Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü deyib ki, Ermənistan konstitusiyası Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir.

"1990-cı il Müstəqillik Bəyannaməsi tam olaraq Ermənistan Konstitusiyasına daxil edilməyib və bu iki sənədin məzmunu eyni deyil", - Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 23-də Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümü ilə bağlı müraciətində bildirib.

Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəya istinad var.

Azərbaycan bu istinaddan narazıdır və ərazi bütovüyünə iddia kimi qəbul edir və Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür.
Nikol Paşinyan cümə günü deyib ki, müxtəlif şərhlərə baxmayaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin "bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib və bu iki sənədin məzmunu eynidir”.

Baş nazir bəyannamənin 5-ci maddəsini misal çəkərək vurğulayıb ki, bu maddəyə əsasən ölkənin hərbi və təhlükəsizlik qüvvələri keçmiş Ali Şuraya tabe idi və bu, artıq belə deyil.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.

O bu sözləri iyulun 5-də Ermənistanın Konstitusiya Günü ilə bağlı müraciətində deyib.

Nikol Paşinyan ilk dəfə deyil ki, yeni Konstitusiyaya ehtiyac olduğunu dilə gətirir. O bunu hazırkı konstitusiyanın erməni xalqının öz arasında və qonşuları ilə yaşamaq qaydaları haqqında anlayışı əks etdirməməsi ilə əlaqələndirir.

Hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var.

Eyni zamanda Ermənistanda da Azərbaycan Konstitusiyasını erməni ərazilərinə iddia mənbəyi kimi görürürlər.

Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün həm Azərbaycanda, həm Ermənistanda şərhçilərlə danışıb, onların bu iddialara münasibətini öyrənib.

Ermənistan konstitusiyasında Qarabağ müddəası
Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

1998-ci ildə Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Koçaryanın prezident seçkisindəki namizədliyini konstitusiyanın bu maddəsinə istinad edərək təsdiq etmişdi.

Ermənistan konstitusiyasına görə, prezident seçkilərində namizəd olmaq üçün Ermənistan vətəndaşı olmaq və son on ildə burda yaşamaq lazımdır. Koçaryan isə Qarabağda anadan olmuşdu və yalnız 1997-ci ildə Ermənistana köçmüşdü. Ona görə də o, prezidentliyə namizəd olmaq üçün bu iki şərtə uyğun deyildi.

Nikol Paşinyan bu ilin fevral ayının əvvəlində Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid edib: “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.

Amma o, eyni zamanda başqa çıxışlarının birində vurğulayıb ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur.
“Azərbaycan dayanıqlı sülh istəyir”
BBC Azərbaycancaya danşan Beynəlxalq Böhran Qrupunun ( International Crisis Group) keçmiş əməkdaşı, siyasi şərhci Təbib Hüseynova görə, Azərbaycan gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyindən və ya regionda siyasi-hərbi konyunkturanın dəyişməsindən asılı olmayan dayanıqlı sülh müqaviləsi istəyir.

Millət vəkili Rasim Musabəyov hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bu dəyişikliklər olmadan imzalanarsa, parlamentdə maneələrin ortaya çıxacağı qaçılmazdır:

“Sülh sazişi imzalandıqdan sonra sənəd təsdiq üçün parlamentə təqdim olunanda Paşinyana müxalif qüvvələr buna qarşı çıxacaq və konstitusiya məhkəməsindən sazişlə bağlı qərar verməsini tələb edəcəklər.

Heç də istisna olunmur ki, necə ki Türkiyə-Ermənistan protokolları ilə olduğu kimi, Konstutusiya Məhkəməsi yenə ikibaşlı qərar verəcəkdir.

Bir tərəfdən gələcəkdə yenə Azərbaycana qarşı ərazi iddiları ilə çıxış etməyə səbəb verəcək, digər tərəfdən isə bu müqavilənin təsdiqi üçün yaşıl ışıq yandıracaq. Azərbaycan üçün belə bir yanaşma məqbul deyil, ”- o, BBC Azərbaycancaya müsahibəsində qeyd edib.

“Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi görünəndə...”
Bəzi siyasi şərhçilər isə konstitusiya dəyişikliyi ilə bağlı tələblərin xaricdən gəlməsinin prosesə kömək etmədiyini düşünürlər.

