Ardını oxu...
 

Dünya təcrübəsində onlara müxtəlif peşələr öyrədilir, bizdə isə...

Azərbaycanda bir neçə uşaq evində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, uşaq evi sosial xidmət müəssisələrində keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür. Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq 2, 3, 4 və 6 saylı uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsi, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Xatırladaq ki, mütəmadi olaraq uşaq evlərində zorakılıq, ərzaqların oğurlanması və digər bu kimi neqativ faktlar aşkarlanır. Xüsusən də uşaqlara qarşı zorakılıq halları ilə bağlı tez-tez mətbuatda, mediada, eləcə də sosial şəbəkələrdə videolar yayılır, faktlar aşkarlanır. Bəs aparılan monitorinqlər bu problemlərin qarşısını ala biləcəkmi? 

Daha bir məsələ, uşaq evlərindəki uşaqların həyatı, sonrakı taleyi məsələsi ciddi problemdir. Eyni zamanda hər il yüzlərlə kimsəsiz uşaq 18 yaşını tamamladıqdan sonra oradan çıxarılır və bir çoxları səfil həyatı yaşayır.

Uşaq evlərində böyüyən uşaqlarla bağlı müxtəlif ölkələrdə mükəmməl proqramlar var. Məsələn, Rusiyada uşaq evlərində böyüyən uşaqların uyğun gələnlərini hərbiyə cəlb edirlər, digərlərini müxtəlif peşələrə yiyələndirirlər ki, 18 yaşını tamamladıqdan sonra işsiz qalmasınlar, habelə dövlətə yük, problem olmasınlar, kriminala yönəlməsinlər. Oxşar sistem bir çox Avropa ölkələrində də var. Bəs biz bu işi necə təşkil edək? Müşahidələr onu deməyə əsas verir ki, son 10 illikdə atılan, uşaq evlərinə verilən uşaqların sayı xeyli artıb və buna dair ciddi proqramlar işlənməlidir.

Ardını oxu...

 Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənədə əsasən, uşaqların ailə mühitində böyüməsi, ailə qayğısında olması onların inkişafı üçün ən uyğun mühit hesab olunur. Bu prinsipə uyğun olaraq, Azərbaycan hökuməti də 2015-2016-cı illərdən başlayaraq uşaqların ailələrdə böyüməsini təşviq edən islahatlar həyata keçirir. Bu yanaşmanın əsas məqsədi uşaqların institusional müəssisələrdən ailə mühitinə uyğun bir formada yerləşdirilməsi və onlara ailə qayğısı göstərilməsidir. Hər nə qədər sosial uşaq müəssisələri komfortlu və təminatlı olsa da, ailənin uşağa verdiyi dəstəyi və sevgini tam şəkildə əvəz edə bilməz. Məhz bu səbəbdən hökumətlər uşaqların ailə mühitində böyüməsinə üstünlük verir və buna nail olmaq üçün müxtəlif mexanizmlər yaradılır. Himayədar ailələr və övladlığa götürmə sistemi bu istiqamətdə tətbiq olunan önəmli vasitələrdir.

Bir çox valideynlər maliyyə çətinlikləri səbəbindən övladlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Bu səbəblə, hökumət sosial layihələr vasitəsilə belə ailələrə dəstək göstərməyə çalışır, onların məşğulluğunu təmin etməyə yönəlmiş addımlar atır ki, uşaqlar ailələrindən ayrı qalmasınlar. Ancaq təəssüf ki, son dövrlərdə uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayında artım müşahidə olunur, bu da sosial dəstək və ailə qayğısına ehtiyacın daha da artırdığını göstərir".

Sosioloq uşaq evlərində uşaqlar üçün qaynar xətt yaradılmasını təklif edib: “Uşaq müəssisələrində uşaqlarla kobud rəftar və zorakılıq halları ciddi problemdir və qəti şəkildə qarşısı alınmalıdır. Uşaqlara qarşı zorakılıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması və işdən azad edilməsi artıq bir addımdır, lakin bu kifayət deyil. Belə halların qarşısını almaq üçün müəssisələrin ictimaiyyətə, xüsusilə də media nümayəndələrinə açıq olması çox vacibdir. Müşahidə və nəzarətin gücləndirilməsi zorakılığın qarşısını almaqda effektiv rol oynaya bilər.

