Ardını oxu...
"Papikyanın Gürcüstana səfərində əsas məqsəd Tiflisin Avropadan Ermənistana gələn silahların daşınmasına razılıq verməsilə əlaqədardır və bu baş tutarsa, regionda yeni müharibəyə "töhfə" vermək demək olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan müdafiə naziri Suren Papikyanın Gürcüstan səfərini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Gürcüstan Ermənistan üçün indiki vəziyyətdə Qərbə, Avropaya çıxış qapısıdır. Ona görə də Gürcüstan dövləti İrəvan üçün strateji xarakter daşıyır:

"Təkcə müdafiə naziri Papikyan deyil, Ermənistanın digər dövlət rəsmilərinin tez-tez Tiflisə olan səfərləri məhz Gürcüstanın Avropaya açılan qapı olması ilə əlaqədardır. Rusiya ilə münasibətlərin gərginləşməsi, Azərbaycan və Türkiyədən çıxışın olmaması fonunda İrəvan Gürcüstanı Qərb dünyasına yeganə çıxış qapısı kimi dəyərləndirir. Ona görə də İrəvanda şimaldakı qonşusuna çox həssas ölkə kimi baxırlar. İrəvan həmçinin ordusunun silahlandırılması ilə bağlı loqistik problemləri düşünür. Paşinyan da bunu dəfələrlə vurğulayıb. İndiki halda Hindistan, Fransa və digər ölkələrdən Ermənistana gələn silahlar məhz İran vasitəsilə daşınır. Ancaq Ermənistan üçün daha rahat yol Gürcüstan üzərindəndir".

Ekspert bildirib ki, Tiflis bu məsələdə İrəvana yaşıl işıq yandırsa, Ermənistanın Avropadan silahlandırılması xeyli asanlaşacaq:

"Papikyanın Gürcüstan Müdafiə Nazirliyilə əməkdaşlıqda əsas niyyəti də Tiflis hakimiyyətinin silahların daşınmasına razılıq verməsilə əlaqəlidir. Bu məsələ tez-tez iki dövlət arasında müzakirə olunur. Çünki Tiflis üçün Türkiyə və Azərbaycan amili də var. Bakı Tiflisi bu yöndə xəbərdar edib ki, Ermənistana gedən silahlar Gürcüstandan keçməsin. Bu silahların Ermənistana ötürülməsinin asanlaşdırılması regionda yeni müharibəyə "töhfə" vermək deməkdir".

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 1-də Gürcüstana səfərə gedib. Bu barədə erməni rəsmi qaynaqları məlumat yayıb. Lakin səfərin məqsədləri barədə heç nə deyilmir.
 
Ardını oxu...
2024-cü ilin dekabrında Belarus və Rusiya arasında Təhlükəsizlik Zəmanəti Sazişinin imzalanması planlaşdırılır.

Bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov ölkə Prezidenti yanında İdarəetmə Akademiyasında tələbələr qarşısında çıxışı zamanı deyib.

"Bu ilin dekabrında qeyd edəcəyimiz İttifaq Dövləti haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümü üçün biz Rusiya ilə iki ölkə üçün təhlükəsizlik təminatlarına dair dövlətlərarası saziş imzalamağı planlaşdırırıq", - Rıjenkov qeyd edib.

O əlavə edib ki, bu, nüvə və adi silahlardan istifadə prinsipini, eləcə də Silahlı Qüvvələrin bir hissəsi olan hər iki dövlətin müdafiəsinin digər üsullarını əhatə edəcək.

Rıjenkov bəyan edib ki, Minsk və Moskva xarici siyasət sahəsində əlaqələndirilmiş fəaliyyət proqramını yeniləyir və həyata keçirir: "Birlik dövlətinin hərbi siyasəti və silahlı müdafiəsinin təşkili məsələlərinə dair razılaşdırılmış qərarların qəbulunu tənzimləyən sənədlər təsdiq edilib".
 
