Ardını oxu...
Minatəmizləmə Agentliyi “İşçilərin könüllü tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub.

Qalib şirkətə 1 595 000 manat ödəniləcək.

Qeyd edək ki, tender çərçivəsində illik 2 900 nəfər əməkdaş üçün tibbi sığorta və fərdi qəza sığortası xidməti satın alınacaq.
 
Ardını oxu...
Son illər valideynlərin ən çox şikayət etdiyi sahələrdən biri dərsliklərin çətin olması, şagirdlərin onları qavramaqda problem yaşaması ilə bağlıdır.

Hətta elə valideyn var ki, övladlarının dərslərinə yardım edərkən “mən başa düşmürəm, uşaq necə başa düşsün” deyə etirazını bildirir. Bu sahədə mövcud vəziyyətə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də fikir bildirib.

O qeyd edib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:

“Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil.

Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır”.

Beləliklə, görünən odur ki, orta məktəb dərsliyini qavraya bilməyən şagirdlər, hətta ibtidai sinifdən başlayaraq repetitor yanına getməli olurlar. Hazırda dərsliklərin bu qədər çətin, anlaşılmaz olmasınını səbəbi nədir və problemi necə həll etmək olar?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər repetitorluğa yönəlib:

“Çünki o dərslikləri yazanların böyük əksəriyyəti repetitorlardır.

Birmənalı şəkildə dərslik yazan müəlliflərə baxsaq görərik ki, onlar arasında yalnız elmi-tədqiqatla və yaxud orta məktəblərdə tədrislə məşğul olan yoxdur.

Müəlliflərin böyük əksəriyyəti repetitorluqla məşğuldur. Bu gün Azərbaycan təhsil sistemi repetitoruğa köklənib. Belə ki, bizim qəbul imtahanlarında istifadə olunan sualları yazan müəlliflərlə dərslikləri yazan müəlliflər eynidir. Bunun nəticəsidir ki, dərsliklər qəbul sisteminə yönəldilib. Təəssüflər olsun ki, bunlar şagirdlərin asudə vaxt keçirə bilməməsinə gətirib çıxarır.

Ümumilikdə Azərbaycan qəbul sistemi dəyişsə, orta məktəblərdəki dərsliklər də sadələşəcək. Əslində bizim dərsliklər şəxsiyyət və vətəndaş yetişdirə bilmir. Bu gün orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər yalnız fakt və terminləri əzbərləmək üçün yazılan kitablardır.

Yəni bu kitabları oxuyan şagird özünü müstəqil vətəndaş olaraq yetişdirə bilməz. Ona görə ilk növbədə biz ali məktəblərə qəbul imtahanlarını sadələşdirməliyik. Qəbul imtahanlarında, 11-ci sinifdə oxuyan uşağa verilən suallar onun 5-8-ci sinifdə keçirilən mövzulardan olmamalıdır.

Biz X-XI sinifin kitablarından suallar salmalıyıq. Ümumilikdə dərsliklər sadələşməlidir və 5-9-cu siniflərdə kitablar ümumi informasiyaverici olmalıdır, 10-11-ci siniflərdə isə tam məlumatlar verilməlidir. Yəni bu gün ölkədə istifadə olunan orta məktəb dərsliklərində çox təəssüf ki, informasiya hədsiz çoxdur.

Bu, şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil.

Birmənalı şəkildə orta ümumtəhsil məktəblərində yazılan dərslikləri sadələşdirsək, uşaqlar asudə vaxtlarını səmərəli keçirə bilərlər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda orta məktələrdə şagirdlər üçün yazılmış kitablar xarici ölkələrdə ali məktəblər üçün yazılmış kitablarla eyni səviyyədədir:

“Bu gün bizim kitablarımız şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına, öyrənmə və qavrama bacarıqlarına adekvat deyil. Əslində XI sinifi bitirən uşaqlara biz attestat deyil, emi dərəcə, diplom verməliyik.

Çünki universitetdə keçəcəkləri materialları biz orta məktəbdə onlara öyrədirik. Universitet onlara yeni heç nə verə bilmir. Bunun da əsas səbəbi də odur ki, dərslik yazılmasına orta məktəb müəllimləri yox, ali məktəblərdə və yaxud digər sahələrdə çalışanlar cəlb edilir ki, bu da dərsliklərin süni şəkildə qəlibləşməsinə gətirib çıxarır”.
 
