Ardını oxu...
Baydenin tərəfdarlarının 68 faizi prezidentin lehinə deyil, Trampın əleyhinə səs verirlər...
Amerika demokratları Donald Trampın mümkün yeni prezidentliyini vahimə ilə təsəvvür edirlər.
Amma bu respublikaçıya rəqib olaraq yenə Co Baydeni, 81 yaşlı indiki prezidenti seçirlər. Onun
isə reytinqi rəqibində dörd il əvvəl, seçkini uduzduğu zaman olduğundan daha aşağıdır.
Keçid namizədi
Co Bayden yalnız bir kadensiya prezident olacağını heç zaman vəd etməyib, amma dəfələrlə
buna eyham vurub.
“Özümü keçid namizədi hesab edirəm”, – 2020-ci ildə deyirdi.
Həmin kampaniya zamanı onun 78 yaşı vardı və əsas vəzifəsi məlum idi: Donald Trampın ikinci
dəfə seçilməsinin qarşısını almaq. Demokratların tərəfdarları Baydenin prezidentliyinin gənc
nəsil siyasətçilər qarşısında güclü əngəl olacağından əndişə keçirsələr də, onun qələbə şansının
digər namizədlərdən çox olması ilə razılaşırdılar. Xüsusən də söhbət elə bil bir kadensiyadan
gedirdi – Baydenin 81 yaşında ikinci müddətə gedəcəyini az adam təsəvvür edərdi.
Tərəfdarlarını sakitləşdirmək üçün Bayden özünü ölkənin gələcəyini formalaşdıracaq gənc nəsil
və keçmiş siyasətçilər arasında körpü ilə müqayisə edirdi. Həmin vaxt səhnədə onun yanında
Miçiqanın 48 yaşlı qubernatoru Qretxen Uitmer və keçmiş rəqibləri – 55 yaşlı Kamala Harris və
50 yaşlı Kori Buker dururdu.
“Keçid namizədi” fikri demokratların çoxunu inandırdı ki, Bayden 2024-cü ildə öz yerini üçlükdən
birinə – öz vitse-prezidenti seçəcəyi adama verəcək. Daha doğrusu, ikisindən – Uitmer və Harris
– birinə, çünki vitse-prezidentliyə namizədin qadın olacağı artıq şübhə doğurmurdu.
Bayden seçimini Kamala Harrisin üzərində saxlayanda əksəriyyət əmin idi ki, xanımın siyasi
karyerası sürət yığacaq. Jurnalistlər onun haqqında yazırdılar: ABŞ vitse-prezidenti postunda ilk
qadın, ilk qaradərili, ilk Asiya kökənli. Amma tarixə belə parlaq şəkildə qədəm qoyan Harris yeni
vəzifədə uğurlarını artıra bilmədi.
Vitse-prezident ölkədə populyar deyil (rəyi soruşulan 538 nəfərin 53,5 faizi ona etimad etmir).
Hətta tərəfdarları belə şəxsi söhbətlərdə etiraf edirlər: Harris partiyanın gələcək liderinin məhz o
olacağını seçicilərə sübut edə bilmədi, hələ ölkə liderliyi kənara qalsın.
Trampa qalib gələ biləcək başqa demokrat namizədlər varmı? – jurnalistlər Baydendən
soruşmuşdular. “50-yə yaxın, yəqin ki. Ona qalib gələcək yeganə adam deyiləm. Amma mən
bunu edəcəyəm”, – prezident cavab verib.
Bayden, deyəsən, səmimi deyil. Axı öz partiyadaşlarına müraciət edərkən deyirdi ki, məhz o –
daha təcrübəli və hazırlıqlı siyasətçi, – Trampın Oval kabinetə qayıdışının qarşısını almağa
qadirdir.
Amma görünür, gələn seçkilərdə təkcə təcrübə və bacarıq rol oynamayacaq.
ABŞ-ın yeni tarixində fəaliyyətdə olan prezidentin ikinci müddətə getməməsi nümunəsi çox
deyil. Sonuncusu 1969-cu ildə öz postunu tərk edən Lindon Conson olub. Seçilə bilməyən
prezidentlər son 100 ildə beş nəfər olub və son vaxtlar Baydeni onlarla müqayisə edirlər.
Cimmi Karterin birinci müddətinin sonunda daxili və xarici siyasətdə uğursuzluqlar, neft və enerji
böhranı, işsizlik və inflyasiya üzündən reytinqi çox aşağı idi. Buna baxmayaraq, ikinci müddətə
namizəd olmaq qərarına gəldi. Praymerizdə rəqibi Edvard Kennedi idi. Karter nominasiyada
çətinliklə qələbə çaldı, amma seçkilərdə respublikaçı Ronald Reyqana uduzaraq, Oval kabineti
tərk etdi.
Amma ən azı bir kontekstdə Karterin Baydenlə müqayisəsi korrekt deyil: iqtisadi.
Bədbin respublikaçılar
Co Baydenə bəxtinə COVİD sonrası ölkə düşdü. Böyük depressiyadan sonra işsizlik görünməmiş
həddə idi, karantin milyonlarla iş yerini məhv etmişdi, inflyasiya rekord vururdu.
“Qiymətlərin qısa müddətdə belə sürətlə artmasını amerikalıların çoxu xatırlamırdı. Amma
nisbətən qısa müddət ərzində inflyasiya 8-9 faizdən 3 faizə düşdü. İndi işsizlik rekord aşağı
səviyyədədir. Bu yaxınlarda iş yerləri üzrə hesabat yayıldı: yanvarda 350 min iş yeri açılıb,
mütəxəssislər isə iki dəfə azını gözləyirdilər. Əmək haqqı inflyasiyadan sürətlə artır. Hər şey
iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu göstərir. Məntiqlə, amerikalılar həm bunu, həm də
prezidenti müsbət qiymətləndirməlidirlər, çünki ABŞ-da bunlar bir-birinə bağlıdır”, –
amerikaşünas politoloq Yan Veselov deyir.
Ancaq sorğulara inansaq, amerikalılar iqtisadi vəziyyətin yaxşı olmadığını düşünürlər. Əksəriyyət
neqativ rəy verərək, yüksək inflyasiyanı və həyat bahalığını – xüsusən də ərzaq, zəruri mallar və
mənzil – göstərirlər. İqtisadi vəziyyəti pozitiv qiymətləndirənlər isə işsizliyin azalmasını, bəziləri
də inflyasiyanın zəifləməsini və maaş artımını göstərirlər.
“İqtisadiyyatın qiymətləndirilməsində partiya qütbləşməsi son iyirmi ilin mühüm amilidir -– Yan
Veselov deyir. – Yəni əgər Ağ evdə demokratdırsa, respublikaçılar iqtisadi vəziyyətin heç də
yaxşı olmadığını deyirlər. Özü də eyni şərtlər çərçivəsində respublikaçılar demokratlardan daha
aşağı qiymət verirlər. Maraqlıdır ki, insanları öz maliyyə vəziyyətini qiymətləndirməyə dəvət
edəndə hər şeyin qaydasında olduğunu deyirlər. Respublikaçılar sorğularda bədbindirlər, amma
onlar da özləri ilə bağlı hər şeyin yaxşı olduğunu deyirlər. Sadəcə şəxsi rifahı şəxsi amillərlə izah
edirlər, məsələn, “mən çox çalışıram, çox işləyirəm”. İqtisadiyyatın vəziyyəti isə prezidentin
əsəridir”.
Seçkilərə qalan aylar ərzində ciddi sarsıntıların olacağı gözlənilmir: resessiya proqnozaşdırılmır,
inflyasiya, çox güman, indiki səviyyədə qalacaq, işsizlik də həmçinin. Məntiqlə, Co Baydenin
reytinqi də yüksəlməlidir. Amma bu, baş vermir.
Əfqanıstan mirası
“Pew Research Center”in keçirdiyi sorğuya görə, amerikalıların 33 faizi Baydenin prezident
fəaliyyətini bəyənir. Neqativ fikirdə olanların payı isə 65 faizə çatır. Prezidentin reytinqi öz
sələflərinin eyni vaxtda olan reytinqindən daha aşağıdır.
Yan Veselov deyir ki, Əfqanıstandan qoşunların çıxarandan sonra Baydenin reytinqi 50 faizdən
aşağı düşdü. Hazırda 33-39% arasındadır.
Əfqanıstandan qoşunların çıxarılması həmişəlik Baydenin irsi kimi qalacaq, hərçənd, proses
Donald Trampın prezidentliyi zamanı başlamışdı.
Bayden Oval kabinetə keçəndə ABŞ 20 il idi ki, Əfqanıstanda döyüşürdü. Ölkə 2 trilyon dollardan
çox xərcləmişdi, minlərlə amerikalı əsgər və onminlərlə əfqan ölmüşdü. Baydenin seçkiqabağı
vədlərindən biri qoşunların buradan çıxarılması idi – qərarı amerikalıların yarısından çoxu
dəstəkləyirdi. Doğrudur, Bayden prosesin “nizamlı” olacağını vəd etmişdi.
Son nəticədə isə amerikalların 70 faizi prosesdən razı qalmadı. Onlar Kabildən təxliyənin necə
xaosa çevrilməsini televizorda gördülər. 13 ABŞ hərbçisi həlak oldu, taliblərlə mübarizəyə
kömək edən minlərlə əfqan isə ölüm təhlükəsi altında ölkədə qaldılar.
Yekun: taliblər yenə hakimiyyətdədirlər və Amerikanın müdaxiləsinə səbəb olan 11 sentyabr
hadisələrini törədən “əl-Qaidə” ilə yenə də dostluq edirlər.
Qoşunların Əfqanıstandan çıxarılması prezidentin imicini sarsıtdı. Halbuki ona Donald Trampın
əksi olaraq, məhz səriştəli siyasətçi kimi səs vermişdilər. Ağ evin nümayəndəsi Con Kirbi o
zaman deyirdi ki, Bayden heç vaxt reytinqlərə fikir verməyib. O, sadəcə inanırdı ki, müharibənin
bitməsi ABŞ-ın maraqlarına xidmət edir. Amma Trampı yenə udmaq istəyirsə, öz populyarlığına
fikir verməlidir.
Bir namizədin adının seçilməsi
SSRS şirkəti aşkar edib ki, əgər seçkilər indi olsaydı, qeydə alınan seçicilərin 49 faizi Trampa, 45
faizi Baydenə səs verərdi. 5% də “başqa birini” seçərdi.
Bu zaman maraqlıdır ki, hər iki düşərgədən olan seçicilərin əksəriyyəti seçimlərinin Trampla
əlaqəli olduğunu etiraf ediblər. Baydenin tərəfdarlarının 68 faizi etiraf edir ki, prezidentin lehinə
deyil, Trampın əleyhinə səs verirlər. Respublikaçı seçicilərin 60 faizi isə səslərini Baydenin
əleyhinə deyil, məhz Trampın lehinə verirlər.
“Keçmiş və indiki prezidentlərin iştirak etməsi seçki yarışının xarakterini dəyişir. Bu, təkcə yeni
prezidentin seçilməsi deyil, müqayisədir. Namizədlərdən heç biri yoluna ağ vərəqdən başlamır”,
– Corc Vaşinqton universitetindən politoloq Todd Belt deyir.
Donald Tramp özünü elə aparır, sanki respublikaçılar onu artıq prezidentliyə namizəd seçiblər. O,
ənənəvi olaraq, Bayden və Harrisi tənqid edir, həm uğursuzluqlarına görə, həm də elə-belə:
diqqəti öz problemlərindən, o cümlədən qanunla olan problemlərindən yayındırmaq üçün, axı
Trampa qarşı dörd cinayət işi açılıb.
Trampın hücumlarını dəf etmək Bayden üçün asan deyil. Onların keçən dəfəki seçki yarışı
zamanı COVİD başladı, publik tədbirlərin çoxu ləğv edildi. Bu da xarizma və kütləni
elektrikləşdirməkdə öz rəqibindən geri qalan Baydenin xeyrinə oldu.
Onun sağ əli Kamala Harrisdə də eyni problemlərdir. Onun bəzi xüsusilə uğursuz çıxışlarına indi
də gülürlər, hərçənd, natiqlik səhvləri Baydendə də, Trampda da olub. Bəzi analitiklər hesab
edirlər ki, Harrisə yönələn tənqidin çox hissəsi rasizm və ya seksizm təzahürüdür. Digərləri
düşünürlər ki, Harrisə verilən tapşırıqlar ona özünü yaxşı tərəfdən göstərməyə mane olub.
Məsələn, ABŞ-da miqrasiya məsələləri ilə məşğul olan məmur olmaq asan deyil.
Miqrant problemi amerikalıları çox narahat edir. Ötən ilin dekabrında cənub sərhədini qanunsuz
keçənlərin sayı 300 mini keçib – bu, aylıq rekorddur. CBS News sifarişi ilə aparılan sorğunun
nəticələri amerikalıların 70 faizinin Baydenin bu sahədə fəaliyyətini bəyənmədiyini ortaya qoyur.
Tramp demokratların birliyinin qarantıdır
Adətən olduğu kimi, fəaliyyətdə olan prezident Co Baydenin Demokratik partiyanın daxilində
ciddi müxalifəti yoxdur.
Hə, partiyanın daxilində onun ikinci müddətinə şübhə ilə yanaşanlar var, xüsusən də yaşına görə.
Gerçəkdə isə demokratlar Baydenin fəaliyyətini əsasən bəyənirlər – bir qayda olaraq, işsizliyi
tarixi minimuma endirən iqtisadi siyasətinə görə. Amma partiyada həmrəyliyin bərqərar
olmasına kömək edən əsas amil Donald Trampın prezidentlik təhlükəsidir.
Baydenə qarşı çıxa biləcək potensial namizədlər (məsələn, Kaliforniyanın qubernatoru Qevin
Nyusom) bu ideyadan Baydenin siyasətinə inandıqlarına görə deyil, öz siyasi karyeraları naminə
vaz keçdilər. İndi prezidentə qarşı çıxıb ya praymerizdə böyük hesabla uduzacaqsan, ya da
gözlənilmədən qalib gəlib tarixi seçkilər ərəfəsində partiyada xaosun səbəbkarı olacaqsan.
Amerikalılar bütün ölkə boyu seçki məntəqələrinə gedəcəklər, amma prezident kreslosunun
taleyi bir neçə ştatda həll ediləcək. Bunlar çoxsaylı seçimçi kvotası olan mütərəddid Viskonsin,
Pensilvaniya, Miçiqan, Arizona və Corciyadır. Bir də Nevada var, amma orada seçimçilərin sayı
azdır və çətin ki, namizədlər buradakı səslər uğrunda ölüm-qalım mübarizəsi aparsınlar.
Bu ştatlarda noyabrda keçirilən sorğular Trampın liderliyini təsbit etdi, amma seçkilərə hələ bir il
qalmışdı. Bundan əlavə, sorğuları keçirmək metodologiyasının öz problemləri var. Amerikalılar
yaxşı xatırlayır ki, 2016-cı ildə sorğular Hillari Klintonun Tramp üzərində inamlı qələbəsindən
xəbər verirdi, amma Ağ evi Tamp tutdu.
İstənilən seçkilərdə bir qisim seçicilər var ki, son məqama qədər qərar verə bilmir. Sosioloqlar
həmin qrupun son anda hansı tərəfə meyl edəcəyini və bu qərarı hansı meyarlar əsasında
verəcəklərini müəyyənləşdirməyi hələ öyrənməyiblər. İqtisadiyyatla bağlı vəziyyətdə olduğu kimi
burada da obyektiv göstəricilər var, insanların fərdi duyğuları var.
Sorğular üçün insanların seçilməsində də problem var. Məsələn, təhsilli seçicilər daha fəal
olurlar: onlar da 2016-cı ildə əsasən Klintonu dəstəkləyirdilər. Daha az təhsilli adamların seçimi
isə yekun nəticələrdə az əks olunurdu.
O vaxtdan bəri sosioloqlar əsas səhvləri nəzərə alıblar və belə qüsurlara diqqət yetirirlər. Amma
reytinqlər namizədlərin populyarlığı haqda müəyyən təsəvvürlər yaratsa da, seçkilərə hələ 9 ay
qaldığını və hər şeyin baş verə biləcəyini unutmaq olmaz.
Hazırladı: Yadigar Sadıqlı
pressklub.az
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ciddi kompromisə getməyə hazırdır.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib.

Jurnalistin fikrincə, Amerika Birləşmiş Ştatları istisna olmaqla, bu planetdə istənilən ölkə rəhbərinin fəaliyyəti onları kompromis axtarmağa vadar edir ki, bu da diplomatiyadır. Taker Karlson əmin edir ki, Rusiya prezidenti də Ukrayna məsələsində ciddi kompromisə getməyə hazırdır.

ABŞ-dan olan jurnalist qeyd edib ki, müsahibədən sonra o, Rusiya lideri ilə qeyri-rəsmi danışıb, lakin söhbətin məzmununu açıqlamayıb.

Qeyd edək ki, Putin daha əvvəl jurnalist Taker Karlsona verdiyi müsahibədə demişdi ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan əl çəkməyib, lakin 2022-ci ilin martında İstanbulda danışıqlar başa çatdıqdan sonra ilk addımı atmaq niyyətində deyil.

Xatırladaq ki, fevralın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna Rusiya ilə danışıqlar üçün yeni reallığı tanımalıdır.
 
Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.

Paşinyan güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq:

“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
 
Ardını oxu...
Finlandiyanın yeni – on üçüncü Prezidenti bəlli olub.

Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Stubb dövlət başçısı vəzifəsinin icrasına 2024-cü il martın 1-dən başlayacaq.

Professor Kay-Yoran Aleksandr Stubb hazırda Florensiya transmilli idarəetmə məktəbinin direktorudur. O, 2017-ci ilə qədər Baş nazir, maliyyə naziri, xarici işlər naziri, ticarət naziri vəzifələrində çalışıb, Avropa və milli parlamentlərin üzvü olub.

2014-2016-cı illərdə Finlandiyanın “Kokoomus” Milli Koalisiya partiyasının sədri, 2017-2020-ci illərdə isə Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsində çalışıb.

Aleksandr Stubb doktorluq dərəcəsinə malikdir, London İqtisadiyyat məktəbində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Bruggedə Avropa Kollecində idarəetmə üzrə magistr dərəcəsi və Cənubi Karolinadakı Furman Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Parisdəki Sorbonada fransız dili, mədəniyyəti və sivilizasiyasını da öyrənib.

Stubb Avropa işləri ilə bağlı bir çox kitab və elmi məqalə yazıb və “Financial Times” da daxil olmaqla, bir neçə qəzetdə müntəzəm materialları dərc olunur.

Finlandiyanın yeni prezidenti həm də idman azarkeşi və həvəskar triatlonçudur.
 
Ardını oxu...
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.

“Report”un xəbərinə görə, iclasda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.

Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.

MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
 
Ardını oxu...
Rəsmi İrəvanın NATO-ya üzvlük planları qurmasını, eləcə də, bu alyansın hərbi platforma və texnikasından istifadə edəcəyinə bəslədiyi ümidləri ən yaxşı halda, utopiya kateqoriyasına aid etmək olar... Çünki NATO-nun "açar dövlət"lərindən biri olan Türkiyə Ermənistan üçün ən keçilməz səddir, hazırda rəsmi İrəvan ən yaxşı halda, bu hərbi-siyasi alyans üçün geopolitik alət ola bilər...

Ermənistan siyasi dairələri prioritetləri tez-tez dəyişməyə vərdişlidirlər. Rəsmi İrəvan öz xarici siyasət kursunda və gələcəyə yönəlik hədəflərində yalnız Ermənistana verilmiş vədlər üzərindən hərəkət etməyə çalışır. Yəni, rəsmi İrəvanın konkret plan və proqramı mövcud deyil. Və bu, onu göstərir ki, Ermənistanın siyasi elitası dövlət idarəçilik sistemi ilə bağlı natamamlıq kompleksi yaşayır.

Məsələ ondadır ki, müstəqillik dövründə Ermənistan birmənalı şəkildə, Rusiyanın "təhlükəsizlik çətiri" altında özünü toxunulmaz hesab edirdi. Ancaq II Qarabağ savaşında Azərbaycana biabırçı məğlubiyyətdən sonra bu hərbi-siyasi düşüncə tərzi kəskin şəkildə dəyişdi. Çünki məlum oldu ki, rəsmi İrəvanın Rusiyanın "təhlükəsizlik çətiri"nə bəslədiyi güvən ən yaxşı halda, utopik xarakter daşıyır. Yəni Rusiyanın "təhlükəsizlik çətiri" Ermənistanı qorumur. Azərbaycan ordusu Ermənistanı "rus çətiri"nın altından çəkib, kənara çıxartmağı bacarır.

Təbii ki, belə vəziyyət Ermənistanı daha etibarlı hərbi müttəfiq axtarmaq məcburiyyətində buraxır. Üstünlük, bu məsələdə Ermənistana dəstək vədi verənlər də olmamış deyil. ABŞ, Fransa, Almaniya və Avropa Birliyi Ermənistana "təhlükəsizlik çətiri" vəd edir. Halbuki, ABŞ və Qərbin boşuna kimsəyə vədlər verərək, onları reallaşdırmaq vərdişləri yoxdur. Qərb verdiyi vədlərin əvəzində konkret "xidmətlər" tələb edir. Və "xidmətlər"in göstərilməsindən sonra vədlərin yerinə yetiriləcəyinə isə heç bir təminat yoxdur.

Hazırda rəsmi İrəvandan tələb edilir ki, Ermənistan KTMT-dan, Avrasiya İqtisadi İttifaqından, MDB-dən çıxsın, Rusiya ilə hərbi müttəfiqliyini pozsun. Ancaq bu, çox təhlükəli tələblərdir. Çünki rəsmi İrəvan onları yerinə yetirmək niyyətinə düşərsə, Rusiyanın buna Ermənistanı geopolitik xəritədən yoxa çıxara biləcək addımlarla cavab verəcəyi qətiyyən şübhə doğurmur. ABŞ və Qərb Ermənistanı Rusiyadan müdafiə edəcəyinə təminat vermir. Və belə situasiyada rəsmi İrəvanın ABŞ və Qərbin tələblərini yerinə yetirməsi Ermənistan üçün intihar anlamı daşıya bilər.

Göründüyü kimi, Ermənistan olduqca çətin seçim qarşısında qalıb. Rusiya ilə münasibətləri tamamilə qoparmaq rəsmi İrəvan üçün real geopolitik riskdir. Halbuki, Ermənistan indiki situasiyada belə risklərə gedə biləcək resurslara sahib deyil. Bu baxımdan, rəsmi İrəvan Ermənistanı qorumaq üçün ən utopik variantlara belə, əl atmağa meyl göstərir. Və bu variantların Ermənistan üçün əlçatmaz olduğu inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ermənistan son vaxtlar Avropa Birliyinə və NATO-ya üzv olmaq "xəyal"ına düşüb. Rəsmi İrəvan hesab edir ki, bu iki nüfuzlu beynəlxalq quruma üzv olacağı təqdirdə, Ermənistan həm inkişaf etmək şansı qazanacaq, həm hərbi təhlükəsizlik maraqlarını təmin etmiş olacaq. Əslində, bu, tamamilə doğru variantdır. Sadəcə, bu variant Ermənistan üçün ümumiyyətlə, əlçatmaz hədəfdir.

Birincisi, Avropa Birliyi Ermənistan kimi, zəif və iqtisadi perspektivləri olmayan ölkələri öz sıralarına qəbul etməkdə qətiyyən maraqlı deyil. Üstünlük, Ermənistanın qonşu ölkələrlə yaşadığı kəskin problemlər də buna imkan vermir. Avropa Birliyi Ermənistan kimi ölkələri öz sıralarına qatıb, onların problemlərinə ortaq olmağa həvəsli beynəlxalq qurum deyil. Və bu baxımdan, rəsmi İrəvanın Avropa Birliyinə üzvlük ehtimalını unutması daha praqmatik yanaşma olardı.

Digər tərəfdən, təbii ki, eyni üzvlük standartları NATO-ya da aiddir. Belə ki, NATO hərbi, siyasi və iqtisadi cəhətdən heç bir perspektiv ifadə etməyən Ermənistanı heç vaxt öz sıralarına buraxmaz. NATO Ermənistan kimi heç bir faydası olmayan zərərli yükü daşımağa həvəs göstərəcək qədər qeyri-ciddi hərbi-siyasi alyans deyil. Və bu baxımdan, rəsmi İrəvanın NATO planları baş tutmayacaq "xəyallar"dan başqa bir şey deyil.

Təbii ki, hətta rəsmi İrəvanın bu planlar çərçivəsində formal addımların atılması belə, Ermənistan üçün "fəlakətə meydan oxumaq" anlamı daşımış olardı. Belə ki, Kremlin rəsmi İrəvana belə cəhdləri bağışlamayacağı qətiyyən şübhə doğurmur. Hər halda, Ukrayna hazırda rəsmi Kiyevin "NATO planları" ucbatından Rusiyanın hərbi müdaxiləsinə məruz qalıb. Kreml Ukraynanı bir dövlət kimi geopolitik xəritədən silmək qərarı verib. Və rəsmi İrəvan Ukraynanın taleyindən nəticə çıxartmasa, daha ağır zərbələrə məruz qala bilər.

Eyni zamanda, Ermənistanın reallığa dönə bilməsi üçün Gürcüstan örnəyi də mövcuddur. Hər halda, Rusiya Gürcüstana da məhz NATO üzvlüyü barədə planlar qurduğuna görə hücum etmişdi. NATO isə nə Ukraynanı, nə də Gürcüstanı Rusiyanın aqressiyasından müdafiə etməyə həvəs göstərmədi. Əksinə, NATO həm Gürcüstanı, həm də Ukraynanı Rusiya qarşısında müdafiəsiz və dəstəksiz buraxıb, bir kənara çəkilməyə üstünlük verdi.

Nəhayət, rəsmi İrəvan hətta bütün bu problemləri aşmağa nail olsaydı belə, NATO-nun qapısından içəri keçə bilməzdi. Çünki Türkiyə Ermənistanın NATO üzvlüyünə heç vaxt imkan verməz. İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesində Türkiyənin bu hərbi-siyasi alyans üçün nə qədər önəmli bir dövlət olduğu açıq-aşkar ortaya çıxmış oldu. Və rəsmi Ankaranın mövqeyi Ermənistan üçün ən keçilməz sədd rolunu oyna bilər.

Məsələ ondadır ki, Türkiyə hazırda NATO-nun "açar dövlət"lərindən biridir. Türkiyə ordusu NATO-nu təmsil edən ən güclü hərbi qüvvələrin sırasına daxildir. Bu baxımdan, rəsmi Ankara nəinki Ermənistanın NATO üzvlüyünə imkan verməz, eyni zamanda, bu hərbi-siyasi alyansın erməni dövlətinin ordusunu yenidən qurmasına da razılaşmaz. Yəni, NATO-nun Ermənistana təhlükəsizlik sahəsi üzrə texnoloji platforma açılmasına imkan verməz.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın NATO-ya üzvlük planları, bu alyansın hərbi platforma və texnikasından istifadə edəcəyinə bəslədiyi ümidləri ən yaxşı halda, utopiya kateqoriyasına aid etmək olar. Dünya isə utopik xəyallarla deyil, məhz reallıqlarla idarə olunur. Mövcud situasiya onu göstərir ki, Ermənistan heç vaxt NATO-nun üzvü ola bilməyəcək. Rəsmi İrəvan indiki halda, yalnız NATO-nun geopolitik aləti olan bilər. Və bu, Ermənistana "təhlükəsizlik çətiri" deyil, məhz daha böyük kataklizmlər vəd edə bilər.\\Musavat.com
Ardını oxu...
“Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə töhfə verməyə hazırdır”.

“Report”un Fransa bürosu bildirir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı söyləyib.

Görüşdə fransalı nazir Parisin Avropa İttifaqı və ABŞ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi sahəsindəki vasitəçilik səylərini dəstəklədiyi qeyd edib.
O, yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət əsasında ədalətli və davamlı sülhün mümkün ola biləcəyini vurğulayıb.
 
Ardını oxu...
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ABŞ-ın Bişkekdəki səfiri Leslie Viguerie ilə görüşüb və əvvəllər Qırğızıstan vətəndaş cəmiyyətindən narahat olan ABŞ dövlət katibi Antoni Blinkenə cavab mesajı çatdırıb, mesajda ölkədəki vəziyyətlə bağlı əsaslandırılmış cavabların olduğunu qeyd edib.

Oxu24.com xəbər verir ki, Bu barədə Akipress nəşri Kulubayevin cavabının təfərrüatlarını təqdim etmədən yazır.

“Nazir Jeenbek Kulubayev ABŞ səfirinə Qırğızıstan Prezidenti Sadır Japarovun ABŞ dövlət katibi Antoni Blinkenə “ölkədə daxili siyasi vəziyyət və demokratik proseslərlə bağlı əsaslandırılmış cavabların” verildiyi cavab mesajını çatdırıb”, - nəşr yazır. .

Bundan əvvəl Blinken Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq, respublikada demokratiya üçün xarici agent qanunlarının tətbiqinin təhlükələri barədə Bişkekə xəbərdarlıq edib.

O, prezidenti bu narahatlıqları ölkə parlamentinin rəhbərləri ilə müzakirə etməyə çağırıb. O, həmçinin Qırğızıstanla ABŞ arasında münasibətlərin möhkəmlənməsinə ümid etdiyini bildirib.

Bundan əvvəl Matvienko MDB ölkələrinin münasibətlərinə kənardan nifaq salmaq cəhdlərini açıqlamışdı.
       
Ardını oxu...
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilindiyi üçün istintaqa cəlb edilib.

32gun.az bildirir ki, bu barədə "El Pais" yazıb .

Keçmiş dövlət başçısı Lula da Silvanın prezident seçkilərində qalib gəlməsindən sonra 2023-cü il yanvarın 8-də minlərlə tərəfdarı küçələrə çıxanda dövlət çevrilişinə cəhddə şübhəli bilinir.

Materialda qeyd olunur ki, istintaq davam edərkən Bolsonaronun Braziliyanı tərk etməsi qadağan edilib. Bundan əlavə, o, prezident olarkən Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən ona verilmiş zinət əşyalarını mənimsəmək niyyətində də ittiham olunur - deyə "El Pais" yazıb.

Bundan əvvəl Braziliya məhkəməsi Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronu 2030-cu ilə qədər seçilmək hüququndan məhrum edib .

“Ali Seçki Məhkəməsi beş lehinə və iki əleyhinə səs verərək Bolsonaronun 2030-cu ilə qədər seçkilərdə iştirakına qadağa qoyub”, - hesabatda deyilib.

2026-cı ildə keçiriləcək növbəti prezident seçkilərində Bolsonaro namizəd kimi çıxış edə bilməyəcək.
 
 
 

Ardını oxu...
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Gundeminfo.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.

Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.

Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.

Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.

Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.

Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.

Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

Dünyapress TV

Xəbər lenti