67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib.
Bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib.
44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə aparmaq çətindir.
“Bu, ərimin eksklüziv şəkillərini çəkməyə çalışan fotoqraflar və videoqraflara müraciətdir. Bilirəm bu işinizdir, amma məsafəni saxlamağa çalışın. Xahiş edirəm ərimin halını soruşmaq üçün qışqırmayın və ona fit çalmayın. Qoy ailəmiz və ya onu müşayiət edən hər kəs onu A nöqtəsindən B nöqtəsinə təhlükəsiz şəkildə çatdıra bilsin”, - deyə Hemminq bildirib.
Xatırladaq ki, Hemminq bundan əvvəlki müraciətində ötən il “afaziya” diaqnozu qoyulan 67 yaşlı Uillisin xəstəliyinin irəlilədiyini və frontotemporal demensiya (FTD) diaqnozu qoyulduğunu elan etmişdi.
Uillis hələ ötən ilin martında xəstəliyi səbəbindən aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.
Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”), “Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına üç namizədlikdən ikisində laureat olub.
Alimlə bağlı dahi Nizami Gəncəvinin sözlərini əbəs yerə yazıya başlıq seçmədik. Doğrudan da, böyük şairimiz alimin həqiqi yerini, mərtəbəsini dəqiq göstərib: Rütbələr içində seçilir biri, Hamıdan ucadır alimin yeri. Həqiqətən də dünyada nə qədər rütbələr, peşələr, sənətlər var. Hamısından ucada alim dayanır. Amma söhbət həqiqi el adamlarından, elm fədailərindən gedir. Ta bizim məmur alimlərdən, icra başçısı alimlərdən, nazir alimlərdən, deputat alimlərdən, hətta müğənni alimlərdən getmir ee… Söhbət məmur alimlərdən düşmüşkən… İllər öncə adını çəkmək istəmədiyim məşhur şairlərdən birinin məmur-alim oğlu ilə müsahibə götürürdülər. Müxbir soruşurdu ki, siz alimsiniz, yoxsa məmur..? Məşhurun oğlu nə cavab versə yaxşıdır… Mən məmur-aliməm… Bu məsələ ilə bağlı bir vacib məqamı yada salmaq istəyirəm. Rəhmətlik, Ulu Öndərimiz Heydər Əliyev birinci hakimiyyət dönəmində məmurların alim olmasına, elmi iş götürüb dissertasiya müdafiə etməsinə müsbət yanaşmırdı. Çünki Heydər Əliyev gözəl bilirdi ki, məmurdan alim olmaz. Hətta bir məsələni də dəqiq xatırlayıram. Bir dəfə Elmlər Akademiyasının o zamankı prezidenti rəhmərlik Fərəməz Maqsudov çəkinə-çəkinə Heydər Əliyevə akademik adının verilməsini təklif etdi… Ulu Öndərin ona acı-acı baxışı indi də yadımdadır. Çünki Heydər Əliyev öz uca mərtəbəsini gözəl bilirdi. Nə isə, sözün qısası, son 15-20 ildə “paçka-paçka” məmur-alimlər ortaya çıxıb. Anlamaq olmur ki, bunlar o boyda məmur işindən necə vaxt tapıb elm dəryasına kəllə vururlar. Əslində onlar elmdən çox uzaq adamlardılar. Sadəcə, şan-şöhrət, alim olmaq istəyirlər. Hətta bəziləri deyir ki, məmur işi-vəzifə müvəqqətidir, vəzifədən çıxandan sonra universitetlərin birində dərs deyəcəm. Yəni təhsilimizin başına yekə daş salanlardan biri də məmur-alimlərdir. İnanırsınız, bunlar heç dissertasiya müdafiə etdikləri mövzunu bilmirlər. Sadəcə, pul verib hazır elmi iş alırlar. Yəni bunlar elmi də bazara çeviriblər. Bu gün Azərbaycanda alim olmaqdan asan heç nə yoxdur. Bunlar elmə heç bir yenilik-filan gətirmirlər. Bir məsələni də yada salım. Çoxlarının yaxşı yadında olar. 90-cı illərdə tez-tez oxuyurduq ki, filan məmur Nyu York akademiyasının üzvü seçilib. Adam məəttəl qalırdı. Hətta o vaxt Ramiz Mehdiyev də, hətta bəzi müxalifət liderləri də Nyu-York akademiyasının üzvü olmuşdu. Çox sonradan bəlli oldu ki, bu akademiyanın üzvü olmaq üçün 108 dollar pul köçürmək kifayət imiş. Sizi inandırıram ki, bu alimlərin çoxu heç FAİZ hesablaya bilmir. Nə isə… Həə, bir məsələni də qeyd edərək yazımızı yekunlaşdıraq. Deməli, hansı məmurun tərcümeyi-halına nəzər salırsansa, bəlli olur ki, qoca vaxtında Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görəsən bu bəzi alimi-biəməllər neçə saat dərsdə olublar, ümumiyyətlə, həmin