Uşaqların problemlərini, zorakılıq hallarını bildirmələri üçün qaynar xətt yaradılması ideyası da çox yerindədir. Bu, uşaqlara özləri ilə bağlı problemləri anonim və təhlükəsiz şəkildə bildirmə imkanı yaradacaq".

Bundan başqa, sosioloq hesab edir ki, uşaq müəssisələrində çalışan işçilər müvafiq təlim və təcrübəyə malik sosial işçilər və psixoloji dəstək mütəxəssisləri olmalıdır: “Sosial həssas qruplarla işləməyi bacaran, onlara uyğun yanaşma göstərməyi bilən işçilərin cəlb edilməsi uşaqların inkişafı və psixoloji sağlamlığı üçün vacibdir. Təəssüf ki, bir çox müəssisələrdə bu sahədə peşəkar olmayan şəxslərin işləməsi halları mövcuddur ki, bu da uşaqlarla düzgün rəftarın olmamasına gətirib çıxarır. Bir müddət əvvəl uşaq evlərinin birində uşağın döyülməsi hadisəsi də bu problemə diqqət çəkməkdə haqlıdır - belə hallar yolverilməzdir və hökumətin də bu sahədə nəzarəti gücləndirməsi vacibdir”.

Üzeyir Şəfiyev uşaq evlərindən çıxan uşaqların sonrakı taleyi ilə bağlı isə qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən çıxan və 18 yaşına çatmış gənclər üçün tikilən məzun evləri olduqca əhəmiyyətli bir addımdır. Bu evlərdə təkcə yaşayış imkanı deyil, həm də həmin gənclərin işlə təmin olunması üçün şəraitin yaradılması onların müstəqil həyata daha rahat uyğunlaşmasına kömək edir. Bu cür layihələr gənclərin cəmiyyətə inteqrasiyasını və öz ayaqları üzərində durmalarını dəstəkləyir.

Bölgələrdə də bu tip təşəbbüslərin həyata keçirilməsi çox faydalı olardı. Bu, regionlarda yaşayan və uşaq müəssisələrindən çıxan gənclərin öz yaşadığı yerlərdə qalaraq iş və yaşayış imkanlarına sahib olmalarını təmin edə bilər. Belə layihələrin genişlənməsi həm regional inkişafı gücləndirər, həm də gənclərə sosial adaptasiya prosesində əlavə dəstək verər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur. Bəs bahalı nömrə almaqdakı məqsəd nədir?

Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, cəmiyyətimizdə əksər insan dəbdəbə xəstəliyinə yoluxub:

“Bu tək maşın nömrələrində deyil, eyni zamanda telefon nömrələrində də müşahidə olunur. Hətta xüsusilə gənclər bu xəstəliyin daşıyıcısı olduğundan öz toy, nişan mərasimlərini də il, ay və günü oxşar rəqəmli tarixlərdə keçirməyə üstünlük verirlər. Hətta uşağın doğum günü də belə “zerkalnıy” günlərlə üst-üstə düşsün deyə, doğuş vaxtını qabağa çəkib keysəriyyə bıçağı altına düşən qadınlar var. Bir maşın nömərəsinə külli miqdarda pul verən dəbdəbə xəstələri düşünsələr yaxşı olar ki, ailələr var, gündəlik çörək pulunu min bir əziyyətlə qazanır. Uşaqlar var ki, həftələr, aylar ötür, valideyni arzuladığı nəyisə ona ala bilmir. Uşaq evləri var ki, şəraitsiz şəkildə fəaliyyət göstərir. Aztəminatlı ailələr var ki, dolanışıq səviyyəsi çox aşağı vəziyyətdədir. Lakin göründüyü kimi, dəbdəbə xəstəliyinə tutulanlar pulu belə insanların rifahı, çətinlikdən çıxması üçün deyil, öz dəbdəbəli həyatları naminə xərcləyirlər. Heç kənara xərcləməsinlər. Hər kəsin rayonlarda evi, məhəlləsi var. Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur. Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar, nəinki oxşar rəqəmli dəmir parçasına. Dünyada savab qazanmaqdan gözəl heç nə ola bilməz. Bunu düşünməyin özü də savabdır”.
 
