Naxçıvanda Vergilər Nazirliyi istifadə olunmayan internet üçün ticarət obyektlərinin hər birindən aylıq 15 manat pul tələb edir. 5 Gigabayt olan bu internet paketi Naxçıvanda tətbiqinə bu yaxınlarda başlanılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) təminatı bəhanəsi ilə satılır. Baxmayaraq ki, sahibkarlar NKA-ları öz obyektlərindəki internet şəbəkəsinə qoşur və onların nazirliyin təklif etdiyi paketə ehtiyacları yoxdur. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sahibkar məlumat verib. Naxçıvan şəhərindən olan sahibkar B. Ağayev bildirir ki, nazirlik onlara hesab nömrəsi verib və hər ay pulu ora ödəməyi tələb edir: „Öncə məcbur etdilər ki, 470 manat ödəyib, yeni NKA alaq. Obyektimdə internet olmasına və əlavə internetə ehtiyac olmamasına baxmayaraq, indi mənə kod veriblər ki, hər ay buraya 15 manat ödəməlisən. Buna görə bizə 5 GB internet verirlər. Axı, bu bizə ehtiyac deyil, niyə əlavə xərc çəkməliyik? Hamısı pul tələsidir. Naxçıvanda minlərlə obyekt var və bu hər ay 100 minlərlə manat edir”. Dia.az-ın məlumatına görə, Kəngərli rayonundan olan sahibkar C. Yusifov isə deyir ki, dükanında güclü internet olsa da ondan NKA-nı nazirliyin təklif etdiyi internetə qoşmağı tələb ediblər: “Obyektimdə güclü internet vardır. Əslində bilirəm ki, kassa aparatını həmin internetə qoşmaq mümkündür. Lakin, qoşmurlar. Deyirlər ki, qoşa bilərik, hətta NKA daha da yaxşı işləyər. Lakin sən yenə də verdiyimiz koda hər ay 15 manat ödəməlisən. Səbəbini isə açıqlamırlar. Mən nəyə görə kiminsə cibini doldurub, artıq xərc çəkməliyəm. Minlərlə sahibkar var. Bu minvalla ildə kimlərinsə cibinə milyonlarla pul axır”.
Elman Nuriyev külli miqdarda vergi borcu olan idarəni 190 min manatlıq tenderdə qalib etdi
Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin “Cari təmir üzrə Kürdəmir rayon ərazisində yerləşən Girdimançay çayında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satınalınması” ilə bağlı ela etdiyi tender başa çatıb.
Xəbəri “32un.az” yayıb.
Bildirilir ki, tenderin qalibi Salyan Melioservis İdarəsi olub.
Tərəflər arasında 190 min AZN-lik müqavilə imzalanıb.
Məlumata görə, tenderin qalibi olan Salyan Melioservis İdarəsinin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur.
İdarənin veri borcu 140 min 745 manat 12 qəpikdir.
Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin rəisi Elman Nuriyevdir.
Salyan melioservis idarəsinin rəisi isə Azər Abbasqulu oğlu Nəcəfovdur.
Daha geniş izahı cənab Daşqın İsgəndərovda☝ - 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin ☑️3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. -24 avqust 2023-cü il tarixində səhər saat 07:00 – da SOCAR-ın " Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində yerinə yetirilən tikinti quraşdırma işləri zamanı 2 nəfər həlak oldu. Mirvari Gahramanli Teref.az
…Hər dəfə Qəbələ, yaxud Şəki istiqamətində səfər edəndə, adətən, Muğanlı-İsmayıllı yoluna üstünlük verirdim. Lakin ötən ilin dekabrında Şəkidə olarkən güclü qar yağdı. Odur ki, o vaxt Qəbələ-İsmayıllı yolunun təhlükəli ola biləcəyini nəzərə alaraq Bakıya dönərkən Ağsu yolu ilə gələsi oldum. Girdimançayı keçəndən bir qədər sonra yolun solunda illər öncə qoyulmuş və artıq rəngi tam olaraq soluxmuş lövhə diqqətimi cəlb etdi. Rənginin solması bir yana, lövhə üzərindəki “Yaxşı yol” yazısındakı iki sözün 3 hərfi yoxa çıxmışdır (fotoşəkil təqdim olunur).
İsmayıllı və Ağsu rayonlarının sərhədini bildirən bu lövhənin bu halı məni xeyli təəccübləndirdisə də, çox dərinə getmədim. Düşündüm ki, ismayıllılar yəqin ki, bunu görüncə tezliklə əncam edərlər.