akademiyanın yerini tanıyırlarmı..? Ümumiyyətlə, Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil deyiləndə, distant təhsil nəzərdə tutulur. Çoxlarının bilmədiyi bir məsələni nəzərə çatdıraq ki, distant təhsil əsasən kollec məzunlarına aiddir. Biz hələ müğənnilərimizin, aria oxuyanlarımızın bu gün Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almasını demirik. Bir neçə müddətdir ki, Dövlət İdarəçilik Akademiyasında son 5 ildə qəbul olaraq təhsil alan tələbələrin siyahısının əldə olunmasına çalışmışdıq. Bildiyimizə və bizə verilən məlumata görə, bu ali təhsil ocağına qəbul olmaq üçün 3 illik dövlət qulluqçusu olmaq tələb olunurdu. Amma tələbələrin içində aria oxuyanlar da var. Bəli, biz sabah eşitsək ki, ucqar dağ kəndlərindən gələn, heç məktəb üzü görməmiş, amma qoyunlarının sayı 10 mindən artıq hanslsa bir çoban Bakıya üz tutaraq alim olmaq istəsə, buna şübhə ilə yanaşmaq lazım deyil. Hələ biz belə adamların alim olmasından, elmi iş yazmasından, dissertasiya müdafiə etməsindən danışmırıq. İndi gördünüzmü elmin başına necə daş salıblar? P.S. Bu yaxınlarda bir icra başçısının xanım müavinlərindən biri mənə dedi ki, cənab başçı öz qoyunlarına baxan ferma müdirini dövlət qulluğuna işə gətirmək istəyir. gundelik baki.com
“Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 Independent Media) Azərbaycanda müstəqil media kontentinin istehsalına dəstək məqsədilə müsabiqə elan edib.
Proqramın ümumi məqsədi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzular üzrə yüksək keyfiyyətli, etibarlı və məzmun müxtəlifliyi ilə seçilən kontent istehsalını asanlaşdırmaqdır. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir.
Müsabiqədə Azərbaycanın müstəqil media qurumları, kontent istehsalı ilə məşğul olan müəssisələr, media və jurnalistika sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və jurnalist qrupları iştirak edə bilərlər.
Müraciət üçün son tarix 2023-cü il mart ayının 26-dır. Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı linkdən tanış ola və doldurulması zəruri olan formaları əldə edə bilərsiniz. https://docs.google.com/document/d/1ggQXLITp6WYPyHtrz2WA7FazSuGyNIJ0/edit
Bir zamanlar izlənmə rekordu qıran Türkiyənin “Zerda” serialının çəkildiyi Hurşit Ağa malikanəsi yerlə bir olub.
Qaziantepin Nurdağı rayonunun Sakçagözü məhəlləsində 1916-cı ildə inşa edilən Hurşit Ağa malikanəsi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dağılıb.
Malikanə 2002-2004-cü illər arasında milyonları ekrana kilidləyən “Zerda” serialı ilə yanaşı bir çox filmə də ev sahibliyi edib. 3 ayrı hissədən ibarət malikanənin iki hissəsi tamamilə dağılıb, digər hissəsi isə ciddi şəkildə xəsarət alıb.
Sakçagözü məhəlləsində qaya parçaları dağlardan qoparaq yollara düşüb və bir çox bina dağıntıya çevrilib. Həmçinin tarixi quruluşu, əşyaları və bağçası ilə bölgənin ən əhəmiyyətli turizm mərkəzləri arasında yer alan Hurşit Ağa malikanəsindən də geriyə daş və taxta yığınlarından ibarət dağıntılar qalıb. Mənbə: Haber Global
Mart ayının 10-u Fəxri xiyabanda Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Məlumatda bildirilib ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Azərbaycan Kinematiqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Cebhe.info-ya açıqlamasında deyib ki, heykəltəraş seçimini yazıçının ailəsi edib:
“Həm dəfn, həm yas mərasimi, eləcə də bir qayda olaraq Fəxri xiyabanda dəfn edilən görkəmli şəxslərin qəbirüstü abidələrin qoyulmasına dövlət tərəfindən vəsait ayrılır. Sadəcə olaraq, Rüstəm İbrahimbəyovun ailəsi, qızı Fatimə İbrahimbəyova eskizin təsdiq olunmasında aktiv iştirak edib. Yəni bütün təşkilati və maliyyə dəstəyi dövlət tərəfindən olub, heykəltaraş seçimi və heykəlin necə olmasına Rüstəm İbrahimbəyovun ailə üzvləri qərar verib”.