 
 
Ardını oxu...
“Təklifimizi rəsmi Bakıya təqdim etdik. Sülh müqaviləsinin son variantında 17 maddə var ki, onlardan 13-ü, o cümlədən müqavilənin ön sözü razılaşdırılıb. Maddələrin əksəriyyətinin mətnləri razılaşdırılıb. Bizim təklifimiz bütün razılaşdırılmış maddələri götürərək, bu əsasda sülh müqaviləsini imzalamaqdır. Bunu zəruri hesab edirik, çünki bu maddələrdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. İmzalamaq və ratifikasiya etmək, qalan məsələləri isə razılaşdırmağa davam etmək lazımdır”.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bir çox sualları cavablayıb. Hər halda görüntü belə idi: təbii ki, sualların tam əksəriyyəti əvvəlcədən Paşinyan administrasiyasında hazırlanmış, razılaşdırılmış və jurnalistlərə paylanmışdı.

Şou primitiv və bir qədər bayağı-darıxdırıcı olsa da, Ermənistandakı mövcud hakimiyyətin siyasi anatomiyasını, ələlxüsus da yaxın gələcəkdə rəsmi İrəvanın hansı addımlar ataraq qərarlar verəcəyi baxımından maraqlı idi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyini qeyri-səmimilikdə, siyasi saxtakarlıqda və sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə süni əngəllər yaratmaqda çox haqlı olaraq ittiham edib.

“Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir”, – Azərbaycanın dövlət başçısı bəyan etmişdi.

Nikol Paşinyan öz aləmində cavab verməyə çalışıb.

“Azərbaycan tərəfi atışmalar haqqında danışarkən, Ermənistan tərəfi isə onların olmadığını iddia edəndə, ən yaxşı həll bu vəziyyəti monitorinq etmək üçün bir layihə yaratmaq olardı. Minsk qrupunun ləğvinə gəldikdə isə, biz bunun sülh müqaviləsi çərçivəsində mümkün olduğunu düşünürük, amma məsələ ondadır ki, bunu indi müzakirə etmək lazımdırmı? Azərbaycan bu məsələni elə bir şəkildə istifadə edir ki, Ermənistan Minsk Qrupunun ləğvinə dərhal razılaşmazsa, bu, ərazi iddiaları kimi qiymətləndirilir. Bizim belə iddialarımız yoxdur.

Bundan əlavə, onlar Ermənistan Konstitusiyasında ərazi iddialarının olduğunu iddia edirlər. Biz bununla razı deyilik. Onlar Konstitusiyanın preambulasında müstəqillik bəyannaməsinə istinad olduğunu deyirlər, burada isə “Dağlıq Qarabağdan” bəhs edilir. Məsələn, Bəyannamədə silahlı qüvvələrin Ali Sovetin rəhbərliyi altında yaradılacağını bildirən 5-ci maddə var. Amma 1995-ci ildə Konstitusiya qəbul edildikdə, ordu və DİN dərhal Respublika Prezidentinə tabe oldu ki, bu da Bəyannamənin mətninin Konstitusiyaya sözbəsöz köçürülmədiyini göstərir: Konstitusiyada yazılanlar məhz ona aiddir, yazılmayanlar isə Konstitusiyaya aid deyil. “Dağlıq Qarabağ” xalqı heç vaxt Ermənistan Respublikasında keçirilən seçkilərdə iştirak etməyib.

İndi gəlin Azərbaycanın Konstitusiyasına nəzər salaq. Orada 1991-ci il müstəqillik aktına və 1918-ci il Azərbaycan Müstəqillik Bəyannaməsinə istinad var, burada Azərbaycan özünü Cənub-Qərbi Zaqafqaziya, Tavuş, Gədəbəy və Ararat vilayətlərini əhatə edən Azərbaycanın hüquqi varisi kimi təqdim edir. Bizim Konstitusiyamızla müqayisədə, Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Biz bu məsələni qaldırmırıq, çünki sülh müqaviləsində razılaşdırılmış maddələrdə artıq qeyd olunub ki, tərəflərdən heç biri öz daxili qanunvericilik aktlarına istinad edə bilməz”.

Ermənistanda Konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumun 2027-ci ilə qədər təxirə salınması, ölkənin siyasi gündəminin ən vacib məsələlərindən biridir. Bu qərarın arxasında duran səbəblər və onun regiondakı sülh prosesinə təsirləri ətraflı təhlil edilməlidir.

N.Paşinyan hökumətinin əvvəlcə 2026-cı ildə keçirilməsi planlaşdırılan Konstitusiya islahatlarının 2027-ci ilə qədər uzadılması Ermənistanın Azərbaycanın sülh təkliflərindən qaçmaq siyasətinin tərkib hissəsi kimi görünür. Ermənistanın bu addımı N.Paşinyanın beynəlxalq arenada zaman qazanmağa çalışdığını və daxili siyasi dinamikadan istifadə edərək Ermənistanın ərazi iddialarını davam etdirmək niyyətində olduğunu göstərir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması, uzunmüddətli sülhün təmin olunmasının əsas şərtidir.

Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə yubadır və regionda qeyri-sabitliyin davam etməsinə şərait yaradır. Əks halda Ermənistanın daxili siyasi vəziyyətini nəzərə alaraq, Paşinyan hökuməti Konstitusiya dəyişikliyini daha sürətli bir şəkildə həyata keçirə bilərdi. Bunun üçün üç il kimi uzun bir müddətə ehtiyac yoxdur. Bu vəziyyət, Ermənistanın daxili və xarici siyasətinin ziddiyyətlərini ortaya qoyur.

Bununla belə, Ermənistanın sülh müqaviləsində maraqlı olmaması, bölgədə yeni eskalasiyalara gətirib çıxara bilər. Azərbaycanın dəfələrlə vurğuladığı kimi, Ermənistanın uzaqmənzilli raketlər və digər hərbi texnika əldə etməsi, bölgədəki hərbi balansı dəyişdirə bilər və bu, növbəti hərbi toqquşmaların başlanğıcını qoyar. Bu baxımdan Paşinyan hökuməti ya reallığı qəbul edərək Konstitusiya dəyişikliklərini sürətləndirəcək, ya da Ermənistanı daha da uçuruma sürükləyəcək bir strategiya seçəcək.

Ermənistan hökumətinin növbəti addımları onun səmimiyyətini ortaya qoyacaq. Əgər Paşinyan hökuməti həqiqətən də Ermənistan cəmiyyətində islahatların həyata keçirilməsinə dair müqavimətin mövcud olduğunu iddia edirsə, bu, sadəcə bir bəhanədir. Əksinə, bu, Paşinyanın ölkədaxili siyasi təzyiqləri neytrallaşdırmaq və bölgədə sülh prosesini ləngitmək cəhdi kimi qiymətləndirilə bilər.

Azərbaycan üçün isə əsas məqsəd Ermənistanı Konstitusiya islahatlarına məcbur etməkdir, çünki bu, regionda uzunmüddətli və davamlı sülhün təmin olunması üçün vacibdir. Ermənistan hökumətinin atacağı növbəti addımlar Nikol Paşinyanın bu məsələdə nə qədər səmimi olduğunu və ya onun sadəcə vaxt qazanmaq niyyəti güddüyünü müəyyən edəcək.

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması, iki ölkə arasında imzalanacaq hər hansı bir sülh sazişinin dayanıqlılığına ciddi təhdid təşkil edir. Bu, xüsusilə də Ermənistan hakimiyyətinin və revanşist qrupların istənilən an bu sazişi pozmaq niyyətində olduğunu göstərir. Konstitusiya dəyişiklikləri olmadan imzalanacaq sülh sazişi, Ermənistanın milli hüquqi çərçivəsinə uyğun gəlmədiyi üçün hüquqi cəhətdən boşluqlarla dolu olacaq və gələcəkdə ciddi problemlərə səbəb ola bilər.

Ermənistan Konstitusiyasında yer alan bu ərazi iddiaları bir neçə beynəlxalq sənədlərə, qanunlara və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. İlk növbədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri (822, 853, 874 və 884 saylı qətnamələr) xatırlatmaq lazımdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələb edilmişdi. Ermənistan Konstitusiyasının bu qətnamələrə zidd olması, onun beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun gəlmədiyini göstərir.

Bundan əlavə, Ermənistan Konstitusiyasında ərazi iddialarının yer alması Helsinki Yekun Aktında (1975) təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ziddir. Helsinki Yekun Aktı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzv dövlətləri arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qorunması prinsiplərini təmin edir. Ermənistanın bu prinsipə zidd davranması, beynəlxalq arenada onun mövqeyini zəiflədir və hüquqi olaraq Azərbaycanın haqlı mövqeyini gücləndirir.

Ermənistanın bu ərazi iddiaları, həmçinin BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd olunan “dövlətlərin suveren bərabərliyi” və “ərazi bütövlüyü” prinsipinə də ziddir. Bu prinsiplər hər bir dövlətin öz ərazisində tam suverenliyə malik olduğunu və başqa bir dövlətin ərazisinə iddia etməsinin qanunsuz olduğunu təsbit edir. Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazilərinə dair iddiaların yer alması bu beynəlxalq prinsiplərin kobud şəkildə pozulması deməkdir.

