Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistanın başçısı Emoməli Rəhmon arasında görüş keçirilib.
Publika.az Tengrinews.kz-a istinadla xəbər verir ki, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiq statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb.
"Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır", - nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirib.
Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.
Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər.
Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.