Ardını oxu...
Müharibədən sonra sosial şərtlərin ağırlaşmasını indi heç kim inkar edə bilmir. Hətta rəsmi açıqlamalarda da həqiqətdən qaçmağa çox cəhd olunmur. Çünki mənzərə göz qarşısındadır. Ciddi inflyasiya baş verib, qiymətlər çox artıb, əhalinin real gəlirləri isə azalıb.
Bizimyol.info xəbər verir ki, son 5 ilin müqayisəsində hər adam üçün istehlak səbətində qida, kommunal, nəqliyyat və səhiyyə xərclərinin payı artıb. Yəni 2019-cu ilə nisbətən bu istiqamətlərə xərclərin daha böyük hissəsini yönəltməli olmuşuq. Bir növ başqa xərclərə pul qalmayıb.

“Baku Research Institute”-un araşdırması əsas istiqamətlər üzrə xərclərin istehlak səbətindəki payının 64 faizə çatdığını göstərir. Əvvəllər bu göstərici 60 faizdən bir qədər çoxmuş. Bu da o deməkdir ki, zamanla əsas məsələlərə daha çox pul xərcləməli oluruq. Təhsil, istirahət xərclərinin azalması təsadüfi deyil. Geyim, məişət əşyalarına yönəldilən vəsaitin həcmi də azalıb.

2019-cu ildə qida xərclərinə ümumi payın 42 faizi sərf olunurmuş. Göstərici 44,4 faizə çatıb. Kommunal xərclər 7,6 faizdən 7,9 faizə yüksəlib. Səhiyyə xidmətləri üzrə xərclərdə 4,8 faizdən 5,1 faizə qədər dəyişiklik var. Nəqliyyat xidmətlərinə xərcləmələr də artıb: 6,4 faizdən 6,6 faizə.

Hələ tütün məmulatları və içkiyə diqqət ayırmırıq. Onda məlum olar ki, biz ümumiyyətlə yaşamırıq. Çünki ortada pul qalmır. İnsanlar yalnız bir neçə vacib istiqamət haqqında düşünməli olur. Sosiallaşmaqla bağlı planlar qurmağa dəyməz. Gələcəyə investisiyadan da danışmaq mümkün deyil.

21-ci əsrdə təhsil xərcləri niyə azalsın axı?! Təkcə bu məqam vəziyyətin nə qədər pisləşdiyini göstərir. Rəsmi statistikalarda xaricə gedən ölkə vətəndaşlarının sayının artdığı xüsusi qeyd edilir. Amma araşdırma istirahət xərclərinin azaldığını ortaya qoyur. Deməli, insanlar xaricə dincəlməyə getmir. Daha çox əmək miqrasiyasına görə say artımı var.

Ümumiyyətlə, sosial məsələlərlə bağlı bütün araşdırmalar kədərli mənzərə ortaya çıxarır. Əhalinin yaşam imkanlarının necə məhdudlaşması belə epizodlarda özünü aşkar göstərir.
 
 
 
Ardını oxu...
Son illərin statistikasına görə, Azərbaycanda boşanmaların sayı artıb. Belə ki, 2023-cü ildə 21 688 boşanma halları qeydə alınıb, yəni 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,6-dan 2,1-ə qədər artıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Qurumun son məlumatına əsasən isə bu ilin beş ayı ərzində boşanmaların sayında az da olsa azalma müşahidə edilib. Lakin son illərin ümumi mənzərəsinə təsir etmir.

Boşanmalar zamanı tərəflər arasında müəyyən problemlər yaşanır.

Uşaqların atanın, yoxsa ananın himayəsində qalması, həmçinin, mal-mülk davası, aliment məsələsi də boşanma zamanı tez-tez rast gəlinən problemlərdəndir.

Digər məsələ isə ailənin birgəliyi dövründə banklardan götürülən kreditlərin taleyidir. Yəni ər və ya arvad öz iş imkanlarından, gəlirindən istifadə edərək bankdan borc pul götürür və həmin pulu da ailənin rifahı üçün xərcləyir. Bəzən isə tam əksi olur. Yəni ər və ya arvad bankdan götürdüyü pulu tamamilə öz şəxsi istəyinə məsrəf edir.