Ardını oxu...
Qaz limiti məsələsi Milli Məclisdə müzakirə olunub. Deputat Əli Məsimli qaz limitinin ləğvi təklifi ilə çıxış edib. O qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələdir, havalar tez soyuduğu üçün bəzi yerlərdə əhali qaz təchizatı problemi ilə üzləşir:

“Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”, – deputat bildirib.

Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır:

“Bu əsasda qaz limiti məsələsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Birinci mərhələdə dağ kəndlərinə münasibətdə qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”, deyə millət vəkili əlavə edib.

Deputatın təklifini Demokrat.az-a dəyərləndirən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycan vətəndaşı qazı maya dəyərinə almalıdır: “Çünki qaz Azərbaycanın sərvətidir, biz onu xaricdən almırıq. Bir kubmetr qazın hasilatı, daşınması hansı qiymətə başa gəlirsə, o qiymətə də almalıdır əhali onu. Bu, Allahın verdiyi sərvətdir, hökumətin sərvəti deyil. 1000 kubmetr qaz bütün xərcləri ilə bir yerdə uzağı 50-60 manat edir. Kubu düşür 6 qəpiyə, amma ikiqat bahasına verilir əhaliyə, o da limitlə. Limit bitəndən sonra qaz olur 20 qəpik. Dünya bazarında bu gün qazın qiyməti baha ola bilər, amma bunun bizə aidiyyəti olmamalıdır, çünki özümüzün qazı var.

Bütün vətəndaşlar üçün qazın limiti aradan qaldırılmalıdır. Dağ kəndlərinə ümumiyyətlə pulsuz verilməlidir, çünki çox soyuq keçir havalar. Laçın, Kəlbəcər, şimal, qərb rayonlarında. Qazın bölüşdürülməsi üçün qiymət qoyulmalıdır, qəsb etmək üçün yox”.
 
Ardını oxu...
Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
 

Ardını oxu...
Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.

Gundeminfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.

“Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, – Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.
Ardını oxu...
“Gözəl və füsunkar payız təbiətini xalqımız ən yaxşı şəkildə dəyərləndirib, fürsəti əldən verməyəcəklər”.

Bunu Yenicag.az-a açıqlamasında COP29 dövründə vətəndaşların regionlara səfərinin üstünlüklərindən danışan turizm eksperti Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, yaranan fürsətdən vətəndaşlarımız istifadə edərək regionlarda dincələ bilərlər.

“Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı regionlarda yerləşən hotellərdə və istirahət mərkəzlərində hər hansısa süni qiymət artımı müşahidə olunmur. Yəni verilən tətil böyük bir şans yaradır ki, insanlar rahat şəkildə rayonlara səyahət etsin. Gözəl və füsunkar payız təbiətini xalqımız ən yaxşı şəkildə dəyərləndirib, fürsəti əldən verməyəcəklər”, – deyə o bildirib.

Açıqlamanı tam olaraq buradan izləyə bilərsiniz:

 
Ardını oxu...
Əmək müqaviləsi bağlanılarkən bu şəxslərə sınaq müddəti təyin edilmir:
Yaşı 18-dən az olan şəxslərlə;
Müsabiqə yolu ilə müvafiq vəzifə tutanlarla;
Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını tək başına böyüdən kişilərə;
Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda da sınaq mühüm müəyyən edilmir.
Azer Quliyev
TEREF
 
 
 
Ardını oxu...
İş qrafikinin dəyişdirilməsi ekspertlər tərəfindən müsbət qarşılanmır

Orta statistik vətəndaş necə yaşayır? O, həftənin ən azı beş gününün hər birinin yarım gününü işə və onun hazırlığına sərf edir. Səkkiz saatlıq iş günü və nahar fasiləsi üçün bir saat, işə getmək və geri qayıtmaq üçün orta hesabla təxminən iki saat - bu, gündə təxminən 11 saatdır. Evə gəldikdə, bəzi ev işləri ilə məşğul olmaq, bəzən isə evdə də işləmək, duş qəbul etmək və yatmaq lazımdır.