BBC Azərbaycancaya danışan Britaniyalı jurnalist və siyasi şərhci Onnik James Krikoriana görə, Ermənistanda "revanşist qüvvələrin olmasına baxmayaraq" xalq Qarabağ və ətraf yeddi rayon üçün yenidən müharibə etmək istəməsə də, Bakının tələbi ilə konstutusiya dəyişikliyinə getməyi də qəbul etməz.

“Konstitusiya dəyişikliyi tələbləri kənardan diktə edilmiş kimi görünəndə bu kömək etmir. Amma münasibətləri normallaşdırmağa çalışdığınız ölkələrə qarşı, sözdə ərazi iddiaları, təbii ki, fayda vermir. İnsanlar bu cür dəyişiklikləri yalnız Bakının tələbi kimi görərlərsə, bunun əleyhinə səs verəcəklər. Hətta seçici passivliyi olarsa, bu, referendumun uğursuzluğa düçar olması demək olacaq", - Krikorian deyir.

Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin (2021 ilində bu say 2.6 milyon nəfər idi ) ən az 25 faizi və qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. Bu o deməkdir ki, 650 mindən çox Ermənistan vətəndaşı konstitusiya dəyişikliyinə “hə” deməlidir.

Krikorian əlavə edir ki, Nikol Paşinyan 2018 -ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyada dəyişikliklər etmək fikrində idi, lakin COVID pandemiyası və 2020-ci il Qarabağ müharibəsi buna mane oldu:

“Koçaryan və Sarkisyanın rəhbərliyi altında konstitusiyaya düzəlişlər etmək üçün keçirilən son iki referendum çox qüsurlu olub və buna görə də az adam buna bir sənəd kimi inanır. Paşinyan bunu dəyişdirmək və öz düzəlişlərini də əlavə etmək istəyir. O, artıq 2026-cı ilin sonuna qədər yeni konstitusiyanın hazırlanmasını tələb edib”.

Ermənistanda Azərbaycanın konstitusiya tələbləri necə qarşılanır?
Müxalif “Hayastan” alyansından bəzi millət vəkilləri yeni konstitusiya istəyən Paşinyanı Türkiyə və Azərbaycanın tələblərini yetirməkdə və “müasir erməni dövlətçiliyinin sütünlarını yıxmaqda” ittiham elədilər.

60-dan çox ictimai fəalın irəli sürdüyü “Hayakve" mülki qanunvericilik təşəbbüsü iyulun 5-də Konstitusiya günü bəyanatında Müstəqillik Bəyannaməsində Qarabağla bağlı maddənin çıxarılmasının qəbuledilməz olduğunu bildirib.

Onlar istənilən konstitusiya dəyişikliyinin və yeni konstitusiyanın qəbulunu “çevriliş” adlandırıblar və bildiriblər ki, bunun məqsədi müstəqil Ermənistan dövlətini aradan götürmək, Azərbaycan və Türkiyədən asılı dövlətə çevirməkdir.

“İstiqlal Bəyannaməsi konstitusiya sənədidir və Konstitusiyanın qəbulu üçün əsas olub. Müstəqillik Bəyannaməsinin prinsip və tələblərinə zidd olan Konstitusiya Ermənistanda qəbul edilə bilməz və mövcud ola bilməz”,- "Hayakve" bəyanatında qeyd edib.

BBC News Azərbaycancanın suallarını cavablandıran Ermənistanda hüquq müdafiəçisi Vardan Harutyunyana görə, ölkənin daxili qanunvericiliyi sülh sazişinin imzalanmasına maneə ola bilməz:

“Qarşılıqlı istək olarsa, əminəm ki, imzalanacaq, amma belə bir istək yoxdursa, hər zaman bəhanələr tapmaq olar.”- Harutyunyan deyir.

Onun sözlərinə görə Azərbaycanın bu tələbi Ermənistanda mənfi qarşılanır:

"Təbii ki, Ermənistanda belə tələblər mənfi reaksiya doğurur. Başqa cür ola bilməz. Nəzərə almaq lazımdır ki, bu sənədlər başqa tarixi dövrdə, tamamilə fərqli şərtlərin mövcud olduğu bir zamanda qəbul edilib.

Ermənistan, təbii ki, bu gün yeni reallıqlardan çıxış etməli olacaq, lakin keçmişdə olan sənədləri redaktə etmək ağılsızlıqdır və Azərbaycandan belə tələblər gələndə qəbuledilməzdir. Biz sülh yolunda bir-birimizə kömək etməliyik, süni maneələr yaratmamalıyıq", - Vardan Harutyunyan qeyd edir.