AKİ-nin katibi görkəmli heykəltəraş Aydın Zeynalovun əl işinin çox orijinal, Rüstəm İbrahimbəyova uyğun olduğunu bildirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib. R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.
“35 yaşında ana statusunu qazanmışam. Bəzən oturub düşünürəm ki, birdən mənə nəsə olar, övladım balacadır. Gündə 3-4 dəfə mənə ölüm qorxusu gəlir. İstəyirəm ki, gecə tez gəlsin ki, o fikirlər başımdan çıxsın. Oturub ağlayıram, o qorxular məni incidir. İnsanlara sevinc, gülüş bəxş etsəm də, həyatda tam başqa xasiyyətdə olan insanam”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Xuraman Əlizadə deyib.
“Gözəllik salonunda vaxt keçirməyi sevmirəm. Çalışıram ki, hər şeyi özüm edim. Ona görə yox ki, salonda pul çox xərclənir. Bu vaxt baxımından da mənə çox xeyir edir. Əgər bunu özüm bacarıramsa, niyə artıq pul xərcləməliyəm ki? Büdcəmə də qənaətdir” deyə aktrisa bildirib.
Xuraman Əlizadə bildirib ki, hər zaman dərdini tamaşaçılardan gizlədib.
“Biz efir insanlarıyıq, efir qarşısına çıxırıq, heç kimə aidiyyatı yoxdur ki, sənin bu gün əhvalın var ya yoxdur?! Mənim üzüm həmişə gülür. Özüm üçün kənara çəkilib kədərlənə bilərəm, amma tamaşaçı qarşısına gülər üzlə çıxmağı da bacarıram. O vaxt “Nuş olsun” verilişini aparırdım. Gecə saat 4 radələrində nənəm rəhmətə getmişdi. Mən də səhər canlı efirə çıxmalı idim. Nənəmi hələ dəfn etməmişdilər, mən canlı yayıma çıxdım. Valideynlərim məni danladılar ki, yerinə başqa aparıcı çıxsın. Bir gözüm ağlaya-ağlaya, biri gülə-gülə gəlib efiri idarə etdim. Qonaqlarımız da Rafael və Coşqun idi. Həmin günü efirdə hiss etdirmədim ki, nənəm dünyasını dəyişib” deyə sənətçi bildirib.
Aktrisa Xuraman Əlizadə bildirib ki, ailəsinin sirrini heç kimə verməyi sevmir.
“Nə evimin sirrini, nə evimdə olan sözü, söhbəti heç vaxt anama demərəm. Qızlar var ki, ana ilə rəfiqədirlər, evdə olan bütün söz-söhbət ananın ovucundadır. Ana da onu öyrədir. Ailədirlər də, necə istəyirlərsə yaşasınlar. Elə bir ailə yoxdur ki, söz-söhbət olmasın. O pulluya-pulsuza baxmır ki. Xanımlara tövsiyyəm odur ki, həyat yoldaşlarınızı boş buraxın. Nə qədər boş buraxsanız, evə tez dönüb gələcək, sizi daha çox sevəcək. Vallah bunu mən öz həyatımdan bilirəm” deyə aktrisa bildirib.
Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında dələduzlara qarşı qəzəbli paylaşım edib. Türkiyədəki zəlzələdən zərərçəkənlərə həyat yoldaşı Yağmur Atacan ilə birgə yardımlar edən aktrisanın "Instagram" hesabı oğurlanıb.
Bundan başqa, Pınarın izləyicilərinə onun adından insanlara yardım adı altında linklər göndərilib. Vəziyyətlə bağlı P. Altuğ özü izləyicilərinə səslənib və deyib ki, heç kimə link göndərməyib:
"Bir neçə saatdır özünü bilməz bir beyinsizin törətdiyi əməl ilə məşğulam. Hər kəs bir şəkildə insanlara yardım əlini uzatmağa, kiməsə ərzaq, çadır, geyim və s. göndərməyə çalışarkən bir geri zəkalı bu zamandan yararlanıb hesabımı ələ keçirib, bəzilərinə mesaj atıb"./lent.az
Ötən gün dəfn olunan Xalq artisti Ramiz Novruzun vida mərasiminin təntənəli keçirilməməsi tənqid olunub.
