Ermənistan Konstitusiyası Azərbaycanla sülhə niyə maneədir?
Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü deyib ki, Ermənistan konstitusiyası Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir.

"1990-cı il Müstəqillik Bəyannaməsi tam olaraq Ermənistan Konstitusiyasına daxil edilməyib və bu iki sənədin məzmunu eyni deyil", - Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 23-də Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümü ilə bağlı müraciətində bildirib.

Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var.

Azərbaycan bu istinaddan narazıdır və ərazi bütovüyünə iddia kimi qəbul edir və Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür.
Nikol Paşinyan cümə günü deyib ki, müxtəlif şərhlərə baxmayaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin "bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib və bu iki sənədin məzmunu eynidir”.

Baş nazir bəyannamənin 5-ci maddəsini misal çəkərək vurğulayıb ki, bu maddəyə əsasən ölkənin hərbi və təhlükəsizlik qüvvələri keçmiş Ali Şuraya tabe idi və bu, artıq belə deyil.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.

O bu sözləri iyulun 5-də Ermənistanın Konstitusiya Günü ilə bağlı müraciətində deyib.

Nikol Paşinyan ilk dəfə deyil ki, yeni Konstitusiyaya ehtiyac olduğunu dilə gətirir. O bunu hazırkı konstitusiyanın erməni xalqının öz arasında və qonşuları ilə yaşamaq qaydaları haqqında anlayışı əks etdirməməsi ilə əlaqələndirir.

Hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

Eyni zamanda Ermənistanda da Azərbaycan Konstitusiyasını erməni ərazilərinə iddia mənbəyi kimi görürürlər.

Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün həm Azərbaycanda, həm Ermənistanda şərhçilərlə danışıb, onların bu iddialara münasibətini öyrənib.

Ermənistan konstitusiyasında Qarabağ müddəası
Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.

Ermənistan konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Koçaryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi.

Nikol Paşinyan bu ilin fevral ayının əvvəlində Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid edib: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.

Amma o, eyni zamanda başqa çıxışlarının birində vurğulayıb ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur.
“Azərbaycan dayanıqlı sülh istəyir”
BBC Azərbaycancaya danşan Beynəlxalq Böhran Qrupunun ( International Crisis Group) keçmiş əməkdaşı, siyasi şərhci Təbib Hüseynova görə, Azərbaycan gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyindən və ya regionda siyasi-hərbi konyunkturanın dəyişməsindən asılı olmayan dayanıqlı sülh müqaviləsi istəyir.

Millət vəkili Rasim Musabəyov hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bu dəyişikliklər olmadan imzalanarsa, parlamentdə maneələrin ortaya çıxacağı qaçılmazdır:

“Sülh sazişi imzalandıqdan sonra sənəd təsdiq üçün parlamentə təqdim olunanda Paşinyana müxalif qüvvələr buna qarşı çıxacaq və konstitusiya məhkəməsindən sazişlə bağlı qərar verməsini tələb edəcəklər.

Heç də istisna olunmur ki, necə ki Türkiyə-Ermənistan protokolları ilə olduğu kimi, Konstutusiya Məhkəməsi yenə ikibaşlı qərar verəcəkdir.

Bir tərəfdən gələcəkdə yenə Azərbaycana qarşı ərazi iddiları ilə çıxış etməyə səbəb verəcək, digər tərəfdən isə bu müqavilənin təsdiqi üçün yaşıl ışıq yandıracaq. Azərbaycan üçün belə bir yanaşma məqbul deyil, ”- o, BBC Azərbaycancaya müsahibəsində qeyd edib.

“Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi görünəndə...”
Bəzi siyasi şərhçilər isə konstitusiya dəyişikliyi ilə bağlı tələblərin xaricdən gəlməsinin prosesə kömək etmədiyini düşünürlər.

BBC Azərbaycancaya danışan Britaniyalı jurnalist və siyasi şərhci Onnik James Krikoriana görə, Ermənistanda "revanşist qüvvələrin olmasına baxmayaraq" xalq Qarabağ və ətraf yeddi rayon üçün yenidən müharibə etmək istəməsə də, Bakının tələbi ilə konstutusiya dəyişikliyinə getməyi də qəbul etməz.

“Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi görünəndə bu kömək etmir. Amma münasibətləri normallaşdırmağa çalışdığınız ölkələrə qarşı, sözdə ərazi iddiaları, təbii ki, fayda vermir. İnsanlar bu cür dəyişiklikləri yalnız Bakının tələbi kimi görərlərsə, bunun əleyhinə səs verəcəklər. Hətta seçici passivliyi olarsa, bu, referendumun uğursuzluğa düçar olması demək olacaq", - Krikorian deyir.

Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin (2021 ilində bu say 2.6 milyon nəfər idi ) ən az 25 faizi və qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. Bu o deməkdir ki, 650 mindən çox Ermənistan vətəndaşı konstitusiya dəyişikliyinə “hə” deməlidir.

Krikorian əlavə edir ki, Nikol Paşinyan 2018 -ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyada dəyişikliklər etmək fikrində idi, lakin COVID pandemiyası və 2020-ci il Qarabağ müharibəsi buna mane oldu:

“Koçaryan və Sarkisyanın rəhbərliyi altında konstitusiyaya düzəlişlər etmək üçün keçirilən son iki referendum çox qüsurlu olub və buna görə də az adam buna bir sənəd kimi inanır. Paşinyan bunu dəyişdirmək və öz düzəlişlərini də əlavə etmək istəyir. O, artıq 2026-cı ilin sonuna qədər yeni konstitusiyanın hazırlanmasını tələb edib”.

Ermənistanda Azərbaycanın konstitusiya tələbləri necə qarşılanır?
Müxalif “Hayastan” alyansından bəzi millət vəkilləri yeni konstitusiya istəyən Paşinyanı Türkiyə və Azərbaycanın tələblərini yetirməkdə və “müasir erməni dövlətçiliyinin sütünlarını yıxmaqda” ittiham elədilər.

60-dan çox ictimai fəalın irəli sürdüyü “Hayakve" mülki qanunvericilik təşəbbüsü iyulun 5-də Konstitusiya günü bəyanatında Müstəqillik Bəyannaməsində Qarabağla bağlı maddənin çıxarılmasının qəbuledilməz olduğunu bildirib.

Onlar istənilən konstitusiya dəyişikliyinin və yeni konstitusiyanın qəbulunu “çevriliş” adlandırıblar və bildiriblər ki, bunun məqsədi müstəqil Ermənistan dövlətini aradan götürmək, Azərbaycan və Türkiyədən asılı dövlətə çevirməkdir.

“İstiqlal Bəyannaməsi konstitusiya sənədidir və Konstitusiyanın qəbulu üçün əsas olub. Müstəqillik Bəyannaməsinin prinsip və tələblərinə zidd olan Konstitusiya Ermənistanda qəbul edilə bilməz və mövcud ola bilməz”,- "Hayakve" bəyanatında qeyd edib.

BBC News Azərbaycancanın suallarını cavablandıran Ermənistanda hüquq müdafiəçisi Vardan Harutyunyana görə, ölkənin daxili qanunvericiliyi sülh sazişinin imzalanmasına maneə ola bilməz:

“Qarşılıqlı istək olarsa, əminəm ki, imzalanacaq, amma belə bir istək yoxdursa, hər zaman bəhanələr tapmaq olar.”- Harutyunyan deyir.

Onun sözlərinə görə Azərbaycanın bu tələbi Ermənistanda mənfi qarşılanır:

"Təbii ki, Ermənistanda belə tələblər mənfi reaksiya doğurur. Başqa cür ola bilməz. Nəzərə almaq lazımdır ki, bu sənədlər başqa tarixi dövrdə, tamamilə fərqli şərtlərin mövcud olduğu bir zamanda qəbul edilib.

Ermənistan, təbii ki, bu gün yeni reallıqlardan çıxış etməli olacaq, lakin keçmişdə olan sənədləri redaktə etmək ağılsızlıqdır və Azərbaycandan belə tələblər gələndə qəbuledilməzdir. Biz sülh yolunda bir-birimizə kömək etməliyik, süni maneələr yaratmamalıyıq", - Vardan Harutyunyan qeyd edir.

Ermənistanda Azərbaycan konstitusiyasına irad
Azərbaycan Ermənistan konstitusiyasında ərazi bütövlüyünə iddianı qaldırarkən, Ermənistandan da oxşar tələblər irəli sürülüb.