Ermənistanda Azərbaycan konstitusiyasına irad
Azərbaycan Ermənistan konstitusiyasında ərazi bütövlüyünə iddianı qaldırarkən, Ermənistandan da oxşar tələblər irəli sürülüb.

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycan konstitusiyasında bəzi maddələr dəyişdirilməlidir.

Ermənistanı narahat edən odur ki, Azərbaycan öz konstitusiyasında özünü 1918-ci ildə yaranmş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

BBC Azərbaycancaya danışan siyasi şərhci Vahram Atanesyana görə, Azərbaycan bu varislik prinsipinə görə, Ermənistanın suveren ərazisinin "bir hissəsinə iddia edir".

"Azərbaycan rəsmi və birmənalı şəkildə Azərbaycan SSR-in hüquqi varisi olduğunu bəyan etməli və Ermənistana qarşı güc tətbiq etmək hədələrindən əl çəkməlidir”,- Atanesyan deyir.

Siyasi şərhci Təbib Hüseynov isə bu fikirlə razı deyil və qeyd edir ki, Ermənistan Konstitusiyasında da müstəqil Ermənistanın 1918-ci ildəki respublikasının varisi olduğu göstərilib.

“Bu, unikal bir hal deyil və burada mübahisəli bir şey yoxdur. Məsələn, Rusiya 1991-ci ildə rəsmi olaraq, özünü SSRİ-nin hüquqi varisi kimi qəbul edib.

Bu, Rusiyanın bütün keçmiş ittifaq ölkələrinin ərazilərinə hüquqi iddia irəli sürməsi anlamına gəlmir. Latviya və Estoniya konstitusiyalarında 1918-ci ildə qurulmuş dövlətçiliyə istinadlar var.

Bu ölkələrin bəzi ərazilərinin sonradan Rusiyaya təhvil verilməsini nəzərə alsaq, Latviya və Estoniyanın konstitusiyalarında bu istinadların olması heç də Rusiyaya qarşı ərazi iddialarının olması mənasına gəlməyib", - Təbib Hüseynov deyir.

Azərbaycan və Ermənistan konstitusiya əngəlini necə həll edə bilərlər?
Yaxın aylarda Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi mümkün görünməsə də, siyasi şərhçilər Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmaların ola biləcəyini düşünürlər.

Onnik James Krikoriana görə, əsas məsələ konstutusiya dəyişikliklərinin necə və nə zaman qüvvəyə minməsidir:

“Biz hələ bilmirik, Əliyev çərçivə və ya hərtərəfli saziş imzalamadan öncə dəyişikliklərimi nəzərdə tutur. Ola bilər ki o, sadəcə olaraq, yekun sənədə istinad edə bilər, yəni, vaxtı gələndə konstitusiyada dəyişiklik etmək öhdəliyi belə kifayət edə bilər”.

Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsində əsas prinsiplər üzərində işin bir neçə aya yekunlaşa biləcəyini qeyd edib. Prezident bildirib ki, əsas prinsiplərlə bağlı razılıq əldə edilib, onların paraflanmasından sonra sülh müqaviləsi mətni üzərində işlər aparıla bilər.

Əsas prinsiplər ilə bağlı sənəd sülh müqaviləsi olmasa da, tərəflərin bu sənədin paraflanmasını qəbul etməsi sənəd üzərində dəyişiklik edilməyəcəyi mənasına gəlir.

BBC News Azərbaycancaya danışan hüquq müdafiəçisi Vardan Harutyunyana görə, Azərbaycan və Ermənistan gələcək nəsillər üçün sülh içində yaşanılacaq bir bölgə miras qoymaq istəyirlərsə, daxili qanunverciliyə baxmayaraq, sülh müqaviləsi imzalamalıdırlar. Onun fikrincə, daxili qanunvericilikdəki problemlər sonradan aradan qaldırıla bilər:

“Ermənistan və ya Azərbaycanın bu və ya digər sənədi qəbul etməsini gözləmək münaqişəyə son qoymamaq və onu dərinləşdirmək deməkdir.”- Vardan Harutyunyan deyir.

Jurnalist Onnik James Krikorianın fikrincə, Ermənistan xalqı hələ Azərbaycanın tələb etdiyi dəyişikliklərə hazır deyil, ona görə də kifayət qədər ictimai müzakirələr aparılmalıdır, həmçinin Ermənistanla Azərbaycan arasında dinamika yaxşılaşdırılmalıdır.
 