Bəs ailələr boşandıqda bankdan götürülən krediti kim ödəməlidir?

Yaranan suala vəkil Ruslan Vəliyev aydınlıq gətirib.

O, Bizim.Media-ya bildirib ki, bu, bir öhdəlikdir:

“Nikah dövründə əldə olunmuş hüquqlar bölündüyü kimi, öhdəliklər də bölünür. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir”.
Qeyd edək ki, bu qayda həm də nikah dövründə ipoteka krediti ilə əldə olunmuş mənzilə və lotoreya, mərc oyunlarından qazanılmış gəlirlərə də aiddir. Yəni bu il Ali Məhkəmənin ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarına əsasən, bunlar da ailənin ümumi əmlakı hesab edilir.
 
Ardını oxu...
Azərbaycan xalqının təxminən yarısı yaşayış minimumun altında ömür sürür.
Ömür sürürdə demək düzgün deyil sürünür.
Hesablamışam, bu xalqa üc milyon metrə möhkəm sabunlamış kəndir lazımdır.
Bu beş milyon adama üc metrədən...
Biri var sosial siyaset, biri var anti sosial siyaset, biridə var baş kəsmək.
Bu baş kəsmək siyasəti bu cəmiyyəti məhvə aparır.
Bu komunal xərclərin dərdindən əhali Hindistandakı kimi, deyəsən evlərindən çıxıb kuçələrdə məskunlaşacaq.
Amma yox küçələrdə mümkün deyil. Post Patrol Xidməti hər iki metrə ücün 60 manat günlük haqq alır( kücə alverçilərinin deməyinə görə).
Deməli ümüd qalır səhralara, düzənlərə, çöllərə.
Təzə məkanınız xeyirli olsun!
Sima Babayeva
TEREF
 

Ardını oxu...
“11 ildir qazi olduğum üçün aldığım pensiyam və müharibə əlilləri üçün verilən Prezident təqaüdüm 4 il öncə dayandırıldı. Səhhətim işləməyə imkan vermir, amma təqaüdü də ala bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya Birinci Qarabağ Müharibəsinin qazisi Şirxan Əliyarov müraciət edib.

Onun sözlərinə görə, sözügedən müharibə nəticəsində kəllə-beyin travması alıb: “Haradasa 2010-cu ildən mənə təqaüd verilirdi. Lakin 2020-ci ildə aldığım pulu kəsdilər. Müraciət etdim, amma dedilər ki, yenidən müayinədən keçməlisiniz. Müalicə aldıqdan sonra müraciətim zamanı iş qabiliyyətimin olduğunu bildirdilər. Mənim 54 yaşım var, səhhətimlə bağlı və uşaqlarıma baxdığım üçün heç yerə çıxa bilmirəm, qaldı ki, işləyim...”

Qazi onu da bildirib ki, himayəsində olan iki azyaşlı uşaq üçün də sosial yardım düzəltdirə bilmir: “İki uşağım var, anaları yoxdur, onları mən böyüdürəm. Buna baxmayaraq, uşaqlarım üçün də sosial yardım ala bilmirəm. Ona görə də çətinliklərlə üzləşirəm”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, bununla əlaqədar son 2 ildə heç bir müraciət daxil olmayıb: “Ağdam rayon sakini Əliyarov Şirxan Teymur oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də həmin müddətdə onunla bağlı forma-88 göndərişi rəsmiləşdirilməyib.

Əlilliyinin qiymətləndirilməsi üçün Ş.Əliyarov ilk növbədə qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən onunla bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra Ş.Əliyarovun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Bu barədə Agentlik tərəfindən onunla əlaqə saxlanılaraq məlumat verilib”.

Şirxan Əliyarovun 2 azyaşlı övladına görə heç bir sosial müavinət almaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, vətəndaşa əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib: “Əlilliyə görə aylıq sosial ödəniş əlillik müddətində verilir və əlillik müddəti uzadıldığı halda əlilliyə görə həmin ödəniş də davam edir. Əliyarov Şirxan Teymur oğluna da əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib. O, hazırda müharibə veteranı kimi aylıq təqaüd alır.

Ş.Əliyarov ailəsinin ünvanlı sosial yardımla təminatı üçün bu ilin yanvar ayında elektron sistem üzərindən müraciət edib, lakin maddi-məişət şəraitinin müayinəsi üçün qeyd etdiyi ünvana dəfələrlə gedilsə də, həmin ünvanda heç kəs olmayıb.

