
Tovuz rayonu, Bayramlı kənd sakini Priyeva Lamiyə Xavvər qızı tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Tovuz rayon DOST Mərkəzindən haqsız yerə işdən çıxrıblar:
“Mən, Priyeva Lamiyə Xavvər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində DOST Agentliyində işləmişəm. Bir müddət sonra 7 nəfərlə birgə məni də işdən azad etdilər.
Həyat yoldaşım 1-ci qrup əlildir, iş qabiliyyəti yoxdur. 2 övladım var. Məni haqsız yerə işdən çıxarıblar. Xahiş edirəm DOST Mərkəzi məni yenidən işlə təmin etsin".

Məsələ ilə bağlı Sosial Təminat Agentliyi - DOST Mərkəzinin mətbuat xidmətindən Hurriyyet.az-a bildirildi ki, “Məşğulluq haqqında” qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi deyil, müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir: "Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədi daşıyır.
Məhz bu çərçivədə DOST İş Mərkəzi ilə 1992-ci il təvəllüdlü Priyeva Lamiyə Xavvər qızı arasında 3 may 2019-cu ildə əmək müqaviləsi bağlanıb.
Müqavilə əsasında Lamiyə Priyeva həmin tarixdən 12 dekabr 2024-cü ilə qədər DOST İş Mərkəzinin həyata keçirdiyi “İşsizin dostu” proqramı çərçivəsində Tovuz Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində təmizlik işləri üzrə köməkçi vəzifəsində çalışıb.
20 dekabr 2024-cü il tarixdə Lamiyə Priyevanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar xitam verilib.
Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür. Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına dəvət olunaraq qeydiyyata alınır. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır.
Onu da qeyd edək ki, haqqı ödənilən ictimai işlərdə əmək müqaviləsi müddəti başa çatan həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və digərləri ilə müqavilə müddəti uzadılır. Hazırda da ictimai işlər proqramının icrası davam etdirilir və on minlərlə vətəndaşımız bu proqram çərçivəsində əmək fəaliyyəti ilə məşğuldur".
Jalə FAMİLQIZI