Bir sıra sənət adamları, o cümlədən jurnalistlər ömrünün yarısından çoxunu keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində sənətçi üçün mərasim təşkil edilməməsini qınayıblar.
DİA.AZ bildirir ki, Ölkə.Az mövzu ilə bağlı “Azdrama”nın rəhbərliyinə müraciət edib. Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov Ölkə.Az-a açıqlamasında müzakirələri “şou” adlandıraraq bu barədə danışmaq istəmədiyini deyib:
“Bu barədə danışmaq istəmirəm, siz şou edirsiniz. Neçə illərdir o qədər adam rəhmətə gedib, hansını “şey eləyiblər”. Yenə də danışırsınız. İngilissiniz, fransızsınız? Siz axı azərbaycanlısınız. Niyə şou edirsiniz? İkincisi də, mən məşqə gecikirəm. Siz kefiniz istəyən vaxtı zəng edirsiniz, mənim də vaxtım yoxdur. 24-ü tamaşam var, ora hazırlaşırıq. Dünən məşqi böyük sənətkarımız Ramiz müəllimə görə “otmenit” elədik ki, hamımız orada iştirak edək. Ramizin xətrini hamımız istəyirdik. O, çox yaxşı, mədəni insan idi. Biz də onu çox sevirdik”.
A.Nemətov illərdir ki, dünyasını dəyişən heç bir sənətçi üçün “Azdrama”nın səhnəsində vida mərasimi təşkil edilmədiyini söyləyib:
“Sonuncu dəfə 20 il əvvəl olub. Bəsdirin! Kimi oradan aparıb ötürüblər?! Mən nə bilim nə üçün təşkil olunmur. Gedin, lazımi yerlərdən öyrənin. Məndən niyə soruşursunuz?”
Direktor “vida mərasimini teatr təşkil etməlidirmi” sualına isə “xeyr” cavabını verib.
Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Novruz komaya düşüb və ayılmayıb.
Teref.az kulis.az-a istinadən Əməkdar artist Əzizağa Qasımov haqqında maraqlı faktları təqdim edir.
Əzizağa Qasım 1 iyun 1928-ci ildə Bakıda anadan olub.
***
Yeddinci sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləməyə məcbur olub, həmçinin 4 saylı sənət məktəbində oxuyub.
***
Əsl adı Ağababa olsa da, oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.
“Bəxtiyar” filmində “Dörd dost-dörd ürək” mahnısının ifaçılarından biri Əzizağa Qasımov olub.
***
Əzizağa Qasımovun rol aldığı ən məşhur televiziya tamaşalarından biri “Adı sənin, dadı mənim”dir. Bu tammetrajlı televiziya tamaşasında o Həmzə rolunu böyük məharətlə ifa edib.
***
Bir sıra filmlərdə ayrı-ayrı rolların səsləndirilməsində - dublyajda iştirak edib. “Uşaqlığın son gecəsi”ndə ət oğurluğuna gedən “Zil” sürücüsü, “Tütək səsi”ndə Zahid kişi, “Qanun naminə”də banda başçısı, “Nəsimi”də Qara əmi, “Qaraca qız”da Səlim bəy, “Uzaq sahillərdə” partizanlardan biri məhz Əzizağa Qasımovun səsi ilə danışıblar.
***
Ə.Qasımov səhnə fəaliyyətinə görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.
***
Aktyor Novruz Qartal isə Əzizağa Qasımov onunla bağlı xatirələrini bölüşərkən deyir:
"Bir dəfə mənim də rol aldığım Əliağa Kürçaylı və Vasif Adıgözəlovun “Nənənin şahlıq quşu” tamaşası oynanılırdı. Tamaşada Nəsibə Zeynalova, İmamverdi Bağırov, Hacıbaba Bağırov, Səyavuş Aslan və digərləri rol almışdılar. Böyük bir aktyor ansamblı yığılmışdı. Əzizağa Qasımov idarə direktoru rolunda çıxış edirdi. Tamaşanın üçüncü premyerası günü Mərkəzi Komitədən tamaşaya baxmağa gəlmişdilər. Tamaşanın başlamasına çox az vaxt qalmış Əzizağa müəllim zəng vurdu ki, gələ bilməyəcək. Aləm qarışdı bir-birinə. O vaxt tanınmış bəstəkarımız Süleyman Ələsgərov da bizim teatrda işləyirdi. Süleyman müəllim dedi ki, tamaşanın rejissor assistenti sözləri əzbər bilir qoy Əzizağanı o əvəz etsin. Rejissor assistenti də mən idim. Belə də oldu. Hazırlıqsız, tələsik səhnəyə çıxmalı oldum. Həmin günü xoş xatirə kimi xatırlayıram. Bu hadisədən sonra Əzizağa deyərdi ki, daha dublyorum var və tamaşalara gəlməyəndə nigaran qalmıram.