***
…O vaxtdan 9 ay sonra yenidən Şəki tərəfə yolum düşəsi oldu. Muğanlı-İsmayıllı yolunda geniş yenidənqurma işləri getdiyini nəzərə alaraq bu dəfə də Ağsu yolu ilə gedəsi oldum.
Ağsunu keçib Girdimançaya yaxınlaşanda yuxarıda barəsində söz açdığım lövhənin digər üzü, yəni əks tərəfi diqqətimi cəlb etdi. Əfsuslar olsun ki, orada da “İsmayıllı rayonu” sözündəki “y” hərfi yerində yox idi (fotoşəkil təqdim olunur). İki gün sonra geri dönəndə lövhənin yanında dayanaraq onun hər iki tərəfinin fotosunu çəkdim. Fotolardan göründüyü kimi, 9 ay ərzində heç nə dəyişməyib. Yenə həmin soluxmuş lövhə və iki üzündəki xoş olmayan mənzərə.
Maraqlıdır, kifayət qədər intensiv hərəkətin olduğu bu magistral yolda o tərəfə, bu tərəfə gedənlər, görəsən, bərbad halda olan həmin lövhəni təkrar-təkrar görürkən nə düşünürlər? Mən hələ əcnəbi qonaqları demirəm. Bu biabırçılıqdır! Bu mənzərəni görənlər kimi və ya kimləri qınayırlar? Yəni, İsmayıllı rayon rəhbərliyinin bundan xəbəri yoxdur?! Yəni, bunu onlara irad tutan da olmayıb?! Mən əminliklə deyə bilərəm ki, İsmayıllı-Muğanlı yolu yenidən qurulmaqda olduğundan ən azı son bir ilə yaxındır ismayıllılar, təbii ki, həm də rayon rəhbərləri mütləq şəkildə Qaraməryəm-Ağsu-Muğanlı yolundan istifadə edirlər və bu gün də istifadə etməkdədirlər. Necə ola bilər ki, həftədə bir neçə dəfə Bakıya gəlib-getdiyi deyilən icra başçısı Nahid Bağırov özü həmin lövhənin bu halını görmür??? Bəs onun onun müavinləri, rayonun digər məsul vəzifə sahibləri o acınacaqlı mənzərəni görmürlərmi?! Bəs həmin yola nəzarət edən, o yoldan istifadə edən digər məmurlar necə?! Ötən bir ilə yaxın müddət ərzində xidməti işi ilə bağlı o yoldan ötərək İsmayıllı rayonuna ezamiyyətə gedən məmurlar da bunu görməyiblər?!
Birdə ki, bu boyda aşkar ayıblı lövhəni görməyənlər İsmayıllıdakı ətaləti, məmur özbaşınalığını, rayon rəhbərlərinin insanların gündəlik qayğı və problemlərinə olan biganə və sayğısız münasibətini haradan görəsidirlər?! Şəxsən mən o düşüncədəyəm ki, rayonun girişindəki tanıtım lövhəsi əgər bu vəziyyətdədirsə, indi görün, İsmayıllının özü nə gündədir?! Çox güman ki, hər dəfə o lövhəni bu vəziyyətdə görənlər də elə bu düşüncədədirlər.
***
Bu qeydləri oxuyan ismayıllılar nə düşünəcəklər bilmirəm, amma şəxsən mən çox narahatam ki, vəziyyət bu cür davam edərsə, lövhədəki digər hərflər də bir-bir yoxa çıxacaq, beləliklə də “İsmayıllı rayonu” özü tam olaraq gözdən itəcək…
Asif MƏRZİLİ
P.S.Düşünürəm ki, ötən 9-10 ay ərzində bu mənzərəni sadəcə seyr edən icra başçısı və onun komandası tədbir görmək istəməyibsə, mən bu yazını cənab Prezidentin və Prezident Administrasiyasının rayonları kurasiya edən aidiyyəti şöbə müdirinin tvitter səhifəsinə yerləşdirim. İnanıram ki, bundan sonra həm İsmayıllının adından yoxa çıxmış həmin hərflər yerinə qayıdacaq, həm də İsmayıllının idarəçiliyindəki məmur məsuliyyəti…
P.P.S.Yeri gəlmişkən, icra başçısı Nahid Bağırovu da qınamalı deyil… Bir ildən çoxdur başı fermer Teyyub Abdullayevlə məhkəmə çəkişməsinə qarışıb və fermeri ikinci mövsümdür taxıl əkməyə qoymur. İş məhkəmədədir və artıq icra başçısı 4-cü dəfədir məhkəmədə fermerə uduzur. Və gülməli, bəlkə də ağlamalıdır ki, o boyda başçı məhkəmə qərarına əsasən, özünün taxıl əkinini qadağalayan qanunsuz və əsassız sərəncamını özü də ləğv edib… Qısası, fermerin problemini həll etməli olan başçı özü fermerə problemlər yaşatmaqdadır... //tezadlar.az//
Bəli, taa Abşeron rayon İcra Hakimiyyətinin başçısı olduğu zamandan bugünə qədər az qala Abşeron və Sumqayıtı "kəndi satın almış köy ağası" kimi idarə edən Zakir Fərəcovun deyəsən vəziyyəti ürəkaçan deyil...