Fevral ayındakı müraciətinə baxılarkən isə ərizə-bəyannamədə göstərilməli olan bəzi məlumatları qeyd etmədiyi müəyyən edilib və imtina qərarı verilib.

Sonrakı dövrdə isə onun tərəfindən ünvanlı sosial yardımla bağlı elektron sistem üzərindən müraciəti olmayıb”.

Qeyd edək ki, Ş. Əliyarov müharibə əlilləri üçün aldığı Prezident təqaüdündən 300 manat, qazi olması ilə bağlı 500 manat pensiyası və 60 manat sosial müavinəti ilə birlikdə ümumilikdə, 860 manat alırmış.

Ardını oxu...
Ağcabədi rayonunun Qaravəlli kənd sakini Mehdiyev Ülvi Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi təqdim olunub. 4 uşaq atası sosial yardım ala bilməməsindən şikayət edir. Qeyd edir ki, aldığı 237 manatlıq məvaciblə keçinmək olmur, ailənin maddi ehtiyaclarını tam ödəyə bilmir:

“Mən, Mehdiyev Ülvi Tahir oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindən məcburi köçkün kimi Ağcabədiyə gəlmişəm. Ailəmiz 6 nəfərdən ibarətdir. Aylıq maaşımla dolanmaq mümkün deyil, başqa gəlir yerim də yoxdur.

Ünvanlı sosial yardım ala bilmirəm. Körpə oğlum Mehdiyev Alpaslan Ülvi oğlu üçün vəziyyət daha çətindir. 2 may tarixindən bəri müraciətimiz qəbul olunub. Amma zəng vurmağa nə nömrə verirlər, nə də əlaqə saxlayırlar. “142” zəng xidməti ilə əlaqə yaratdıq. Bizə deyildi ki, səbrli olaq, bu həftə ərzində rəsmi nümyəndələr gələcəklər. Hələ də heç kim gəlmir. 1 həftə olub 3 ay…

5 aylıq oğlumu həkimə yoxlanışa aparmıram ki, “sosial” bizi tapmasa, imtina yaza bilər. Birdən evə baxış üçün gələrlər, bizi görsünlər də”.

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Nazirlikdən Hurriyyet.az-a bildirildi ki, məsələ araşdırılacaq.
 
Ardını oxu...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) övladları I sinfə gedəcək valideynlərə çağırış edib.

Agentlikdən verilən məlumata görə, mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir.

Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.

Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib.

2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
 
Ardını oxu...
Ölkədə son illər repetitorluğun geniş vüsət alması aktual olan məsələlərdən biridir.

Bu gün məktəb şagirdlərinin böyük əksəriyyəti məhz bu sektorun fəaliyyətindən faydalanır. Müəllimlərin isə əksər hissəsi repetitorluq fəaliyyəti ilə məşğul olur. Onu da vurğulayaq ki, bir vaxtlar repetitorluğun “bunker” növü yayılmışdı ki, onlar əsasən imtahan proqramlarını hazırlayan müəllimlər hesab edilirdi. Artıq son zamanlar isə “blok” adlanan yeni bir repetitorluq növü fəaliyyətə başlayıb.

Bu sahə üzrə fəaliyyət göstərən repetitorlar şagirdləri buraxılış deyil, ancaq qısa müddətdə, yüksək məbləğ əsasında blok imtahanı üzrə hazırlaşmasına yardım edirlər. Bu da bir faktdır ki, şagirdlər adətən repetitor yanında bir neçə il hazırlaşmalı olurlar. “Blok” hazırlığı isə qısa müddətə, yalnız imtahan sualları əsasında aparıldığı üçün şagird yalnız sualların cavablarını əzbərləyə bilir. Qiymət isə kifayət qədər bahadır və hətta dördrəqəmli olduğu deyilir.

Onsuz da bu gün repetitor ümidinə ali məktəbə qəbul olan şagirdlər “blok” repetitorluğundan hansı təhsili mənimsəyəcək?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Cümhuriyət”-ə bildirib ki, repetitor müəllimlərin böyük əksəriyyəti öz işinin öhdəsindən gəlir:

“Onların böyük əksəriyyətini tanıyıram və yüksək balla sertifikasiyadan da keçiblər. Həmin repetitorlar şagirdləri paralel şəkildə, həm buraxılış, həm də blok imtahanına hazırlayırlar. Qəbul imtahanı hər iki imtahanın nəticələrinin cəmi əsasında formalaşır. Heç kim deyə bilməz ki, mən blok imthanından bu qədər bal, ancaq buraxılış imtahanından çox az bal toplayım. Mən repetitorluğun başqa bir formasını deyərdim. Belə ki, vaxt vardı, repetitorlar hazırlıq kurslarında fəaliyyət göstərərdilər. Hazırlıq kurslarını “oliqarxlar” ələ keçirdilər və indi orada repetitor yoxdur. Məsələn, “Kaspi” kursları vardı, heç bir nailiyyəti də olmadı, çünki müəllimə 300 manat maaş verirdi, müəllimlər də həmin kursu tərk etdi. Mən şəxsən 5 il öncə nəvəmi gətirmişəm “Xırdalanda kursuna gedib və 600 balla ali məktəbə qəbul olub. Halbuki heç 350 bal da toplaya bilmirdi. Ancaq ötən il nəvəmi getdiyi hazırlıq kursundan çıxardım, çünki dərs keçmirdilər, repetitorlar artıq oradan dağılışıb. İndi repetitorlar özləri toplaşıb kurs yaradırlar. Bir blok üzrə, məsələn, riyaziyyat, coğrafiya, tarix və digər fənnlər üzrə müəllimlər bir ev icarəyə götürürlər, orada şagirdləri qəbul edirlər, həm buraxılış, həm də blok imtahanına hazırlayırlar. Repetitorluğun forması bir az dəyişib. Ancaq mənə elə gəlir ki, repetitorluq Azərbaycan təhsilinin ümidverən sektorudur. Nə qədər dövlət sektoru bu vəziyyətdədir, repetitorluq fəaliyyət göstərəcək”.

Ekspertin sözlərinə görə, hazırda adambaşına maliyyələşmə müzakirə olunur:

“Halbuki bu, mənim layihəmdir. 2005-ci ildə bu layihənin Azərbaycan üçün bütün mexanizmlərini açıqlamışam. Eləcə də bir neçə KİV-də izah etmişəm ki, adambaşına maliyyələşməyə necə keçmək lazımdır. Bu, özəl sektor deyil, dövlətin mövcud olan təhsilə ayırdığı büdcənin hesabına formalaşır. Təhsilalanlarla təhsilverənlər birbaşa əlaqədə olur, bu əlaqə təhsilə nəsə verir. Söhbət dövlət sektorunun məhv olmasından gedir. Ona görə də adambaşına ayrılacaq vəsait direktorların bank hesabına köçürüləcək. Direktorlar da həmin vəsaiti “yeyəcəklər”. Sonra da deyəcəklər ki, adambaşına maliyyələşdirdik yenə alınmadı. Məqsəd bu layihəni sabotaj eləməkdir. Hesab edirəm ki, nə qədər təhsil islahatı aparılmayıb, bunlar hamısı mənasızdır. Repetitorluğa qarşı çıxış etməsinlər, azad təhsildir. Nə qədər ki, repetitorluq mövcuddur, az-çox təhsil verəcəklər. Əgər təhsil islahatı aparılsa, adambaşına maliyyələşmə mexanizmi yaradılsa, bu mexanizm fəaliyyət göstərsə, repetitorların hamısı təsis olunmuş məktəblərə qayıdacaqlar. Onlara orada yüksək maaş verəcəklər və fərdi məşğul olmağa ehtiyac da qalmayacaq. “Blok” repetitorluğu sağlam məntiqə ziddir. Necə ola bilər ki, abituriyent blok imtahanına hazırlaşsın, buraxılışa hazırlaşmasın, axı ikisi toplanır. Əgər belə adamlar varsa, onlara “maşennik” adından başqa ad vermək olmaz”.
 