Bariton səs tembrinə görə onu Opera və Balet Teatrına işə dəvət etsələr də, o bu təklifi rədd edib. Səbəb isə çalışdığı Musiqili Komediya Teatrını tərk etmək istəməməsi olub. Ömrünün sonuna kimi bu sənət ocağına sadiq qalıb.
*** İki dəfə ailə həyatı quran aktyorun ilk həyat yoldaşı yanaraq faciəvi şəkildə dünyasını dəyişib.
***
Ə.Qasımov 18 fevral 1985-ci ildə 57 yaşında Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub.
Ramiz Novruzun səsi, özünüifadəsi, aktyorluq qabiliyyəti... – hamısını qoyun kənara.
O, xarakter idi, insan idi, səmimi idi, gülərüz idi...
Bir neçə dəfə həmsöhbət olmuşdum – peşəmlə bağlı yox, sadəcə, təsadüfən, ümumi dostlarla birgə. İntellekti, səviyyəsi, saxtalıqdan kənar olması diqqətimi çəkmişdi.
Bəzən aktyordan oynadığı obraza uyğun yaşam tərzi və xarakter gözləyirlər və təbii ki, görmürlər – çünki aktyor fərqli obrazlar yaradır, həyatda isə mahiyyətcə kimdirsə, o olur!
Ramiz Novruzda təsəvvürümüzdə olan general xarakteri vardı: ciddi, səmimi, savadlı, sözünün yerini bilən, dinləməyi və dinlətməyi bacaran.
Ramiz Novruz söz adamı idi həm də: gözlərindən, danışığından, özünü ifadə etməsindən görünürdü və az keçmədi ki, hamı bunu gördü: onun “Hələ sevirəm deməmişdilər” də daxil olmaqla, xeyli pyesi var.
Tərcümə də edirdi – sevdiyini, ürəyinə yatanı Azdramın səhnəsində görmək istəyirdi.
Vaxtında qiymətini alan sənətkarlardan sayıla bilər, 43 yaşında xalq artisti olmuşdu.
Heç bir intriqada adı keçməzdi; hansısa qalmaqalda olduğunu yada sala bilmirəm.
...Türkiyədə fevral ayının ikinci zəlzələsinin təsirində - 20 fevral gecəsi onun ölüm xəbərini aldıq. Sanki Türkiyədəki zəlzələnin təsirindən Azdramın sütunlarından biri uçdu...
Sarsıdıcı idi. Uşaqlığımızın, gəncliyimizin daha bir əzəmətli, sevilən simasını itirdik.
Daha bir istinad nöqtəmiz əbədiyyətə qovuşdu.
Ramiz Novruz 26 yaşında Azdramın truppasına daxil olmuşdu, ölüncə də o teatrda fəaliyyət göstərdi. Bu teatrın qüdrətini qorumaq üçün təkcə yüzlərlə möhtəşəm obraz yaratmadı, həm də onun səhnəsini yazdığı pyeslərlə, tərcümələrlə, hərdən qiraətlə zənginləşdirdi.
Bilmirəm, Ramiz Novruz dünən vida mərasimi keçirildiyi evini nə vaxt alıb, orda neçə il yaşayıb. Ancaq dəqiq bilirəm ki, Ramiz Novruz 68 ilə çatmayan ömrünün tam 40 ilini (xəstəliyi müddətini çıxmaqla) Azdramda yaşayıb, yaradıb, nəfəs alıb...\
40 il bu səhnənin pərdəsinin alqışlarla qalxmasına canını verən Ramiz Novruz üçün bu səhnə son dəfə pərdə qaldırmadı.
Vida mərasiminin harada və necə keçirilməsinin Haqqın dərgahına qovuşan Ramiz Novruza qəti aidiyyəti yoxdur: o artıq ayrı dünyadadır.
Doğrusu, heç Ramiz Novruzu sevənlər üçün də bunun heç bir fərqi yoxdur.
Onun məhz Azdram səhnəsindən götürülməsi Azdramın özünə, onun truppasına, rəhbərliyinə lazımdır: Özünə, sənətə, səhnəsinə və bu səhnəyə can verənlərə hörmətini göstərmək üçün.