Bütün bu amillər nəzərə alındıqda Ermənistanın Konstitusiyasında dəyişikliklər edilmədən Azərbaycanla imzalanacaq sülh sazişinin hər an pozula biləcəyi aydındır. Belə bir vəziyyət, bölgədə davamlı sülhün əldə olunmasını çətinləşdirir və gələcəkdə yeni münaqişələrin yaranmasına zəmin yaradır. Ermənistanın beynəlxalq hüququn əsas prinsiplərinə uyğun davranması, sülh prosesinin uğurla başa çatması üçün vacibdir. Sülh sazişinin dayanıqlılığı və Ermənistanın beynəlxalq hüquqla uyğunsuzluqlarının aradan qaldırılması üçün Konstitusiyasında zəruri dəyişikliklər etməsi şərtdir.

 
Ardını oxu...
ABŞ Vitse Prezidenti və Demokratların prezidentliyə namizədi Kamala Harris Respublikaçı rəqibi Donald Trampı bütün debat boyu mikrofonları açıq saxlamağa çağırıb.

Harris və Tramp sentyabrın 10-da ABC telekanalının təşkil edəcəyi debatda iştirak etməyə razılıq veriblər.

"Donald Tramp onun canlı mikrofonla debat keçirməsinə icazə verməyən məsləhətçilərinə təslim olur. Əgər öz komandasının ona etimadı yoxdursa, Amerika xalqı qətiyyən ona etimad göstərə bilməz," Harris X sosial media platformasına bildirib.

"Biz ABŞ prezidentliyi uğrunda mübarizə aparırıq. Gəlin debatı şəffaf - mikrofonların bütün vaxtı açıq qaldığı şəraitdə keçirək."

Tramp deyib ki, ki, o, öz mikrofonunun açıq qalmasına üstünlük verir və ötən dəfə o vaxtkı rəqibi Co Baydenlə debat zamanı mikrofonunun söndürülməsi xoşuna gəlməmişdi.

“Qızmar mikrofon” kimi tanınan hallar siyasi namizədlərə həm kömək edə, həm də zərər vura bilər. Belə ki, bəzən ictimaiyyət üçün nəzərdə tutulmayan replikalar eşidilə bilər. Qapanmış mikrofonlar həmçinin debatçıların öz opponentinin sözünü kəsməyə imkan vermir.

ABC telekanalının nümayəndəsi məsələyə dərhal şərh verməkdən boyun qaçırıb.

Ötən çərşənbə axşamı debat qaydalarını müəyyənləşdirən ABC bildirib ki, mikrofon yalnız namizədin danışmaq növbəsi çatanda açılacaq, və həmin vaxt rəqibin mikrofonu söndürülmüş olacaq.

Bu, Co Baydenin yarışdan çəkilməsindən sonra Kamala Harislə Donald Tramp arasında ilk debat olacaq. CNN telekanalının iyun ayında təşkil etdiyi debatda Baydenin çıxışı tənqidlərə məruz qalmış və onun əqli qabiliyyəti ilə bağlı şübhələrə yol açmışdı.

Demokrat vitse prezidentliyə namizəd Tim Valz və Respublikaçı vitse prezidentliyə namizəd JD Vans 1 oktyabrda CBS telekanalında keçiriləcək debatda qarşılaşacaqlar.
 
Ardını oxu...
"NATO və onun Rusiya Federasiyasının sərhədlərinə yaxın ölkələrinin hərbi potensialının artırılması təxribat xarakterlidir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Litvada Bundesver əsgərlərinin yerləşdiriləcəyi hərbi bazanın tikintisi ilə bağlı RİA Novosti-yə şərhində deyilir.
Bundan əvvəl mətbuatda Litvanın 2027-ci ilin sonuna qədər 4000 Bundesver əsgərinin yerləşdiriləcəyi hərbi bazanın tikintisinə başladığı barədə xəbərlər yayılmışdı.
“Biz daim vurğulayırıq ki, NATO və onun üzvü olan ölkələrin Rusiya sərhədləri yaxınlığında aktivliyi və hərbi potensialının artması təxribat xarakterlidir”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Bu, hərbi bazaların tikildiyi Litva ərazisində Bundesver briqadasının planlaşdırılan yerləşdirilməsinə də aiddir", - şərhdə bildirilir.