Ən yaxşı halda yaşamaq üçün iki gün istirahətiniz var və bu da hər kəsə nəsib olmur. Çoxları həftənin altı günü işləyir. Ancaq iki boş günü olan şanslıların da nadir hallarda istirahət etməyə vaxtı olur. Onlar adətən iş günləri əl yetirə bilmədikləri ev işləri ilə məşğul olurlar.

Sosial əlaqələri qorumaq, qohumlarla, dostlarla görüşmək və ya romantik münasibətlərə başlamaq üçün nə vaxt, nə də enerji var. Nəticədə getdikcə daha çox insan tükənmişlik, yorğunluq və tənhalıqdan əziyyət çəkir.

Bir çox ölkələr və ayrı-ayrı şirkətlər işçilərə iş ilə şəxsi həyat arasında tarazlığı saxlamağa və məhsuldarlığı artırmağa imkan verəcək müxtəlif iş formatlarını sınaqdan keçirir. Yorğun, əziyyəti çox olan insan çətin ki, yaxşı işçi ola bilər və bu halda onun səhhəti çox güman ki, gec-tez pozulacaq.

İşçilərin həyatına daha çox rahatlıq qatmağın bir yolu dörd günlük iş həftəsinə keçməkdir. Belə pilot layihələr bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya və İslandiyada həyata keçirilib. Sonuncuda eksperiment o qədər uğurlu olub ki, onlar indi maaşları azaltmadan bu formatı daimi olaraq tətbiq etmək qərarına gəliblər.

Bəs əvvəlki illərin təcrübəsi nəyi göstərdi? Dördgünlük iş rejiminə keçdikdən sonra ölkənin ÜDM-i 5% artıb ki, bu da iqtisadiyyatı inkişaf etmiş ölkə üçün çox yaxşı göstəricidir. Əvvəllər bu rəqəm təxminən 2% idi. Tədqiqatlar göstərir ki, İslandiyada daha qısa iş həftəsinə keçid zamanı əksər iş yerlərində məhsuldarlıq eyni qalıb və ya yaxşılaşıb və bir sıra göstəricilər üzrə işçilərin rifahı əhəmiyyətli dərəcədə artıb.

Bu, bizim ölkədə mümkündürmü? İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya deyib ki, bu, işçilər üçün o halda məna kəsb edir ki, onların maaşları eyni səviyyədə qalsın: “Xatırladıram ki, biz saatbaşına keçməklə adi ödəniş formatından uzaqlaşacağıq. Bu, cədvəli daha çevik edəcək, lakin saatlıq tarif çox yüksək olmasa, işçi pul itirə bilər”.

“Əmək prosesini təşkil edərkən məqsədəuyğunluq məsələləri rəhbər tutulmalıdır. Bir işçi həqiqətən gündə orta hesabla üç-dörd saat işləyir. Amma əgər insan əlavə istirahət günü üçün motivasiya olunarsa, beş gündə gördüyü işi dörd gündə tamamlaya bilər. Əsas iş günlərinin sayı deyil, işin keyfiyyətidir”, - deyə həmsöhbətimiz bildirib.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov mövzuya dair AYNA-ya söyləyib ki, bu işdə hər şey dövlətin və cəmiyyətin inkişaf səviyyəsindən asılıdır: “Azərbaycanın son illərdə kifayət qədər iqtisadi və sosial uğurlar əldə etməsinə baxmayaraq, bu cür keçid hazırda real deyil. Amma təbii ki, biz inkişaf etmiş Avropa ölkələrində mövcud olan standartlardan hələ çox uzağıq”.

“Nəzərə almaq lazımdır ki, işğal illərində dağıdılmış işğaldan azad edilmiş ərazilərin bərpasına külli miqdarda vəsait xərclənir. Bundan əlavə, dövlətimizin üzləşdiyi iqlim problemlərini, xüsusən də su qıtlığı problemini həll etmək lazımdır. Qərbi Avropa ölkələrinin, Kanadanın, ABŞ-ın və bəzi Asiya ölkələrinin daha çox vəsaiti və imkanları var, amma yenə də onların əksəriyyəti 5 günlük iş qrafikində qalır”, - deyə mütəxəssis vurğulayıb.