Bir zamanlar adı gələndə işində hər hansı bir süni əngəl yaradacağından qorxub tir-tir əsən, bir sözünü iki etməmək məcburiyyətində qalan iş adamları yoldaş Fərəcovun "dalanda qarşısını kəsiblər".
Bəli, biz yuxarıda işlətdiyimiz atalar məsəlini elə-belə yazmadıq.
Redaksiyamıza daxil olan bir qrup iş adamları Fərəcovun onlara külli miqdarda pul borcu olduğundan və uzun müddətdir ki, geri ala bilmədiklərindən gileylənirlər.
Belə ki, Laçını alan sərkərdənin (ölkə başçısının) tapşırıqlarına məhəl qoymayıb xalqa xidmət deyil, ağalıq edən, həmçinin Laçın uğrunda canını qurban verən şəhidlərin ailələrini, qaziləri görməzdən gələn və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə hazırda Laçında böyük biznes obyektləri qurduran Zakir Fərəcov sən demə dövlət büdcəsindən şəhərin abadlaşdırılması, dənizkənarı Sumqayıt bulvarının yenidən qurulması üçün ayrılan vəsaitləri "cibinin pulu" kimi xərcləyib, işi təhvil vermək zamanı gələndə şirin dilini işə salıb, lazımi işləri onların özlərinin dili ilə desək, güya borc almaq adı altında iş adamlarına gördürüb.
Həmçinin, dövlət banklarından birindən külli miqdarda kredit götürüb. Etibarlı mənbənin "DogruXeber.az"a bildirdiyinə görə hazırda həmin bank Fərəcovu məhkəməyə verdiyi üçün, vəziyyəti biraz kritikdir.
Hə...bir də deyiblər ki, "Kəsənin üzünü tikən ağardar."
Fərəcovun üzünü ağardanlar isə artıq uzun müddətdir ki, onun yaşatdığı əsəb-stress içində dövlət qurumlarının qapılarını döyürlər.
Bundan əlavə, onlar mətbuata üz tutublar ki, "Jurnalistlər mənim dostumdur. Mən çox vaxt məlumatları mətbuatdan alıram" deyən ölkə başçısına bəlkə bu yolla, onun etimad göstərib bir şəhərə rəhbər təyin etdiyi Fərəcovun onlara nə divan tutduğunu çatdıra bildilər.
Beləliklə, onların "DogruXeber.az" redaksiyasına göndərdikləri müraciətdə deyilir ki, " Zakir Fərəcov Dənizkənarı bulvar başda olmaqla bütün şəhərdə aparılmış bir çox abadlıq işlərini biz iş adamlarına gördürüb. Amma, 6 ildir ki, hər birimizə ayrı-ayrılıqda borclu olduğu milyonları geri ala bilmirik.
Bulvarın tikintisi üçün dövlət büdcəsindən pul ayrılmadığı yalanını danışmaqla, bizi aldadıb, borclu olduğu məbləğin 30 faizini ona bağışlamağımızı tələb etdi. Biz də ölkə üçün dövlət üçün görülən işlərdə qatqımız olsun deyə buna razılaşdıq və 30 faizi notarial qaydada bağışladıq. Geri qalan məbləği isə hələ də ödənilməmiş qalır.
İndi də Zakir Fərəcov deyir ki, güya ona şəhərdə öz hesabından bir neçə təhsil müəssisəsi tikdirmək tapşırığı verilib, bunun üçün də 6.000.000 (altı milyon) manat vəsait lazımdır, ona görə borcları verə bilməyəcək.
