəri yox, faydası olar. Hətta vaxtilə yan amiotrofik skleroz (YAS, ingilis dilində ALS) xəstəliyi üçün başladılan sosial məsuliyyət trendinə oxşar bir trend də başlada bilər. Bunun üçün başından buz dolu soyuq su vedrəsini boşaltmağa da ehtiyac yoxdur. Şəxsi avtomobildən imtina edin demək də, həll yolu təklif etmək də kifayət etmir. Həllə dair təklifləri icra etməklə yollarımızı tıxacdan xilas etmək olar” - deyə Orxan Musa vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl nəqliyyat ekspertləri bildirib ki, BNA Bakını piyada şəhərinə çevirmək istəyir. Bu isə mümkün olmayan bir düşüncə kimi qəbul edilirdi. Orxan Musa qeyd edib ki, BNA bu utopik arzusunu reallaşdırmağı üçün dövlətin hər bir strukturu ilə birgə gələcəkyönümlü layihələr hazırlayıb icra edilməsinə nail olmalıdır. Məsələn Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə yolların çəkilişində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yol kənarındakı ağacların qorunmasında, İcra hakimiyyətləri və bələdiyyələr ilə binaların yerləşmə nöqtələrində və s. işlərdə söz sahibi olmasa da, fikirlərə ortaq olmaq mümkündür.
“Piyadaların rahatlıqla hərəkət etməsi üçün səki, zolaq, məhəccər təmin edilməyən bir şəhərə "piyada şəhəri" vədi vermək samanlıqda iynə tapılacağına söz verməyə bənzəyir. Yaxın dövrlərdə müəyyən ərazilərdə çəkilmiş velosiped zolaqlarının üzərində kiosk yerləşdirilməsi və ya həmin yolların ağacda sonlanması kimi maneələrlə qarşılaşaraq görülən fəaliyyətin yetərsizliyinə şahid olduq” - deyə Orxan Musa əlavə edib.
P. S. Mais Ağayevin təklifi o zaman reallaşa bilərdi ki, Bakıda 30 il əvvəl olduğu kimi 1 milyon əhali yaşayaydı. O zaman belə tıxac olmadığı üçün heç bu problem gündəmə də gəlməzdi. Amma bu gün real olaraq Bakıda 5 milyon əhali yaşayır. Və təcrübələr göstərir ki, ictmai nəqliyyatın gücü bu vətəndaşları daşıyacaq qədər deyil.
İllərlə ictmai nəqliyyat - dəmir yolları, metro, elə BNA-nın özünün rəhbərliyində olan şəxslər Bakıda olan nəqliyyat problemini gözardı ediblər. Və bu gün Bakı artıq tıxacdan boğulduğu bir zamanda edilən bu təklif sadəcə absurddur. Ali təhsil müəssisləri, dövlət qurumlarının binaları və s. Bakı şəhərində olduğu müddətdə Bakıda vəziyyət elə belə də davam edəcək. Bu qeydlər digər şəhərlərimizə də aiddir.