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycan konstitusiyasında bəzi maddələr dəyişdirilməlidir.

Ermənistanı narahat edən odur ki, Azərbaycan öz konstitusiyasında özünü 1918-ci ildə yaranmş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

BBC Azərbaycancaya danışan siyasi şərhci Vahram Atanesyana görə, Azərbaycan bu varislik prinsipinə görə, Ermənistanın suveren ərazisinin "bir hissəsinə iddia edir".

"Azərbaycan rəsmi və birmənalı şəkildə Azərbaycan SSR-in hüquqi varisi olduğunu bəyan etməli və Ermənistana qarşı güc tətbiq etmək hədələrindən əl çəkməlidir”,- Atanesyan deyir.

Siyasi şərhci Təbib Hüseynov isə bu fikirlə razı deyil və qeyd edir ki, Ermənistan Konstitusiyasında da müstəqil Ermənistanın 1918-ci ildəki respublikasının varisi olduğu göstərilib.

“Bu, unikal bir hal deyil və burada mübahisəli bir şey yoxdur. Məsələn, Rusiya 1991-ci ildə rəsmi olaraq, özünü SSRİ-nin hüquqi varisi kimi qəbul edib.

Bu, Rusiyanın bütün keçmiş ittifaq ölkələrinin ərazilərinə hüquqi iddia irəli sürməsi anlamına gəlmir. Latviya və Estoniya konstitusiyalarında 1918-ci ildə qurulmuş dövlətçiliyə istinadlar var.

Bu ölkələrin bəzi ərazilərinin sonradan Rusiyaya təhvil verilməsini nəzərə alsaq, Latviya və Estoniyanın konstitusiyalarında bu istinadların olması heç də Rusiyaya qarşı ərazi iddialarının olması mənasına gəlməyib", - Təbib Hüseynov deyir.

Azərbaycan və Ermənistan konstitusiya əngəlini necə həll edə bilərlər?
Yaxın aylarda Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi mümkün görünməsə də, siyasi şərhçilər Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmaların ola biləcəyini düşünürlər.

Onnik James Krikoriana görə, əsas məsələ konstutusiya dəyişikliklərinin necə və nə zaman qüvvəyə minməsidir:

“Biz hələ bilmirik, Əliyev çərçivə və ya hərtərəfli saziş imzalamadan öncə dəyişikliklərimi nəzərdə tutur. Ola bilər ki o, sadəcə olaraq, yekun sənədə istinad edə bilər, yəni, vaxtı gələndə konstitusiyada dəyişiklik etmək öhdəliyi belə kifayət edə bilər”.

Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsində əsas prinsiplər üzərində işin bir neçə aya yekunlaşa biləcəyini qeyd edib. Prezident bildirib ki, əsas prinsiplərlə bağlı razılıq əldə edilib, onların paraflanmasından sonra sülh müqaviləsi mətni üzərində işlər aparıla bilər.

Əsas prinsiplər ilə bağlı sənəd sülh müqaviləsi olmasa da, tərəflərin bu sənədin paraflanmasını qəbul etməsi sənəd üzərində dəyişiklik edilməyəcəyi mənasına gəlir.

BBC News Azərbaycancaya danışan hüquq müdafiəçisi Vardan Harutyunyana görə, Azərbaycan və Ermənistan gələcək nəsillər üçün sülh içində yaşanılacaq bir bölgə miras qoymaq istəyirlərsə, daxili qanunverciliyə baxmayaraq, sülh müqaviləsi imzalamalıdırlar. Onun fikrincə, daxili qanunvericilikdəki problemlər sonradan aradan qaldırıla bilər:

“Ermənistan və ya Azərbaycanın bu və ya digər sənədi qəbul etməsini gözləmək münaqişəyə son qoymamaq və onu dərinləşdirmək deməkdir.”- Vardan Harutyunyan deyir.

Jurnalist Onnik James Krikorianın fikrincə, Ermənistan xalqı hələ Azərbaycanın tələb etdiyi dəyişikliklərə hazır deyil, ona görə də kifayət qədər ictimai müzakirələr aparılmalıdır, həmçinin Ermənistanla Azərbaycan arasında dinamika yaxşılaşdırılmalıdır.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"

Dünyapress TV

Xəbər lenti