Prezidentin etibar etdiyi bu şəxs bu cür yalanları ilə dövlətə və dövlət başçısına qarşı da iş adamları arasında inamsızlıq yaratmağa çalışır. Biz bilirik ki, dövlət tapşırıq verdiyi işlər üçün büdcədən vəsait ayırıb, amma o vəsaitin hara xərcləndiyi kimsəyə məlum deyil. Təbii ki, Fərəcovun özündən başqa...
Bir də bilsə-bilsə Fərəcovun ən etibarlı adamları olan Baş memar Adil Xudadatov və Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev bilər. Çünki, bütün işləri Zakir Fərəcov məhz onların iştirakı ilə həyata keçirir. Bizə əvvəllər az-az verilən məbləğləri də məhz Adil Xudadatov şəhərdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarından yığıb verirdi."
Görünür, ölkənin ən böyük sənaye şəhərlərindən biri olan Sumqayıtda, el dilində desək, "at izi, it izinə qarışıb ". Maraqlıdır, ödəniş, pul məsələlərinə baş memar baxırsa, qurumun mühasibi nə işə yarayır?
Bir də diqqət etdinizsə iş adamları "Fərəcovun etibarlı adamları" ifadəsini işlətdilər. Elə Zakir Fərəcovun da pul, ödəniş məsələlərini aidiyyatı üzrə qurumun mühasibinə deyil, baş memar Adil Xudadatova həvalə etməsinin özü də müəyyən şübhələr doğurur.
Qeyd edək ki, bu barədə hələlik, "şübhə" deyə bəhs edirik ki, ətraflı yazsaq material çox uzanacaq.
Odur ki, materialı daha da uzadıb sizləri yormamaq üçün, bu dəfə mövzuya qısa giriş verdik. Qarşıdakı günlərdə isə başçının etibar edilən şəxslərə niyə etibar etdiyi, Fərəcovun borclu olduğu iş adamlarının adları, ayrı-ayrılıqda müraciətləri və borclu olduqlari məbləğləri, həmçinin Fərəcovun sahib olduğu mülkləri, biznesləri, eləcə də hazırda tikintisi gedən biznesləri barəsində daha ətraflı məlumatları təqdim edəcəyik.
Yetər ki, diqqətiniz bizdə olsun.
Yeri gəlmişkən, hər kəsə məlumdur ki, "DogruXeber.az" hər zaman adının haqqını verərək məlumatlar dərc edir və mütləq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışır.
Bu dəfə də ənənəmizə və media haqqında qanunlara sadiq qalaraq, məsələ barəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənmək üçün əsas adı çəkilən şəxslərdən biri olan Gündüz Əliyevə zəng etdik.
Gündüz Əliyev fikir bildirmək istəmədiyini, suallarımızı mətbuata cavabdeh olduğunu dediyi Eyvaz Qocayevə ünvanlamağimızı bildirdi.
Halbuki, "Aparatın strukturu"nda Eyvaz Qocayevin adı Gündüz Əliyevin müdiri olduğu Ərazi İdarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi olduğu yazılıb. Demək ki, çəkdiyimiz el məsəli burda da özünü bir daha göstərdi.
Əlqərəz...
Gündüz Əliyevlə sağollaşıb, zəng etdik "mətbuata cavabdeh" Eyvaz Qocayevə. Eyvaz Qocayev isə bildirdi ki, suallarımızı yazılı şəkildə votsap vasitəsilə ona göndərək. Biz də razılaşdıq.
Odur ki, sualları dərhal hazırlayıb, cəmi bir neçə dəqiqə sonra votsap vasitəsilə göndərdik.
Qeyd edək ki, bütün bu zənglər , suallar günün birinci yarısında həyata keçirildi.
Mesajın çatmasına baxmayaraq, iş gününün sonuna qədər Eyvaz Qocayevdən heç bir cavab gəlmədi. Belə olan halda, yenidən zəng etdik, bu dəfə isə ümumiyyətlə zəngimizə cavab vermədi.
"Susmaq razılıq əlamətidir" deyiblər, belə çıxır ki, Eyvaz Qocayev verəcək cavabı olmadığından, suallarımızı susmaqla cavablandırmağı düşünüb.
Yuxarıda da qeyd etdiyimiz kimi, məsələyə yenidən qayıdacağıq.
Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər. Fotonun yayımlanmasından sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb. Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib. Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb. Bəs məsələ ictimailəşməsəydi sözügedən tikinti davam edəcəkdimi? Ümumiyyətlə paytaxt Bakıda və bölgələrdə qeyri-qanuni tikililərin artmasına səbəb nədir?
AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, nəzarətsizlik sözügedən problemin əsas qaynağıdır: “Azərbaycanda nə qədər qəribə səslənsə də, ondan çox hökümət və dövlət qurumu var ki, tikintiyə nəzarət etmə səlahiyyətinə sahibdir. Məntiqlə düşünsək, bu cür hadisə birinin gözündən qaçırsa, ən azından digəri bunu görməli və qanunsuz tikililərin həyata keçirilməsi zamanı maneəçilik törətməlidir. Amma biz bunun tamam əksini görürük. Hazırda Bakı şəhərində 400 min, bəzi məlumatlara görə isə 500 min sənədsiz ev var. Bakıdan kənarda da şəxsi tikililər var ki, onların heç birinin sənədi yoxdur. Onda da suallar yaranır, əgər ölkədə ondan çox hökümət orqanın nəzarət etmə funksiyası varsa, bu evlərin və obyektlərin tikintisinə kimlər göz yumur? Deməli nəzarət zəifdir, ortada korrupsiya faktları var. Digər başqa ölkələrin təcrübəsinə baxanda bu proses seçilmiş bələdiyyələrin nəzarətində olur. Məsələn qardaş ölkə Türkiyədə bələdiyyələr qanunsuz tikintilərə imkan vermir, bu məsələni tam nəzarətində saxlayır. Bələdiyyə sədri seçkili orqan olduğu üçün işlərini yaxşı görməyə çalışır. Bizdə tikinti sahəsini gələcəkdə yaradılacaq və ya yaradılmalı olan böyük şəhər bələdiyyələrinə həvalə etmək, seçilmiş orqanlara tapşırmaq daha doğru olar”.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyri-qanuni tikililərin sayının çoxalmasını sənədləşmə problemlərindən qaynaqlandığını bildirib: “Bakıda qanunsuz tikililərin sayı artır. Qanunsuz tikinti edənlərin də sayı kifayət qədər çoxalıb. Əlavə olaraq, insanlar başqa vasitələrdən, daha dəqiq desək dostdan-tanışdan gözlərini yummalarını xahiş edərək bu tikintilərin reallaşması üçün çalışır. Səbəb isə hazırda tikinti prosesinin qəliz olmasıdır. Bu proses çox çətinləşdirilib və hələ ki, asanlaşacağı da görünmür. Bəzən də vətəndaş tikilini qanuniləşdirmək, sənəd almaq üçün çox əziyyət çəkir və çox vaxt da bunu etmək iqtidarında olmur. Həmin yerlə bağlı qərarlar dəyişir və yaxud həmin yerin xəritəsində, sənədində çatışmazlıq ortaya çıxır. Tikinti aparan şəxs tikintisini aparmaq niyyətində olduğu üçün qanunsuz yola əl atır. Təbii ki, mən bunu bəyənmirəm. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçün bir siqnal olmalıdır. İnsan dəli deyil ki hansısa tikinti aparsın, sonra da onu söksünlər. Demək ki, o adam torpağını sənədləşdirə bilmədiyinə görə, məcburdur ki, qeyri-qanuni yollara əl atsın”. Deputat sonuncu dəfə Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) aparılan tikinti işinin ictimailəşəndən sonra dayandırılmasını belə izah edib: “Nəzarət edən şəxslər belə tikintilərin əvvəldən başlanmasını da görürlər. Bakıdan kənarda hər hansısa bir tikinti etsən, o dəqiqə gəlib başının üstündə durarlar. Hər bir şey bilinir və görünür. Amma bəzən o yerlər çox böyük adamlara məxsus olur, buna kimlərsə susur. Bəlkə tikintini aparan şəxs özü də qeyri-qanuni iş görmək istəməz, onun da hər hansısa sənədləşmə problemləri ola bilər. Bəlkə də hər hansısa qurum ona icazə verir ki, tikintini et, daha sonra sənədləşdirərsən. Tikinti ilə bağlı insanlara bir rahatlıq vermək lazımdır, proses yüngülləşdirilməlidir. Amma biz hələ ki, bu prosesin tam əksini görürük”.
Cəlilabad rayonu, Kirovka kənd sakini, 4 uşaq anası Sadıqova Aidə Balasər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bələdiyyə sədrindən və pullu qonşusundan şikayətçidir:
"Mən, Sadıqova Aidə Balasər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılması üçün mənə kömək göstərəsiniz.