Dia-az.İnfo

Bundesver - Almaniyanın silahlı qüvvələridir, üç xidmət strukturuna malikdir (quru qoşunları, hava qüvvələri və dəniz qüvvələri). Həmçinin, 2000-ci ildə Almaniya Silahlı Qüvvələrinin tərkibində ayrı-ayrı komponentlər kimi birgə dəstək qüvvələri və tibbi xidmət yaradılıb.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Ardını oxu...
Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların avqustun 30-da imzalanmış əsasnamənin təsdiqinin daxili prosedurlarını açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi təfərrüatlara varmadan yalnız prinsipləri müəyyən edən əsasnamənin imzalandığını və sənədin ölkədaxili təsdiqi prosesinə artıq başlanıldığını bildirib.

“Qərar Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökumətin müzakirəsinə çıxarılacaq, bundan sonra onun Milli Məclisdə ratifikasiyası proseduruna başlanılacaq. Bunun üçün sənəd əvvəlcə Konstitusiya Palatasına göndəriləcək. Məhkəmə onun Konstitusiyaya uyğunluğunu müəyyən edəcək”, - Ermənistan Respublikası Baş nazirinin Aparatından verilən məlumatda belə qeyd edilir.

Xarici İşlər Nazirliyinin açıqlamasından yarım saat sonra Ermənistan Nazirlər Kabineti qərarın diplomatik kanallar vasitəsilə sənədlərin əslinin mübadiləsi yolu ilə imzalandığını açıqlayıb.

Amma nə Xarici İşlər Nazirliyi, nə də Baş Nazirlik əsasnaməni kimin imzaladığına və üzbəüz görüşün niyə baş tutmadığına aydınlıq gətirməyib.

Bundan sonra Milli Məclisin Xarici Əlaqələr Komitəsinin sədri sənədi Ermənistanın və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin imzaladığını deyib.

Əsasnamənin parlamentə nə vaxt təqdim olunacağına gəlincə, Sarkis Xandanyanın fikrincə, bu, ali məhkəmənin qərarından asılıdır.

“Müsbət nəticə olarsa, hökumət artıq onu Milli Məclisə göndərəcək. Milli Məclis isə müəyyən olunmuş qaydada müzakirə edib qərar qəbul edəcək.

İstənilən saziş və ya beynəlxalq sənəd kimi, bu sənəd də, səhv etmirəmsə, deputatların ümumi sayının səs çoxluğu ilə bir oxunuşda müzakirə edilərək qəbul edilir”, - Xandanyan belə deyib.

İmzalanmış sənədin məzmunu hələ də məlum deyil. Baş nazirlik onu gələn bazar ertəsi dərc edəcəyini vəd edir. Bu arada Baş nazirin dəftərxanası sənədin siyasi məzmununun bir neçə ay əvvəl açıqlandığını vurğulamağı zəruri hesab edir.

Söhbət baş nazirlərin müavinlərinin 2024-cü il 19 aprel tarixli görüşündən gedir. Məhz həmin gün Ermənistan və Azərbaycanın sərhəd delimitasiyası komissiyaları delimitasiya prosesində Almatı Bəyannaməsini rəhbər tutması barədə razılığa gəliblər.

“Sərhədin demarkasiyası eyni prinsiplə davam edəcəkmi” sualına Ermənistan Baş nazirinin dəftərxanası yalnız əvvəl əldə edilmiş razılaşmaya istinad edərək dəqiq cavab verməyib.

“Həmin danışıqlar zamanı (19 aprel - red.) İrəvan və Bakı nümayəndələri reqlamenti təsdiq edildikdən sonra onlar sektorların, o cümlədən anklavların və eksklavların delimitasiyası prosedurunu razılaşdırmaq qərarına gəliblər. Bu gün nə Xarici İşlər Nazirliyi, nə də Baş nazirin dəftərxanası sonra hansı ərazilərin demarkasiyasına qərar verilib-verilmədiyinə aydınlıq gətirməyib” - “Azadlıq” radiosunun Ermənistan xidməti belə yazır.

“Növbəti mərhələdə sərhədin hansı hissələrinin müəyyən ediləcəyi, demarkasiya işlərinin ardıcıllığı müəyyən ediləcək. Ermənistan tərəfi eyni səylərlə işi davam etdirməyə hazırdır”, - deyə Sarkis Xandanyan əlavə edib.
Ardını oxu...
Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirakından narahat deyil, çünki Moskvanın Ulan-Batorla "əla dialoqu" var.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Rusiya dövlət başçısı sentyabrın 3-də Monqolustana rəsmi səfər etməyi planlaşdırır. Peskov bu səfərin bütün aspektlərinin diqqətlə hazırlandığını vurğulayıb.

"Narahatlıq yoxdur, Monqolustanda olan dostlarımızla "əla dialoqumuz" var", - deyə o, müvafiq sualı cavablandırıb.

Xatırladaq ki, 2023-cü il martın 17-də BCM Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı "əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyası və onların qanunsuz olaraq Rusiyaya köçürülməsindən ibarət olan" hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsə order verib. Bir il sonra, iyunun 25-də BCM-in İstintaq Palatası həmçinin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
 
 
 
Ardını oxu...
Rusiyalı generalların "düşməni darmadağın etmək" vədlərinə rəğmən Ukrayna ordusunun Kursk bölgəsinə hücumu üç həftədən çoxdur davam edir. Burda baş verənlər müharibənin əvvəlindən bəri Vladimir Putinin reytinqinə vurulan ən güclü zərbə olub.

Bakupost.az xarici KİV-ə istinadın xəbər verir ki, Rusiya cəmiyyətində prezidentin fəaliyyətini bəyənilmə səviyyəsi 72,4% -ə düşüb. Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin məlumatına görə, bu, müharibənin ilk həftəsindən indiyədək ən aşağı göstəricidir.

Qeyd edək ki, bundna əvvəl kütləvi səfərbərliyə görə Putinə inam 78% -ə qədər (2022-ci ilin noyabrında), "Vaqner"in üsyanından sonra isə 76,8% faizə düşmüşdü.
 
 
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq" adlı süjetdə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə, Moskvanın Ermənistanda və bölgədəki maraqlarına, geosiyasi mübarizənin regiona təsirinə və Zəngəzur dəhlizi ətrafında intriqaların kəskinləşməsinə dair məsələlərə toxunulub.

Bildirilib ki, indiki diplomatik mübarizə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan məsələsini aktuallaşdırır: "Çünki Zəngəzur dəhlizinin açılması tarixi torpaqlarımıza qayıdış strategiyasının əsas komponentlərindən biridir. Hazırda müşahidə edilən prosesləri nəqliyyat dəhlizləri üzərindəki mübarizə adlandırmaq mümkündür. Bu mübarizədə Zəngəzur dəhlizi açar mövqeyə malikdir. ABŞ Cənubi Qafqazdakı kommunikasiyanı Rusiya və Çinin iştirakı olmadan öz planına uyğun açarsa, Orta dəhlizi nəzarətə götürəcək və Moskva üçün həyati əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat layihəsinə problem yaradacaq. Rusiya önə çıxarsa, həm regiondankənar qüvvələri oyundan çıxaracaq, həm regionun kommunikasiyasında iştirak imkanı əldə edərək Orta dəhlizdə mövqelərini gücləndirəcək, həm də Şimal-Cənub layihəsinin işləkliyini təmin edəcək".

Qeyd olunub ki, pərdəarxası proseslərdə Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib və Rusiya dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin (FTX) iştirakı ilə açılmasında israrlıdır. Bunun üçün Ermənistana təzyiqlərini artıracaq. Ermənistanın təzyiqdən yayınmaq üçün iki istiqamətdə addım atacağı mümkün variantlardandır. Birincisi, İrandan dəstək istəyəcəklər. İkincisi, Qərbdən praktiki dəstək almağa çalışacaqlar. Bu, Qərb qüvvələrinin bölgədə yerləşdirilməsini sürətləndirə, hətta buna zəmin yaratmaq üçün Azərbaycanla sərhəddə təxribat hücumlarını genişləndirə bilər. Bu təxribatların məsuliyyəti Ermənistan və onu dəstəkləyən ölkələrin üzərinə düşür".

Sonda vurğulanıb ki, mümkün təxribatlar Azərbaycan Ordusunun hərəkətə keçməsi və şərti sərhədlərin tarixi torpaqlarımızın - Qərbi Azərbaycanın dərinliklərinə qədər irəli çəkilməsi ilə nəticələnə bilər: "Ermənistan təxribata əl atanda iki dəfə düşünməlidir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti