
ABŞ Konqresində Azərbaycana qarşı daha bir tədbir keçiriləcək.
Budəfəki tədbir barədə məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) verib.
Belə ki, bəzi konqresmenlər və ictimai xadimlər sentyabrın 19-da Kapitolidə toplaşacaqlar.
Tədbirdə 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk edən ermənilərin geri qaytarılması üçün proqram müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv rol almağa çalışan ABŞ-nin bu addımı birmənalı qarşılanmayıb. Rəsmi Vaşinqton həm bir an əvvəl sülh müqaviləsinin imzalanmasını istədiyini bəyan edir, həm də ölkəmiz əleyhinə təxribatçı addımlar atır.
Ümumiyyətlə, ABŞ-nin məqsədi nədir?
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov “Cebheinfo.az”-a açıqlamasıda bildirib ki, ABŞ-nin bu addımı açıq-aşkar təxribatdır:
“Onların əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməkdir. Çünki rəsmi Vaşinqton yaranacaq vəziyyətdən yararlanaraq prosesləri idarə etmək istəyir.
Ermənilərin Qarabağa qaytarılması isə ancaq Azərbaycandan asılı olan məsələdir. Çünki Qarabağ Azərbaycan torpağıdır. ABŞ konqresmənlərinin bu məsələyə qarışmağa cəhd etməsi isə tamamilə absurddur. Onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Konqresdə bu məsələnin müzakirə olunması da heç nəyə təsir göstərməyəcək”.
Professor vurğulayıb ki, ermənilər vaxtilə könüllü şəkildə torpaqlarımızı tərk ediblər:
“Onları heç kim qovmayıb. Üstəlik, Azərbaycan vətəndaşlığını qəbul edən istənilən erməni rahat şəkildə qayıdaraq digər vətəndaşlar kimi Konstitusiya normalarına uyğun yaşaya bilər. Buna da etirazımız yoxdur.
Lakin ABŞ konqresmənlərin bəziləri hələ də Qarabağı “erməni torpağı” adlandırırlar. Hərçənd ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib. Amerikalılar isə hələ də belə hərəkətlər etməklə özlərini gülünc vəziyyətə salırlar. Onlar özlərini ermənilərin müdafiəçisi kimi qələmə verirlər.
Əslində, bu sözün tam mənasında həm insan hüquqlarının pozulması, həm digər dövlətin daxili işlərinə müdaxilə etmək, həm də Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına əngəl törətmək cəhdidir”.