Kənddə yaşayırıq, bəzilərimiz maldarlıq, bəzilərimiz isə əkinçiliklə məşğul oluruq. Hər kəs çörək pulunu çıxarmaqla məşğuldur. Çox təəssüf ki, halal çörəyimizi qazanmağa mane olanlar var. Kəndimizdə yaşayan, “Kamal” adı ilə tanınan, lakin əsl adı Şükürov Rəfail Şükür oğlu olan şəxs bizə imkan vermir ki, çörək pulumuzu qazanaq.
2 baş inəyimiz var, onların altını təmizləyib evimizin qabağındakı əraziyə boşaldırıq. Həmin ərazidə rus qəbiristanlığı var, ətrafı hasarlanıb. Yəni bu adamın dərdi sırf qəbiristanlıq deyil, onsuz da qəbiristanlığa tökülmür. Sadəcə imkanlı adamdır, pulu çoxdur, hər işə qarışır.
Keçən il də bizə hədə-qorxu gələrək, “sizi öldürəcəyəm" deyirdi. O, “bu rayonda mən nə desəm qanundur, mənim sözümdən heç kəs çıxa bilməz" kimi ifadələr işlədir.
Həqiqətən də belədir, Cəlilabad Rayon Bələdiyyəsinin sədri Mehdi müəllimdən tutmuş, bütün vəzifəli şəxslər Kamalın dediklərini təsdiqləyir. Əlbəttə, onda olan pul, var-dövlət məndə də olsaydı, mənim də sözüm təsdiqlənərdi.
Keçən il sizin qəzet vasitəsilə müraciətimdən sonra, hədə-qorxu olunmaqdan canımız qurtarmışdı. Bu il yenə hədə-qorxular gəlməyə başlayıb. Bu səbəbdən də sizin redaksiyadan kömək istəyirəm.
Mən başa düşürəm ki, qanun varlıya keçmir, varlılar qanunu saymır, amma nə olar, biz kasıbların da arada şikayətlərinə baxılsın. Qanun mənim kimi kasıb təbəqəyə şamil edilir, Kamal kimi pullu adamlara şamil edilmir.
Kamalın tikdirdiyi qanunsuz tikililəri heç kəs sökdürə bilmir, amma mənə zülm edirlər. Kamal dəfələrlə deyib, "elə bir kişi yoxdur ki, mənim tikdiyimi sökdürə". Düz də deyir, bütün kənd bir yanadır, Kamal bir yana. Kamal qanunları öz pulu ilə satın alıb, Cəlilabad Rayon Bələdiyyəsi, İcra Hakimiyyəti də buna göz yumur.
Mən bu yazını oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu iş qanuni şəkildə araşdırılsın. 4 uşaq anasıyam, məni sakit həyat yaşamağa qoymurlar. Bəlkə kəndin icra nümayəndəsi və yaxud bələdiyyəsi Kamal müəllimdir, biz bilmirik? Belədirsə, bütün kəndi ona təhvil verək, çıxaq.
Bu qədər vicdansızlıq olmaz. Qadınla dava etmək kişiyə yaraşmaz. Mən öz uşaqlarımın çörək pulu üçün əziyyət çəkirəm. Cəlilabadda “qanun şah deyil, şah qanundur”. Bir ölkədə ki, qanunlar mənim kimi kasıb təbəqələrə şamil olunur, deməli, belə bir ölkədə yaşamağa dəyməz.
Kamal mənim yoldaşımı həbs etdirməklə hədələyir. Bu adam kimdir, nə işlə məşğuldur ki, rayonda istədiyini edir?!
İcraçı ramin müəllim mənə deyir ki, bir daha heyvanının altını təmizləyib evinin qabağına tökmə. Sual verirəm ki, Ramil müəllim, digər şəxs - Kamal müəllim bəs niyə tökür? Mənə deyir ki, sən hələ öz tapşırığını et, digəri sənlik deyil, araşdırarıq. Belə qanun harada var, bir qonşuya olar, digərinə olmaz?!”
Məsələ ilə əlaqədar Cəlilabad Rayon Bələdiyyəsinin sədri Fərqanə Məmmədova ilə əlaqə saxladıq. Fərqanə xanım məsələyə bu cür münasibət bildirdi: “Kamal müəllim orada abadlıq işləri qurub, ağac əkib, özü üçün şərait qurub. Həmin ərazidə Kamal müəllim qeyri-qanuni heç nə etməyib. Amma Aidə xanım onun qurduğu səliqə-səhmanı dağıtmaq istəyir”.