Ardını oxu...
Səadət Akifqızı
BBC Azərbaycanca
Putinin Bakıya dövlət səfərindən sonra, Azərbaycan BRICS adlanan təşkilata üzv olmaq istədiyini bəyan edib.

BRICS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birliyidir və ABŞ-ın iqtisadi hegemon olduğu dünyada iqtisadi və siyasi gücə malik olmaq istəyir.

Hələ ki, BRICS ölkələrinin Azərbaycanın üzvlüyünü qəbul edib-etməyəcəyi məlum deyil.

Azərbaycan hələ iyul ayında niyyətini açıqlayıb, rəsmi müraciət isə Putinin səfər etdiyi günlərdə açıqlanıb.
BRİCS nədir, hansı ölkələr var?
2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin Bric qrupunu yaradır. Dörd il sonra Cənubi Afrika da ona qoşulduqdan sonra, təşkilat Brics adlanmağa başlayır.

Bu ildən Misir, Ethiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata üzvlüyə dəvət olunub. Genişlənmiş qurumun yeni adı hələ elan olunmayıb, amma BRICS+ ola biləcəyi ehtimalı böyükdür.

Qrup dünyanın inkişaf etməkdə olan ən mühüm ölkələrini bir araya gətirmək, Şimali Amerika və Qərbi Avropanın daha varlı dövlətlərinin siyasi və iqtisadi gücünə meydan oxumaq üçün yaradılıb.

BRICS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir. Bu il rəhbərlik Rusiyadadır.

Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir?
Azərbaycan Xarici İşlər Nazirliyindən BBC-yə bu sualı şərh etməyiblər və proritetlər barədə danışmayıblar.

BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığın daha da genişləndirmək üçün platforma ola bilər.

Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər.

Çinin isə bölgədə strateji önəmi artır. Azərbaycan da iqtisadi və siyasi dəstək baxımdan Çinin imkanlarından imtina etməz. Elə bu quruma üzvlük arzusunu da Azərbaycan Çinlə birgə verdiyi, strateji əməkdaşlıq qurmaqla bağlı bəyannamədə səsləndirib.

Azərbaycan XİN rəsmisi Mahir Qasımov bir neçə ay əvvəl Bakıda BRICS-lə bağlı keçirilən bir tədbirdə quruma üzv dövlətlərin “böyük əmək bazarına və təbii resurslara” sahib olduğunu vurğulayıb.

“Bizim niyyətimiz BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir”, - Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib, yerli media yazıb.

“Azərbaycan özünə geosiyasi dəstək axtarır və güclü dövlətə sığınmaq istəyir. Amma Azərbaycan taleyini təkcə Rusiyaya bağlamaq istəmir, Çinlə Rusiya arasında balans yaratmağa çalışır",- politoloq Ərəstun Oruclu deyir.

Bu üzvlük Azərbaycana nə verə bilər?
Zaur Məmmədova görə, BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər, Sputnik Azərbaycan yazıb.

Məsələni yerli mediada təhlil edən bəzi şərhçilər hesab edirlər ki, bu üzvlük Azərbaycana həm də təhlükəsizlik qaranti verəcək.

Elxan Şahinoğlu BBC Azərbaycancaya deyir ki, Azərbaycan Orta Dəhlizin tərkib hissəsi olmaq və Çindən malların öz üzərindən Avropaya daşınacağına ümid edir.

BRICS-ə üzvlük Azərbaycanı Qərbdən uzaqlaşdıracaqmı?
“Uzaqlaşdıracaq, amma məsələ burasındadır ki, Azərbaycan çoxdan Qərbdən uzaqlaşıb”, - politoloq Ərəstun Oruclu deyir.

Siyasi şərhçiyə görə, Rusiya və İranın təzyiqləri arasında qalan Azərbaycan nicat yolu kimi Çinə üz tutur, “amma Bakıda anlamırlar ki, Çinin xarici siyasəti üzdə göründüyü kimi yumşaq deyil”.

Elxan Şahinoğluya görə, BRICS-ə üzvlüyü Azərbaycanı Qərbdən uzaqlaşdırmayacaq, çünki Bakı ABŞ-la, NATO ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanın bu quruma üzvlük niyyəti bəlli olandan sonra sosial mediada şərh yazanların bəziləri Azərbaycanın hələ də Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamadığını, Avropa dəstəkli Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmadığını xatırladırlar.

Qulu Məmmədli adlı bir sosial media istifadəçisi yazır: “Qərb təşkilatları adamdan insan haqları, demokratiya, siyasi məhbus, quru sərhədlər, sərbəst toplaşmaq, ifadə azadlığı kimi zəhlətökən nələrinsə mübahisəsini aparırlar. Amma qadasın aldığım Rusiyanın, Çinin belə bir tələbləri yoxdur”.

Azərbaycan Qoşulmama hərəkatının üzvüdürsə, niyə belə istəyi var?
BRICS hərbi təşkilat sayılmır. Buna görə də Qoşulmama hərəkatının üzvü olmasına rəğmən, belə bir təşkilatda üzvlük Azərbaycan üçün maneə sayılmır.

BRICS -in hədəfi nədir?
Qurum geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edib.

Bəzi Qərb təhlilçiləri hesab edirlər ki, qurumda hər ölkənin həm də öz maraqları var. Çin çalışır ki, xüsusilə Afrikada öz gücünü və təsirini artırsın, - Dublindəki Trinity kollecinin professor Padraig Carmody hesab edir.

Rusiya BRICS-i Qərbə qarşı mübarizəsinin bir hissəsi, Ukraynaya müharibəsindən sonra ona qoyulan sanksiyaların öhdəsindən gəlməyə kömək edən vasitə kimi görür, - Londonda mənzillənən Chatham House analitik mərkəzdən Creon Butler deyib.

Çin Prezidenti Xi Jinping ötən il Cənubi Afrikada keçirilən sammitdə bildirib ki, BRICS-in böyüməsi dünyanı sülh və inkişaf üçün daha da gücləndirəcək.

BRICS üzvlüyü üçün hansı kriteriyalara uyğunluq tələb olunur?
Yeni üzvdən BRICS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək olunur.

Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır.

Üzvlük proseduruna gəlincə, müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı”, sonra "perspektivli üzv dövlət" statusunu alır. Daha sonra “dəvət olunmuş BRICS üzvü dövlət” satusuna keçir və nəhayət sonuncu, dördüncü mərhələdə BRICS üzvü olan dövlət olur.

Təşkilata üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir.

BRICS-ə necə üzv olmaq olar?
Üzv olmaq istəyən dövlət BRICS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRICS üzv dövlət” satusuna keçir və nəhayət 4-cü mərhələdə BRICS üzvü olan dövlət olur.

Rəhbər ölkə BRICS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır.

Bundan sonra qurumun Sherpas adlanan qrupu (təşkilatlara üzv ölkələr arasında kommunikasiyanı həyata keçirir) hesab edərsə ki, “maraqlı” ölkə BRICS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir.

Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”-ə dəyişir.

Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRICS liderlərinə tövsiyə edir.

BRICS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır.

Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır.
 
 
 
Ardını oxu...
Kiyev üçün vacib olan Hindistanın Rusiyadan uzaqlaşaraq mövqeyini tədricən dəyişib-dəyişdirməyəcəyidir

Bu yaxınlarda Rusiyada Vladimir Putinlə görüşən Hindistanın Baş naziri Narendra Modi yaxın günlərdə Ukraynaya səfər edəcək. Bu, onun Rusiya təcavüzü başlayandan bəri Ukraynaya ilk səfəri olacaq. Və tarix - 23 avqust təsadüfən seçilməyib. Bu simvolikdir: Modi Müstəqillik Günü ərəfəsində, Ukraynanın Dövlət Bayrağı Günündə səfər edir. Bu çox şey deyir.

Belə ki, Ukrayna Modinin iyulda Moskvaya səfərini pisləyib. Axı Putinlə qucaqlaşma Rusiyanın Ukraynaya ciddi hava hücumu davam edərkən baş verib. Xüsusilə, Kiyev əziyyət çəkdi - Rusiya raketi uşaq xəstəxanasını dağıtdı, ölkənin müxtəlif şəhərlərində çoxlu itkilərə səbəb oldu. Bununla belə, siyasi dairələrdə belə bir versiya səslənirdi ki, Hindistanın Baş naziri Putinlə görüşəndə ​​o, Rusiyanın dinc əhalini atəşə tutmasından xəbərsiz olub. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski Modinin Kiyevə səfəri zamanı birbaşa iyuldakı raket hücumlarını xatırlada bilər. Zelenski həmin vaxt Modini sərt tənqid etdi ki, Baş nazir də bunu xatırlada bilər.

Düşünürəm ki, Zelenski Hindistanın Baş nazirinə indiki vəziyyətdə bu tənqidin siyasi deyil, emosional olduğunu çatdırmağın bir yolunu tapacaq. Çox güman ki, hindlilər bütün bunlardan xəbərdardırlar (lakin belə şeylər haqqında birbaşa və dar çərçivədə danışmaq daha yaxşıdır). Bunu Modinin Kiyevə səfərinin özü sübut edir.

Bundan əlavə, bir neçə vacib məqamı qeyd etmək lazımdır. Birincisi, bu qlobal oyunçunun Kiyevə ilk səfəridir. Axı Hindistan miqyasına və təsirinə görə hər zaman öz mövqeyinə malik qlobal oyunçudur. Vaşinqton və Pekin arasında qütblərin hökmranlıq etdiyi bir dünya haqqında danışarkən, Hindistan bununla heç vaxt razılaşmayan ölkələrdən biridir. Bununla belə, dünyanın ən böyük demokratiyası orada var. Bəlkə də bizim baxışımızdan ideal deyil. Amma bizim üçün bu demokratiya ilə qarşılıqlı əlaqə çox vacibdir. Hindistanlılar beynəlxalq platformalarda kifayət qədər fəaldırlar. Məsələn, Hindistan BRİCS-in üzvüdür və burada öz təsirini yaxşı göstərə bilir.

İkincisi, Modi ilə birbaşa əlaqə vacibdir. Hindistan hökumət sistemində Baş nazir ölkənin xarici siyasətini müəyyən edən və əsas qərarlar qəbul edən çox mühüm bir şəxsdir; Ukraynaya səfərlə Modi göstərir ki, o, bütün əsas oyunçularla danışmağa hazırdır, yalnız bir tərəfə diqqət yetirmir. Hindistan isə öz səsi və hər şeyi başa düşməsi üçün kifayət qədər böyük və güclüdür. Bu, çox çətin olsa da, dünya siyasətinin yüksək liqasına çıxmağa çalışan ölkədir. Ukraynaya bu səfər isə hamıya - istər Qərbdə, istərsə də Qərbdə deyil - Hindistanın hamı ilə ünsiyyətə hazır olduğunu nümayiş etdirməyin bir hissəsidir. Ancaq bu, hindlilərin dərhal Ukraynaya yaxın olacağı anlamına gəlmir.

Ukraynaya münasibətin tez dəyişməsi ehtimalından danışmaq olarmı? Hindistanın böyük bir filə bənzədiyini desəm hindli dostlar məni bağışlayacaqlar. “Böyük fil” isə həmişə yavaş-yavaş addımlayır. Ona görə də Hindistanın mövqeyində və ritorikasında hər hansı sürətli dəyişiklik gözləmək lazım deyil. Amma Ukraynanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan Hindistan vasitəsilə yan keçməyə çalışdıqlarını xatırlatmaq vacibdir. Və mövqeyi dəyişdirmək üçün mümkün olan hər şeyi etmək vacibdir. Məsələn, Hindistanın sonra dizel və benzin kimi satdığı neftin əhəmiyyətli hissəsini Rusiyadan endirimlə almaq... Çox şey hindlilərin buna necə reaksiya verəcəyindən də asılıdır.

Hindistan Rusiyaya təzyiq edəcəkmi? Çətindir. Ancaq indi bizim üçün vacib olan Hindistanın Rusiyadan uzaqlaşaraq mövqeyini tədricən dəyişib-dəyişdirməyəcəyidir. Nəhayət, bu post-müstəmləkə ölkədə daha yaxşı başa düşülsün ki, bizim müharibəmiz digər ölçülərlə yanaşı, imperiyanın dağılması, rus müstəmləkə sisteminin məhvinə hesablanıb.

Bu səfərdən nə gözləmək olar? Güclü siyasi əlaqələrin qurulması, Hindistanın beynəlxalq platformalarda bizim xeyrimizə daha fəal iştirakı, ritorikanın tədricən dəyişdirilməsi, Rusiyanın güzəştli idxalından imtina edilməsi və diqqətin dünyaya yönəlməsi vacibdir. Həm də hindistanlı iş adamlarının hələ müharibənin aktiv fazası bitməmiş Ukraynaya sərmayələri bizim dayanıqlılığımızı dəstəkləməkdə və gələcəkdə, bərpa prosesində öz yerlərini tutmasına zəmin yaradar.