Lakin çox güman ki, dördgünlük işə keçən ölkələrin sayı getdikcə artacaq. Bu ölkələrdə istehsal o qədər məhsuldar və texnoloji cəhətdən inkişaf edib ki, onlar bunu ödəyə bilirlər. İşçilər tələb olunan bütün işi beş gündə deyil, dörddə tamamlaya bilərlər. Bizdə isə çoxları həftədə beş yox, altı gün işləyir, bəziləri isə hətta istirahət günü olmadan işləyir. Məsələn, bəzi emalatxanalar sifariş olduqda işləyir və hər şeyi müəyyən vaxt çərçivəsində etmək lazımdır.

“Ölkədə minimum əmək haqqı cəmi 345 manatdır ki, bu da indiki qiymətlərlə çox azdır. Tezliklə əlavə edəcəklərini vəd edirlər, amma elə olmalıdır ki, ehtiyacınız olan hər şey üçün kifayət etsin. İndi bir çox insanlar sağ qalmaq üçün bir neçə işdə çalışırlar. Onların həftədə üç gün istirahət etməyə vaxtları yoxdur. Vətəndaşların maksimum 20%-i bunu ödəyə bilər. Beynəlxalq standartlara görə, minimum əmək haqqı ölkə üzrə orta əmək haqqının 60%-i olmalıdır, lakin hələlik bu, heç yaxın da deyil. Ölkədə orta əməkhaqqı 980 manatdır, bu da o deməkdir ki, minimum əmək haqqının 600 manata yaxın olmalıdır”, - deyə İsmayılov qeyd edib.

Yeri gəlmişkən, ötən ildən Qazaxıstan da innovasiya yolu ilə gedir: orada işçilər dörd, beş və altı günlük iş həftəsini növbə ilə keçirmək imkanı əldə edirlər. Amma bu halda söhbət iş vaxtının azaldılmasından deyil, yeni iş qrafiki imkanlarından gedir.

Müəllif: Elya Belskaya
 
 

 


Ardını oxu...
"COP29 tədbirlərinin keçirilməsi nəzərdə tutulan ərazilərdə kirayə mənzillərin günlük qiyməti 500-1000 manatdan yuxarıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Ekspert vurğulayıb ki, qiymətlər mənzilərin ölçüsü və şəraitinə görə dəyişir: "Gələn qonaqlar Bakıda bir ay müddətində qalmayacaq. Onlar 10-15 günlük Bakıda olacaq. Ona görə də aylıq mənzil kirayələmələri real görünmür. Bəziləri isə ay üçün mənzil kirayələyir, amma 15 gün qalıb gedir. Belə hallar da var. Ağ Şəhər ərazisində qiymətlər kəskin qalxıb. Orada elə mənzillər var ki, aylıq kirayəsi 4-4,5 min manata təklif edilir".

Ramil Osmanlı bunun səbəbini həmin ərazilərdə kirayə bazara olan təlabatın artması ilə əlaqələndirib: "Ev sahibləri qısa müddətə pul qazanmaq niyyətindədir. Ona görə qiymətləri qaldırıblar".
 
 
 
Ardını oxu...
Bakıda yeni tikilən binalarda Mənzil Tikinti kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.

Vətəndaşlar Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan "kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırdığını bildirir.

Məsələ ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, binanın idarəetmə qaydasını mənzil sakinləri ümumi yığıncaqda müəyyən etməlidir:

"Yəni, sakinlərin yarıdan çoxu toplaşmalı, səsvermə əsasında qaydaları təyin etməlidir. Onlar ya idarəedici təşkilat təyin etməlidirlər, ya da "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" adlı bir hüquqi şəxs təyin etməli və onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidilirlər.

Yığılan pulun miqdarını sakinlər birgə təyin etməlidirlər. Pul yığılmalıdır, çünki binanın hərtərəfli ehtiyacları o pulla qarşılanır. Bəzən MTK-lar qanunsuz idarəetməni davam etdirirlər. Onlara isə pul vermək lazım deyil".
 
 
 

Dünyapress TV

Xəbər lenti