Qeyd edək ki, Bələdiyyə sədri suallarımızı bitirməmiş “məni maşın gözləyir, vaxtım azdır” deyərək telefonu söndürdü.
Əslində, Fərqanə xanımın məsələyə bu cür reaksiya verməsi gözlənilən idi. Lakin onun “Aidə xanım Kamal müəllimin qurduğu səliqə-səhmanı dağıtmaq istəyir” ifadəsi heç də həqiqəti əks etdirmir. Birincisi, necə olur ki, Kamal müəllim öz heyvanlarının peyinini “abadlaşdırdığı əraziyə” ata bilər, amma Aida xanım yox?! İkincisi, boş bir ərazini zəbt edib, özü üçün toyuq damı və s. tikdirmək nə vaxtdan kənd üçün abadlıq işləri sayılır?!
Üstəlik, şikayətçi tərəfindən redaksiyamıza göndərilən vidiolarda Kamal müəllimin zəbt etdiyi sahələrdəki ağacları kəsdiyi də açıq-aşkar görünür. Buyurun, izləyin:
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dəyərli dostlar, media təmsilçiləri və QHT nümayəndələri, Bildiyiniz kimi son dövrlər mən və bir neçə cəsarətli həmkarım Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT Agentliyində) baş verən ciddi qanun pozuntuları ilə bağlı haqlı etirazlarımızı bildirməkdəyik. Bəzi həmkarlarımızı min bir bəhanə ilə qorxudub susdurublar. Bunlar başadüşüləndir. Sözsüz ki, ciddi faktlara söykənən etirazlarımız və çıxışlarımız Agentlik rəhbərliyini narahat etməkdədir. Burada məqsədimiz son vaxtlar intensiv hal almış və son dövrlər qırmızı xətti keçən özbaşınalığa son qoymaqdır. Görünür Agentlik rəhbərliyi bu vəziyyətdən çıxış yolu tapmaq üçün bizə qarşı təqyiqləri artırmaq və bizi susdurmaq üçün müxtəlif yollara əl atırlar. Bu gün bir QHT-nin ofisində toplanaraq haqqımızda ölkə başçısına şikayət məktubu göndərmək barədə plan qurublar (sağ olsun qrup üzvünün biri bu informasiyanı bizə verdi). Ya bunların məntiqi yoxdur, ya da bunlar öz maraqlarını dövlət maraqlarından üstün tutur. Bizim haqqımızda nəyi şikayət edəcəksiz? Niyə qanunçuluğun qorunmasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, ədalətli qrant siyasətinin həyata keçirilməsini tələb edirik? Budur şikayətiniz)) Buradan QHT rəhbərlərinə muraciət edərək, QHT Agentliyi ətrafinda yaranmış son durumla bağlı təcili qapalı konfrans keçirməyi təklif edirəm. Kimlər razıdırsa mənə şəxsiyə yazsın. Bu konfransa Prezident Administrasiyasının aidiyyəti şöbələrinin nümayəndələrini və digər əlaqəli qurumların təmsilçilərini də dəvət etməyi planlaşdırıram. Orada bu gün ictimaiyyətə açıqlanmayan biabırçı faktları açıqlamağı, baş alıb gedən özbaşınalığın qarşısının alınması üçün əməli tədbirlər görməyi təklif edirəm. QHT sektorunda davam edən bu biabırçılıq heç kimin ürəyincə deyil, sadəcə nəyəsə görə məcbur susurlar. Bu hadisələrin dövlətçiliyimizə, ictimai sektora nüfuz gətirən bir məntiqi sonluqla bitməsi vacibdir. Cənab Prezident İlham Əliyevin ictimai sektordan gözləntiləri böyükdür, biz onun ictimai nəzarətlə bağlı mesajlarını əsas tutaraq bu yola çıxmışıq. İctimai nəzarəti məhz QHT Agentliyindən başlamaq lazımdır. Bunun üçün ilk növbədə biz özümüz şəffaf və obyektiv olmalıyıq. Sonda bu gün eşitdiyim məsələ ilə bağlı ataların bir misalını xatırlatmaq istərdim: "Oğru elə bağırdı ki, dogrunun bağrı yarıldı". SAMİR ADIĞÖZƏLLİ tv713.az