Müəllif: Pavel Klimkin - Ukraynanın keçmiş xarici işlər naziri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistanın başçısı Emoməli Rəhmon arasında görüş keçirilib.

Publika.az Tengrinews.kz-a istinadla xəbər verir ki, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiq statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb.

"Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır", - nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirib.

Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.

Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər.

Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.
 
Ardını oxu...
Robert Kennedi Donald Trampı dəstəkləmək üçün namizədliyini geri çəkməyi düşünür.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu kiçik Kennedinin vitse-prezidentliyə namizədi Nikol Şanahan "Impact Theory"ə müsahibəsində deyib. Şanahan bildirib ki, nəzərdən keçirilən iki variant var: biri geri çəkilmək, Trampla qüvvələrimizi birləşdirmək, biri də qalmaq, yeni partiya yaratmaqdır".

Sorğular göstərir ki, Kennedinin kampaniyası Trampı dəstəkləyəcək seçicilərin daha çox dəstəyini cəlb edir.

Bununla belə, "Pew Research" tərəfindən aparılan təhlillər göstərir ki, Harrisin son dəstək artımı qismən əvvəllər Kennedi kampaniyasına meyl edən insanlardan qaynaqlanır.
 
 
 
Ardını oxu...
Rəsmi səsvermənin nəticələrinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris qarşıdan gələn noyabr seçkilərində Demokratlar Partiyasının dövlət başçısı vəzifəsinə namizədi kimi təsdiq edilib.

Bu barədə CNN məlumat yayıb.

Səsvermə Harrisin özü, prezident Co Bayden və həyat yoldaşı Cilin bir gün əvvəl çıxış etdiyi United Center qapalı idman arenasında keçirilib. Harris Demokratlar Konvensiyasının üzvlərinə onun namizədliyini uzaqdan təsdiqlədikləri üçün təşəkkür edib.

"Mən sizə təşəkkür edirəm!" - Harris konqres iştirakçılarına video yayımla bildirib.

Cümə axşamı axşamı Harris partiyanın namizədliyini qəbul edən rəsmi çıxışla qurultay iştirakçılarına müraciət edəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident postunu tutan Kamala Harris iyulun 21-də Co Bayden yarışdan çıxdığını elan etdikdən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olub. Respublikaçılar Partiyasının namizədi Donald Tramp onun əsas rəqibi olacaq.
 
Ardını oxu...
Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Tribunainfo.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
 
Ardını oxu...
“Rusiyanın danışıqlar platforması Bakı üçün məqbuldur”.

“AzPolitika” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində jurnalistin münaqişənin həllində Rusiyanın rolunun nə dərəcədə güclü olması və Bakının Moskvadan nə gözlədiyi barədə sualını cavablandırarkən bildirib.

V.Bayramov 2020-ci ilin 44 günlük müharibəsindən sonra əldə olunan razılaşmalarda Putinin rolunu qeyd edib, müharibədən sonrakı dövrdə Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan rəsmiləri arasında bir sıra görüşləri xatırladıb.

"Danışıqlar prosesinin formatı... Biz buna açığıq. Bunun üçün biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatdan istifadə edirik. Biz fərqli platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə məqbul olub və təbii ki, bundan sonra biz bu platformadan da istifadə etməyə hazırıq”, - deyən Bayramov İrəvanın bu yaxınlarda həmin platforma ilə razılaşmadığını xatırladıb.
 
Ardını oxu...
"Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, Kursk vilayətinin ərazisini işğal etmək cəhdlərindən sonra Kiyevlə hər hansı danışıqlardan söhbət gedə bilməz".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalına verdiyi şərhdə bildirib.

"Prezident bu barədə çox açıq şəkildə dedi ki, Kursk vilayətinə hücumlar, hətta hücumlar yox, Kursk vilayətinin ərazisinə müdaxilədən sonra heç bir danışıqlardan söhbət gedə bilməz", - Lavrov qeyd edib.

"Diqqətinizi çəkmək istədiyim çox əhəmiyyətli bir ifadə də dedi ki, bu vəziyyəti bir az sonra mütləq qiymətləndirəcəyik", - Rusiya XİN rəhbəri əlavə edib.

Dünyapress TV

Xəbər lenti