Ardını oxu...
Göyçay rayon sakinləri Əliyev İlham Lutvik oğlu, Abuşov Emil Zakir oğlu, Ağamalıyev Əli Cəfər oğlu, Babayev Seymur Zəfər oğlu, Bədirov Zamiq Mirdamət oğlu, Bəkirov Zaur Şirxan oğlu, Cəlilov Cavid İsmayıl oğlu, Dadaşov Fərid Səxavət oğlu, Abdullayev Dilqəm Zaman oğlu, Həmidov Yunis Tahir oğlu, Burcalıyev Samir Azər oğlu, Daşdıyev Ramil Emin oğlu, Cəfərov Fikrət Məcnun oğlu və Ələkbərov Ruslan Xanlar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. “Azərqaz” İstehsalat Biriliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsindən qanunsuz olaraq işdən çıxarıldıqlarını bildirən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Bizi qanunsuz olaraq işdən çıxarıblar, həmçinin son haqq-hesab pulumuzu da az yazıblar. Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət etmək istəyirik.

Hörmətli Prezident!

Siz Azərbaycan xalqının ümid yeri, dayağısınız. Buna görə xalq Sizi sevir, Sizə güvənir. Siz həmişə Azərbaycan vətəndaşlarına köməklik göstərirsiniz. Buna görə, üzləşdiyimiz çətinliyin aradan qaldırılması üçün Sizə müraciət etməyi qərara aldıq.

Sizə bildiririk ki, biz ailəmizlə birlikdə Göyçay rayonunda yaşayırıq.

2016-cı ildə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Biriliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində fəhlə vəzifəsinə işə qəbul edilmişik. İşimizdə heç vaxt nöqsana yol verməmişik, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.

Bu ərizəni imza edən 10 nəfərini 10 iyun 2024-cü il tarixdə, 4 nəfəri isə 09 iyul 2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işdən azad ediblər. Hansı ki, hər birimiz cavan, əmək qabiliyyətinə tam malik insanlarıq. Nə pensiya yaşında deyilik, nə də alternativ gəlir yerimiz yoxdur. Əksəriyyətimizin banklara kredit borclarımız var, himayəmizdə xəstələrimiz, azyaşlı övladlarımız var. Çox çıxılmaz vəziyyətdə qalmışıq. Bizə məşğulluq alt sistemində işsiz kimi qeydiyyata düşməyi tövsiyə etməklə, işlərini bitmiş hesab edirlər.

Göyçay rayonunun qaz sahəsində bizim işləməyimizə zərurət var idi. İndi isə işsiz qalmışıq ki, buna görə bizim ailəmiz aclıqdan məhv olacaq. Çünki ailəmizdə heç kəs işləmir, himayəmizdə ailə üzvülərimiz var.

Əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, məlumat verilmədən əmək müqaviləmizə qanunsuz xitam verilmişdir. Həmçinin, “DOST” İş Mərkəzi MMC nəyə görə bizimlə yenidən əmək müqaviləsi bağlamamasını qanunla əsaslandırmır ki, bunu bilək. Heç bir qanuni əsaslandırma da yoxdur. Nə baş verdi ki, “DOST” İş Mərkəzi MMC bizimlə əmək müqaviləsi bağlamaq istəmir? Bizi ən çox düşündürən bu sualdır.

Sanki feodal dövrünün nökərləri kimi bizimlə davranıb işimizdən azad ediblər. Həmçinin, bizim son haqq-hesab pulumuz düzgün hesablanmayıb. Çünki biz işlədiyimiz dövrdə məzuniyyətə çıxmamışıq. Son-haqq hesab və əmək haqqı olaraq bizə çox az pul verilib. Bizimlə müqavilə bağlayıb, işimızə bərpa olunmağımıza zərurət ona görə var ki, biz daima işə çıxmışıq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik, işimizdə heç vaxt nöqsana yol verməmişik, işləyib halal maaş almışıq.

Cənab Prezident!

Biz hər zaman ailə üzvlərimizlə birlikdə Prezident seçkilərində Sizə səs vermişik. Bizim yeganə ümid yerimiz Sizsiniz. Buna görə Sizə müraciət etməyi qərara aldıq. İmkan verməyin ki, bizim ailəmiz aclıqdan məhv olsun. İşsiz insan ölümə məkum olunmuş kimidir.

Sizdən xahiş edirik, bizim ailə vəziyyətimizi nəzərə alıb, işlə təmin edilməyimizə, əvvəlki “DOST”İş Mərkəzi MMC-dəki işimizə bərpa olunmağımza köməklik göstərəsiniz”.

Dünyapress TV

Xəbər lenti