Coca-Cola içkisinin insan sağlamlığına vurduğu ziyan, insan orqanlarını məhv etməsi barədə ötən dəfə yazdığımız araşdırma yazısı sözün həqiqi mənasında hətta özümüz üçün ciddi SİQNAL oldu. Yəni məsələyə sistemli yanaşanda və bu içki ilə bağlı dünya mediasında yazılanları oxuyanda adam dəhşətə gəlir. Söhbət adi danışıqlardan deyil, dünyanın güclü səhiyyə, ekspertiza mərkəzlərinin, laboratoriyalarının ortaya qoyduğu analizlərdən gedir. Bu gün yenidən COCA-COLA ilə bağlı media üzərindən apardığımız araşdırma zamanı ən son məlumata rast gəldik. Oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq ən son məlumatı cəmiyyətə təqdim edirik: Deməli, ABŞ-ın Harvard Universitetində aparılan araşdırmada "Coca-Cola"nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı açıqlanıb. Xarici KİV xəbər verir ki, kola kimi qazlı içkiləri hər gün istehlak edənlərin 20 faizi vaxtından əvvəl ölür. Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını deyib: "Şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur". Yəni söhbət ABŞ-ın Harvard Universitetindən gedir ee, bizim ABU-dan yox... Məlumat üçün onu da qeyd edək ki, Harvard Universiteti ABŞ-nin və dünyanın ən məşhur universitetlərindən biridir. Əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır. Yəni Azərbaycanın dövlət büdcəsindən çoxdur. Harvard Universiteti ABŞ-nin ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. İndi tam aydın oldumu COCA-COLA ilə bağlı son məlumatı Harvard Universiteti yayıb və insanlara xəbərdarlıq edib. Amma min təəssüf ki, bu gün Azərbaycanda orta məktəblərin, uşaq bağçalarının bufetlərində körpələrə, şagirdlərə COCA-COLA içkisi satılır və biz gənc nəsli məhv edirik. Bu hələ harasıdır..? Bütün günü TV-lərdə COCA-COLA içkisi reklam edilir, hətta bu içkinin qapaqlarından QUMAR kimi də istifadə edilir. Yəni filan nömrə qapaqda olarsa, bu qədər udursan… Bütün bunlar hamısı cəmiyyəti şirnikləndirmək üçündür….amma sonda insanların sağlamlığı sıradan çıxır… Biz bir media olaraq ötən araşdırma yazımızda qeyd etmişdik ki, “Coca-Cola” insanın mədə-bağırsağını, digər daxili orqanlarını məhv edir, bu içki orta məktəblərin bufetlərindən təcili yığışdırılmalıdır… Bu içkilərin zərəri barədə ciddi maarifləndirmə işləri aparılmalıdır… Axı, bizim özümüzün BADAMLI, SİRAB kimi gözəl sularımız var, durnagözlü bulaqlarımızın suyunu demirik…Nə üçün millətə PEPSİ, COLA kimi zərərli içkiləri içirtməliyik… Bəli, kimlərsə milyonlar qazanacaq və millət zəlil olacaq… Yeri gəlmişkən, media üzərindən araşdırma zamanı COCA COLA şirkətinin sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxın olduğu, hətta Suraxanının sabiq, Şirvanın indiki İcra Başçısı İlqar Abbasovun COCA - COLA şirkətində mühüm paya sahib olduğu qeyd olunur… Biz məşhur türk aliminin COCA - COLA-nın insan orqanizmində yaratdığı dəhşətli fəsadlarla bağlı təkrar-təkrar yazmaq istəmirik, ötən yazımızda qeyd etmişdik. Yazının sonunda bircə onu qeyd etmək istəyirik ki, hara baxırsan, ay Qoşqar Təhməzli…. Söhbət AQTA-nın sədri Qoşqardan gedir…
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının qarşısında demək olar ki, hər gün izdiham, sıxlıq yaşanır.
Xezerxeber.az xəbər verir ki, yaranmış böyük növbə hər kəsi təngə gətirib.
Vətəndaş iddia edib ki, həmin şəxslər şəkərli diabet xəstəliyindən əziyyət çəkirlər. Dərmanlar, testlərin və aparatlarla təchizatda problem olduğundan ortaya belə bir mənzərə çıxıb Qeyd olunub ki, belə növbələr demək olar ki, hər gün yaşanır. Amma xəstəlik üçün vacib olan dərman pereperatlarını əldə edə bilmirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: