Yaxın illərdə neft bazarı qiymətlərin kəskin azalması ilə üzləşəcək.
TEREF xəbər verir ki, Goldman Sachs (GS) investisiya bankının analitikləri bu fikirdədirlər. Bankın açıqladığı hesabata görə, 2026-cı ilin sonuna kimi Brent markalı neftin qiyməti bir barel üçün 55 dollara, WTI isə 51 dollara düşə bilər.
Bank analitiklərinin proqnozuna görə, qiymətlərin enməsi artıq bu ildən başlayacaq: dekabra kimi Brent neftinin bir barelinin qiyməti 62 dollara, WTI isə 58 dollara qədər düşəcək. Lakin hadisələrin belə inkişafı mümkün olan ən optimist ssenaridir və bir sıra şərtlər yerinə yetirildikdə mümkündür. Əks halda, vəziyyət daha da əlverişsiz ola bilər. Qeyd olunan ssenari o halda mümkün olacaq ki, aprelin 9-da qüvvəyə minməsi planlaşdırılan idxal rüsumlarının azaldılması sayəsində ABŞ iqtisadiyyatı tənəzzüldən qaça bilsin. Bundan əlavə, OPEC+ ölkələri hasilatı kəskin artırmayacaqlar, artımla bağlı may qərarı təkrarlanmayacaq.
Əgər ABŞ-da tənəzzül başlasa – məsələn, prezident Donald Tramp iqtisadi siyasətinə yenidən baxmasa, Brent markalı neft bu ilin sonuna kimi 58 dollara, gələn il isə 50 dollara düşə bilər. Qlobal ÜDM-in yavaşlamasını və OPEC+-un “qara qızıl” hasilatını məhdudlaşdırmaqdan tamamilə imtina etməsini nəzərdə tutan ən mənfi ssenaridə Brent markalı neftin qiyməti 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan aşağı düşə bilər.